Q. Y. Abbasova


-CI MÖVZU. MÜASIR DÖVRÜN SOSIAL INKIŞAFININ QLOBAL PROBLEMLƏRI



Yüklə 2,43 Mb.
səhifə23/24
tarix07.01.2017
ölçüsü2,43 Mb.
#4520
1   ...   16   17   18   19   20   21   22   23   24

32-CI MÖVZU. MÜASIR DÖVRÜN SOSIAL INKIŞAFININ QLOBAL PROBLEMLƏRI
İnsan nəsli özünün, bütün canlı həyat, Yer kürəsi və nəhayət, kainat ilə üzvi vəhdət təşkil etdiyini çoxdan başa düşmüşdür. Hələ Parmenid dünyanın bütöv bir varlıq olduğu haqqında düşünürdü. Müasir dövrdə, sosial fəlsəfədə belə təsəvvürlər «qlobal problemlər» ilə sıx bağlıdır. Qlobal (ən ümumi) problemlər Yer üzündə yaşayan hər bir insana toxunur və yalnız hər birimizin iştirakı ilə həll oluna bilər.

Bu problemlər canlı həyatın, birinci növbədə insan cəmiyyətinin gələcək inkişafından ayrılmazdır, ona görə də «sosial fəlsəfə» kursunda mühüm yer tutur.

Təbiət qüvvələrinin ram edilməsi, istehsal münasibətlərin inkişafı, sosial-siyasi, hüquqi, mənəvi əlaqələrin dərinləşməsi və mürəkkəbləşməsi təkcə cəmiyyət daxilində deyil, həm də cəmiyyət və təbiətin arasında bir sıra ziddiyyətlərin yaranmasına səbəb olur. İctimai elmlər, o cümlədən sosial fəlsəfə bu problemləri elmi-nəzəri cəhətdən qiymətləndirib, onların həllinin yollarını axtarıb tapmağa çalışır. Sosial fəlsəfənin tədrisinin başlıca vəzifəsi -gələcək mütəxəssisdə nəinki müəyyən elmi biliklər və vərdişləri aşılamaqdır, həm də fəal vətəndaş mövqeyini formalaşdırmaq, onlarda daim axtarışda olan, vəziyyəti obyektivcəsinə qiymətləndirməyi bacaran dünyagörüşü yaratmaqdır.

Müasir dövrün ziddiyyətlərini XIX əsrdə hələ F.Nitsşe, A.Şopenhauer, F.Hegel, K.Marks, F.Engels, XX əsrdə M.Veber, K.Mannheym, Z.Freyd, E.From, A.Kamyü, J.P.Sartr, H.Markuze, P.Sorokin, T.de Şarden, A.Toffler, D.Bell, Z.Bjezinski, R.Merton, Roma klubunun bir sıra nümayəndələri təhlil etmişlər. Dövrdən-dövrə, nəsildən-nəsilə ötürülən qlobal problemlərin məzmunu, ifadə formaları, təsir dairəsi dəyişilir; müasir dövrdə ekoloji böh-ran daha kəskin şəkildə çıxış edir.

Beləliklə, müasir ictimai inkişaf bir sıra qlobal, ümumbəşəri problemləri doğurur ki, dünya sivilizasiyasının taleyi, bəşəriyyətin bu günü və gələcəyi onların həllindən çox asılıdır. Bu qlobal problemlər hansılardır? Göstərmək lazımdır ki, bəzən onların tərkibinə hazırda qarşıda duran bütün təbii-elmi, elmi-texniki və sosial problemləri daxil edirlər. Bu cür yanaşdıqda qlobal problemlər bəşəriyyətin qarşısında duran bütün vəzifələr içərisində əriyir. Əslində qlobal problemlər bəşəriyyətin həll edəcəyi bütün vəzifələri deyil, onun taleyi ilə bağlı olan ən əsas vəzifələri əhatə edir.

Hər şeydən əvvəl, onlar öz mahiyyəti etibarilə bütün bəşəriyyətin mənafeyini ifadə edən, perspektivdə isə onun gələcəyini müəyyən edəcək ümumbəşəri xarakterli problemlərdir. Digər tərəfdən, buraya elə problemlər aiddir ki, onlar sözün əsl mənasında ümumdünya xarakteri daşıyır, yəni dünyanın bütün əsas regionlarında cəmiyyətin inkişafının obyektiv amili kimi çıxış edir.

Sonra, bunlar elə problemlərdir ki, onların vaxtında həll olunmaması bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə törədir, odur ki, cəmiyyətin gələcək tərəqqisi naminə onlar gecikmədən həll olunmalıdır. Nəhayət, qlobal problemlərə elə təbii, elmi-texniki, sosial-siyasi problemlər daxildir ki, onları bütün bəşəriyyətin gərgin, ümumi əməyi və birgə səyləri nəticəsində həll etmək mümkündür. Onlar bir ölkənin və dövlətin gücü ilə, yerli və ya regional miqyasda həll edilə bilməz.

Hazırda ümumiyyətlə, insanın özü və vəziyyəti, onun dünya haqqındakı təsəvvürləri, bu təsəvvürlərə münasibəti də daim yeniləşir.

Yuxarıda göstərilən əlamətlərə əsasən müasir dövrün qlobal problemlərinin aşağıdakı növlərini göstərmək olar:

-xalqlar arasında həyati mənafeləri üzrə razılıq, qarşılıqlı etimad və ümumbəşəri həmrəyük əsasında sosial tərəqqinin dinc, sülh yolu ilə inkişafının təmin edilməsi;

-inkişaf etmiş qərb dövlətləri ilə zəif inkişaf etmiş Asiya, Afrika və Latın Amerikası ölkələri arasında iqtisadi və mədəni inkişaf səviyyəsindəki artmaqda olan fərqin aradan qaldırılması;

-bəşəriyyətin inkişafı üçün zəruri olan təbii ehtiyatlara və xammala (bərpa olunan və bərpa olunmayan ehtiyatlara), o cümlədən lazımi miqdarda və keyfiyyətli ərzaq məhsullarına və enerjiyə artmaqda olan tələbatının ödənilməsi;

- insanın biosferaya geniş miqyasında müdaxilə etməsinin faciəli nəticəsi olan ekoloji böhranın, ətraf mühitin (atmosferin, torpağın və su hövzəsinin) sənaye və kənd təsərrüfatı tullantıları ilə hədsiz dərəcədə çirklənməsinin qarşısınm alınması;

-inkişaf etməkdə olan ölkələrdə böyük miqyasda sosial-iqtisadi çətinliklər doğuran əhalinin sürətli artımının (demoqrafık partlayışın) məhdudlaşdırılması və inkişaf etmiş ölkələrdə doğumun, əhali artımının normal həddindən aşağı olması nəticəsində yaranan demoqrafık böhranın aradan qaldırılması, burada əhalinin sadə təkrar istehsalının təmin edilməsi və əhalinin nisbi qocalmasının qarşısının alınması;

-elmi-texniki inqilabın törətdiyi arzuolunmaz nəticələri irəlicədən görmək və aradan qaldırmaq, onun yaratdığı misilsiz imkanlardan bütövlükdə cəmiyyətin və şəxsiyyətin mənafeyi naminə istifadə edilməsi;

-əhalinin sağlamlığının qorunması ilə əlaqədar səhiyyənin qarşısında duran vəzifələrin yerinə yetirilməsi (Spidə, narkomaniyaya və digər dəhşətli xəstəliklərə qarşı səmərəli mübarizə aparılması), təhsil və ictimai təminatın yaxşılaşdırılması, keçmişin mədəni irsinə və əxlaqi dəyərlərə münasibətlə bağlı məsələlərin həll edilməsi.

Əlbəttə, həmin problemlərin xeyli hissəsi əvvəllər də mövcud olmuşdur. Lakin indiki şəraitdə onlar kəskin şəkil almışdır.

Qlobal problemlərin həlli yollarını işləyib hazırlamaq və həyata keçirmək üçün birinci növbədə onların mahiyyəti və yaranma səbəbləri araşdırılmalıdır. Bəzi qlobalist nəzəriyyələr bu problemləri fatalist mövqedən izah edərək, onların labüdlüyünü, qarşısı alınmazlığını sübut etməyə çalışırlar. Onların fikrincə bu problemlər labüd olaraq və avtomatik surətdə faciəli nəticələrə gətirib çıxarmalıdır. Bu mövqe doğru deyildir. İstər hazırki dövrdə mövcud olan, istərsə də gələcəkdə yarana biləcək qlobal problemləri mütərəqqi ictimai qüvvələrin fəaliyyəti, baxış və məqsədləri əsasında tam həll etmək mümkündür.

Bəşəriyyətin bütün tarixi ərzində tədricən əmələ gəlmiş və müasir dövrdə isə kəskin şəkildə çıxış edən qlobal problemlərin yaranması aşağıdakı iki yol ilə baş vermişdir. Onlar, bir tərəfdən, insan və onun şüurlu fəaliyyətinin inkişafı, insanla təbiət arasındakı münasibətlərin təkmilləşməsinin nəticəsidir. Bu, əmək alətlərinin təkmilləşməsində, cəmiyyətin maddi mədəniyyəti və istehsalın inkişafında ifadə olunur. Digər tərəfdən, qlobal problemlərin yaranması, dərinləşməsi, bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilməsi xeyli dərəcədə sosial tərəqqinin ziddiyyətli təbiəti ilə izah olunur.

Qlobal problemlər öz mənşəyinə və təbiətinə görə ikitərəfli xarakter daşıyır. Onlar eyni zamanda həm təbii, həm də sosial tərəfı əhatə edir. Bu tərəfləri bir-birindən ayırmaq olmaz. Doğrudan da insanla təbiət arasında özünü göstərən qlobal problemləri yalnız müəyyən sosial münasibətlər şəraitində həll etmək olar. Digər tərəfdən müharibə və sülh problemi, yaxud inkişaf etməkdə olan ölkələrin geriliyi kimi problemlər sosial sferada yaranmasına baxmayaraq təbii tərəfə, yəni "insan-təbiət" münasibətlərinə güclü təsir göstərir.

Deyilənlərdən aydın olur ki, qlobal problemləri həll etmək üçün iki qrup ilkin şərtlər yaratmaq təbb olunur. Bunlardan birincisi, elmi-texniki tərəqqini, həyatın irəli sürdüyü məsələlərə cavab verə biləcək səviyyədə inkişaf etdirmək, ikincisi isə həmin problemləri faktiki sürətdə həll etməyə imkan verən sosial-siyasi şərait yaratmaqdır.

Qərb tədqiqatçıları postsənaye cəmiyyətində yaşadığımızı qeyd edərək, bu cəmiyyətin bir sıra amillərini göstərirlər: a) nəzəri bilik sosial sistemin əsası və başlanğıcıdır; b) «kibernetik inqilab» istehsalda texnoloji artımı təmin edir. Amerika sosioloqu və politoloqu Daniyel Bell müasir ictimai inkişafın aşağıdakı aparıcı cəhətlərini göstərir: 1) iqtisadiyyatda əmtəə istehsalından xidmətlərin istehsalına keçid baş verir; 2) müvafiq iş yerləri əsasən peşəkar mütəxəsisslər və texniklər ilə təmin olunur; 3) siyasətin xarakter və məzmununu nəzəri biliklər müəyyən edir; 4) texnologiyanın və fəaliyyətə texnoloji qiymətvermənin üzərində nəzarət getdikcə artır; 5) qərarların qəbul olunması yeni, EHM ilə bağlı olan «intellektual texnologiya»nın yaradılmasına əsaslanır.

Sosial siyasət iqtisadiyyatı tənzimləyir, ictimai münasibətlərin bütün sistemini elmi göstərişlərə uyğun formalaşdırır. Cəmiyyəti, Bellin fikrincə, «meritokratiya» idarə edir (alimlər, mühəndislər, dövlət qulluqçuları), burada talant, biliklər, peşəkarlıq daha vacibdir. Postsənaye cəmiyyəti konsepsiyasının başlıca ideyaları «açıq cəmiyyətin» formalaşması ilə bağlıdır, bu cəmiyyətdə hakim olan prinsiplər -demokratiyanın plyüralizmi, mülkiyyət və onun idarə olunmasının sərbəstliyi, insan hüquqlarının, fərdi təşəbbüskarlığın, azad rəqabətin, əmək bölgüsünün texnoloji münasibətlərin dərinləşməsi və sairidir. Elmi-texniki inqilab cəmiyyət həyatının bütün sahələrini texnikiləşməyə məruz qoyur, vahid dünya birliyinin yaranmasını, onun taleyini müəyyən edir.

Digər ABŞ tədqiqatçısı A.Toffler bu mərhələnin daha bir neçə xüsusiyyətini ayırır: 1) informasiya (çevik) texnologiyaları cəmiyyətin, insanların həyat tərzinin infrastrukturlarını əsaslı şəkildə yenidən qurur; 2) kütləvilikdən uzaqlaşdırılmış cəmiyyətdə siniflər öz əhəmiyyətini itirir, müxtəlif keçid (marginal) qruplar yaranır; 3) antitsipar (qabaqlayan) demokratiya vətəndaşların öz gələcəyinin modellərinin formalaşdırılmasında iştirakını təmin edir; 4) transmilli institutlar qlobal məsələlərin həlli (o cümlədən milli dövlətçiliyin məhdud ideyasından adamlar, ideyalar, mədəniyyətlər, məhsulların sərbəst yer dəyişməsini təmin edi,n ümumi bazarların yaradılması problemi) üzərində çalışırlar.

A.Toffler hesab edir ki, futuroioji layihələrin yaradılması kütləvi şəkildə sosial təxəyyülü formalaşdırır, sıravi vətəndaşlara tarixi yaradıcılıq prosesinə qoşulmaq imkanı verir. Onun fikrincə ictimai həyatda müxtəliflik və fərqlər artır, qərarları isə qısa bir müddətdə qəbul etməli oluruq, buna görə maksimum dərəcədə çevik olmaq lazımdır, belə şəraitdə ölkələrdən vahidliyi, oxşarlığını tələb etmək heç bir məntiqə uyğun deyildir.

Rus tədqiqatçısı N.Moiseyev isə «İnsan və noosfer» əsərində göstərir ki, elmi-texniki tərəqqi inteqrasiya proseslərini sürətləndirir. İndi ölkələrin, regionların, sosial təşkilatların inkişafını müəyyən edən əsas amil məcmu məhsul və ya ayrı-ayrı əmək predmetlərin istehsalı deyil, ictimai təşkilatlar və strukturlar tərəfindən insanların yaradıcı potensialından istifadə olunma bacarığıdır. Gələcəkdə bizi sosial strukturların inkişaf templərinin, siyası meyllərin müxtəlifliyi gözləyir.

Gələcəyın mümkün inkişaf variantlarının müxtəlifliyi cəmiyyətdə idarəetmə strukturlarının fəaliyyətində indiki vəziyyəti planlaşdırmaqla yanaşı gələcəyə təsir etmək meyllərini də getdikcə artırır. Bunun üçün planlaşdırmada «sosial mühəndis»lik metodu istifadə edilir. Bu halda çox vaxt informativ əks əlaqə effektinə müraciət edilməklə (sosial qrup və qüvvələrin proqnoza müsbət və ya mənfi reaksiyası) ictimai şüurda istənilən psixoloji stereotiplər yaradılır, siyasətin ideologiyası, strategiyası və taktikası həyata keçirilir.

Hazırda Qərbi Avropa və Amerikada müxtəlif futuroloji və strateji mərkəzlər fəaliyyət göstərir (elmi müəssisələr və dövlət idarələri nəzdində): Onlar qısa və uzunmüddətli strategiyalar işlənib hazırlayır. Sosial proqnozlaşdırmada Amerikan sosioloqu, neopozitivisti Robert Mertonun «Tomas teoremi» geniş istifadə olunur: «insan uydurulmuş şəraitin həqiqi olduğuna inanırsa, axırda bu həqiqət gerçəkləşir» (Merton burada bir misal gətirir: müəyyən bir bank haqqında nüfuzlu bir şəxs, ya idarə mənfi proqnoz verərsə, onda bankın əmanətçiləri öz əmanətlərini geri götürəcəklər, nəticədə bank doğrudan da müflisləşər). Əks əlaqə prinsipi əsasında tədqiqatçılar bəzən tarixi prosesləri də izah etməyə çalışırlar (burada K.Marksın ideyasını xatırladaq: «Tarix - əslində öz məqsədlərinə nail olmağa çalışan insanların fəaliyyətidir»).

Müasir tədqiqatçılar (Herman Kan və başqaları) cəmiyyəti yalnız nikbin qiymətləndirməyə çağırır, çünki əks əlaqə effekti insanları əks qiymətvermələrin gerçəkləşməsinə və fəlakətlərə düçar olmasına gətirib çıxarar. Onlar başa düşurlər ki, kommunikasiyaların (rabitə sistemlərinin) inkişafı nəticəsində gündəlik həyatda, dəyərlər sistemində, mədəni ənənələrdə, sosial proseslərdə, tədris üsullarında baş verən dəyişiklikləri proqnozlaşdırmaq da vacibdir.

Son 50-60 ildə baş verən bir sıra qlobal sarsıntılar, o cümlədən təbii mühitin keyfiyyətinin sürətlə pisləşməsi, həyat səviyyəsinin aşağı düşməsi pessimizm meyllərinin artmasına səbəb olur (bu barədə J.Ellül, E.From, Q.Müller, C.Mak-Dermont, B.Skinner və başqaları geniş yazırlar). A.Toffler çıxış yolunu «informasiya» cəmiyyətində «qeterogen» (müxtəlif) strukturların yaradılmasında (yəni informasiya mübadiləsi burada yeni, daha yüksək səviyyədə aparılır) görür.

Onun fikrincə, ekoloji fəlakətin qarşısını almaq üçün kütləvi istehsal və istehlaka, mədəniyyətin kütləvi və elitar hissələrə bölünməsinə son qoyulmalıdır, yoxsa insan nəsli bir bioloji növ kimi məhv ola bilər. Texnoloji determinizmə qarşı çıxan tədqiqatçılar (L.Memford, T.Rozzak və başqaları) göstərirlər ki, elmi-texniki tərəqqi nəticəsində biosferin adaptasiya imkanı tükənir, sivilizasiya məhv olacaq, onun əvəzinə «mexanikləşdirilmiş, sıx, total antihumanizmə məruz qalan dünya» əmələ gələcəkdir.

Günü-gündən artan iqtisadi, enerji və ekoloji böhranlar sosial sabitliyi pozur müxtəlif ölkələrdə, müqavimət hərəkatınin genişlənməsinə səbəb olur («yaşıllar» və s.); bu böhranlar sırasında aclığı, xammal ehtiyatlarının azalmasını, ətraf mühitin çirklənməsini, inkişaf etməkdə olan ölkələrdə həyat səviyyəsinin aşağı düşməsini və sairi qeyd etmək olar, Lokal və qlobal səviyyədə öz həllini gözləyən münaqişələrin səbəbləri -ərazinin, suyun, müxtəlif ehtiyatların məhdudluğudur.

Məşhur futuroloji mərkəzlərdən biri olan Roma klubunun başçısı A.Peççei özünün "İnsan keyfiyyətləri" (1985) əsərində qeyd edir ki, qərb sivilizasiyasının təntənəli inkişafının təhlükəli həddə yaxınlaşması qaçılmazdır. Sənaye, texniki və elmi inqilablar əhlilləşməsi mümkün olmayan nəhəng pələnglərə bənzəyir. Bu sivilizasiya, əmək etikası və praqmatik təfəkkür tərzini müxtəlif ölkələr və xalqlar arasında yayıb, o, eyni zamanda elitarizm mövqeyindən hərəkət etdiyi üçün, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dərin bir uçurum yaradır; əhali sürətlə artır, ətraf mühitin böhranı dərinləşir; vəziyyət insan nəslini diz üstə çökdürüb. Bəs çıxış yolu nədədir? Həqiqi problem şəraitin dəyişilməsinə uyğunlaşa bilməkdədir. İnsan keyfiyyətləri problemini irəli sürən A.Peççen burada iki səpgini nəzərdə tutur: 1) insanı, onun davranışını daha dərindən öyrənmək zərurəti; 2) insan və ətraf mühitin qarşılıqlı əlaqələri ilə bağlı olan səpgi, yəni insan fəaliyyətinin nəticəsində mühit necə dəyişir.Müasir elmi-texniki və sosial inkişafın törətdiyi nəticələrin axıra qədər öyrənilməməsi çox təhlükəli vəziyyətə gətirib çıxara bilər.

Mədəni dəyişikliklər, mədəni təkamül lazımdır ki, insan yeni şəkildə dünyanı qavrasın və qiymətləndirsin. Peççei qorxur ki, texnikaya , futurologiyaya çox ümid bağlasaq, texnokratik, avtoritar rejimə, mərkəzləşdirilmiş hakimiyyətə gəlib çıxa bilərik. Onun fikrincə bu vəziyyətdə mümkün ssenarilər çoxdur, lakin həqiqətdə insan nəslinin gələcəyini hamımızm istədiyi kimi formalaşdırıb yaratmaq (müəyyən məhdudiyyətlərlə) arzusu əsas götürülməlidir. «Yeni humanizm insanın yeniləşməsini, onun artan keyfiyyət və imkanlarını təmin edə bilər». Bu humanizm yaradıcı, inandırıcı, inqilabi olmalıdır ki, insanlarda dövrə uyğun yeni keyfiyyət və motivasiyalar formalaşdıra bilsin.

Əvvəlki ideallar dini və vətəndaş baxışları sistemləri və dünyagörüşləri üzərində qurulurdusa, yeniləri daha iki mənbəni əlavə edir: qloballıq duyumu və insanın Yer üzündəki canlı həyatın lideri rolunun dərki. İnsan öz indiki vəziyyətini axıra qədər başa düşsə, bununla əlaqədar öz üzərinə müəyyən məsuliyyət götürsə, kifayət qədər mədəni yetkinliyə nail olsa, onda onun gələcəyi vardır. Əks halda yəni, o, öz daxili böhranının qurbanına çevrilsə, onda o, sivilizasiyarım süqutunun şahidi olacaqdır.

Yeni humanizm necə olmalıdır? Peççei bu humanizmdə müasir şəraitə uyğunlaşmağı bacaran, çevik, özü-özünü daim yeniləşdirən, inqilabi xarakterə malik olmaq xüsusiyyətlərini görmək istəyir. Bu humanizm dövrə uyğun yeni dəyərləri və motivasiyaları yaratmalıdır: qloballıq hissi, ədalətlilik hissi, zorakılığa nifrət. Hərtərəfli inkişaf etmiş şəxsiyyət özündə dünyanın, insan nəslinin bütövlülüyü haqqında təsəvvürlər formalaşdırmalıdır, A.Peççei beynəlxalq münasibətlərdə suverenlik anlayışının qeyri-müəyyən və nominal xarakterindən yazır, sürətli silahlanma meyllərinin, bir çox dövlət orqanlarının (diplomatiya, kəşfiyyat və s.) bürokratik xarakterinin artımını qeyd edir. Bununla yanaşı göstərir ki, xalqlar, millətlər, dövlətlər arasındakı münasibətləri tənzim edən müxtəlif qeyri-hökümət təşkilatları və orqanlar yaranmışdır (kütləvi informasiya vasitələri, müxtəlif elmi, dini, idman və s. təşkilatlar). Bəşər tarixində elə bir mərhələyə gəlib çatmışıq ki, milli dövlətlərin fəaliyyət prinsipləri və xarakteri kökündən dəyişdirilməlidir.

Oxşar problemləri təhlil edən K.Yaspers, K.Lorents müasir qlobal böhrandan çıxış yollarını arayırlar. Amerikan sosioloqu və filosofu Ervin Laslo da Roma klubu üçün hazırladığı «Bəşəri məqsədlər» adlı məruzəsində qeyd etmişdir ki, biz yeni, qlobal vəzifələrə cavab verə biləcək idealları axtarıb tapmalıyıq ki, onlar insanların məqsədləri ilə birləşib insan nəslinin yaşaması və tərəqqisinə səbəb olsun. Laslo, sivilizasiyanın daxili imkanlarının təhlili üçün regional və qlobal səviyyələrdə istifadə oluna biləcək iki qrup bəşəri məqsədləri qeyd edir: 1) təhlükəsizlik, 2) ərzaqla təminata, enerji və xammal ehtiyatlarının istifadə oiunmasına optimal yanaşma. Bir sıra ekoloji, iqtisadi və digər qlobal problemlərin həll olunması zərurəti yeni təfəkkür tərzini, dünya həmrəyliyi, dünya miqyasında planlaşdırma və proqnozlaşdırmanı tələb edır.

Roma klubunun digər tədqiqatçıları C.Botkin (ABŞ), M.Elmancar (Mərakeş), M.Malitsa (Rumıniya) ''elmi-texniki inqilab şəraitində sürətlə dəyişən ətraf aləmə tez və ağrısız uyğunlaşmaq üçün insanları necə hazırlamaq olar?'' sualına cavab verməyə çalışmışlar. Onlar göstərirlər ki, yeni şəraitdə tədrisin qurulması insanlarda müəyyən yeni metodoloji üsulların, vərdişlərin və dəyərlərin aşılanmasını tələb edir.

Ənənəvi tədris sistemləri «şok» xarakterlidir, insanların ətraf mühitə yalnız passiv uyğunlaşmasını təmin edir. Müxtəlif əngəllər, o cümlədən silahlanmanın artırılması, informasiya blokadaları, kütləvi informasiya vasitələri tərəfindən insan şüuruna güclü təzyiqlər və sair tədrisin səmərəsini xeyli azaldır.

A.Peççei «Gələcək üçün 100 səhifə» kitabında qeyd etdiyi qlobal problemlər bu günə qədər öz həllini gözləyir: demoqrafik partlayış, qlobal problemlərin həllində radikal proqramların olmaması, biosferin tükənməsi və deqradasiyası (tənəzzülü), ümumdünya iqtisadi böhranı, silahlanmanın sürətlə artması, ucuz enerjinin çatışmazlığı, sosial bəlalar və xəstəliklərin dərindən kök salması, geridə qalmış elmı-texniki inkişaf, köhnəlmiş, yeniləşmədən uzaq olan sosial-iqtisadi institutlar, dünya siyasi sistemində qütbləşmə və konfrontasiya (qarşıdurma), mənəvi və siyasi liderliyinin azlığı.

Müasir dövrün bütün qlobal problemləri bir-birilə sıx vəhdətdə çıxış edir və qarşılıqlı surətdə bir-birini şərtləndirir.

Yuxarıda qeyd olunan qlobal problemlər xüsusiyyətlərinə, məzmunu və yaratdığı təhlükəyə görə eyni deyildir. Lakin onların hamısına xas olan ümumi cəhət odur ki, onların vaxtında həll olunması vacibdir. Əks halda bu problemlər nəinki cəmiyyətin varlığını, hətta gələcəyini təhlükə altına alır.

Fəlsəfə qlobal problemlərin ümumi prinsiplərini və onlara yanaşmağın konkret üsullarını işləyib hazırlayır. O sübut edir ki, qlobal problemlər bəşəri inkişafın, elmi-texniki və sosial tərəqqinin qanunauyğun nəticəsidir. O eyni zamanda göstərir ki, bəşəriyyət bu problemləri həll etməyə qadirdir. Bunun üçün onlara yeni şəkildə yanaşmaq, müxtəlif ölkələrin və xalqların səylərini və fəaliyyətini birləşdirmək, bəşəriyyətin ümumi vahid strategiyasını işləyib hazırlamaq tələb olunur. Qlobal problemlərin mahiyyət və əhəmiyyətini müəyyən edərkən elmi, sosial və humanist səpgilər vəhdətdə götürülməli, onların həllinə həm elmi-nəzəri, həm də praktiki-siyasi baxımdan yanaşılmalıdır. Başqa bir tələb qlobal problemlərə sistemli, kompleks yanaşılması, onların dialektik qarşılıqlı əlaqə və asılılıqda götürülməsidir.

Sosial fəlsəfə gələcəyə elmi və realist yanaşmağın dünyagörüşü və metodoloji əsasını təşkil edir. Bu nəzəriyyə gələcəyə optimist nəzərlə baxan ideya silahıdır. Fəlsəfənin bu keyfiyyəti insanlara təkcə ruh yüksəkliyi gətirməklə məhdudlaşmır, o həm də çətinlik və təhlükə şəraitində düzgün istiqamət seçməyə, elmi realist nəticələr çıxarmağa kömək edir. Onları aradan qaldırmaq üçün səmərəli yollar və vasitələr axtarıb tapmağa sövq edir.

ƏDƏBIYYAT

  1. Белл Д. Мятеж против современности. // Cоциологические исследования. 1989, - 5, s. 106-114.

  2. Капитонов Э. Cоциология XX века, Pocтов-на Дону, 1996.

  3. Kосолапoв B.B., Гончаренко A.H. XX вeк в зepкaлe фитурологии. M., 1987.

  4. Mир философии. B 2-томax. т.2, M., 1991.

  5. Moиceeв H.H. Чeлoвeк и нoocфepa. M., 1990.





MÜNDƏRİCAT

GİRİŞ...............................................................................3
I BÖLMƏ

SOSIAL FƏLSƏFƏNIN QNOSEOLOJI PROBLEMLƏRI
1-ci mövzu. Sosial-fəlsəfi biliyin yaranması

və inkişafı 5

2-ci mövzu. Sosial fəlsəfənin predmeti və cəmiyyətin

öyrənilməsində onun rolu... 18

3-cü mövzu. Sosial fəlsəfə tarixində ümumelmi

yanaşmaların formalaşması və inkişafı..................................48

4-cü mövzu. Sosial fəlsəfədə fundamental,sistemyaradıcı anlayışlar - fəaliyyət,ictimai münasibətlər, ünsiyyət .............67

5-cimövzu. Sosial fəlsəfədə mədəniyyət anlayışı 81

6-cı mövzu Cəmiyyət bütöv, özünütənzimləyən

sistemdir …95



II BÖLMƏ

SOSIAL FƏLSƏFƏ CƏMIYYƏTIN VARLIĞI HAQQINDA
7-ci mövzu. Təbiət və cəmiyyət 107

8-ci mövzu. Cəmiyyətin maddi həyatı və onun struktur

elementləri 123

9-cu mövzu. Sivilizasiya və texnika 142

10-cu mövzu. Sosial fərqlər və sosial struktur 153

11-ci mövzu. İnsanların sosial əlaqələrində

həmrəylik və konflikt 172

12-ci mövzu. İnsanların tarixi birlik formaları... 193

13-cü mövzu. Cəmiyyətdə ailə və nigah 188

14-cü mövzu. Məişət və istehlak… 198

15-ci mövzu.Siyasət sosial hadisədir ..203

16-cı mövzu. Siyasi hakimiyyət 215

17-ci nıövzu. Siyasətin təsisat formaları ...228

18-ci mövzu. Cəmiyyətdə hüquqi münasibətlər və onların təşkili formaları…………………………………………..239

19-cu mövzu. Sosial idarəetmə və onun növləri ...249

20-ci mövzu. Cəmiyyətin mənəvi həyatı 259
III BÖLMƏ

SOSIAL FƏLSƏFƏDƏ INSAN PROBLEMI
21-ci mövzu Sosial fəlsəfə tarixində insan problemi 297

22-cimövzu. İnsanın təbiəti və onun mahiyyəti . …………310

23-cü mövzu. Həyatın və ölümün mənası...: .....341

24-cü mövzu. İnsan həyatında etiqad (inanc) 353

25-ci mövzu. Şəxsiyyət və azadlıq …………………..379



IV BÖLMƏ

TARIX FƏLSƏFƏSI

26-cı mövzu. Cəmiyyətin tarixi və tarix fəlsəfəsi........ 377

27-ci mövzu. Tarixin mənası haqqında 395

28-ci mövzu. Tarixdə dövrlər . 407

29-cu mövzu. Tarixdə tərəqqi anlayışı . 420

30-cu mövzu. İctimai inkişafda təkamül və inqilab ... 443

31-ci mövzu. Tarixdə hərəkətverici qüvvələr 448

32-ci mövzu. Müasir dövrün sosial inkişafının qlobal

problemləri... , 468

Kağız formatı 5072 Fiziki ç.v. 30

Tiraj: 100. Sifariş № 2

Kitab “Turan nəşrlər evi” mətbəəsinə təqdim olunmuş hazır diapozitivlərdən çap edilmişdir



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin