KATİLİNA QƏSDİ
Qul üsyanı yatırıldıqdan bir az sonra Roma yeni bir siyasi böhranla üzləşməli
oldu və bu, ölkənin dövlətçiliyinə ciddi zərbə vurub, onu yenidən vətəndaş
müharibəsinə cəlb edə bilərdi. Bu tarixdə məşhur olan Katilina qəsdi idi. Əlbəttə, bu
hadisə boş yerdə yaranmamışdı. Sulla tərəfdarı olan gənc Katilina vestalkaya (ilahə
Vesta məbədində xidmət edən bakirə qıza) təcavüz etməyə görə məhkəməyə
verilmişdi, lakin bəraət almışdı. 68-ci ildə o, pretor seçilmiş və ona Afrika əyalətinin
idarə olunması həvalə olunmuşdu. 66-cı ildə Romaya qayıdan Katilina 65-ci il üçün
konsul seçkisində namizəd kimi iştirak edir, lakin müvəffəqiyyət qazanmır.
Afrikadan gələn xüsusi nümayəndə heyəti, onu əyaləti idarə edərkən vəzifəsindən
sui-istifadə etməkdə və dövlət pulunu mənimsəməkdə günahlandırır. Belə bir şəraitdə
o, hətta namizədlər sırasında qala bilməzdi. Həmin seçkidə konsul seçilənlər tezliklə
seçiciləri pulla ələ almaqda ittiham edildilər və Kalpurni qanununa uyğun olaraq
onlar cəzalandırıldılar. Buna görə də yenidən seçki keçirildi və yeni konsullar
seçildi. Bu Katilinanın "birinci qəsdi" adlanan hadisəyə səbəb oldu. Həmin qəsddə
onunla yanaşı Avtroni, əvvəlki diktatorun qohumu Publi Sulla, Kalpurni Pison, bəzi
mənbələrə görə Krass və Sezar da iştirak edirdi.
Qəsdçilərin planlarına görə, yeni konsullar öz vəzifəsinə başlayan gün, başqa
sözlə 65-ci ilin ilk günü, öldürülməli, əvvəlki seçkidə seçilən konsullar Avtroni və
Sulla öz vəzifələrinin icrasına başlamalı, Krass isə hətta diktator səlahiyyətlərinə
yiyələnməli imiş. Lakin bütün işləri Krass pozdu, çünki danışılmış vaxtda o, senatın
iclasına gəlmədi. Qəsdçilərin çıxışı sonrakı günə təyin olundu, həmin gün isə guya
Katilina Kuriyada hamı yığışmamışdan əvvəl siqnal verməklə, qəsdin baş
tutmamasına səbəb olmuşdu. Bu vaxt qəsdçilərə qarşı heç bir təqib əməliyyatı
keçirilmədi. Bunu onunla izah edirlər ki, onların arasında Krass və Sezar kimi
nüfuzlu adamlar da var idi. Yəqin əsas məsələ onda idi ki, ümumiyyətlə, qəsdə elə
ciddi əhəmiyyət verilməmişdi.
Bu məsələyə görə deyil, Afrikadan olan nümayəndə heyətinin şikayəti
əsasında 65-ci ildə Katilina məhkəməyə verildi. O, bu dəfə də bəraət aldı.
Ümumiyyətlə belə vəziyyətlərdən o, quru çıxa bilirdi. Heç onun öz qardaşı barədə
diktator Sulla vaxtında etdiyi iyrənc hərəkət də o qədər yada salınmırdı. Lakin bəraət
alsa da, uzanan məhkəmə prosesi ona 64-cü il üçün konsul seçilməkdən ötəri
seçkilərdə iştirak etməyə imkan vermədi. Tsitseron isə Katilinanın təqsirsiz hesab
edilməsini, günorta vaxtı qaranlıq olmasını təsdiq etməyə bərabər hesab edirdi.
Beləliklə, ikinci seçki də, buna böyük ümid bəslədiyi halda heç bir şey vermədi. İndi
onun ümidi 63-cü ilə konsul seçilməyə idi və buna ciddi hazırlıq görməyə başladı.
Xalqı öz ətrafına çəkmək üçün o, bütün borcların ləğv edilməsi haqqında məşhur
şüarı irəli sürdü. Bu cəsarətli addıma görə şəhərin bütün təbəqələri içərisində onun
tərəfdarları xeyli çoxaldı. Borcdan əziyyət çəkənlərin hamısı - israfçılıq edən
aristokratlar, borca batmış gənclər, Sullanın müflisləşmiş veteranları, torpaqlarını
itirmiş kəndlilər, şəhərlərin sinifsizləşmiş əhalisi, marksistlərin dililə desək, lümpen-
proletariat, bir sözlə sosial sarsıntıların əsas əbədi yanacaq materialı olanlar bu şüara
görə, onun tərəfdarları sırasına keçmişdilər.
104
Seçkiqabağı kampaniyanın ən qızğın dövründə - 64-cü ilin yayında Katilina
yaxın dostlarını bir yerə yığmışdı. Bu görüşdə həm senator, həm də atlı təbəqəsinin
nümayəndələri var idi. Bu görüşdə həm də digər munitsipiyaların və koloniyaların
nümayəndələri iştirak edirdi. Katilina yığılanları ruhlandıraraq yenidən borcların
bağışlanmasını, varlıların proskriptsiyasını vəd etdi. Axırda isə öz möhkəm
əminliyini bildirdi ki, o, dostu Qay Antoni ilə birlikdə konsul seçiləcəkdir.
Borcların ləğv edilməsinə gəldikdə, bu heç də yeni məələ deyildi, başqa
sivilizasiyalı ölkələrdə qanunla təsbit olunmuşdu. Biz yəhudilərin "İkinci
Qanununda" - "Deyteronomiyada" bunun şahidi oluruq. Qədim yəhudilərin
qanunlarına görə yeddi il keçdikdən sonra bütün borclar silinirdi ki, borcu
qaytarmağa imkanı olmayanlar yeddi ildən artıq bu ağır yükün altında qalmaqda
davam etməsinlər. Hətta ölkə üzrə bu yeddiillik müddət gəlib çatana yaxın vaxtda
belə, bir kəsin borc verməkdən imtina etməsinə icazə verilmirdi. Əgər kimsə varlı,
imkanlı adamdan borc istəyirdisə, qısa müddətdən sonra bu borcun silinməsini bilən
adam, əgər bu diləyi cavabsız qoysaydı, qanunu pozmuş hesab olunurdu. Bu ona
görə edilirdi ki, bütün yəhudilərə normal yanaşmaq imkanı yaradılsın ki, heç kəs
bütün ömrü boyu borc boyunduruğu altında əzilməsin. Ona görə də Katilinanın şüarı
nə qədər qeyri-adi görünsə də, müəyyən mənada bu tədbir cəmiyyətdəki gərginliyi
zəiflətmək məqsədini güdürdü. Bu cəhət nəzərə alınmaqla bunu onun şıltaqlığı və ya
dövlətdəki sosial şəraiti mürəkkəbləşdirmək istəyi kimi qiymətləndirmək, o qədər də
ədalətli görünmür.
63-cü il üçün konsul seçkilərində yeddi namizəd mübarizə aparırdı. Onların
içərisində Katilinanın və onun dostunun şansları daha ümidverici görünürdü.
Onlardan başqa, həm də Tsitseronun qalib gəlməsi gözlənə bilərdi. Lakin görkəmli
hüquqçu və natiq Mark Tulli Tsitseron Romada doğulmamışdı, tanınmış əsil-
nəcabətə malik deyildi, başqa sözlə böyürdən çıxmış adam - homo novus hesab
olunurdu.
Lakin gözlənilməz hadisə bütün planları alt-üst etdi. Qəsdin iştirakçılarından
biri Kvint Kuri öz məşuqəsinin yanında olanda, loğğalanmaq məqsədilə qəsdin bütün
təfsilatını ona danışdı, bu qızın yaydığı şayiədən isə bütün şəhər agah oldu. Bu
şayiələr Tsitseronun konsul seçilmək şansını artırdı, Katilina isə artıq üçüncü dəfə
uğursuzluğa düçar oldu. 63-cü ilə Mark Tulli Tsitseron və Qay Antoni konsul
seçildilər.
Bu uğursuzluqdan sonra Katilina artıq geniş miqyaslı qəsdi hazırlamağa
başlayır. Bununla yanaşı o, 62-ci il üçün konsul seçilməkdən ötəri qanuni yolu da
tam rədd etmir və leqal qaydada hazırlığa başlayır. Lakin aysberqin görünməyən
hissəsi onun qanuna zidd hərəkətlərinin vüsətindən və miqyasından xəbər verir. O,
qəsdə çoxlu yeni adamlar cəlb edir, silah tədarükü ilə məşğul olur, Etruriyada qoşun
yığmalı olan Manlini pulla təmin edir. Lakin hər şey ancaq hazırlıq tədbirlərindən
ibarət olduğundan, açıq bir hərəkət edilmədiyinə görə, qarşı tərəf - Tsitseron da
gözləmə mövqeyi tutmalı olur.
Yeni seçkilərin vaxtı gələndə Romada gərginlik xeyli artır. İndi konsul
seçilmək üçün dörd nəfər mübarizə aparır, bunlar Katilina, hüquqçu Sulpitsi Ruf,
hərbi xadim Litsini Murena və Detsim Silan idi. Seçki kampaniyası vaxtı
gözlənilmədən Ruf öz namizədliyini geri götürdü və seçiciləri pulla ələ almağa görə
105
Murenaya qarşı iş qaldırdı. İki namizədin bir-biri ilə haqq-hesab çürütməsi,
Katilinanın müvəffəqiyyətini obyektiv olaraq labüd və şəksiz edirdi. Bu ona daha
cəsarətli, daha doğru deyilsə, həyasızcasına hərəkət etməyə imkan verirdi. Şəhərdə
şayiələr gəzirdi ki, qarşıdakı seçkilərə o, Sulla veteranlarını Etruriyadan çıxaracaq ki,
lazım gəlsə, onlar silah gücünə hərəkət etsinlər. Bundan başqa o, Tsitseronu qətlə
yetirmək planı hazırlamışdı, tez-tez qəsdçilərin gizli müşavirələrini keçirirdi. Bu
xəbərlər ancaq söhbət və şayiələr səviyyəsində qalırdı.
Katilinanın qəsdi Roma tarixçiləri tərəfindən bütün detalları ilə qələmə
alınmışdır. Böyük tarixçi Qay Sallyusti Krips isə bu hadisəyə həsr etdiyi samballı
"Katilina qəsdi" əsərində o vaxtkı Romanın zidiyyətli və çürüməyə qədəm qoymuş
həyatının geniş panoramını vermiş, qəsd və onun iştirakçılarının timsalında dövlətin
ağır və sağalmaz xəstəliyə düçar olduğunu açıb göstərmişdi. Tarixçi böyük təəssüf
hissi ilə qeyd edir ki, dövlət özünün qədim və nəcib ənənələri, ləyaqət və dəyərləri ilə
vidalaşdıqca, ən eybəcər hisslər və ehtiraslar adamların davranışına hakim kəsilir,
onların şüurlarına təcavüz edir və ölkənin pozulmuş, cansıxıcı siyasi havasının əsas
komponentinə çevrilir. Acgözlük, tamahkarlıq, sərvət düşkünlüyü artıq təkcə
adamların deyil, bütövlükdə cəmiyyət və dövlətin süqutunu sürətləndirir, onu labüd,
qaçılmaz edir. Adamlar öz alçaq niyyətlərini həyata keçirmək üçün təkcə öz
rəqiblərini deyil, onlara yalnız müvəqqəti sahib kimi etibar edilmiş ən böyük sərvəti
məhv etmək, əcdadlardan miras qalmış dövlətin başını kəsmək qəsdinə dururlar.
Ona görə də bir qrupun qəsdi təkcə hakimiyyəti ələ keçirmək və ya öz
əleyhdarlarını məhv etmək niyyəti ilə qurtarmır. Əndazədən çıxaraq dövlətin özünü
məhv etmək və ya ona vurulan ağır zərbə ilə bütünlüklə onun sifətini dəyişdirmək,
eybəcərləşdirmək məqsədini güdür. Xarici düşmənlərin nəinki diz çökdürə bilmədiyi,
əksinə qarşısında diz çökməyə məcbur olduğu Roma, öz vətəndaşlarının, tanınmış
adamlarının azğınlığının qurbanı olmaq təhlükəsi altında yaşayırdı. Daim sınaqlar və
problemlər içərisində çalxalanan və mübarizə aparan Roma indi öz vətəndaşları
tərəfindən onun kürəyinə vurulan xəncər yarasından inildəməli, ölüm-dirim
mübarizəsi aparmalı idi. Roma bu ağır "olum və ölüm" dilemması qarşısında
Hamletdən on yeddi əsr əvvəl dayanmalı oldu. Əgər Hamletin atasına öz qardaşı və
arvadı xəyanət etməklə, rəzalət yolunu tutmuşdularsa, Romaya öz övladları xəyanət
edir, onun dövlət, respublika adlanın başını kəsməklə, cəsədinə təcavüz etmək
istəyirdilər. Onlar üçün Roma nəinki ana deyildir, küçədə öz bədənini satan bir qadın
kimidir, azacıq cəhddən sonra onun ləyaqətini hər cür alçaltmaq, təhqir etmək də
olar.
Əgər Katilina ev, ocaq ilahəsi Vestaya həsr edilmiş məbədin kahinəsi olan və
bəkarəti müqəddəs sayılan qıza təcavüz etmişdisə, bu dəhşətli və ifrat həyasız Edip
bir az sonra öz anası Romaya daha iyrənc qaydada təcavüz etməyə hazır idi, bunun
üçün yalnız əlverişli imkan gözləyirdi. Onun siyasət şəhvəti, hökmranlığı nəyin
hesabına olursa-olsun ələ keçirmək barədəki iyrənc və vəhşi ehtirası ölkəni, adamları
hansı bədbəxtliklərə sövq etsə də, o, bundan çəkinmirdi, xalqının bədbəxtliyi -
Romanın ləyaqət və şöhrətinin xarabalıqları üzərində özünün qandan, məkrdən,
hiylədən qurduğu taxt-tacını qaldırmaq istəyirdi. Bu yırtıcı, quldur istək ona heç
nəyin qarşısında belə dayanmağa imkan vermirdi, buna görə də o, heç bir mənəvi,
əxlaqi hədd tanımırdı və ləyaqəti müdafiə edənlərin hamısını məhv etməyə hazır idi.
106
Yalnız qarnını düşünənlər üçün ruh bədəni idarə etmək əvəzinə, bədən ruha öz
istəklərini diqtə etməyə başlayır, insanda əbədi və ali olan hissə, bədbətlikdən
müvəqqəti və ölməyə məhkum olan hissəyə tabe olur. Belə adamlarda təbiətin əksinə
olaraq ruh yükə çevrilir, bədən isə həzz mənbəyidir. Romada qədim dövrlərdən
dəbdəbədən imtina və ədalətlilik, özbaşınalığa və lovğalığa üstün gəlirdi. Ona görə
də hakimiyyət nisbətən az layiq olanlardan daha layiqli adamlara keçirdi. Adamlar
dövlətə öz əməlləri, öz fəaliyyətləri ilə qulluq göstərirdilər. Lakin sonradan getdikcə
daha çox özünü büruzə verən bir təkamül hadisəsi baş verdi, təvazökarlıq,
təmkinlilik, igidlik əvəzinə həyasızlıq, pulla ələ alma, tamahkarlıq yayılmağa başladı.
Sallyustinin yazdığına görə, Lutsi Katilina tanınmış nəsildən idi, lakin onun
çox pis və pozğun xasiyyəti var idi. Hələ uşaq vaxtı o, savaşmağı sevirmiş. Sullanın
diktaturasından sonra onda hakimiyyəti ələ keçirmək həvəsi baş qaldırdı. Ümumən
prinsiplərin aşağı enməsi, dəbdəbə və tamahkarlığın artması onun şüurunu daha da
coşdururdu. Vaxtilə romalılar, əvvəllər azadlığı qorumağa və dövləti yüksəltməyə
xidmət edən çar hakimiyyəti kobud özbaşınalığa keçdikdə, dövlət quruluşunu
dəyişdirməyə məcbur oldular və hər il hakimiyyətin dəyişilməsi və iki idarə edənin
seçilməsi qaydasını təsis etdilər. Bundan sonra hər kəs öz qabiliyyəti ilə yuxarı
qalxmağa cəhd edirdi, hamı yalnız şərəf, şöhrət uğrunda yarışırdı və bu, əsasən
düşməni əzməkdə, igidlikdə özünü büruzə verirdi. Şöhrətdə onlar üçün hər şey -
sərvət də, böyük ad da, yüksək kübarlılıq da var idi. Ona görə də adamlar şöhrətə
susayırdı, pula isə biganə idi.
Belə bir atmosferdə həm sülh, həm də müharibə dövründə yaxşı xasiyyətlər
inkişaf edirdi, hörmət qazanırdı. Hamı hüquqa və xeyirə baş əyirdi, qanunlardan daha
çox təbiətə tabe olurdu. İki keyfiyyət adamları da, dövləti də qoruyurdu, bu,
döyüşdəki igidlik, dinc dövrdə isə ədalətlilik idi. Dinc dövrlərdə qorxu vasitəsindən
daha çox, mərhəmətin köməyi ilə idarə edirdilər, təhqir edən adamları
cəzalandırmaqdansa, əfv etməyi üstün tuturdular. Lakin bu xasiyyətlər, qaydalar
hesabına böyüyən, varlanan və qüdrət sahibi olan Romada tale hər şeyi dəyişməyə
başladı.
Hannibal ordusunda seyr etdiyimiz kimi, burada da məhrumiyyətləri,
təhlükələri, çətinlikləri asanlıqla dəf edən adamlar, cəza kimi başlarının üstünü kəsən
əyləncə və sərvət yükünü çəkib apara bilmədilər, bu harınlıq sınağından çıxa
bilmədilər. Əvvəlcə pula hərislik, sonra hakimiyyətə hərislik yayılmağa başladı və
bunların hər ikisi bütün bədbəxtliklərin kökünə çevrildi.
Şöhrətpərəstlik çoxunu riyakar etdi, onları ürəyində bir şeyi gizlədib, başqa
sözü deməyə öyrətdi, dostluq və düşmənçilik mahiyyətinə görə deyil, fayda
verməsinə görə qiymətləndirilməyə başlandı. Adamlar daxili ləyaqətdənsə, zahiri
görünüşə daha çox fikir verməyə başladılar. Hər şey kiçik şeydən başladı, sonra isə
bu keçici xəstəlik taun kimi, Qara Ölüm kimi yayıldı. Roma dövləti ən ədalətli və ən
yaxşıdan, qəddar və dözülməz dövlətə çevrildi. Özü də əvvəlcə şöhrətpərəstlik
yayılmağa başladı, sonra isə onun yerini tamahkarlıq tutdu. Lutsi Sulla hakimiyyəti
zorla tutduqdan sonra hamı soyğunçuluqla məşğul oldu. Məhz onun dövründə ilk
dəfə olaraq Roma qoşunları pozğunluq və əyyaşlıq etməyə, oğurluqla məşğul
olmağa, məbədləri qarət etməyə başladı. Bu döyüşçülər öz ölkələrində qalib
gəldikdən, onu zəbt etdikdən sonra məğlublara heç nə qoymadılar. Belə bir qənaət
107
yaranır ki, uğur hətta aqilləri də pozur, mənən eybəcərləşmiş adamlar isə öz
müvəffəqiyyətlərinin bəhrələrindən gözü doyuncaya qədər istifadə edir. Bu dövrdən
sərvət, var-dövlət hörmət, ehtiram və nüfuz mənbəyinə çevrildi, kasıblığın isə eyib
hesab olunması başlandı. Dəbdəbə, zənginlik o yerə gəlib çatdı ki, özəl şəxslər
dağları düzləndirib, dənizi qurudub, özlərinə saraylar tikməyə başladılar. Onlar
pozğunluğa, eyş-işrətə aludə oldular. Kişilər qadınlar kimi cinsi əlaqəyə girirdilər,
qadınlar isə öz namusları ilə alver etməyə başladılar. Ləzzətli qida tapmaq üçün
bütün dənizləri və torpaqları axtarırdılar.
Yuxuya ehtiyac olmadan yatır, aclıq, susuzluq, soyuq və ya yorulmaq hiss
etmədən, hər bir tələbat dəbdəbə ilə qabaqcadan ödənirdi. Bu isə gəncləri
cinayətkarlığa sürükləyirdi və eyiblərlə zəhərlənmiş ruhlar ehtirasdan azad ola
bilmirdilər, əksinə daha güclü surətdə varlanmağa və israfçılığa bağlanırdılar.
Belə bir pozulmuş dövlətdə Katilina üçün özünə çoxlu tərəfdarlar toplamaq o
qədər də çətin deyildi. O, gəncləri tələyə salmaq üçün müxtəlif vasitələrdən istifadə
edirdi, birinə bədənini satan qadınlar tapırdı, digərlərinə hədiyyə kimi at alırdı. Bu
yolla o, puluna xəsislik etmədən onları özünə daha möhkəm bağlayırdı. Axı
gəncliyində o, pozğunluqda ad çıxarmışdı. Sınaqdan çıxmış vasitələrlə o, gəncləri
cinayətkarlığa öyrədirdi. O, bu cavanlarda utancaqlıq hissini məhv etdikdən sonra,
onları daha ağır sınaqlara çəkir, onlara daha çətin tapşırıqlar verirdi. Hətta cinayətə
bir səbəb olmayanda da, o, bu gəncləri günahsız adamların üstünə qısqırdırdı ki,
onlar şum edəndə itilənən kotan kimi qəddarlığı tərgitməsinlər. Bu məsələlərdə o,
daha çox Sulla döyüşçülərinə bel bağlayırdı, çünki onlar köhnə qələbələri və
soyğunçuluqları yada saldıqda, alçaqlığa və qəddarlığa daha çox can atırdılar,
vətəndaş müharibəsinə susayırdılar. Axı onlar bir dəfə bunun iyrənc "ləzzətini"
görmüşdülər. Məhz belə adamlara və «dostlara» arxalanmaqla, Katilina hakimiyyəti
tutmağı qərara aldı və bu məqsədlə qəsd hazırladı.
Bu qəsdə bir çox görkəmli əyanlar cəlb olunmuşdu. İlk dəfə o, qəsd
iştirakçılarını bir yerə yığanda, onları zorakılığa təhrik edərək dedi ki, artıq
hakimiyyət bizim əlimizdədir. Əgər dövlətimiz bizim istədiyimiz tək sağlam olsa,
hamı qarşımızda titrəyəcəkdir. Məgər igidliklə ölmək, fağır və şərəfsiz keçirilən
həyatı biabırçılıqla itirməkdən yaxşı deyilmi? Qələbə bizim əlimizdədir, biz gəncik,
biz mənən qüvvətliyik; onlarda isə hər şey qocalıqdan və dövlətdən köhnəlmişdir.
Ancaq başlamaq lazımdır, qalan hər şey öz-özünə gələcəkdir. Onlar sərvət içərisində
üzürlər, bizim isə ən vacib şeyə lazım olan pulumuz yoxdur. Onlar pulu xərcləməyə
yer tapmır və onu havaya sovururlar. Bizim evlərimizdə isə kasıbçılıqdır, evdən o
tərəfdə isə bizi borclar təqib edir. Bizim indiki vəziyyətimiz pisdirsə, gələcəyimiz
daha sərt olacaqdır. Onda bəs niyə oyanmırsınız? Sizin tez-tez arzuladığınız azadlıq
qarşınızdadır, buna isə var-dövlət, hörmət və şöhrət əlavə olunacaqdır. Bütün bunları
tale qaliblərə mükafat kimi təyin etmişdir. Vəziyyət, zaman, təhlükələr, kasıblıq,
hərbi qənimətin parıltısı, mənim sözlərimdən daha çox, bizi böyük təkidlə hərəkət
etməyə ruhlandırır. Məni isə istər başçı, istər əsgər götürün. Mən ruhum və
bədənimlə sizinlə olacağam. Əgər aldanmıramsa, həm də köləliyi hökmranlıqdan
üstün tutmursunuzsa, mən konsul olduqda sizinlə birlikdə hər şeyə nail olmağa ümid
edirəm.
108
Görüşdə iştirak edənlər tələb etdilər ki, nəyin naminə müharibə aparacaqlarını,
silahlarını hansı məqsədə qaldıracaqlarını, nəyə ümid bəslədiklərini onlara izah
etsinlər. Katilina bu vaxt borcların ləğv edilməsi, varlıların proskriptsiya edilməsi,
soyğunçuluq barədə vədlər verdi. Bunları isə yalnız müharibə və qaliblərin
özbaşınalığı mümkün edə bilərdi. Axırda o, bütün ləyaqətli vətəndaşları söyüşə qərq
etdi, öz adamlarının isə hər birinə ayrı-ayrılıqda müraciət etməklə, onları təriflədi.
Sallyusti yazır ki, nitqini bitirdikdən sonra o, öz əlaltılarını and içməyə dəvət etdi və
onlar insan qanı qatışmış şərab içdilər. Bununla Katilina ona nail olurdu ki, belə
dəhşətli cəmiyyətdə adamlar bir-birini nə qədər yaxşı tanısalar, o qədər bir-birinə
daha sədaqətli olacaqlar. Əslində bu quldurların ritualını andırırdı.
Katilinanın tərəfdarları təkcə Romada deyil, İtaliyanın şəhərlərində də
fəaliyyət göstərirdi. Onun dostu Manli Etruriyada ordu toplayırdı. Bundan xəbər
tutan Tsitseron bu barədə senatda məruzə etdi. Senat isə öz növbəsində konsullara
göstəriş verdi ki, onlar dövlətə heç bir ziyan dəyməməsi üçün müvafiq tədbirlər
şəklində lazımi qayğı nümayiş etdirsinlər. Bu məqsədlə senat vəzifəli şəxslərə qoşun
yığmaq, müharibə aparmaq, müttəfiqlər və vətəndaşlar arasında asayişi qoruyub
saxlamaq üçün, dövlətin daxilində və xaricində ali komandan və ali hakim olmaq
səlahiyyətlərini verdi. Bu səlahiyyətlər konsullara yalnız xalqın sərəncamı ilə
verilirdi.
Oktyabrın sonunda Qay Manli böyük dəstə ilə qiyam qaldırdı. Bu Romada
xalqın həyəcanını xeyli artırdı. Lakin Katilina öz başladığı iyrənc işi davam etdirirdi.
Bu vaxt müvafiq qanuna görə Lutsi Pavel onu məhkəməyə verməyi tələb etdi. Bu,
Katilinanın ikinci qəsdinin başlanğıcı hesab olunur. Bu vaxt Katilina senata gəldi və
konsul Mark Tulli Tsitseron burada dövlət üçün çox faydalı olan bir çıxış etdi. Bu
çıxışında o, romalılar üçün həyəcan təbili çaldı. Sonra bir neçə dəfə o, Katilina
barədə çıxışlar etdi və məşhur Afina natiqi Demosfenin Makedoniya çarı Filippə
qarşı etdiyi çıxışlara bənzədərək, onları "Filippika" kimi "Katilinari" adlandırdı.
Bu çıxışlarında o, "qılınc və toqa" konsepsiyasından geniş istifadə edir.
Tsitseron bu nitqləri ilə əslində Romanı vətəndaş müharibəsindən xilas etdi, lakin
düşmənləri belə qəti və yenilməz hərəkətindən sonralar onun özünə qarşı istifadə
etdilər. 8 noyabr 63-cü ildə senatın ilk fövqəladə iclasında konsulun etdiyi nitq isə
birinci Katilinari kimi məşhurdur.
Tsitseron öz çıxışına bu sözlərlə başladı. "Söylə mənə Katilina, nə vaxta qədər
sən bizim səbrimizdən sui-istifadə edəcəksən? Ağlını itirmiş adamla bu təhlükəli
oyun nə qədər davam edə bilər?" Sonra o, göstərdi ki, artıq Katilinanın niyyətləri
açılmışdır. Özünün məşhur "o tempera, o mores!" - "ar olsun bizim dövrümüzə və
onun prinsiplərinə" sözlərini söylədi və qeyd etdi ki, sənin hamının əleyhinə
hazırladığın məhvə görə, konsul əmri ilə səni çoxdan ölümə göndərmək lazım idi.
Katilina bütün ətraf torpaqları qarət etmək, qırğın və yanğına calamaq istəyir. Bizsə
konsul hakimiyyəti sərəncamımızda olduğu halda, bunların hamısına dözürük. Axı
bu respublikada möhkəm adamda təhlükəli vətəndaşın öhdəsindən, qatı düşməndən
də daha qəddarcasına gəlməyə imkan verən cəsarət var idi. Tsitseron tarixi misallar
gətirdikdən sonra bir arzusunu da bildirir ki, heç kəs qəzəbə və əsəbiləşməyə yol
verməməlidir.
109
Sonra konsul dedi ki, indi əgər Katilina səni tutmağı və edam etməyi əmr
etsəm, əminəm ki, bütün vicdanlı adamların ümumi hökmü belə olacaqdır". "Çox
gecdir", nəinki kimsə deyəcəkdir: "Çox sərtdir". Lakin indiyədək çoxdan görülməli
işi etməyə mən tələsmirəm. Bunun da öz səbəbi vardır. Qısaca desək, sən o vaxt
edam ediləcəksən ki, o vaxt elə bir yaramaz, elə bir fırıldaqçı, sənin elə bir əkizin
qalmayacaqdır ki, o, mənim ədalətli və qanuni hərəkətimə haqq qazandırmasın.
Sonra o, qəsdçiyə müraciət edərək dedi ki, "Sənə and verirəm, ağlını başına yığ!
Bəsdir qırğınlar və yanğınlar. Dayan! Sən hər tərəfdən bağlanmısan. Sənin fitnələrin
bizə işıqlı gündən də aydındır".
Konsul onun hərəkətlərini xatırlayaraq dedi ki, srağagün gecə biz ikimiz də
ayıq idik, lakin razılaş ki, mən respublikanın naminə hərəkət edirdim, sən isə onun
məhvinə çalışırdın. Sonra o, qeyd edir ki, biz senator ataların içərisində bizim ümumi
məhvimiz, bu şəhərin və demək olar ki, bütün dünyanın dağılması niyyətini güdən
adamlar var. Mən isə konsul kimi onlara baxıram, dövlətdəki vəziyyət barədə
rəylərini söyləməyi xahiş edirəm, o adamları ki, dəmirlə cəzalandırmaq lazımdır,
hətta öz səsimlə onları narahat etməyə cəsarət etmirəm. O, Katilinanın İtaliyanı
hissələrə böldüyünü, həmin əyalətlərə kimin göndərilməli, kimlərin Romada qalmalı
olduğunu seçdiyini və şəhəri yandırmaq üçün hissələrə böldüyünü, həmçinin şəxsən
onun özünü öldürməyə hazırıq gördüyünü göstərdi. Yalnız ehtiyatlı tədbirlər görmək
hesabına konsul sui-qəsddən xilas olmuşdu.
Sonra o yenə qəsdçiyə müraciət edərək dedi: "Nə olubdur, Katilina?
Başladığını davam etdir, günü seç və nəhayət şəhəri tərk et, qapılar açıqdır, get!..
Özünlə hamını, hamını olmasa da, ən azı daha çox əlaltılarını apar, şəhəri təmizlə!
Əgər səninlə mənim aramda şəhər divarı dursa, sən mənim ruhumu qorxudan
qurtararsan. Bizim aramızda isə sən artıq qala bilməzsən. Mən buna yol vermərəm,
dözmərəm, bunu qoymaram". Sözünə davam edərək dedi ki, "Lakin bizim
vətənimizin taleyini, bir adamın mərhəməti ilə bundan sonra da sınamağa bizim artıq
haqqımız yoxdur" - "İndi sən bütöv respublikaya açıq təcavüz edirsən... bütün
İtaliyanı dağıtmağa və viran qoymağa çağırırsan... Əgər mən səni edam etməyi əmr
etsəm, dövlətdə sənin bir ovuc qalığın oturub qalacaqdır. Əgər ki, sən uzaqlaşsan,
buna mən səni bir neçə dəfə vadar etmişəm, onda respublika üçün məhvedici olan bu
nəhs zibil yığımı şəhərdən götürülüb atılacaqdır". Çıxışını isə Tsitseron Katilinaya
qarşı bu sözlərlə bitirdi: "Sən düşmənsən. Şəhərdən çıx get. Konsulun iradəsi belədir.
Sən soruşa bilərsən: bu sürgün edilmək deməkdirmi? Mən belə sərəncam vermirəm,
lakin, əgər bilmək istəyirsənsə, belədir mənim israrlı məsləhətim".
Belə parlaq çıxış senatın indiyə qədər olan laqeydliyinə son qoydu və Roma
üçün təhlükənin necə qorxulu olduğunu göstərdi. Lakin Katilina isə ona məxsus olan
həyasızlıqdan əl çəkmək istəmirdi.
O, sözünü qurtaran kimi Katilina hər şeyi inkar etməyə başladı və özü
haqqında dedi ki, o, patritsi nəslindəndir və onun əcdadları dövləti məhv etmək yox,
Roma xalqına qiymətsiz xidmətlər göstərmişlər. Burada Romanı müdafiə edən Mark
Tulli isə gəlmədir. Bu vaxt adamlar onu "düşmən", "qatil" deyə söyməyə başladıqda,
o, dəli kimi qışqıraraq dedi: "Əgər məni düşmənlər əhatə etmiş və cəldliklə məhvə
doğru qovurlarsa, ətrafımdakı gurlayan alovu mən xarabalıqlar altında
basdıracağam".
110
Bundan Romanın faciəli günləri başladı. Əvvəlki planlarının heç biri baş
tutmadıqda o, Manlinin düşərgəsinə yollandı. Yaxın adamları Tseteq və Lentula isə
tapşırdı ki, qəsdin qüvvələrini gücləndirsinlər, konsula sui-qəsdi sürətləndirsinlər,
qırğın və yanğın hazırlasınlar. Yolboyu keçmiş konsullara və əyanlardan isə ən
nüfuzlu adamlara məktub göndərirdi ki, o, könüllü surətdə sürgünə yollanır ki,
dövlətə sakitliyi qaytarsın.
Başqa məktublarında isə o, öz iç üzünü açırdı. Ali hərbi hakimiyyətin rəmzləri
ilə Katilinanın Manlinin düşərgəsinə yollandığı aşkar olduqda, senat Katilinanı və
Manlini düşmən elan etdi və digər qəsdçilərə silahı yerə qoymaq üçün müddət təyin
etdi. Konsullardan birinə qoşun yıığıb onun arxasınca getməyi, Tsitserona isə şəhəri
müdafiə etməyi tapşırdı. Lakin tərəfdarlarından heç kəs Katilinanın düşərgəsini tərk
etmədi və qəsdin üstünü açmadı.
Sadə xalq da Katilinanın planlarını bəyənirdi və çevriliş arzulayırdı. Sallyusti
yazır ki, görünür bu sadə xalqın adətlərinə uyğun idi, onlar öz vəziyyətlərindən
narazı olub, onu dəyişdirməyə can atırdılar, çünki kasıblıq yüngül sərvət olub, heç nə
itirmir. Onlar çirkab kanalına axan kimi hər yerdən axırdı. Bir də onları Sulla
dövrünün mükafatları ruhlandırırdı. Kasıblar mənəvi cəhətdən pozulduqdan sonra,
ümumi xeyir haqqında deyil, öz vəziyyətləri barədə düşünür, onları gözləyən
gələcəyə acgözlüklə ümid bəsləyirlər. Bu adamların çoxu özlərinə ziyan
dəyməməsindən ötəri, bütün dövlətin dağılmasına üstünlük verirdilər. Katilina
tərəfdarları xalqı senata qarşı qaldırır, ianə və vədlərlə onları daha da qızışdırırdılar.
Dövləti sarsıntıya salanların hər biri belə bir bəhanə gətirirdi ki, guya xalqın
hüququnu müdafiə edir. Ümumi faydadan danışaraq hamı ancaq öz təsirini artırmağa
çalışırdı.
Bu mübarizədə onlar ölçü hissi və vicdanın nə olduğunu belə bilmirdilər.
Qələbədən hədsiz sui-istifadə edirdilər. Şərait mürəkkəbləşən kimi dövlət çevrilişi
etməyə ümid yarandı. Katilina əgər birinci döyüşü udsaydı və ya onu uduzmasaydı,
dövlət üçün bu böyük bəlaya səbəb olacaqdı. Lentul Katilinanın göstərişini yerinə
yetirərək, qiyama qadir olanların hamısını bu işə şirnikləndirir, cəlb edirdi. O, bu
məqsədlə şəhərdə olan allobroqların nümayəndə heyətindən də istifadə etmək istədi.
Allobroqlar Romaya onların əyalətindəki vəzifəli şəxslərin tamahkarlığından şikayət
etməyə gəlmişdilər. Bundan başqa onlar öz dövlətlərinin yaxasını borcdan qurtarmaq
üçün hər şeyə hazır idilər. Ona görə də qiyamçılar bütün planlarını onlara açdılar,
qəsd iştirakçılarının adlarını dedilər ki, bununla elçiləri həvəsləndirsinlər. Allobroqlar
çox fikirləşdikdən sonra, qiyama kömək etməyi qərara aldılar və bildiklərinin
hamısını daim onların tayfasına himayədarlıq edən adama xəbər verdilər, o isə öz
növbəsində ləngimədən bunları Tsitserona çatdırdı. Konsul göstəriş verdi ki, elçilər
özlərini elə aparsınlar ki, guya onlar ürəkdən qiyama qoşulurlar. Buna görə də onlar
digər qiyamçıların da yanında oldular və əllərinə dəlillər keçirməyə çalışdılar.
Qiyamçı Lentul qərara gəldi ki, camaatın yığıncağında xalq tribunu konsul
Tsitseronun qərarından şikayət versin və müharibə qorxusu altında konsula nifrət
hissi aşılasın. Yenə Tsitseronun və digər adamların öldürülməsi planlaşdırıldı, hətta
bəzi gənclərə əyan olan öz atalarını öldürmək tapşırılmışdı. Bundan sonra qiyamçılar
şəhərdən çıxıb Katilinanın yanına getməli idilər. Tseteq hamını tələsməyə çağırırdı.
111
Tsitserondan aldıqları göstəriş əsasında, allobroqlar qəsdçilərin digərləri -
Lentul, Tseteq, Statili ilə görüşdülər və Kassidən möhür vurulmuş and tələb etdilər
ki, öz tayfalarının adamlarına aparsınlar. Elçilər bildirdilər ki, belə məktub olmasa,
öz tayfalarını köməyə çağıra bilməyəcəklər. Onları müşayiət edən Volturtsiyə,
Katilinaya çatdırılmaq üçün məktub verildi.
Katilinaya isə öz dostları məsləhət görürdülər ki, əgər Senat səni düşmən elan
edibsə, qullardan da istifadə etmək lazımdır.
Allobroqlar şəhəri tərk edən gecəsi elçilər vasitəsilə hər şeydən agah olan
Tsitseron pretorlara göstəriş verdi ki, Mulvi körpüsündə pusqu qurub, müşayiət
edənlərlə birlikdə onları tutsunlar. Elçilər Volturtsi ilə birlikdə körpüyə yaxınlaşanda,
qallar tutuldu, əlacsız qalan Volturtsi də təslim oldu.
Tsitseron qəsdin ifşa edilməsinə görə çox sevinirdi. Lakin onun bir ciddi
qayğısı da ondan ibarət idi ki, bu nüfuzlu vətəndaşların cəzalandırılması ağır yük
kimi onun çiyinlərinə düşəcəkdir, onların cəzalandırılmaması isə dövlət üçün
məhvedici bir təhlükə olacaqdır. Götür-qoy etdikdən sonra o, Lentulu, Tseteqi,
Statilini, Qabinini yanına çağırtdırdı. Pretor olan Lentulun əlindən tutub senata
apardı, qalanlarını isə mühafizə altında razılıq məbədinə göndərdi. Burada o, Senatın
iclasını çağırdı və senatorların çoxu yığışdıqda, buraya Volturtsi ilə elçiləri də
gətirdilər, onlardan alınmış məktublar da gətirildi. Əvvəlcə Volturtsi hər şeyi inkar
edir, yalanlar söyləyirdi, inandırmağa çalışırdı ki, o, qəsd haqqında təsəvvürə belə
malik deyildir. Lakin ona cəzalandırılmayacağını vəd etdikdə, o, hər şeyi açıb
danışdı. Qallar isə Lentulu ifşa etdilər. Bundan sonra qəsdçilərin yazdığı məktub
oxundu və hər kəs öz möhürünü etiraf etdi. Bu vaxt Senat qərar çıxardı ki, Lentul
vəzifədən kənarlaşdırılır, həm də o, digərləri ilə birlikdə mühafizə altında
saxlanmalıdır.
Qəsdin üstü açıldıqdan sonra çevriliş arzu edən və müharibəyə can atan sadə
adamların əhval-ruhiyyəsi bütünlüklə dəyişildi, hamı Katilinanı lənətləməyə başladı.
Tsitseronu isə göylərə qaldırdılar, elə bil ki, onlar köləlikdən azad olmuşdular.
Həmişə belə olur, adamların bir hissəsi müharibədən ziyan deyil, daha çox qənimət
gözləyir.
Sabahısı gün tutulan başqa bir Katilina tərəfdarı qəsd başçısı ilə Mark Krassın
da əlaqəsini açdıqda, Senatın bir hissəsi bu qüdrətli şəxsdən qorxduğu, digərləri isə
özəl məsələlərdə ondan asılı olduğu üçün, bu adamın şəhadətini çuğulçuluq
adlandırdılar.
Bəziləri isə gələcək diktator Qay Yuli Sezarın bu işlərdə iştirakını qeyd
edirdilər. Senatın iclası gedən vaxt bir qrup sənətkar və qul Lentulu mühafizə
altından azad etməyə cəhd etdi. Tseteq isə, adamları vasitəsilə bütün silahlı şəxsləri
öz liderliyi altında birləşməyə çağırırdı. Bu hazırlıqlardan xəbər tutan konsul
Tsitseron hər yerdə mühafizə qoydu və Senatı çağırıb, həbs olunanlarla necə
davranmağı öyrənmək istədi. Bundan bir az əvvəlki yığıncaqda o, bütün həbs
olunanları dövlət cinayətkarı adlandırmışdı. Gələn ilə konsul seçilən Detsim Yuni
Silan, ilk rəyini bildirməli olan adam kimi təklif etdi ki, mühafizə altında olanlar
ölüm hökmünə məhkum olunmalıdır və bu hökmə layiq olan, lakin hələ tutulmamış
adamın da adını çəkdi. Ancaq sonra o, bu fikrini dəyişdi.
112
Növbə çatdıqda Sezar çıxış etdi və bu çıxışında göstərdi ki, çətin və şübhəli
anlarda biz qeyz, dostluq, nifrət və canıyananlıq hisslərindən azad olmalıyıq. Çünki
nəzərlər bu hisslərlə örtüldükdə, həqiqəti görmək asan olmur və heç kəs həm ehtirasa
və həm də xeyirə eyni zamanda xidmət edə bilməz. Əgər ağıla güc verirsənsə,
üstünlük onda olur. Sənə ehtiras, istək sahib olduqda, onlar hökmranlıq edir, ruh isə
heç bir gücə malik olmur. Çoxlu misallar gətirmək olar ki, çarlar və xalqlar qəzəbə
və ya acımaya boyun əydikdə, yararsız qərarlar qəbul etmişlər. Sonra o, yunanlarla
və karfagenlilərlə aparılan müharibələri misal çəkdi. Lakin hətta düşmənlə də necə
davranmaq məsələsi ortaya çıxdıqda, bizim atalarımız özlərinə layiq hərəkət
edirdilər. Ona görə də senatorlar ona qayğı göstərməlidirlər ki, Publi Lentulun və
başqalarının cinayəti, bizim gözümüzdə sizin ləyaqətinizdən daha ağır görünməsin,
siz yaxşı şöhrətdən daha çox qəzəb haqqında fikirləşməyəsiniz. Əgər biz onları
layiqincə cəzalandırmaq istəyiriksə, mən əvvəllər məlum olmayan bir cəzanı təklif
edirəm: onların günahlarının ağırlığı hər şeyi ötüb keçdiyinə görə, mən yalnız
qanunda nəzərdə tutulan vasitələrlə kifayətlənməyi nəzərdə tuturam.
Sonra natiq ondan əvvəl çıxış edənlərin sözlərini təhlil etdi və göstərdi ki,
çoxları silahdan, cəsədlərdən, qandan, hüzndən danışdı və bununla bizi qəsdə qarşı
daha sərt mövqe tutmağa sövq etdi. Kimə belə müdhiş və heybətli hadisənin özü bir
başa toxunmamışdırsa, onu daha çox sözlər qızışdırır. Yox, ona tərəf yönələn
zorakılığı heç kəs xırda iş hesab etmir, çoxlarına bu zorakılıq olduğundan daha
dəhşətli görünür. Lakin bərabər hərəkət azadlığı hamı üçün aydın deyildir.
Məlumatsızlıq qaranlığında ömrünü keçirən bir adam acıqdan səhv etsə, bunu az
adam biləcəkdir. Onların haqqında fikir, onların rütbəsi kimi kiçikdir. Lakin kimsə
yüksək hakimiyyətə malikdirsə və gözə çarpan vəzifə tutursa, onların əməlləri bütün
aləmə məlum olur. Belə çıxır ki, ən yaxşı vəziyyətdə olanların daha az azad hərəkət
etmək imkanı vardır. Nə qərəzkarlığa, nə də nifrətə qapılmaq olar, hər şeydən çox isə
qeyzə yer verilməməlidir. Mənə belə gəlir ki, birlikdə götürülmüş bütün işgəncələr
qəsdçilərin cinayətlərini yuya bilməyəcəkdir, lakin adamların hamısı ancaq nəticəni,
sonu xatırlayır və yaramazların cinayətlərini unudub, cəza adəti qaydada olduğundan
bir qədər sərt olduqda, daima ondan danışır.
Sonra o, Detsim Silanın ölüm cəzası barədəki təklifinin əleyhinə çıxdı və qeyd
etdi ki, bu təklif qəddarlığından daha çox, bizim dövlətə yaddır. Cəzaya gəldikdə,
onun mahiyyətini gözdən qaçırmaq olmaz, çünki hüzn və bədbəxtliklər vaxtı ölüm
əzab deyildir, iztirablardan istirahət əldə etməkdir. Ölüm bütün insan
bədbəxtliklərinə son qoyur, bundan o tərəfə nə sevincə, nə də kədərə yer yoxdur.
Sezar fikrini daha geniş açıqlayaraq qeyd etdi ki, kim dövlətin quduz
düşmənlərinə qarşı görülən tədbirləri qınaya bilər. Nə olsa, bu əclaflara hər şey
uyğun gəlir, lakin siz senatorlar fikirləşin ki, gələcəyə də nə nümunə qoyacaqsınız.
Bütün sui-istifadələrin başlanğıcı, bir vaxtlar faydalı olan işlərə gedib çıxır. Sonra
Sezar tarixə müraciət edib, misallar gətirir və qeyd edir ki, afinalılar üzərində qələbə
çaldıqdan sonra, makedoniyalılar onların dövlətinin başında otuz hökmdar qoydular.
Onlar əvvəlcə hamının nifrətini qazanmış ən zərərli caniləri məhkəməsiz edam
etdilər, xalq isə bu hadisələrə sevinir və onları bəyənirdi. Sonra hökmdarlar
cəsarətlənib fərq qoymadan, öz istəklərinə uyğun olaraq adamları öldürməyə
başladılar, başqalarını isə qorxuzub vahimədə saxladılar. Beləliklə bütün xalq
113
köləliyə düçar oldu və özünün səfeh sevincinin belə ağır qaydada altını çəkdi. Sonra
Sezar Sullanı misal çəkir ki, dövlətə bədbəxtlik gətirən adamları, qalib gəldikdən
sonra öldürtdükdə, hamı onu tərifləyirdi, hamı deyirdi ki, cinayətkarlar və
araqarışdıranlar, dövlətin sakitliyini qiyamla pozanlar, layiq olduqları kimi edam
edilmişlər. Lakin bu hadisə böyük bəlanın başlanğıcı rolunu oynadı və kim
başqasının əmlakından nəyi isə qoparmaq istəyirdisə, onun adını qanundan kənar
elan edilən adamların siyahısına saldırırdı. Damasippin ölümünə sevinənlərin indi
özünü ölümə sürükləyirdilər, qırğın qurtarmaq bilmirdi.
Bundan sonra natiq qeyd etdi ki, mən Mark Tullidən və bizim dövrümüzdən
belə təhlükələri gözləmirəm, lakin böyük dövlətdə xasiyyətlər də müxtəlifdir. Bəlkə
də başqa vaxt və öz sərəncamında qoşunu olan başqa konsulun dövründə yalan
həqiqət əvəzinə qəbul ediləcəkdir. Bizim atalarımız nə ağıldan, nə də igidlikdən
kasıb deyildilər. Lakin onlara özgələrdən işə yarayan qaydaları qəbul etməyə
təşəxxüs mane olmurdu. Həm hücum, həm də müdafiə silahlarını onlar samnitlərdən,
ali hakimiyyətlərin ləyaqət rəmzlərini isə bütünlüklə etrusklardan götürmüşdülər.
Müttəfiqlərdə və ya düşmənlərdə nə faydalı idisə, onlar böyük ciddiyyətlə onu
özlərində tətbiq edir, yaxşı nə varsa onu təqlid etməyi, ona paxıllıq etməkdən üstün
tuturdular. Sonra ölkədə cəza sistemi də qaydaya salındı və Portsi qanunu meydana
gəldikdən sonra, məhkum olunanlara sürgünə yollanmaq icazəsi verildi.
Sonra Sezar öz rəyini elan etdi: həbs olunanların əmlakı dövlət xəzinəsinə cəlb
edilsin, özləri isə mühafizə altında, buna ən yaxşı şəraiti olan munitsipiyalarda (digər
şəhərlərdə) saxlansın. Bundan sonra bu məsələ ilə bağlı Senata və xalqa kiminsə
müraciət etməsinə imkan verilməsin. Kim bunu pozsa, Senat onu dövlət cinayətkarı
və ümumi rifahın düşməni elan etsin.
Sezar çıxışını bitirən kimi, bəzi senatorlar bu və ya digər təklifə tərəfdar
çıxmağa başladılar. Bu vaxt öz prinsiplərinin bütövlüyü, əxlaqının saflığı və
respublika ideyalarına hədsiz sədaqət nümayiş etdirən və sonralar bu mübarizəsi
uğrunda özünü qurban verən Mark Portsi Katon, (o, həm də 234-149-cu illərdə
yaşamış Böyük Katondan fərqlənmək üçün Kiçik Katon adlanırdı) çıxış etdi. O
nitqlər barədə öz rəyini bildirərək dedi ki, natiqlər vətənə, valideynlərinə, mehraba və
ev ocaqlarına qarşı müharibə hazırlayanların cəzalandırılması barədə fikir yürüdürlər.
Lakin işlərin vəziyyəti bizə əvvəlcə özümüzü cinayətkarlardan qorumağı, yalnız
bundan sonra cəzanın ölçüsü haqqında məşvərət aparmağı tələb edir. Başqa
cinayətlər baş verdikdən sonra onları mühakimə etmək olur, bu cinayət isə, qarşısı
alınmasa, baş versə, onu ədalət məhkəməsinə çəkmək cəhdləri əbəs olacaqdır, əgər
şəhər tutulmuşdursa, məğlub olanlara heç nə qalmır.
Bu gün bizim azadlığımız və həyatın özü təhlükə altındadır. O, sözünə davam
edərək dedi ki, mən bu iclaslarda tez-tez bizim həmvətənlərin dəbdəbəsindən və
tamahkarlığından şikayətlənirdim, buna görə də çoxlu düşmənlər qazanmışam. Mən
heç vaxt özümə bir dənə də olsun yanlış addımı bağışlamamışam və başqalarının da
ehtiraslarına və qüsurlarına güzəştə getmək mənim üçün asan deyildir. Siz isə
bunlara barmaq arasından baxırdınız. Burada mənə mülayimlik və mərhəmət
haqqında dəm vururlar. Biz çoxdan hər şeyi öz həqiqi adı ilə adlandırmağı
yadırğamışıq. Başqalarının əmlakını israf etmək əliaçıqlıq, hər cür pis əmələ pərgar
olmaq qoçaqlıq adlanır. Ona görə də dövlət məhv olmaq dərəcəsindədir. Əgər onların
114
xasiyyəti belədirsə, qoy xəzinə oğrularına güzəşt etsinlər, ancaq qoy bizim qanımızı
israf etməsinlər və bir ovuc cinayətkara aman verməklə, qoy bir dəfəyə bütün
ləyaqətliləri məhv etməsinlər.
Sonra Katon Sezarın həbs edilənlərin əmlakının müsadirə edilməsi və onların
munitsipiyalarda saxlanması barədəki təklifini ciddi tənqid etdi və göstərdi ki, əgər o,
bu adamlardan qorxursa, bu təklif tam mənasızdır, lakin əgər bu ümumi dəhşət
içərisində təkcə o, qorxudan azaddırsa, bu vaxt özümə və sizə görə qorxmağa mənim
daha çox əsasım vardır. Publi Lentul və digərlərinin taleyini həll etməklə, siz Katilina
qoşunu və bütün qəsdçilərə öz hökmünüzü oxuyursunuz. Siz nə qədər möhkəmlik
göstərsəniz, onlar o qədər ruhdan düşəcəklər, sizin azacıq zəifliyinizi gördükdə onlar
böyük cəsarətlə Romaya hücum edəcəklər.
Katon sonra öz məşhur babası, Karfagenin və tamahkarlığın qatı düşməni
Böyük Katon kimi Romada hakim kəsilən eybəcərlikləri yada saldı və göstərdi ki,
dövlətdə dəbdəbə və acgözlük, həm də kasıblıq, özəl evlərdə isə bolluq baş alıb
gedir. Biz varlılığı tərifləyir və bekarçılığı sevirik. Yaxşı və pis arasında heç bir fərq
yoxdur. İgidliyə görə bütün mükafatları şöhrətpərəstlik ələ keçirir. Sizin hər biriniz
yalnız özünüz barədə düşünür, evdə həzzlərə qul kimi xidmət edir, burada isə pula və
dostbazlığa xidmət edirsinizsə, dövlətə qarşı, onu başından məhrum etməklə sui-qəsd
həyata keçirmək mümkündür. Ad-sanına görə birinci olan vətəndaşlar vətəni oda
qalamağı qət etmişlər. Onlar Roma xalqının qatı düşmənləri olan qalları da
müharibəyə sövq edirlər, belə bir vaxtda siz düşmənlə necə davranmağı bilmirsiniz.
Katon da Sezar kimi öz arqumentlərini möhkəmləndirmək üçün tarixi
nümunələrə əl atır və deyir ki, Qall müharibəsi vaxtı Avl Manli Torkvat oğlunu
yalnız ona görə edam etməyə əmr verdi ki, bu gənc ancaq sərəncamın əksinə
düşmənlə döyüşə girmişdi və hədsiz qoçaqlığına görə öz həyatı bahasına haqq
verməli olmuşdu. Bizim əcdadlarımız belə hərəkət edirdi, siz isə qaniçən qatilləri
məhkum etməkdə ləngiyirsiniz. Əgər onların qəlbində yaxşı bir şey olsaydı, onlar
dövlətin ziyanına belə planlar hazırlayardılarmı? Əgər biz bu gün səhv etsəydik, mən
buna ürəkdən razı olardım ki, əgər mənim sözlərimə qulaq asmaq istəmirsinizsə, siz
öz təcrübənizdə öz səhvinizə inanasınız. Lakin bizi hər tərəfdən sıxırlar. Katilina öz
qoşunu ilə bizim hülqumumuzdan yapışmağa hazırdır, digər düşmənlər şəhərin
içərisindədir, onlardan gizli nəsə etmək mümkün deyildir. Ona görə də tələsik
hərəkət etmək lazımdır. Cinayətkarlar ifşa edilmişdir və özləri də etiraf etdilər ki,
yanğınlar, həmvətənlərinə və vətənlərinə qarşı digər murdar və qəddar hadisələr
hazırlayırmışlar. Bu etiraf edənləri, cinayət başında tutulmuş yaramazlar kimi
əcdadlarımızın qaydalarına uyğun olaraq ölümlə cəzalandırmaq lazımdır.
Katonun misal çəkdiyi əhvalat Roma tarixinin ən ibrətamiz hadisələrindən
biridir. Bu əhvalat qədim Roma patritsilərinin nəcib prinsiplərindən söhbət açmaqla,
onların dövlət naminə ən böyük fədakarlığa, şəxsi qurbanlar verməyə belə getməsinə
parlaq misaldır. Həmin hadisə romalıların latinlilərlə apardığı müharibə vaxtına -
m.ə. 339-cu ilə təsadüf edir. Latinlilər romalılardan cənubda yaşayan bir xalq idi, axı
romalıların əcdadı sayılan troyalılardan və çar Latinin başçılıq etdiyi yerli xalqdan
əmələ gəlmişdi. Ona görə də latinlilərlə romalılar bir-birinə çox oxşayırdılar, bu
oxşarlıq dildə, adətlərdə, hökumətin təşkilində və döyüş aparmaq tərzində özünü
göstərirdi. Həmin il Avl (bəziləri onu Tit kimi adlandırırlar) Manli Torkvat və Publi
115
Detsi Mus konsulluq edirdilər. Onların hər ikisi görkəmli adamlar idi. Manli patritsi
olmaqla, qədim Romanın yüksək kübar ailəsinə mənsub idi. O, erkən gəncliyində
əlbəyaxa döyüşdə Bibliyadakı filistimlilərin Qoliafı kimi özünü tayfasının ən güclü
pəhlivanı tək təqdim edən nəhəng qallı bir David şücaəti ilə məğlub etmişdi. Manli
öldürdüyü qallın boynundan asdığı qızıl boyunbağını qənimət kimi özünə
götürdüyünə görə, o vaxtdan bu mənanı verən Torkvat ləqəbi ilə adlanmışdı. Digər
konsul Detsi isə plebey idi, bir neçə il əvvəl plebeylər bu yüksək dövlət vəzifəsinə
seçilmək hüququ qazanmışdılar. Bu 28 il əvvəl Mark Furi Kamillin dövründə - 367-
ci ildə baş vermişdi. Detsi də öz konsul yoldaşı kimi artıq igidlik nümunəsi
göstərmişdi. Üç il əvvəl o, hərbi tribun kimi legiona komandanlıq etdikdə, konsul
Korneli Kossu təhlükəli vəziyyətdən xilas etmiş və böyük qələbə çalmaqda ona
imkan yaratmışdı. Manliyə konsul yoldaşı seçildikdə də, məhz onun bu igidliyi yada
salınmışdı.
Hər biri ayrıca qoşuna malik olmaqla, hər iki konsul bir-birilə sıx əlaqədə
hərəkət etmək niyyətində idi. Onlar qoşun dəstələri ilə birlikdə, Vezuvi dağının
şabalıd meşəsi ilə örtülmüş ətəyinə gəlib çıxdılar. Səhər açılanda konsullar bir-birini
tapdı və öz qoşunlarını bir orduda birləşdirmək qərarına gəldilər. Detsi sağ cinaha,
Manli isə sol cinaha başçılıq edəcək, onlardan hər birinin dəstəsi imkan yarandıqda
düşmən sıralarına hücum etməli və lazım gəlsə, ölməli idi ki, digər yoldaşının
qələbəsini təmin etsin. Bu vaxt ciddi bir əmr verildi ki, heç bir romalı öz rütbəsinin
hədlərindən kənara çıxıb, düşmənlə təkbaşına döyüşə girişməsin. Bu zəruri qayda
yaratmaq tələbindən irəli gəlirdi. Latinlilər də romalılara hörmət əlaməti olaraq belə
hərəkət etdilər. Bu əmr verilən vaxt konsulun oğlu gənc Tit Manli latinlilərin başçısı
ilə qarşılaşdı və başçı onu öz adı ilə çağırıb əlbəyaxa döyüşə dəvət etdi. Gənc Manli
vaxtilə onun yaşında olan atasının, qalla vuruşda böyük şərəf qazandığını yadına
saldı və onda da belə bir şərəf qazanmaq həvəsi alovlandı. Bu vaxt o, indi qüvvədə
olan qərarı pozurdu, həm də onu yaddan çıxarırdı ki, atası qallın çağırışını qəbul
etmək üçün, buna bütün qaydalara əməl etməklə icazə almışdı. O, nəhayət irəli çıxdı
və qızğın bir mübarizədən sonra düşmənini öldürdü, onun silahlarını götürüb atasının
çadırına gəldi və qənimətlərini onun ayağının altına atdı. Lakin yaşlı Manli kədərli
şəkildə üzünü kənara döndərdi və qoşunları dəvət etdi ki, oğluna xitabən dediyi
sözləri əsgərlər də eşitsin.
O, dedi: "Sən Roma xalqını qoruyan intizamı pozmusan və məni məcbur
edirsən ki, ağır zəruriyyət üzündən ya özümü və özümünkünü, yaxud da ümumi
təhlükəsizliyə diqqət verməli olduğumu yaddan çıxarım. Roma heç kəsin səhvindən
ziyan çəkməməlidir. Biz özümüz günahımızı yumalıyıq. Biz ağır, lakin Roma
gəncləri üçün faydalı olan nümunə göstərməliyik. Məni həm təbii ata məhəbbəti,
həm də sənin igidliyin müstəsna dərəcədə riqqətə gətirir. Lakin bu vaxtdan konsul
hakimiyyəti ya sənin ölümünlə bərqərar olmalı, ya da cəzasızlıq ucbatından
dağılmalıdır. Mən güman edə bilmərəm ki, sən həqiqətən Manlisənsə, xətana görə
ədalətli mükafatını dəyişdirməklə, hərbi intizamı pozmağını düzəltmək üçün geri
dönəcəksən. Sonra o, yarpaqlardan düzəldilmiş çələngi qələbə mükafatı kimi
oğlunun başına qoydu və liktorlara (mühafizəçilərə) əmr etdi ki, oğlunun boynunu
vursunlar. Əsgərlər ətrafda lal kimi dayanmışdılar. Konsulun oğlu heç bir şikayət
bildirmədən tabe oldu. O vaxtdan onun ölümü Roma üçün nəcib bir fədakarlıq
116
timsalına çevrildi. Ata oğlunun kəsilib yerə düşən igid başını görüb, latinlilərdən
alınmış qənimətlərlə örtülmüş bu qəhrəmanın cəsədinə xeyli tamaşa etdi və ordunun
bu vaxtsız ölümə öz ehtiramını göstərməsinə mane olmadı. Orduda sərt intizam
yaradıldı. Heç kəs öz rütbəsi həddindən kənara çıxmadı.
Lakin gənclər qəddarlığına görə, Manliyə nifrət edirdilər. Konsul isə yalnız
Romanın mənafeyi naminə öz igid oğlunu qurban vermişdi.
Sonra gedən döyüşlərdə digər konsul - Detsi həlak olduqda, bu bəd xəbərə
görə, Manli, oğlunun ölümünə axıtmadığı göz yaşlarını axıtdı. Döyüş romalıların
qələbəsi ilə başa çatdı. Manli latinliləri bütünlüklə Romaya tabe etdi. 45 il sonra isə,
294-cü ildə döyüşdə həlak olmuş konsulun oğlu Detsi konsul oldu və qallarla
samnitlərin birləşmiş qüvvələrinə qarşı vuruşdu. Bu döyüşdə qallar ilk dəfə döyüş
arabalarından istifadə etdiyinə görə romalılar qorxub qaçmağa başladılar. Bu vaxt
Detsi atası kimi həlak olmağı qərara aldı. O, tək və silahsız şəkildə düşmənin ortasına
atıldı və düşmən zərbəsindən ölümcül yerə yıxıldı. Bundan sonra romalılar qalları
qaçmağa məcbur etdilər. Romalılar qəti qələbə qazandı və döyüşdə 25 min nəfər
düşmən öldürüldü. İki yüz il sonra Tsitseron bunu "insan ağlına sığmayan həqiqi
qəhrəmanlıq" adlandırdı. Katon da yuxarıdakı tarixi əhvalata, konsul Manlinin vətən
naminə qeyri-adi nəcib hərəkətinə müraciət edərək, diqqəti ona yönəldirdi ki,
Romanın qüdrəti məhz belə vətənpərvərliyə və fədakarlığa əsaslanır. Ata və oğul
Manlilər vətənə sədaqətlərini rəhmsiz görünən ölümlə nümayiş etdirmişdilər.
Dövlətə qarşı qiyam qaldıranlar isə bu dövlətin xarabalıqları üzərində öz iyrənc
"səadətini" qurmaq istəyirlər.
Katon çıxışını bitirdikdən sonra senatorların əksəriyyəti onun rəyini bəyəndi.
Həmin gün Katonun adı dillərdə gəzirdi. Senatdakı bu müzakirə təkcə Katilinanın və
onun başçılıq etdiyi qəsdin, ən başlıcası isə Roma dövlətinin taleyini həll etmədi,
həm də iki böyük və bir-birindən tam fərqli olan şəxsiyyətləri üz-üzə qoydu və
sonralar birinin məhvinə səbəb olan düşmənçiliyi yaratdı. Katon özünün yenilməzlik
və var-dövlətə qarşı nifrət prinsiplərinə, Sezar isə mərhəmət prinsiplərinə ömrünün
axırınadək sadiq qaldı. Katon diktaturaya qarşı mübarizə etdiyindən, Sezarın
hücumlarına məruz qaldı və özünü intihar etdi, Sezar isə öz düşmənlərini dəfələrlə
bağışlamaqla yanaşı, respublikaya ölüm hökmü kəsmək istədikdə, dostları və
silahdaşları tərəfindən qətlə yetirildi.
Roma tarixi Katon kimi prinsip fədaisinə və Sezar kimi görkəmli sərkərdə və
dövlət xadiminə malik oldu. Sezar öz inkişafı üçün əliaçıqlığına borclu idisə, Katon
öz həyatının təmizliyi ilə məşhurlaşmışdı. Sezarı əgər yumşaqlığı və mərhəməti ilə
ad qazanmışdısa, digəri ciddilik layəqəti ilə hamıdan seçilirdi. Sezar başqalarına
kömək etmək, hədiyyə vermək, əfv etməklə özünə şöhrət qazanmışdısa, Katon heç
vaxt heç kəsə hədiyyə vermirdi, yəqin başqalarından da bunu qəbul etmirdi. Biri özü
ilə bədbəxtlər üçün sığınacaq rolunu oynayırdısa, digəri isə əclafların gözünün odu
idi. Sezar sonralar sərkərdə kimi şöhrət tapdısa, Katon qənaətkarlığı, namusu, hər
şeydən daha çox isə ciddiliyi ilə böyük nüfuz sahibi olmuşdu. Birində güzəşt etməyi,
digərində isə möhkəmliyi tərif edirdilər.
Katon qüsur rəmzi kimi varlılarla var-dövlətdə, hakimiyyətdə olanda
şöhrətpərəstlikdə deyil, tam başqa ləyaqətlərlə, igidlikdə mərdliklə, sadəlikdə
vicdanlılıqla, var-dövlət yığmaqda təmmanasızlıqla özünü göstərirdi. O, yaxşı
117
görünməyə cəhd etmirdi və ona görə də şöhrət axtarmadığı halda, bu şöhrət onu daha
inadkarlıqla təqib edirdi.
Senat Katonun təklifi ilə qərar qəbul etdikdən sonra konsul Tsitseron gecəni
gözləmədi və triumvirlərə göstəriş verdi ki, edam üçün hər şeyi hazırlasınlar, özü
Lentulu dustaqxanaya apardı, digərlərini isə pretorlar apardılar. Sonra cəlladlar əmri
yerinə yetirərək, Lentulu boğub öldürdülər. Tseteq, Statili, Qabini və Tsepari eyni
qaydada edam edildilər.
Katilina bu xəbərləri aldıqdan sonra Qalliyaya keçməyi qərara aldı. Lakin o,
buna nail ola bilmədi və hər tərəfdən qüsur rəmzi kimi dağlarla və düşmənlə əhatə
olunduğunu görüb, döyüşməyi qərara aldı və qoşunlarına müraciət edərək dedi ki,
heç bir nitqlə tənbəli cəld, utancağı cəsarətli etmək mümkün deyildir. Təbiət və adət
qəlbə nə qədər qoçaqlıq salmışsa, bu müharibədə üzə çıxır. Kimi ki, nə şöhrət, nə
təhlükə maraqlandırmır, o, bütün çağırışlara kardır, ürəkdəki qorxu qulaqları tıxayır.
O, əsgərlərinə bildirdi ki, iki düşmən qoşunu Romaya, digəri isə Qalliyaya olan
yolumuzu kəsmişdir və biz dəmirlə özümüzə yol açmalıyıq. İndi azadlığın özü və
vətən qılınc tutan əlinizdədir.
Əgər biz qalib gəlsək, bizə hər şey qismət olacaqdır. Əgər qorxudan titrəsək,
sarsılsaq, hər şey bizim əleyhimizə olacaqdır - öz silahını qoruya bilməyən bir adamı
nə torpaq, nə bir dost qorumayacaqdır. Düşmənimiz heç də bizim kimi çıxılmaz
vəziyyətdə deyildir. Biz vətən, azadlıq, həyat naminə döyüşürük, azların hakimiyyəti
naminə isə hökmən döyüşmək lazım deyildir. Əvvəlki igidliyimizi unutmayıb, gəlin,
daha cəsarətlə zərbə endirək. İndi qoçaqlıq lazımdır, çünki yalnız qalib müharibəni
sülhə çevirə bilər. Düşmən sinəsindən öz silahını uzaqlaşdırmaqla, qaçmaqda xilas
axtarmaq təmiz ağılsızlıqdır. Hər bir döyüş hər şeydən qorxana daha təhlükəlidir.
Qoçaqlıq özü də divardır. Sizə baxanda, sizin igidliklərinizi yada salanda, məndə
qələbəyə möhkəm ümid yaranır. Sizin qeyrətiniz, yaşınız, cəsarətiniz, vəziyyətin
çətinliyi məni ruhlandırır. Əgər tale sizin igidliyinizə iltifatlı olmasa, çalışın ki,
həyatınızı havayı itirməyin, sizi qoyunlar kimi tutub kəsməsinlər, ancaq kişi kimi
vuruşun və düşmənə qanlı və hüznlü qələbə bəxş edin.
Bu sözlərdən sonra o, döyüşçülərini vuruş üçün düzdü, sağ cinahı Qay
Manliyə tapşırdı.
Roma senatının göndərdiyi qoşunların başçısı isə at üstündə əsgərlərin
qarşısından keçərək, onlara təlqin edirdi ki, onlar vətən uğrunda, uşaqları və evləri
uğrunda silahsız quldurlarla vuruşurlar. Döyüşdə Katilina ilk cərgələrdə dayanmışdı,
o, qızğın müqavimət göstərirdi. Bu vaxt Manli həlak oldu, Katilina qoşunun
darmadağın edildiyinə əmin olduqdan sonra, düşmənin üzərinə atıldı və döyüşdə
aldığı ölümcül yaradan yerə sərildi. Katilinanın cəsədini, öz döyüşçülərinin
cəsədindən xeyli aralıda, düşmən meyidlərinin yanında tapdılar. Romalılara heç də
sevinc gətirməyən və qanlı qələbə qismət oldu. Çoxları düşmən cəsədlərinin arasında
öz dostlarını və qohumlarını tanıdı, digərləri isə şəxsi düşmənlərini gördü. Ona görə
də qoşuna müxtəlif hisslər - sevinc və kədər, hüzn və şadyanalıq hakim kəsilmişdi.
Katilinanın qəsdini və bu qəsdin qarşısının alınmasını təsvir edərkən Plutarx
yazırdı ki, romalılar "yekdilliklə danışırdılar ki, Roma xalqı o vaxtkı sərkərdələrin
çoxuna, sərvətinə, qənimətlərə və qüdrətinə görə, lakin özünün xilasına və əmin-
amanlığa görə isə təkcə, onu belə böyük və heybətli təhlükədən qurtaran Tsitserona
118
borcludur". Bu əvəzsiz xidmətlərinə görə, konsul Tsitserona minnətdarlıq edildi və
ona "Vətənin atası" fəxri adı verildi.
Lakin onun tələsik və qanunsuz həyata keçirdiyi edamlar Romanın xilası ilə
nəticələnsə də, sonralar onun özünün ittiham edilməsi və əzablara düçar olması üçün
səbəb rolunu oynadı. Ən ağır anda Romanın xilaskarı olan bir adam, sonralar öz
düşmənləri tərəfindən qanundan kənar elan edildi. Belə çətin bir anda üzərinə konsul
vəzifəsini daşımaq missiyası düşən Tsitseron möhkəm bir iradə və cəsarətlə hərəkət
etməklə, həm də öz konsulluq dövrü barədə yaxşı xatirə qoydu. Onun düşmənləri,
onu qanunu pozmaqda günahlandıranda belə, onun Katilina qəsdinin qarşısını almaq
sahəsindəki xidmətlərinin üstündən birdəfəlik xətt çəkə bilmədilər. Roma tarixinin bu
qorxulu və şərəflə bitən səhifəsini qoparıb atmaq heç kəsə müəyəssər olmadı.
|