Plan: Giriş 1. Almaniyanın coğrafiyası 2. Turizmin iqtisadiyyatdakı yeri 3. Almaniyanın turizm diaqnostikası 4. Almaniya da, Destinasiyas Menecmenti təşkilatları 5. Almaniya da destinasiya marketinqi Nəticə Ədəbiyyat
Giriş Almaniya Federativ Respublikasının sahəsi 357 min km2, əhalisi təxminən 80 mln. nəfərdir. Almaniya Avropa regionunun tam mərkəzində yerləşir. Almaniyanı yüksək inkişaf etmiş, aktiv turizm siyasəti həyata keçirən və güclü turizm sənayesinə malik olan ölkələr əhatələyir. Ölkə 9 ölkə ilə (Avropa üçün yüksək göstərici) həmsərhəddir: Danimarka, Belçika, Lüksemburq, Niderland, Fransa, İsveçrə, Avstriya, Çexiya, Polşa.
Almaniyanın Atlantik okeanın 2 dənizinə - Şimal və Baltik dənizlərinə çıxışı var. Ölkə Avropanın şimalını cənubu, şərqini isə qərbi ilə birləşdirən yollar üzərində yerləşir. Ölkə ərazisindən iri çaylar axır ki, onların aşağı axarında iri dəniz və çay limanları yaranmışdır. Ümumilikdə, ölkənin əlverişli rekreasiya-coğrafi mövqeyi vardır ki, bu da Almaniyanın dünyanın qabaqcıl turizm ölkələrindən çevrilməsinə gətirib çıxarmışdır.
Almaniyanın coğrafiyası
Ölkə əsasən düzənliklər və orta dağlıqdan ibarətdir. Almaniya əsasən mülayim iqlim qurşağında yerləşir. Ölkənin əsas çayları – Reyn, Elba, Oder, Vezer və Dunayın yuxarı axarıdır. Almaniyanın çayları və kanalları çay kruizləri üçün istifadə olunur. Ölkədə çoxlu göl var ki, onlardan ən iri və mənzərəli olanları – Boden, Kimze, Ştarnberqer-Ze, Ammer – Alp dağlarının dağətəklərində yerləşir. Almaniyanın təxminən 30%-ni meşələr təşkil edir.
Almaniyanın bir çox rayonlarında mədəni landşaftlar təbii landşaftları sıxışdırmışdır və sonuncular əsasən milli parklar və digər xüsusi mühafizə olunan ərazilərdə qorunub saxlanmışdır. Onların sayı 400-ə yaxındır. Mühafizə olunan ərazilərin payına görə Almaniya (24,6%), Avropada Avstriyadan (25,3%) sonra ikinci yeri, ümumi sahəsinə görə isə (90 min km2-ə yaxın) regionda birinci yeri tutur. Almaniyanın ən qədim milli parkı – Bavariya meşəsi – Almaniya ilə Çexiyanın sərhədində yerləşir.