1.2. Milli dövlət mexanizminin dağıdılması, müstəqilliyin və ərazi
bütövlüyünün itirilməsi
Aprel çevrilişindən sonra Azərbaycanda qurulan yeni hökumət dövlət
quruculuğu sahəsində Rusiya nümunəsini rəhbər tutaraq, fövqəladə dəyişikliklərə
üstünlük verirdi. EIə ilk günlərdən Azərbaycan Xalq Cümhuriyyətindən miras
qalmış dövlət idarəçilik sistemi dağıdılmağa başladı. General qubernatorluq, Bakı
şəhər idarəsi, quberniya idarəçiliyi, polis, məhkəmə palatası və s. ləğv edildi. Bu
şəraitdə ilk növbədə yeni hakimiyyəti qoruyan, onun möhkəmliyinə təminat verən
qurumlar yaradıldı. Polisin əvəzinə siyasi prinsip əsasında təşkil edilən milis
yaradıldı. Azərbaycan İnqilab Komitəsi 1920-ci ildə özünün ilk dekretlərində
torpaqların (5 may) meşə, su, yeraltı sərvətlərin (15 may), neft sənayesinin (27
may), Xəzər ticarət flotilyasının (6 iyun), bankların (9 iyun) milliləşdirilməsini elan
etdi.
Aprel çevrilişindən sonra siyasi, sosial, iqtisadi dəyişikliklər edilməsinə,
mütərəqqi addımlar atılmasına baxmayaraq, təəssüf ki, Rusiya Azərbaycana ancaq
özünün tərkib hissəsi kimi baxdığından bütünlükdə sistem Rusiyadakının təkrarı
idi. Acınacaqlı hal idi ki, milli mənafe, yerli şərait, milli xüsusiyyətlərin nəzərə
alınmaması, dövlət və sosial quruculuqda buraxılan səhvlər, əsassız radikallıq
Azərbaycanda da təkrarlanırdı. Bu da çox şübhəsiz, ciddi partiyadaxili mübarizəyə
gətirib çıxaracaqdı. Çünki Mərkəzdən göndərilən və idarə edilən rəhbərlərə
Azərbaycanın spesifik milli xüsusiyyətləri yad idi. Mərkəzin mənafeyi baxımından
bunlar nəinki nəzərə alınmır, hətta addımbaşı tapdanılırdı.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra rəhbər partiya
orqanlarının yeni təşkilat strukturu yaradıldı. 1920-ci ilin iyulunda AK(b)P
Mərkəzi Komitəsində iki büro - Siyasi Büro və Təşkilat Bürosu, habelə MK katibi
vəzifəsi təsis edildi.
Çevrilişdən sonra azərbaycanlıların əsas rəhbər vəzifələrə çəkilməsi son
dərəcə çətin idi. Belə ki, sovetləşmənin əvvəllərində azərbaycanlılara az çox rast
gəlinirdisə, 20-ci illərin ortalarında artıq rəhbərlikdə rus, ermənilər daha çox yer
tuturdular. Bu da Mərkəz üçün maraqlı idi: öz maraqlarına münasib kadrlarla
işləmək, xüsusən də hər hansı tale yüklü qərarı qəbul etdirmək üçün yalnız öz
adamları olmalı idi. Siyasət xatirinə azərbaycanlılar da olmalı, yalnız Mərkəzin
diktəsi ilə hərəkət etməli idilər. Çox təəssüf ki, onların bu siyasəti bəzi
«beynəlmiləlçi» azərbaycanlı kommunistləri öz toruna sala bilir və Mərkəzə tabe
etdirə bilirdi. Xüsusən məkrli erməni kommunistləri, qanlarında daşnak xofu olan
Mirzoyan, Mikoyan və onların asanlıqla tərəflərinə çəkə bildikləri rus, eləcə də
azərbaycanlı kommunistlər səhv siyasət yeridərək, Azərbaycanın milli mənafeləri
baxımından deyil, mərkəzin, xüsusən də ermənilərin antiazərbaycan siyasətinə bir
növ rövnəq verməli olurdular.
MK-nın Siyasi bürosuna N. Nərimanov, V. İ. Naneyşvili, M. D.
Hüseynov, A. İ. Mikoyan, V. Lominadze, Təşkilat bürosuna Sarkis (S. A.
Danielyan), K. F. Sturua, D. X. Bünyadzadə, Ə. H. Qarayev seçildilər. V. İ.
Naneyşvili AK(b)P MK katibi təsdiq olundu.
1920-ci ilin sentyabrında V. İ. Naneyşvilinin Bakıdan getməsilə əlaqədar
olaraq MK katibi vəzifəsini müvəqqəti olaraq (sentyabrın 9-dan 15-dək) Yelena
Dmitriyevna Stasova, sentyabrın 15-dən oktyabnn 24-dək Vladimir Yelizbaroviç
Dumbadze (Lado) icra etdilər. MK katibi vəzifəsində 1920-ci il oktyabrın 24-dən
1921-ci ilin iyulunadək Qriqori Naumoviç Kaminski, sonra 1926-cı ilin
yanvarınadək Sergey Mironoviç Kirov işlədi.
1920-ci il mayın 8-də AK(b)P Bakı Komitəsinin bürosu yaradıldı. Büroya
Sarkis, A. Mikoyan, V. Naneyşvili, L. Qoqabaridze, V. Lominadze, V. Yeqorov,
N. Tyuxtenev, Ə. H. Qarayev və b. daxil oldular. Sarkis AK(b)P Bakı Komitəsinin
katibi seçildi. BK-nın aşağıdakı şöbə müdirləri təsdiq olundu: təşviqat şöbəsinin
müdiri M. Kaxiani, təşkilat-təlimat şöbəsinin müdiri Sarkis, qadınlar arasında iş
aparan şöbənin müdiri M. Kasparova, kənddə iş aparan şöbənin müdiri Müzəffər
Nərimanov, iməcliklər bürosunun müdiri Puxoviç (13, f.268, s.26, iş.32, s.105-
106).
Sarkisin rəhbərliyi ilə Bakı Komitəsində bir qrup «sol» mövqedə dayanan
rəhbər işçilər Bakı Komitəsini Mərkəzi Komitəyə, Azərbaycan İnqilab Komitəsinə
qarşı qoyaraq, onların xəttinə zidd qərarlar qəbul edir, N. Nərimanovun sözləri ilə
desək «Bakı Komitəsi şəxsində müxalifət» yaradırdı.
«Müstəqil» Azərbaycan dövləti və onun arxasında duran Rusiya üçün
keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun mövcudluğu narahatlıq
yaradırdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsi mayın 7-də ordunun və
donanmanın yenidən təşkili haqqında qərar çıxartdı. Qərara əsasən, yeni
yaradılacaq Azərbaycan Ordusu və Donanması əslində, Sovet Rusiyası Qızıl
ordusunun tərkib hissəsi kimi yaradılırdı. Azərbaycanın hərbi bölmələri, bilavasitə
XI Qızıl Ordu komandanının hərbi gəmiləri - Xəzər Donanması Komandanının
tabeliyinə keçirdi. Azərbaycan Hərbi Donanma komissarının səlahiyyəti ancaq
yeni hissələrin yaradılması və səfərbərlik məsələləri ilə məhdudlaşırdı. Beləliklə,
Müstəqil Azərbaycan Sovet Respublikası öz mövcudluğunun ilk aylarından
dövlətçiliyin mühüm şərtlərindən biri - ordu saxlanması hüququndan «könüllü»
surətdə məhrum edildi.
Azərbaycan ordusunun müstəqilliyinə Ç. İldırım təşəbbüs etmiş, lakin az
sonra onu hərbi işlərdən uzaqlaşdıraraq, yerinə bu sahədə heç bir səriştəsi olmayan,
Azərbaycanın yeganə gəmiləri «Ərdahan» və «Astrabad»ı qayıq bilib gözüyumulu
sənədə imza ataraq Rusiyaya verən Ə. Qarayevi gətirmişdilər (50, s.30).
Aprel çevrilişindən sonra hər ay Azərbaycana yeni-yeni hərbi qüvvələr
yeridilməkdə idi. Bu ordu hissələri özlərini əvvəlki ordu hissələrinə nisbətən daha
amansız aparır, adamları qarət, kəndləri talan etməkdən çəkinmirdi. Azərbaycan
kəndliləri bir şey haqqında xahiş edir və yalvarırdılar: «nə varsa hamısını
birdəfəlik alın və ailə ocaqlarımızı gündəlik qeyri-mütəşəkkil və təhqiredici
basqınlardan xilas edin» (94, s.14).
İş o yerə çatmışdı ki, ordu quruculuğu məsələsində rəhbər kommunistlər
arasında ciddi narazılıqlar yaranmışdı. Ordudakı özbaşınalıqlar, qarətçilik xüsusilə
əhalidə yeni hökumətə qarşı inamsızlığa və nifrətə səbəb olmuşdu.
Müstəqil orduya malik olmaq hüququnu itirdikdən sonra Azərbaycan
1920-ci il sentyabrın 30-da Behbud Şaxtaxtinski və G. Çiçerin tərəfindən
imzalanan «qardaşlıq ittifaqı» (hərbi-iqtisadi ittifaq) müqaviləsinə görə iqtisadi
qaynaq və vasitələrini (yeraltı, yerüstü sərvətlər, sənaye müəssisələri), müstəqil
ticarət haqlarını Moskvaya verir, eyni zamanda müstəqil maliyyə və nəqliyyat-
rabitə hüquqlarından da imtina edirdi. Bu müqavilədə konkret olaraq göstərilirdi:
«1.RSFSR hökuməti və Azərbaycan hökuməti az vaxt ərzində hərbi təşkilatları və
hərbi komandanlığı birləşdirir. 2.Müqavilə imzalandığı vaxtdan qüvvədədir və
xüsusi ratifikasiya tələb etmir» (12, f.410, s.l,iş. 18, s.25).
Bu müqaviləyə görə, müstəqillik prinsiplərinə əsasən səlahiyyətlərinin bir
hissəsi Azərbaycana aid edilmir, hər iki respublika hərbi, iqtisadi, təchizat,
nəqliyyat, maliyyə məsələlərində öz səylərini cəmləşdirir, müvafiq təşkilatların
fəaliyyətini bir strukturda birləşdirirdi. Rusiyanın müvafiq hərbi təşkilatlarının
aliliyi Azərbaycanın təşkilatlarına şamil edilirdi.
Yeni iqtisadi siyasətə keçid, ölkədə iqtisadi sabitliyin bərpa edilməsi
siyasi sahədə, dövlət quruculuğu və idarəçiliyində dəyişikliyə gətirib çıxardı. 1920-
ci ilin sonu üçün müəyyən iqtisadi və sosial təmələ malik olan kommunist partiyası
ilk vaxtlar istifadə olunan sərt, fövqəladə tədbirlərdən tədricən əl çəkməyə başladı.
1921-ci ilin yayında Azərbaycan vilayətlərində inqilabi və yoxsul komitələrdən
fəhlə-kəndli deputatları sovetlərinə keçid başlandı.
Azərbaycan SSR-in 1927-ci ilin mayında keçirilən I Sovetlər qurultayında
İnqilab Komitəsinin fəaliyyəti dayandırıldı. Onun yerinə Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti yarandı. 1921-ci
il mayın 19-da Konstitusiya qəbul edildi. Hər şeydə olduğu kimi, Konstitusiya da
RSFSR-in Konstitusiyası nümunəsində təkrarlanırdı.
Beləliklə, bolşeviklər tədricən hakimiyyətlərinin ilk dövründə istifadə
etdikləri sərt cəza tədbirlərindən əl çəkməyə, fəaliyyətini qanun çərçivəsində
nizamlamağa başladılar. Ali qanunverici orqan olan Sovetlər xalq kütlələri ilə
bolşevik partiyası arasında qarşıdurmanı yumşaldırdı.
Artıq 20-ci illərin ortalarında Azərbaycan Kommunist Bolşeviklər
Partiyası ardıcıl olaraq həyata keçirdiyi tədbirlər nəticəsində real hakimiyyəti öz
əlində cəmləşdirmiş, hakimiyyətinin möhkəmlənməsinə nail olmuşdu.
Aprel çevrilişindən sonra Azərbaycan dövlətinin və xalqının qarşısında
son dərəcə ağır bir problem - ərazi bütövlüyü məsələsi dururdu. Belə ki, 1920-ci
ilin iyul-avqust aylarında Ermənistan tərəfindən Azərbaycanın əzəli torpağı olan
Zəngəzurun böyük bir hissəsinin işğalı, xüsusən də azərbaycanlıların doğma ata-
baba yurdlarından vəhşiliklə qovulması və qətlə yetirilməsi əslində formal
müstəqilliyin ləğvi demək idi. Xüsusən 1920-ci il noyabrın 29-da Ermənistanda
sovet hökuməti elan ediləndən sonra Azərbaycanın ərazi bütövlüyü məsələsi daha
artıq təhlükə altında qaldı.
Mərkəz, xüsusilə də mərkəzin respublikada yüksək vəzifə tutan kadrları
bütün bu haqsızlıqları görür, bəzən laqeydliklə, biganəliklə qarşılayırdılar. Onların
içərisində bu haqsızlıqlarla razılaşmayan, hadisələrə obyektiv qiymət verən
Kaminski, Solovyov kimiləri də var idi. Xüsusilə bu ərəfədə azərbaycanlıların
ermənilər tərəfindən soyqırıma məruz qalmaları olduğu kimi may-iyun aylarında
Solovyovun Leninə verdiyi hesabatında yazılmışdır:» Ermənistan respublikası
yarananda onun hüdudlarında 250 müsəlman kəndi olmuşdur, onların hamısı məhv
edilmiş, artıq bir müsəlman belə yoxdur. «Ermənistanla sərhəd müsəlman
kəndlərində azərbaycanlıların silahlarının əllərindən alınmasını, ermənilərin
Qırmızı ordu və dəmiryol mühafizəsi tərkibinə qəbul olunmasını Solovyov,
müsəlmanların ermənilər tərəfindən qırğına
məhkum edilməsi
kimi
nəticələndirirdi. İyulun 6-da ingilis kəşfiyyatı bildirirdi ki, Zəngəzur-Qarabağ
rayonunda bolşeviklərin erməni əhalisinin tərəfində olmasına baxmayaraq, İrəvan
onların işini müdafiə etmir (33, s.110).
Çevrilişdən sonra Azərbaycan rəhbərliyində ixtilaflar, daxili siyasi
çəkişmələr məlum səbəblərdən təbii idi. Ancaq ərazi məsələsi ilə bağlı olan
ixtilaflar son dərəcə ziddiyyətli olduğu halda, həm də mürəkkəb xarakter daşıyırdı.
Azərbaycan hökuməti, o cümlədən N. Nərimanov təkcə öz daxili düşmənlərinə
qarşı deyil, Mərkəzlə də qarşı-qarşıya dayanmalı olurdu. Çevrilişdən sonra ərazi
məsələsini Azərbaycanın başı üstündən həll etmək istəyənlər Moskvada, həm də
Bakıda az deyildilər. Rusiya bir çox hallarda Azərbaycanın milli mənafeləri ilə
hesablaşmır, ərazi məsələsi kimi ciddi və mühüm məsələdə Azərbaycanın
mövqeyinə əhəmiyyət vermirdi. Nərimanovla Çiçerin arasında olan ixtilaflar
dərinləşirdi. Çünki ermənilərin xeyrinə olan Çiçerin-Orconikidze-Leqran
(Ermənistanın nümayəndəsi) razılaşmaları Nərimanovu qane edə bilməzdi.
Əslində Rusiya üçün ərazi məsələsinin Azərbaycanın xeyrinə obyektiv
həlli heç də maraqlı deyildi. Çünki, M. Ə. Rəsulzadənin sözlərilə desək «...Rusiya
üçün bir qəzanın ermənidəmi, yoxsa türkdəmi qaldığının nə əhəmiyyəti ola
bilərdi!... Yetişir ki, bunlar həpsi Rusiyada olsun və ortadakı ixtilaflar həll edilsin»
(98, s.73).
Elə buna görə də Rusiyanın xalq xarici işlər komissarı Çiçerin «Qarabağ,
Zəngəzur, Naxçıvan və Culfa nə Ermənistana, nə də Azərbaycana
birləşdirilməməli, yerli Sovetlərin razılığı ilə Rusiya qoşunlarının işğalı altında
olmalıdırlar» (87, s.238) təklifini irəli sürürdü. Azərbaycanın ərazi məsələsinə
laqeyd münasibət, xüsusən Mərkəzin siyasi mənafe baxımından yanaşması yeni
yaranmış Azərbaycan dövlətinin nüfuzuna çox ciddi zərbə idi.
Rusiya hökumətinin günün reallığına uyğunlaşdırılan qərarları
Azərbaycana ardıcıl qətiyyətli mövqe tutmağa imkan vermirdi. Çiçerin iyunun 2-də
Orconikidzeyə yazırdı: «Daşnak hökuməti ilə kompromisə nail olmaq bizə
vacibdir. Bu arada Azərbaycan hökuməti nəinki Qarabağ və Zəngəzuru, həm də
Şərur-Dərələyəz qəzasını mübahisəli elan edir. Sonuncu heç zaman heç kim
tərəfindən mübahisəli elan edilməmişdir, ...Bakıda Sizin nüfuzunuzdan istifadə
edib Azərbaycan hökumətinin Şərur-Dərələyəz qəzasını deyil, Qarabağ və
Zəngəzuru mübahisəli hesab etməyinə nail olmağı xahiş edirik.» (33, s.107)
Mərkəzin mövqeyindən narahat olan N. Nərimanov yeganə ümidini
Leninə bağlamışdı: «Mən bilmək istəyərdim ki, mərkəz biz müsəlmanlara necə
baxır və belə mühüm məsələləri bizsiz necə həll edə bilir... Mən açığını
deyəcəyəm, mərkəz Qarabağ və s. haqqında qərarları ilə bizim silahımızı
əlimizdən aldı, hər zaman müsəlman kommunistlərin Azərbaycanı Rusiyaya
satdığını söyləyən müsavat provakasiyasını gücləndirdi, əsaslandırdı: Həmin
Rusiyaya ki, eyni vaxtda Ermənistanın və Gürcüstanın müstəqilliyini tanıyır və
nədənsə Azərbaycanda sovet hakimiyyəti qurulanadək mübahisəsiz vilayətləri indi
mübahisəli hesab edir... Mərkəz bizi şirma olmağa məcbur edir. (13, f.609, s.l, iş
32, s.47).
1920-ci il iyulun 10-da N. Nərimanov və başqa məsul şəxslərin imzası ilə
Mərkəzə göndərilən məlumatın IV bəndində həyəcanla bildirilirdi ki, «...Zəngəzur
və Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi... xəyanət
sayılacaqdır... Keçmişə gözlənilməz dönüşü və Sovet hakimiyətinin Azərbaycanı
əvvəlki sərhədləri hüdudlarında saxlamağa qadir olmamasını müsəlman kütlələri
satqınlıq, ermənipərəstlik, yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər...»
(131, s.56).
Təəssüf ki, Azərbaycanın bu ciddi narahatlığına nə o vaxt, nə də
ərazimizin 20% işğal edildiyi bir vaxtda fikir verilmədi. Xüsusən 20-ci illərdə
erməni kommunistlərinin Rusiya siyasətinə güclü təsirləri olduğundan hər şeyə
istədikləri kimi nail oldular.
N. Nərimanov V. İ. Leninə yazdığı məktubda göstərirdi: «Əziz Vladimir
İliç! Mənim teleqramlarımdan birində verilmiş məlumatı demək olar ki, təkrar
etmək lazım gəlir. Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və
Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni
zamanda Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana
verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari ümumiyyə ilə birtəhər
mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi
mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir. Bu barədə bizim
nümayəndəmiz ətraflı danışacaqdır...» (90, s.62).
Məktubda həmçinin... Məgər müstəqil Azərbaycan sizin dilinizdən
çıxmamışdırmı? İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş
Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır.
İndiyənə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç
respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə
həm ərazisini, həm də müstəqilliyini itirir.
Vladimir İliç! Çox millətli əhalinin hüquq və hissləri ilə belə zarafat
etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan
Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı
iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri? Mən qəti surətdə bildirirəm:
əgər siz də dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri
çağırılmağımız barədə mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixən dolaşıq
milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər. O, zaman bilərik ki,
bizim mənasız - Şərqə doğru çığırtımız nə deməkdir. Belə olan halda Şərqə necə
gedəcəyik» (90, s.62-63). Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın
30-da keçirilən AK(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul
etdiyi qərarda öz əksini tapmışdı. İclasda 3-cü məsələ kimi «Ermənistan İnqilab
Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında
teleqramı» müzakirə edilmiş və geniş bir qərar çıxarılmışdır.
Həmin qərarın «v» bəndində yazılırdı: «...Sovet Azərbaycanı ilə Sovet
Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir: «İclasın və qərarın demək
olar ki, başlıca məqsədi onun mərkəzi bəndində («q») öz əksini tapmışdır. Orada
deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər bəndlərdə isə
yazılırdı: d) Qarabağın Dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ
verilir; e) Sovet Azərbaycanı sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat
ittifaqı bağlayır (o cümlədən neft haqqında göstərilsin) «j» və «i» bəndlərində isə
Nərimanova bütün bunlar barədə bəyanat hazırlamaq və onu Bakı Sovetinin
plenumunda elan etmək tapşırılırdı (87, s.266).
Q. Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu bəyanatı
məhz N. Nərimanov elan etməli idi. Bu da düşünülmüş siyasət idi. Sonradan
ermənilər tərəfindən («Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını
təyin etmək hüququ verilir» əvəzinə, Yuxarı Qarabağın Ermənistan sosialist
respublikasının tərkib hissəsi kimi tanınması) təhrif edilməsinə N. Nərimanov
etiraz etmişdir.
Rəsmi dairələrin ziddiyyətli, tərəddüdlü mövqeyi olduğu halda dövrü
mətbuatda nikbin əhvallı məlumatlar dərc edilirdi. XI ordu tərəfindən müvəkkil
Bünyadzadə Nərimanova teleqramla elə məlumat verirdi ki, heç bir problemin
qalmadığı qənaətinə gəlmək olur: «Erməni-müsəlman məsələsi ləğv olunub.
Zəngəzur məsələsi tezliklə həll ediləcək. Dekretlər həyata keçirilir. Naxçıvanda
sovet hakimiyyətidir. Tam qayda-qanun hökm sürür» və s. İyulun əvvəllərində
«Kommunist» qəzetində Qarabağ bölgəsi üzrə verilən məlumatlar dinc həyat
tərzindən, erməni-müsəlman dostluğundan, təsərrüfat quruculuğu, mədəni-kütləvi
planlarından bəhs edirdi. Gerçək durum Nərimanovun Mdivani, Mikoyan,
Nuricanyanla birgə imzaladığı teleqramda belə ifadə olunmuşdur: «Ermənistan
faktiki olaraq Azərbaycanla müharibə vəziyyətindədir.» Daşnak hökumətinin
törətdiyi vəhşiliklər ittiham edilir və yalnız «yerli təşkilatlardan və məsuliyyətli
yoldaşlardan» daxil olan informasiyaya əsaslanmaq tövsiyə edilirdi. «Öz
tərəfimizdən, daşnak hökumətilə hər hansı danışıqları və nəzərdə tutulan şəkildə
Türkiyə Ermənistanı məsələsini vaxtsız hesab edirik. Orconikidze ermənilərlə
«zakatalaşina»nın təkrarlana biləcəyindən ehtiyat edərək Çiçerinə təklif edirdi ki,
Azərbaycan nümayəndəsi Moskvaya çağırılsın, onunla Azərbaycan və Ermənistana
aid məsələlər ikinci ilə müqavilə imzalananadək həll edilsin.» (33, s.109).
Rusiya ilə sovet Ermənistanı arasında bağlanan hərbi siyasi sazişə əsasən
Rusiya İrəvan quberniyası və Zəngəzur qəzasını birmənalı erməni ərazisi kimi
tanıdı.
Ermənilərin genişlənməkdə olan işğalçı fəaliyyətinə ən böyük maneə yerli
əhalinin birgə mübarizəsi, gücü olduğundan, Zəngəzur bölgəsini məkrlə parçalayıb
«Kürdüstan» yaradılan hissəsində, erməni hücumuna qarşı sipərə çevrilmiş
Sultanov qardaşlarını məhv etmək planı da həyata keçirilirdi.
Hələ Cümhuriyyət dövründən qənim hesab etdikləri Sultan və Xosrov
Sultanovları erməni fitnəkarları hər vasitə ilə aradan qaldırmağa çalışaraq, nəhayət,
istədiklərinə nail oldular. Sentyabrın 18-də AK(b)P MK bürolarının birgə iclasında
Qaragözovun məruzəsi əsasında «Qarabağ-Kürdüstan məsələsi» müzakirə edilmiş,
«Sultan bəyi bandası ilə birlikdə məhv etmək» qərara alınmışdı (33, s.l 15).
Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində
narazılıqlar özünü göstərməkdə idi. Zəngəzurun Ermənistana verilməsi rəsmən
elan olunsa da qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş vermədi. AK(b)P
MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında
«Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili» haqqında qərar
çıxarıldı. Azərbaycan SSR-in inzibati bölgü layihəsinə dair izahat vərəqəsindən də
göründüyü kimi, bir hissəsi ermənilərin işğalı altında olan Zəngəzur bölgəsini 2
yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin əsasən kürdlərdən ibarət olmasına
görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.» (87, s.284).
Bu və ya digər səbəblərə görə Azərbaycan SSR-in yeni inzibati-iqtisadi
bölgüsünün hazırlanması üzrə respublika İnqilab Komitəsi idarələrarası
komissiyanın (sədri Çikalo) iclaslarında inzibati bölgüdə Zəngəzurun yeri məsələsi
ətraflı müzakirə olundu. Onun 1921-ci il 2 aprel tarixli iclasında (pr. №4)
komissiya üzvü Vəkilov keçmiş Zəngəzur qəzasının iki yerə bölünməsinə dair
mövcud olan təkliflərlə razılaşmamışdı. O bildirmişdir ki, müəyyən mülahizələr
bölgənin iki hissəyə ayrılması üçün heç də əsas vermir, ciddi və tutarlı dəlillər
sayıla bilməz, yalnız bəzi siyasi mənafe və maraqlara xidmət edir. Buna görə də
komissiya üzvləri Şimanovski, Hacıyev daha tutarlı dəlillər gətirərək qəzanın
bölünməsinin əleyhinə çıxmışdır. Komissiyanın sədri isə bölgənin 2 yerə
parçalanmasını inzibati cəhətdən də məqsədə müvafiq hesab etmədiyini bildirmiş,
yolların olmadığı bir şəraitdə qəzanın idarəçiliyindəki çətinliyin onu bölməklə
aradan qaldırılacağının qeyri mümkünlüyünü söyləmişdir. Müəyyən fikir
mübadiləsindən sonra komissiya Zəngəzur qəzasını dəyişiksiz köhnə inzibati
sərhədlərdə saxlamağı qərara aldı (87, s.284).
Moskva dairələrində aparılan müzakirələrdə, yaxud Ermənistan-
Gürcüstan-Böyük Britaniya diplomatik məlumatlarında Azərbaycanın ərazi adları
hallandırılırsa da, həmin yerlərin aqibəti həll olunurdusa da, Azərbaycan
hökumətinin nə rəyi, münasibəti, nə iştirakı yada düşmür, nə də göstərəcəyi
reaksiya nəzərə alınmırdı. Əksinə həmin ərazilərlə bağlı məsələdə Türkiyənin
reaksiyası Rusiya üçün mühüm əhəmiyyət kəsb edirdi. Birincinin mövqeyinin
qeyri-müəyyənliyindən ehtiyat edən Stalin noyabrın 5-də Leninə göndərdiyi
teleqramda yazırdı: «...Türkiyənin mövqeyini dəqiq aydınlaşdırmadan,
Ermənistanla, ona, daha doğrusu, Antantaya müsəlman əhalili mühüm strateji
rayonu verən və bizi Türkiyə ilə konfliktə sövq edən müqaviləni imzalamaq olmaz.
Ermənistanla müqaviləni hələlik ləngitmək, onun üçün sərfəli sülh niyyətində
olduğumuzu göstərmək lazımdır, sonrası bəlli olar». Batumun Antantaya keçəcəyi
təqdirdə, Gəncədə müsəlman-burjua hökumətinin yaranacağı və Bakının əldən
çıxacağı haqqında xəbərdarlıq edirdi (33, s.l 16).
Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanın 1921-ci ilin
oktyabrın 13-də imzaladıqları Qars müqaviləsində Naxçıvanın statusu təsdiqləndi:
«Müqavilə bağlayan tərəflər razıdırlar ki, Naxçıvan vilayəti, bu müqavilənin I (c)
əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın protektoratı altında muxtar
ərazidir, bir şərtlə ki, Azərbaycan bu protektoratı üçüncü bir dövlətə güzəştə
getməyəcəkdir» (62, s.159).
Naxçıvan haqqında belə prinsipial razılığa gəlinməsinə N. Nərimanovun
təsiri çox böyük olmuşdur.
Beləliklə, Ermənistanın Naxçıvana yiyələnmək cəhdi boşa çıxdı.
İyunun 27-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosu və Təşkilat
Bürosunun iclası keçirildi. İclas «Tiflisdə komissiyanın işi ilə əlaqədar
Azərbaycanla Ermənistanın sərhədləri haqqında» məsələyə baxıb aşağıdakı qərarı
qəbul edir:
1. Siyasi Büro və Təşkilat Bürosu Dağlıq Qarabağın Azərbaycana şəksiz
iqtisadi meylini nəzərə alaraq, Dağlıq Qarabağ haqqında məsələnin Bekzadyan
tərəfindən qoyuluşunu qəbuledilməz sayır. Məsələ həmin mənada da həll
olunmalıdır.
2. Ona görə də erməni və türk əhalili yerlərin müvafiq olaraq Ermənistana
və Azərbaycana ayrılması təklifi inzibati və iqtisadi məqsədəuyğunluq baxımından
qəbul edilə bilməz... (62, s.168).
1921-ci ilin iyulun 4-də RK(b)P MK Qafqaz Bürosunun Stalinin iştirakı
ilə keçirilən iclasında «Qarabağ məsələsi müzakirə edilərkən, Azərbaycan
rəhbərliyi ilə Azərbaycanın taleyüklü məsələsilə oynayan qüvvələr arasında
(Kirov, Orconikidze, Myasnikov, Fiqatner) ciddi ixtilaflar yaranır.
a)
Qarabağı Azərbaycanın hüdudlarında saxlamaq;
b)
bütün erməni və müsəlman əhalisinin iştirakı ilə bütün Qarabağda rəy
sorğusu keçirmək;
v) Qarabağın Dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək;
q) yalnız Dağlıq Qarabağda, yəni ermənilər içərisində rəy sorğusu
keçirmək» (131, s.87);
Qarabağın Azərbaycan hüdudlarında saxlanmasına N. Nərimanov,
Maxaradze və Nazeretyan səs verir. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil
edilməsinə Orconikidze, Kirov, Myasnikov və Fiqatner səs verir. Beləliklə, Qafqaz
Bürosu qərara alır: «Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy
sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin» (131, s.91).
Hələ Qafqaz Bürosunun iclası ərəfəsində N. Nərimanov birmənalı bəyan
etmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılarsa, Azərbaycan
hökuməti istefa verəcəkdir. İclasda qərara alındı: «Qarabağ haqqında məsələ ciddi
fikir ayrılığına səbəb olduğundan, RK(b)P MK Qafqaz bürosu həmin məsələni
RK(b)P MK-nın qəti həllinə verməyi lazım bilir (131, s.91). Azərbaycanın qədim
torpaqları olan istər Qarabağın, istərsə də Naxçıvanın Azərbaycanın tərkibində
qalmasında Nərimanovun xüsusi rolu olmuşdur. O hətta Azərbaycan hökumətinin
istefasını qoyacağını bildirərək Mərkəzi və erməniləri bu alçaq siyasətdən əl
çəkməyə vadar edə bilmişdi. Yəqin ki, Zəngəzurla bağlı belə qəti mövqe
tutulsaydı, çevrilişdən sonra Azərbaycanın ərazi bütövlüyünə zərbə vurulmazdı.
Ciddi ixtilafları nəzərə alaraq iyulun 5-də Qafqaz Bürosu, «Orconikidze və
Nazeretyan əvvəlki plenumun Qarabağ məsələsinə yenidən baxmaq haqqında»
təklifi adı altında yenidən bu məsələyə baxır. Əslində isə bu, N. Nərimanovun qəti
tələbi ilə edilmişdir.
Məsələ üzrə qərara alınır: Yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələrini,
yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini və müsəlmanlarla ermənilər
arasında milli sülhün zəruriliyini nəzərə alaraq, Dağlıq Qarabağı Azərbaycan SSR
hüdudlarında saxlamaq, Dağlıq Qarabağa Şuşa şəhəri inzibati mərkəz olmaqla
geniş muxtariyyət vermək (131, s.92).
Azərbaycanın ərazi bütövlüyünə növbəti qəsd Dağlıq Qarabağa Vilayət
Muxtariyyətinin verilməsi olmuşdur. 1923-cü ildə Mirzoyanın təsiri,
Orconikidzenin təkidi ilə Zaqafqaziya Ölkə komitəsinin iyunun 27-də keçirilmiş
iclası Azərbaycan hökumətinə 1 ay müddətinə Dağlıq Qarabağa Vilayət
Muxtariyyəti verilməsini ciddi tapşırdı. Nərimanov yazırdı: «Mənim vaxtımda bu
mümkün olmamışdı, ona görə yox ki, mən bu Muxtariyyətin əleyhinə idim, sadəcə
olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər... Mirzoyan bu
müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı... Daha
sonra Gəncənin dağlıq hissəsi haqqında məsələ gəlir və i.a. Azərbaycanda daşnak
siyasəti tam gücü ilə həyata keçirilir» (90, s.60).
Azərbaycanın taleyi erməni daşnaklarına həvalə edildiyindən təbiidir ki,
bu fəlakətlər Azərbaycan üçün labüd idi, sonralar da ağır nəticələrə gətirib çıxardı.
Aprel çevrilişindən sonra Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərində
normal və bərabər hüquqlu müttəfiq kimi münasibət müəyyən müddət qalırdı.
1920-ci il sentyabrın 30-da hər iki dövlət arasında bağlanan hərbi-iqtisadi ittifaq
haqqında müqavilədə də bu öz ifadəsini tapmışdı. Ancaq Qafqazda Rusiya
hökmranlığını tam bərqərar edəndən sonra, xüsusən Ermənistan (1920-ci il
noyabr), Gürcüstan (1921-ci il fevral) işğal edildikdən sonra Rusiya üçün hərbi-
iqtisadi ittifaqın əhəmiyyəti azaldı. Demək olar ki, bütün sahələrdə olduğu kimi, bu
sahədə də ciddi məsələlər yalnız Rusiyanın mənafeyi baxımından həll edilməyə
başladı.
Yerli əhalinin narazılığı 1921-ci il mayın 6-19-da keçirilmiş I
Ümumazərbaycan Sovetlər Qurultayının materiallarında öz əksini tapmışdı.
Qurultay nümayəndələri, xüsusilə qəzalardan gəlmiş nümayəndələr çoxsaylı
suallarla N. Nərimanova müraciət edirlər. Onlar soruşurlar ki, əgər həqiqətən
Azərbaycan deyildiyi kimi tam müstəqildirsə, Rusiya federasiyası ilə bərabər
hüquqlu respublikadırsa, onda nəyə görə Rusiya Azərbaycanın daxili işlərinə
istədiyi kimi müdaxilə edir? Niyə Azərbaycan öz neftinin həqiqi sahibi deyil və
ondan istədiyi kimi istifadə edə bilmir? Soruşulurdu ki, nəyə görə yaxın vaxtlarda
Azərbaycanda xarici işlər, hərbi komissarlıqların ləğv ediləcəyi və Azərbaycanın
xarici ticarətinin RSFSR xarici ticarəti ilə birləşdiriləcəyi haqqında söhbətlər
gedir? Zaqafqaziya yollarının respublikamızın yolları ilə birləşdirilməsini necə izah
etmək olar?
N. Nərimanov bu suallara cavablarında sovet respublikalarının bəzi
məsələlərdə ümumi bir mərkəzdən idarə olunmasına haqq qazandırır və bunun
sosializmin təbiətindən irəli gəldiyini sübut etməyə çalışırdı. Öz cavabında o
bildirirdi ki, «biz ilk növbədə sovet hakimiyyətinin mahiyyətini başa düşməliyik.
Biz deyirik ki, nə qədər düşmənlərimiz məhv edilməyib, sosialist respublikaları
vahid bir küll təşkil edəcək, hər yerdə və həmişə vahid cəbhədə çıxış edəcəklər.
Belə bir vaxtda hər hansı sovet sosialist respublikası tam suverendir, ya yox
söhbəti ola bilməz, əgər onların hər biri öz küncünə çəkilərsə və hərə öz mühasibat
hesabını apararsa, onda biz hamımız məhv olarıq» (93, 21-22.07.2001).
Qafqazda olan hər üç respublikanı tabeçilikdə saxlamaq, onların milli
dəyərlərini arxa plana keçirmək üçün daha «sərfəli» ideya öndəmə gətirildi ki, bu
da Zaqafqaziya Respublikalarını vahid dövlət qurumu kimi birləşdirmək idi. 1922-
ci ilin martın 12-də keçirilən səlahiyyətli konfransda ZSFSR-in yaradılması ilə
respublikalarla Mərkəz arasında bir çox rəhbər orqanlar birləşdirilərək, xüsusən
xarici siyasət, xarici ticarət, nəqliyyat, rabitə, iqtisadi siyasət və s. Qafqaz Diyar
Komitəsinin tabeliyinə keçirdi.
Artıq 1921-ci ilin son aylarında Azərbaycanda federasiya məsələsi ciddi
müqavimətə rast gəlmirdi. Partiyadaxili çəkişmələrə, intiriqalara çox aludə
olunduğundan əsil məsələlər ciddi müzakirə olunmurdu. Bununla razılaşmayan
kommunistləri isə federasiya haqqında məsələnin mahiyyətini başa düşməməkdə
və siyasi korluqda təqsirləndirirdilər. Xüsusən N. Nərimanovun nüfuz dairəsi
daralmışdı. «Etibarlı» kadrların rəhbərlikdə məsul vəzifələr tutması Mərkəzin bu
dəfə də öz planını həyata keçirməsinə yardımçı oldu.
Zaqafqaziya federasiyasının yaradılmasının fəal tərəfdarı M. C. Bağırovun
tərcümeyi-halını tərtib edənlər onu inqilabi işin alovlu mübarizi kimi göstərməyə
çalışaraq yazırdılar: «...1922-ci ilin martında özünün «Dardüşüncəli adamın
fitnəkarlığı və ya ağılsızlığı» adlı məqaləsində yoldaş Bağırov sonralar xalq
düşməni kimi ifşa olunmuş Həmid Sultanovun millətçi çıxışına kəskin cavab verdi.
1924-cü ilin mayında AK(b)P-nin XIII Ümumbakı konfransında Bağırov milli
təmayülçü Həbib Cəbiyevin və «Xanbudaqovçuluğun» digər nümayəndələrinin
partiya əleyhinə fəaliyyətini ifşa etdi» (94, s.31).
Azərbaycanın müstəqilliyinə növbəti zərbə 1922-ci ilin dekabrında SSRİ-
nin yaradılması ilə vuruldu. Hətta Stalinin ortaya atdığı «muxtariyyətləşmə»
ideyası respublikalarda, xüsusən Gürcüstanda çox narazılıqla qarşılandı.
Azərbaycanda da bu fikir birmənalı qarşılanmadı. Yerlərdə zəif də olsa
narahatlıqlar özünü büruzə verməkdə idi. V. İ. Lenin vəziyyəti dərhal başa düşərək,
daha çevik siyasət yeridərək respublikaların bərabərhüquqlu müttəfiq kimi SSRİ-yə
daxil olmasını irəli sürdü.
Beləliklə də, sovetləşmənin əvvəllərində milli dövlət mexanizminin
dağıdılması, müstəqilliyin, ərazi bütövlüyünün itirilməsi ilə əyalətin əyalətinə
çevrilən Azərbaycan da bu ittifaqa daxil oldu. N. Nərimanovun Azərbaycandan
uzaqlaşdırılaraq, MİK-in dörd sədrindən biri kimi Moskvaya çağırılması ilə
respublikamızın formal müstəqilliyinə tam son qoyuldu. Sonrakı illərdə
Azərbaycanda inqilabi, siyasi və ictimai tərbiyə daha saxta və yanlış istiqamətdə
getdi. Yeni yaranmış quruluşun reallığını yaşayan, əsl həqiqətin acısını dərk edən
xalq mərkəzdən idarə edilən bolşevik idarəçiliyindən narazı qalmaqdaydı.
|