Bergen və
ölkənin cənub-qərb sahilləri turizm bölgəsi. Bergen əhalisinin sayına görə ölkənin
ikinci şəhəridir. 1070-ci ildə əsası qoyulmuş şəhər, materikdən dağlar vasitəsilə ayrılan yarımadada
amfıteatr şəklində yerləşir. Bergen öz tarixi - memarlıq abidələri və muzeyləri ilə əcnəbi turistlərin diqqətini
cəlb edir. Orta əsr memarlıq abidələri arasında Qala (XIII əsr), Müqəddəs Məryəm kilsəsi (XII əsr) seçilir.
Dəniz portu, Balıq bazarı, Balıqçılıq muzeyi, Teatr muzeyi turistlərin diqqətini cəlb edir. Norveçin məşhur
bəstəkarı Edvard Qriq, Bergen yaxınlığındakı Troldhaugen villasında yaşayıb yaratmışdır. Ölkənin cənub-
qərb sahillərində əcnəbi turistlərin qəbulu üzrə əsas mərkəz Stavenger şəhəridir. Bu şəhər orta əsr memarlıq
abidələri, o cümlədən XII əsrdə tikilmiş kilsə, XIII əsr abbatlığı, muzey və rəsm qalereyaları ilə tanınır.
Tronheym və Norveç dənizi sahilləri turizm bölgəsi. Tronheym, əhalisinin sayına görə Norveçin
üçüncü böyük şəhəridir. Şəhərin müasir binaları, geniş küçələri, orta əsr memarlıq abidələri ilə vəhdət təşkil
edir. Orta əsr abidələrindən XI əsr kilsəsini, XII əsr arxiyepiskop sarayını, XVII əsr şəhər qalasını göstərmək
olar. Norveç dənizi sahillərində əcnəbi turistlərin toplaşdığı əsas mərkəzlər Kristiansun və Malme
şəhərləridir. Kristiansun geniş küçələri və müxtəlif boyalarla rənglənmiş evləri ilə seçilir. Bu mənzərəli
şəhər üç adada yerləşir və körpülər vasitəsilə birləşir. Malmeni - "qızıl güllər şəhəri" adlandırırlar. Şəhərdə
görməli yerlərdən ən maraqlısı, açıq səma altında Qədim evlər muzeyidir.
Fyordlar turizm bölgəsi. Bu bölgə əcnəbi və daxili turistlərin ən çox toplaşdığı mərkəzlərdəndir.
Norveç dənizi sahilləri fyordlarla zəngindir. Lakin, daha mənzərəli və asan keçilə bilənləri Stavangerdən
Kristiansuna qədər olan ərazidədir. Norveç fyordlarını görənlərin böyük əksəriyyətinin fikrincə ölkənin ən
mənzərəli fyordu, sahilləri alma bağları ilə örtülü olan Hardangerdir. Hardangerdin mənzərəli sahillərində və
ona bitişik dağlıq ərazidə Voss, Ulvik, Hinsarvik, Olvik kimi müasir təlabatlara cavab verən dağ-idman
kurortları yerləşir.