RESPUBLİKA HAKİMİYYƏTİ VƏ ROMA QANUNVERİCİLİYİ
Monarxiyanın sonu ilə respublika quruluşu tədricən öz formasını almağa
başladı. Romalıların praqmatizmi onlara hakimiyyətlərin bütöv seriyasını yaratmağa
imkan verdi. Bu yolla onlar bir hakimiyyətin digəri ilə tarazlığını yaradırdılar ki,
dövlət öz fəaliyyətində maksimum səmərə əldə etsin. Hakimiyyət senat, xalq
yığıncağı və müxtəlif dərəcəli əhəmiyyətə malik olan magistratlar arasında
bölünürdü. Mahiyyətcə oliqarxik respublika quruluşu öz formasını aldı, burada idarə
edən sinif olan nobilitet ardıcıl olaraq özünün üstün mövqelərini saxlayırdı.
Çarlıq devrildikdən sonra ilk dəfə ali hakimiyyətin qolu kimi Böyük Pretor
Mark Horatsi bu vəzifəni 509-cu ildə Kapitoli məbədində qəbul etdi. Tezliklə Böyük
Pretor yolu kollegial sistemə güzəştə getdi. Bu sistemdə seçilən iki konsul bir illiyyə
imperiuma şərik oldu. Kollegiallıq və xidmət müddətinin məhdudlaşdırılması
respublika quruluşu üçün xarakterik idi və tiraniya, ya mütləqiyyətin yenidən
meydana çıxmasının qarşısını səmərəli qaydada alırdı.
Göründüyü kimi plebeylər əvvəldən konsulluqdan kənar edilməmişdilər, lakin
patritsilər tezliklə rütbələri tutdular və yüksək magistrata kiminsə çıxmasını müstəsna
dərəcədə çətinləşdirdilər.
V əsrin ortalarında plebeylərin təzyiqi nəticəsində patritsilər magistrat
hakimiyyəti olan hərbi tribunatı yaratmağa məcbur oldular. Bu vəzifə plebeylərə
magistrat yönlü hakimiyyət yolunu açırdı. IV əsrin ortalarına qədər konsulat isə
yalnız patritsilər üçün açıq qaldı. Bu vaxt qanun qəbul edildi, bu qanuna görə iki
konsuldan biri plebey olmalı idi. Lakin həmin vaxtlar patritsilər və plebeylər
arasındakı qədim fərq aydın nəzərə çarpmırdı, bir qədər malalanmışdı və yeni
nobilitet siyasi səhnənin qabaq hissəsini tutub, öz inhisarına aldı.
Milli fövqəladə hadisə vaxtı ikili konsulluqdan əl çəkilirdi və onun yerini
diktator tuturdu. Faktiki olaraq Senatın təşəbbüsü ilə iki konsuldan biri diktator təyin
olunurdu və o, digər magistratlara qoyulan məhdudiyyətlərdən azad idi. Diktator
imperiumu qeyri-məhdud idi, yalnız altı aylığa ona etibar edilirdi. Bundan sonra o,
öz hakimiyyətini təhvil verirdi. Tsinsinnat barədəki əhvalatda olduğu kimi, ekvlərə
qarşı müharibə vaxtı o, diktator təyin edilmişdi, müharibə başa çatdıqdan sonra isə öz
fermasına qayıtmışdı. Diktator öz seçimi ilə təyin edilən süvari komandanına
arxalanırdı. O da diktatorla eyni vaxtda vəzifəsindən istefa verirdi. Bu xüsusi
magistrat formasından nadir hallarda istifadə olunurdu.
Pretor şəhərdə ədliyyə inzibatçılığı üçün cavabdeh idi. III əsrin ikinci
yarısından Romanın böyüməsi və işğallar digər pretorları da əmələ gətirdi. Onlar
əyalətlərdə hüquq məsələləri üzrə inzibatçılıq edirdilər.
Çar Servi Tullinin vaxtında ilk dəfə olaraq vətəndaşların və onların
mülkiyyətinin siyahıya alınması keçirildi. 433-cu ildən başlayaraq bu məqsədlə hər 5
ildə iki senzor seçilirdi. Onlar həm də əxlaq məsələləri ilə məşğul olurdular. Bu
onları, hörmət edilən və mühüm şəxsiyyətlərə çevirirdi.
Dörd edil kolleqası şəhərdə ictimai qaydanı bərpa edirdi, həm də abidələrlə və
oyunların təşkili ilə məşğul olurdu.
Respublika Romasının siyasi həyatında Senat xalq yığıncağından və
magistratlardan əlavə üçüncü elementi təmsil edirdi. Onun nüfuzu çox yüksək
32
olmaqla, onun təsiri davam edən əhəmiyyətə malik idi. Respublika senatı çar
dövrünün senatının varisi idi. Çar epoxasının senatı Romulun qoyduğu ənənəyə görə
ən nüfüzlu ailə atalarını bir yerə yığmışdı. Çar dövrünün senatı çarın namizədliyini
irəli sürmək məsuliyyətini daşıyırdı və heç şübhəsiz onun daimi məsləhətçisi olurdu.
Senatın üzvü artıq aristokrat olmaqla, səmərəli mənəvi gucə malik olurdu və bu
onların hərəkətinə vəzn verməklə yanaşı, onların şəxsiyyətini vətəndaşların gözündə
qeyri-adi dərəcədə qaldırırdı.
Senat əvvəlcə patritsi tayfalarının başçılarından təşkil edilirdi. Lakin tezliklə
öz tərkibinə şəhərin bütün keçmiş magistratlarını daxil etdi, onların adı siyahıya daxil
edilirdi və beləliklə onlar conscripti-yə çevrilirdilər. Əvvəlcə senatorlar konsullar
tərəfindən, sonralar isə senzorlar tərəfindən təyin edilirdi. Beləliklə, senatın
tərkibinin dəyişdirilməsi yalnız hər beş ildən bir baş verirdi. Bu vaxt yeni senzorlar
seçilirdi. Senatorlar ömürlük bu vəzifəni tuturdu.
Senatın aristokratları özlərini bütün sahələrdə nümayiş etdirirdilər.
Respublikanın ilk illərində xalq yığıncaqlarında qanunlar səsə qoyulduqdan və qəbul
edildikdən sonra, senat tərəfindən bəyənilirdi. Lakin m.ə. IV əsrin ikinci yarısından
senat xalq yığıncağından sonra hərəkət etmək əvəzinə, xalqın səsveməsini
qabaqlayırdı. Qanunları təklif etmək təşəbbüsü hüququ ilə senat sanksiyası öz
məqsədinə çatırdı. Senatın rəyləri vaxtında qanun qüvvəsini alırdı.
Senat həmçinin xarici işlərdə böyük hakimiyyətə malik idi. Əcnəbi
hakimiyyətlərin səfirləri özlərini onun qarşısında təqdim edirdilər və senat xarici
ölkələrə göndərilmək üçün elçiləri seçirdi. Hər şeydən əlavə, ictimai maliyyə
vəsaitləri dövlət xəzinəsinə daxil olan vaxtdan ona ali nəzarəti həyata keçirirdi və
məsrəflər və vergilər barədə son qərarı verirdi.
Senatorlar böyük malikanə mülkiyyətçiləri idi, həm də fərasətli, səriştəli
inzibatçılar idi. İşğallar vaxtı onlar üçün həqiqi çətinliklər qalxdı, çünki işğallar
onlara idarə etmək üçün təkcə şəhər və ölkələr vermirdi, həm də əsl imperiyanın
inzibatçılığını həyata keçirmək lazım gəlirdi.
Respublikanın ilk iki əsrində plebeylər ardı kəsilməyən cəhdlər edirdilər ki,
iddia etdikləri siyasi mövqeləri ələ alsınlar və patritsilərin möhkəm yapışdıqları
imtiyazları mütərəqqi qaydada parçalayıb, onların bir hissəsinə sahib olsunlar.
Mübarizə həm iqtisadi, həm də mülki səviyyələrdə gedirdi. Plebeylər ictimai
torpaqların genişləndirilməsini istəyirdilər. Bu, böyük mülkiyyətçilərin nüfuzu
altında olan torpaqların onların istifadəsinə verilməsinə yol açırdı. İctimai torpaqlar
Roma ordularının tədrici işğallarının nəticəsi kimi ardıcıl olaraq genişlənirdi.
Patritsilər və plebeylər arasındakı uzun münaqişə çoxlu dəyişikliklərdən
keçirdi. Respublikanın ilk onilliklərində plebeylər dövlətin içərisindəki dövlət
formasında özlərini təşkil etməyə qadir idilər. Respublikanın birliyi bütünlüklə
dəstəklənirdi, lakin bu onun mövcudluğunun bünövrəsinə qorxu yaradan ciddi
böhran baş verənə qədər davam etmədi.
Plebeylərin təşkilatlanması və müdafiə olunması prosesi açıq şəkildə baş
verirdi. Respublikanın başlanğıcı dövründə, 493-492-ci illərdə ənənəyə müvafiq
olaraq, plebeylər hərbi kampaniyadan silahla qayıdaraq Müqəddəs Təpəni tutdular və
Senatı məcbur etdilər ki, bütün şəraitlərdə plebsi müdafiə etməyə qadir olan
magistrat vəzifələrini onlara versin. Plebsin tribunları toxunulmaz və müqəddəs idi
33
və icra hakimiyyətinin mümkün fəaliyyətindən plebeylərə təhlükə yaransaydı, onlara
kömək edə bilərdi. Onlar həmçinin veto hüququna malik idilər, bu səlahiyyətlə onlar
konsulların, senatın, xalq yığıncağının qəbul etdiyi qərarın, əgər plebs üçün haqlı
olmayaraq zərərli olması müəyyən edilsəydi, onun həyata keçirilməsinin qarşısının
alınmasını xahiş edə bilərdi.
Edillər isə məbədləri himayə etmək, arxivləri qorumaq və bazalarda qayda
yaratmaq üçün yaradılmışdı.
Adi qaydada olan magistratlardan (bir illiyə seçilən və yalnız onlara məxsus
olan vəzifə borclarını yerinə yetirənlər) ən aşağı həlqə kvestorlar idi. Əvvəlcə 4, m.ə.
II əsrdə 8, b.e. I əsrində isə 20 kvestor seçilirdi. Kvestorlar xəzinəyə müdirlik edir,
mədaxil və məxaric üzrə maliyyə kitablarını aparır, hərbi yürüşlərdə konsulları
müşayiət edir, əsirlərin satışı və hərbi qənimətin uçotu ilə məşğul olurdular.
Roma respublika quruluşu təşəkkül tapdıqca dövlətin idarə edilməsinə imkan
verən əsas amillər də formalaşmağa başladı. Aristokratiya çarlıqdan ciddi surətdə
fərqləndiyinə görə, bu quruluşu möhkəmləndirmək və qorumaq üçün qanunlar lazım
idi. Romalılar artıq Afina arxontu Solonun hələ m.ə. VI əsrin əvvəlində qanun
yaratdığından, islahatlar keçirərək tayfa quruluşu qalıqlarını məhv etdiyindən
xəbərdar idilər. Solon qanunlarını öyrənmək üçün onlar V əsrdə Afinaya öz
nümaynədələrini də göndərmişdilər. Yeni yaranan quruluşunun zəruri ehtiyacları,
yunanların qanun yaradıcılığının müsbət təsiri romalıları qanun toplusu yaratmağa
sövq etdi. Respublika quruluşunun faktiki olaraq patritsilər yaratmışdılar və onlar öz
hakimiyyətini möhkəmləndirmək, çarlığın bərpa olunmasının qarşısını almaq və
buna imkan yaradan tayfa quruluşunun bəzi elementlərini saxlamaqla yanaşı, onun
aparıcı təsirini məhv etmək üçün XII cədvəl qanunları adlanan qanunlar kodeksini
meydana gətirdilər. Belə güman edilir ki, XII cədvəl qanunvericiliyi m.ə. 451-450-ci
illərdə yaranmışdır. Onu bu məqsəd üçün seçilmiş, Appi Klavdinin başçılıq etdiyi on
qulluqçu tərtib etmişdi. Bu qanunlar arxaik dövrün elementləri ilə, yeni dövrün
tələblərindən irəli gələn hüquqi normaların sintezi idi. Bu qanunlarda ibtidai dövrün
qalıqları da, çar qanunlarının tələbləri də öz əksini tapırdı. Ona görə də bu qanunlarda
qəddarlıq heç də az yer tutmurdu və bəzi məsələlərdə hətta yunanların Drakon
qanunlarından da sərt xarakter daşıyırdı. Belə ki, Drakont hər cür əmlak oğurluğuna
görə, istər bu qiymətli bir şey, yaxud bostandan məhsul oğurlamaq olsun, ölüm
hökmü nəzərdə tuturdusa, XII cədvəl qanunlarında klient münasibətlərində sədaqəti
pozmağa görə ölüm cəzası nəzərdə tutulurdu. Romalıların qanunu eybəcər uşaqların
öldürülməsinə icazə verirdi. Qanunlarda o dövrki Roma cəmiyyətinin sosial şəraiti
də, müxtəlif mülkiyyət formaları da öz əksini tapır. Qanunları daha yaxşı
öyrənməkdə roma hüquqçularının nəzəri əsərləri olan Diqestlər böyük əhəmiyyətə
malikdir, onlar təkcə Roma hüququnu izah etməklə kifayətlənmir, onun yaranma
tarixini də geniş təsvir edirlər. Ona görə də Diqestlərin müəllifləri, həmçinin bir çox
Roma mütəfəkkirləri On iki cədvəl qanunları barədə geniş məlumat verirlər.
Məsələn. Tsitseron "Qanunlar haqqıda" kitabında göstərir ki, kimsə "həyatdan elə
asanlıqla məhrum edildi ki, necə ki, XII cədvəl qanununa görə çox eybəcər körpə
məhv edilirdi". Yaxud böyük hüquqçu Qay yazır ki, əcdadlarımız deyirdilər ki, hətta
həddi-buluğa çatmış qadınlar da onlarda olan yelbeyinliyə görə himayə altında
olmalıdır, XII cədvəl qanunu da belə qərara gəlmişdi. Tsitseronun qeyd etdiyi maddə
34
VI cədvələ, Qayın nəql etdiyi isə V cədvələ aid idi. Görkəmli hüquqçu Ulpian yazır
ki, XII cədvəl qanununa görə bədxərcə, israfçıya ona məxsus olan əmlakı idarə
etmək qadağan olunurdu. Yaxud Tsitseron yazır ki, sahiblik müddəti torpaq sahəsinə
görə iki il, bütün başqa əşyalara görə bir il müəyyən edilirdi. Ulpian yazır ki. XII
cədvəl qanunu göstəriş verirdi ki, 15 fut hündürlüyündə olan ağacların yuxarısı
kəsilsin ki, qonşu sahəyə ziyan vurmasın. Tsitseron "Dövlət haqqında" əsərində qeyd
edir ki, XII cədvəl qanunu az sayda cinayət əməlinə görə ölüm hökmü qoymuşdu və
o cümlədən kimsə başqasına böhtan xarakterli və ya onu biabır edən mahnılar
qoşduqda və oxuduqda bu cəzanı tətbiq etməyi zəruri sayırdı. Və yaxud, kim
başqasına xətər yetirsə və zərər çəkənlə barışmamışdırsa, ona da eyni xətər
yetiriləcəkdir. Sonuncu qanun maddəsində biz tayfa cəmiyyətindən qalmış Talion
qanununun bir başa XII cədvəl qanunlarına daxil edildiyinin şahidi oluruq. Ulpian
qeyd edir ki, kim ev heyvanının ona ziyan vurmasından şikayət edirsə, XII cədvəl
qanunu müəyyən edirdi ki, ya zərərçəkənə həmin mal-qara verilməlidir, yaxud da
onun sahibi dəyən zərərin əvəzini ödəməlidir.
Böyük Plini özünün "Təbiət tarixi" əsərində yazır ki, XII cədvəl qanunlarına
görə yaşlı adam üçün kotanla işlənmiş tarlada məhsulu gecə vaxtı otartmaq və ya
biçmək ölümcül günah hesab olunurdu. Qay xəbər verir ki, XII cədvəl qanunu belə
qayda qoyurdu ki, kim tikilini və ya evin yanında yığılmış taxıl tayasını qəsdən
yandırırdısa, onu qandala salıb döymək və sonra öldürmək lazımdır. Yanğın
ehtiyatsızlıqdan baş verdikdə isə təqsirkar dəyən ziyanı ödəməli, buna maddi imkanı
olmadıqda, daha yüngül cəza tətbiq edilməlidir. Böyük Plini məlumat verir ki, XII
cədvəl qanununa görə gecə vaxtı oğurluq edən yerindəcə öldürülmüşdürsə, onun
ölümü qanunauyğun sayılacaqdır. Qay bildirir ki, XII cədvəl qanununa görə
müddətindən asılı olmayaraq, oğurlanmış şeyi əldə etmək qadağandır. Böyük Katon
isə yazır ki, bizim əcdadlarımız belə bir qayda qoymuşdular və bu qanunda təsbit
olundu ki, oğrudan oğurladığı əşyanın dəyərinin iki misli məbləğini ödətdirmək,
sələmçidən isə alınan faizlərin dörd misli həcmində pul almaq lazımdır.
Pavel xəbər verir ki, XII cədvəl qanununa görə saxlanmağa qoyulmuş əşyaya
görə onun dəyərinin ikiqatı həcmində iddia edilməlidir. Böyük Plini yazır ki, XII
cədvəl qanununa görə məhsulun gizli məhv edilməsindən ötəri, insan qətlinə görə
olduğundan daha ağır ölüm cəzası tətbiq edilirdi. Qay maraqlı bir məlumat verir ki,
əgər kimsə zəhərdən danışırsa, onun səhhət üçün zərərli və ya faydalı olduğunu əlavə
etməlidir, çünki dərman özü də zəhərdir.
Martsian yazır ki, XII cədvəl qanununa görə kim roma xalqının düşmənini
Roma dövləti üzərinə hücuma təhrik edirsə və ya o adam ki roma vətəndaşını
düşmənə verir, o, ölüm cəzasına məhkum olunmalıdır. Silvian isə müasir insan
hüquqlarının bünövrəsindən nişan verən bir hüquqi norma haqqında xəbər verir və
göstərir ki, XII cədvəlin tələbinə görə hər hansı bir adamı məhkəməsiz həyatdan
məhrum etmək qadağandır.
XII cədvəl qanununlarında mülki məsələlərə, mülkiyyət münasibətlərinə, ailə,
nikah, qula münasibət məsələlərinə geniş yer verilir və cəmiyyətin əsas sinifləri və
qrupları arasındakı münasibətlər nizamlanır. Bu qanunda xalqın əsas hüquq subyekti
olduğu bir daha qeyd edilir və göstərilir ki, xalq yığıncağının qəbul etdiyi hər bir
qərar qanun gücünə malikdir.
35
Diqestlər On iki cədvəl qanunlarının yaranması haqqında da maraqlı məlumat
verir. Çar qovulduqdan sonra tribunların təklifi ilə əvvəlki çar qanunları öz
əhəmiyyətini itirdi və artıq qanun gücünə malik olmadığı üçün roma xalqı yenidən
qoyulmamış qaydalardan və adətlərdən istifadə etməyə başladı və bu iyirmi il davam
etdi. Bunun sonralar da davam etməməsi üçün roma xalqının qərarı ilə on adam təyin
edilməsi qərara alındı ki, onlar yunan polislərinin qanunlarından iqtibas etsinlər,
onlardan lazım olanları götürsünlər ki, Roma polisi də möhkəmlənsin. Bu qanunlar
mis lövhələrə yazılıb Forumda natiq tribunasının qarşısında qoyuldu ki, adamlar
bunları yaxşı görsünlər. Həmin on adama, detsemvirlərə icazə verildi ki, lazım
gəldikdə onları təshih və izah etsinlər. Bu vaxt onlar gördülər ki, ilkin qanunlarda
nəsə çatmır, ona görə də sonrakı il, əvvəlkilərə iki əlavə cədvəli də əlavə etdilər.
Buna görə də bu qanunlar On iki cədvəl qanunu adını aldı. Qanunlar Roma
dövlətinin möhkəmlənməsinə xidmət etməyə başladı.
Bu dövrdə baş verən digər hadisələrə gəldikdə, Romanın görkəmli
şəxsiyyətlərindən biri, şəhəri qalların istilasından xilas edən Mark Furi Kamillin
əməllərini ayrıca qeyd etmək lazımdır. Əlbəttə, ondan bir qədər əvvəl Roma tarixində
təvazökarlıq və sadəlik rəmzi kimi tanınan Kvinkti Tsintsinnat (460-cı ildə o, konsul,
450-ci və 439-cu illərdə diktator olmuşdu) igidliyinə, vətəndaşlıq borcuna sədaqətinə
görə ən məşhur şəxsiyyətlər arasında özünə yer tapmışdır. O, Vatikanda olan dörd
yugerlik (1 ha) sahəsini kotanla becərməklə məşğul olanda, müharibə başlanan kimi
romalılar onu diktator seçirdi, müharibəni zəfərlə başa vurduqdan sonra Tsintsinnat
könüllü olaraq diktatorluqdan imtina edib, yenidən atasından qalan həmin torpaq
sahəsində öz kotanı ilə işləməyə qayıdırdı. Furi Kamill isə vətənə dönməz sədaqəti,
yüksək sərkərdəlik qabiliyyəti və ədaləti ilə seçilir. O, təkcə Romanı yadelli
işğalçılardan azad etməmişdir. Həm də bu şəhərdə qaraguruhun diktaturasının
yaranmasının qarşısını cəsarətlə almışdır.
Furi Kamill bir sərkərdə kimi çoxlu məşhur qələbələr çalmış, beş dəfə diktator
seçilmiş, dörd dəfə triumf qeyd etmişdir. Vətən qarşısında əvəzolunmaz xidmətlərinə
görə o, "Romanın ikinci əsasını qoyan" ləqəbini almışdı.
M.ə. IV əsrin əvvəllərində senatla mübahisə edən xalq konsulları seçmədi və
dövlətdə ali hakimiyyəti öz seçdikləri hərbi tribunlara verdi. Bütünlükdə onların
səlahiyyətləri konsulların hüquq və vəzifələrinə bərabər idi. Bu dövrdə hərbi tribun
Kamill böyük şöhrət qazanmışdı. Zəkasına görə o, başqalarından yüksəkdə
durduğundan, qələbənin şöhrəti daim ona qismət olurdu. O, senzor olan vaxt
(senzorların əsas vəzifəsi əhalinin siyahıya alınmasını keçirmək, senat üzvlərinin
siyahısını nəzərdən keçirmək, verginin daxil olmasına nəzarət etmək, dövlət
gəlirlərini kiminsə ixtiyarına tapşırmaq və vətəndaşların davranışına və
xasiyyətlərinə, adətlərinə nəzarət etmək idi) cərimə qorxusu ilə cavanları məcbur
edirdi ki, müharibələr nəticəsində sayı çoxalmış dul qadınlara evlənsinlər. Sonra o,
əvvəllər vergi verməyən yetimlərin üzərinə vergi qoydu.
Onun igidliyindən daha çox, ədalətli və bu ədalətinin vasitəsilə ən güclü
düşmənə qan axıtmadan qalib gəlməsi, Falisk şəhəri Faleriyanın alınmasında özünü
göstərdi. Daha böyük olan Veyi isə o vaxtlar Etruriyanın ən gözəl şəhəri hesab
olunurdu. Ordusunun say tərkibinə gəldikdə Veyi heç də Romadan geri qalmırdı. İki
şəhər bir-biri ilə şöhrət və hakimiyyət uğrunda mübarizə aparırdı. Bu şəhərin uca
36
divarları var idi və onun müdafiəsinə bu divarlar çox kömək edirdi. Roma ilə
müharibə yeddi il idi ki, davam edirdi. Romalılar Veyini mühasirədə saxlayırdılar.
Lakin heç bir nəticə əldə olunmurdu. Veyinin mühasirəsi 405-ci ildə başlayıb,
Troyanın mühasirəsi kimi on il davam etdi. Müharibənin onuncu ili senat bütün
magistratları ləğv edib, bu dövrdə başqa etrusk şəhərləri ilə vuruşan Kamilli diktator
seçdi. Kamill başa düşdü ki, şəhəri hücumla almaq mümkün olmayacaqdır,
mühasirəni davam etdirməklə yanaşı, şəhərin divar dibindən lağım açmağa başladı.
Ətraf relyef bu işi gözə çarpmadan aparmağa imkan verirdi. Yeraltı yolla romalılar
şəhərə daxil olub, onu qarət etməyə başladılar. Bu səhnə Kamilli çox mütəəssir etdi
və o, ciddi narazılığını bildirdi. Sərkərdə bildirdi ki, bu təntənənin bədbəxtliyini
romalılar çəkəcəkdir. Bu qələbəyə görə Kamill triumf qeyd etdi və dörd ağ at
qoşulmuş arabada Romaya gəldi. Lakin həmvətənlərinə Kamillin davranışı heç də
xoş gəlmirdi. Vətəndaşları iki yerə bölmək barədəki qanuna münasibətinə görə ona
qarşı xalqda nifrət oyandı. Xalq tribunları təklif etmişdilər ki, xalq və senat iki
bərabər hissəyə bölünsün, biri köhnə yerində qalsın, digəri isə zəbt edilmş Veyiyə
köçürülsün. Romalılar iki şəhərə malik olmaqla daha yaxşı müdafiə oluna bilərdilər.
Xalq bu təklifi böyük sevinclə qarşıladı, lakin senat və vətəndaşların ən yaxşı hissəsi
bu tədbirə bölünmə yox, Roma qüdrətinin məhv olması kimi baxırdılar. Qarşılıqlı
düşmənçiliyin yaranmasından ehtiyat edən Kamill qanunun təsdiq edilməsini təxirə
saldı və bu hərəkətinə görə xalq ona nifrət bəsləməyə başladı.
Bundan başqa o, geriyə yürüş etməmişdən əvvəl vəd etmişdi ki, qənimətin
onda bir hissəsini allahlara həsr edəcəkdir, lakin o, bütün qəniməti əsgərlərə
verdiyindən, bunu da etməmişdi. Belə vəziyyətdə o, diktator səlahiyyətlərindən əl
çəkdi. Əsgərlər də artıq hər şeyi xərcləyib qurtardıqlarından, heç nə yığa bilmədilər,
buna görə ona qarşı hiddətləndilər.
Romalılar indi falisklərlə müharibə aparmalı oldular. Altı hərbi tribundan biri
seçilən Kamill Faleriya şəhərini mühasirəyə aldı. Şəhərlilər öz istehkamlarına
arxayın olub, mühasirəyə elə də fikir vermirdilər. Şəhərdəki məktəbin müəllimi
uşaqları şəhər divarlarından kənara çıxarıb, gimnastika məşğələsi keçirdi. Bu
müəllim öz şəhərinə xəyanət etməyi fikirləşmişdi və bundan ötrü uşaqlardan istifadə
etməyi qərara aldı. Bir dəfə gəzinti vaxtı o, uşaqlarla Roma hərbi postuna yaxınlaşdı
və onu Kamillin yanına aparmağı xahiş etdi. O, Kamillə dedi ki, şəhəri ona vermək
üçün gəlmişdir. Kamill onun hərəkətindən hiddətləndi və ətrafındakılara dedi ki,
müharibə şərdir, müharibəni ədalətsizlik və zorakılığın köməyi ilə aparırlar, lakin
namuslu adamlar üçün müharibədə də bəzi qanunlar mövcuddur. Əgər qələbənin
faydası alçaqlıq və cinayət yolu ilə əldə edilirsə, ona can atmaq olmaz. Böyük
sərkərdə öz igidliyinə arxalanaraq müharibəni aparmalıdır, başqalarının öz borcuna
xəyanətinə bel bağlamamalıdır. O, liktorlarına əmr etdi ki, satqını soyundurub
qollarını bağlasınlar, uşaqlara isə çubuq versinlər ki, onu döyə-döyə şəhərə
aparsınlar. Şəhər sakinləri bunu eşitdikdə vahiməyə gəldilər. Lakin onlar uşaqlarını
gördükdə, Kamilli özlərinin xilaskarı, atası və Allahı adlandırdılar. Bu ədalətli
hərəkətindən sonra şəhər vətəndaşlarında Kamillə hörmət və məhəbbət hissi yarandı
və onlar elçi göndərərək bildirdilər ki, təslim olurlar. Kamill bu elçiləri Romaya
göndərdi və senatda onlar dedilər ki, romalılar ədaləti qələbədən yüksək tutmaqla,
onları romalılara tabe olmağı azadlıqdan üstün tutmağa məcbur etdilər. Kamillin
37
alicənablığı beləcə qan axıtmadan onları məğlub etdi və romalılar faleriyalılarla sülh
bağladılar. Lakin bu heç də əsgərlərin xoşuna gəlmədi, çünki onlar şəhəri qarət
etməyə, çoxlu qənimət götürməyə ümid edirdilər.
Tribunlar yenə vətəndaşları yarı bölmək barədə qanunu təklif etdikdə, Kamill
xalqın, əslində isə qaraguruhun rəyinin əleyhinə çıxdı. Qanun təsdiq edilmədiyindən,
xalq Kamillə daha çox nifrət bəsləməyə başladı. Onu məhkəmədə etrusklardan
götürdüyü qəniməti gizlətməkdə günahlandırdılar. Buna görə də o, sürgünə yollandı.
Lakin bilməzdi ki, romalılar tezliklə peşiman olacaqlar, onların Kamillə ehtiyacı
olacaq və onun geri qayıtmasını arzu edəcəklər.
Tarix böyük şəxsiyyətlər haqqında yol verilən haqsızlığı sonralar düzəltməyə
məcbur olmuşdur. XX əsrin ən böyük şəxsiyyətlərindən biri olan Uinston Çörçill
bəzi səbəblərə görə liderlikdən uzaqlaşmalı olub, lakin ehtiyac duyulan kimi o, yenə
ön cərgədə dayanmağa çağırılıb. 30-cu illərin sonunda Bernard Şou və ledi Astor
Moskvaya gələndə Stalin onları qəbul edir və ondan heç xoşu gəlmədiyindən, ledi
Astor Çörçillin artıq sıradan çıxdığını söhbət əsnasında bildirdikdə, Stalin ona etiraz
edərək qeyd etmişdi ki, ingilis xalqı çətin, böhranlı anda köhnə döyüş atı kimi yenə
Çörçillə müraciət edəcəkdir. Doğrudan da, bu belə oldu. İngiltərə Faşist Almaniyası
ilə ölüm-dirim müharibəsi aparanda İcmalar Palatası 1940-ci ilin mayında Çörçilli
baş nazir təyin etdi və Faşist Almaniyası üzərində qələbədə onun böyük xidmətləri
oldu. Böyük Britaniya və onun müttəfiqləri İkinci Dünya müharibəsini zəfərlə başa
vurdular.
Roma tarixinə gəldikdə, bir qədər sonra, m.ə. 390-cı ildə (bəzi tarixçilərə görə
387-ci ildə) qallar Romaya hücum etdilər. Onlardan 16 əsr sonra gələn tatar-
monqollar kimi qalların sayı çox artdığından və öz ölkələri onları qida ilə təmin edə,
yedizdirə bilmədiyindən onlar başqa torpaqlar axtarırdılar. Onlar da gələcək tatar-
monqollar kimi orda halında, arvadları və uşaqları ilə bir yerdə hərbi yürüş edirdilər.
Bəzən belə də deyirlər ki, onlar şərabı daddıqdan sonra, onun ləzzətini görmüş və
üzüm yetişdirən İtaliya torpaqlarına girməyə can atmışdılar. Onlardan min illərdən
sonra gələn və ərazi varisləri olan fransızların dünyaya şərab istehsalı dərsi
verməsində, bəlkə həmin qalların da xidməti vardır.
Apennin yarımadasına girdikdən sonra onlar, etrusklar yaşayan bütün ərazini
tutmuşdular. Qallar etruskları qovur, bu torpaqlara sahib olurdular. Qalların başçısı
Brenn Kluziyaya hücum etdikdə, romalıların kluziyalılara kömək etdiyini görüb,
qoşunlarını Romaya tərəf apardı. Onsuz da Brenn romalılarla müharibə etmək üçün
bəhanə axtarırdı. Romalılar qalları qarşılamaq üçün şəhərdən kənara ordu çıxardılar,
lakin çox pis vuruşduqlarından, qallar tərəfindən məğlubiyyətə uğradıldılar. Əgər
qallar qaçan romalıları təqib etsəydilər, asanlıqla Romanı bütünlüklə yerlə yeksan
edərdilər. Romalılar şəhəri təmizlədilər, Kapitolini möhkəmləndirdilər və özlərinə
silah tədarük etdilər. Döyüşdən üç gün sonra şəhər ətrafında Brennin əsgərləri
göründü və onlar şəhər darvazalarını açıq görüb Romaya girdilər. Yunanıstanda isə
bu vaxt belə bir şaiyə yayıldı ki, Romanı uzaq şimal tayfaları olan hiperboreylər işğal
etmişlər. Romanı tutduqdan sonra Brenn Kapitolini müşahidə etmək üçün xüsusi
dəstə qoydu, özü isə Foruma yollandı. Onu şəhərlilərin bayramsayağı geyinməsi və
gəzməsi heyrətə gətirdi. Qallar əllərinə düşən heç kəsə aman vermədilər, evləri qarət
etməyə başladılar. Sonra düşmən şəhəri yandırdı və onu bütünlüklə dağıtdı. Təkcə
38
Kapitoli təpəsində olanlar təslim olmaq barədəki təklifi rədd etdilər. Mühasirə
uzandıqca qalların çörək ehtiyatı azalmağa başladı. Düşmən qoşununun bir hissəsi
şəhərdə qalıb, Kapitolini mühasirə etdi, digər hissəsi isə ətrafa dağılıb kəndləri viran
qoyurdu.
Onlar Ardey şəhərinə də hücum etdilər, bu şəhərdə sürgündə olan Kamill
yaşayırdı. O, şəhərlilərə, xüsusən gənclərə müraciət edərək dedi ki, romalıların
məğlubiyyətini qalların igidliyi hesabına yazmaq düzgün deyildir, bu bədbəxtlik
taleyin işidir. Müharibə də yanğın kimi, məğlub olanların qaliblər tərəfindən məhv
edilməsi ilə başa çatacaqdır. Gənclər onun çağırışını sevinclə qarşıladılar və
silahlandırıldılar. Sonra ardeylilər gecə qalların düşərgəsinə hücum etdilər. Bu vaxt
qallar sərxoş idi. Kamillin əsgərləri onların çoxunu qırdı. Bu xəbər ətraf şəhərlərə
yayıldı. Kamillə hər tərəfdən, həmçinin qaçqın romalılardan kömək gəldi. Bu silahlı
qüvvələr Kamilldən xahiş etdilər ki, onlara komandanlığı öz üzərinə götürsün. Lakin
o, bunu yalnız Kapitolidəki vətəndaşlar onu bu vəzifəyə qanuni qaydada təsdiq
etdikdən sonra qəbul edəcəyini bildirdi. Bir elçi çayı üzüb keçərək şəhərə girdi və
onu Roma qarnizonu rəisinin yanına gətirdilər. Senat müzakirədən sonra Kamilli
diktator təyin etdi. Elçi qayıdıb bunu Kamillə bildirdikdə, onun artıq 20 min nəfərlik
silahlı dəstəsi var idi.
Bu vaxt qallar Kapitoli təpəsinə qalxan izi görüb gecə yarısı oraya dırmaşmağa
başladılar. Onlardan bir neçəsi zirvəyə çatdıqda nə adamlar, nə də itlər onların
yaxınlaşdığını hiss etmədi. Təpədəki Yunona məbədində ilahəyə həsr edilmiş qazlar
saxlanırdı. Onlar ac olduqlarından yatmamışdı. Qazlar yaxınlaşanları hiss edib,
qışqıra-qışqıra qaçdılar və hamını oyatdılar. Romalılar düşmənin qabağına atıldılar.
Keçmiş konsul Manli iki düşmənlə qarşılaşdı və onların hər ikisini qayadan atdı.
Qalanlarını geri çəkilməyə məcbur etdilər. Sübh tezdən romalılar cinayətkar
səhlənkarlıq etdiyinə görə qarovul rəisini qayadan atdılar. Bu igidliyinə görə əsgərlər
Manliyə fəxri mükafat kimi öz ərzaq paylarını verdilər, bu yarım funt çörəkdən və
1/4 yunan katilası həcmində şərabdan ibarət idi. Bu hadisədən sonra qallar ruhdan
düşdülər. Ərzaq ehtiyatı da sürətlə azalırdı. Kamillin qorxusundan isə şəhərin ətrafına
ərzaq yığmağa gedə bilmirdilər. Onlar artıq yeddi ay idi ki, şəhəri əllərində
saxlayırdılar. Döyüşçülər arasında ölüm halları xeyli çoxalmışdı. Kapitolidə
mühasirə olunanların da vəziyyəti yaxşı deyildi. Onların da aclığı artırdı, Kamilldən
isə bir xəbər yox idi. Buna görə də hər iki tərəf danışıqlara başlamağı qərara aldı.
Roma hərbi tribunu qalların başçısı Brennlə görüşdü. Sülh şərtlərinə görə, qallar min
funt qızıl alıb şəhəri və şəhərə məxsus olan torpaqları təmizləməli idi. Qızıl
gətirildikdə, qallar romalıları aldatmağa, hətta tərəzinin gözünü əyməyə başladılar.
Romalılar təhqir olunduqda, Brenn istehza əlaməti kimi qılıncını çıxarıb tərəzinin
üstünə qoydu. Hərbi tribun: bu nədir?-deyə soruşduqda qall bu "vae victis"- "dərd
olsun məğlub olana" deməkdir - cavabını verdi. Bu sözlər çox keçməmiş zərb-məsələ
çevrildi.
Qallar və romalılar mübahisə edən vaxt Kamillin qoşunları şəhərin
darvazalarında göründü. Nə hadisə baş verdiyini bilən kimi o, romalıların yanına
yollandı. Hamı onu diktator kimi hörmətlə qəbul etdi. O, qızılı tərəzidən götürməyi
və liktorlarına verməyi əmr etdi, qallara isə çıxıb getməyi təklif etdi. O, dedi ki,
romalılar vətəni qızılla yox, dəmirlə xilas etməyə adət etmişlər. İndi Brenn təhqir
39
olunmuşdu və dedi ki, romalılar müqaviləni pozdular. Kamill ona cavab verdi ki,
müqavilə qanunsuzdur, ona görə də həqiqi sayıla bilməz, çünki o, diktator
seçildiyindən ondan başlqa heç kəs belə müqavilə bağlaya bilməz. Onun sözləri
Brenni daha da hiddətləndirdi. Hər iki tərəf qılınca əl atdı. Brenn tezliklə onlar üçün
olan əlverişsiz şəraiti başa düşdü və qallar şəhərdən xeyli kənardakı düşərgələrinə
geri çəkildilər. Sübh çağı Kamill onlara hücum etdi. Döyüş olduqca qızğın gedirdi.
Düşmən məğlub edildi və böyük itki verdi. Düşərgə romalıların əlinə keçdi. Beləliklə
Roma ağlasığmaz şəraitdə zəbt edildiyi kimi, daha ağlasığmaz qaydada xilas edildi.
Şəhər vətəndaşları Romaya qayıtdılar.
Bundan sonra Kamill latinlilərlə və etrusklarla bir neçə müharibə aparıb, onları
da qələbə ilə başa çatdırdı. Lakin onun paxılları və düşmənləri içərisində Mark Manli
seçilirdi. Bu həmin adam idi ki, qalları qayadan ataraq Kapitolinin ələ keçməsinə
imkan verməmişdi. O xalqı müxtəlif vasitələrlə öz tərəfinə çəkirdi, xüsusən borc
üstündə mühakimə olunanları məhkəmədə müdafiə edir, digərlərini zor tətbiq
etməklə azad edir, qanunun belə adamlar üzərində icra olunmasına imkan vermirdi.
Onun ətrafında, tərəfdarları olan kasıblardan ibarət bütün kütlə toplaşmışdı, Onlar
hamıda vahimə yaradır, Forumda iğtişaş törədirdilər. Buna görə diktator seçilən
Kvint Manlini dustaqxanaya saldırdı. Bu vaxt xalq yalnız böyük bədbəxtliklər vaxtı
tətbiq edilən matəm paltarı geyindi. Senat üsyandan qorxub, Manlini azad etmək
göstərişini verdi. Azad olunandan sonra o, özünü daha həyasız aparmağa başladı. O,
çox sayda adamların qılığına girir, vətəndaşların bir hissəsini digərinə qarşı
silahlandırırdı. Bu vaxt Kamill yenidən hərbi tribun seçildi. Manli isə məhkəməyə
verildi. Məhkəmə iclası vaxtı müttəhim tez-tez əlini Kapitoliyə tərəf uzadaraq, öz
igidliyini yada salırdı. Hakimlər çaş-baş qalmışdılar, nə günahların çoxluğuna görə
ona bəraət vermək, nə də keçmiş igidliyinə görə ona qarşı qanunu tətbiq etmək
istəmirdilər. Kamill bunu hiss edib, məhkəmə iclasını şəhərdən kənara çıxardı.
Burada hakimlər ədalətli hökm verməyi qərara aldılar. O, təqsirkar elan edildi və
Kapitoliyə aparılaraq orada qayadan atıldı. Eyni yer onun böyük xoşbəxtliyinin və
dəhşətli bədbəxtliyinin şahidi oldu. İgidliyinə görə verilmiş "Kapitolili" ləqəbi onun
faciəsinə son nöqtə qoyan yer kimi də yadda qaldı.
Kamill qoca vaxtı diktator seçildikdə yenə qallarla vuruşmalı oldu. Qallar
döyüşdə böyük itki verib qaçmağa üz tutdular. Bu Romanın alınmasından 23 il sonra
baş vermişdi. Bu, onun son qələbəsi idi. 80 yaşlı Kamill şəhərdə yayılan taun
xəstəliyindən m.ə. 364-cü ildə öldü. Romalılar ona böyük matəm saxladılar. Kamillin
dövründə, 367-ci ildən etibarən konsullardan biri hökmən plebeylərdən seçilirdi.
Roma respublikası qarşısında xüsusi xidmətləri olan Mark Furi Kamill həm
xarici düşmənlərə, həm də daxildən dövlətə qarşı olan qüvvələrə qarşı mübarizə
aparmalı olmuş, Roma dövlətini böyük təhlükələrdən, alçaldılma və həqarətdən xilas
etmişdir. Kamill 7 ay qalların əsarətində qalan Romanı bu biabırçı işğaldan azad
etmiş, əbədi şəhərin möhtəşəm tarixinə parlaq səhifə yazmışdır. Lakin Kamillin
qaraguruh üstündə qələbəsi əhəmiyyəti etibarilə heç də xarici düşmən üzərində
çaldığı qələbədən geri qalmır. Manli və onun başçılıq etdiyi qaragüruh hakimiyyəti
ələ keçirsəydi və ya onun qarşısı vaxtında alınmasaydı, şəhər iğtişaşlar, cinayətlər,
başıpozuqluq və anarxiya məskəninə çevriləcəkdi. Kamillin qətiyyəti olmasaydı,
qaragüruh Roma respublika quruluşunu məhv edəcək, buna nail olmasa da, ona elə
40
ağır zərbə vuracaqdı ki, uzun illər dövlət bu yaranı sağalda bilməyəcəkdi. Kamillin
iradəsi ilə bir adam layiq olduğu cəzasını almaqla, Roma sosial sarsıntılar kimi
dəhşətli xəstəlikdən azad oldu, dövlət quruluşu qorunub saxlandı və gənc respublika
inkişaf, çiçəklənmə yoluna düşdü.
Romanın qısa müddətə də olsa qallar tərəfindən işğal edilməsi şəhər sakinləri
üçün necə ağır olsa da, onlar tezliklə şəhəri bərpa edə bildilər, öz iqtisadi və hərbi
qüdrətlərini artırmağa nail oldular. M.ə. IV əsrin ikinci yarısında onlar orta İtaliyanı
tutmaq uğrunda gərgin mübarizə aparır, hər şeydən əvvəl öz keçmiş müttəfiqləri ilə
vuruşur, dağılmış Latin federasiyasının şəhərləri ilə müharibə aparırlar. Bu
müharibələr üç Samnit müharibəsi adı altında məşhurdur. Birinci Samnit müharibəsi
m.ə. 343-341-ci illərdə, ikinci - 327-304-cü illərdə, üçüncü müharibə isə 298-290-cı
illərdə baş vermişdir. İtalik tayfalarına samnitlər başçılıq edir və onların ittifaqı
üçüncü müharibə vaxtı xüsusi ilə güclənir, lakin son nəticədə romalılar qələbə
çalmağa müvəffəq olurlar. Beləliklə tayfalar ittifaqı buraxılır və həmin tayfalar
romalıların tabeliyinə keçir. Romalılar Pad (Po) çayından Lukaniyanın şimal
sərhədlərinədək bütün orta İtaliya ərazisinə sahib olurlar. M.ə. III əsrin başlanğıcı
Romanı daha da möhkəmləndirir, onun iqtisadi potensialını gücləndirir. Buna görə də
bütünlükdə İtaliyaya sahib olmaq uğrunda mübarizənin sonuncu mərhələsi başlanır.
Növbədə cənubi İtaliya şəhərlərinin işğal edilməsi durur. Bu şəhərlər "Böyük
Yunanıstana" daxil idi və onların çoxunu, məsələn Neapolu yunanlar özləri
salmışdılar. Bu şəhərləri tutmaq elə də böyük çətinliklər hesabına başa gəlmədi,
çünki bu şəhərlər bir-birləri ilə də rəqabət aparır, bəzən hətta düşmənçilik edirdilər.
Təkcə iri cənub şəhəri olan Tarent təcavüzə qarşı ciddi müqavimət göstərməyə cəhd
edir, lakin öz güclərinə bütünlüklə bel bağlamadıqlarından tarentlilər kömək üçün
Yunanıstandakı Epir çarı Pirrə müraciət edirlər ki, o, həyasız romalılara ağıl qoysun.
Pirr böyük ordu ilə dənizdən keçərək İtaliyaya gəlir və yarımadanın cənubunda
əvvəlcə uğurlu döyüşlər aparır. O, romalılar üzərində iki mühüm qələbə qazanır: m.ə.
280-ci ildə Herakleya yaxınlığında, ikincisini isə 279-cu ildə Auskulum yaxınlığında.
Lakin son qələbə ona çox baha başa gəlir. Pirr böyük itki verir. O, özü etiraf edir ki,
bir də belə qələbə çalsa, tək özü qalacaqdır. Buradan da istehza mənasında işlənən
"Pirr qələbəsi" sözləri qalmışdır. Bundan sonra Pirr qalan qoşunlarını da götürüb
Siciliyaya gedir və burada karfagenlilərlə vuruşur, lakin heç nə əldə edə
bilmədiyindən, yenidən İtaliyaya qayıdır. 275-ci ildə o, Benevent şəhəri yaxınlığında
romalılarla son döyüşə girir və darmadağın edildikdən sonra İtaliyadan qaçmağa
məcbur olur. Pirri məğlub edən Mani Kuri Dentat da Tsintsinnat kimi kənddən
çıxmışdı, kasıb idi, bütün İtaliyanı Romaya verdikdən sonra yenə öz kiçik sahəsini
xışla becərməyə qayıtdı.
Bundan bir qədər sonra romalılar Tarenti və digər şəhərləri tutmağa müvəffəq
olurlar. Bütün bu müharibələr nəticəsində Roma Messina boğazından (Apennin
yarımadası ilə Siciliya adası arasındakı boğaz) Rubikon çayına qədər, başqa sözlə
Tsizalpiya Qalliyasına qədər bütün İtaliyanı əlinə keçirir. Roma Aralıq dənizi
sahilindəki ən qüdrətli dövlətlərdən birinə çevrilir. Roma təcavüzü artıq yarımadanın
sərhədlərindən kənara çıxmağa can atır. Lakin bu təcavüz daha güclü hərbi potensial
tələb edir. İtaliya ərazisinin əyalətə çevrilməsi öz legionlarına əlavə olaraq köməkçi
ordulardan və kohortalardan (müttəfiq şəhərlərin orduları romalılarla birlikdə
41
vuruşduqda belə adlanırdı) ibarət canlı qüvvə əldə etməyə, həm də bu böyük ordunu
saxlamaq üçün lazım olan xərcləri çəkməyə imkan verdi.
Uzun müharibələr aparan Roma əsaslı surətdə özünün hərbi təşkilatını
yaratmışdı. Müasir dillə desək, Roma hərbi doktrinası hücum xarakteri daşıyırdı,
əlavə torpaqlar tutmaq üçün işğal müharibələri aparmağı, sonralar isə o vaxtkı
dünyaya hakim olmağı nəzərdə tuturdu. Roma ordusu xalq könüllülərindən ibarət idi,
roma vətəndaşı üçün orduda xidmət nəinki borc, həm də şərəf işi idi. Yuxarıda
göstərdiyimiz kimi, hərbi xidmət stajı olmayan adam dövlət vəzifəsi tuta bilməzdi.
Respublikanın erkən dövrlərində orduda xidmətə görə haqq verilmirdi, döyüşçü öz
silahı və yeməyi məsələsini də həll etməli idi, təkcə süvarilər dövlətdən at və ya onun
alınması üçün müəyyən məbləğdə pul alırdı. Sonrakı dövrlərdə, xüsusən
yarımadadan kənara yürüşlər başlayanda, döyüşçülər maaş alırdı. Roma ordusu hər
biri 6 min döyüşçüdən ibarət olan legionlardan ibarət idi. Hər legionda 30 manipul,
hər manipulda isə iki senturiya, hər legionda həmçinin 300 süvari və ya 10 turma var
idi. Roma ordusuna bir qayda olaraq konsullar başçılıq edirdi. Ən təhlükəli dövrlərdə
isə yarım il müddətinə diktator təyin edilirdi. Köməkçi qoşunlar isə legionlardan
fərqli olaraq Roma vətəndaşlarından deyil, zəbt edilmiş İtaliya torpaqlarından olan
adamlardan - müttəfiqlərin əhalisindən təşkil edilirdi. Maaş verilməsi qaydası
başlanmaqla könüllü ordu nizami orduya çevrildi. Döyüşçü hərbi xidmətə girərkən o,
rəislərin göstərişlərinə tabe olmağa və öz qüvvəsi daxilində onları icra etməyə and
içirdi. Şəhərlər yeni əsgərləri yığır, onlara and içdirirdilər.
|