əsas turizm bölgələri - Stokholm və ətrafı, Botnik körfəzi və Baltik dənizi sahilləri,
Geteborq və ölkənin qərb sahilləri, Qotland adası, həmçinin Dalarna və Laplandiya tarixi-coğrafı
vilayətləridir.
Stokholm turizm bölgəsi. İsveçin paytaxtı olan Stokholm, Botnik körfəzinin qayalıq sahilində, bir-
biri ilə körpülərlə birləşən çoxsaylı adalarda yerləşir. Stokholm, iri beynəlxalq dəniz, dəmir və hava
magistralları qovşağıdır. Şəhər, tarixi-memarlıq abidələri, muzeyləri, teatrları, rəsm qalareyaları ilə çoxsaylı
turistlərin diqqətini cəlb edir. Üzərində kilsə qüllələri ucalan sərt formalı binalar, Stokholmun özünəməxsus
memarlıq simasını müəyyənləşdirir. Stokholmun tarixi özəyi olan Staden adası şəhərin digər rayonları ilə
körpülər vasitəsilə birləşir.
Burada yerləşən əzəmətli Kral sarayı turistlərin marağına səbəb olur. Stadenin yaxınlığındakı adada
İsveç parlamentinin binası yerləşir. Şəhərin digər görkəmli yerlərindən, tikintisi 1923-cü ildə başa çatmış
möhtəşəm Ratuşa binasını, Kral sarayını, XIII əsrə aid Böyük kilsəni, Cəngavər evini, Birja binasını, Milli
muzeyi, Opera teatrının binasını, Kral stadionunu, Konsert evini qeyd etmək olar. Stokholmda İsveç Elmlər
Akademiyası, Mühəndis Elmləri Akademiyası, Universitet, Nobel institutu, digər elm və tədris müəssisələri
yerləşir. Kral kitabxanasında 1 mln.-dan artıq kitab nüsxəsi vardır.
Stokholmun muzeyləri arasında Dövlət, Dəniz tarixi, Milli, Şimal, Tarix-etnoqrafıya muzeyləri daha
diqqətəlayiqdir. Açıq səma altında yerləşən və müxtəlif dövrlərə aid İsveç yaşayış tikililəri toplanmış
Sansen muzeyi və Millesin heykəlləri toplusundan ibarət olan Millesqorden muzeyini xüsusilə qeyd etmək
lazımdır. Kral opera və dram teatrları Stokholmun məşhur teatrlarıdır.
Stokholmun yaxınlığında yerləşən yüzlərlə kiçik adalar tozağacı meşələri ilə örtülmüşdür. Yusteryö
və Urnyö adaları turistlər arasında daha məşhurdur. Stokholmun sakinlərinin əksəriyyəti öz istirahət
günlərini və məzuniyyətlərini burada keçirirlər. Bu adalarda çoxlu miqdarda yay tipli evlər və komalar
tikilmişdir. Yay aylarında ətraf çəmənliklərdə əlavə olaraq çoxlu turist çadırları da qurulur.
Stokholmdan 70 km şimalda, ölkənin qədim mədəniyyət mərkəzi - Upsala şəhəri yerləşir. Şəhərin
tarixi-mədəniyyət abidələri arasında XIII-XV əsrlərdə tikilmiş, İsveç qotikasının görkəmli nümunələrindən
olan kilsə xüsusilə seçilir. Şəhərdə, əsası 1477-ci ildə qoyulmuş universitet və XVIII əsrin görkəmli
təbiətşünası Karl Linneyin muzeyi fəaliyyət göstərir.