Müqayisəli pedaqogika - müxtəlif təhsil- tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müqayisəli şəkildə öyrənir.
Pedaqogika bir çox elmlərlə əlaqəlidir. O, öz qarşısında duran vəzifələrin həlli üçün həmin elmlərin materiallarından istifadə edir.
Pedaqogika fəlsəfə ilə sıx bağlıdır: fəlsəfə pedaqogikanın nəzəri-metodoloji əsasını təşkil edir. Pedaqogikanın təlim nəzəriyyəsi fəlsəfənin idrak nəzəriyyəsinə istinad edir. Tərbiyə məsələlərinin həllində isə pedaqogika fəlsəfənin müxtəlif sahələrinə-etika, estetik, sosiologiya elmlərinə əsaslanır. Pedaqogika psixologiya ilə daha çox bağlıdır. Psixi proseslərin inkişaf qanunlarını bilmədən təlim-tərbiyə işini elmi əsasda durmaq mümkün deyildir Məsələn, kiçik məktəblilərin diqqətinin həcmini, davamlılığını, hafizə və təfəkkürünün xüsusiyyətlərini nəzərə almadan təlimin səmərəli təşkili məsələlərini həll etmək olmaz. K.D.Uşinski haqlı olaraq, psixologiyanı bilməyən müəllimi təbabətdə ara həkiminə bənzədirdi.
Pedaqogika fiziologiya ilə də əlaqəlidir. Ümumi və yaş fiziologiyası insanın müxtəlif yaşlarda fiziki inkişafının təbiəti haqqında zəruri məlumatlarla pedaqogikanı silahlandırır.
Təlim-tərbiyə prosesini düzgün sanitar-gigiyenik tələblər əsasında qurmaqda pedaqogika məktəb gigiyenasının müddəalarından istifadə edir. Pedaqogika habelə idarəetmənin ümumi qanunlarını öyrənən kibernetika elmi ilə də sıx bağlıdır. İnformasiyaların verilməsi və mənimsənilməsi, təlim və tərbiyə işində əks əlaqənin təmin edilməsi, pedaqoji fəaliyyətin idarə olunması ilə bağlı mühüm məsələlərin həllində kibernetikanın müddəaları pedaqogika üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.
4. Pedaqogikanın metodologiyası və elmi - tədqiqat metodları
Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür. Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsinə dialektik yanaşma prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda bəzi xüsusi metodoloyi prinsiplər də tətbiq olunur: fəaliyyət prinsipi; şəxsiyyət baxımdan yanaşma prinsipi; sistemlilik prinsipi və. s.
Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq etməklə sıx bağlıdır.Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Pedaqogikanın tədqiqat metodları aşağıdakılardır: