26. Təlimin prinsiplərinin tədris prosesində tətbiqi imkanları Təlim prosesində prinsiplərdən ayrı - ayrılıqda deyil , vəhdət halında istifadə edilməlidir. 45 dəqiqəlik dərs müddətində müəllim təlimin bütün prinsiplərindən istifadə edə bilər. Təbii ki, bu zaman bu və ya digər prinsipi mütləqləşdirmək olmaz.
Karl Marks haqlı olaraq qeyd edirdi ki , tək skripkaçı yalnız özünü idarə edir , orkestrın isə dirijora ehtiyacı vardır. Bu fikri pedaqoji prosesə də şamil etmək olar. Pedaqogikada da "bir simdə çalmaq" mümkün deyildir. Pedaqoji prosesdə işin müvəffəqiyyətini təmin etmək üçün təlimin prinsipləri bir - biri ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir.
Belə ki, təlimdə əyanilik bilik və bacarıqların şüurlu mənimsənilməsinə, möhkəm yadda qalmasına səbəb olur, təlimin müvafiqliyini təmin edir. Sistematiklik və ardıcıllıq prinsipi şüurluluq və fəallıq prinsipi ilə sıx bağlıdır. Ardıcıl və sistemli verilən biliklər asan və şüurlu mənimsənildiyi halda, pərakəndə verilən biliklər tez unudulur və mənimsənilməsi böyük zəhmət tələb edir. Sistemlə öyrənilən biliklər yeni biliklərə yol açır, elmi anlayışlarla ümumi qanunauyğunluqlar arasında daxili əlaqə yaradır. Sistemlilik və ardıcıllıq prinsipi biliyin şüurlu mənimsənilməsini, uzun müddət yadda qalmasını və şagirdlərin düşünərək fəaliyyət göstərməsini təmin edir. Təlimdə şüurluluq və fəallıq prinsipi əyaniliyin tətbiqini nəzərdə tutur, biliyin yadda möhkəm qalmasına xidmət edir. Biliklərin möhkəmləndirilməsi prinsipi digər təlim prinsiplərindən necə istifadə edildiyini, şagirdlərin bilikləri necə mənimsədiklərini, fikirlərinin müstəqillik və fəallığına necə nail olduqlarını aşkar edir. Biliklərin möhkəmləndirilməsi prinsipi müəllimləri dönüb geriyə baxmağa, nailiyyət və nöqsanlarını təhlil edib düzgün nəticələr çıxarmağa təhrik edir.Əyanilik prinsipi müasir dövrdə ən vacib prinsip hesab olunur. Əyanilik tələb edən fənnlərdə tətbiq edilən bu prinsip, məsələn, coğrafiyanın, biologiyanın tədrisində çox mühüm amildir. Belə ki, bu zaman şagirdlərin şəxsiyyət yönümlü tərbiyəsi ön planda olur. Məsələn, Azərbaycanı tədqiq edən səyyahlar mövzusunu tədris edərkən istər xarici səyyahlardan Strabon, alman alimi Abex, rus səyyahlarından Afanasi Nikitin, azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvaninin ölkəmizin təbiətini, əhalisini, flora və faunasını necə qiymətləndirdiyini, hansı xəritələrdən istifadə etdiyini şagirdlərə əyani şəkildə göstərmək onların dünyagörüşünü formalaşdırır, öz ölkəsi haqqında müsbət fikirlər formalaşdırır. Azərbaycanı onlara yenidən tanıdır. Xəritələrdən, elmi ədəbiyyatlardan , səyyahların ölkəmiz haqqında yazdıqları monoqrafiyalardan istifadə etməklə, referat yazmaqla şagirdlərin elmi ədəbiyyatlara marağı artır, elmi axtarışlar aparmağa can atır. Ölkəmizin qədim tarixə malik olmasını, sivil dövlər olmasını, özünəməxsus adət-ənənələrə malik olduğunu öyrəndikcə öz xalqını daha dərindən tanımağa və sevməyə başlayır. Gələcəyin əsgəri olan oğlanlar xəritə ilə işləməyi bacarır, məhəldə cəhət təyin etməyi öyrənirlər. Əyanilik prinsipi şagirdlərdə müxtəlif növ bacarıqlar formalaşdırır.
Beləliklə , təlim prosesində bir prinsip o biri təlim prinsiplərinin tətbiqi üçün vasitə rolunu oynayır , onunla üzvi şəkildə həyata keçirilir. Deməli , təlimin prinsipləri mühüm tələblər kimi həmişə təlim işində əsas tutulmalıdır.