GİRİŞ Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələrinin müxtəlif kəmiyyət nisbətlərində və kombinasiyalarda birləşdirilərək insanların tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir. Əmək vasitələri və əmək predmetləri, məlum olduğu kimi, ictimai istehsalın maddi ünsürlə-ridirlər. Əmək prosesindəki və məhsulun yaradılmasındakı roluna görə əmək vasitələri istehsalın mühüm amilidir. Məhz əmək vasitələri istehsalın texniki və ictimai əmək məhsuldarlığının səviyyəsini müəyyən edir. Əmək vasitələri dedikdə, binalar, qurğular, nəqliyyat vasitələri, iş maşınları və avadanlıqları, güc maşınları, ötürücü mexanizmlər, ölçü və tənzimləmə cihazları və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi istehsal avadanlıqlarıdır ki, bunlara xammal və mate-rialları bilavasitə emal edən və onlarda müəyyən fiziki, kimyəvi dəyişiklik apara bilən, onu yeni istehlak dəyərinə çevirə bilən bütün dəzgahlar, maşınlar, aqreqatlar və mexanizmlər daxildirlər.