həyatın puçluğundan danışdı: «Bu, həyat deyil, başdan-ayağa cəhənnəm əzabıdır,
sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda, o biri yandan açır. Bir baxın,
qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib qalan nəhəng
okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq
ayrılıb. Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz
həmdərdlərinizlə istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..»
O özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam
yığnağının içində domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz
ala-ala, bu adamlardan biri olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz
varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir az da gözəl yaşamağa – səhərin
erkən çağında döşəmə süpürən işvəli cananları, ayaq barmaqlarının üstündə gəzə-
gəzə izləyə-izləyə, canını qıdıqlayan şirin xəyalları həqiqətə çevirməyə, günah dolu
arzularını doyuzdurmağa çalışırdı. O, qızların yataq otağının spesefik qoxusundan
cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə, xoruz toyuğu qamarlayan kimi,
qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı
səsləri eşidilirdi: «Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz
olursuz!» Lakin, sevgi dəqiqələrinin bitməyi ilə, generalın qəm dəryasına batmağı
bir olurdu və o, bu qüssəni canından çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib
oxuyurdu: «Ah, yanvar ayı! Bir bax: sənin pəncərəndə mənim qəmim edam
edilir!»
Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o
xalqının sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon
Alvaradonun yaşadığı məmləkətin həyətndə, həyətin uzaq, tənha bir küncündə
asaraq canüzən siesta saatlarını burda, tamarinlərin kölgəsində, keşiksiz-filansız,
yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir, yuxuda, sarayın yataq
otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, «Vətən - ən gözəl
uydurmadır, anacan!» - deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona
qoltuğundan tər iyi gəldiyini deyə bilərdi. Siestadan sonra o, öz iqamətgahına,
15
dünyadan razı ovqatda, möcüzəli qəraib baharından, yanvar əməköməcindən
doyub sakitləşərək qayıdırdı. Belə vaxtlar Vatikan səfiri Roma papasının gözünə
yatırdı. Odur ki, səfir tez-tez, çox vaxt da axşamüstü nunsisidə onun yanına gəlir,
bir fincan şokaladla peçenye yeyə-yeyə, bizim generalı, katolik kilsəsinin ağuşuna
qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda kövrək
söhbətlər aparırdı. General isə gülməkdən uğuna-uğuna ona deyirdi ki, «əgər
Allah-taala, siz deyən kimi, böyükdürsə, onda mənim xahişimi ona çatdırın, qoy
məni bu qulağagirən murdar ilbizdən uzaq eləsin…» sonra köynəyini başına siyirib
qarnını göstərərək: «qoy bu köpdən canımı qurtarıb, artıq havanı içimdən
çıxarsın.» Lakin papa inadkar idi, öz dediyindən əl çəkmirdi, yenə dönə-dönə israr
edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali Ruhdan törənib.
General isə əvvəlki məzə ilə: «Barıtı boşuna işlətməyin, müqəddəs ata, - deyirdi. –
Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da mən elə siz deyəni eləyirəm, daha
nə istəyirsiz?..» Lakin onun, duoğun körfəz kimi sakit qəlbi, xoruz döyüşünə
baxmaq üçün gəldiyi uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi. Döyüşlərin
birində vəhşiləşmiş xoruz, öz rəqibinin başını boğazından qoparıb ləzzətlə
dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş çalanacan, gözünü qan
tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General döyüş
meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ
biləcək incə bir işarə kimi yozdu.
O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi
əmr etdi. Musiqiçini tutdular və belə məlum oldu ki, onun yanında silahı da varmış
və o, camaat çıxışa tərəf axışanda, bu silahdan generala atəş açacağını böyük
işgəncələrdən sonra boynuna aldı. «Mən bunu o dəqiqə başa düşdüm, - general
dedi – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə ki, mən hamının gözünün içinə
baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu yaramazdan, bu bədbəxt
kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı». O gündən
generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd general yaxşı başı düşürdü
ki, əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan, heç də xoruz
döyüşündə baş verən əhvalat deyildi. Təhlükəsizlik xidmətinin, narahatçılıq üçün
heç bir əsasın olmadığı, hər şeyin öz qaydasıyla getdiyi barədə qəti bəyanatlarına
baxmayaraq, o, hər gecəsini sarayın qalın divarları arasında dəhşətli qorxu içində
keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O, Patrisio ilə yerini
doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə
yedirtməyə başladı. Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər.
«Heç olmasa təkcə ölməyim.» - general fikirləşdi...
İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri
bilinməsin deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri
süzülən yaşımtıl mayak işığının içi ilə sanki üzürdülər.
Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin
ayrılıq fiti sahil boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri
dolurdu... Ya da hər ikisi üzücü sentyabr axşamları səhərdən-axşamacan
pəncərənin qabağında dayanıb, əlindən bir iş gəlməyən aşiqlər kimi qaranquşları
sayırdılar.
16
General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini
elə itirmişdi ki, min bir əziyyətlə özünə tay düzəldib, eyni məqamda gah orda, gah
burda görünə-görünə, ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə
oyanacağı ağlına belə gəlmirdi. Bəziləri hətta onun letargiya yuxusuna getdiyindən
şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə çoxaldılmasına, prezident
sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq, deyirdilər ki, guya kimsə
sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri, müqəddəs
çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri
görüb... Onda bütün məmləkət dərin sükut içində donmuşdu, günortadan sonra
sübhün açılacağını gözləməyə başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb
dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-döşəyində, yuxuda öldüyü barədə şayiələr
gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli məmurlar bu ölüm xəbərini ona
görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd edə bilməmişdilər.
O, yaxın günlərdə taleyində nə isə baş verəcyini hiss etsə də, bütün bu söhbətlərə
əhəmiyyət vermirdi. Hərdən bir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq
kəsib general Rodriqo de Aqilardan soruşdu ki, «dostum, vəziyyət ümumiyyətlə
necədir?», onda o biri: «Hər şey öz əlimizdədir, mənim generalım, ölkədə
sakitlikdir», - deyirdisə də, o, canına yeriyən qorxudan azad ola bilmir, sarayın,
mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində nə isə daha
qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların
dibində gəzir, oralarda da heç nə tapmayanda, həyəcandan titrəyə-titrəyə anası
Bendisyon Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarin ağaclarının
sərin kölgəsində yellənə-yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa
da, həyat eşqiylə alışıb-yanan anası da köhnə yelləncəkdə onunla yanaşı oturub,
təmiz havadan uda-uda yellənir, yan-yörəsində hərlənən toyuq-cücəni,
tovuzquşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna yayxanıb
şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: «İçin,
sərinləyin, zat-aliləri…» - deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır,
anasına demək istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: «Ey mənim
əziz anam Bendisyon Alvarado, sən bilsəydin ki, mən daha bu dünyayla bacara
bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu məşəqqətdən heç özüm də
bilmirəm hara qaçmaq istəyirəm!..» Bu ah-tuxun əsl səbəbindən xəbərsiz anası da
elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən, bu qaraşın qızlardı. Odu ki, axşam
düşən kimi, şəhərin işıqları yanar-yanmaz, o, gizli yolla öz yerinə - saraya qayıdır,
qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə, qarovulun addımlarına diqqət
kəsilirdi. Qəfildən onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: «Hər şey öz
qaydasındadır, zat-aliləri! Tam sakitlikdir!» - deyə hesabat verirdi. O isə gözəl
bilirdi ki, onlar bunu vəzifə borcları kimi, qeyri-iradi deyir, onu da, özlərini də o
səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə bir gərgin dövr idi
ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər şey
öz qaydasındadır. Onu rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər
qatıb hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu
anlaşılmaz xof idi. Hər şey də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz
döyüşündən sonra başladı! Gecələr o, quru döşəmənin üstündə uzanıb,
yuxusuzluqdan gözü acışa-acışa, hardansa uzaqdan - kasıbların toyundan eşidilən
17
musiqinin – nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların, gecə
saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca
verdiyi asta, ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan
qızılgüllərin xışıltısına qulaq asır, bədəni soyuq tər basa-basa içini çəkir, bircə
dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa gizli duyğusu, gecənin
havası, anasıgildən qayıdarkən, küçədə rastına çıxanlar ona çox şey deyirdi.
Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan kütləni, taybatay açılan
pəncərələri, şəhərin qeyri-adi canlanmasından həyəcanlanıb dekabr səmasının mavi
ənginliklərində uçan qaranquş qatarını gördü və hər şeyi bir az da aydın görmək
üçün karetin pərdəsini aralayıb özü-özünə: «Mənə əziyyət verən, bax bu idi, ana!
Üzüb əldən salan bu idi! Axır ki baş verdi!» - deyə fikirləşdi və elə həmin an da,
dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng şarlara – qırmızı,
yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə əcayib
bir yüngüllük hiss elədi.
Sonra qəfildən nə oldusa, hürkmüş qaranquşların arasından göyə qalxan şarların
hamısı birdən-birə səssizcə partladılar… minlərlə rəngbərəng vərəqələr şəhərin
üstünə səpildi və çovğunun süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi.
Prezident karetinin sürücüsü, qarmaqarışıqlıq idi deyə, atların başını geriyə
döndərib izdihamın içindən kənara sıçradı. Heç kim də bu karetə fikir vermədi,
tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı. Camaat vərəqələri göydə
tutur, ayaq altından yığırdılar, hamı bir adam kimi yığırdı, mənim generalım!
Vərəqələrin mətnini bərkdən-bərkdən eyvanlardan oxuyurdular, döngələrdən: -
«Rədd olsun zülm! Cəllada ölüm!» - səsləri eşidilirdi. Hətta saray qarovulunun
əsgərləri belə, dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: «Bir
əsrlik despotizmə qarşı mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın
arvada qarşı mübarizə aparan vətənpərvərlərin birliyinə eşq olsun! Rədd olsun,
korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun quldurluq!» Bütün ölkə minillik
yuxudan ayıldığı həmin bu dəqiqələrdə ən dəhşətli xəbəri o, karet tövləsində aldı:
«Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!»
Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb
üzüldüyündən, Patrisio Araqonesə, dəmir şahı atıb talelərini öyrənməyi təklif
eləmişdi. «Pulu ataq, - demişdi – əgər qartal üzü düşsə, demək birinci sən
öləcəksən, yox, əgər o biri üzü düşsə, mən.» Patrisio Araqones isə pulu atmaqdan
imtina edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul atmağın da heç
bir xeyri yoxdu, udan, uduzan olmayacaq. «Bəyəm unutmusunuz, pulun hər iki
tərəfinə prezidentin profili döyülüb?» Onda general ona, talelərini dominoda
sınamağı təklif etdi: iyirmi oyundan çox udan sağ qalacaq. «Mən razı, - Patrisio
Araqones dedi – böyük məmnuniyyətlə, lakin bir şərtlə, mənim generalım! Mənə,
sizi udmaq hüququ verilməlidir.» Bu hüquq ona verildi və onlar oynamağa
başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə generala uduzan Patrisio
Araqones, iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin tutuşmanın
üzüntüsündən tərləyib soyuyan üzünü silərək, içini çəkdi: «Nə etməli, mənim
generalım, təəssüf ki, mən də ölmək istəmirəm?!..» - dedi. Onda general
dominoları taxta qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan
müəllim təbiriylə, özünün də, ələlxüsus da domino oynuna görə zorla ölməyə
18
həvəsi olmadığından, vaxtı çatanda, öz ölümü ilə, öz yorğan-döşəyində,
prezidentliyinin lap ilk günündən onun taleyini, su ləyəninə baxıb oxuyan görücü –
falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. «Amma, bir
yana baxanda, - dedi - bir az da yaxşı fikirləşsək, yenə heç nə dəqiq deyil, çünki
mənim anam Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda
çəngəllə yazılanları oxuyum. Mən - hökm vermək üçün doğulmuşam. Bir də, mən
sən deyiləm, elə özüməm və Allahına şükür elə ki, bütün bunların hamısı
zarafatdı.» Onda bu zarafatın heç də adi zarafat olmadığı onun ağlına belə
gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm püşkü
həqiqətən də onlardan birinin payına düşəcək. Elə də oldu.
O, Patrisio Araqonesi otağında, ölümqabağı işgəncələr içində qovrula-qovrula
tapdı. Xilasa ümid yox idi, oxun zəhəri həddən artıq qatı idi. İçəri girəndə, Patrisio
Araqonesi elə kandardan, romalılar kimi, əli başının üstə salamladı: «Eşq olsun,
igid!» Sonra canverənin yatağına əyləşib, yüngülləşdirici dava-dərmandan xəstəyə
qaşıqla içirtməyə başladı. Patrisio Araqones isə generalın bu xidmətlərindən imtina
eləmədisə də, ona zərrə qədər minnətdarlığını da bildirmədi və dərmanın növbəti
qaşığını udandan sonra ürəyindən keçənlərin hamısını birnəfəsə döşədi: «Mən sizi
bu murdar dünyada müvəqqəti tək qoyub gedirəm, mənim generalım... ürəyimə
damıb ki, sizinlə cəhənnəmin yeddinci qatında görüşəcəyik... Mən - ağrıdan ip
kimi gərilib düyünlənmiş, zəhərli ox üç qatından keçib öldürülmüşün birisi, siz isə,
əlləriniz başınızın üstündə, özünüzü soxmağa yer tapmırsız, açıq danışdığıma görə
üzr istəyirəm, mənim generalım, hər şeyi olduğu kimi deyirəm... İndi daha deyə
bilərəm ki, sizi heç vaxt sevməmişəm, sizsə, nəyə görəsə beyninizə yeritmisiz ki,
guya mən sizi sevirəm... Yox, mən həmişə sizə nifrət eləmişəm... Azadlığımı sizin
ucbatınızdan itirdim... kefim istəyən kimi veyillənməyə da imkan vermədiniz... o
vaxtdan hər gün Allaha yalvarırdım ki, sizə ölüm versin, əziyyətli, ya yüngül bir
ölüm, fərqi yoxdu... təki sizdən canım qurtarsın, təki siz mənim acı taleyimin
cəzasını çəkəsiz... axı başıma daha nə oyun açmadınız?.. Taxta çəkiclə döyə-döyə
dabanlarımı xurd-xəşil eləyib ayaqlarımın altını öz ayağınızın gününə saldınız ki,
sizin kimi ayağımı sürüyə-sürüyə gəzim... qarnımda şiş əmələ gəlsin deyə,
böyrümü çəkmə qıyığı ilə deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklərimi
unutdurmaq üçün məni skipidar içməyə məcbur edirdiniz, çünki özünüz yazıb-
oxumağı bacarmırdınız... yazıq anam isə mənə savad verməkdən ötrü nə qədər
əziyyətlər çəkmişdi!.. Çox-çox rəsmi yerlərə, paradlara öz əvənizə məni
göndərməklə guya özünüzü, dönə-dönə dediyiniz kimi, daha vacib, vətən üçün
daha zəruri işlərdən ötrü qoruyurdunuz… amma yox, siz mənim ona görə oralara
göndərirdiniz ki, hər yerdə, lap o dılğır gözəllik müsabiqələrində də hansısa
fahişənin başına tac qoya-qoya, qəfil əcəlin səni hardan, hansı tərfəfdən
haqlayacağını fikirləşəndə, ən qoçaq adamın da canına vicvicə düşür... açıq
danışdığıma görə məni bağışlayın, mənim generalım... Lakin generalı, Patrisio
Araqonesin həyasızlığından çox naşükürlüyü əsəbiləşdirdi: «Və bütün bunları sən
deyirsən? Ömrü boyu burda şah kimi yaşayan, ömrüm boyu heç kəsə qıymadığımı
ona verdiyim adam deyir?!.. Mən ki, öz arvadlarımı da sənin ixtiyarına
vermişdim!?» Burda Patrisio Araqones, onun sözünü ağzında qoydu: «Bu barədə
lazım deyil, mənim generalım. Bu bədbəxt qadınları, bu əzabkeş anaları, inəyi
19
boğazlayan kimi, yerə yıxıb işini görməkdənsə, axtalanmaq yaxşıdı. Kələ gələn
inəkdən bunların bircə fərqi odu ki, inəklər o məqam fınxırıb mouldayırlar,
bunlarsa, ələ gəlməyən, qupquru dallarını səninçün dikəldib, özləri vecsiz üzlərlə
kartof soyur, ya da yaxındakıları haylayıb, haqq-hesab bitənəcən, ocaq üstündə
qaynayan düyü sıyığı yanmasın deyə ona göz qoymağı tapşırıllar... Bu heyvərəliyi
təkcə siz məhəbbət adlandıra bilərsiz, mənim generalım, çünki bundan savayı ayrı
bir şey görməmisiniz… açıq danışdığım üçün üzr istəyirəm!» Burda general
dözməyib bağırdı: «Sus! Mumla, zırrama! Yum ağzını, yoxsa gec olar!» Lakin
Patrisio Araqones təmkinlə, sakit-sakit sözünə davam edirdi: «Yox, mən
susmayacağam, mənim generalım... daha bundan sonra siz mənə neyləyə bilərsiz?..
Öldürəcəksiz məni? Mən onsuz da, demək olar ki, artıq ölmüşəm... ondansa
həqiqətin üzünə dik baxmağı öyrənəydiniz… məqamdı, mənim generalım... heç
vaxt, heç kimin demədiyini, amma hamının fikirləşdiklərini dinləyəydiniz... axı,
sizə, yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib ayaqlarınızı yalayılar,
ciblərində isə top-tüfəng gəzdirillər... əslində, bu səmimiyyətimə görə siz mənə
təşəkkür etməlisiz, mənim generalım... sizin ki, yazığınız gələn yeganə adam
mənəm... elə mənim də sizə yazığım gəldiyi kimi, bu dünyada heç kimin sizə
yazığı gələ bilməz... çünki taleyin hökmü ilə, demək olar, elə mən də sizin
özünüzəm – axı, mən sizin əkiz tayınızam?!.. Odu ki, mən, o birilərin ürək eləyib
sizə deyə bilmədiklərini, içərilərində saxlayıb gizlədiklərini bütün səmimiliyimlə
deyirəm... məsələ burasındadı ki, mənim generalım, sizdən prezident çıxmaz...
əslində də, heç kim sizi qanuni prezident hesab eləmir... siz, prezident kreslosunda
ona görə oturmusunuz ki, sizi ora ingilislər oturdub... onlardan sonra da
amerikalılar, öz zirehli gəmilərindən atdıqları bir cüt dağıdıcı yumurtayla
dəstəkləyiblər sizi... axı, bütün bunları mən gözümlə görmüşəm, axı, hər şey
mənim yadımdadı... Qrinqo üstünüzə çımxırıb: «Qurtardı! İndi bu murdar
fahişəxanada təm-təkcə qal! Görək, bizsiz neyləyəcəksən?!» - deyəndə siz
qorxudan başınızı itirib, böcək kimi ora-bura qaçıdınız... Və o vaxtdan siz
kreslodan ona görə düşmədiniz və düşmək fikriniz də ona görə yox idi ki, sizin
üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... Qorxu! Məsələ burasındadı...
Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə adi adam kimi
çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi
qırğının, qala zindanındakı canavarlarla çiy ət əvəzi, diri-diri atılan dustaqların,
yerdə qalanların gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə
göndərilənlərin əvəzini çıxacaqlar... » Patrisio Araqones beləcə uzun-uzadı danışa-
danışa, ötüb keçmiş incikliklər kisəsindən bir-birinin ardınca saysız-hesabsız
dəhşətli xatirələr çıxardıqca, elə bil bu murdar rejimin qurbanlarının ruhuna dua
oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını oydular, ürəyi az
qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə
davam elədi: «Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə
birgə ölün... sizin üçün ən yaxşısı ölməkdi ... axı, kim bilməsə də, mən bilirəm...
axı, mən elə sizəm... amma bir Allah şahiddi ki, mən bunu heç vaxt istəməmişəm
... heç vaxt əzəmət, şöhrət diləməmişəm, vətən qəhrəmanı olmaq arzusuna
düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən bilirəm... sizin bütün
həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin guşəsində mən
20
elə adi şüşəüfürən qalmışam, atam kimi şüşəüfürənlərdən biri olmuşam...
Qorxmayın, mənim generalım! Ölüm siz düşünən qədər də ağrılı deyil...» O, bu
sözləri o qədər inamla, səmimiyyətlə dedi ki, bizim general ona etiraz eləmək üçün
özündə hirsə, acığa oxşar bir şey tapa bilmədi, son tutmalar, son qıcolmalar
başlayanacan çarpayının kənarında oturub, Patrisionu yataqdan yumalanıb yerə
düşməyə qoymadı. Patrisio Araqones qəfildən qarnını ikiəlli qucaqlayıb ağrıdan,
xəcalətdən ağlaya-ağlaya: «Ay Allah! – dedi – şalvarımı doldurdum, mənim
generalım!» General, Patrisionun bu sözünü ayrı mənada, ölümqabağı qorxu kimi
başa düşdü, amma elə bu dəm Patrisio dedi ki, şalvarını ayrı mənada yox, elə
doğrudan doldurub. Onda general çığırıb: «Yalvarıram sənə, bir az döz! Vətən
oğlu, nə olur-olsun, kişi kimi ölməlidi!» - dedisə də, artıq gec idi... Artıq
vətənpərvərlik hisslərinin yeri deyildi... Patrisio Araqones döşəməyə yıxılıb son
titrətmələrlə, ayaqlarını yerə döyə-döyə, göz yaşı və nəcis içində çabalayırdı...
O, Patrisionun meyidini iclas zalının yanındakı gizli yataq otağında öz əlləriylə
yudu, əynində nə vardısa, hamısını soyunub meyidin əyninə geyindirdi, özü isə
çılpaq qaldı. Qarnını saxlayan brezent qayışını da çıxarıb Patrisionun qurşağına
bağladı. Uzunboğaz çəkmələrini soyunub Patrisionun ayaqlarına geyindirdi, qızılı
mahmızı uzunboğazların sol tayının dabanına bərkitdi. Bütün bunları da öz
tənhalığını dərk eləyə-eləyə, ağır kədər içində, bundan sonra daha tənha keçəcək
həyatının acısını duya-duya elədisə də, bu kədər onu heç də karıxdırmadı, meyidlə
apardığı əməliyyat boyu, özündən bircə dənə olsun, iz qoymadı, bir vaxt görücü-
falçı qadının suyun aynasına baxıb dediyi sözlər - qulluqçuların onun ölüsünü
hansı vəziyyətdə tapacağı da yadından çıxmadı. Onu, hələ o vaxt falçı qadın deyən
kimi, öz təbii ölümü ilə öldüyü vəziyyətdə – orden-medalsız hərbi səhra
geyimində, uzunboğaz çəkməsinin sol tayında qızılı mahmızı ilə döşəmədə
üzüqoylu, üzünü balışın içinə basan kimi, ovuclarına basıb uzandığı yerdə
tapmalıydılar… İşin qəribəsi isə o oldu ki, heç nə onun gözlədiyi kimi olmadı, heç
kim onun öldüyünü təsdiq eləmədi, rejiminə sadiq qalanlar səbrlə nəyisə gözləyir,
xəlvət məşvərətlər aparır, aralarında nə isə gizli razılaşmalara gəlirdilər. Üstəlik,
onun ölümü barədə gəzən şayələrin qarşısını da nəyə görəsə alırdılar, bizim
hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon Alvarado yaslı deyil,
arvadı alış-veriş yerlərində görünməyə məcbur eləyirdilər… «Əynimə güllü paltar
Dostları ilə paylaş: |