5. Pedaqoji cərəyanlar
Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi və siyasi quruluşun müxtəlifliyi ilə
əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Azərbaycan pedaqoqları təhsil
sistemlərini və pedaqoji fikirləri öyrənməyə və oradakı mütərəqqi cəhətlərdən
istifadə etməyə çalışırlar. Bu, təqdirəlayiq bir ənənədir. Daha geniş yayılmış bəzi
pedaqoji cərəyanlara diqqət yetirək.
Praqmatizm pedaqogikası. Praqmatizm, yunan mənşəli “pragmatos”
sözünə uyğundur, iş və ya əməl deməkdir. Praqmatizm fəlsəfi cərəyan kimi
cəmiyyətdə bütün fəaliyyətin əsasını subyektiv mənada anlaşılan əməldə,
təcrübədə görür. Belə bir metodoloji müddəaya əsaslanan Con Duyi, Vilyam
Kilpatrik (ABŞ) və bir çox başqaları praqmatizm pedaqogikasının əsasını
qoymuşlar. Həyatda məktəblilərin iştirakını təmin etmək, uşaqların marağına
diqqət yetirmək və fərdi xüsusiyyətlərini nəzərə almaq, məktəbin ictimai həyatla
əlaqəsini təmin etmək, tərbiyələndirici təlimə üstünlük vermək, təlimdə şagirdlərin
fəallığına nail olmaq praqmatizm pedaqogikasının başlıca xüsusiyyətləridir.
Vurğulayaq ki, praqmatizm pedaqogikası təcrübəni geniş ictimai, istehsalat
təcrübəsi kimi deyil, ətraf mühitlə şəxsin təması mənasında başa düşür. Məsələn,
praqmatizm pedaqogikası təlimin məzmununu və ya əxlaq tərbiyəsinin
məzmununu uşaq təcrübəsinə, uşaq müşahidəsinə əsasən müəyyənləşdirir .
C.Duyinin fikrincə, anlayışlar, ideyalar, nəzəriyyələr yalnız gündəlik praktik
fəaliyyət üçün yaradıldıqda faydalı hesab oluna bilər (onun dayandığı fəlsəfi təlimə
– praqmatizmə görə, həqiqət – obyektiv aləmin insan şüurunda inikasından ibarət
deyildir, həqiqət odur ki, bu və ya digər konkret situasiyada insanın qolundan tutur,
ona fayda verir); bütün bunlar praktika üçün “alət” rolunu oynamalıdır.
Praqmatizmin məşhur nümayəndələrindən olan Vilyam Kilpatrik (“layihələr
metodu”nun nəzəriyyəçilərindən biridir) qeyd edir ki, həqiqət obyektiv ola bilməz,
çünki dəyişkəndir. O, tədqiqatda yalnız eksperimenti qəbul edir.
Praqmatizm pedaqogikası cəmiyyəti yeniləşdirmək üçün tərbiyəni əsas sayır.
Bu pedaqogikanın ideoloqları hesab edirlər ki, tərbiyə cəmiyyəti istənilən şəkildə
düzəldə bilər, məktəb cəmiyyətdən asılı deyil, əksinə cəmiyyət məktəbdən asılıdır.
Onlar tərbiyədə son məqsədi, perspektivləri qəbul etmir. Onların fikrincə, məqsəd
odur ki, konkret situasiyada uşağın gözlənilmədən meydana çıxan maraq və tələbi
ödənilsin, uşaq özünü mövcud ictimai quruluşun tələblərinə uyğunlaşdıra bilsin.
Praqmatik pedaqoqlar sübut etməyə çalışırlar ki, elmlərin əsaslarının sistematik öy-
rənilməsinə ehtiyac yoxdur, müəllimin borcu odur ki, konkret fəaliyyət zamanı
lazım gələn bilikləri öyrətsin (“kompleks proqramlar” bu ideyadan doğmuşdur).
Praqmatizm pedaqogikası özünün nedosentrizm prinsipini irəli sürmüşdür.
Bunun mahiyyəti belədir: təlim-tərbiyə prosesinin əsasında məktəblinin maraq və
tələbatları durmalıdır. Bu yanaşmada uşağa o qədər hüquq verilir ki, o öz
vəzifələrini tamam unutmaq halına gəlir, müəllimin rolu demək olar ki, heçə
endirilir .
ABŞ-da neopraqmatistlər (T.Brameld, H.Raqq, E.Kelli və b.) C.Duyinin
cəmiyyəti tərbiyə vasitəsilə ilə dəyişmək ideyalarını daha da dərinləşdirməklə yeni
pedaqoji istiqamət yaratmağa nail ola bilmişlər.
Dostları ilə paylaş: |