ROMADA AQRAR SİYASƏT
Roma dünya dövlətinə çevrildiyi bir dövrdə bütünlükdə İtaliya aqrar ölkəsi
olaraq qalırdı. Kənd təsərrüfatı təcrübəsi çox güman ki, Avropaya Yaxın Şərqdən
gəlmişdi. Çünki bünövrədən bir sıra bitkilərin mədəniləşməsi və heyvanların
əhilləşdirilməsi Mesopatomiyadakı münbit Aypara adlanan ərazidəki ilkin fermerlər
tərəfindən həyata keçirilmişdi. Avropanın cənub sahillərinə finikiyalılardan başqa
gəlib çıxan ilk kolonistlər, öz vətənlərindəki vəziyyətlə qənaətlənməyən yunan kənd
sakinləri idi. Şərqdən gələn üçüncü xalq isə etrusklar idi. Elmi cəhətdən aparılan və
Ellinist modelə əsaslanan kənd təsərrüfatı İtaliyada ikinci Puniya müharibəsindən
əvvəl meydana gəlməyə başladı və ikinci əsrdə nəzərə çarpacaq dərəcədə genişləndi.
Böyüyən şəhər mərkəzlərinin ərzaqa böyük ehtiyacı var idi. Burada m.ə. II
əsrə qədər natural xarakter daşıyan kiçik və orta kəndli təsərrüfatları çoxluq təşkil
edirdi. Bu təsərrüfatlarda torpaq sahibinin özünün əməyindən istifadə olunurdu,
başqa sözlə, əsasən ailənin başçısı ilə yanaşı digər üzvləri işləyirdilər. Yalnız məhsul
toplanması vaxtı kənardan muzdlu işçilər cəlb edilirdi. İstehsal edilən məhsulun
hamısı və ya əksəriyyəti ailənin öz istehlakına sərf edilirdi. İstehsal inkişaf etdikcə və
qul sahibkarlığı böyüdükcə belə təsərrüfatlar sıradan çıxırdı və yeni istehsal
formaları, natural təsərrüfatdan tam fərqli olan və bazar üçün işləyən təsərrüfatlar
meydana gəlirdi. Bu təsərrüfat növünün digər mühüm fərqi də ondan ibarət idi ki,
burada geniş şəkildə qul əməyindən istifadə olunmağa başlandı. Ona görə də Böyük
Katon təsərrüfatın rentabelliyinin ən başlıca amillərindən birini bazara yaxınlıqda
görürdü və qul əməyindən daha səmərəli istifadə etmək yollarını göstərirdi.
Kəndli təsərrüfatları İtaliya ərazisində aparılan müharibələrdən çox əziyyət
çəkirdi. Təkcə Hannibalın yürüşü vaxtı orta və cənubu İtaliyadakı kəndli
təsərrüfatlarının yarısı məhv olmuşdu. Bundan başqa romalıların başqa ərazilərdə
apardıqları müharibələr kəndlini əsgərə çevirdiyinə görə, torpaqları boş qoyurdu.
Böyük Katona görə, vətənin ən sədaqətli döyüşçüsü məhz əkinçidən çıxırdı. Uzun
illəri müharibə yollarında keçirən kəndli öz məşğuliyyətindən aralanırdı və onların
əksəriyyəti müharibə qurtardıqdan sonra, Tsintsinnatın nümunəsinə sadiq qalmayıb,
yenidən kəndli əməyinə qayıda bilmirdi. Bundan başqa onların bir çoxu həlak olur,
digər hissəsi isə yaralı və artıq qocalmış şəkildə qayıtdığından təsərrüfatı əvvəlki
kimi apara bilmirdi. Becərilməyən torpaqları yenidən əkin dövriyyəsinə cəlb etmək
də əlavə zəhmət və xərc tələb edirdi. Kənd təsərrüfatı istehsalının yeni formaları - iri
latifundiyalar geniş torpaq sahələrinə malik olub İtaliyanın cənubunda, Siciliyada və
hətta Afrikada meydana gəlmişdi. İtaliyanın digər ərazilərində isə təsərrüfatlar kiçik
torpaq sahələrini becərirdi. Kiçik Plini yazırdı: "Hələ Varron elan etmişdi ki, kənd
təsərrüfatının məqsədi təkcə utilas (fayda) deyil, həm də voluptas-dır (həzz
almaqdır).
Romada m.ə. II əsrdə kənd təsərrüfatı istehsalının təşkili məsələlərinin
təsvirini biz Böyük Mark Portsi Katonun "Əkinçilik haqqında" əsərində tapırıq.
Katon əkinçi əməyinə yüksək qiymət verərək yazır ki, yaxşı adamı tərifləyəndə,
həmişə onun haqqında deyirlər ki, o, "yaxşı əkinçi və yaxşı sahibdir". Tacir möhkəm
və varlanmağa həvəsi olan adam olsa da, onun həyatı təhlükəli və dərdlidir.
Əkinçidən isə ən sədaqətli adamlar, ən mətin əsgərlər çıxır. Katon ən yaxşı malikanə
70
barədə suala cavab verərək deyir ki, ona görə, bu malikanənin yüz yuger (25 ha)
müxtəlif münbitlikdə torpağı olmalıdır, ən yaxşı yerdə üzümlük durur ki, yaxşı və
çoxlu şərab istehsal edilsin, ikinci yerdə suvarılan bostan, üçüncü yerdə isə söyüd
bağı, dördüncü- zeytun bağı, beşinci - otlaqlar, altıncı - taxıl zəmisi, yeddinci -meşə,
buradan mal-qara yemi üçün yarpaq yığmaq olar, səkkizinci - ağaca sarmaşan
üzümlük, doqquzuncu qoza verən ağacları olan meşə durur.
Qul əməyindən istifadə məsələsinə gəldikdə Katon məsləhət görür ki, viliklər
(sahib olmayanda, təsərrüfata başçılıq edən etibar edilmiş qul və ya azad olunmuş
qul) qulların işinə ciddi nəzarət etməlidir və təsərrüfatda qulllar pis şəraitdə
saxlanılmamalıdır, onlar soyuqdan donmamalı və ac qalmamalıdır. Katon xəbərdarlıq
edir ki, kənd təsərrüfatı elə bir işdir ki, burada bir şeydə geciksən, hər şeydə
gecikəcəksən. Sahəyə qulluq məsələsinə gələndə o, yaxşı şum edilməsini ön plana
çəkir. Bundan sonra torpağa peyin verilməsini vacib hesab edir. Qul əməyindən
səmərəli istifadə metodu kimi o, məsləhət görür ki, yağışlı havada onları bekar
qoymamaq üçün talvar altında görülməli işə cəlb etmək lazımdır. Qulu işləmək
qabiliyyətinə görə saxlamaq, qocaldıqda və ya xəstələndikdə ondan lazım olmayan
əşya kimi yaxa qurtarmaq məsləhətdir. Onu istehsalın səmərəliliyi xüsusilə
maraqlandırır və bu suallara o, çox müdrik cavablar və məsləhətlər verir. "Sahib ona
çalışmalıdır ki, daha az şey satın alsın, daha çox şey satsın".
Lakin kənd təsərrüfatının istehsalın necə aparılmasından, istehsala çəkilən
xərclərdən və bazardakı konyunkturadan asılı olaraq, rentabelliyi tez-tez dəyişdiyinə
və bu istehsala təbiət, xəstəliklər və ziyanvericilər də öz mənfi təsirini göstərdiyinə
görə, daim yüksək mənfəət gətirmədiyindən, təsərrüfatların, xüsusən xırda
təsərrüfatların yoxsullaşması prosesi gedir və kəndlilər torpaqdan məhrum olmağa
başlayırlar. Torpaqsız, yoxsulaşmış kəndlilər bir qayda olaraq icaraçilərə, gündəlik
muzdlu işçilərə və muzdlulara çevrilirlər. Onlara isə tələbat o qədər də yüksək olmur,
ona görə də bu böyük kütlə şəhərlərə üz tutmalı olur. Şəhərdə də iş tapa bilməyənlər
ən iyrənc işlərlə məşğul olmaqla belə öz həyatlarını təmin etməkdən çəkinmirlər.
Bunlar antik dövrün ən aşağı zümrəsini - iğtişaşlar yanacağı olan qaraguruhu əmələ
gətirirlər. Lakin kəndlilərin kütləvi surətdə yoxsullaşması həm də şəhərlərin sayının
artmasına səbəb olur, ona görə də m.ə. II əsrdə İtaliyada geniş qaydada urbanizasiya
prosesi gedir. Bir çox kəndlər də şəhər statusu qazanır, köhnə şəhərlər isə böyüməyə
başlayırlar. Əslində dünyanın digər hissələrində, məsələn Kiçik Asiyada və ya
Babilistanda olduğu kimi ilk şəhərlərin əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul
olur, belə şəhərlərdə sənətkarlar və tacirlər isə kiçik təbəqəni təşkil edirlər.
Roma xaricdə öz rəqibi Karfageni məhv etdikdən sonra daxildə böhranlı kütlə
həddinə çatmış ziddiyyətlərlə üzləşməli oldu. Onların içərisində isə aqrar
münasibətlər o qədər də kiçik əhəmiyyətə malik olmadığından, məhz onların
ətrafında aparılan mübahisələr, münaqişələr Romanı yeni təlatümlərlə, sarsıntılarla
üz-üzə qoydu. Məhz aqrar məsələlər ətrafındakı mübarizə Qrakxlar hərəkatını
yaratdı. Böyük qardaş Tiberi Semproni Qrakx 133-cü ildə xalq tribunu seçilən kimi,
aqrar islahatlar proqramı ilə çıxış etdi. Plebeylərin mənafeinin müdafiəçiləri olan
tribunlar əvvəllər yalnız plebeylərdən seçilirdi. Onun qanun layihəsi əslində yeni
məsələ deyildi, Litsini və Seksti hələ 377-367-ci illərdə təklif etmişdilər ki, ictimai
torpaqlardan - ager publicus-dan yalnız 500 yugerə (125 ha) qədər götürmək olar.
71
Məhz bu qanunvericilik təşəbbüsü ilə çıxış edən həmin tribunlar, həm də
konsullardan birinin hökmən plebeylərdən seçilməsi barədə qanun layihəsini təklif
etmiş və nəhayət - 367-ci ildə buna nail olmuşdular.
İndi Tiberi torpaq sahibliyi haqqında yaddan çıxmış bu qanunu təkrar etməklə
yanaşı, bəzi əlavələr də irəli sürdü. İki iri oğlu olan ailələr ictimai torpaqlara sahib
olduqda, bu norma ikiqat artırılırdı. Digər məsələ isə islahat nəticəsində yaranan
torpaq artıqlarının müsadirə edilib, torpaqsız vətəndaşlara verilməsi idi. Bu sahələr
sonralar onların əlindən alına bilməzdi. Bu məsələləri həll etmək üçün komissiya
yaradıldı və ona torpaq artıqlarını müsadirə etmək, onları sahələrə bölmək və
torpaqsızlara paylamaq üçün qeyri-məhdud hüquqlar verildi. Bu komissiyaya
sonralar Tiberi Qrakx özü, onun qardaşı Qay və qayınatası Appi Klavdi də daxil
oldu. Bundan başqa Tiberi Qrakx bütün İtaliya əhalisinə vətəndaşlıq hüquqları vəd
etdi. Qrakx qardaşlarının anası Korneliya Hannibalın qalibi Publi Stsipionun qızı,
Stsipion Emilianın isə qayınanası idi. O, oğlanlarını məzəmmət edirdi ki, romalılar
indiyədək onu Qrakxların anası kimi deyil, Stsipionun qayınanası adlandırırlar. Digər
bir məsələni də onun hərəkətləri üçün əsas götürürlər ki, Tiberi Numantiyaya
gedəndə Etruriyadan keçmiş və burada viranə qalmış diyarı, əkinlərdə və otlaqlarda
isə əkinçilər və çobanlar əvəzinə, yalnız yadelliləri və barbarları görmüşdü. Məhz bu
vaxt onun ağlında, həyata keçirilməsi bu qardaşlara bədbəxtlik gətirən həmin planlar
meydana gəlmişdir. Lakin bu islahatların aparılması asan məsələ deyildi və iri torpaq
sahiblərinin qızğın müqaviməti ilə qarşılaşdı.
Tiberi bu qanun layihəsini heç də təkcə hazırlamamışdı, o, həmin dövrdə
Romada məşhur olan adamlarla - ali kahin olan Krassla, hüquqşünas, həm də konsul
olan Mutsi Stsevola ilə, öz qayınatası Appi Klavdi ilə məsləhətləşmişdi. Qanun özü
də, mövcud olan ədalətsizliklər və tamahkarlıqlarla müqayisədə xeyli yumşaq
görünürdü. Bu qanunda ehtiyacı olan adamlara torpaq ayrılması nəzərdə tutulurdu.
Bu isə varlıların və iri mülkiyyət sahiblərinin müdafiəsinə uyğun gəlmədiyindən,
onları ciddi surətdə hiddətləndirdi. Onlar qanun layihəsini gözdən salmaq üçün bütün
vasitələrə əl atdılar və belə şayiə yaydılar ki, Tiberi torpaqları yenidən bölüb
paylamaqla ölkəni qarışdırmaq, dövlətin işlərini pozmaq məqsədini güdür. Tiberi
böyük natiqlik qabiliyyəti ilə onlara cavab verirdi ki, İtaliyada vəhşi heyvanlar da
gizlənmək üçün öz yuvalarına malikdir, İtaliya uğrunda vuruşan və ölən adamlar isə
hava və işıqdan başqa heç nəyə malik deyildir, damları olmadığından arvadları və
uşaqları ilə hər yerdə köçərilər kimi dolanırlar. Sərkərdələr döyüş çöllərində əsgərləri
sərdabələri və məbədləri düşməndən müdafiə etməyə çağıranda, onları aldadırlar.
Axı romalıların çoxunun nə ata mehrabı, nə də əcdadlarının sərdabəsi yoxdur, onlar
özgələrin zinəti, özgələrin sərvəti üçün vuruşur və ölürlər. Onları dünyanın sahibi
adlandırırlar, onların isə bir parça torpağı da yoxdur.
Bu sözlərə heç kəs, hətta onun əleyhdarları da etiraz edə bilmirdilər. Bu vaxt
onlar yeganə vasitə kimi, Tiberinin dostu olan digər tribun Mark Oktaviyə müraciət
etdilər və çox təkidli xahişlərdən sonra onu Tiberiyə qarşı çıxış etməyə və qanunu
rədd etməyə sövq etdilər. Bundan hiddətlənən Tiberi daha sərt qanun layihəsi təklif
etdi. Bu sənəd iri torpaq sahiblərindən, köhnə qanunların əksinə, sahib olduqları
torpaqları təxirə salmadan azad etməyi tələb edirdi. Bu layihə iri torpaq sahibi kimi
tribun Oktavinin də mənafeyinə toxunurdu. Oktavi həm də Tiberinin müraciətlərini
72
cavabsız qoyurdu. Bu vaxt Tiberi dekret verdi və bu dekretə görə vəzifəli şəxslər
məsuliyyət qorxusundan öz vəzifələrini icra etməkdən imtina etdilər. Elə bu vaxt
əleyhdarlarında onu öldürmək fikri yarandı.
Xalq yığıncağında səsvermə başlandığı vaxt qutuların oğurlandığı məlum oldu,
onları varlılar oğurlamışdılar. Keçmiş konsullar diz üstə çökərək ondan səsverməni
təxirə salmağı xahiş etdilər və Tiberini senata müraciət etməyə inandırdılar. Senat da
heç nə etməyən də, Tiberi qanunsuz bir hərəkətə əl atdı - Oktavini hakimiyyətdən
uzaqlaşdırmağa cəhd etdi. Əvvəlcə o, Oktavidən xahiş etdi ki, xalqın ədalətli tələbinə
əməl etsin, lakin Oktavi rədd cavabı verdi. Bu vaxt o, yeganə çıxış yolunu, onlardan
birinin hakimiyyətdən məhrum olunmasında gördü və istədi ki, əvvəlcə Oktavi onun
vəzifədən uzaqlaşdırılması barədə xalq yığıncağında məsələ qaldırsın. Belə olduqda
Tiberi söz verdi ki, xalqın arzusuna uyğun olaraq o, özəl həyata qayıdacaqdır. Oktavi
bu təklifdən də imtina etdi və belə olan halda, Tiberi onun vəzifədən
kənarlaşdırılması məsələsini səsverməyə qoyacağını bildirdi. Sonrası günü xalq
yığıncağı toplaşanda Tiberi yenə Oktavini inandırmağa çalışdı, lakin heç nəyə nail
olmadı. Bundan sonra o, Oktavinin tribunluqdan azad edilməsini səsverməyə qoydu.
Romadakı 35 tribadan 17-si Oktavinin əleyhinə səs verdi, bircə triba da onlara
qoşulsaydı, məsələ həll olunardı. Bu vaxt Tiberi səsverməni dayandırdı və Oktaviyə
müraciət etdi, əvvəlcə onu öpdü, özünü uzun müddət şərəfsizliyə məhkum etməməyi
xahiş etdi, lakin Oktavi gözləri yaşla dolu, dinməz dayanmışdı. Onun nəzərləri
varlılara və sahibkarlara sataşdıqda bildirdi ki, Tiberi necə bilirsə, elə də onunla
davransın. Beləliklə qanun qəbul edildi və Oktavini liktor güclə tribunadan aşağı
saldı. Bundan sonra isə aqrar qanunu qəbul olundu. Yuxarıda qeyd olunan komissiya
yaradıldı.
Yığıncağı buraxmamışdan əvvəl Tiberi xalqa müraciət etdi və dedi: "Xalq
tribunu müqəddəs və toxunulmaz şəxsdir, çünki onun fəaliyyəti xalqa həsr olunur və
onlar xalqın mənafeyini qorumalıdır. Lakin, əgər tribun xalqdan üz döndərirsə, ona
ziyan vurursa, onun hakimiyyətini kiçildirsə, onun səsverməsinə mane olursa,
bununla o, öz-özünü hakimiyyətdən məhrum edir, çünki öz borcunu yerinə yetirmir.
Qoy o Kapitolini dağıtsın, cəbbəxananı yandırsın, ehtiyac altında buna da dözmək
olar. Belə hərəkət etsə, o, pis tribun olduğunu göstərəckdir; lakin kimsə
demokratiyanı devirirsə, o, artıq tribun deyildir. Buna dözmək olarmı ki, tribun hətta
konsulu həbsxanaya apara bilir, xalq isə tribunu, bu hakimiyyəti ona verənlərin
ziyanına sui-istifadə edəni, həmin hakimiyyətdən məhrum edə bilmir. Axı konsulu
da, tribunu da eyni qaydada xalq seçir. Çar hakimiyyəti özündə bütün dövlət
vəzifələrini daşıyır, bundan əlavə müqəddəslik və təntənəli qaydalarla ilahi qüvvəyə
qaldırılır. Ancaq Roma dövlətə ziyan gətirən Tarkvinini də qovdu və bu Romanı
yaradan qədim hakimiyyət bir adamın günahı üzündən ləğv edildi... Beləliklə,
xalqına qarşı günah işlədən tribun toxunulmazlığını saxlayırsa, özü də bunu ona xalq
vermişdir, bu yolverilməzdir, çünki o, öz hakimiyyətinin mənbəyi olan qüvvəni
sarsıdır. Əgər tribuna tribaların çoxu səs vermişsə, bu onun tribunatı ədalətlə əldə
etdiyini göstərir; məgər daha ədalətli bu olmayacaqdırmı ki, əgər onun əleyhinə
bütün tribalar səs vermişsə, ondan tribunat geri alınsın... Tribun hakimiyyətini də
xalq bir adamdan başqasına keçirə bilər. Bu hakimiyyət toxunulmaz və dəyişilməyən
hesab edilə bilməz; Axı bu hakimiyyətə yiyələnmiş adamlar, bəzən özləri ondan
73
imtina edirlər". Tiberi öz hərəkətini müdafiə etmək üçün bu dəlilləri gətirdi. Bir daha
qeyd etmək lazım gəlir ki, plebeylərin mənafelərini müdafiə etmək üçün hələ 494-cü
ildə xalq tribunu vəzifəsi təsis edilmişdi.
Tiberi bundan sonra yeni qanun layihələri təklif etdi, onun məqsədi senatın
hakimiyyətini zəiflətmək idi. Bu qanunlara görə, hərbi xidmət müddəti qısaldıldı,
məhkəmə qərarlarından xalqa apellyasiya vermək hüququ qoyuldu, hakim vəzifəsini
aparan senatorların sayı qədər, atlı zümrəsindən olanlara da hakim yeri verildi.
Səsvermə vaxtı əks tərəf üstün gələndə, yığıncaq səhərisi günə təxirə salındı.
Tiberi tribunadan düşəndə göz yaşı içərisində xalqa yalvarırdı ki, qorxur ki, gecə
düşmənləri onun evinə hücum edib, onu qətlə yetirsinlər. Ona görə də xalqdan olan
adamlar gecə onun evinin yanında, onu mühafizə etdilər.
Səhərisi senator Fulvi Flakk Tiberiyə məlumat verdi ki, varlılar öz aralarında
onu öldürməyi qərara almışlar. Bundan sonra liktorlar camaatı sıxışdırmağa
başladılar və şüvülləri qoparıb, hücum vaxtı müdafiə olunmaq üçün onunla
silahlanmağa başladılar. Tiberi ona təhlükə yarandığını adamlara göstərmək üçün
əlini başına toxundurdu. Düşmənləri isə senata qaçıb xəbər verdilər ki, Tiberi tac
tələb edir. Qarışıqlıq başlandı və Nazika konsuldan tələb etdi ki, Romanı xilas etsin
və tiranı edam etsin. Konsul bu təkliflə razılaşmadıqda, Nazika dedi: "Əgər
hakimiyyətin ali nümayəndəsi respublikaya xəyanət edirsə, onda hamıya, kim
qanunçuluğu hifz etməyə kömək etmək istəyirsə, mənim arxamca gəlməyi təklif
edirəm". Bu sözlərlə də o, toqasını başına çəkib Kapitoliyə cumdu. Onun arxasınca
çoxları gedirdi. Adamlar da senatorlara qoşuldular və əllərində oturacaq qırıqları,
bıçaq Tiberinin üstünə hücum çəkdilər. Tribunu müdafiə edənlərin bəziləri döyüldü,
bəziləri öldürüldü, qalanlar isə qaçmağa başladılar. Tiberi qaçanda, kimsə onun
paltarından yapışdı, bu vaxt o toqasını açdı və qaçanda büdrəyib yıxıldı, qalxanda
tribunlardan biri - Publi Saturey onun başına zərbə endirdi. İlk zərbə oturacağın ayağı
ilə vurulmuşdu. Beləliklə Tiberi öldürüldü və bu iğtişaşda üç yüzdən artıq adam
öldürüldü. Tiberi Qrakxın bəlkə də ona böyük şöhrət gətirə biləcək ömrü belə vaxtsız
başa çatdı. Bu hadisə 133-cü ildə baş verdi. Bu vaxt onun 29 yaşı var idi.
Publi Stsipion Emilian öz qaynı Tiberinin öldürüldüyünü eşitdikdə və ondan
bu qətlə münasibəti soruşulduqda demişdi ki, əgər onun dövləti ələ keçirmək
məqsədi var imişsə, düzgün olaraq öldürülmüşdür. Bu yığıncağın hiddətinə səbəb
olduqda, Karfageni və Numantsiyanı dağıtması ilə şöhrət qazanmış Stsipion uca səslə
bildirdi ki, o, silahlı düşmənlərinin harayından heç vaxt qorxmadığı halda, İtaliyanın
onlara ögey ana olduğu adamlar onu qorxuda bilərmi?
Elə bu dövrdə Perqam çarı Attal vəfat etdi və ölkəsini Roma xalqına vəsiyyət
etdi, bundan 60 il sonra Vifiniya çarı IV Nikomed də belə bir hərəkət etdi.
Yunanıstan və Makedoniya zəbt edildikdən, Selevkidlər dövləti məğlub olduqdan
sonra Kiçik Asiya əraziləri tədricən Roma ağalığına keçirdi.
Bu hadisələrdən on il sonra Tiberinin kiçik qardaşı Qay Qrakx məhz belə bir
mübarizəyə qoşuldu. Qay igidlikdə qardaşına çox oxşasa da, istedadda və natiqlik
qabiliyyətində ondan üstün idi. Öz qabiliyyətinə görə, o, dövləti idarə edə bilərdi,
lakin qisasçılıq hissindən, yaxud da çar hakimiyyətinə yiyələnmək məqsədilə o,
qardaşı kimi xalq tribunu oldu. O, qardaşı Tiberidən doqquz yaş kiçik idi. Plutarxın
yazdığına görə o, siyasi fəaliyyətə öz seçiminə görə deyil, zərurət üzündən
74
başlamışdı. Tsitseron belə danışırmış ki, ictimai həyatdan kənarda qalan Qay
yuxuda qardaşını görür və Tiberi ona deyir: "Niyə ləngiyirsən, Qay? Geri
çəkilməyə yer yoxdur, hər ikimizə xalqın rifahı naminə mübarizədə eyni həyat, eyni
ölüm qismətdir".
Qay Qranxın təklif etdiyi qanunlarda Tiberi qanunlarında olduğu kimi ən kasıb
vətəndaşlara torpaq verilməsi, əsgərlərə dövlət hesabına paltar verilməsi, 17 yaşından
aşağı olan gənclərin orduda xidmətə çağırılmaması, italiklərə Roma vətəndaşları kimi
səsvermə hüququ verilməsi nəzərdə tutulurdu. Qanuna görə kasıb vətəndaşlar üçün
çörəyin qiyməti aşağı salınırdı, məhkəmə haqqındakı qanuna görə senatorlar nüfuzun
xeyli hissəsindən məhrum olurdu. Senator hakimlərin sayı qədər (onlar 300 idi),
atlılardan da hakim seçildi və 600 nəfərdən ibarət qarışıq məhkəmə təsis edildi.
Atlılar zümrəsi senatorlardan sonra gəlirdi və bu zümrəyə ticarət-maliyyə əyanları
daxil idi.
Qay əvvəlki qaydanın əksinə olaraq ilk dəfə arxasını senata, üzünü meydana
tutub çıxış etməyə başladı, bununla o, aristokratik quruluşa demokratik çalar vermək
istəyirdi. Məhkəmələr senatorlardan atlıların əlinə keçəndə, Qay belə demişdi: "Bir
zərbə ilə senatı məhv etdim".
Qay yunanlardan fərqli olaraq, perslər kimi ox tək düz yollar tikdirməyə
başladı. Qədim yunanlar yolu təbiətin bir hissəsi hesab edib, onu dərələrdən,
təpələrdən keçməklə əyri, burulmuş qaydada çəkirdilər, perslər isə orduya təminatı
sürətlə çatdırmaq üçün düz yollar tikmək qaydasını qoymuşdular. Qayın tikdirdiyi
yollarda viaduklardan istifadə edildiyindən, yollar həmişə bir səviyyədə alınırdı.
Oktavi öz planlarını həyata keçirməkdə Tiberiyə mane olduğu kimi, varlılar
Qayın əleyhinə onun tribun yoldaşı Livi Druzdan istifadə etməyə başladılar. Druz
onların tələblərinə boyun əyərək tribun hakimiyyətini senatın sərəncamına verdi.
Druz öz qanun layihələri ilə xalqın hörmətini qazanmağa çalışırdı və heç bir şəxsi
təmənna irəli sürmürdü. O, Qayın dostu, triumvirlərdən biri olan Fulvini camaatın
gözündən salırdı ki, guya müttəfiqləri Roma əleyhinə qaldırır və italikləri qiyama
sövq edir. Fulvi özü də hərəkətləri ilə belə danışıqlara bəhanə verirdi. Bundan başqa
konsul seçilməyə can atan Opimi Qayı devirməyi qarşısına məqsəd qoymuşdu. Qay
əhalini qanunları müzakirə etmək üçün xalq yığıncağına dəvət etdikdə, Senat konsulu
dilə tutur ki, romalı olmayanları şəhərdən çıxarsın. Qay konsulun bu hərəkətinə etiraz
etdi və söz verdi ki, müttəfiqlər qalsa, onlara kömək edəcəkdir. Lakin o, bu sözünə
əməl etmədi. Tanışlarından birini liktorlar tutduqda isə o, bu işə qarışmadı. Bundan
başqa qladiator döyüşü üçün meydanın kənarında pullu taxta oturacaqlar
hazırlananda, Qay bunları gecə ikən götürtdürdü ki, kasıblar döyüşə pulsuz baxsınlar.
Bu hərəkətinə görə o, üçüncü dəfə tribun seçilmədi. Səslərin çoxunu qazandığı halda,
tribunlar yalana əl atdılar və səslərin sayılmasının nəticəsini saxta elan etdilər. Qay
bu haqsızlıqlara dözə bilmirdi.
Ona düşmən olan tərəf Opimini konsul keçirməyə nail olduqda, Qayın qəbul
etdirdiyi qanunların çoxunu ləğv etdilər, onun Karfagendə apardığı işləri də təftiş
etməyə başladılar. Bununla onu hirsləndirmək istəyir və onu elə xətalar etməyə vadar
edirdilər ki, bundan onu öldürmək üçün bəhanə kimi istifadə etsinlər. O, əvvəlcə bu
fitnəkarlıqlara uymurdu, lakin dostlarının, xüsusilə Fulvinin təhriki ilə özünə
75
tərəfdarlar toplamağa başladı. Onun anasının da bu təhriklərdə iştirak etdiyi
göstərilir, başqaları isə Korneliyanın buna narazı olduğunu söyləyir.
Opimi Qayın qoşunlarını ləğv etmək istədiyi gün, hər iki partiya səhər tezdən
Kapitoliyə toplaşdı. Opimi həm Qayı, həm də onun dostu Fulvi Flakkı öldürmək
istəyirdi. Flakk öz böyük oğlu ilə birlikdə Aventin təpəsində silahlı tərəfdarlarını
yığanda öldürüldü. Qay Qranx isə qaçan vaxt Opiminin göndərdiyi adamlar
tərəfindən təqib edildiyini gördükdə, öz qulu Evpora əmr etdi və öz boynunu
vurdurdu. Qay belə özünə sui-qəsdlə həyatdan getdi ki, düşmən əlinə keçməsin. Bu
hadisə 121-ci ildə oldu. Qay 32 yaşında həyatdan getdi. Romalı atlı Pomponi də
həmin gün bir mərdlik və dosta sədaqət nümunəsi göstərdi. O, Qayı təqib edənlərin
körpüdə qabağını kəsib, sonra isə qılıncla özünü öldürdü,
Qaliblər, əslində isə qatillər Tiberi kimi, Qayın da cəsədini dəfn edilməyə
qoymayıb, qəddarlıqla Tibr çayına atdılar. Xalq Qayla Flakkın evini qarət etməyə
başladı. Opiminin ürəyi bununla da soyumadı. O, Fulvi Flakkın gənc, 18 yaşına
çatmamış oğlunu öldürtdü. Sonra Qayın dostlarının və klientlərinin təqib olunması
başlandı. İlk dəfə diktator səlahiyyəti əldə etmiş Roma konsulu Opimi məhkəməsiz
üç min vətəndaş öldürtdü. Lakin sonralar o, özü də etdiyi haqsızlıqların altını çəkməli
oldu. O, pula olan tamah qarşısında öz zəifliyini göstərdi və buna görə də özünü
biabır etdi. O, Numidiya çarı Yuqurtanın yanına elçi kimi göndərilərkən, çar
tərəfindən pulla ələ alındı və böyük biabırçılıqla rüşvətxorluğa görə mühakimə
olundu. Şərəfini itirmiş bu adam xalqın nifrət etdiyi bir şəraitdə qocaldı və qoca
vaxtında Qrakx qardaşlarının ölümünə peşiman oldu. Opimidən heç bir xatirə
qalmadı, romalılar isə Qrakx qardaşlarına şəhərin ən yaxşı hissələrindən birində
heykəl qoydu.
Lakin Qrakx qardaşlarının hərəkatı aqrar sahədə islahatlar aparılmasına nail
ola bilmədi və bu islahatlar cəhdi uğursuzluqla, ölkədə siyasi böhran yaranması ilə
nəticələndi. Onlar irəli baxmaq əvəzinə geriyə baxırdılar və yunan nümunəsi əsasında
demokratik idarəetmə quruluşu yaratmaq, hər yoxsula torpaq payı bəxş etməklə
keçmiş dövrlərin "Kəndli dövlətini" bərpa etmək istəyirdilər. Sonrakı bütün tarix
boyu digər torpaq islahatları da Romada asanlıqla gedə bilmədi, çünki bu islahatlar
cəmiyyətin bütün siniflərinin və təbəqələrinin mənafeyinə toxunurdu. Digər tərəfdən
qardaşlar özləri şər kimi hesab etmədikləri zorakılığın qurbanı oldular. Qay Qrakx
özü demişdi ki, "xəncərlərin köməyi ilə nəciblər bir-birini didəcəklər".
|