KATONUN ÖLÜMÜ
Lakin Pompey tərəfdarları da sakit oturmamışdılar. Katon və Stsipion 48-ci
ildəki Farsal döyüşündən sonra Afrikaya qaçmış, orada çar Yubanın köməyi ilə xeyli
qüvvə toplaya bilmişdilər. Sezar onlarla vuruşmağı qərara aldı, əvvəlcə Siciliyaya
gəldi, oradan isə Afrikaya yollandı. Sezarın düşmənlərinin ən böyük qüvvəsi
Numidiya süvari dəstələri idi. Bir dəfə onların hücumu Sezarı olduqca çətin
vəziyyətdə qoymuşdu. Sezarın döyüşçülərinin bir hissəsi öldürülmüş, qalanları isə
qaçmışdı. Digər bir döyüşdə isə Sezar qaçan bayraqdarı tutub geri qaytarmış və
demişdi: "Bax hardadır sənin düşmənlərin". Bundan sonra 46-cı ildə Taps şəhəri
yaxınlığında böyük döyüş getdi. Sezar sürətli zərbə ilə Yubanı qaçmağa məcbur etdi.
Plutarxın yazdığına görə, düşmən 50 min nəfər itirdi, Sezarın isə itkisi min dəfə az -
50 nəfər idi. Bu döyüş vaxtı Sezarın Misirdə də özünü göstərən xəstəliyi - ürək
getməsi baş vermişdi. Burada əsir düşən konsul, pretorlardan bir hissəsi özlərini
öldürdülər, digərlərini isə Sezar edam etdi.
Sezar Katonu tutmağa can atırdı, ona görə də köhnə düşməninin olduğu Utika
şəhərinə tələsdi. Katon bu şəhəri müdafiə etdiyinə görə döyüşdə iştirak etməmişdi.
Məğlubiyyət xəbərini alan Katon özünü intihar etdi. Kiçik Katon özünü öldürmək
istəyəndə ona mane olmağa cəhd edənlərə dedi: "Sizə görə mən belə cavanam ki,
həyatdan tez getmək istəyimə görə məzəmmətə layiq olam". Bu sözləri deyən adamın
isə vur-tut 48 yaşı var idi.
Mark Portsi Katon, Utikalı Kiçik Katon, senzor Böyük Katonun nəticəsi idi,
m.ə. 95-ci ildə anadan olmuşdu. O, ultra-mühafizəkar senator aristokratiyası sayılan
Optimatların lideri olmaqla, hakimiyyət iddiasında olanların, xüsusilə Yuli Sezarın
cəhdlərinin əksinə olaraq Romada respublika quruluşunu qoruyub saxlamaq istəyirdi.
Valideynləri öləndə, dayısı Mark Livi Druz Katonu öz evinə götürdü. Druz 91-
cü ildə tribun olmuşdu. Katon 72-ci ildə Spartakın qul üsyanına qarşı yeridilən
orduda xidmət etmişdi. O, 67-ci ildə Makedoniyada hərbi tribun, 64-cü ildə isə
kvestor olmuşdu. Sonra Asiyada əyalət vəzifəsi əldə etmişdi. 62-ci ildə isə bir tribun
kimi Katilina qəsdçilərinin edamı təklifinin lehinə səs verməklə, bu təklifin əleyhinə
çıxan Sezarın qəzəbinə səbəb olmuşdu.
Katonun Pompey, Sezar və Litsini Krassa qarşı müxalifəti, onların 60-cı ildə
triumvirat adlanan ilk koyalisiyasının yaranmasına gətirib çıxarmışdı. O, Sezarın
aqrar qanun layihəsinin qəbul edilməsinin qarşısını almağa da uğursuz cəhd etmişdi.
Sezar Katonu Romadan uzaqlaşdırmaq üçün 58-ci ildə onu Kipri anneksiya
etməyə göndərdi. Lakin 56-cı ildə qayıtdıqdan sonra Katon Triumvirata qarşı
mübarizəsini davam etdirdi.
51-ci ildə isə konsulluğu əldə etməkdə uğursuzluğa düçar olan Katon, ictimai
həyatdan uzaqlaşmağı qərara aldı.
Bu dövrdə, 49-46-cı illərdə Sezarın Pompeyə və senata qarşı təcavüzkar
hərəkətindən sonra ölkədə vətəndaş müharibəsi getdi. Katon güman edirdi ki,
respublikanı qoruyub saxlamağın yeganə yolu, əvvəllər müxaliflik etdiyi Pompeyi
dəstəkləməkdən ibarətdir. Müdafiəsi ona etibar edilmiş Siciliyanı qoruyub saxlamaq
mümkün olmadı. Pompeyin Farsaldakı məğlubiyyətindən sonra Katon salamat qalan
kiçik qoşun dəstələrinin qalığını Afrikaya apardı. O, Utikada möhkəmləndi və hətta
142
46-cı ildə Tapsda respublikaçı qüvvələrin qəti məğlubiyyətindən sonra o, öz
tərəfdarlarının dənizlə evakuasiyası qurtarana qədər şəhər darvazalarını bağlı saxladı.
Sonuncu gəmi yola düşdükdə, Katon özünə sui-qəsd etdi.
Ölümündən sonra Katonun xarakteri mübahisə obyektinə çevrildi. Tsitseronun
Katon barədəki panegirik kitabına Sezar acı "Anti Katon" əsəri ilə cavab verdi. B.e. I
əsrində yazıb yaratmış şair Lukan özünün "Bellum civile" əsərində Katonu ləyaqət
rəmzi kimi təsvir edir.
Mark Portsi Katon görkəmli siyasi xadim olub, sonralar təkbaşına hakimiyyətə
can atan Sezarın ən prinsipial və ən ardıcıl əleyhdarı idi. O, riqorizminə görə babası
Böyük Katondan geri qalmırdı. Ciddi əxlaqi prinsiplərin və qədim Roma
qaydalarının pərəstişkarı, ardıcıl stoik və qeyri-adi mənəvi gücə malik olan Katon
Sezarı prinsipsiz siyasətbaz, hiyləgər və həyasız adam hesab edirdi. Kiçik Katon çox
gənc yaşlarından cəsarəti, qorxmazlığı ilə seçilirdi. Tarixçi Appian özünün "Vətəndaş
müharibələri" əsərində yazır ki, Sulla diktatorluq səlahiyyətlərini öz üzərindən
götürdükdən sonra evinə gedəndə, bir oğlan onu evinə qədər söyə-söyə müşayiət
etdi. Qəzəbindən böyük vəzifəlilərin, bütün şəhərin tir-tir əsdiyi Sulla bu oğlanın
söyüşlərinə dözürdü və evinə girdikdə o, gələcək haqqında peyğəmbərcəsinə bir söz
dedi: "Bu oğlan mənim kimi hakimiyyəti olan bir adama bu hakimiyyəti öz
üzərindən atmağa mane olacaqdır". Doğrudan da bir müddət keçdikdən sonra
romalılar başa düşdülər ki, Sulla düz deyibmiş. Qay Sezar öz hakimiyyətini öz
üzərindən götürə bilmədi və öldürülməklə bu imkandan məhrum oldu. Həmin gənc
16 yaşlı Mark Katon idi.
Katonun təvazökarlığı da, hələ qızğın siyasi fəaliyyətə başlayandan xeyli əvvəl
özünü büruzə vermişdi. Spartakla müharibə vaxtı Roma ordusuna Gelli komandanıq
etdikdə, hərbi tribun olan qardaşına görə Katon yürüşdə könüllü kimi iştirak edirdi.
Bu müharibə uğursuz olduğuna görə, Katon öz igidliyini göstərə bilmədi. Lakin ordu
dəhşətli dərəcədə zənginliyə qurşananda və çətinliyə dözməyəndə, o, qayda-
qanunlara, mərdliyə, ruhun və ağlın ayıq olmasına xüsusi diqqət nümayiş etdirirdi,
bütün bunlar elə görünürdü ki, o, hətta Böyük Katondan da geri qalmır. Gelli ona
müxtəlif növ mükafatlar və fərqləndirmə nişanları təqdim etdikdə, Katon bundan
imtina etdi, heç mərasimə də gəlmədi ki, o, mükafata layiq bir şey etməmişdir.
Şöhrətpərəstliyə xüsusi aludə olan və layiq olmadıqları şərəfə də yiyələnməyə can
atan romalıların arasında Katonun bu hərəkəti qəribəlik, ağılsızlıq kimi görünürdü.
Katon daim öz prinsiplərini, nəcib əxlaqı praktsizmdən, ötəri faydadan çox-
çox yüksək tuturdu. O, biganəliyə, haqsızlığa, var-dövlət toplamağa tam yad idi,
respublika quruluşuna yönəldilən ən kiçik zərbəni belə özünə qarşı qəsd kimi
qiymətləndirir və bütün varlığı ilə özünü müqavimət davasına, mübarizəyə həsr
edirdi.
Aristokratiya məfhumunun əmələ gəlməsinə səbəb olan Homerin ilk dəfə
işlətdiyi "aristoy" - "xeyirxah", "nəcib", "ən yaxşı" adlandırdığı şəxslərin zümrəsi
yalnız Katon kimilərdən ibarət olsaydı, bu aristokratiya cəmiyyəti heç vaxt
deformasiyaya uğramazdı, təhriflərə məruz qalıb, öz yerini digər ondan aşağı
səviyyəli və qeyri-sabit dövlət quruluşlarına verməzdi. Lakin təəssüflə qeyd etmək
lazımdır ki, bütün cəmiyyətlərdə olduğu kimi, Romada da aristoylar - ən yaxşılar az
idi və ya onları Katon kimi barmaqla saymaq olardı, yaramazlar, əclaflar, sərvət və
143
şöhrət düşkünləri isə leş üstünə darışan kaftarlar kimi, nəinki dövlətin bədənini az
müddətdə öz mədələrinin mülkiyyətinə çevirdilər, hətta iti dişləri ilə bu dövlətin
onurğa sütununu, sümüklərini də əzib toza çevirə bildiklərindən quruluşun
xarabalıqları üzərində eybəcər diktaturanı və onun bir şəkildəyişməsi olan imperiya
siyasi quruluşunu yaratdılar.
Katon öz riqorizminə uyğun olaraq mövcud reallığı nəzərə almırdı, hissə
qapılaraq gerçəkliyi öz prinsipləri səviyyəsində görmək istəyirdi, siyasi hadisələrin
və şəxsiyyətlərin qiymətləndirilməsində mövcud standartlardan deyil, öz əxlaqi
prizmasından yanaşırdı. Buna görə də bəzən ölçü hissini itirirdi.
Məhz belə siyasi ehtiras və təmənnalı güzəştləri qəbul etməmək keyfiyyəti ona
çoxlu düşmənlər qazandırırdı. Bu sahədə o, özünün mənəvi əcdadları olan Lutsi
Brutdan və Mark Kamilldən fərqlənmirdi. Brut dövləti və qanunları qorumaq naminə
öz oğlanlarının edamına hökm vermişdi, Kamill isə Romanın parçalanmasını tələb
edən və həm də hakimiyyətə qəsd hazırlayan qaragüruha güzəştə getməmişdi. Katon
da nəinki Katilinaya və onun tərəfdarlarına güzəştə getmədi, hətta senatdakı çıxışında
Sezarın onlarla əlbir olmasına və onları müdafiə etməsinə açıq işarə edərək, dedi ki,
bu daha qorxulu vəziyyət yaradır. Həmin vaxtda o, özünə Sezar kimi təhlükəli bir
düşmən qazandı. İlk dəfə olaraq o, Sezara qarşı senatorlar arasında şübhə toxumu
səpdi, lakin qorxudan bu cücərtiləri müəyyən mənafelər və maraqlar ucbatından
məhv edən adamlar, sonralar Sezar diktaturasının reallığa çevrilməsinin şahidi
olmaqla yanaşı, bu diktaturanın və daha çox onun törətdiyi qanlı münaqişələrin və
müharibələrin qurbanları oldular. Əgər senat azacıq sayıqlıq edib, Sezarın
hərəkətlərinin mahiyyətinə nüfuz edə bilsəydi, Roma ikinci dəfə vətəndaş
müharibəsinə cəlb olunmazdı, öz dövlət quruluşunu itirməzdi və sonrakı qardaş
qırğınlarına öz qapılarını taybatay açmazdı.
Digər tərəfdən Katilina qəsdi vaxtı Tsitseronun fəaliyyətini mütləq dərəcədə
şişirtməsi və xalq tribunu kimi öz şöhrətindən istifadə edib, xalqı ona görünməmiş
ehtirama sövq etməsi və xalq yığıncağında ilk dəfə olaraq Tsitserona "Vətənin atası"
fəxri adını verməsi, sonralar konsulun vəziyyətinin diametral qaydada dəyişməsində
az rol oynamadı. Bütün bunlarla yanaşı hissə qapılan Tsitseron da ədalətsiz ittihamlar
etdikdə, Katon buna dözmürdü və hətta nifrət bəslədiyi adama da əsassız hücumlar
edildikdə, buna qarşı çıxır, onlara kəskin etirazını bildirirdi. Klodi Tsitseronu
Katilina tərəfdarlarını istintaqsız və məhkəməsiz edam etməkdə günahlandırdıqda,
Tsitseron onu qanunsuz olaraq patritsilər sırasından xalq tribunluğuna keçməkdə
ittiham etdi. Əlbəttə, Tsitseronun ittihamı əsassız idi, çünki Klodini bir plebey
oğulluğa götürməklə, o, qanuni olaraq patritsilikdən plebey zümrəsinə keçmiş və
qanunda nəzərdə tutulduğu kimi bir plebey kimi ədalətli qaydada xalq tribunu
seçilmişdi. Çünki xalq tribunu mövcud qanunlara görə yalnız plebeylərdən seçilməli,
onların mənafeyini təmsil və müdafiə etməli idi. Bu vaxt çıxış edən Katon Tsitserona
ciddi etiraz etdi. O, qeyd etdi ki, Klodinin hərəkətlərindən hiddətlənir, lakin sonra o,
Tsitseronun senatın bütün qərarlarını ləğv etmək barədəki təklifinin əleyhinə çıxdı.
Katonun bu çıxışından Tsitseron özünü təhqir olunmuş hesab etdi, lakin sonralar bu
onların münasibətlərinin tam korlanmasına səbəb olmadı.
144
Tsitseron isə Katon tərəfindən məhkəməyə verilmiş Litsini Murenanın
müdafiəsini öz üzərinə götürdü. Yaxud Sezar İspaniyada olanda Tsitseron Pompeyin
yanına yollandı, Yunanıstanda Katondan başqa hamı onu sevinclə qarşıladı. Katon
isə Pompeyə qoşulduğuna görə onu məzəmmət etdi, çünki özü Sezarın açıq düşməni
olduğuna görə ona qoşulmuşdu və siyasətdə tutduğu istiqaməti dəyişə bilməzdi. O,
qeyd edirdi ki, öz mövqeyinə görə Tsitseron daha sərbəst idi, vətəninə və dostlarına
böyük xeyir verə bilərdi. Bunun üçün ona Romada qalmaq lazım idi, Sezara düşmən
olmaq lazım deyildi.
Farsaldakı döyüşdən və Pompey qaçdıqdan sonra Dirraxiyada olan Katon
çoxlu qoşun yığmışdı və iri donanmaya malik idi. O, Tsitserondan tələb etdi ki,
qanunlara uyğun olaraq və əvvəllər konsul vəzifəsinə malik olduğuna görə
komnadanlıq səlahiyyətlərini öz üzərinə götürsün. Lakin Tsitseron bundan və
ümumiyyətlə müharibədə iştirak etməkdən imtina etdi. Bu vaxt Pompeyin oğlu və
onun dostları Tsitseronu xain adlandırdılar və qılınclarını çəkib onu öldürmək
istədikdə, Katon buna mane oldu və böyük çətinliklə Tsitseronu düşərgədən
uzaqlaşdırdı.
Katon Sezara müqavimət göstərmək, Romanı ondan xilas etmək üçün hər cür
risqə getməyə hazır idi, təəssüf ki, o, bu fədakarlığında özünə layiqli sirdaş tapa
bilmirdi. Təsadüfi deyildir ki, Sezar diktatura qurduqdan sonra, Tsitseron ona qarşı
və Katonun şərəfinə elə bu adda kitab yazdı və burada onun ləyaqətlərini göylərə
qaldırdı. Bu kitab çoxları tərəfindən böyük sevinclə qarşılanmışdı, çünki Katonun
qeyri-adi, hamıdan fərqlənən mərd və kişilik xüsusiyyətlərinə hamı bələd idi. Sezar
bu kitabdan hiddətə gəldi, çünki əsər Katona həsr olunsa da, Sezara qarşı yazılmışdı.
Sezar buna dözə bilməyib, Katon əleyhinə ittihamları toplayıb, bir kitab yazdı və onu
"Anti Katon" adlandırdı. Sezar bu kitabı ilə özünün ciddi surətdə incidiyini büruzə
verdi, çünki ölümünə səbəb olduğu bir adama yağdırılan təriflər, ona ən kəskin
ittiham kimi səslənirdi.
Lakin onu da demək lazımdır ki, Katonun Utikada özünü öldürməsini Afrikada
yaxında olan Sezar eşitdikdə kədərləndi və bu sözləri dedi: "Eh, Katon, sənin ölümün
mənə acı gəlir, çünki xilas olunmanı məndən qəbul etmək də sənə acı gəlirdi".
Mark Portsi Katon Roma siyasi həyatında bir saflıq və düzgünlük işığı saçan
kometa kimi göründü və məhv oldu. Onun düşmənləri və qatilləri ona qarşı nə qədər
nifrət hissi bəsləsələr də, onun nəcibliyini və mənəvi yüksəkliyini bütünlüklə dana
bilmirdilər. XVI əsrin böyük fransız mütəfəkkiri Mişel Monten onun haqqında yaxşı
yazmışdır: "Bəzi adamları izah etmək çox asandır. Kiçik Katonu götürək, bircə simə
toxunduqda bütün musiqi aləti barədə tam təsəvvürə malik olursan. Burada heç vaxt
pozulmayan səslərin uzlaşan harmoniyası vardır".
Katondan, onun xatirəsini əbədiləşdirən heç nə qalmadı, lakin onun sitayiş
etdiyi prinsiplər, saflıq və ləyaqət heç vaxt öz cazibə qüvvəsini itirmədiyindən
gələcək nəsillər öz üzərində bu qravitasiya qüvvəsini hiss etməyə bilməzdilər. Roma
respublikasının ilhamverici ideyaları gələcək xalqların tiraniyaya qarşı mübarizəsinə,
demokratiyaya yol açdıqca, sağlam və ölməz prinsipləri bu quruluşa hörmət və
məhəbbət yaratdıqca, onun ən böyük daşıyıcıları olanlar insanlar üçün, bəşəriyyət
üçün bələdçi rolunu oynayır və qaranlıq dövrlərdə onların şəxsiyyəti irəli doğru bir
işıq saçır, adamların ürəyini və zəkasını nura qərq edir. Roma aristokratiya
145
quruluşunun mərd və yenilməz, prinsipial və sarsılmaz mübarizlərindən və
fədailərindən biri olan Katon daş heykəllərdə deyil, bundan daha möhkəm
materialda, azadlığa can atan, zülmü, əsarəti, tiraniyanı qəbul etməyən milyonlarla
insanların xatirələrində yaşayır. Katon Roma tarixində qısa bir dövrdə fəaliyyət
göstərsə də və onun fəaliyyət dairəsi başqaları ilə müqayisədə çox kiçik arealdan
ibarət olsa da, o, mənəvi yüksəkliyi və prinsiplərinin aliliyi ilə çoxlarından daha
cazibədar görünür və nəsillərin gözündə tarixə göstərdiyi təsirə və nüfuza görə hətta
böyük şəxsiyyətlərin xeyli hissəsini kölgədə qoymağı bacarır.
146
SEZARIN DİKTATURASI VƏ QƏTLƏ YETİRİLMƏSİ
Sezar Afrikadan da qələbə ilə döndü və işğal etdiyi torpaqlar, dövlət
ehtiyatlarına cəlb etməyə Roma üçün çox lazım olan xeyli miqdarda ərzaq vəd edirdi.
Sonra o, özünün Misir, Pont, Afrika-Yuba üzərindəki qələbələrini triumfla qeyd etdi.
Numidiya çarı Yubanın oğlu əsir götürülmüş kiçik uşaq olsa da, zəfər mərasimindən
keçirildi. Sonralar bu əsirlik ona xoşbəxtlik bəxş etdi və o, məşhur yunan
yazıçılarından birinə çevrildi.
Bundan sonra Sezar çoxdan ölmüş qızı və Pompeyin arvadı olmuş Yuliyanın
şərəfinə qladiator və dəniz döyüşləri təşkil etdi. Sonra vətəndaşların siyahıya
alınmasını keçirdi. Vətəndaş müharibəsinin gətirdiyi bədbəxtliklər hesabına onların
sayı iki dəfədən çox azalaraq, 150 minə enmişdi.
İndi o, dördüncü dəfə konsul seçildi və İspaniyada qərar tutmuş Pompeyin
oğlanlarının üstünə yollandı. Munda şəhəri yaxınlığında böyük döyüş getdi. Sezar
sıxışdırıldıqlarını görüb, geri çəkilən əsgərlərin qabağına qaçaraq deyirdi ki, əgər
onlar heç nədən utanmırlarsa, qoy onu aparıb, o balaca oğlanlara versinlər. Nəhayət
o, döyüşü uda bildi. Düşmən 30 min adam itirdi. Sezar döyüşçülərinə dedi ki, o, daim
qələbə üçün vuruşmuşdu, indi isə ilk dəfə olaraq öz həyatı naminə vuruşmalı oldu.
Pompeyin kiçik oğlu qaça bildi, lakin bir neçə gün sonra onun böyük oğlunun
kəsilmiş başını gətirdilər. Bu müharibəsi ilə Sezar müharibələrə son qoydu. Artıq
müharibə şirinin dırnaqları korlaşmışdı. Sonuncu müharibədəki qələbə, Afrikadakı
qələbədən daha acınacaqlı idi. Afrikada romalıların qanının axıdılmasını
numidiyalılar, çar Yuba adı altında müəyyən qədər gizlətmək mümkün olsa da,
İspaniyadakı qələbəyə hansısa don geyindirmək mümkün deyildi. Öz
həmvətənlərinin qan çayını axıdan Sezarın özü də bu qələbənin şöhrətindən xəcalət
çəkirdi.
Lakin Romanın bədbəxtliyi təkcə bununla qurtarmırdı. İndi Roma öz başına
yüyən keçirməyə məcbur olmuşdu, vətəndaş müharibəsindən yaxasını qurtarmaq
üçün təkhakimiyyətliliyi qəbul etməyə razılaşdı. 44-cü ildə Sezar ömürlük diktator
seçildi, bundan əvvəl o, 46-cı ildə yenə diktator seçilmişdi. Hakimiyyəti heç nə ilə
məhdudlaşmayan vəzifədən açıq tiraniya qoxusu gəlirdi, təkcə çar tacı çatmırdı.
Senat Tsitseronun təklifi ilə ona mənsəb dərəcələri müəyyən etdi. Digərləri isə daha
qeyri-adi şan-şövkətlər təklif edirdilər. Sezar isə özünü xeyli mərhəmətli aparırdı. O,
vətəndaş müharibələrində qalib gəldikdən sonra, əfv etdikləri adamlara iri vəzifələr
verirdi. Belə ki, Brut və Kassi pretor oldular. O, Pompeyin heykəlini yenə senatda öz
yerinə qoydurdu. Buna görə Tsitseron demişdi ki, Pompeyin heykəlini bərpa
etməklə, Sezar öz heykəlini möhkəmləndirdi. Sezar özünü heç mühafizəçilərlə də
əhatə etmədi və deyirdi ki, həmişə ölümü gözləməkdənsə, bir dəfə ölmək yaxşıdır.
Sonra o, əsgərləri üçün əvvəllər dağıdılmış iki şəhəri - Karfagen və Korinfi eyni
vaxtda bərpa edərək, burada koloniyalar yaratdı. Karfagen koloniyası əvvəlki şəhərin
yerində deyil, bir qədər aralıda salınmışdı.
O, əyanlara da yağlı vədlər verirdi, hətta bir dəfə konsulluq müddətinin
qurtarmasına bircə gün qalmış vəfat edən konsul Maksimin yerinə, bir günlüyə bir
nəfəri konsul təyin etdi. Buna istehza edən Tsitseron demişdi ki, "tələsək ki, onu
konsul vəzifəsində olanda tapa bilək".
147
Lakin müharibənin gətirdiyi şərəf və şöhrət onu yenə də rahat buraxmırdı. İndi
o, Parfiya ilə müharibəyə hazırlaşırdı, oranı zəbt etdikdən sonra Girkandan keçməklə,
Xəzər dənizinin və Qafqazın yanı ilə Pontun böyründən Skifiyaya girmək, sonra isə
Germaniya ilə qonşu olan ölkələrə və onun özünə hücum etmək istəyirdi. Sonra
Qalliyadan İtaliyaya geri dönməklə Romaya elə ərazilər tabe etmək istəyirdi ki, onu
hər tərəfdən Okean əhatə etsin. Sezarın fantaziyası göründüyü kimi heç də Böyük
Aleksandrdan geri qalmırdı.
O, öz vətənində də kanallar qazdırır, bataqlıqları qurutdururdu. Sonra müasir
dünyanın da istifadə etdiyi təqvim islahatını həyat keçirdi. O, ilin təqviminə əlavə bir
ay daxil etdi, buna qədər Numa da təqvimə belə bir ay əlavə etmişdi. Lakin onun
bədxahları onun bu xeyirxah əməlinə də kölgə salmaq istəyirdilər.
Bütün bunlarla yanaşı Sezarın çar hakimiyyətinə can atması ona qarşı nifrəti
artırırdı və onu öldürmək ideyası yaranmağa başladı. Sezara çar hakimiyyətini qəbul
etməyi məsləhət görənlər, bunu onunla əsaslandırırdılar ki, guya Sivilla kitablarında
Parfiya çarlığının zəbt edilməsinin, romalılara yalnız çar başçılıq etdikdə mümkün
olacağı göstərilir, digər hallarda bu qətiyyən mümkün deyildir.
Bir dəfə qonşu şəhərdən Romaya qayıdan Sezarı çar kimi salamladılar. Xalqın
bundan xoşu gəlmədiyini görən Sezar hiddətləndi ki, onu çar deyil, Sezar
adlandırırlar. Başqa bir dəfə isə o, natiqlər üçün olan yüksəklikdə oturduqda, ona
Senatın bütün tərkibi ilə konsullar və pretorlar yaxınlaşdılar. O isə məlum qaydalara
məhəl qoymayaraq yerindən durmadı və onlara adi şəxslər kimi müraciət etdi.
Bundan xalqın da çox acığı gəldi, çünki Senatın timsalında o, dövləti də təhqir
etmişdi. Bundan sonra o, xalq tribunlarını da təhqir etdi. Luperkali bayramı vaxtı
Sezar natiqlər üçün olan yerdən mərasimə tamaşa edirdi. Konsul kimi Antoni ona
yaxınlaşıb dəfinə çələngi ilə hörülmüş tac uzatdı. Bir neçə adam əl çaldı. Sezar
tacdan imtina etdikdə isə hamı əl çaldı.
Sonra bir dəfə xalq gördü ki, Sezarın Kapitolidəki heykəlinə çar tacı
qoyulmuşdur. İki xalq tribunu Flavi və Marull yaxınlaşıb, tacı heykəlin başından
götürdülər və Sezarı çar kimi salamlayanları dustaqxanaya apardılar. Xalq bu
tribunları alqışlayaraq, onları vaxtilə çar Məğrur Tarkvinini qovmuş və Romanı
tiraniyadan ezad etmiş adamın şərəfinə "Brutlar" adlandırdı. Bundan hiddətlənən
Sezar onları hakimiyyətdən məhrum etdi və xalqı təhqir etmək üçün "Brut" sözünü
istehza ilə bir neçə dəfə təkrar etdi. Bu vaxt öz ümidini Mark Yuni Bruta
bağlamaqdan savayı xalqın başqa çarəsi qalmamışdı.
O, məşhur qədim Brut nəslinə mənsub idi, Katonun kürəkəni və qohumu idi.
Vaxtilə Sezar Farsalda Pompey üzərində qələbə çalarkən, əsir götürülən Brutu əfv
etmiş və sonra isə o, Sezarın böyük etimadını qazanmışdı. Artıq Brut pretor idi və üç
ildən sonra onu konsulluq gözləyirdi. Həmin vəzifəyə Kassi də göz dikmişdi. İndi
Brut və Kassi Sezara qarşı sui-qəsd hazırlayırdılar, lakin Sezar bu xəbərlərə
inanmırdı. Brutun pretor kimi işlərə baxanda oturduğu yerinin üstündə camaat "Sən
yatmısan, Brut", yaxud da "Sən Brut deyilsən" kimi sözlər yazırdılar. Bunu görən və
Sezara düşmənçilik hissləri bəsləyən Kassi Brutu daha da qızışdırırdı.
Bir də ki, qismətdən qaçmaq da mümkün olmur. Bir falçı Sezarı xəbərdar
etmişdi ki, martın idləri adlanan gündə (martın 15-də) onu böyük təhlükə gözləyir.
Bu gün başlayanda senata yollanan Sezar həmin falçı ilə qabaqlaşdıqda zarafatla dedi
148
ki, "axı mart idləri gəlib çatdı", bu sözlərə həmin adam sakitcə cavab vermişdi:
"düzdür, başlayıb, lakin hələ keçməyib". Bundan bir gün əvvəl isə qonaqlıqda
olanda, söhbət gedir ki, ən yaxşı ölüm hansıdır, Sezar hamıdan tez cavab verir:
"gözlənilməyəni".
Həmin gün gəlib çatdıqda ona məsləhət gördülər ki, evdən çıxmasın və Senatın
iclasını təxirə salsın. Arvadı Kalpurniya da belə xahişlər edirdi. Ona görə də Sezar
Antonini göndərmək istədi ki, o, Senatın iclasını buraxsın. Lakin bu vaxt onun böyük
etimadını qazanmış və Brut ilə Kassinin qəsdinin iştirakçısı olan Detsim Brut Sezara
dedi ki, əgər iclası təxirə salsa, belə təsəvvür yaranacaq ki, o, Senatı ələ salır. Axı bu
iclas onun öz təklifi ilə çağrılmışdır və İtaliyadan kənar ərazilərdə onu çar elan
edəcək və digər torpaqlarda və dənizlərdə olanda ona tac qoymağa icazə verəcəkdi.
Hətta o, iclasın keçməsini istəmirsə, qoy özü gedib Senatı salamlasın və iclası təxirə
salsın. Bu sözləri dedikdən sonra o, Sezarın əlindən tutub evindən Pompey
kuriyasına apardı. Yolda ona yazı vermək istəyən bir adam, qəsd haqqında onu
xəbərdar etmək istəyirdi. Sezar isə yazını oxumağa imkan tapmadı.
Fiziki cəhətcə çox qüvvətli olan Antonini isə küçədə saxlayıb başını
qarışdırdılar. Brutun başçılıq etdiyi sui-qəsdçilər iki yerə bölündülər, bir hissəsi
Sezarın kürsüsünün arxasında dayandı, digər hissəsi isə onun qabağına çıxdı. Onlar
Tulli Kimvrin sürgün olunan qardaşının bağışlanmasını xahiş edirdilər. Sezar xahişi
rədd edib, kürsüyə oturduqda, yenə təvəqqelər ediləndə, o, narazılığını bildirdi. Bu
vaxt Tulli iki əli ilə Sezarın toqasından tutub boğazından çəkib çıxarmağa başladı və
bu işarə ilə hücum başlandı. İlk zərbəni Kaska onun peysərinə vurdu, lakin yara elə
də dərin deyildi. Sezar dönüb qılıncı tutudu və latınca dedi: "Əclaf Kaska, sən nə
edirsən?" Kaska isə yunanca qardaşına müraciət edərək dedi: "Qardaş, kömək et!"
Sui-qəsddən hali olmayan senatorlar qorxudan nə qaça, nə Sezara kömək edə,
nə də qışqıra bilirdilər. Sui-qəsdçilərin hamısı yalın qılınclarla Sezarı əhatəyə
almışdılar. O, nəzərini hara yönəldirdisə, qılınc zərbəsi alırdı. Brut isə zərbəni onun
qasığına vurdu. Buna qədər özünü ora-bura çırpan və qışqıran Sezar Brutu qılınclı
gördükdə toqasını başına çəkdi və özünü zərbənin altına qoydu. Onun cəsədi
Pompeyin heykəlinin kürsüsünün yanına düşdü və elə bil ki, Pompey öz ayaqları
altına sərilən düşmənindən intiqam alırdı.
Sezar cəmi 23 yara almışdı. Onun ölümündən sonra irəli çıxan Brut çıxış
etmək istədikdə, senatorlar qaçmağa başladılar. Bu hadisə xalqda böyük həyəcan və
qorxu əmələ gətirdi. Sui-qəsdçilər isə buradan Kapitoliyə yollandılar. Bəzi adamlar
sui-qəsddə iştirak etmədikləri halda, Sezarın öldürülməsini öz adlarına çıxırdılar və
sonra dəhşətli dərəcədə bunun altını çəkməli oldular. Antoni və gənc Oktavi Sezar
tərəfindən onlar edam edildilər.
Sonrası günü sui-qəsdçilər Brut başda olmaqla Foruma gəlib xalqa müraciət
etdilər. Xalqın Sezara ürəyi yandığı kimi Brutu da sayırdı. Belə bir şəraitdə senat,
Tsitseronun təklifi ilə Sezara allahlara məxsus hörmət göstərməyi, həmçinin Sezarla
əlaqədar olan işlərə afinalıların təcrübəsindən istifadə edərək amnistiya verməyi,
Bruta və Kassiyə isə əyalət verməyi qərara aldı. Əslində bu düşmən olan tərəfləri
barışdırmaq məqsədini güdürdü və tarazlıq yaradırdı.
Lakin Sezarın vəsiyyəti açıldıqdan və xalqa elan edildikdən sonra vəziyyət
büsbütün dəyişdi. Vəsiyyətə görə Sezar hər romalıya xeyli hədiyyə qoyub getmişdi.
149
Onun zərbələrdən eybəcərləşmiş cəsədini görən kütlə meyidi yandırmaq üçün
istifadə etdiyi taxta parçalarının kösövünü götürüb Sezarın qatillərinin evlərini
yandırmağa başladı, digərləri isə sui-qəsdçiləri axtarırdılar ki, özləri onları mühakimə
etsinlər.
Sezar 15 mart 44-cü ildə 56 yaşında həyatla vidalaşdı. O, böyük zəhmətlər
hesabına ələ keçirdiyi hakimiyyətin - diktaturanın bəhrəsini dada bilmədi. Ona yalnız
hökmran adı və şöhrət qaldı.
Sezarın ölümündə onun mərhəmətliliyi və səbrsizliyi müəyyən rol oynadı.
Bunlar birlikdə onun şəxsi təhlükəsizliyinə qorxu yaradırdı. Sezar ona lazım olanda
barbarlara qarşı qəddarlıq göstərməkdə tərəddüd etmirdi. Lakin demək olar ki,
məğlub etdiyi romalı əleyhdarları ilə ardıcıl olaraq alicənablıqla davranırdı. Sezar öz
opponentlərinə bütünlükdə amnistiya verdi və onlardan çoxunu yeni rejimdə məsul
mövqelərə çıxardı.
Onun qətli qəsdinin təşkilatçısı olan Qay Kassi Longin və Roma
respublikaçılığının simvolik təcəssümü olan Mark Yuni Brut - Sezarın keçmiş
düşmənləri idi. "Et tu, Brute" - "Səndəmi, Brut" sözləri Sezarın bağışladığı və
sevdiyi insan tərəfindən vurulan zərbənin xüsusi ağrısının ifadəsi idi. Burada giley
də, gözləmədiyi xəyanətdən acı şikayət də var idi. Bu Roma respublika quruluşuna
xəyanət etmiş insana cavab xəyanəti olduğundan, bəlkə də müdafiə üsulu, seçilmiş
intiqam variantı idi.
Bütövlükdə 60 qəsdçi arasında bir neçə keçmiş sezarçı da var idi. Onlar Sezar
rejiminin monarxiya meylinin böyüməsindən hiddətlənmişdilər. Güman ki, Sezarın
bədbəxtlik vaxtı acı dərmana şəkər qatmasını nümayiş etdirməsindən yaranan
aristokratik qorxu da öz rolunu oynamışdı. Onlar bunu dərk etməkdə digər bir
uğursuzluğa uğradılar. Sezarı şəhid etməklə, həm də onun ölümündən sonrakı siyasi
taleyi yaradıldı.
O, sərkərdəlik dühası ilə yanaşı, digər istedadlardan da xali deyildi. Onun bəzi
əməllərinin izi minilləri arxada qoyaraq, bu günə gəlib çatmışdır. O, 46-cı ildə
Roman təqvimini islahata uğratdı. 45-ci ildə munitsipiya üçün standart konstitusiya
nümunəsi yaratdı. 59-cu ildə Sezar artıq Kapuya şəhərini bərpa etmişdi. 150 il əvvəl
respublika rejimi bu səhəri hüquqi korporativ məsuliyyətdən məhrum etmişdi. O,
ölümünə yaxın öz sələfləri tərəfindən dağıdılmış daha iki şəhəri - Karfageni və
Korinfi bərpa etmişdi. O, əcnəbilərə Roma vətəndaşlığı verməkdə çox əliaçıq idi.
Senatın say tərkibini çoxaltmışdı və onun personalını bütün Roma vətəndaşlarından
daha ehtiram olunan etmişdi.
Sezar dühasının digər böyüklüyü onun yazılarında nümayiş olunur. Bizim
dövrə yalnız onun Qalliya müharibəsi və vətəndaş müharibəsi barədəki hesabatları
gəlib çatmışdır. "Anti Katon" əsərində Sezar mərhum əleyhdarı Mark Portsi Katonun
xatirəsinə hörmətsizlik göstərməyə cəhd etmişdi.
Sərkərdə, diktator və dövlət xadimi kimi Sezar Yunan-Roma dünyası tarixinin
istiqamət xəttini qətiyyətlə və dönməz şəkildə dəyişdirdi. Aleksandr kimi Sezarın da
adı indiyədək xristian və islam dünyası adamlarının dilində qalır. Məhz bu addan ali
hökmdarların titulu kimi Almaniyada "kayzer", slavyan dillərində "çar", islam
dünyasında isə "qeysər" sözü meydana gəlmişdir.
150
Sezarın öz dövründə doğulduğu Kvintilis ayı onun şərəfinə "iyul" adlandırıldı.
Bu ad Roma imperiyası süquta uğradıqdan sonra da dəyişilməz qaldı. Sezarın təqvim
islahatının da taleyi belə oldu. Sezar təqvimi olan Yulian təqvimi indiyədək Şərq
Ortodoks Xristian ölkələrində qüvvədə qalmaqda davam edir, XIII Qriqori tərəfindən
azacıq düzəldilən və Qərbdə işlədilən Qriqorian təqvimi də elə azacıq korrektə
edilmiş Yulian təqvimidir.
Sezarın ərazisini genişləndirdiyi imperiya dağıldı, yoxa çıxdı. Lakin Sezarın
hərbi dühası, qədim Roma tarixini bəzəyən onun müxtəlif işarəli əməlləri bugünkü
insanın maraq dairəsindən uzaqlaşmır və bu təminat verir ki, zaman seli bu qranit
abidəni gələcəkdə də yuyub apara bilməyəcəkdir.
Lakin Sezarın ölümü onun qətlində iştirak edənlərin hamısının məhvinə yol
açdı. Harada olmalarından asılı olmayaraq Sezarın qətlindən keçən iki il yarım
ərzində onları ölüm kabusu yaxaladı və bu cinayətin bütün iştirakçıları, qətlin özünə
layiq cəzalarını aldı. Filippidəki Antoni və gənc Sezarla (gələcək Avqustla)
döyüşdəki məğlubiyyətdən sonra Kassi Sezarı öldürdüyü gödək qılıncla özünü qətlə
yetirdi. Filippidəki məğlubiyyətdən sonra ikinci döyüş aparmaq istəyən Brut, taleyin
ondan üz döndərdiyini hiss edib, ordusu qaçan vaxt hündür bir yerə çıxıb, açıq sinəsi
ilə qılıncın üstünə atıldı və son nəfəsini verdi.
Sui-qəsdçilər güman edirdilər ki, tiranı aradan götürməklə onlar hər şeyə nail
olacaq, bütün məsələlər həll ediləcəkdir. Lakin daim özünü biruzə verən bir cəhət, bu
dəfə də özünü yada salmağa məcbur etdi. Planlar nə qədər mükəmməl hazırlanırsa
hazırlansın, nəzərdə tutulan bir pərdəli drama çox vaxt çoxlu pərdələrdən ibarət
faciəyə çevrilir və pərdə salınana qədər çoxlu qan axıdılır, özünü qabaqcadan qalib
qiyafəsində görənlər ölüm yatağında uzanmağa məcbur olur, yaxın adamlarına isə
matəm paltarı geyindirtdirirlər. Bəzən qələbə naminə endirilən ilk zərbə faciələr
silsiləsinin başlanğıcı olur və vaxtından əvvəl özünü qalib hesab edənlərə Solonun
dediyi sözlər yada salır ki, hələ döyüş bitməmişdirsə, kimin qalib, kimin məğlub
olmasını demək mümkün deyildir. Bugünkü qalib sabahkı məğluba, didərginə,
bədbəxtə və meyidə çevrilir. Bir adamın məhvi, hətta o, nə qədər iri şəxsiyyət olsa da
bütün sıranın domino prinsipi ilə yıxılmasına deyil, onların daha da
möhkəmlənməsinə və qisas uğrunda birləşməsinə, gözlənilmədən onların cəhdlərinin
uğurlu getməsinə və başqa cür finala gətirib çıxarır.
Tsitseron sonralar Sezara sui-qəsd hadisəsinin nə ilə nəticələnəcəyini götür-
qoy etmədiklərinə görə, özlərini məzəmmət edərək yazırdı ki, "Mart idləri ilə özünə
təskinlik vermək axmaqlıqdır, axı biz kişi igidliyini, ağıl barədə isə uşaqlıq göstərdik.
Ağac kəsilmişdir, lakin kökündən çıxardılmamışdır, ona görə də biz görə bilmərik ki,
o, hansı zoğlar verəcəkdir". Həmişə olduğu kimi bu dəfə də bu müdrik filosof səhv
etmirdi.
Sezar təkcə parlaq sərkərdə və siyasətçi istedadına malik olmayıb, başqa
sahələrdə də fitri qabiliyyətə malik idi. Onun şəxsi igidliyi də dillərdə gəzirdi. Öz
döyüşçülərinə qarşı çox əliaçıq idi, insansevərliyi və əsirlərə güzəştə getməsilə ad
qazanmışdı. Ümumiyyətlə, o, mərhəmətliliyi ilə xüsusi şöhrət tapmışdı. O, köhnə
legionerlərinin çoxunu adı ilə tanıyırdı. Uşaqlıqdan o, at sürməyi çox xoşlayırdı,
yürüşlərə gedəndə isə at üstündə oturub eyni vaxtda iki və daha artıq məktub
yazanlara mətni diqtə edirdi. Ümumiyyətlə o, dostları ilə məktub vasitəsilə söhbət
151
etməyi çox sevirdi. Çünki daim yürüşlərdə olduğuna görə onun dostları ilə görüşmək
imkanı yox idi.
Sezar həm də güclü natiqlik qabiliyyətinə malik idi, onun ədəbi
yaradıcılığından isə çox yığcam dildə yazılmış və o dövrdəki Qalliya, Britaniya və
digər ölkələr haqqında geniş və dürüst məlumat verən "Qall müharibəsi" əsəri
qalmışdır. Dəqiq retsenziyaçı olan Tsitseron bu kitabın elmi və bədii keyfiyyətlərinə
yüksək qiymət vermişdi.
Bütün bunlarla yanaşı dünya hərb tarixi Makedoniyalı Aleksandrdan sonra,
ikinci qüdrətli və qabiliyyətli sərkərdə ilə zənginləşdi. Təsadüfi deyildir ki, o, özü
Böyük Aleksandra həsəd apardığı kimi, 19 əsr ondan sonra hərb səhnəsinə gələn
Napoleon daim ona bənzəməyə can atırdı, ondan öyrənirdi. Onun adını bir titul kimi
sonrakı imperatorlar daşısalar da, Sezar dedikdə hamı antik dünyada ən nəhəng və
ziddiyyətli şəxsiyyət olan Qay Yuli Sezar haqqında düşünür, onu yada salır. Çünki
yalnız quru adı daşımaqdan savayı, tarix öz əməllərinin, irsinin qeyri-adi miqyasına
və nəticələrinə görə ondan başqa digər bir Sezarı tanımır. Sezarla müqayisədə hətta
Roma tarixində xüsusi yeri olan Avqust da solğun görünür.
Sezar ömrünün son illərini siyasətlə yanaşı müharibəyə həsr etmişdi və hər iki
sahədə qarşısına qoyduğu məqsədlərə bütünlüklə çatmışdı. Ölümündən əvvəl Böyük
Aleksandr Ərəbistana yürüşə hazırlaşan kimi, Sezar da Parfiya ilə müharibəyə
hazırlaşırdı. Müharibə təkcə onun üçün zəfər mənbəyi olmayıb, elə bil ki, həm də
özünü sınama, özünü təsdiqetmə sahəsi idi. 49-44-cü illərdə o, bütünlükdə ancaq 17
ayı Romada keçirmişdi. Siyasət və hərb meydanındakı ardıcıl qələbələr, onda
diktatorluq meylini gücləndirmişdi. O, öz ağalığını artıq birinci yerə qoymuşdu və bu
ağalıq hissi respublikanın məhvinə gətirib çıxardı. O, özünü 46-cı ildə 10 illiyə, 44-
cü ildə isə ömürlük diktator elan etmişdi. O, ellinistik qaydada özünü çar etmək
istəyirdi, Romada isə hələ 509-cu ildən, Məğrur Tarkvini çarlıqdan qovulduqdan
sonra bu instituta düşmən münasibəti hökm sürürdü.
İkincisi, Sezar demək olar ki, öz imperiyasına geniş mənada qeyri-Roma
münasibəti göstərirdi. O, Senatla bir ağa kimi rəftar edirdi. Ona görə atlılar hesabına
Senat üzvlərinin tərkibini xeyli çoxaltmışdı. Magistratların da sayı xeyli artmışdı və
onlar faktiki olaraq Sezarın namizədlərindən seçilirdi. Tsizalpin Qalliya əyalətlərini
o, vətəndaş ərazilərinə çevirmişdi, Egey sahilindəki və Palestinadakı yəhudilərə
himayədarlıq edirdi və hətta İtaliyadan kənarda 20 vətəndaş və latin koloniyası
yaratmışdı. Bütün bunlar Senatın və Roma kübarlarının əksəriyyətinin düşüncə
tərzinə zidd idi. Nəcib romalıların nifrətinə səbəb olan bir də o idi ki, Sezar rəsmi
qaydada Allah edilmişdi.
Sezarın ölümündən sonra hər iki tərəf çaş-baş qalmışdı. Diktatorun qatillərini
xalq dəstəkləmədiyi kimi, Sezar tərəfdarları da qorxudan qaçıb evlərində
gizlənmişdilər. Lakin belə ümumi qarışıqlıq və anlaşılmazlıq şəraitində sui-qəsdin
davam və inkişaf edəcəyindən qorxan Sezar tərəfdarları daha fəal və cəld hərəkət
etməyə başladılar və bu, təşəbbüsün artıq onların əlinə keçməsinə gətirib çıxardı.
Onlar açıq dəstəyi də hiss edirdilər, bu kömək Sezarın veteran döyüşçüləri və zəbt
edilmiş əyalətlərin sərvətləri hesabına rifah halı bir qədər yaxşılaşmış şəhər plebsi
tərəfindən gəlirdi.
152
Belə bir vəziyyətdə qətldən iki gün sonra, martın 17-də Sezarın dul qalmış
arvadı Kalpurniyadan bütün pul vəsaitini və kağızları alan Antoni konsul
səlahiyyətindən istifadə edərək, Senatın iclasını çağırdı. Sui-qəsdə rəğbət bəsləyənlər
Sezarı tiran adlandırmağı və onun qatillərinə minnətdarlıq etməyi təklif etdikdə,
gözlənilmədən Antoni müasir dildə desək, mahir şahmatçı kimi bir mat
vəziyyətindən çıxmağa və qalib gəlməyə yol açan gediş etdi və dedi ki, bu qərarla
tiran adlanan Sezarın bütün sərəncamları avtomatik olaraq ləğv ediləcəkdir. Belə bir
vəziyyət isə çoxlarının, xüsusən senatorların mənafeyinə toxunmaya bilməzdi. Mark
Antoninin bu sözü senatın atmosferini bütünlüklə dəyişdi, sui-qəsdçilərə təzim
edənlər, indi ölmüş diktatoru tərifləməyə keçdi. Sezar tiran elan edilməklə, onun
dövründə xeyli imtiyazlara çatmış adamların, xüsusən senatorların zəngin rifahını da
özü ilə o dünyaya aparacaqdı. Ona görə də imtiyazlardan məhrum olmaqdansa,
prinsipləri dəyişmək senatorlar üçün daha asan və daha faydalı idi. Axı Roma
tarixində senatorlar yaşıl ot kimi həmişə küləyin əsdiyi istiqamətə yıxılmışdılar. Ona
görə də onlar "Verbum sapientilus" - "ağıllı yarım sözdən başa düşür" qədim Roma
zərb-məsəlinə sadiq qalaraq, vəziyyəti düzgün qiymətləndirdilər.
Bu vaxt Tsitseronun hər iki tərəfə güzəşt barədəki məsələnin Solomon həlli
təklifi də yerinə düşdü. Bu təklif əsasında qəbul edilən qərarla qəsdçilərə amnistiya-
yunanca "unutma" deməkdir, - tətbiq olundu, Sezarın bütün sərəncamlarının qüvvədə
qalması üçün isə onlar bütünlüklə təsdiq olundu.
Bu da ondan ibarət idi ki, təkcə Sezarın keçmiş sərəncamları deyil, həmçinin
gələcək üçün nəzərdə tutulan sərəncamları da təsdiq olunurdu. Axı heç kəs ölüdən
onun niyyətlərinin nədən və hansılardan ibarət olduğunu öyrənmək imkanına malik
olmadığından, mərhumun adından istifadə etməklə, istənilən qaydada hərəkət etmək
mümkün idi. Əslində isə bu, Sezar tərəfdarlarına görünməmiş sui-istifadə şəraiti bəxş
edirdi.
Diktatorun özü diri olmasa da, indi ölünün niyyətləri adı altında bu dəfə onun
varisləri olan bir qrup diri adamın istəklərinin və ehtiraslarının qarşısı alınmaz
diktaturası yaranırdı. Əslində qəsdçilərin gələcək bütün məğlubiyyətlərinə səbəb olan
və onların bünövrəsini qoyan bu iclasda belə qeyri-bərabər şərtlərlə, iki rəqib tərəf
arasında barışıq yarandı. Bu barışıq, təməli onsuz da çox kövrək olduğundan uzun
sürə bilməzdi və bir neçə gün sonra Sezarın dəfn mərasimində çıxış edən Antoni
əslində qəsdçiləri ittiham etdi və xalqın diktatora olan ürək yanmasını alovlandırmaq
üçün onun qanlı paltarını və mumdan hazırlanmış heykəlindəki 23 deşiklə onun
yaralarını göstərməklə, bu qətlin qəddarlığını və qatillərin amansızlığını nümayiş
etdirdi.
Bundan əvvəl isə Sezarın elan edilən vəsiyyətində hər bir Roma plebeyinə 300
sestertsi pul qoyub getməsi məlum olduğundan, hər şeydən çox qarnını düşünən
plebs indi Sezarı diriltməyə, onun qatillərinin isə qanını içməyə hazır idi. Plebsə görə
dövlət quruluşu ona aid deyildir, azadlıq və ya tiraniya onun taleyində heç bir
dəyişiklik etmir, təki bircə onun qarnı tox olsun. Çünki plebs heç vaxt ruhu haqqında
düşünmür, bu ali mənsubiyyəti alçaq varlıq olan bədənə və onun eybəcər
laboratoriyası sayılan mədəyə təslim edir. Plebs, kütlə sabah başını kəsəcək qatilin
əlindən, bu gün bir parça çörək aldıqda və ya hətta ac qarnı ilə yanaşı, başqasının
boynunun vurulduğunu gördükdə, tiranın müdafiəçisi kimi çıxış edir, onun bütün
153
eybəcərliklərini və dəhşətlərini bəyənir, onu alqışlayır və tərifləyir, əslində bu, tiranın
bütün zülmünə haqq qazandırmaqla, onun iyrənc silahına çevrilir. Bu qan gölündə
çapan süvari despotun atı rolunu oynamaqda o böyük təskinlik və sevinc tapır.
Despotun kütləvi, fiziki və mənəvi terroru məhz kütlənin rəğbət və alqış səsləri
altında baş alıb gedir. Belə dəhşətlərə öz sadəlöhvlüyü, əlavə bir tikəni də udmaq
həvəsi ilə yol açan kütlə özünü ömürlük köləliyə məhkum edir və bunu dərk edənə
qədər nəinki belə vəziyyətlə barışır, hətta onu sevinclə qəbul edir. Məhz kütlə öz
buzov sevinci ilə cəmiyyətin ən yaxşı və mübariz övladlarının başının kəsilməsinə,
edam edilməsinə, bu tez-tez cücərməyən nadir çiçəkliyin tapdanıb, məhv olmasına
şərait yaradır və onların bütünlüklə məhv olması ilə, qan çayının bir daha
qurumaması üçün hətta öz başını da vətən cəlladının qılıncı altına qoyur.
Xalqın da, vətənin də bədbəxtliyi, acı taleyi məhz buradan başlanır. Tiranın,
despotun azğınlığı, doymayan qan ehtirası, köpək balığı iştəhası da buradan meydana
gəlir. Bundan belə bir nəticəyə gəlmək olur ki, heyranlığı ilə kütlə bu qanlı
tamaşaların başlanğıcda rola girməyi bacarmayan aktyorlarını cuşə gətirir, onları
daha qrotesk oyuna, daha qanlı cinayətlərə və dəhşətlərə sövq edir. Kütlənin rəğbəti
və alqışı despot üçün, bu insan həyatlarının həzm edilməsindən ötəri mədə şirəsi
rolunu oynayır. Böyük turşuluğu olan bu mədə şirəsi iri həcmdə qidanı asanlıqla
udmağa, həzm etməyə kömək edir. Məhz Roma plebsi də axırda bir ianə hesabına
ölkənin yenidən vətəndaş müharibəsinə cəlb edilməsinə biganəlik göstərdi. Çünki
ona respublika quruluşundansa, süfrəsindəki bir tikə çörək daha vacib idi.
Antoninin öz çıxışı ilə qızışdırdığı xalq Senat binasına tərəf cumdu, xeyli adam
öldürüldü və bina yandırıldı. Onlar sui-qəsdçiləri parçalamağa hazır idilər. Brut və
Kassi gizli surətdə şəhərdən qaçdılar. Bu vaxt şəhərə və dövlətə nəzarət Sezar
tərəfdarlarının başçıları Mark Antoni və Emili Lepidin əlinə keçdi. Sezarın nisbətən
dinc diktaturasının yerini düşmənçilik vakxanaliyasından ilham və əlavə qüvvət alan
adamların hakimiyyəti tutdu. Bu adamlar üçün əsas məsələ təkcə qətlə yetirilən
diktator deyildi, ən vacibi aqoniyasını keçirən və son nəfəsini alan respublika
quruluşunun məhvi idi. Onun cəsədi üzərində nekrofillərə məxsus olan bir
murdarlıqla vətənə hər cür təcavüz etmək, onun açıq yarasının üzərinə yeni zərbələr
vurmaq mümkün idi. Onların içərisində isə konsul olan və sərkərdə kimi tanınmış
Mark Antoni daha böyük nüfuza malik idi. Mark Emili Lepid isə süvari rəisi olmaqla
Sezarın rəsmi köməkçisi idi. Antoninin gələcək nəslinə gəldikdə, bu nəsildən
nifrətamiz məşhurluqla seçiləni, öz dəhşətləri, zülmü, ağlasığmaz zinakarlığı və
pozğun şəhvəti ilə Roma tarixinə daxil olmuş Neron oldu.
Antoni hələ Sezarın sağlığında gününü eyş-işrətlə keçirib, çoxlarının nifrətini
qazanmışdı. İndi isə onun əlinə dünyanın şərab dənizi və keyf çölləri kimi görünən
ən iri dövləti keçmişdi. Eyş-işrətə aludə olması ilə o, romalıdan daha çox Şərq
hökmdarlarına bənzəyirdi. İndi formal olaraq konsul olduğuna görə o, Romada bütün
hakimiyyəti öz əlində cəmləşdirmişdi. Bu vaxtlar Romada peyda olan və özünü
Sezarın qohumu kimi qələmə verən yalançı Marini də o, asanlıqla aradan götürüb,
edam etdi. Lakin xalqın dayağına çox da uzun müddətə bel bağlamaq olmazdı və bu
səmtini dəyişən külək olduğundan çox da etibarlı hesab olunmurdu. Ona görə də
etibarlı dayağı Senatda axtarmaq lazım gəlirdi. O, digər dairələri də
zərərsizləşdirmək üçün, onlara güzəştə getməyə başladı və İspaniyadan Sekst
154
Pompeyi çağırıb onu donanmaya komandan təyin etməyi təklif etdi. Senat buna
həvəslə razı oldu.
Bundan sonra Antoni mühafizəçilər adı altında öz dəstəsinə 6 min adam cəlb
etdi. Əlinə düşən fürsətdən istifadə edib, o, özünə yaxın olan adamlara vəzifələr
paylamağa başladı və bunların hamısını mərhum Sezarın iradəsi kimi qələmə verirdi.
Elə təsəvvür yaranırdı ki, Sezar ölməmişdən əvvəl yalnız Antoninin dostlarının
yüksək vəzifələrdə yerləşdirilməsi barədə düşünürmüş və öz ölümü ilə də bunların
həyata keçməsinə şərait yaratmaq istəyirmiş. Ona görə də romalılar bu adamlara
"Xaronun dostları" ləqəbini vermişdi. Çünki onlar guya mərhumun iradəsi ilə bu
rütbələrə sahib olmuşdular. Qədim yunan mifologiyasına görə, Xaron ölənləri
qayıqda Stiks çayı ilə o dünya səltənətinə - Aidə daşıyırdı. Xaron Sezarın bir sərnişin
kimi son mənzilə çatdırdıqca, qayığın hərəkəti adamlara da mənsəb və gəlir qapısı
açırdı.
Sonra Antoni senatda diktaturanı əbədi ləğv edən qanun qəbul etdirdi.
Əyalətlər bölündükdə, Dolabellaya Suriya, onun özünə isə Makedoniya düşdü. Hər
iki əyalətdə Sezar orduları var idi.
Lakin Sezarın nəvəsi kimi qohumu olan və vəsiyyətinə görə özünün varisi elan
etdiyi Qay Oktavi Romaya gəldikdə, bütün məsələləri həll etmiş kimi görünən
Antoni üçün bir qədər gözlənilməyən qeyri-müəyyənlik yarandı. O, Dalmatiyadakı
Apolloniya şəhərindən hərbi təlim keçməkdən qayıtmışdı, orada Sezarın tapşırığı ilə
hərbi və mülki elmləri öyrənməklə məşğul idi. O, vətənə dönən kimi valideynlərinin
iradəsinin əksinə olaraq, siyasi həyata daxil oldu. Antoni isə əvvəlcə ona yuxarıdan
aşağı baxırdı. Oktavi ona atalığının qatillərindən intiqam alacağını dedikdə və
Antonidən Sezarın qızıllarını tələb etdikdə, bu konsulun xoşuna gəlmədi və bildirdi
ki, Sezar götürmə oğluna şərəfli ad qoyub getsə də, dövlət işlərini ona heç də bir
miras kimi qoyub getməmişdir. Pullara qaldıqda isə, Antoni onları nüfuzlu adamları
ələ almağa sərf etmişdir, dövlət xəzinəsini isə mərhum diktator boş qoyub getmişdir.
Bu görüşdən sonra Oktavi özünü Qay Yuli Sezar Oktavian adlandırmağa başladı.
Tsitseron gənc Oktavini ələ alaraq güman edirdi ki, o, "şərəfə nail olacaq, qalxacaq
və düşəcəkdir". Oktavi ilk günlərdən çəkinmədən Antonini gözdən salmağa çalışırdı
və ona qarşı bir mürəkkəb oyuna başladı. Zaman bu şöhrətpərəst gəncin necə
hiyləgər, məkrli və qüdrətli siyasətçi olduğunu göstərdi. Onun tədbirlərinin biri də
boşa çıxmırdı və o, təkhakimiyyətliliyə aparan cığırla bir an da dayanmadan,
tərəddüd etmədən irəliləyirdi. Bu məqsədlə əvvəlcə Tsitseronla ittifaqa girdi, çünki
Tsitseron Antoniyə qətiyyən inanmırdı və təkhakimiyyətliliyə nail olmaq cəhdlərində
ondan da şübhələnirdi. Ona görə də o, Antonini tiraniyaya nail olmaq niyyətlərində
ittiham etdi və Makedoniyalı Filippə qarşı Demosfenin etdiyi qəzəbli çıxışların adı
ilə Antonini ifşa edən öz çıxışlarını "Filippika" adlandırdı. Senatda və xalq qarşısında
o, bu "tiran" yarlığı yapışdırdığı adamın əleyhinə 14 belə çıxış etdi. Bu nitqlərində o,
Mark Antonini ən dəhşətli günahlarda ittiham edərək deyirdi ki, əgər o, qalib gəlsə
Roma, həmçinin ən ləyaqətli adamların həyatı və əmlakı əsgərlərin soyğunçuluğuna
veriləcəkdir. O, Antonini gah qəsdçi Katilina, gah qul sərkərdəsi Spartakla müqayisə
edirdi və bununla onun Roma üçün necə böyük təhlükə olduğunu vurğulayırdı.
Daha uzağa gedərək Tsitseron qeyd edirdi ki, Antoniyə indi onun arvadı olan
və əvvəllər keçmiş konsulun qatı düşməni mərhum Klodinin arvadı olmuş Fulvi
155
ağalıq edir, çünki əyyaşlıqdan başını itirdiyindən, o, arvadının göstərişləri ilə hərəkət
edir. Antoni haqqındakı bu söhbətlər təsirsiz qalmırdı və onun həm senatla, həm də
Oktavianla münasibətləri getdikcə korlanırdı. Davam edən "söz müharibəsinin"
silahlı müharibəyə, vətəndaş müharibəsinə keçməsi ehtimalı artırdı və Tsitseron bu
münaqişənin qızışdırıcısı, katalizatoru rolunu oynayırdı.
Tsitseronun səyləri nəticəsində komitsiada əvvəlcə senatın qərarı ilə Detsim
Bruta əyalət kimi verilmiş Tsizalp Qalliyasının Antoniyə verilməsi qərara alındı.
Gözlənildiyi kimi, Brut bu qərara tabe olmadı və öz qoşunları ilə Alp dağlarının
ətəyindəki Mutina şəhərində möhkəmləndi. Bu vaxt Antoni keçmiş sui-qəsdçi Bruta
qarşı öz qüvvələrini topladı və Mutinanı mühasirəyə aldı. Beləliklə, Roma yeni bir
vətəndaş müharibəsinə cəlb olundu. Bu müharibənin başlanmasına səbəb, Romadakı
qeyri-sabitlik və qüvvələr nisbətini öz xeyrinə həll etməyə çalışan tərəflər arasındakı
mübarizə idi.
Antoni ilə Oktavian arasında nifaq başlayanda Sezar veteranları, bir liderdən
digərinin yanına keçirdilər. Oktavianın əliaçıqlığı özünə daha çox tərəfdar tapmaqla
müşayiət olunurdu. Antoni Mutinanı mühasirəyə alanda və bununla vətəndaş
müharibəsi başlayanda Tsitseron öz "filippikalarını" davam etdirərək, Antoninin
vətənin düşməni elan edilməsinə cəhd göstərirdi. Lakin senat buna razılıq vermədi və
Antoniyə qarşı qoşun yığmağa göstəriş versə də, onun yanına elçilər göndərməyi
qərara aldı. Danışıqlar uzanırdı. Suriyada və Makedoniyada olan Brut və Kassi də
qoşun hazırlayırdı, çünki Antoni onlardan da bu əyalətləri almaq istəyirdi.
Yeni elçilərə də Antoni lovğa cavab verdikdən sonra, 43-cü ilin konsulları Avl
Girtsi və Qay Pansa Oktavianla birlikdə ona qarşı hərbi əməliyyatlar aparmaq barədə
göstəriş aldılar. Beləliklə, tarixin istehzası nəticəsində Oktavian öz atalığının
düşmənləri ilə bir cəbhədə, onun ən yaxın silahdaşına qarşı vuruşmalı oldu. Bir neçə
döyüşdən sonra Antoni darmadağın edildi, lakin bu döyüşlərdə hər iki konsul da
həlak oldu. Mutinadakı qələbə romalıları çox sevindirdi. Yenə də Tsitseron Antonini
vətən düşməni elan etməyi, konsulları və Oktavianı təltif etməyi təklif etdi. Bu dəfə
senat onun təklifini qəbul etdi və Detsim Brut triumf keçirmək icazəsi aldı və ona baş
komandanlıq həvalə edildi. Oktavian isə kiçik triumfa - alqışa layiq görüldü.
Lakin birdən-birə vəziyyət dəyişməyə başladı. Geri çəkilən Antoni Lepidin
qoşunları ilə birləşdi, bu Narbon Qalliyasında baş verdi. Digər tərəfdən Oktavian
Antonini təqib etmək əvəzinə tabeliyində olan orduya arxalanaraq, konsul olmaq
iddiasına düşdü. Onun göndərdiyi elçilərdən biri Oktaviana konsul vəzifəsinin
verilməsi barədə ordunun tələbini çatdırdıqda və ona rədd cavabı verildikdə, qılıncını
çıxarıb demişdi: "bax kim ona bu vəzifəni verəcəkdir!" Çox keçmədi ki, atalığı kimi
onun gənc varisi də Rubikonu keçməkdən çəkinmədi və qoşunu ilə Romaya cumdu
və şəhər döyüşsüz ələ keçirildi. Oktavian konsul seçildi və onun keçirdiyi ilk qərar
Sezarın qatillərinin "su və oddan" məhrum edilməsi və ya qanundan kənar edilməsi
idi.
Bundan sonra Antoni və Lepid əleyhinə olan qərarlar da ləğv edildi və Sezar
tərəfdarlarının barışması üçün əlverişli şərait yarandı. 43-cü ilin noyabrında
Bononiya yaxınlığında, kiçik çay adasında Sezar tərəfdarlarının üç rəhbərinin görüşü
keçirildi. Onların hər biri bura beş legion ordu ilə gəlmişdi. Bu görüşün nəticəsi
ikinci Triumviratın meydana gəlməsi oldu.
156
|