Qarabağ müharibəsi (Qısa tarix)



Yüklə 0,54 Mb.
səhifə1/9
tarix31.01.2017
ölçüsü0,54 Mb.
#7235
  1   2   3   4   5   6   7   8   9
Qarabağ müharibəsi  (Qısa tarix)
Akif Nağı
Bu kitabda Qarabağ müharibəsinin kökləri, səbəbləri, gedişi, müharibənin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər populyar şəkildə şərh olunur, işğalçı Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, talanlar, terror hərəkətləri konkret faktlar əsasında göstərilir. Kitabda şərh edilən faktlar qədim dövrdən bu günə qədərki erməni xisləti, qəsbkarlığı və işğalçılığına qarşı Azərbaycan xalqının mübarizə yolunu əhatə edir.   Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
Ön söz

Allah... sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər.
(Qurani-Kərim, əl-Mumtəhinə surəsi, ayə 9)

Ermənilərin Dağlıq Qarabağı ələ keçirmək cəhdləri gəlmə və torpaqsız xalqın ərazi iddialarının tərkib hissəsidir. Müxtəlif ölkələr gəlmə xalqların bu cür iddiaları ilə dəfələrlə rastlaşmışlar. Bu tarix üçün yeni bir hadisə deyildir. Ermənilər də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən gəlmiş və yaxud gətirilmişlər. Qarabağda həmişə Azərbaycan tayfaları yaşamış və bu ərazi Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Qarabağ hər dövrdə bütöv ərazi vahidi olmuşdur. “Dağlıq Qarabağ” ifadəsi isə XX yüzillikdə Sovet Rusiyasının  rəhbərliyi tərəfindən uydurulmuşdur. Qarabağ əraziləri qədim dövrdə “Arsax” adı ilə (“Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir) Albaniya dövlətinin (e.ə.IV-e.VIII əsrlər) tərkibində olmuşdur. Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi də daxil olmaqla daha geniş torpaqlara malik idi. Albaniyanın qərb sərhədləri Göyçə gölündən keçməklə indiki Ermənistan deyilən ərazilərin böyük hissəsini əhatə edirdi. O dövrdə bu ərazilərdə erməni elementləri yox idi. Arsax-Qarabağ əraziləri daha sonra Ərəb Xilafətinin, bu dövlətin süquta uğramasından sonra isə Azərbaycan dövlətlərinin-Sacilər, Rəvvadilər, Eldəgizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilərin və Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığı 1805-ci il may ayında Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Bu işğal kiçik fasilə ilə (1918-1920-ci illər Azərbaycan Demokratik Respublikası dövrü istisna olmaqla) 1991-ci ilə qədər davam etmişdir. 1918-cı ildə yaranmış Azərbaycan Demokratik Respublikasının müstəqilliyi, Qarabağ da daxil olmaqla ərazi bütövlüyü və süverenliyi dünya birliyi, konkret olaraq, Paris Sülh Konfransı tərəfindən tanınmışdır. O dövrdə Qarabağ bəzi mübahisəli ərazilərin içərisinə daxil olmamışdır. Həmin vaxt Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan qərb sərhədləri 2300 il əvvəl Albaniya dövlətinin dönəmində olduğu kimi yenə də Göyçə gölündən keçirdi. İndi ermənilər Azərbaycanın tarixi torpaqlarını zəbt edərək Göyçəni daxili göllərinə çevirmiş, adını da dəyişərək “Sevan” qoymuşlar.



Ermənilərin Cənubi Qafqaza gətirilməsi tədricən baş vermiş və Kiçik Asiyadan keçmişdir. İlk erməni (onlar özlərini hay adlandırırlar) dəstələri e.ə.VII-VI əsrlərdə Balkanlardan Kiçik Asiyaya, müasir Türkiyənin şərq vilayətlərindən birinə az miqdarda gətirilmiş və onlardan bir sıra təsərrüfat işlərində, əsasən də tikintidə qul kimi istifadə olunmuşdur. Tanınmış ermənişünas alim H.Adons yazırdı: “Kimmeri tayfaları b.e.ə. VIII əsrdə Balkanlara, Frakiya vilayətinə gəldilər. Burada onlar ermənilərin əcdadları ilə rastlaşdılar və özləri ilə götürüb Kiçik Asiyaya apardılar”. Tədricən çoxalan ermənilər həmin ərazilərdə bir neçə dəfə xırda dövlət qurumları yaratmağa cəhd etmiş, lakin davamlı bir qurum yarada bilməmişlər. Ermənilər nisbətən yaxın və uzaq ərazilərdə Manna, Urartu, Midiya, Assuriya kimi dövlətləri görür, onlara uyğun bir qurum yaratmağa çalışır, lakin heç nəyə nail ola bilmirdilər. Ermənilərin gəlib məskunlaşdığı ərazilər müxtəlif vaxtlarda həmin dövlətlərin bu və ya digərinin tərkibinə daxil edilirdi. Azərbaycan Albaniyası və Atropatena dövlətlərinin meydana gəlməsindən (e.ə. IV əsr) xeyli sonra, e.ə. II əsrdə ermənilər də Kiçik Asiyada, Van gölünün sahillərində özlərinin kiçik bir dövlətlərini qura bildilər. Bu dövlət heç bir ciddi rola malik olmamış, yalnız e.ə. I əsrin 80-ci illərində güclənmiş və bir sıra qonşu əraziləri, o cümlədən, Atropatenanı və Azərbaycan Albaniyasının bir hissəsini zəbt etmişdir. Bu vəziyyət təxminən 10 il davam etmişdir. Bu erməni dövləti e.ə. 66-cı ildə Roma qoşunlarının zərbələri altında darmadağın oldu. Ermənilər zəbt etdikləri əraziləri tərk edərək yenidən Van gölünün ətrafına qayıtdılar. Sonradan ermənilər bu on illik işğal mərhələsini “Böyük Ermənistan” dövrü adlandırmağa başladılar. Bu məntiqlə Azərbaycan varisi olduğu Manna, Midiya, Albaniya, Atropatena dövlətlərinin on il yox, yüzillərlə əldə saxladığı geniş ərazilərə indi iddia irəli sürə bilər. Və yaxud həmin dövrdə dövlətləri olan hər hansı xalq da bu cür iddialarla çıxış edə bilər. Xöşbəxtlikdən xəstə təxəyyüllü ermənilərdən başqa bu heç kəsin ağlına gəlmir. Bu hadisələrdən sonra ermənilərin öz dövlətlərini yaratmaq cəhdlərinə son qoyulur. Ermənilərin yaşadıqları ərazilər bu və ya digər dövlətlərin nəzarəti altında olur. Lakin bu müharibələrin digər nəticəsi olaraq erməni tayfaları qonşu ərazilərə yayılmağa və həmin yerlərdə məskunlaşmağa başlayırlar. Konkret tarixi faktlar olmasa da, istisna deyil ki, həmin dövrlərdə az sayda erməni ünsürləri Azərbaycanda da məskunlaşmışlar. Yerli türk əhalisi onlardan inşaat və digər işlərdə istifadə edirdilər.

Ərəb Xilafəti dövrünə, Islamın Azərbaycana gəlişinə qədər Arsax-Qarabağ ərazilərində yalnız yerli əhali–Alban-Azərbaycan tayfaları yaşamışlar. VII əsrdə Arsax-Qarabağ əhalisinin böyük əksəriyyəti islamı qəbul etmişdir. O vaxta qədər burada xristianlıq və atəşpərəstlik mövcud idi. Xristian əhalisinin cüzi bir hissəsi dağlara çəkilərək öz dinini saxlamışdır. Onlar alban və digər tayfaların nümayəndələri idilər. Həmin dövrdə erməni dövləti mövcud deyildi, lakin xristianlığın qriqorian məzhəbində olan erməni kilsəsi fəaliyyətini davam etdirirdi. Arsax-Qarabağın dağlara çəkilmiş yerli alban-xristian əhalisi ilk vaxtlar yalnız öz kilsələrində ibadət edir, dini baxımdan alban kilsə ənənələrini davam etdirirdilər. Lakin qonşu xristian gürcülərlə məzhəb fərqləri olduğuna və bütövlükdə xristian dünyası ilə əlaqələri kəsildiyinə görə bu Azərbaycan-alban tayfaları tədricən erməni kilsəsinin təsiri altına düşür, əvvəl qriqorianlaşır, sonra isə erməniləşirlər. Bütün bunlara baxmayaraq, Qarabağın dağlıq hissəsinə çəkilmiş Azərbaycan-alban tayfaları uzun müddət özlərinin etnik mənsubiyyətini, dini müstəqilliyini qoruyub saxlamış və XIX əsrin ortalarına qədər rəsmi sənədlərdə özlərini alban milləti və alban kilsəsinin nümayəndələri kimi təqdim etmişlər. Arsax-Qarabağ (XIII əsrdən Qarabağ adı işlədilir) əhalisinin böyük əksəriyyəti yerli türklərdən ibarət olmuş və müxtəlif Azərbaycan dövlətlərinin tərkibində bu əyalət yerli nəsillərə mənsub hakimlər tərəfindən idarə olunmuşdur. Dağlara çəkilmiş xristian əhali isə həmişə bu hakimlərə tabe olmuş, lakin dini əlahəddəliklərini qoruyub saxlamaq üçün müəyyən özünüidarə qurumlarına malik olmağa çalışmışlar. Azərbaycanın Sacilər və Atabəylər dövlətləri IX-XIII əsrin əvvəllərində faktiki olaraq ölkəni siyasi cəhətdən birləşdirmişdilər. Lakin eyni zamanda xristian albanlara öz dini fərqlərini qoruyub saxlamaq üçün özünü idarə qurumları yaratmağa da imkan verirdilər. Bu vaxt ərzində xristian albanların yaratdıqları qurumlar alban Mehranilər nəslindən olan Həsən Cəlalın (müsəlman ölkəsində yaşadıqlarına və bir çox müsəlman adətlərini qəbul etdiklərinə görə, onlar xristian olmalarına baxmayaraq müsəlman adları da götürürdülər) dövründə (1215-1261-ci illər) daha yüksək inkişaf həddinə çatdı. Xaçın knyazlığı adlandırılan bu qurum mərkəzi Azərbaycan hakimiyyətinə tabe idi. Həsən Cəlalın nəsli Azərbaycan hakimiyyətinə həmişə sədaqətlə xidmət etmişdir. Bu xidmətlərinə görə Azərbaycan Qaraqoyunlu hökmdarı Cahan şah onlara “məlik” (türk dilində “mülk sahibi” deməkdir) titulu vermişdir. Azərbaycan Səfəvi dövlətinin dövründə (1501-1736-cı illər) yerli özünüidarə qurumları ləğv edilmiş, bəylərbəylik inzibati-ərazi sistemi yaradılmışdır. Belə ərazi vahidlərindən biri Qarabağ bəylərbəyliyi adlanırdı. Qarabağ bəylərbəyliyi 7 sancaq və 36 nahiyədən ibarət idi, yəni hər hansı özünü idarəetmə qurumu nəzərdə tutulmurdu. Bu vəziyyət XVIII əsrin birinci yarısına qədər davam etmişdir. Bu dövrdən başlayaraq Rusiya hökuməti Azərbaycanda yaşayan xristian əhalidən öz məqsədləri üçün istifadə etməyə başlayır. Bu siyasətin əsasını işğalçı niyyətlərini gizlətməyən I Pyotr qoyur və ondan sonra həmin siyasət davam etdirilir. Rusiya hökmdarları Qarabağın dağlıq hissəsindəki qriqorianlaşmış albanları erməni kimi təqdim etməyə çalışır və onları bu adı öz üzərlərinə götürməyə şirnikləndirirdi. Lakin bu qədim Azərbaycan əhalisi öz adını dəyişməyə həvəs göstərmirdi.

Səfəvi dövlətinin süqutundan (1736-cı il) və Nadir şahın qısa müddətli hakimiyyətindən sonra Azərbaycanda gərgin və mürəkkəb siyasi vəziyyət yarandı. Nadir şah özü siyasi məqsədlər üçün alban məliklərindən istifadə etməyə başladı. Qarabağın dağlıq hissəsindəki özünüidarə qurumlarının fəaliyyəti yenidən canlandırıldı. Vaxtilə Həsən Cəlalın nəslinin davam etdirdiyi Xaçın knyazlığının yerində 5 yeni özünüidarə qurumu-məlikliklər yaradıldı. Nadir şah Qarabağın tanınmış türk nəsillərinin nüfuzunu zəiflətmək və onu şah kimi tanımaq istəməyənlərin müqavimətini sındırmaq üçün bu məliklərdən istifadə etmək istəyirdi. Bu beş yeni özünüidarə qurumlarından Dizaq məlikliyi indiki Ermənistan ərazisindən gəlmiş Məlik Yeqanın, Vərəndə indiki Ermənistan deyilən ərazilərdən gəlmiş Məlik Şahnəzərin, Xaçın yerli alban olan Həsən Cəlalın, Çiləbörd yenə də indiki Ermənistan deyilən ərazidən gəlmiş Məlik Allahqulunun və Talış Şirvandan, indiki Qəbələ rayonunun Nic kəndindən (hazırda həmin kənddə alban-udinlər yaşayırlar) gəlmiş Məlik Usubun nəsilləri tərəfindən yaradılmışdır. Bu məliklərdən yalnız Xaçının yaradıcıları yerli alban nəslinə mənsub idilər, qalanları Qarabağa kənardan gəlmişdilər. Kənardan gələnlərin də heç biri erməni deyildi, alban idilər. Onların heç biri erməni deyil, müsəlman adları daşıyır, yalnız müsəlman-türk mühiti ilə qaynayıb-qarışır və çoxlu sayda müsəlman-türk adət və ənənələrinə riayət edirdilər.

Nadir şahın vəfatından sonra məlikliklərin fəaliyyəti xeyli zəiflədi. Lakin bir sıra xarici və daxili qüvvələr onlardan yenə də Qarabağ hakimi Pənah xana, ondan sonra isə İbrahim xana qarşı istifadə etməyə başladı. Rusiya hökumətinin Tiflisdə oturan nümayəndələri məlikləri oraya çağırır, onlara Qarabağ xanlığını zəiflətmək üçün təlimatlar və tapşırıqlar verirdilər. Rusiya hökuməti məlikləri guya onların alban-türk deyil, erməni-xristian olmalarına inandırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Rusiya məliklərin əli ilə Qarabağın xristianlaşdırılması və burada xristian dövlət qurumunun yaradılması məqsədlərini də güdürdü. Bu ideya məliklər üçün də cəlbedici idi, ona görə də rusların tapşırıqlarını həvəslə yerinə yetirirdilər. Onlar bir neçə dəfə İbrahim xana qarşı sui-qəsd də təşkil etdilər, lakin məqsədlərinə nail ola bilmədilər. İbrahim xan məliklərin hamısını və onların katolikosunu həbs etdirməyə məcbur oldu. Sonradan onların bəziləri həbsxanadan qaçaraq Tiflisə getdilər və Qarabağ xanlığına qarşı açıq düşmənçilik mübarizəsinə başladılar.

Beləliklə, XVIII əsrin əvvəllərindən etibarən bir tərəfdən Qarabağın dağlıq hissəsindəki qriqorianlaşdırılmış albanların öz dinlərinə uyğun güclü himayədar axtarmaq istəkləri, digər tərəfdən isə, Rusiyanın Cənubi Qafqaz regionunu ələ keçirmək planları üst-üstə düşürdü. Rusiya Azərbaycan, Türkiyə və İrana qarşı istifadə etmək məqsədilə Qarabağın bir hissəsində kiçik də olsa xristian dövləti, forpost yaratmaq niyyətini gizlətmirdi. Özlərinin müstəqil qurumlarına malik olmaq perspektivi isə Qarabağ məliklərini şirnikləndirir və onların separatçı meyllərini gücləndirirdi. Əslində isə burada hər hansı müstəqil qurumun yaradılması real deyildi. Ona görə də Rusiya məliklərə yalnız vədlər verməklə kifayətlənir və onların separatçı hərəkətlərindən Qarabağ xanlığının mövqelərinin zəiflədilməsi, müqavimətinin sındırılması və sonda nəzarətə götürülməsi, zəbt edilməsi üçün istifadə edirdi. Həmin dövrdə erməni kilsəsi xeyli fəallaşaraq Avropa və Rusiya saraylarına nümayəndələrini göndərir, ayrı-ayrı dövlət başçılarının diqqətini “erməni məsələsi”nə yönəltməyə, Türkiyə ərazilərində, yaxud Cənubi Qafqazda hər hansı erməni qurumunun yaradılması üçün onların dəstəklərini qazanmağa çalışırdı. Rusiya ermənilərin müraciətlərinə daha çox maraq göstərərək, “erməni məsələsi”ni özünün Şərq siyasətində əsas alətlərdən birinə çevirdi. Rusiya II Ekaterinanın vaxtında Cənubi Qafqazda erməni qurumu yaratmaq üçün ilk dəfə ciddi cəhd göstərdi. Qarabağda qriqorianlaşmış alban məliklərinin daha çox fəallıq göstərməsi diqqəti bu əraziyə çəkirdi. II Ekaterina alban məliklərini erməni toplumuna aid edir və bu məliklərin əli ilə  Qarabağda erməni vilayəti yaratmaqla digər yerlərdən erməniləri buraya cəlb etməyə çalışırdı.  Qarabağda ermənilərn və qriqorianlaşmış albanların sayı həddindən artıq az olduğuna görə buraya kənardan ermənilərin axınını təşkil etmədən hər hansı erməni qurumunun yaradılması mümkün deyildi. II Ekaterinanın sevimlisi və Qafqaz siyasətinin ideoloqu Q.A.Potyomkin Rusiyanın Cənubi Qafqazdakı qoşun başçılarına göndərdiyi 6 aprel 1783-cü il tarixli təlimatda rus hökümətinin antiazərbaycan siyasətini açıq şəkildə nümayiş etdirirdi: “Şuşalı İbrahim xan mütləq hakimiyyətdən devrilməli, bundan sonra Qarabağ yalnız Rusiyadan asılı olan erməni vilayətinə çevrilməlidir. Bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə etməlisiniz. Bununla ermənilər digər yerlərdən buraya axışıb gələcəklər”. İbrahim xanın ağıllı siyasəti nəticəsində Rusiya məkrli niyyətlərinə nail ola bilmədi. II Ekaterina Cənubi Qafqazı ələ keçirmək, bir sıra niyyətlərini, o cümlədən bəzi vilayətləri erməniləşdirmək istəklərini həyata keçirmək üçün sonuncu dəfə 1796-cı ilin yazında cəhd göstərdi. General V.Zubovun başçılığı altında Cənubi Qafqaza yeni yürüş təşkil edildi. Bu yürüş zamanı V.Zubovun yaxın müşavirlərindən biri erməni keşişi İosif idi. II Ekaterinanın qəfil ölməsi ilə yürüş dayandırıldı.



Rusiya öz işini asanlaşdırmaq məqsədi ilə Qarabağın dağlıq hissəsindəki xristianlaşmış (qriqorianlaşmış) albanlara da “erməni məsələsi”nin tərkib hissəsi kimi baxırdı. Qarabağ məlikləri uzun müddət bu prosesə, onların erməni kimi qəbul olunmasına müqavimət göstərirdilər. Təsadüfi deyil ki, Xaçın knyazı Həsən Cəlal Gəncəsar məbədinin üstündə “Mən, Həsən Cəlal bu kilsəni öz Aqvank xalqım üçün tikdim” sözlərini yazdırmışdı, digər bütün mənbələrdə, sənədlərdə də onlar özlərini alban, aqvan kimi təqdim edirdilər. Lakin sonda, xüsusilə də Rusiya hökumətinin İran və Türkiyədən erməniləri kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürməsindən sonra bu ideoloji xəttin qarşısında təslim oldular və “erməni” adını öz üzərlərinə götürməyə qismən razılaşdılar. Rusiya Azərbaycanda öz mövqelərini möhkəmləndirdikcə Qarabağa daha çox erməni köçürməyə çalışırdı. Azərbaycana qarşı işğalçılıq müharibəsində rus ordusunun erməni əsilli zabitlərindən geniş şəkildə istifadə olunurdu. Rus ordusunun tərkibində hərbi əməliyyatlarda iştirak edən erməni zabitləri Qarabağda ermənilərin mövqelərini gücləndirmək üçün bütün vasitələrdən istifadə edirdilər. İran-Rusiya müharibələri (1804-1813, 1826-1828-ci illər) və Türkiyə-Rusiya müharibələri (1806-1812, 1828-1829-cu illər) ermənilərin Qarabağa köçürülməsində həlledici rol oynadılar. Həmin müharibələrin gedişində Türkiyə və İranda yaşayan ermənilər öz dövlətlərinə xəyanət edərək, rus qoşunlarının tərəfinə keçdilər. Onlar arxa cəbhədə dəstələr yaradaraq, rus hərbi komandanlığının tapşırıqlarını yerinə yetirir, İran və türk ordularına arxadan zərbələr vurur, qiyamlar təşkil edir, müdafiəsiz qalmış dinc əhaliyə divan tuturdular. Bu erməni dəstələrini rus ordusu silahlandırırdı. Ermənilərin rəhbərləri bu hərəkətləri ilə Rusiyanın rəğbətini qazanacaqlarına və onun köməyi ilə Türkiyə, yaxud İranın ərazisində özlərinin hər hansı muxtar, ya da müstəqil dövlət qurumlarını yaradacaqlarına ümid edirdilər. Lakin onların niyyətləri özünü doğrultmadı. Onlar Türkiyə və İranda etdikləri xəyanətlərə görə cəzalanacaqlarından ehtiyat edərək  müharibələr qurtardıqdan sonra Rusiya imperiyasının ərazilərinə köçmək istəklərini bəyan etdilər. Bu, Rusiyanın da maraqlarına uyğun idi. Rusiya yenicə zəbt etdiyi Cənubi Qafqaza, o cümlədən Azərbaycana erməniləri köçürüb yerləşdirməklə özünə ciddi dayaq yaratmaq məqsədini güdürdü. Rusiyanın İranla bağladığı 1828-ci il Türkmənçay müqaviləsi və Türkiyə ilə imzaladığı 1829-cu il Ədirnə müqaviləsi İran və Türkiyədən ermənilərin Azərbaycana köçürülməsini hüquqi cəhətdən rəsmiləşdirdi. Ermənilərin kütləvi surətdə Azərbaycana, o cümlədən Qarabağa köçürülməsinə başlanıldı. Qarabağın yerli əhalisi ermənilərin, ən yaxşı yerlərdə yerləşdirilməsinə, ümumiyyətlə, erməni köçünə qarşı müqavimət göstərməyə çalışır, lakin ciddi nəticələrə nail ola bilmirdilər. Rus qoşunları hər hansı müqaviməti amansızlıqla yatırırdı. Qarabağın yerli əhalisinin nümayəndələri Rusiyanın İrandakı səfiri A.S.Qriboyedova dəfələrlə müraciət edərək erməni köçlərinin qarşısının alınmasını tələb edirdilər. Erməni köçlərinə rəhbərlik edən rus səfiri hər dəfə onları arxayınlaşdırırdı ki, bu köçlər müvəqqətidir və ermənilər burada dayanmayıb Rusiyanın içərilərinə köçürüləcəklər. Digər tərəfdən isə, A.S.Qriboyedov erməniləri yaxşı tanıdığına görə Rusiya imperatoruna yazırdı ki, “Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya car çəkəcəklər ki, bura bizim qədim əcdadlarımızın torpaqlarıdır”. Rusiya hökuməti ermənilərin xislətini yaxşı bilir, onların bu xislətindən Azərbaycan türklərinə və qonşu gürcülərə qarşı uzun müddətli planlarında məharətlə istifadə edirdi.

Rusiya hökuməti XIX əsrin əvvəllərində İran və Türkiyədən ermənilərin Qarabağa ilkin köçlərini təşkil edirdi. Bunun nəticəsi olaraq rusların tərtib etdikləri ilk statistik məlumatlara qriqorianlaşmış albanlarla yanaşı artıq ermənilər də daxil edilirdi. Rus hərbi komandanlığının 1823-cü ildə tərtib etdiyi statistik topluda bu hal özünü ilk dəfə göstərdi. Bu sənədə görə həmin dövrdə indiki Dağlıq Qarabağ ərazisində yaşayan 18563 ailədən yalnız 1559-u erməni və qriqorianlaşmış alban idi. Rəqəmlər bir daha təsdiq edir ki, ermənilərin “böyük köçü” ərəfəsində bu ərazilərdə əhalinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Bu statistik məlumatların qeydə alındığı vaxtdan az sonra Rusiya hökuməti erməniləri Azərbaycana, o cümlədən Qarabağa kütləvi şəkildə köçürməyə başladı. Rəsmi məlumatlara görə, 1828-1830-cu illərdə, yəni cəmi 2 il ərzində, Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülmüşdür. Bu, yalnız rəsmi məlumatlardır. O dövrün müxtəlif mənbələrində ermənilərin qeyri-rəsmi qaydada, gizli şəkildə köçmələri haqda da kifayət qədər məlumatlar vardır. Mütəxəssislərin hesablamalarına görə, həmin 2 il ərzində 200 mindən artıq erməni Azərbaycan ərazilərinə keçmişdir. Qarabağa ermənilər əsasən İrandan köçüb gəlirdilər. Bu, sərhədin bilavasitə yaxınlığı və o qədər də ciddi qorunmaması ilə bağlı idi. Digər tərəfdən sərhəddə olan rus hərbçiləri qeyri-rəsmi qaydada köçüb gələn ermənilərə ciddi maneə törətmirdilər. Ermənilər çox vaxt bütöv kəndlərlə gəlir və yeni məskunlaşdıqları yerlərə İrandakı kəndlərinin adlarını verirdilər. Sonradan “səhv” lərini düzəltməyə çalışsalar da, yenə bir sıra kəndlərinin adları onların İrandan köçdüklərinə şahidlik edir.

Ermənilərin Qarabağa köçürülməsi qədimdən burada yaşayan xristian albanların erməniləşdirilməsini sürətləndirdi və dönməz prosesə çevirdi. O vaxta qədər müstəqil fəaliyyət göstərən alban kilsəsi də 1836-cı ildə Rusiya hökumətinin qərarı ilə erməni kilsəsinə tabe etdirildi. Rusiya bir sıra məntəqələrdə, o cümlədən Qarabağın dağlıq hissəsində erməni-xristian mövqelərini gücləndirmək üçün bütün XIX əsr ərzində köçürmə siyasətini davam etdirmişdir. XIX əsrin sonunda Cənubi Qafqazada ermənilərin sayı artıq 1 milyon 300 min nəfərə çatmışdı. Rusiyanın rəsmi mənbələrinin etiraf etdiyinə görə, onlardan 1 milyon nəfər “erməni köçü” nəticəsində gələnlər idi. Bu cür kütləvi axına baxmayaraq, Rusiya yenə də Qarabağ əyalətində ermənilərin çoxluğuna nail ola bilməmişdir. Ermənilər hələ də azlıqda qalırdılar.

XIX əsrin ikinci yarısında dünyada ciddi hadisələr baş verir, dövlətlər bir-birinə qarşı ərazi iddiaları qaldırır, dövlətlərarası ittifaqlar yaranırdı. Bu şəraitdə dövlətlər müxtəlif məsələləri ortaya ataraq, öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. “Erməni məsələsi” deyilən amil də ortaya bu dövrdə Rusiya və İngiltərə tərəfindən atılmışdır. Erməni kilsəsinin təşkilatçılığı ilə müxtəlif erməni heyətləri Avropa dövlətlərinə səfərlər edir, müxtəlif səviyyələrdə görüşlər keçirir, Türkiyə ərazisində hər hansı statusda qurumlarının yaradılması üçün dəstək qazanmağa çalışırdılar. Maraqlısı odur ki, onlar Türkiyənin heç bir vilayətində əksəriyyət təşkil etmədikləri halda  belə bir istəyə düşmüşdülər. İlk olaraq Rusiya və İngiltərə “erməni məsələsi” ndən istifadə etməyə başladılar və faktiki olaraq “erməni məsələsi” nin müəllifləri də onlar oldular. Böyük dövlətlərin Berlin konqresində (1878-ci il) İngiltərə və Rusiyanın təşəbbüsü ilə “erməni məsələsi” gündəmə gətirildi və Türkiyənin üzərinə ermənilər yaşayan ərazilərdə islahatların keçirilməsi, onların kürdlər və çərkəzlərin hücumlarından müdafiə olunması ilə bağlı öhdəliklər qoyuldu. Ermənilərin öz məsələlərini hansı həyasızlıqla gündəmə gətirdikləri haqda təsəvvür yaranması üçün iki epizodu diqqətə çatdırmalıyıq. Berlin konqresinin gedişində erməni heyəti dəfələrlə ən müxtəlif, şərəfsiz vasitələrdən istifadə etdikdən sonra konqresə sədrlik edən Almaniya kansleri Otto Bismarkın qəbuluna düşürlər. Bismark onların təkidli cəhdlərindən yorularaq qəbul  etməyə razılıq verir. O, qəbul zamanı onların çox danışmasına imkan vermir və sonda onların hərbi köməklə bağlı xahişlərini rədd edərək bildirir: “Pomeranlı tək bir əsgərin sümüyünü bütün ermənilərə dəyişmərəm”. İkinci epizod ermənilərin Bismarkdan sərt cavab aldıqdan sonra Almaniya imperatoru və yaxud onun xanımı ilə görüşmək cəhdi ilə bağlıdır. Nümayəndələrdən biri Minas Çeraz bu cəhdi belə təsvir edir: “Olduqca ciddi təlaş içində imperatriçaya müraciət etmək istəyirdik... Qapının ağzında bizi rəsmi geyimli yekəpər bir kişi qarşıladı. Dedik ki, imperatriçanı görmək istəyirik. O zorba kişi bunu eşidən kimi bizi söyməyə başladı. Yaxınlaşıb Mkrtıç Xrimyana bir şillə çəkdi... Ümüdlərimiz üzülmüş halda qayıdıb Konstantinopola gəldik”. Ermənilər bu cür həyasızlıqla istədiklərinə nail olmağa çalışırdılar.

Berlin konqresindən sonra İngiltərə və Rusiyanın rəsmi dairələri “erməni məsələsi”ndən geniş şəkildə yararlanmağa, Türkiyənin zəiflədilməsi üçün bir alət kimi istifadə etməyə başladılar. Onların planlarına uyğun olaraq ermənilər Türkiyənin içərisində təşkilatlar qurur, üsyanlar təşkil edirdilər. “Hnçak” və “Daşnaksütyun” erməni terrorçu təşkilatlarının yaradılması və ilk qanlı olaylar törətmələri bu dövrə təsadüf edir. Onlar İngiltərə, Rusiya hökümətləri tərəfindən silahlandırılır və Türkiyənin müxtəlif vilayətlərində üsyanlar təşkil edir, yerli dinc əhaliyə divan tuturdular. XIX əsrin sonlarında Fransa da erməniləri fəal müdafiə kompaniyasına qoşuldu. Böyük dövlətlər “erməni məsələsi”ndən kifayət qədər yararlandılar, ermənilər isə heç nəyə nail ola bilmədilər. Türkiyə hökuməti milli maraqlarını müdafiə edərək erməni niyyətlərinin həyata keçirilməsinə imkan vermədi, bütün üsyanlar yatırıldı, günahkarlar cəzalandırıldı. Türkiyə hökumətinin ciddi müqaviməti ilə rastlaşan erməni kilsəsi və terrorçu təşkilatları nəzərlərini Cənubi Qafqaza, Azərbaycana, o cümlədən Qarabağa yönəltdilər. Bir az əvvəl buralara köçürülmüş erməni əhalisi artıq ərazi iddiaları üçün zəmin ola bilərdi. Bu vaxta qədər yerli əhali ilə dinc şəraitdə yaşayan, “qonaq statusu”na riayət edən, gəlmə olduqlarını bildiklərinə görə dillərini qısa edən ermənilər birdən-birə sərt və barışmaz sifətlərini göstərərək, iddialı tərəfə çevrildilər.

Ermənilərin ilk ərazi iddiaları



Rusiya hökuməti Azərbaycan türklərinin tarixi torpaqlarında, ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda ermənilərin sayını artırmağa, onların hakim mövqeyini təmin etməyə çalışırdı. Bu siyasət onsuz da müstəmləkə əsarətində olan azərbaycanlıların gələcəkdə hər hansı müstəqillik meyllərinin qarşısının alınması və yerli əhalinin sıxışdırılıb çıxarılaraq yerində erməni-xristian bölgəsinin yaradılmasına yönəlmişdi. Ona görə də ermənilərin təşkilatlanması və silahlanmasına hərətərəfli yardım göstərilir, onların Azərbaycan türklərinə qarşı təcavüzkar hərəkətlərinə dəstək verilirdi. XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarından yerli əhalini sıxışdırıb çıxartmağa başladılar. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törətdilər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etdi. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi dağıldı. Təkcə Qarabağ və Zəngəzurda 200-dən artıq kənd yandırılıb məhv edilmişdi. Bu kəndlərin yarıdan çoxu sonralar da dağıdılmış vəziyyətdə qaldı, az bir hissəsinə azərbaycanlılar qayıda bildilər, qalanlarında isə ermənilər məskunlaşdılar. Bu, azərbaycanlıların yaşayış məntəqələrinin davamlı şəkildə ələ keçirilməsi xətti idi. Ermənilər Şuşa şəhəri ilə bağlı xüsusi planlar qurur, azərbaycanlıları oradan tamamilə çıxarmaq istəyirdilər. Erməni silahlı dəstələri 1905-ci ilin avqustunda Şuşada azərbaycanlıların yaşadıqları məhəllələrə hücuma keçdilər. Elə bir ciddi silahı olmayan azərbaycanlılar ermənilərin hücumlarını çətinliklə dəf edə bildilər. Bu hücum zamanı 100-ə qədər azərbaycanlı öldürüldü, 20-dək ev yandırıldı. Ermənilərin Şuşaya ikinci hücumu 1906-cı ilin yayında baş verdi. Beş gün davam edən döyüşlərdə ermənilər şəhəri ələ keçirə bilmədilər, lakin Şuşa böyük dağıntılara məruz qaldı. 1905-1906-cı il qırğınları zamanı ermənilər qismən öz məqsədlərinə nail oldular. Beləki, 100-ə qədər yaşayış məntəqəsini ələ keçirərək məskunlaşdılar, bəzi yaşayış məntəqələrində, o cümlədən, İrəvan və Bakıda azərbaycanlıların sayının azalmasına nail oldular. Bu azalma əhalinin bir hissəsinin qətlə yetirilməsi, bəzilərinin isə yeni qırğınlar təhlükəsi qarşısında köçüb getmələri ilə əldə olunmuşdu. Ermənilərin məkrli niyyətlərinin daha geniş miqyasda reallaşmasına Əhməd bəy Ağaoğlunun başçılığı altında “Difai” (Müdafiə) təşkilatının yaradılması mane oldu. 1905-ci iln sonu-1906-cı ilin əvəlində az vaxt ərzində formalaşan “Difai” təşkilatı erməni silahlı dəstələrinin qarşısını ala, müqaviməti təşkil edə bildi. Ermənilər müvəqqəti geri çəkilərək təşkilatlarını gücləndirməyə, daha radikal təşkilatlar yaratmağa, dəstələrini daha geniş miqyasda silahlandırmağa, yeni hücumlara hazırlaşmağa başladılar. Azərbaycanlılar isə erməni hücumlarının bir daha təkrar olunacağına inanmayaraq arxayınlaşdılar, tələsik yaranmış silahlı dəstələri ləğv etdilər, “Difai” təşkilatını buraxdılar və ermənilərlə əvvəlki xoş münasibətləri bərpa etdilər.

“Balkan böhranı”nın yaranması, Birinci Dünya müharibəsinin başlanması ilə erməni terror təşkilatları yenidən nəzərlərini Türkiyə ərazilərinə yönəltdilər. Onlar Türkiyədə pozuculuq fəaliyyətinə, silahlı qiyamlara, dinc əhaliyə qarşı qırğınlara başladılar. Ermənilər Türkiyənin içərilərində yeni hərəkata başlayarkən həm öz planlarını həyata keçirməyə, burada özlərinin “dövlət qurumu”nu yaratmağa çalışır, həm də Rusiya, İngiltərə, az sonra isə ABŞ-ın maraqlarına xidmət göstərirdilər. Erməni silahlı dəstələrinin “fəaliyyəti” nəticəsində 200 mindən artıq dinc əhali qətlə yetirildi, ölkənin bir sıra əyalətlərində gərgin qarşıdurma və vətəndaş itaətsizliyi vəziyyəti yarandı, mərkəzdən qaçma meylləri gücləndi. Türkiyə hökuməti vəziyyətdən çıxış yolu olaraq 1915-ci ilin aprelində erməni silahlı dəstələri və terror təşkilatlarının, qızışdırıcı fəaliyyətlə məşğul olan bəzi din xadimlərinin həbsi ilə, az sonra isə erməni əhalsinin ölkənin digər ərazilərinə köçürülməsi ilə bağlı qərarlar verməli oldu. Bu qətiyyətli addımlarla ermənilərin pozucu və xəyanatkar hərəkətlərinə son qoyuldu. Türkiyə hökumətinin qəti mövqeyi ilə üzləşən erməni terror təşkilatları öz niyyətlərinə nail ola bilmədilər. Onların qazandıqları saxta “erməni soyqırım”ı deyilən məsələ oldu. Bu məsələdən də bu günə qədər yararlanmağa çalışır, lakin ciddi nəticələrə nail ola bilmirlər. Ermənilərin saxta “soyqırım”ı dünyada tanıtdırmq cəhdləri artıq bayağı təbliğat kompaniyasına çevrilmişdir və heç bir dövlət tərəfindən ciddi qarşılanmır. Son 40 il ərzində bu məsələ vaxtaşırı ayrı-ayrı dövlətlər tərəfindən gündəmə gətirilir, ötəri maraqlar üçün istifadə olunur, sonra da yenidən unudulur. Xəstə erməni düşüncəsi hələ də bu həqiqəti dərk edib başa düşə bilmir. Öz həyatında baş vermiş hər hansı kədərli hadisəni dünyanın ümumi istifadəsinə vermiş ikinci bir xalqı tarix tanımır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin