HEMODİALİZ
Pasiyent üçün məlumat
Hemodializ – xroniki böyrək xəstələri
üçün müalicə deyil, yaşam üsuludur!
Buklet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2010-cu il
tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün xroniki
böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Səhiyyə
Nazirliyinin Tədbirlər Planının 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 22 aprel 2011-ci il tarixli
17 saylı qərarı ilə təsdiq edilmiş “Hemodializ üzrə klinik protokol” əsasında
İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap
edilmişdir. Bukletdə dərc olunanlar Səhiyyə Nazirliyinin baş uroloqu ilə
razılaşdırılmışdır.
Yadda
saxlayın ki,
hemodializ
haqqında düzgün məlumatı
yalnız həkim verə bilər.
Müalicəyə başlamazdan əvvəl
dializ həkimi tərəfindən müayinə
olunmağınız, ətraflı məlumat
almağınız vacibdir!
Bu məlumatlar Sizin yaşam
keyfiyyətinizi və müalicəyə
inamınızı artırmağa
xidmət edir.
Hemodializ nədir?
Hemodializ – böyrəklərin fəaliyyətinin pozulması nəticəsində
bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və
mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin
xroniki xəstəliyi (funksiyaların davamlı, geridönməz və
proqressivləşən pozulmaları) zamanı aparılır. Böyrəklərin
xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya,
uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və
transplantantın uyğunsuzluğundan sonra baş verir.
Hemodializin aparılması
Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat da-
vam etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına
sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur.
Kateter nədir?
Hemodializ aparmaq üçün xəstənin iri venalarından birinə (boyunda və ya qasıqda)
müvəqqəti olaraq kateter daxil edilir. Kateter bəzən bir neçə ay və ya il xəstəyə xidmət
edə bilər. Hemodializ zamanı sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və
vena arasında süni birləşmə - fistula qoyulur.
Fistula nədir?
Fistula əməliyyat otağında yerli anesteziya altında qoyulur. Vena və arteriya bir-
birinə tikildikdən sonra 2-8 həftə ərzində fistulanın formalaşması prosesi gedir. Bu
müddətdə qanın axını xəstə tərəfindən dərinin üstündən hiss olunur. Barmaqla hiss
edilən bu hal fistulanın fəaliyyətdə olduğunu göstərir.
Fistula qoyulduqda nəyə əməl etməli:
fistula olan qolda qan təzyiqini ölçmək olmaz
fistula olan qola inyeksiya etmək, qan götürmək, sistem qoymaq olmaz
biləyi və qolu sıxa biləcək saat, qolbaq, elastik geyimdən istifadə edilməməlidir
həmin qol üstə yatmaq olmaz
kəsici alətlərlə ehtiyatlı olmaq lazımdır
Düzgün qulluq etdikdə və fistulanın fəaliyyətinə daim nəzarət
olunduqda, o, uzun müddət Sizə xidmət göstərə bilər.
Hemodializ hansı rejimdə aparılmalıdır?
İdeal halda hemodializ 3-4 saat davam edir. İlk dövrlərdə və ümumiyyətlə böyrəklərin
fəaliyyəti az da olsa saxlanılan hallarda seansların müddəti və tezliyi azaldıla bilər.
Vaxtaşırı olaraq qanın analizləri aparılmalı və düzgün qərar yalnız bundan sonra dializ
həkimi tərəfindən verilə bilər.
Xüsusi pəhriz gözləməyə ehtiyac varmı?
Hemodializ xəstələrinin əksəriyyəti müəyyən qaydalara əməl etməlidir:
qida rasionunda kalium, fosfatlar, duzla zəngin qidalar məhdudlaşdırılmalıdır
pəhriz fərdi qaydada dietoloq tərəfindən tərtib edilməlidir
zülalın qəbul miqdarı xəstənin yaşam keyfiyyətini və əhvalını təmin etməlidir
gün ərzində qəbul edilən suyun miqdarı məhdudlaşdırılmalıdır (dializlərarası dövrdə ödemlər,
arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, narahatlıq və s.-nin baş verməməsi üçün)
dializlərarası dövrdə çəkiyə nəzarət edilməlidir (bədənin çəkisi ümumi çəkinin 2-3%-i
qədər arta bilər)
Hemodializin peritoneal dializdən (ev dializi) üstünlüyü:
hemodializ seansları stasionar şəraitdə tibb personalının nəzarəti ilə aparılır
xəstə, xüsusilə yaşlı şəxs özünü arxayın hesab edir
seansarası əlavə müalicəyə ehtiyac olmur, xəstə dializlərarası dövrdə şəxsi
işləri ilə məşğul ola bilər
şöbədə tibbi-sanitariya qaydalarına riayət olunduğuna görə infeksiyalaşma riski az olur
Dializ zamanı Siz otura, uzana, kitab oxuya,
televizora baxa bilərsiniz.
Dərman müalicəsi necə aparılmalıdır?
Dializ və pəhrizlə yanaşı, bir sıra xəstələr əlavə dərman müalicəsi almalı olurlar. Qan
təzyiqi yuxarı olanlar hipotenziv dərman vasitələri, diurez saxlanılan xəstələr sidik-
qovucu dərmanlar istifadə etməlidirlər. Xəstələr yeməkdən əvvəl fosfor-birləşdirən pre-
paratlar, sümüklərdə baş verə biləcək fəsadların qarşısını almaq məqsədilə vitaminlər
və kalsium preparatları qəbul etməlidirlər.
Yadda saxlayın! Dərmanların doza və istifadəsi
hər xəstə üçün həkim tərəfindən fərdi təyin edilir.
Dializ xəstənin şəxsi həyatına
və rejiminə necə təsir edir?
Dializ müəyyən vaxt və mütəmadilik tələb etdiyindən, iş qabiliyyətli xəstələrin sosial
şəraitinə öz təsirini göstərir. Bu baxımdan müalicə olunduğunuz dializ mərkəzi Sizin iş
şəraitinizə uyğun cədvəl tərtib edə bilər.
Ev dializi
Müalicə olunduğunuz dializ mərkəzi yaşayış yerindən çox uzaqda yerləşirsə və həftədə 3
dəfə ilin hər mövsümündə böyük çətinliklə bu məsafəni qət etməyə məcbursunuzsa, bu
halda dializ ev şəraitində aparıla bilər. Bunun üçün Sizə qulluq edən ailə üzvü müəyyən
təlim kursu keçməlidir. Gündəlik iş günü olan xəstələr üçün də bu üsul məqsədəuyğundur.