Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27
onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadı insanların qəlblərini 
asanlıqla oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o, 
saat doqquz radələrində həyətdəki şəxsi patiosunda, badam ağaclarının 
kölgəsindəki qranit vannasına girir, orda şəfalı otlarla ağzınacan dolu isti vannada 
saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl, canına yeriyən anlaşılmaz 
xofu əritməyə və sakitləşməyə çalışırdı; bir vaxtlar onu prezident kürsüsünə 
oturdan dəniz desantı hələ təzə-təzə şəhərə yerləşəndə o, desant qoşununun 
komandiri ilə öz kabinetinə girib qapını o üzdən kilidləyir və onunla bir vətənin 
taleyini həll edir, qanuna minmiş müxtəlif qanunları və qərarları baş barmağının 
möhürü ilə imzalayır, o vaxtlar tam savadsız olduğundan, yazıb-oxuya 
bilmədiyindən və bu savadsızlığı ilə vətənin taleyi həlli ilə üzbəüz qaldığından, o 
bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub qanını 
qaraltmaqdansa, ölkəni, Allahın köməyi ilə idarə etsə yaxşıdı və bu minvalla 
ölkəni, yaşına uyğun olmayan qıvraqlıqla, hakimiyyət pillələrində kəndirbaz 
ehtiyatı ilə oynaya-oynaya idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman 
cüzamlı xəstələrin, korların, ifliclərin ittihamlarından can qurtara bilmədi; deyilənə 
görə, duz onun əlində məlhəmə dönürdü, ətrafındakı diplomlu siyasətbazlar, 
həyasız avaralar və yaltaqlar isə onu, zəlzələlərin, bütün göy əlamətlərinin, 
təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru* adlandırır, o, ağır 
ayaqlarını, qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə, dövlət 
və məişət məsələlərini ötəri cəldliklə – bir qapını çərçivəsindən qopartdırıb ayrı 
yerə saldırdığı, sonra elə həmin dəqiqə də ordan çıxartdırıb əvvəlki yerinə 
qaytardığı kimi, asanlıqla həll eləyirdi; ümumiyyətlə, onun bütün əmrləri, qala 
saatı zənginin, günortalar və gecə yarısı adəti üzrə on iki dəfə yox, həyat, 
olduğundan uzun görünsün deyə, iki dəfə çalınması üçün verdiyi əmri həmin 
dəqiqə yerinə yetirilən tək, göz qırpımındaca, tərəddsüz həll edilirdi; bircə 
siestanın ölü saatlarında, hər şey sustalıb donuxanda, o, öz yarıqaranlıq «qadın 
hininə» girər, arxasınca qapını bağlamadan, qadınların birini o birindən seçib 
ayırmadan, qabağına keçəni qamarlayıb yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə 
yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, nə özü, nə də də qadını soyundurmadan, 
elə pallı-paltarlı işini görərdi… bütün saray isə onun, it zingiltisini andıran ağır 
iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının 
səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından az qala 
yerə girən qadınların: «Rədd olun burdan! Marş həyətə! Belə şeylərə baxmaq 
olmaz! Uşaqlar belə şeylərə baxmaz!» - qşıqıran həyacan dolu səsləri eşidilirdi; 
belə məqamlar vətənin üstündən elə bil səssiz mələk ötüb keçirdi; səslər kəsilir, 
hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: «Ss-s! Səs salmayın… nəfəs 
almayın, sakit! General eyş-işrətlə məşğul olur!» – deyirdi; amma onu tanıyanlar, 
onun ikiləşmə qabiliyyətinə bələd olanlar, onun bu işarası məhəbbət fasiləsinə o 
səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radılırində onu qonaq otağında 
 
9

domino oynayan yerdə görənlər onun, elə həmin vaxt, saat düz yeddidə mal 
təzəyini tüsdülədə-tüsdülədə iclas zalındakı mığmığaları qovduğunu şahidi 
olurdular: sarayın bütün pəncərələrində işıq sönməmiş, üç qıfılın, üç kilidin 
şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi eşidilməmiş, onun gün 
ərzində gördüyü işlərdən ağırlaşmış yorğun bədəni nəhəng, sal daş kimi döşəməyə 
düşəndə və körpə yuxusu tək şirin yuxuya gedən bu fəndkir qocanın əvvəl qırıq-
qırıq, sonra dənizin səviyyəsi ilə bir, su yuxarı qalxdıqca dərinləşib qaydasına 
düşən nəfəsi eşidilməmiş isə, onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və 
məhz onda küləyin simləri gecənin sakitliyində təbillərin pərdəsi üstə çalan tək 
tıqqıldayan cırcıramaların səsini içinə çəkir, nəhəng, köpüklü dalğa şahə qalxıb üzü 
qədimdən vitse-kralların və bukanyerlərin* məskəni olan bu qoca şəhərin 
küçələrinə axır, ordan sarayın pəncərələrinə dolub, binanı suyun içinə qərq edirdi; 
iclas zalının güzgülərinə yapışan ilbizlər isə balina ağzına bənzər ağızlarını açıb 
əsnəyir, dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq, 
bütün Yer üzünü, fəzanı və zamanı zəbt edirdi və bircə o – öz hərbi səhra 
geyimində, mahmızlı uzunboğazlarında, üzünü balışa basan təki, ovuclarına basıb, 
öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyid kimi üzürdü; onun ikiləşmək 
istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə ola-ola, həm də 
birinci mərtəbədə tək-tənha dayanaraq, dənizin uzaq ənginliklərini seyr etməsi və 
elə həmin vaxtda da eyş-işrət nəşələrində titrədib əsməsi, nə bəzi yaltaqların dediyi 
kimi, onun qeyri-adi, ali bir sima olmasına dəlalət edirdi, nə də bu, onun 
düşmənlərinin danışdığı kimi, kütləvi qarabasma-zad deyildi; sadəcə, bu adamın, 
ona it sədaqətlylə qulluq etməyə, yolunda ölümə belə getməyə hazır olan, zahiri 
görünüşcə əkiz tayı – Patrisio Araqones adlı inanılmış adamı var idi; bu adam 
tamamilə təsadüfən, axtarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin ir günü 
prezidentə bu mətnli bir məlumat çatdırılmışdı: «Mənim generalım, eyni ilə 
prezident karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri 
özünü sizin adınızdan təqdim edir və deyim ki, heç də pis alınmır, mənim 
generalım! Adamlar yarıqaranlıq karetdən onun kədərli gözlərini görüblər – bu 
eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl dodaqlarını – sizin 
dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o əllə 
karetin pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti 
müşayiət edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin general, 
allahsızlığa bir bax!..» Bu məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə 
cəzalandırmaq barədə əmr vermək əvəzinə, onu prezidentlə səhv salmasınlar deyə, 
başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə göstəriş verdi; deyilənə 
görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə, özü özünü 
sanki kənardan görən prezidenti qəribə bir təhqir hiss bürümüşdü; bu küçə 
adamıyla bu qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən 
prezident özü-özlüyündə: «lənət şeytana, bu adam mən özüməm ki?!..» - deyə 
fikirləşmişdisə də, o vaxtlar o adam heç də onun özü deyildi, hətta onun amiranə 
səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı həyat xətti tam aydın 
görünürüdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı 
güllələmək haqqında əmr verməkdən də prezident məhz buna görə çəkinmişdi, 
görünür bu avaranın ovcundakı tale xəttinin nə cür olursa-olsun, onun taleyinə təsir 
 
10

etməyindən qorxmuşu; Patrisio Araqonesi öz rəsmi əkizi eləmək fikri isə onun 
ağlına çox-çox sonralar, o, bu təhlükənin tam əsassız olduğunu anlayanda 
gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə, ona hazırlanmış 
altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə 
döyüb yastıladaraq, ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş, 
qulaqlarını ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə 
gecikmək məqsədi ilə, xüsusən qış aylarında, səhər-səhər çəkməsinin, guya dolaşıq 
düşən bağları ilə, qızılı mahmızı ilə uzun-uzadı əlləşə-əlləşə ağzının içində: 
«Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə! Əllərindən bir iş 
gəlmir!» - deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında 
şüşə üfürməklə məşğul olanda, zarafatçıl və çərənçi kimi tanın bu adam, indi 
həmsöhbətlərinin əslində nə demək tstədiklərini, onların danışığına məhəl 
qoymadan, gözlərinin dərinliklərindən oxumağı bacaran, sözdə deyilməyənləri 
bəbəklərdə tutan qaraqabaq qaradinməzə çevrilmişdi; üstəlik o, ona verilən suallara 
da o dəqiqə cavab verməyi tərgitmişdi, suallara: «Bəs siz necə bilirsiz?» - deyə 
sualla cavab verməyə, bir növ adət eləmişdi: çolaqları və əliləri bu yaxınlaracan 
hansı möcüzə iləsə müalicə edən bu fırıldaqçı sonradan işgüzar, ciddi bir adama 
çevrildi; o, bir dəqiqə bir yerdə oturmur, bütün günü nə isə həll eləyir, qabağına 
keçən arvadları qamarlayıb xoruz kimi belinə minir, gecələr quru döşəmənin 
üstündə pallı-paltarlı, döşəksiz-balışsız, üzünü ovuclarının içinə basıb yatırdı. 
Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən taleyinin üstündən 
birdəfəlik xətt çəkmişdi; o, bütün olan-qalanını ölüm riskinə - ali hakimiyyət 
sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da 
qoyulmayacaq yerə ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə 
qaynaşan təntənəli tdbirlərdə - qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca 
toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik ilahələrinə tacqoyma mərasimlərində 
Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı adamın cildində iştirak etməli 
olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa daxili 
ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı 
yox idi: ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha 
burda burcutmağın yeri yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio 
Araqonesi dənizin sahilində, pərt vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin 
kollarını iyləyən yerdə tapdı və narahatlıqla Patrisiodan, onu qəmləndirə bilən 
hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu acıladığını, yaxud 
bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox, mənim 
generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki, 
Patrisio, şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci 
valsı oynayıb, indi isə bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun 
dibinə basdırmaq, yoxsa ondan qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona 
görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ düşməyən, ələ gəlməyən, yuxuya belə 
girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim generalım! Siz onu 
görsəydiniz?!..» Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə bu kökə 
düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını 
ödəmək üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən 
gözəllərdən çox oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla 
 
11

məmmuniyyətlə yaşamışdılar. «Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd 
əsgər onun qollarını burub saxlayar, sən də onun dadına, ən yekə qaşıqlarla, 
doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi! Onların ən tərbiyəlisi 
də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi atmayın, 
mənim generalım…» – deyə yalvarır; lakin Patrisio Araqones onun bu təklifindən 
imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun 
məşuqəsi olmasını istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı, 
o əsl məhəbbətin nə olduğunu, nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz 
bunu anlayacaqsınız, mənim generalım.» Onda ağa Patrisio Araqonesin dərdini bir 
az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları göstərib, hərəmlərindən 
istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan, onları da 
soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz 
istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş 
vurdu, və eyş-işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan, 
generalın dediyi kimi, ayaqüstü yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə, 
sevgiyə simic qadınları belə hərəkətə gətirərək, onların daşlaşmış hisslərini oyadıb 
inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət içində sevinə-sevinə 
generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə bil bir az 
da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, 
nə də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin 
atası olduğunu heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən 
yaxınına, əzizinə və eyni zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya 
görə general çoxlu asudə vaxt əldə edib silahlı qüvvələrlə əsaslı surətdə məşğul 
olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən elədiyi kimi, bütün 
diqqətini bu səmtə yönəltdi. Lakin o bununla, bizim düşündüyümüz kimi, ona görə 
bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin 
əsasını təşkil edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və 
təhlükəli düşmənidi, odu ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq 
salmağa çalışır, bir dəstənin qulağına, o biri dəstənin onlara qarşı tələ hazırladığını 
pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını 
beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən başqa birinə, bir 
yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora – 
bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan 
doqquzunu boş patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin 
altında isə - saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu 
zirzəminin açarı o biri gizli qapıların açarları ilə bir dəstədə, daim generalın 
ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış bu açarların hərəsindən bircə ədə 
dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri, milli təhlükəsizlik 
xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına 
malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general 
Rodriqo de Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan başqa heç kimin 
açıb buraxmağa ixtiyarı yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan 
yerə çatmasına bir neçə dəqiqə qalmış dinamiti zərərsizləşdirən zaman sağ əlini 
itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox keçəmədi ki, general Rodriqo 
de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və təhlükəsiz hiss 
 
12

etdi ki, onun özünümüdafiə instinkti tamam-kamal kütləşdi və o, tez-tez camatın 
arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə 
şəhəri gəzir, yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə 
ən gözəl kilsə elan edilən, qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə, 
piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı kərpicli, qədim evlərə, sarı 
bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn tərəfə, açıq 
eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə 
şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən 
günəbaxanlara, bir vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin 
səsi gələn monastırın qaranlıq pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən 
məhəllənin vavilionsayağı izdihamına qarışıb, adamların hay-küyünü batıran 
hiddətli musiqi sədaları altında, lotereya biletlərindən hörülən çələnglərə, çaxır 
dolu arabalara, iri iuqana* yumurtasından yığılan yumurta təpələrinə, günün 
altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə 
çevrilən qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq 
qazanmaq, dərdini unutmaq üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar 
quruyanacan, piştaxtaların qabağında lüt-uryan peyda olub, göyərtisatanlarla 
latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu düzülən miskin 
komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o, 
uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində 
təpələrin üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman! 
Ah, liman! İylənmiş çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala, 
limanı gözdən keçirən kədərli qocanın simasında ölümün özünü görürmüş kimi 
hürküb yerində səndələyən zənci qadını vuracaqdı. «Bu odur! – zənci qadın 
heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-
qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, 
qəlyanaltıxanalardan çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» - 
deyə-deyə bir qisim adam qızğın atların cilovundan tutub saxlayır, bəziləri rəhbərin 
əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun insanlar onun başına qeyri-iradi 
axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı tapançanın 
tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam qorxaq olmaz, 
leytenant, onlar məni sevir, buna mane olmayın!» Son günlərin təsirli 
təəsüratlarından və bu sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo 
de Aqilar belə, açıq karetdə gəzmək fikrindən döndərə bilmirdi; «Qoy vətən 
övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-filan da yoxdur, boş şeydir!» 
O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın vətənpərvərlik 
bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf etmək 
üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən 
bu kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik 
həyatından sonra paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində 
rənglənmiş köhnə qatarını işə salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, 
kədər və məyusluq vilayətinin sərhədəlri boyu, səhləb çiçəyi və amazon 
balzaminlərinin kolları arasından meymunları, pələnglərin zolağında uyuyan 
cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə ölkənin 
içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə 
 
13

yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə 
qarşılayır, kilsə zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən 
şüarlar dalğalanırdı; prezident vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri 
şərəfləndirməkdən ötrü qatarın qabağına ilk əvvəl hindular çıxırdı, lakin vaqona 
yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış gözlərdən, titrək 
dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə 
görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan 
asılı qalmış kimi görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə 
cəhd göstərərək: «Ehtiyatlı olun, general, siz vətənə lazımsınız!» - deyəndə, o, 
qəribə özünəarxayınlıqla: «Narahat olma, polkovnik, bu adamlar məni sevir!» 
deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano dillərinə oxşar taxta pərləri 
ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən gəmiyə keçdi 
və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın 
dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış 
adamların böyründən üzdü. Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin 
yanğınına bənzər qürub közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb 
kəndlər görününrdü. 
Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə 
çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli 
əldən savayı ayrı bir şey görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından, 
bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən adamlara, suya atılaraq gəmiyə 
qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş, yaxud quşla dolu səbət 
çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - «Bir baxın, kapitan, onlar 
mənim ardımca üzür! Onlar məni sevir...» - deyirdi. 
Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu, 
dağın lap kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif 
ölkələrindən qovulan diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları 
ilə – uzun illər bundan əvvəl siyasi sığınacaq verdiyi adamlarla domino oynayırdı. 
Burda, bu binanın artırmasında dalğın vücudlarıyla kreslolara yayxanan bu 
boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb qartıya-qartıya, günlərin 
bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki yerlərinə - öz 
kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq, 
ölkələrdən qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu 
adamların hamısı bir adam idi, onların hamısı generalın yanına eyni cür – səhərin 
ala-toranında, gecə köynəyinin üstündən, necə gəldi əyinlərinə keçirdikləri parad 
geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı pulla dolu sandıq, o biri 
əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan köhnə 
dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər. Millət atalarının 
hər biri bu albomları, şəhadətnamə əvəzinə generala təqdim edərək, dodaqaltı: 
«Baxın, general, - deyirdilər – burda mən hələ leytenant rütbəsindəyəm, bu isə 
artıq prezidentliyə yenicə qədəm qoyduğum vaxtdır, burda isə prezidentliyimin on 
altıncı ildönümünü qeyd edirlər, amma burda...» Lakin general nə təzə gələnə, nə 
də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi alboma məhəl qoymurdu, 
çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ucadan deyirdi ki, 
 
14

taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - 
onun ölümü barədə şəhadətnamədir.  
 
O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı, 
üfürülmüş nitqinə nifrətlə qulaq asırdı: 
 
«Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!» Lakin, 
general gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq 
almağın qəbul olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən 
axırıncıya kimi, eyni şeyi – onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu 
niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün də bir gün yıxılacağı barədə dedikləri 
eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl 
kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də 
əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu! 
Bir-iki ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son 
sentavosunu uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir 
günü təzəgələni dənizə açılan pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin