Q. Y. Abbasova


-CU MÖVZU. İCTIMAI INKIŞAFDA TƏKAMÜL VƏ INQILAB



Yüklə 2,43 Mb.
səhifə22/24
tarix07.01.2017
ölçüsü2,43 Mb.
#4520
1   ...   16   17   18   19   20   21   22   23   24

30-CU MÖVZU. İCTIMAI INKIŞAFDA TƏKAMÜL VƏ INQILAB
İctimai hadisələrin sürəti, əhatəliliyi və təsiretmə imkanları ictimai fikir tarixində inqilab və təkamül yolu ilə gedən inkişaf kimi qiymətləndirilir və tədqiq edilir. Cəmiyyətin dövrləri bir-birini əvəz etdikcə, inkişafın sürəti də artır, insan kütlələri baş verən proseslərdə şüurlu şəkildə və getdikcə daha çox iştirak edir, onlara təsir göstərməyə çalışırlar. Ahəngdarlıq, tarazlıq naminə baş verən dəyişikliklər bir çox sahələri əhatə edir. Öz təsiretmə dairəsinə, sosial nəticələrinə görə onlara ya inqilabi yol, ya da təkamül deyilir.

İnqilab əsaslı dəyişiklik, sarsıntı, irəliyə doğru addımdır. İnqilab öz ifadəsini əsasən kapitalizmin meydana gəldiyi dövrdən daha çox istifadə etməyə başlamışdı. (Niderland inqilabı, Böyük Fransa burjua inqilabı və s.). Sonradan daha ümumi formada siyasi, mənəvi, dini, iqtisadi, milli burjua, elmi-texniki və s. inqilabları fərqləndirməyə başladılar. Kapitalizm cəmiyyətinin inkişafında böyük sürətlə baş verən iqtisadi, sosial-siyasi dəyişikliklər bütün cəmiyyətdə əks-səda doğurdu, ictimai şüurun, xüsusilə ideologiyanın yeniləşməsinə səbəb oldu.

Fəlsəfə tarixində təkamülçülük nəzəriyyəsinin də böyük əhəmiyyəti olub. Təkamül - sözün geniş mənasında əsasən geriyə dönə bilməyəcək inkişaf deməkdir. Sosial sistemlərdə təkamül üzrə gedən proseslər də müxtəlif ictimai institutların, ideologiyaların, mədəniyyətlərin daxilində əsaslı dəyişikliklər yaradır. Sözün dar mənasında isə təkamül anlayışına ümumi, tədrici, kəmiyyət dəyişiklikləri daxil edilir. Keyfiyyət dəyişiklikləri belə inkişafın nəticəsində baş verə biləcək inqilab yolu ilə mümkündür. Həyatın real pro-seslərində təkamül və inqilab, bir-birinə zidd olsa da, vəhdət təşkil edirlər.

Qeyd etdiyimiz kimi, kapitalizm istehsal münasibətləri şəraitində daha çox sosial inqilablar anlayışı istifadə olunur; sosial inqilab həyat fəaliyyətinin bütün sahələrində baş verən əsaslı dəyişikliklər deməkdir. İstehsal üsulu formalarının bir-birini əvəz etməsi inqilab yolu ilə baş verir. Bunun üçün həm obyektiv şərait (məhsuldar qüvvələr), həm də ictimai şüur (kütlə psixologiyası, ideologiya) hazır olmalıdır.

Sosial inqilablar zamanı kütləvi aksiyalar (tətillər, üsyanlar, vətəndaş müharibələri və s.) baş verir, siyasi və iqtisadi sistemlərdə islahatlar böyük sürətlə aparılır. Cəmiyyətin müxtəlif sosial təbəqələri, öz mənafe və məqsədlərindən, həyat şəraitindən asılı olaraq, inqilabi proseslərdə müxtəlif rol oynaya bilirlər. Sosial inqilablar qruplar və siniflər arasındakı ziddiyyətlərin kəskinləşməsinin ifadəsidir. Göhnəlmiş istehsal münasibətləri məhsuldar qüvvələrin yeni mərhələsinə uyğun gəlmədiyi üçün sosial antaqonizmlər artır, konservativ və liberal qüvvələrin toqquşmaları dövlət quruluşunun, idarəetmə sisteminin yeniləşməsinə gətirib çıxarır.

Bu prosesi İmmanuil Kant da qeyd etmişdi, O tarixin təkamülün üzərində geniş dayanaraq tarixin inkişafın bir-birini inkar edən, qəbul etməyən meylləri və yollarını təhlil etmişdir. Kant burada rasionalizm və empirizmi barışdıraraq, qeyd edirdi ki, insan və təbiətin qarşılıqlı əlaqəsi üç mərhələdən keçir: 1) İnsan və təbiətin qarşılıqlı əlaqəsi ahəngdarlıq şəraitində keçir, çünki insanın tələbatları (hissi, cismani) buna imkan verirdi, bəşəriyyət o zaman çox xoşbəxt idi.

2) getdikcə gərginlik artır, insanlar bir-biri ilə toqquşur; onlar daha möhkəm ekoloji sığınacaq axtarmağa məcbur olur. Bu zaman onlarda bəzi qabiliyyətlər inkişaf edir, digərləri isə kökündən məhv olur. Tarixin bu vəziyyəti çox davam edir (bir-birilə və təbiətlə toqquşmaları).

3) təbiət və cəmiyyət arasında qarşılıqlı ahəngdarlıq yaranacaq, triada yolu ilə- təbiət-gərginlik-cəmiyyət (lakin ideal şəklində, məqsədlər səltənəti, ideal vətəndaş cəmiyyəti, dövlətlərin vahid ittifaqı və s. kimi) vəziyyəti yaxşılaşacaqdır.

"Xalis zəkanın tənqidi" əsərində bütün bunlara o, transsendental ideal adını verirdi. Belə cəmiyyətdə hər bir fərd, hər bir qrup əxlaqi cəhətdən daha saf olur, lakin, əlbəttə, bu proses çox ləng gedir, çünki insan fəaliyyətini müəyyən edən nəinki vəzifə borcu, həm də şəraitdir.

İnqilab - insanların öz həqiqi, əxlaqi təbiətinə qayıdışdır. Dağıdılma - pak olma, təmizlənmədir, yaratmaq iqtidarında olmaq deməkdir. Lakin dövlət aparatı olmadan belə bir vəziyyətə gəlib çıxmaq olmaz. Yalnız dövlət cəmiyyətin əxlaqı saflığına zamin ola bilər.

İctimai inkişafda sosial inqilabın rolu XVIII-XIX əsrlərdə yüksək qiymətləndirilirdi. Belə hesab edilirdi kı, bu yolla insan öz pozulmuş təbii və vətəndaş hüquqlarını müdafiə edir. Böyük Fransa burjua inqilabının bu ideyalara təsiri, şübhsiz, çox böyük olub. Eyni zamanda inqilabların əksəriyyəti vətəndaş müharibəsi və xaricı işğal nəticəsində yaranmış diktaturanın müxtəlif növləri olublar. Böyük ideallar naminə (xeyirxahlıq, azadlıq, humanizm, qardaşlıq, bərabərlik və s.) minlərlə adamların qanı tökülüb, xalq hakimiyyəti prinsipləri sözdə olaraq qalıb, əvəzinə elitar təbəqə xalqın adından (və xalqsız) cəmiyyəti idarə etməyə cəhd göstərirdi.

Böyük Fransa burjua inqilabı zamanı yakobinçilər tərəfindən qətlə yetirilənlərin 58% -fəhlə və kəndlilər idi. F.Engels və K.Marks yazırdılar ki, (4 sentyalər 1870-ci il tarixli məktubunda): "Əksər hallarda terror-qorxu içərisində yaşayan adamla-rın özünə təsəlli tapmaq üçün gördüyü mənasız vəhşliklərdir".

Fransa tədqiqatçısı Jan-Jores isə yazırdı: "İnqilab - tərəqqinin vəhşi formasıdır. Elə bir gün gələcəkdirmi ki, biz əsil insani tərəqqi olan tərəqqi formasını görmüş olaq".

Hər bir inqilabın iqtisadi əsasını cəmiyyətin inkişaf etmiş məhsuldar qüvvələrin və köhnəlmiş istehsal münasibətlər sistemi arasında yaranmış ziddiyyətlər təşkil edir. Bu zaman müxtəlif sosial təbəqələr, qrupların maraq və mənafeləri toqquşur, cəmiyyətdə siyasi, mənəvi böhran yaranır, hakimiyyət uğrunda mübarizə başlanır (kütləvi çıxışlar, vətəndaş müharibəsi, terror aktları və s.).

K.Marks kapitalizmin ziddiyyətlərini radikal mövqedən qiymətləndirərək, kütlələri mövcud quruluşu devirməyə, yeni diktaturanın - məzlumlar, kasıblar, proletarlar diktaturasının yaradılmasına çağırırdı. Marksın sosial-siyasi doktrinası 1917-ci ildə Rusiyada inqilabda öz təsdiqini tapdı. Kapitalizmin mövcud şəraitini özündə əks etdirən bu təlim bu günə qədər mübahisələr doğurur. Hər halda XX əsrin tədqiqatçıları birinci növbədə "diktatura"dan uzaqlaşmağa çalışır, bütün sosial dəyişikliklərin inqilab yox, təkamül, islahatlar vasitəsilə həyata keçirilməsinə üstünlük verırdilər. K.Marksın inqilabları "tarixin qatarları" adlandırmasına baxmayaraq hazırda ictimai inkişafda inqilabın rolu hələ də kəskin diskussiya obyektidir,. Qeyd olunmalıdır ki, inqilabların sosial inkişafda rolu cüzidir (hədsiz dərəcədə ziyan gətirməklə yanaşı), təkamül bundan qat-qat üstündür.

Tənqidi rasionalizm fəlsəfəsinin banisi Karl Popper "Açıq cəmiyyət və onun düşmənləri", "Tarixiliyin yoxsulluğu", "Tədqiqatın məntiqi" əsərlərində mövcud şəraitin dəyişdirilməsinin yeganə vasitəsini tədrici sosial dəyişikliklərdə görürdü. Sinfi mübarizə cəmiyyətin inkişafının əngəli, anaxro-nizmdir (köhnəlmiş, lazımsız). İctimai inqilablar (bu fikrə A.Toynbi, Frankfurt məktəbinin sosial fəlsəfəsinin müxtəlif nümayəndələri də qoşulub) bir sıra islahatlarla əvəz olunmalıdır ki, cəmiyyətin stabil, ziddiyyətsiz inkişafı təmin edilsin. Məhz təkamül ictimai həyatın dəyişikliklərin təbii yoludur.

Frankfurt məktəbinin sosial fəlsəfəsinin nümayəndəsi Herbert Markuze "Təkölçülü insan" əsərində yazırdı ki, proletariatın ümumdünya tarixi vəzifəsi qalmayıb, çünki fəhlə sinfi inkişaf etmiş kapitalizm cəmiyyətində özünəməxsus yer tutur, inqilabın subyekti rolunu isə milli, irqi və yaxud dini azlıqlar oynayır, bunlara "tənqidi düşünən" ziyalılar və tələbələr, bir də "üçüncü dünyanın" geridə qalmış kasıb xalq kütlələri qoşula bilər. Markuze qeyd etmişdir ki, sosial inqilabdan qabaq "şüurda inqilab" baş verməlidir, insan təkölçülü şüurdan, hakim əxlaqın normalarından uzaqlaşmalı, fərdi qiyam qaldırmalıdır.

Bu məktəbin digər nümayəndəsi Yurgen Habermas da hesab edirdi ki, müasir kapitalizm cəmiyyətinin dəyişdirilməsinin yeganə yolu - kütləvi siyasi maarifləndirilmənin uzunmüddətli strategiyası, cəmiyyətin nəzəri tənqidi, diskusiyalar, təhsil sahəsində islahatlar uğrunda mübarizə, parlament seçkilərində iştirak etmək və sairədir. Bu proqramı həyata keçirmək üçün gənc intellektuallar lazımdır, çünki onlar hələ sis-temə inteqrasiya (qoşulmaq) edilməyiblər.

Frankfurtçular hesab edirlər ki, marksistlər əsas diqqətini kapitalizmin daxili inkar qüvvələrində cəm ediblər, inteqrasiyaya kifayət qədər yüksək qiymət verməyiblər; əslində isə kapitalizmin inkişaf imkanları - sonsuzdur. Yaranan ictimai institutlar, kütləvi informasiya sistemi, təbliğat və mədəniyyət formaları, əmək məhsuldarlığın yüksəlməsi, tələbatların və onları ödəmək formalarının inkişafında elm və texnikanın rolu - kapitalizmin daxili inkişaf imkanlarını sübut edir.
ƏDƏBIYYAT


  1. Acмyc B.Ф. Иммануил Kaнт. M., 1973.

  2. Kapлейль T. Французская революция. История. M., 1991.

  3. Kopнфорт M.Открытая философия и открытое общество. M., 1972.

  4. Coциальная философия франкфуртской школы. M., Пpara, 1978.

  5. Философский энциклопедический словарь. M., 1989.

31-CI NIÖVZU. TARIXDƏ HƏRƏKƏTVERICI QÜVVƏLƏR
Təbiət və təfəkkürdə olduğu kimi, cəmiyyətdə də inkişafın daxili mənbəyini, hərəkətverici qüvvəsini ziddiyyətlər və onların həll edilməsi təşkil edir. Ziddiyyətlərin ümumiyyətlə inkişafın hərəkətverici qüvvəsi olması haqqında fəlsəfi müddəa sosial həyatda bir qədər özünəməxsus məna kəsb edir. Belə ki, cəmiyyət miqyasında götürüldükdə, ziddiyyətlər konkret şəkil alır, sosial ziddiyyətlər kımi çıxış edir.

Deməli, cəmiyyətin inkişafının əsas mənbəyi sosial ziddiyyətlərdir. Digər tərəfdən, burada ziddiyyətlər nə öz-özünə yaranmır, nə də öz-özünə həll olunmur. İctimai həyatda həm ziddiyyətlərin yaranması, həm də onların həll edilməsi fəaliyyətlə bağlıdır. Xalq kütləsinin ziddiyyətləri həll etməyə yönələn fəaliyyəti ictimai inkişafın hərəkətverici qüvvəsi rolunu oynayır. İctimai inkişafın obyektiv qanunauyğunluqları onların fəaliyyəti vasitəsilə reallaşır.

Sosial ziddiyyətlərə misal olaraq aşağıdakıları göstərmək olar: cəmiyyət ilə təbiət arasındakı ziddiyyətlər; istehsal ilə tələbat arasındakı ziddiyyətləri; sosial birlik formaları və etniki birliklər arasındakı münasibətlərdə təzahür edən ziddiyyətləri və sair.

Cəmiyyətin inkişafının obyektiv qanunları nəticə etibarilə insanların fəaliyyətinin və onların ictimai münasibətlərinin qanunları kimi çıxış edir. Çünki fəaliyyətin və ictimai münasibətlərin müxtəlif növləri tarixi prosesin əsas məzmununu və obyektiv istiqamətini müəyyən edir. Onlar insanların obyektiv tələbatlarını ödəməyə xidmət edir. Bu vəziyyət mütəmadi davam edir. Yəni insanlar öz tələbatlarını ödəmək naminə şəraiti dəyişdirirlər. Onların yaratdığı yeni şərait isə yeni tələbatları və onları ödəməyin əvvəllərdə mövcud olmayan üsullarını əmələ gətirir. Bu proses zəruri, mühüm və təkrarlanan xarakter daşıyır və deməli qanun statusu alır.

Tələbat subyektin vəziyyətidir. Bu vəziyyət subyektin malik olduğu ilə imkanı arasında ziddiyyət əsasında formalaşır. Tələbat subyekti bu ziddiyyəti həll etməyə yönəldən fəaliyyətə sövq edir.

Tələbatın məzmunu insanın şüur və iradəsindən asılı olmayaraq obyektiv surətdə formalaşır. Lakin insan, tələbatların sadəcə passiv daşıyıcısı deyildir. O, öz fəaliyyətini tələbatı yerinə yetirməyə yönəldir, bunun üçün forma və yollar işləyib hazırlayır. Beləliklə, tələbat subyekti fəaliyyətə sövqedən motiv, impuls rolunu oynayır. Deməli, tələbat subyektin təbiəti, sosial şəraiti və münasibətləri öz həyatı üçün lazım olan şəklə salınmasına yönəltdiyi fəaliyyətin daxili stimuludur.

İstehsal ilə tələbat arasında əlaqə birtərəfli olmayıb mürəkkəb təbiətə malikdir. Belə ki, hər bir yeni tələbat istehsalı stimullaşır, onun qarşısında yeni vəzifələr irəli sürür. Tələbatların ödənilməsi prosesində eyni zamanda yeni tələbatlar yaranır, bunlar isə öz növbəsində istehsalın inkişafını stimullaşdırır. Artan tələbatların təsiri ilə insanlar müntəzəm surətdə əmək fəaliyyəti dairəsini genişləndirir və təkmilləşdirirlər. Beləliklə, nəsillər bir-birini əvəz etdikcə istehsal təcrübəsi dəyişir və təkmilləşir. Tarix boyu insanların fəaliyyət növləri genişlənir və daha mürəkkəb formalar alır, maddi və mənəvi tərəqqi, texniki və sosial çevrilişlər baş verir. Bütün bunlar onu göstərir ki, cəmiyyətin tarixi insanların tələbatlarının inkişafı, bu tələbatların strukturunun dəyişməsi ilə bağlıdır. Tarixdə tələbatların artması qanunu fəaliyyət göstərir. Bu ümumsosioloji qanun bir tərəfdən maddi istehsal ilə maddi tələbatlar arasında, digər tərəfdən isə mənəvi istehsal ilə mənəvi tələbatlar arasında dialektik ziddiyyəti ifadə edir.

İnsanları fəaliyyət göstərməyə sövq edən amillər arasında mənafelər müəyyənedici yer tutur. Hər bir cəmiyyətdə müxtəlif mənafelər mövcud olur. Bu mənada ictimai mənafeləri, sosial birlik formalarının mənafelərinin və şəxsi mənafeləri ayırmaq olar.

Öz məzmununa və mənbəyinə görə mənafe obyektivdir. Belə ki, o sosial qrupların və siniflərin real vəziyyəti, onların obyektiv tələbatları, həyat şəraiti əsasında yaranır. Bununla yanaşı mənafelər həm də subyektivdir. Bu sonuncu cəhət mənafelərin varlıq formasında, mövcudluq üsulunda ifadə olunur. Mənafelər siniflər və sosial qruplar tərəfindən dərk olunduqda onların fəaliyyətində, mübarizəsində mühüm stimul rolu oynayır. Lakin mənafelərin dərk olunması asan baş vermir, mürəkkəb prosesdir. Buna görə də bəzən bu və ya digər sinif və bütövlükdə xalq mənafeləri başa düşməkdə yanlışlığa yol verir. Başqalarının mənafelərini səhv olaraq özününkü kimi qəbul edə bilir. Hər iki halda, yəni mənafe düzgün və ya yanlış dərk olunduqda, o fəaliyyətin sövqedicisi rolunu saxlayır.

Hər bir cəmiyyətdə mövcud olan müxtəlif birliklərin, sosial qrupların mənafeləri dinamikasını diqqətlə nəzərə almaq tələb olunur. Bu prinsip müasir cəmiyyətə münasibətdə xüsusilə zəruridir. Sovet rejimi dövründə ölkəmizdə sinif və təbəqələrin spesifık mənafelərinin müxtəlifliyinə lazım məhəl qoyulmurdu. Açıq cəmiyyətə keçid prosesində cəmiyyətdə sinfi, peşə, yaş, milli, ərazi-regional mənafelər diqqətlə öyrənilir və idarəçilikdə nəzərə alınır.

Sosial fəlsəfə tarixin mühüm hərəkətverici qüvvəsini xalqda görür. Bu, ictimai inkişafın hərəkətverici qüvvəsini ideal başlanğıcda, mütləq ideyada görən və görkəmli şəxsiyyətlərin rolunu şişirdən baxışlara qarşı çevrilmişdir. Cəmiyyətin tarixi xalqın fəaliyyəti nəticəsidir.

Tarixdə xalqın həlledici rolunu izah etməzdən əvvəl «xalq» anlayışının məzmununu açmaq lazım gəlir. Bu ona görə vacibdir ki, həmin anlayışın məzmunu dəyişkən və mütəhərrikdir. Hər bir konkret tarixi dövrdə bu anlayışın məzmunu spesifik xarakter daşıyır. Bu obyektiv amil xalq anlayışının müxtəlif izahına qida verir.

Qeyd edək ki, xalq anlayışının məzmunu kifayət qədər öyrənilməmişdir. Bunun mühüm bir səbəbi odur ki, uzun illər ərzində ictimai fikirdə xalq kütlələrinin roluna lazımi diqqət yetirilməmişdir. O tarixi prosesin hərəkətverici qüvvəsi hesab olunmurdu. Yalnız Fransada bərpa dövrünün tarixçiləri (Tyerri, Gizo, Minye) tarixin gedişində üçüncü təbəqənin roluna diqqət yetirmişdilər (o vaxta qədər yalnız iki təbəqə - ruhanilər və zadəganlar göstərilirdi).

Adətən xalq anlayışına əhalinin böyük əksəriyyətini təşkil edən təbəqələr daxil edilir. Məsələn, feodalizmdə xalq təhkimli kəndliləri və sənətkarları, kapitalizmdə isə proletariatı və digər muzdlu əmək işçilərini əhatə edir. Qeyd edək ki, öz tərkibinə görə xalq heç vaxt yekcins olmur. Digər bir səciyyəvi cəhət budur ki, cəmiyyətdə əhalinin tüfeyli həyat sürən təbəqələri, cinayətkarlar və ağıldan kəm insanlar bir qayda olaraq xalqın tərkibinə daxil edilmir. Xalq anlayışı çox vaxt müəyyən ölkədə yaşayan əhali və yaxud millət mənasında işlənilir (məsələn, Azərbaycan xalqı, özbək xalqı və sair). Xalq anlayışını «xalq kütlələri» mənasında götürdükdə isə onun tərkibinə ölkədəki bütün insanlar deyil, birinci növbədə əməklə məşğul olan və öz əməyi hesabına yaşayanlar aid edilir.

Xalq ayrı-ayrı insanların mexaniki məcmusu deyildir. O konkret cəmiyyəti təşkil edən bütöv bir tam kimi çıxış edir. Onun tərkibinə eyni dövrdə mövcud olan ailələr və tək yaşayan fərdlər daxildir. Həm ailələrin, həm də ayrı yaşayan insanların hazırki fəaliyyəti və gələcəyi xalqın taleyi ilə ayrılmaz surətdə bağlıdır. Məlumdur ki, hər bir ailə ona daxil olan üzvləri yox edib sıradan çıxarmır, əksinə onların həyatını daha da dolğunlaşdırır və təkmilləşdirir. Eynilə də xalq ona daxil olan ailələri və tək şəxsiyyətləri əridib yox etmir, onların həyatının məzmununu müəyyən milli formada daha da dolğun edir. Bu forma hər bir xalqın əsl mənasını və səciyyəsini ifadə edən dilində, adətlərində və xarakterində əks olunur. Deyilənlər daha çox təkmillətli xalqlara aiddir. Müasir dünyada xalqların, millətlərin və ayn-ayrı fərdlərin qarşılıqlı təsiri nəticəsində onlar bir-birilə qaynayıb qarışır və birbşirlər. Buna görə də hazırda monoetnik (birmillətə malik olan) xalq demək olar ki, çox azdır. Məsələn, müasir Azərbaycan xalqının tərkibində onlarla müxtəlif millətlərin nümayəndəsi yaşayır.

Bəzən xalq dedikdə ağır işiləri görən, zəhmətkeş camaat nəzərə gəlir. Bu tarixən hakim dairələrin adi kütləyə nifrətlə yanaşması ənənəsinin davamıdır. Onlar göstərirlər ki, xalq iki hissəyə «yaradıcı azlığa» və «qara camaata» ayrılır. Birinci hissəyə seçilmiş təbəqələr (aristokratik ruh sahibləri, cəmiyyətin qaymağı), ikinciyə isə heç nəyə qadir olmayan, yaradıcılıq keyfiyyətindən məhrum olan adi kütlə daxildir.

Xalq anlayışını geniş mənada (yəni ölkənin əhalisi mənasında) götürənlərdən biri Ş.Monteskye olmuşdur. Onun fikrincə, senatorlar patrisilər və plebeylər xalqa daxildir. Əslində xalq dedikdə yalnız elə siniflər və təbəqələr başa düşülür ki, onlar maddi və mənəvi dəyərlər yaradır, beləliklə də cəmiyyətin inkişafına kömək edirlər. Fəlsəfi ədəbiyyatda xalq anlayışının aşağıdakı üç əlaməti göstərilir: Birincisi, bir qayda olaraq yalnız maddi istehsal sahəsində çalışan təbəqələr xalqa aid edilir. Bu əlamət daha çox keçmiŞ dövrlər üçün səciyyəvi olmuşdur. Müasir dövrdə isə həlledici əhəmiyyət kəsb etmir. Çünki, indi inkişaf etmiŞ ölkələrdə əhalinin getdikcə daha çox hissəsi bilavasitə maddi istehsaldan kənarda çalışır.

İkincisi, xaqın tərkibinə mütərəqqi istiqamətdə fəaliyyət göstərən sosial qruplar daxil edilir. Bu meyara əsaslanmaqla kapitaIizmin yaranması dövründə burjuaziya xalqa aid edilir, onun hökmranlığı qərarlaşdıqdan sonrakı dövrdə isə o xalqın tərkibindən kənarlaşdırılır. Qeyd olunan mövqe aşağıdakı iki səbəblə bağlıdır: a) tarixi inkişafın yalnız yüksələn xətt üzrə getdiyini iddia edən konsepsiya; b) ədəbiyyatda xalq kütlələrinin rolunu şişirdən, onda hər hansı bir neqativ cəhətin mümkünlüyünü inkar edən baxışın təsiri.

Üçüncü, xalq ilə, görkəmli şəxsiyyətlər arasındakı fərqlər mütləqləşdirilir, onlar bir-birinə qarşı qoyulur. Bu zaman belə bir əsas gətirilir ki, guya görkəmli şəxsiyyətlərdə xalqı səciyyələndirən əlamətlər yoxdur. Belə yanaşma onu nəzərə almır ki, xalq özünün sosial-psixologi və siyasi inkişafının müəyyən mərhələsində bir çox cəhətdən məhz şəxsiyyətlərdən ibarət olur. Həm də buna məhəl qoymur ki, xalq ilə görkəmli şəxsiyyətlərin qarşılıqlı münasibətləri bir-birindən uzaq olmur.1

Bir sıra hallarda «xalq» anlayışı etnik mənada işlənilir. Bununla əlaqədar qeyd edək ki, «etnos», «millət», və «xalq» anlayışları bir-birinə yaxın olsalar da, müxtəlif məzmuna malikdir. Aydındır ki, xalq ilə etnosun oxşar cəhətləri çoxdur. Məsələn , bu və ya digər xalqın nümayəndəsi olan fərd, həm də müəyyən etnosa daxildir. Bu münasibətdə monomillətli (yapon, erməni) və çoxmillətli (amerikan, keçmiş sovet, yuqoslaviya) xalqları vardır. «Xalq» və «sinif» anlayışı arasında da yaxınlıq mövcuddur. Belə ki, müəyyən dövrlərdə (məsələn, klassik feodalizm cəmiyyətində) xalq kütləsi əsasən bir sinifdən (kəndlilərdən) ibarət idi. Doğrudur, bir çox hallarda xalq müxtəlif sinifləri və təbəqələri (fəhlə, kəndli siniflərini, sənətkarları) əhatə edir.

Xalq anlayışının sosial məzmununda aşağıdakı üç əlamət başlıca yeri tutur. Birinci əlamət tarixən ümumi taleyə malik olmaq hesab edilir. Hər hansı bir vahid xalqın formalaşmasının müqəddəm şərti eyni bir əraziyə və dövlətə malik vətəndaşların mövcudluğudur. Xalqın müəyyən tarixi səbəblər üzündən səpələnməsi (yəhudi, erməni və başq.) və yaxud da uzun müddət bölünmüş halda yaşaması (Koreya xalqı, cənubda və şimalda yaşayan azərbaycanlılar) onun nümayəndələrinin tarixi tale ümumiliyini inkar etmir. İkinci əlamət, xalqı bütöv bir tam kimi birləşdirən ümumi inamın, ümumxalq ideyasının olmasıdır. Xalqı birləşdirən ümumi inamın dini xarakter daşıması məcburi deyildir. Tarixdə belə hallar çox olmuşdur ki, xalqın tərkibi dünyəvi inam zəminində (məsələn milli azadlıq ideyası) birbşir.

Deməli, xalqı birləşdirən inamın forması o qədər də vacib deyildir. Əsas məsələ həmin inamın kütlələrinin ictimai şüuruna nə dərəcədə hakim olmasıdır. Bununla əlaqədar qeyd edək ki, müasir dövrdə Azərbaycan xalqını birləşdirə biləcək ümumi ideyanın, milli ideologiyanın yaradılması son dərəcə zəruridir. Üçüncü əlamət tarixi perspektivin ümumiliyidir. Bəzən bu əlamətin roluna lazımi diqqət yetirilmir. Lakin nəzərdə tutulmalıdır ki, öz tarixi gələcəyini görməyən xalq məhvə məhkumdur. Çünki bu halda əvvəllər xalqı vahid bir tam kimi birləşdirən tale ümumiliyi tədricən onu içəridən parçalayan qüvvəyə çevrilir. Hər şeydən əvvəl xalq mənəvi mədəniyyətin əsasında duran dilin yaradıcısı və qoruyucusudur.

İkinci, professional mədəniyyət və incəsənət özünün qazandığı heyrətamiz nailiyyətlərinə görə xalq yaradıcılığına borcludur. Belə ki, xalq yaradıcılığında əks olunan sonsuz müdriklik, yüksək mənəvi dəyərlər, heyranedici təsviri sənət nümunələri professional mədəniyyətə və incəsənətə çox güclü təsir göstərir.

Üçüncü tarixdə ən böyük elm fədailəri, bədii sənət korifeyləri, müdriklər xalq ilə ayrılmaz əlaqədə fəa-liyyət göstərmişlər. Onların yaratdığı nadir incilər məhz xalqın arzu və istəyini, tələbat və mənafelərini əks etdirdiyindən bütün zamanlar üçün ölməzlik, əbədilik statusu almışdılar.

Xalq mədəni dəyərlərini nəinki təkcə yaradır, həm də qoruyub saxlayır və gələcək nəsillərə ötürür. Xalq həm də mənəvi əxlaqi dəyərlərin, birgəyaşayış normalarının tükənməz xəzinəsidir. Məsələn, Azərbaycan xalqının mentalitetini ifadə edən cəhətlər (ədalət hissi, böyüyə hörmət, qadına hörmət, qonaqpərvərlik, halallıq və sair) onun ayrı-ayrı nümayəndələri tərəfindən yaradılmamışdır. Onlar bütövlükdə xalqın xarakterini ifadə edən mənəvi keyfiyyətlərdir.

Qeyd olunmalıdır ki, xalq birdən-birə yetişmir. Onun formalaşması və inkişafı bir neçə pillədən keçir. Belə mərhələlərdən birini onun kütlə "qara camaat" vəziyyəti təşkil edir. Son vaxtlarda xalqı izah edərkən kütlə anlayışına da diqqət yetirilməkdədir. Nəzərdə tutulmalıdır ki, bu anlayış geniş və dar mənada işlənilə bilir.

Birinci halda kütlə, camaat dedikdə xalqın formalaşmasına qədər mövcud olan sosial-psixoloji səviyyəsi, yaxud da xalqın tənəzzülünü ifadə edən vəziyyət başa düşülür, Sözün məhdud, dar mənasında götürdükdə, "qara camaat" bir-birilə üz-üzə duran və birbaşa təmasda olan insanlar çoxluğu deməkdir. İkinci mənada bu anlayış insanların sabit sosial və ya etniki birliyini ifadə etmir.

Maraqlıdır ki, ilk dövrlərdə "camaat" anlayışının bu iki mənası bir-birindən o qədər də fərqləndirilməmişdir. Məsələn, Platonun təsəvvür etdiyi ideal dövlətdə 5000 adamın olması nəzərdə tutulurdu. Onlar bir-birini tanıyır və oxlokratiya (camaat hakimiyyəti) yaradırdı. Platona görə o, ən yaxşı dövlət idarəçiliyi idi. Sonralar cəmiyyətin miqyası və əhatə dairəsi genişləndikcə "camaat" və "kütlə" anlayışları bir-birindən ayrıldı.

Psixoloji mövqedən yanaşdıqda camaat öz davranışına ağıllı nəzarətin zəif olması ilə səciyyələnir. Bunun nəticəsində camaatda (kütlədə) ehtirasların emosional-iradi coşqunluğu özünü göstərir. Aydın bilinməyən və qeyri-sabit xarakterli mənafelərə əsaslanması adətən mövcud ani əhval-ruhiyyə ilə müəyyən olunur. Bu prosesdə liderin, yəni kütlənin əhval-ruhiyyəsini başqalarına nisbətən daha tez və yaxşı hiss edən adamın, təsiri çox güclü olur. Məhz lider kütlənin çoşqunluğundan istifadə edərək onu ələ alır və lazım gəldikdə ondan öz məqsədlərinə uyğun istifadə edə bilir. Lider kütlədə öz istədiyinə uyğun əhval-ruhiyyə formalaşdırmağa çalışır.

İctimai fikir tarixində xalq, kütlə haqqında, kütlənin ictimai proseslərdə rolu haqqında Qabriyel Tard və Hüstav Lebonun ideyaları da müəyyən maraq doğurur.

Fransa psixoloqu və antropoloqu olan H.Lebon kütlənin sosial-psixoloji xüsusiyyətlərindən yazaraq, qeyd edirdi ki, fərdlərin kütlə içərisindəki davranışını "kütlənin mənəvi birliyi" qanunu idarə edir, nəticədə onda dözümsüzlük, ehkamçılıq hissi yaranır, məsuliyyət hissi itir. Kütlə-irrasional dağıdıcı qüvvədir; "kütlə erası" yaxınlaşdıqca, sivilizasiya süquta doğru yuvarlanır.

Qeyd olunmalıdır ki, məhdud saylı insanlar qrupu kimi götürülən camaat ilə xalqın sosial-psixoloji vəziyyəti kimi nəzərdə tutulan camaat arasında bir sıra oxşar cəhətlər müşahidə olunur: məsələn, tez qıcıqlanmaq, çoşğun enerjini ifadə etmək qabiliyyəti (qısa müddət ərzində olsa da), hərəkətlərin nəticələrini irəlicədən məlum olmaması ilə əlaqədar olan qeyri-sabitlik; mütəhərriklik; tez-tez bir ifrat həddindən və qütbdən digər ifrat həddinə, qütbə yuvarlanmaq və sair.

Bəzən ədəbiyyatda camaatı yatmış vəziyyətdə olan süst, dağınıq, kobud kütlə kimi səciyyələndirirlər. Bu keyfiyyətlər camaatın özünün inkişafının müxtəlif pillələrini ifadə edir. Belə ki, süstlük və dağınıqlıq hələ oyanmamış kütləyə xas olan keyfiyyətlərdir. Lakin nəzərdə tutulmalıdır ki, oyarımış kütlənin özü də birdən-birə camaat səviyyəsindən kənara çıxmır.

Bəşəriyyətin tarixi göstərir ki, kütlə son dərəcə dağınıq və qeyri-sabit xarakterə malikdir. Tarixdə elə hallar baş vermişdir ki, kütlə müəyyən bir adamı ölümə məhkum edir. Başqa sözlə deyilsə, kütlə çox kövrək təbiətə malikdir. O həm kölə kimi xidmət etmək, həm də tez bir zamanda dəyişərək hökmranlıq etmək iqtidarındadır.

Kütlənin hərəkətləri çox vaxt kortəbiiliyə əsaslanır. Bunu 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən mitinq hərəkatlarının nümunəsində yəqin etmək olar. Bu hərəkatlarda çox vaxt elə olurdu ki, bu və ya digər şəxs özünü lider kimi göstərməkdə xalqın emosiyalarına arxalanaraq, onu özünün arzu etdiyi istiqamətə yönəldirdi. Kütlədə demək olar ki, həmişə müəyyən sayda psixiki cəhətdən qeyri-sabit, müstəqil təfəkkürə, möhkəm xarakterə malik olmayan adamlar - fanatiklər mövcud olur ki, onlar çox asanlıqla təsir altına düşürlər. Bu fikrin doğruluğunu yuxarıda adı çəkilən hərəkatlar sübut edir. Onlar həm də göstərdi ki, kütlə stixiyasının coşduğu və böyük axına çevrilərək çoxlu miqdarda insanları əhatə etdiyi hallarda bu hərəkatın qeyri-yetkinliyi və qeyri-mükəmməlliyi aşkara çıxır.

Kütlə stixiyası nəticə etibarilə öz məhdudluğu üzündən məğlubiyyətlə nəticələnir. Çünki burada stixiyanı aradan qaldırmaq üçün tələb olunan aydın zəkanın təşəbbüsü demək olar ki, yoxdur. Narazı kütlənin xaosuna cəlb olunan insanların hərəkətləri də çox vaxt stixiyalı, qeyri-sahmanlı xarakter daşıyır. Belə hallarda arzuolunmaz nəticələrin baş verməsi istisna olunmur. İnsanlar yalnız xalq səvıyyəsində olarkən müəyyən təşkilat və birliklərə arxalanır, qarşısına aydın məqsədlər qoymaqla hərəkət edirlər.

Kütlənin camaatdan çevrilərək xalq halına düşməsi si-vilizasiyalaşma prosesinin ən mühüm nəticələrindən biridir. Bu nöqteyi-nəzərdən yanaşdıqda camaat səviyyəsində olan xalqın səciyyəvi cəhətlərini diqqətlə və dərindən öyrənmək lazımlı işdir. Belə ənənə hələ F.Bekondan irəli gəlir (camaat və meydanla bağlı qalıqlar, idollar məsələsi). Lakin kütlənin (camaatın) xalqa çevrilməsi mexanizmi çox mürəkkəbdir, Təəssüf ki, bu proses hələ də tam elmi təhlil edilməmişdir. Bu prosesin öyrənilməsində marksizmin müəyyən xidməti olmuşdur. Bunu danmaq ədalətsizlik olardı. Lakin həmin məsələ bu günə qədər də özünün hərtərəfli elmi həllini tapmamışdır.

Tarixdə xalq kütlələrinin, onu təşkil edən sosial qrup, sinif və etnosların həlledici rolunun qəbul edilməsi heç də bu prosesdə şəxsiyyətin əhəmiyyətini heçə endirmir. Bir halda ki, tarixi insanlar yaradır, deməli burada hər bir fərd müəyyən rol oynayır. Həm də söhbət təkcə xüsusi seçilən görkəmli şəxsiyyətlərdən deyil, cəmiyyətdə fəal həyat mövqeyi tutan hər bir normal fərddən gedir. Yəni öz əməyi və fəaliyyəti ilə ictimai həyatın bu və ya digər sferasına və onun vasitəsilə bütünlükdə tarixi prosesə müəyyən töhfə verən insan nəzərdə tutulur.

Tarixdə şəxsiyyətin rolu probleminə bir çox filosoflar öz münasibətini bildirmişlər. Lakin burada fikir müxtəlifliyi vardır:

  1. Bəziləri hesab edir ki, şəxsiyyət tarixi inkişafın vacib və müstəqil amilidir, şəxsiyyət tarixi prosesin çıxış nöqtəsi, məqsədi və hərəkətverici qüvvəsidir. Tarix şəxsiyyət üçündür, şəxsiyyət tarixin daşıyıcısıdır. Təbii və ictimai mühit tarixdə fəaliyyət göstərən şəxsiyyət üçün ya vasitə, ya da zəruri nemətlərin mənbəyidir. Şəxsiyyətin fəaliyyətinə uyğun olan tarixi şərait həmin şəxsiyyət tərəfindən subyektivcəsinə qiymətləndirilir, şəxsiyyət tarixə öz tələbatları, marağı və idealları prizmasından baxır.

  2. Hegeldən başlanan və iqtisadi materializm (Marks) ilə tamamlanan yanaşma. Marks, Viko ilə birlikdə tarixi şəxsiyyətin yaratdığını göstərməsinə baxmayaraq. «18 Brümer» əsərində o, yazırdı ki, "İnsanlar öz tarixini yaradırlar, lakin bunu, həm indi mövcud olan, həm də keçmişdən miras qalan müəyyən şəraitdə edirlər; bu şəraiti heç kəs sərbəst seçə bilməz".

Çox vaxt marksistlər bu müddəanın birinci hissəsindən imtina edirlər. Tarixin başlıca amilinin iqtisadi amil olduğunu qəbul edərək, şəxsiyyəti də bu amilin icraçısı hesab edirlər. Beləliklə də, tarixi hərəkatın hər bir faktının izahında istehsal şəraitinin başlıca rol oynadığını göstərirlər, insanın rolunu isə heçə endirib, çox vaxt insan amilini cəmiyyətin inkişafının müqəddəm şərti kimi qeyd etməklə kifayətlənirlər.

Məlumdur ki, şəxsiyyətin cəmiyyətə və tarixə təsiri sabit deyil, çünki şəxsiyyət, daim inkişafda olan, dəyişilən qüvvələrin sistemidir. Buraya irqi, milli, psixoloji, psixi xüsusiyyətlər, iqlim və sair. daxildir. İqtisadi həyatın təşkilinin özü, bir sıra faktorların təsiri altında inkişaf edir; Məsələn, Marks qeyd edirdi ki, kapitalizm yalnız mülayim iqlimdə (tropik şəraıtdə - yox) yarana bilərdi.

Marksın və Engelsin təliminin üstünlüyü (müxtəlif abstrakt-ideoloji və idealist tarixi-fəlsəfi nəzəriyyələrə nisbətdə) ondan ibarətdir ki, burada real tarixi faktlar istifadə edilir, hərçənd bəzən onların yozulmasında subyektivliyə yol verilirdi.

3) Üçüncü mövqe: şəxsiyyət tarixi inkişafın həm səbəbi, həm də məhsuludur. Bokl "Sivilizasiya tarixi" əsərində qeyd edir ki, görkəmli şəxsiyyətlər, zahirən və öz şüuruna görə nə qədər azad hesab edilsə də, tarixi şəraitdən asılı vəziyyətdə olurlar. Şəxsiyyət tarixin həm obyekti, həm də subyektdir. Bu nöqteyi-nəzərin də məhdud cəhətləri vardır: o həddən artıq ümumi xarakter daşıyır. Odur ki, bu məsələ metodoloji əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyətin konkret təsirinin forma və istiqamətlərini öyrənmək zəruridir.

Qeyd olunmalıdır ki, şəxsiyyət tarixi prosesdə fəal və şüurlu şəkildə iştirak etdiyi halda, tarixi və ictimai-iqtisadi mühit passiv rol oynayır. Tarixi prosesin ünsürünə çevrilmək üçün şəxsiyyət konkret fəaliyyət göstərməlidir. Obyektiv şərait (tarixi mühit) şəxsiyyətin fəaliyyətində həm stimul, həm də əngəl rolunu oynaya bilir. Mövcud mübarizə, konfliktlər tərəqqinin inkişafına təkan verir. Bu prosesdə fərdin, sosial qrupların fəaliyyətinin nəticələri reallaşaraq, obyektiv qüvvəyə çevrilir. Qeyd olunan vəziyyət ayn-ayrı fərdlərin fəaliyyət və meyllərindən asılı olmur, tarixi zərurət şəklini alır.

Tarix inkişaf etdikcə, şəxsiyyətin şüurlu fəaliyyətinin əhəmiyyəti də artır. Bu prosesdə insanın təbiətə münasibəti də ciddi surətdə dəyişir. Belə ki, insan sadə, təbii məhsullardan daha az istehlak edir. Onun məqsədyönlü, şüurlu fəaliyyətinin miqyası genişlənir və rolu artır. İnsan yeni məkanlar fəth edir, əmək məhsuldarlığını artırır, təbiəti öz məqsədlərinə xidmət etməyə vadar edir. İnsan ağlının inkişafının ən parlaq nümunəsi iqtisadi sahədə özünü göstərir. Məhz bu sahə şüurlu şəxsiyyətin tarixdə mühüm rolunu əyani şəkildə təsdiqləyir. Unutmaq olmaz ki, şəxsiyyət cəmiyyətdə ayrı-ayrı adamlar, sosial qrup, institutlar, ideoloji cərəyanların təsiri altında formalaşır və fəaliyyət göstərir.

Şəxsiyyətin özünü də bir fərd, şüurlu varlıq və ya görkəmli şəxsiyyət kımi fərqləndirib öyrənmək tələb olunur. Tarixi həm "görkəmli şəxsiyyətlər tarixi" kimi (Karleyl), həm də şüursuz istehsal üsulun dəyişilməsi nəticəsində hərəkətə gələn bir proses kimi (Engels) qiymətləndirmək olar.

Tarix inkişaf etdikcə də şəxsiyyət və kütlənin (xalqın) nisbəti dəyişir. Mühitin mədəniyyəti, ümumi inkişaf səviyyəsi artdıqca, xalq və yaxud kütlə özünə qəhrəman, lider seçdikdə müstəqil, şüurlu şəkildə düşünür, götür-qoy edir. Bu zaman qəhrəman-şəxsiyyətlərin rolu azalır, tənqidi şəkildə düşünənlərin rolu isə artır.

İngilis və fransız fəlsəfəsində insan tarixin fəal subyekti kimi qiymətləndirilirdi (Hobbs, Lokk, Lametri, Helvetsi və başqaları)

Türqo, Kondorse və Sen-Simon ilə yanaşı, Kant da tarixi məktəbin banisi sayılır. O ictimai həyatın inkişafında tərəqqinin yolunu altruizmin eqoizm üzərində qələbəsində görürdü. Onun fikrincə, fərdi azadlıq xalqların mədəni muxtariyyət şəraitində, ictimai vəzifələrin yerinə yetirilməsi zamanı mümkündür.

F.Hegel tarixin möhtəşəm hadisələrini ayrı-ayrı şəxsiyyətlərin cılız istəkləri, meylləri və ehtirasları, onların təsadüfi əməlləri ilə izahına qarşı qəti şəkildə çıxış edirdi. İnsan fəaliyyəti obyektiv qanunauyğunluqların inkişafı ilə bağlıdır ("dünya zəkasının hiyləgərliyi"). Hegel bəzi xalqların (o cümlədən alman) tarixdə fövqəl rolunu qeyd etmişdi, "ümumdünya tarixi Şərqdən Qərbə doğru irəliləyir, çünki, şübhəsiz, Avropa ümumdünya tarixinin yekunu olduğu kimi, Asiya -onun başlanğıcıdır".

Hegel həm də qeyd edirdi ki, tarixi prosesin qanunauyğunluğu fərdlərin maraqları və hərəkətlərindən əmələ gəlir. Bu maraqların və mənafelərin mübarizəsi tarixdə ümumdünya ruhunun reallaşmasının ifadəsidir. Ümumdünya tarixinin inkişafı - fərdi və ümuminin inkişafı dialektikası, azadlığın dərk olunması yolunda olan tərəqqi prosesidir.

Fridrix Nitsşe kütlə və şəxsiyyət haqqında maraqlı fikirlər söyləmişdir. Ona görə həyatda iki əxlaq var - qulların əxlaqı və quldarların əxlaqı. Qullar aşağı irq, həyatın iflic vəziyyətinə düşmüş, tənəzzülə uğrayan ifadə formasıdır. Yalana o zaman «icazə verilir» ki, o, hakimiyyətə qulluq edir. «Həqiqət - elə bir yanılma növüdür ki, onsuz canlı məxluqların müəyyən növü yaşaya bilmir». Yaşamaq uğrundakı mübarizədə yalnız çevik, özünə həyati ərazidə vaxtında yer tapan, bu ərazini sadələşdirən, kobudlaşdıran canlı varlıqlar qalib gələ bilər.

Həyat hadisələrin vaxtaşırı təkrarlanmasına və fasiləsizliyinə əsaslaınr. Həyat nə qədər qüdrətli olsa, düşünən və qiymətləndirən mövcud aləm də bir o qədər geniş olmalıdır». Burada köməkçi vasitələr - rasionallaşma, məntiqilik və sistemləşdirmədir. Həyat prosesində idrak-yalnız köməkçi bir vasitədir: o, həqiqi, obyektiv bilikləri yaratmır. Yalnız həyatın inkşafına səbəb olan, faydalı olan tərəflərə təkan verir (birinci növbədə hakimiyyəti gücləndirir).

Hakimiyyət instinkti - hakim sinifin mənəvi davranışının vacib tərkib hissəsidir. Onların ömürləri belə hakimiyyətə iradi tabe olmaqdan iləarətdir. Hakimiyyət instinktinin formaları - cinsi və özünüqoruma instinktləridir. Cəmiyyət haqqındakı təlimini də Nitsşe bu ideya ilə əsaslandırır. Burada söhbət "torpağın hökmdarlarından" və qullar hərəkatlarından gedir. Ali təbəqə - "sağlam, günü-gündən yaxşılaşan, qəlblərində daim hakimiyyəta doğru iradəsi olan adamlardan ibarətdir. Bu insan növü qəddar, həris (hakimiyyət hərisliyi) özünə qarşı tələbkar, cəngavərdir, bütpərəstlik xüsusiyyətinə malikdir. Buraya sənətkarlar, alimlər daxildir; hakimiyyətdə olan insanları hökmranlığa məhz onlar hazırlayır". "Torpaq hökmdarları" daha yüksək irqin nümayəndələridir; bunlar daha çox ari-almanlarda (daha dəqiq desək - Prussiyadakı hərbi zadəganlar nəslində) təsadüf edir.

Nitsşe bütün yer üzündə "hökmdar-insan"ların hakimiyyətinin olmasını tələb edir; belə adamlar, böyük, ən ali mədəni xalqların nümayəndələri olaraq, "qardaş"dırlar, planetdə bunlar yeni ümumdünya qayda-qanunların daşıyıcıları olmalıdırlar. Onlar yeni, daha zəngin və parlaq mədəniyyətin əsasını yaratmalı, rasional elmə, pozitivizmə, düşünmənin liberal və sosialist-humanist tərzinə, demokratiyaya son qoymalıdırlar və s. Bu adamlardan fəvqəlinsan (min ildən bir) dünyaya gəlir. Sezar, Çezare Borcia, Napoleon və başqaları - fəaliyyətin dahiləridir. Onlar özündə hökmdar və mütəfəkkir keyfiyyətlərini birləşdirirlər.

Nitsşenin fövqəlinsanı - kosmopolitdir. Əslində bu fikir - iri burjuaziyanın son həddə çatdırılmış fərdiyyətçıliyinin ifadəsidir.

Nitsşe bu yolla Şopenhauerin pessimizmini aradan qaldırmaq istəyir. O başa düşür ki, həyatda əzabkeşliyin həm tarixi, həm də həyati kökləri olur. O, "Əbədi qayıdış" haqqındakı təlimində yazırdı ki, dünya sadə, sonu olan, enerjili kombinasiyalardan ibarətdir. Əbədi şəkildə fasiləsizlik təkrarlandıqca, dünya enerjiləri arasında yeni-yeni quraşdırmalar əmələ gəlir, nəticədə eyni hadisələr təkrarlanır. Tarixdə hakimiyyətə iradə (şəxsiyyətdə ifadə olunma şərti ilə) onun məqsədi və mənasına çevrilməli idi, lakin əbədi qayıtma, qayıdış bu prosesi heçə endirir (cüziləşdirir). Onu özünəməxsusluqdan məhrum edir.

Onun fikrincə, qullar hərəkatı, xristianlıq, demokratiya, sosializm - bütün bu hadisələr əslində aşağı təbəqəyə məxsus olan, əslini itirmiş adamların hakimiyyətə olan iradəsinin ifadəsidir. Onlar paxıldırlar, hökmdarların baxışlarını pozurlar (Məs., xristianlıq, qullar hərəkatı qədim yunan mədəniyyətini dağıtdı; xristianlıq - qul əxlaqının üsyanıdır; demokratiya -Fransa inqilabı zamanı zadəganların həyat tərzini, yaşayışının əsaslarını, köklərini qırdı, demokratiya sürü mərdliyinin, şücaətinin ifadə olunmasına səbəb olur).

M.Veber özünün siyasət haqqındakı tədqiqatında müxtəlif tipli liderlərdən yazır; dövlətin, cəmiyyətin legitim idarəolunması aşağıdakıları əhatə edir: 1) ənənəvi hökmranlıq (patriarx və digər ağsaqqallar tərəfindən həyata keçirilir); 2) Fövqəlqabiliyyətə (xarizma) malik olan şəxsiyyətlərin hökmranlığı (peyğəmbərlər, siyasətdə-seçki yolu ilə hakimiyyətə gəlib çıxan sərkərdə, hökmran, qabiliyyətli demaqoq və yaxud siyasi partiya lideri); 3) nəhayət, rasional qaydalar əsasında, dövlətin qanuni vəzifəsini tutan, işgüzar qabiliyyətlərə malik olan şəxsiyyətlərin hökmranlığı.

Xalis şəkildə belə tiplərlə rastlaşmaq əslində mümkün deyil. Veber qeyd edir ki, Qərb üçün daha çox xas olan siyasi liderlik tarixdə gah azad natiq - "demaqoq" timsalında, gah da parlament şəraitində yetişmiş partiya rəhbəri timsalında meydana çıxır. Tədricən idarəetmə, o cümlədən dövlət səviyyəsində, mənəvi əmək formasına çevrilərək, yüksək ixtisaslı, peşəkar mütəxəssislərin fəaliyyət sahəsi rolunu oynayır. Veber burada mütəxəssis - məmurları və "siyasi" məmurları fərqləndirir (hakimiyyət dəyişəndə sonuncular da dəyişməlidirlər).

Beləliklə, tarixin hərəkətverici qüvvələrini filosoflar "mütləq "Mən"də" (M.Ştirner), "böyük şəxsiyyətlərdə" (T.Karleyl), "fövqəlinsanda" (F.Nitsşe), "yaradıcı elitada" (V.Pareto, Q.Moska), "texnokratik elitada" (C,Bernhem, Q.Lassuel), "görkəmli şəxsiyyətlərdə" (müasir nəzəriyyələr) görürlər. Ümumiyyətlə, tarixdə şəxsiyyətin rolunu inkar etmək olmaz. Konkret tarixi şəraitdə, partiyalar, siniflər, sosial qrupların qarşılıqlı fəaliyyəti zamanı ayrı-ayrı görkərnli şəxsiyyətlərin fəaliyyəti də tarixi inkişafa mühüm təsir göstərir.

G.Plexanov göstərirdi ki, görkəmli şəxsiyyətin cəmiyyətin ictimai-siyasi, elmi-texniki və bədii inkişafına böyük təsir göstərməsi iki şərtlə əlaqəlidir. Birincisi, istedaddır. Həmin adamı istedadı sayəsində dövrün ictimai tələbatlarına başqalarına nisbətən daha çox yaxın olur. Bu mənada qəhrəman o demək deyildir ki, o hadisələrin təbii gedişini dayandırır və ya dəyişdirir. Əksinə o deməkdir ki, həmin qəhrəmanın fəaliyyəti hadisələrin bu zəruri və qeyri-şüuri gedişini şüurlu və azad surətdə ifadə edir.

Bu şərtlə əlaqədar onu demək lazımdır ki, hər bir cəmiyyətdə bir neçə görkəmli şəxsiyyət mövcud olur. Lakin onlardan yalnız biri ön plana çıxır və başqalarını kölğədə qoyaraq görkəmli olur. Bu prosesdə təkcə zərurət deyil, təsadüfı amillər də əhəmiyyətli rol oynayır. Belə hallarda həmin şəxsiyyətin arxasında müəyyən sosial qruplar və təbəqələr dayanır. İkinci şərt budur kı, mövcud ictimai quruluş şəxsiyyətə öz qabiliyyətlərini reallaşdırmaqda maneçilik törətməməlidir.1

Tarix insanlar tərəfindən obyektiv qanunlar üzrə yaradılır. Xalq böyük miqyasda parçalanmış çoxluqdur. Onun gücü, enerjisi və varlığı vahid rəhbərliyin olmasını tələb edir. Bu rəhbərliyi isə görkəmli şəxsiyyət həyata keçirir. Quraq torpağın yağışa ehtiyacı olduğu kimi, xalqın da ağıllı rəhbərə ehtiyacı vardır. Platon göstərirdi ki, dünya yalnız müdriklərin çar olacağı və ya hökmdarların müdrikləşəcəyi dövrdə xoşbəxt olacaqdır.

Bəşəriyyətin tarixı boyu sonsuz sayda hadisələr baş vermişdir. Onlar müxtəlif mənəviyyata və zəkaya malik şəxsiyyətlərin (dahi və ya küt, istedadlı və ya orta səviyyəli, iradəli və ya iradəsiz, mütərəqqi və ya mürtəce) rəhbərliyi altında həyata keçirilmişdir. Şəxsiyyət təsadüf və ya zərurət üzündən dövlət başına, orduya, xalq hərəkatına, siyasi partiyaya rəhbərliyə keçdikdən sonra tarixi hadisələrin gedişinə çox müxtəlif istiqamətlərdə (müsbət və ya mənfi) təsir göstərir. Buna görə də siyasi, dövlət hakimiyyətinin və ümumiyyətlə, inzibati hakimiyyətin kimin əlində olmasının cəmiyyət üçün böyük əhəmiyyəti vardır. Şəxsiyyətin rəhbərliyə keçməsi həm cəmiyyətin və həm də həmin adamın özünün şəxsi keyfıyyətləri ilə şərtlənir.

Görkəmli şəxsiyyətlərə qiymət verərkən tarixin onun qarşısına qoyduğu vəzifələri necə yerinə yetirməsi əsas götürülməlidir. Mütərəqqi şəxsiyyət hadisələrin gedişinə sürətləndirici təsir göstərir. Bu sürətin dərəcəsi həmin şəxsiyyətin fəaliyyət göstərdiyi ictimai şəraitin xarakteri ilə müəyyən olunur.

Müəyyən ölkələr konkret andan məhz bu adamın yetişməsi də xalis təsadüfi xarakter daşıyır. Əgər həmin adamı bu və ya digər vasitə ilə kənarlaşdırılsa, onu əvəz edən şəxsə ehtiyac yaranır və belə şəxs tapılır. Əlbəttə məsələni belə təsəvvür etmək olmaz ki, sosial tələbat özü-özlüyündə tezliklə dahi siyasətçi və ya sərkərdə yaratmağa qadirdir. Real həyatda belə şəxsin yetişməsi xeyli dərəcədə mürəkkəb xarakter daşıyır. Çox vaxt elə olur ki, tarixi şərait üzündən dahi şəxs deyil, müəyyən qabiliyyətə malik adam (bəzən isə lap orta səviyyəli adam) görkəmli şəxsiyyət rolunu oynamalı olur. Müdriklərdən birinin dediyi kimi, yüksək vəzifəyə sahib olmaq böyük adamları daha ədalətli edir. Aşağı səviyyəli adamlar böyük vəzifə tutduqda isə daha da alçalırlar.

Tarixi fəaliyyət prosesində şəxsiyyətin həm güclü, həm də zəif cəhətləri çox tezliklə və aydın şəkildə üzə çıxır. Hər iki tərəf (güclü və zəif) müvafıq surətdə millətin, xalqın və ümumilikdə bəşəriyyətin taleyinə əhəmiyyətli təsir göstərir.

Məsələn, deyək ki, müharibə vəziyyətində olan ölkənin rəhbəri özünün həssaslığı, təşkilatçılıq qabiliyyəti, operativliyi sayəsində vətəndaşları artıq qurbanlar verməkdən xilas edir. Yaxud da əksinə, o səhvlərə yol verirsə, onda itkilərin sayı çoxalar və hətta məğlubiyyət baş verə bilir. Bu münasibətdə Hegelin aşağıdakı fikri çox səciyyəvidir: "Siyasi tənəzzülə doğru sürətlə yaxınlaşmaqda olan xalqın taleyini, yalnız dahi xilas edə bilər".1

Görkəmli şəxsiyyətlər öz ağlı, biliyi və təcrübəsi sayəsində müəyyən qisim hadisələri və onların nəticələrini dəyişdirə bilir. Lakin onlar da hadisələrin ümumi axarını başqa istiqamətə yönəltməyə qadir deyillər. Heç bir şəxsiyyət tarixin təkərini geriyə dəyişə bilməz.

Görkəmli şəxsiyyətlər dedikdə təkcə dövlət xadimləri nəzərdə tutulmur. Buraya həm də elmdə, incəsənətdə ədəbiyyatda və sair sahələrdə böyük nümunələr yaradan insanlar daxildir. N.Gəncəvi Kopernik, Füzuli, Nyuton, Eynşteyn, S.Vurğun və başqaları bu qəbildəndir. Onlar tarixi inkişaf prosesinə mühüm töhfə vermiş, dünya mədəniyyətinin tərəqqisində dərin iz buraxmışlar.

İnsan şəxsiyyətinin böyüklüyü onun gördüyü işin miqyası ilə ölçülür. Böyüklük həm insanın anadangəlmə təbii imkanları, həm də onun şəxsi keyfıyyətləri və tarixi şəraiti ilə müəyyən olunur. Xüsusən də mənəvi yaradıcılıq sahələrində şəxsi keyfiyyətlər, istedad və dahilik daha böyük rol oynayır. Dahi o adama deyilir ki, böyük idealları, qüdrətli ağlı, aydın təfəkkürü, möhkəm iradəsi, öz məqsədləriridən dönməzlik kimi şəxsi keyfiyyətləri vardır. O, cəmiyyəti yeni kəşflər, ixtiralar, yeni elmi və bədii istiqamətlər, məktəblər yaratmaqla zənginləşdirir. Volter belə adamların böyük rol oynadığını göstərərək yazırdı ki, dövləti pulun azlığı deyil, insanların və onların qabiliyyətlərinin çatışmazlığı zəiflədir. Beləliklə, tarixi inkişafda ayrı-ayrı şəxsiyyətlərin və kütlənin (xalqın) rolu fəlsəfədə birmənalı qiymətləndirilmir.

Müasir dövrdə siyasətdə, iqtisadiyyatda, cəmiyyətin digər fəaliyyət sahələrində idarəetmə prsoeslərində iştirak etməklə, güclü qruplar (elitalar), liderlər (aparıcı şəxsiyyətlər) formalaşır, artıq simasız, formasız, kütlə halındakı "qara camaat" yox, müxtəlif qrup və təbəqələrdə fəal iştirak etməklə tarixdə özünəməxsus iz qoyan şəxsiyyətlər müxtəlif səviyyələrdə, şüurlu şəkildə cəmiyyəti idarə edir. İnsan amili - tarixin başlıca hərəkətverici qüvvəsidir.
ƏDƏBIYYAT


  1. Бoгoмолов A.C. Идея развития в буржуазной философии.М.,1989.

  2. Beбep M. Политика как npизвание и профессия. - Избр. произведения. M., 1990, c.644-706.

  3. Hицше Ф. Избр. npoизведения. B 2-x томax. M., 1990.

  4. Panonopт X. Философия истории в eя главнейших течениях. CПб,1898.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin