Xronologiya
Eradan əvvəl IV əsr. Arsax-Qarabağ vilayətinin də daxil olduğu Azərbaycan Albaniya dövləti yaradılır.
VII əsr. Qarabağ Ərəb xilafəti dövlətinin tərkibinə daxil edilir. Vilayətin əhalisinin böyük əksəriyyəti islam dinini qəbul edir.
IX əsr. Qarabağ Sacilər dövlətinin tərkibində.
XII əsr. Qarabağ Atabəylər dövlətinin tərkibində.
XIV-XV əsrlər. Qarabağ Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində.
XVI-XVIII əsrlər. Qarabağ Səfəvilər dövlətinin tərkibində.
1750-ci il. Qarabağ xanlığı yaradılır.
14 may 1805-ci il. Qarabağ xanlığı Rusiya dövlətinin himayəsini qəbul edir.
1823-cü il. İlk rəsmi siyahıyaalmaya görə, indiki Dağlıq Qarabağ ərazisində yaşayan 18563 ailədən yalnız 1559-u və ya 8,4%-i erməni ailələridir.
1827-ci il. Qafqaz Arxeoqrafiq Komissiyasının aktına əsasən Qarabağın Dağlıq hissəsində 12 min ailə yaşayırdı ki, bunlardan da yalnız 2,5 mini qeyri-müsəlmanlar idi.
1828-1830-cu illər. Türkmənçay müqaviləsinə əsasən İrandan 40 min, Türkiyədən 84 min nəfər erməni köçürülərək, İrəvan və Yelizavetpol (indiki Gəncə) qəzalarında yerləşdirilir. Gəncə qəzasına göndərilənlərin çoxu indiki Ağdərə rayonu ərazisinə yerləşdirilir.
1832-ci il. Dağlıq Qarabağ ərasisində köçürmələr nəticəsində ermənilərin sayı 34,8%-ə çatdırılır.
1878-ci il. İngiltərə və Rusiya Berlin konqresinin gedişində ilk dəfə “erməni məsələsi”ni gündəmə gətirirlər.
1886-cı il. “Qafqaz təqvimi” məcmuəsində göstərilir ki, Zəngəzur mahalında azərbaycanlılar 45,7%, ermənilər 24,8%, digər millətlər isə 29,5% təşkil edir.
Fevral 1905-ci il. Erməni terror təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayırlar, 50 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilir.
Avqust 1905-ci il. Erməni dəstələri Şuşanın azərbaycanlılar yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə qədər azərbaycanlı ödürülür, 20-ə qədər ev yandırılır.
Dekabr 1905-ci il. Əhməd bəy Ağaoğlunun başçılığı altında “Difai” (Müdafiə) təşkilatı yaradılır.
26 dekabr 1905-ci il. Ağdərə rayonunun 500 nəfərlik Umudlu kənd sakinləri Ağdama pənah apararkən yolda Avram hampanın dəstəsi tərəfindən qətlə yetirilirlər.
İyul 1906-cı il. Erməni silahlıları ikinci dəfə Şuşaya hücum edirlər.
1918-ci il. İrəvan quberniyasının 4 mahalında 199 Azərbaycan kəndi dağıdılır, 135 min nəfər azərbaycanlı didərgin salınır.
17 mart 1918-ci il. Urmiya şəhərində erməni terrorçuları 10 min nəfərdən artıq azərbaycanlını qətlə yetirirlər. Həmin tarixdən başlayaraq bir ay ərzində Urmiya, Salmas, Xoy, Maku, Şərəfxan və digər yerlərdə 100 mindən artıq adam öldürülür.
18 mart 1918-ci il. Şamaxı qəzasının 53 kəndində ermənilər 8 min 27 nəfəri, o cümlədən 4190 kişi, 2560 qadın, 1277 uşağı qətlə yetirmişlər. Həmin ayın sonuna qədər öldürülənlərin sayı 12 min nəfərə çatdırılır.
19-31 mart 1918-ci il. Bakı şəhərində ermənilər tərəfindən 18 min azərbaycanlı qətlə yetirilir.
1-9 may 1918-ci il. Quba qəzasında 122 kənd dağıdılır, 2800 nəfər azərbaycanlı öldürülür.
29 may 1918-ci il. Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edır.
1918 ci ilin yay və payız ayları. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi ermənilər tərəfindən dağıdılır, 7729 azərbaycanlı öldürülür. 400-ə qədər azərbaycanlını qapıları bağlayaraq, diri-diri məsciddə yandırırlar.
29 yanvar 1919-cu il. Qarabağ general qubernatorluğu yaradılır.
01 dekabr 1920-ci il. Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.
07 iyul 1923-cü il. Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir.
18 sentyabr 1923 cü il. Xankəndinın adı dəyişdirililərək, “Stepanakert” adlandırılır.
18 fevral 1929-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi–Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.
1930-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır.
1938-ci il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
28 noyabr 1945-ci il. Ermənistan rəhbəri H.Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir.
1947-1953-cü illər. Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycana köçürülür.
1965-ci il. Xankəndində yaşayan M.Hovenesyan 13 nəfər erməninin imzası ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə məktubu SSRİ Ali Sovetinə göndərir.
İyun-avqust 1967-ci il. Dağlıq Qarabağın Xocavənd rayonunun Kuropatkin kəndində erməni Benikin uşağı yoxa çıxır, sonra isə onun meyiti Ələmşah Mustafayevin briqadasına məxsus olan sahədən tapılır. Bu hadisəyə görə briqadir Ələmşah, direktor Ərşad, kənd sakini Zöhrab həbs olunurlar. Bu şəxslərin günahı sübut olunmadığına görə məhkəmə işi yenidən istintaqa qaytarılır. Lakin ermənilər yolda həbsxana maşınını saxladır, onu çevirir, hər üç nəfəri öldürür, sonra da yandırırlar. Az sonra sübut olunur ki, uşağı öz dayısı öldürüb.
1969-cu il. Xankəndində “Qarabağ” mehmanxanasının eyvanından qumbara atılır, üç azərbaycanlı yaralanır.
1969-cu il. Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.
1982-ci il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir.
Dekabr 1985-ci il. “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda mübarizəni genişləndirmək qərarını qəbul edir.
1986-cı il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.
1987-ci il. Akademik A.Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.
İyun-iyul 1987-ci il. Ermənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar.
Oktyabr 1987-ci il. İrəvanda “Qarabağ komitəsi” ilk açıq mitinq keçirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər.
16 noyabr 1987-ci il. M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar M.Qorbaçovu razı saldığını bildirir.
13 fevral 1988-ci il. Ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə “Krunk” terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir.
19 fevral 1988-ci il. İrəvanda antitürk mövqeli mitinq keçirilir. Mitinqdə “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır” tələbləri irəli sürülür.
19 fevral 1988-ci il. Bakıda “Qarabağ bizimdir!” şüarları ilə ilk yürüş keçirilir.
20 fevral 1988-ci il. Ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir.
22 fevral 1988-ci il. Əsgəran qəsəbəsində azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən gülləboran edilir. 2 nəfər yeniyetmə–Əli Hacıyev və Bəxtiyar Quliyev öldürülür, 19 nəfər yaralanır.
23 fevral 1988-ci il. Vilayət partiya komitəsinin birinci katibi B.Gevorkov vəzifəsindən azad edilir, onun yerinə Q.Poqosyan təyin olunur.
28-29 fevral 1988-ci il. Sumqayıtda ermənilər tərəfindən təxribat xarakterli qırğınlar törədilir, 26 erməni, 6 azərbaycanlı öldürülür.
14 may 1988-ci il. Şuşada azərbaycanlılar 5 min nəfərin iştirak etdiyi mitinq keçirir. Mitinqdə erməni silahlılarının hücumlarına son qoyulması tələb edilir.
16 may 1988-ci il. Xankəndində bir qrup azərbaycanlını döyərək maşına yığır və Şuşaya göndərirlər.
16 may 1988-ci il. Bakıda Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkətlərinə, Ermənistandan gələn emisarların oradakı fəaliyyətinə son qoyulması tələbləri ilə mitinq keçirilir.
15 iyun 1988-ci il. Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.
24 iyun 1988-ci il. Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir.
18-21 sentyabr 1988-ci il. Xankəndində azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülür və Şuşaya göndərilir.
21 sentyabr 1988-ci il. Dağlıq Qarabağ və Ağdam ərazilərində xüsusi vəziyyət elan ounur.
22 sentyabr 1988-ci il. İrəvan, Leninakan, Abovyan, Eçmiədzin və digər şəhərlərdə Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlıların Ermənistandan çıxarılması tələbləri ilə kütləvi tətillər, mitinqlər keçirilir.
04 oktyabr 1988-ci il. Dağlıq Qarabağın Xankəndi və Xocalı şəhərlərində azərbaycanlılara basqınlar edilir, onlar döyülür və köçüb getmələri tələb olunur.
18 noyabr-5 dekabr 1988-ci il. Bakıda “Azadlıq” meydanında fasiləsiz izdihamlı mitinqlər keçirilir. Mitinq iştirakçıları ermənilərin Dağlıq Qarabağdakı vəhşiliklərinə, Ermənistanın Dağlıq Qarabağa müdaxilələrinə son qoyulmasını tələb edirlər.
21 noyabr 1988-ci il. Bakıda və Gəncədə ixtişaşlar baş verir, 3 hərbçi öldürülür, xeyli adam yaralanır. Bakı, Naxçıvan və Gəncədə xüsusi vəziyyət elan olunur.
24 noyabr 1988-ci il. Ermənistanın ərazisindən Azərbaycanın Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kəndlərinə basqınlar edilir, Eyvazlı kəndi tamamilə yandırılır.
Noyabr 1988-ci il. Ermənistanın şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırılır.
Noyabrın sonu 1988-ci il. Ermənistanın Quqark rayonunda 70 nəfər azərbaycanlı qətlə yetirilir. Onlardan Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə uşaq öldürülür.
08 dekabr 1988-ci il. Ermənistanda zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Azərbaycandan 80 peşəkar xilasedici, mexanikləşdirilmiş dəstə Spitaka yola düşür. Onlar bir neçə gün ərzində 63 nəfəri xilas edirlər.
10 dekabr 1988-ci il. Zəlzələ ilə əlaqədar olaraq Yuqoslaviyadan döndərilən təyyarə Belqrad-Ankara-İrəvan marşurutu ilə Ermənistana uçur. Ankaradan uçduğu üçün ermənilər onu türk təyyarəsi hesab edərək qəzaya uğradırlar. Təyyarənin 6 nəfərlik şəxsi heyəti həlak olur.
11 dekabr 1988-ci il. Zəlzələ ilə əlaqədar olaraq Azərbaycanın xilasedici dəstəsi Ermənistanın Leninakan şəhərinə uçur. Ermənilər yanlış koordinat verərək təyyarəni qəzaya uğradırlar. 69 nəfər xilasedici və 4 nəfər ekipaj üzvü həlak olur. Yalnız bir nəfər xilasedici salamat qalır. Onu xəstəxanaya yerləşdirirlər, lakin az sonra ermənilər mitinq edərək onun xəstəxanadan çıxarılmasına nail olurlar.
15 dekabr 1988-ci il. SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərlərinə bir sıra qanunsuz hərəkətlərə görə öz respublikalarında vəzifəli şəxslərin cəzalandırılması tapşırığını verir. Bir ay ərzində Azərbaycanda erməniləri guya sıxışdırdıqlarına görə 2532 nəfər məsuliyyətə cəlb olunur, 222 nəfər işdən çıxarılır, 65 nəfər partiya və komsomoldan çıxarılır. Bu tədbirlərdən sonra 19 min nəfərdən çox erməni Azərbaycana qayıdır. Ermənistanda isə həmin vaxt ərzində 13 nəfər partiyadan xaric edilir, 24 nəfər vəzifəsindən çıxarılır, 69 nəfərə partiya cəzası verilir. Ermənistana bir nəfər də olsun azərbaycanlı qaytarılmır.
25 dekabr 1988-ci il. Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırılır.
12 yanvar 1989-cu il. SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volcki rəhbər təyin edilir. Komitənin tərkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin edilir.
06 may 1989-cu il. SSRİ Xalq deputatlarının I qurultayı Moskvada öz işinə başlayır. Qurultay ermənilərin maraqlarına uyğun qərarlar qəbul edir.
07 iyul 1989-cu il. Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsi yandırılır.
08 iyul 1989-cu il. Ermənilər Xankəndində “Miatsum” hərəkatının təsis yığıncağını keçirir və Robert Koçaryanı hərəkata sədr seçirlər.
16 iyul 1989-cu il. Azərbaycan Xalq Cəbhəsi yaradılır və Əbülfəz Elçibəy sədr seçilir.
29 iyul 1989-cu il. Ermənilərin davamlı hücumlarının nəticəsi olaraq Azərbaycanın mərkəzindən Naxçıvana gedən qatarların hərəkəti tamamilə dayandırılır. Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşür.
16 avqust 1989-cu il. Xankəndində ermənilər “Dağlıq Qarabağ əhalisinin qurultayı”nı keçirir, Milli Şura və Rəyasət heyəti yaradırlar. Qurultay Dağlıq Qarabağı “müstəqil ittifaq ərazisi” elan edir.
15 sentyabr 1989-cu il. Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağdakı Xüsusi İdarə Komitəsi ləğv olunur.
16 sentyabr 1989-cu il. Ermənilər Tiflis-Bakı avtobusunu partladırlar, 5 nəfər ölür, 25 nəfər yaralanır.
21 sentyabr 1989-cu il. Xankəndində yaşayan azərbaycanlılar döyülərək şəhərdən qovulurlar.
07 oktyabr 1989-cu il. Erməni terrorçusu A.Abramyan tərəfindən Şuşanın Xəlfəliçay körpüsü partladılır.
01 dekabr 1989-cu il. Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edir.
06 dekabr 1989-cu il. Azərbaycanın Ali Soveti tərəfindən Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi yaradılır, Komitəyə Azərbaycan partiya təşkilatının rəhbərlərindən V.Polyaniçko sədr təyin edilir.
31 dekabr 1989-cu il. Araz çayı boyunca 137 km-lik sərhəddə sərhəd qurğuları dağıdılır.
04 yanvar 1990-cı il. Erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır.
12 yanvar 1990-cı il. Ermənistandan 500 nəfərlik silahlı dəstə vertolyotlarla Azərbaycanın Xanlar rayonunun Quşçu kəndinə gələrək, kəndi dağıdır, onlarla dinc sakini öldürürlər.
15 yanvar 1990-cı il. SSRİ Ali Soveti Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edir.
18 yanvar 1990-cı il. Ermənistanın silahlı birləşmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərki kəndi işğal edilir.
20 yanvar 1990-cı il. Sovet qoşunları Bakıya daxil olaraq qırğın törədirlər. Rəsmi məlumatlara görə 131 nəfər həlak olur, 800-dən artıq adam yaralanır.
18 fevral 1990-cı il. Ermənilər Şuşa-Bakı avtobusunu partladırlar, 13 nəfər yaralanır.
11 iyul 1990-cı il. Tərtərdən Kəlbəcərə gedən maşın karvanına ermənilər silahlı hücum edirlər. 14 nəfər həlak olur, 35 nəfər yaralanır.
10 avqust 1990-cı il. Tiflis-Ağdam avtobusu erməni terrorçuları A.Avanesyan və M.Tatevosyan tərəfindən partladılır. 20 nəfər ölür, 30 nəfər yaralanır.
10 avqust 1990-cı il. Ermənistan terrorçuları tərəfindən Şəmkir-Gəncə avtomobil yolunda avtobus partladılır. 17 nəfər həlak olur, 26 nəfər yaralanır.
20 avqust 1990-cı il. Ermənistan silahlı qüvvələri Qazax rayonun Bağanis Ayrım kəndini işğal edirlər. 5 nəfər kənd sakini öz evlərində diri-diri yandırılır.
30 noyabr 1990-cı il. Ermənistan terrorçuları tərəfindən Xankəndi yaxınlığında sərnişin avtobusu partladılır. 2 nəfər həlak olur, 11 nəfər yaralanır.
15 dekabr 1990-cı il. S.Babayanın terror qrupu Əsgəranda 3 nəfər azərbaycanlını qətlə yetirir.
09 yanvar 1991-ci il. Laçın-Şuşa yolunda 5 nəfərlik erməni terror qrupu “Molodyoj Azərbaycana” qəzetinin müxbiri Salatın Əsgərovanı və 2 nəfər hərbçini qətlə yetirir.
14 yanvar 1991-ci il. Azərbaycan Ali Soveti Şaumyan (kənd) rayonunun ləğvi haqqında qərar qəbul edir.
18 aprel 1991-ci il. Erməni terrorçusu Q.Sarkisyan Xocavənd rayonunda 3 azərbaycanlı milis işçisini öldürür.
30 may 1991-ci il. Erməni terrorçuları Moskva-Bakı qatarını partladırlar. 11 nəfər ölür, 22 nəfər yaralanır.
19 iyun 1991-ci il. Erməni terrorçuları Yevlax-Laçın yolunda avtomaşını partladırlar. 11 nəfər həlak olur, 3 nəfər yaralanır.
27 iyun 1991-ci il. “Qarabağ” adlı erməni terror təşkilatı Dağlıq Qarabağın Qaradağlı kəndinə hücum edir, 6 nəfər azərbaycanlı öldürülür.
31 iyul 1991-ci il. Erməni terrorçuları tərəfindən Moskva-Bakı sərnişin qatarı partladılır, 16 nəfər ölür, 20 nəfər yaralanır.
02 avqust 1991-ci il. Dağlıq Qarabağın Hadrut rayonunun Dolanlar kəndində ermənilər tərəfindən avtomaşın partladılır, 4 nəfər həlak olur, 8 nəfər yaralanır.
08 avqust 1991-ci il. Ermənistan hakimiyyəti tərəfindən orada azərbaycanlıların yaşadıqları sonuncu Nüvədi kəndi boşaldılır, əhalisi döyülərək Ermənistandan qovulur.
21 avqust 1991-ci il. Dağlıq Qarabağın Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında avtobus partladılır, 2 nəfər həlak olur, 10 nəfər yaralanır.
23 avqust 1991-ci il. Şuşa-Cəmilli yolunda avtobus erməni terrorçuları tərəfindən atəşə tutulur, 4 nəfər həlak olur, 13 nəfər yaralanır.
30 avqust 1991-ci il. Azərbaycan müstəqilliyinin bərpa olunması haqda Bəyannamə ilə çıxış edir.
02 sentyabr 1991-ci il. Ermənilər “Dağlıq Qarabağ respublikası” adında qondarma qurumun yarandığını elan edirlər.
05 sentyabr 1991-ci il. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradılır, general Valeh Bərşadlı nazir təyin edilir.
08 sentyabr 1991-ci il. Erməni terrorçuları tərəfindən Ağdam-Xocavənd avtobusu atəşə tutulur, 5 nəfər həlak olur, 34 nəfər yaralanır.
08 sentyabr 1991-ci il. Erməni terrorçuları tərəfindən Ağdam-Qaradağlı avtobusu atəşə tutulur, 8 nəfər həlak olur, 42 nəfər yaralanır.
23 sentyabr 1991-ci il. Şimali Qafqazda Jeleznovodsk şəhərində Azərbaycan, Ermənistan, Rusiya və Qazaxıstan prezidentləri görüşürlər, vəziyyəti nizama salmaq məqsədi ilə “müvəqqəti işçi qrupu yaradılır”.
26 sentyabr 1991-ci il. Erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunda avtomaşın partladılır, 2 nəfər həlak olur, 14 nəfər yaralanır.
18 oktyabr 1991-ci il. Azərbaycan “Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul edir.
19 oktyabr 1991-ci il. Dağlıq Qarabağın Ağdərə rayonu Sırxavənd kəndi yaxınlığında ermənilər tərəfindən avtomaşın partladılır, 3 nəfər həlak olur, 2 nəfər yaralanır.
20 noyabr 1991-ci il. Erməni terrorçuları tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotu vurulur. Vertolyotda olan bütün şəxslər: Azərbaycan Respublikasının Dövlət Katibi T.İsmayılov, Baş nazirin müavini Z.Hacıyev, Prezidentin müşaviri M.Əsədov, Baş Prokuror İ.Qayıbov, deputatlar: V.Cəfərov, V.Məmmədov, Prezident aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfatı nazirinin 1-ci müavini Q.Namazəliyev, Dağlıq Qarabağın prokuroru, İ.Plavski, Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri S.İvanov, Dağlıq Qarabağın milis rəisi, general-mayor V.Kovalyov, komendant N.Jinkin, Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan televiziya və radiosunun əməkdaşları: A.Mustafayev, A.Hüseynzadə, F.Şahbazov, müşahidəçilər: general-mayor M.Lukaşov və podpolkovnik V.Koçarov, Qazaxstan Daxili İşlər nazirinin 1-ci müavini S.Serikov və ekipaj bu terror aktı nəticəsində həlak olurlar.
26 noyabr 1991-ci il. Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması haqda qanun qəbul edir.
27 noyabr 1991-ci il. SSRİ Dövlət Şurası DQMV-nin ləğvi ilə bağlı qərarın dəyişdirilməsini Azərbaycan rəhbərliyindən tələb edir.
08 dekabr 1991-ci. Belorusun Brest şəhəri yaxınlığında Belovejsk deyilən yerdə Rusiya, Ukrayna və Belorus respublikaları saziş imzalayaraq Müstəqil Dövlətlər Birliyi yaratdıqlarını elan edirlər.
10 dekabr 1991-ci il. Dağlıq Qarabağ erməniləri referendum keçirir, “müstəqilliyə” səs verirlər.
23 dekabr 1991-ci il. Ermənilərin “Qarabağ” adlı terror təşkilatı Dağlıq Qarabağın Əsgəran rayonu Meşəli kəndinə hücum edir, 6 nəfər öldürülür, 15 nəfər yaralanır.
26 dekabr 1991-ci il. Şuşa şəhər sakini Süleyman Abbasov, onun hamilə həyat yoldaşı, yaşyarımında olan oğlu, qaynanası və onların getdikləri maşının sürücüsü Ağdam-Şuşa yolunda erməni terrorçuları tərəfindən qətlə yetirilirlər.
27 dekabr 1991-ci il. Ermənilər ağır texnikanın müşayəti ilə Xankəndi yaxınlığındakı Kərkicahan qəsəbəsinə hücum edirlər. Mehman Hüseynovun başçılığı altında kəndin 22 nəfərdən ibarət müdafiə dəstəsi qeyri-bərabər döyüşə girirlər. Səkkiz saat davam edən döyüşdə 70-dən çox erməni qulduru məhv edilir.
08 yanvar 1992-ci il. Erməni terrorçuları Krasnovodskdan Bakıya üzən sərnişin bərəsini partladırlar. 25 nəfər ölür, 88 nəfər yaralanır.
10 yanvar 1992-ci il. Respublika Təşkilat komitəsi Xankəndini tərk edir.
15 yanvar 1992-ci il. Kərkicahan qəsəbəsi işğal edilir.
26 yanvar 1992-ci il. Şuşa yaxınlığındakı Daşaltı kəndində Azərbaycan əsgərləri ermənilərin pusqusuna düşürlər, qeyri-bərabər döyüşdə 33 nəfər həlak olur, 36 nəfər yaralanır, 34 nəfər itgin düşür.
28 yanvar 1992-ci il. Ağdam-Şuşa marşurutu ilə uçan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulur. Əsasən qadın və uşaqlardan ibarət olan 41 nəfər sərnişin və 3 nəfər ekipaj üzvü həlak olur.
30 yanvar 1992-ci il. Azərbaycan və Ermənistan eyni vaxtda ATƏM (ATƏT) üzvlüyünə qəbul edilirlər.
10 fevral 1992-ci il. Quşçular və Malıbəyli kəndləri işğal edilir.
13-17 fevral 1992-ci il. Dağlıq Qarabağın Xocavənd rayonu Qaradağlı kəndi əldən-ələ keçir, kəndin 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülür. Ermənilər 117 nəfər kənd sakinini girov götürür, onlardan 77 nəfərini qətlə yetirirlər. Ermənilər kəndin yaxınlığındakı fermada 6 nəfəri diri-diri yandırırlar.
25-26 fevral 1992-ci il. Erməni quldur dəstələri Rusiyanın 366-cı polku ilə birlikdə Xocalı şəhərini darmadağın edir, dəhşətli soyqırım törədirlər. Soyqırım nəticəsində 613 nəfər, o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca öldürülür. 487 nəfər, o cümlədən, 76 uşaq şikəst edilir. 1275 nəfər girov götürülür, 150 nəfər itkin düşür. Xocalıya hücuma erməni mayoru S.Ohanyan və 366-cı polkun 3-cü batalyonunun komandiri Y.Nabokixin bilavasitə rəhbərlik etmişlər.
Dostları ilə paylaş: |