İbtidai siniflərdə ədəbi tələffüz üzrə aparılan işlər
Vurğu ilə işlər. Şifahi nitqin dəqiq, aydın, anlaşıqlı və təsirli olmasında vurğu da böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi, vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu.
2002- ci il tədris proqramına əsasən heca vurğusu haqqında nəzəri-praktik məlumat V sinifdə fonetikanın tədrisi ilə əlaqədar verilir. Kurikuluma əsaslanan dərslikdə isə vurğu haqqında nə nəzəri, nə də praktik məlumat verilməmişdir. Görünür, dərslik müəllifləri yuxarı siniflərdə məntiqi və həyəcanlı vurğudan danışanda heca vurğusunu da xatırladacaqlar. Hər halda bir çox sözlərin vurğusunu dəqiqləşdirə bilməyən şagirdlər üçün gələcəkdə problemlər yaranacaqdır. Bizə belə gəlir ki, mətn üzrə iş prosesində vurğu və vurğu qəbul etməyən hissəciklər şagirdlərə mənimsədilməlidir. Əks halda şəkilçili sözlərin vurğu cəhətdən düzgün tələffüzü bünövrəsinin düzgün qoyulmasından danışmaq mənasızdır.
Dilimizə başqa dillərdən keçmiş bəzi sözlərin vurğusunu müəyyənləşdirməkdə şagirdlər əvvəldən çətinlik çəkiblər. Hazırda KİV vasitəsilə uşaqların nitq mexanizminə bir Anadolu türkcəsinin vurğu sistemi daxil olmaq üzrədir. Təlim prosesində bu məsələlər diqqətdən yayınsa, gələcəkdə praktik problemlər yaranacaqdır.
Məntiqi vurğu haqqında nəzəri-praktik məlumat sintaksisin tədrisi ilə əlaqədar verilir və danışanın məqsədinin müəyyənləşdirilməsində bu tip vurğunun böyük rolu vardır. Məntiqi vurğu haqqında məlumat cümlə üzvlərinin sıralanması və sintaqmlardakı fasilələrlə əlaqədar şəkildə öyrədilsə, daha yaxşı müvəffəqiyyət əldə edilər. Məntiqi vurğu cümlədə hər hansı sözü xüsusi bir tonla nəzərə çatdırmaq üçündür.
Vurğunun şifahi nitqdəki rolunu şagirdlərə əyani şəkildə çatdırmaq üçün də görkəmli söz ustalarının xarakterik lent yazılarını sinifdə təhlil etmək çox faydalı olardı.
Ədəbi tələffüz vərdişlərinə təkmil şəkildə sahiblənmək bir neçə günə həll edilə bilən məsələ deyil və bu sahədə müntəzəm iş aparılmalıdır. Şagirdlər səs-hərf dəyişmələrini, intonasiyanı, fasilə və sintaqmları, vurğuları fərqləndirən şərti işarələri bilməli, bədii və ya elmi mətnləri şərti işarələrlə qeyd etməyə alışdırılmalıdırlar.