Qarabağ müharibəsi (Qısa tarix)



Yüklə 0,54 Mb.
səhifə3/9
tarix31.01.2017
ölçüsü0,54 Mb.
#7235
1   2   3   4   5   6   7   8   9

Qarabağ müharibəsinin başlanması

Ermənilər Sovet imperiyasında ciddi dəyişikliklərin olacağını hiss edərək bir sıra hazırlıq işlərinə başladılar. 1984-1985-ci illərdə Cənubi Qafqazın tarixini saxtalaşdıran bəzi məqalələr və kitablar çap olundu, “elmi” konfranslar keçirildi. Ermənilər təbliğat işini genişləndirməklə guya Cənubi Qafqazda yerli əhali olduqlarını, həmçinin bir sıra ərazilərə iddialarını əsaslandırmağa çalışırdılar. Bir sıra erməni təşkilatları “erməni məsələsi”nə diqqəti cəlb etmək üçün 1985-ci ildə uydurma “genosid”in 70 illiyini geniş miqyasda qeyd etməyə cəhd göstərdilər. Lakin Moskva rəhbərliyi Türkiyə ilə münasibətlərin korlanacağından ehtiyat edərək bu hay-küylü tədbirlərin yalnız Ermənistanda keçirilməsinə icazə verdi. Ermənilər bu tədbirlərə xaricdən çoxlu sayda qonaqlar dəvət etməklə xeyli yalançı təbliğat işi apara bildilər. M.Qorbaçovun 1985-ci ildə Moskvada hakimiyyətə gəlməsi, onun açıq ermənipərəst mövqeyi və ortaya atdığı “yenidənqurma prosesləri” ermənilərin işğalçı niyyətləri üçün geniş imkanlar yaratdı. “Qarabağ komitəsi” Ermənistanda, onun şöbəsi olan “Krunk” təşkilatı isə Dağlıq Qarabağda leqal fəaliyyətə başladı, Azərbaycana qarşı işğalçı və ilhaqçı tələblər açıq şəkildə səsləndirildi. İrəvandan Dağlıq Qarabağa gələn emissarlar təbliğat və təşkilat işlərini genişləndirdilər. 1987-ci il noyabrın 16-da M.Qorbaçovun müşaviri, erməni akademiki A.Aqanbekyan Parisdə “İnterkontinental” otelində jurnalistlər qarşısında çıxış edərək bildirdi: “Mən şad olardım ki, Dağlıq Qarabağı Ermənistana qaytarsınlar. Mən iqtisadçı kimi hesab edirəm ki, onlar Azərbaycandan daha çox Ermənistanla bağlıdırlar. Mən artıq bununla bağlı təklif vermişəm və ümid edirəm ki, bu ideya həyata keçiriliəcəkdir”. Bu bəyanat Qarabağ üzərinə bütün dünya ermənilərinin hücumu üçün ilk rəsmi siqnal oldu. A.Aqanbekyanın açıqlaması ermənilər tərəfindən Moskva rəhbərliyinin rəsmi mövqeyi kimi qəbul olundu və onların geniş fəaliyyət üçün əl-qolunu açdı.



1987-ci ilin ikinci yarısından başlayaraq azərbaycanlılar Ermənistan və Dağlıq Qarabağda açıq şəkildə sıxışdırılır və çıxıb getməyə məcbur edilirdilər. Bu proses yerli erməni icra və milis (polis) orqanları, qeyri-formal silahlı dəstələr tərəfindən həyata keçirilirdi. Müqavimət göstərməyə cəhd edən dinc əhali döyülür və yaxud öldürülürdü. Daim ölüm təhlükəsi qarşısında qalan azərbaycanlılar tədricən öz yurdlarını tərk edərək Azərbaycana pənah gətirirdilər. Dörd min nəfərlik ilk böyük qaçqın dəstəsi Ermənistanın Quqark rayonundan 1988-ci ilin əvvəlində gəldi. Bu Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən “etnik təmizləmə” siyasətinin başlanğıcı idi. “Etnik təmizləmə” siyasəti ilə azərbaycanlılar 1918-1920-ci və daha sonrakı illərdə Azərbaycanın Ermənistana bağışaldığı tarixi ərazilərindən zorla çıxarılırdılar. Ermənilər “etnik təmizləmə” ilə yanaşı ilk siyasi addımlarını da atdılar. 1988-ci ilin yanvar-fevral aylarında Xankəndində və İrəvanda Dağlıq Qarabağın Azərbaycandan ayrılması tələbləri ilə toplantı və mitinqlər başladı. 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi Lenin meydanında ermənilərin ilk mitinqi keçirildi. Fevralın 20-də isə Dağlıq Qarabağ muxtariyyətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeçiliyinə keçməsi xahişi ilə Azərbaycan rəhbərliyinə rəsmi müraciət göndərdi. Bunun ardınca isə silahlı basqınlar və qarşıdurmalar təşkil edildi. Az sonra, fevralın 22-də erməni silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən Azərbaycan türklərini gülləboran etdilər, 2 nəfər gənc öldürüldü, 19 nəfər yaralandı. Bu qanlı hadisə Ermənistandan gələn emissarlar tərəfindən törədildi və ermənilər silahlı münaqişədə maraqlı olduqlarını nümayiş etdirdilər.

 Fevralın 28-də isə İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədildi. Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir. Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də “ölü zona” adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü. İstintaq materiallarında ixtişaşlara Azərbaycan türkü Əhməd Əhmədov və erməni Eduard Qriqoryanın rəhbərlik etdikləri bildirilirdi. Erməninin bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bəzi faktlara müraciət etməyə ehtiyac vardır. Zərəçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır”. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycan türkü Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. Bu hadisələr məşhur deyimi bir daha təsdiq etdi: “ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”. Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar.  Ermənilər qanlı terror aktlarını davam etdirirdilər. Martın 10-da İrəvandan cənubda Azərbaycan türklərinin yaşadıqları Mehmandar kəndinin 4 sakini qətlə yetirildi, martın 25-də Ararat rayonunun kəndlərində 100-dən artıq ev yandırıldı, əhalisi qovuldu. Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərinə hücumlar adi hal aldı.

Vəziyyətin gərginləşməsi Moskva rəhbərliyini bəzi addımlar atmağa məcbur etdi. Münaqişə zonasına əlavə hərbi qüvvələr yerləşdirildi. Fevralın sonunda Azərbaycan və Ermənistanda Moskvanın hərbi qüvvələrinin sayı 13 min nəfərə çatdırıldı. Təxminən həmin vaxtda Ermənistan ərazilərində ilk hərbləşdirilmiş dəstələr yaradıldı. Bu dəstələr İrəvanda fəaliyyət göstərən və beynəlxalq erməni terror təşkilatlarının dəstəyi ilə yaradılan “Qarabağ komitəsi”nə tabe idilər. Bu Komitənin rəhbərlərindən biri sonralar Ermənistanın prezidenti olmuş L.Ter-Petrosyan idi. 1988-ci ilin yayına qədər bu dəstələr konkret şəxsi heyəti olan mütəşəkkil birləşmələrə çevrildilər, ov və döyüş silahları ilə təmin edildilər. Eyni zamanda Ermənistanın kənd rayonlarında sərhədboyu yaşayış məntəqələrini qorumaq adı altında silahlı “özünümüdafiə dəstələri” yaradıldı. Bu dəstələrin hamısı vahid mərkəzdən–millətçi erməni hərəkatının liderləri tərəfindən idarə olunurdu. 1988-cı il iyulun 12-də Dağlıq Qarabağda “vilayət soveti” deyilən qurumun toplantısı keçirildi və Azərbaycanın tərkibindən çıxmaq haqda qərar qəbul olundu. Bu toplantıya orada yaşayan azərbaycanlıların nümayəndələri dəvət olunmadılar.

Ermənistanda və Dağlıq Qarabağda yaşayan Azərbaycan türkləri isə silahlı erməni dəstələri qarşısında tam müdafiəsiz qalmışdılar. Dağlıq Qarabağda Azərbaycan türkləri aramsız olaraq erməni silahlılarının hücumlarına məruz qalırdılar. Ermənistanda isə erməni silahlı dəstələrinin hücumları 1988-ci ilin noyabr-dekabr ayları ərzində 250 mindən artıq Azərbaycan türkünün öz yurdlarından zorla deportasiya edilməsi ilə nəticələndi. Bu zaman dinc əhaliyə qarşı dəhşətli vəhşiliklər törədildi, 216 nəfər, o cümlədən 57 qadın, 5 körpə və müxtəlif yaşlarında 18 uşaq öldürüldü. 1988-ci ilin noyabrında Ermənistanın şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırıldı. Ermənilər “etnik təmizləmə” siyasəti nəticəsində Azərbaycan türklərinin əsrlərlə yaşadıqları 172 yaşayış məntəqəsini, 8 min kv.km ərazini ələ keçirdilər. Bəzi yerlərdə qalmış dinc əhali də 1991-ci ilə qədər qovulub çıxarıldılar. Azərbaycan türklərinin yaşadıqları sonuncu kənd–Nüvədi 1991-ci il avqustun 8-də boşaldıldı. Insanlar daim onları hədələyən ölüm təhlükəsi qarşısında öz yurdlarını tərk etməli oldular. 1988-ci ilin dekabr ayında Ermənistanda baş vermiş zəlzələ zamanı da azərbaycanlı və ermənilərin əsil mənəvi dəyərləri nümayiş etdirildi. Zəlzələdən dərhal sonra, dekabrın 11-də Azərbaycandan xüsusi dəstə təyyarə ilə təbii fəlakət zonasına yola düşdü. Lakin köməyə gələn təyyarə Leninakan hava limanının dispetçer heyəti tərəfindən qəzaya uğradıldı. Bu qəza nəticəsində 73 nəfər azərbaycanlı həlak oldu, yalnız bir nəfər xilas ola bildi. Həmin şəxsi isə Ermənistanda heç bir xəstəxana qəbul etmədi, onu təcili olaraq Bakıya göndərməli oldular. Zəlzələdən zərərçəkənlərə kömək üçün gəlmiş fransalı xilasedicilər isə daha dəhşətli hadisənin şahidi oldular. Onların aşkar etdikləri qaynaqlanmış borunun içərisindən 71 azərbaycanlı uşağın meyidləri çıxarıldı. Məlum oldu ki, erməni quldurları hələ noyabrın 12-də uşaqları diri-diri həmin borunun içərisinə salaraq, hər iki tərəfini qaynaq etmişdilər. Bu hadisə uşaqlardan birinin anası Mədinə Şərifovanın gözləri qarşısında baş vermişdi. M.Qorbaçov başda olmaqla Moskva rəhbərliyi Ermənistanın “etnik təmizləmə” və ilhaqçı siyasətini dəstəkləyir, işğalçı tərəfin Azərbaycanın hesabına ərazilər əldə edərək möhkəmlənməsində maraqlı olduğunu gizlətmirdi. Hadisələrin bu ssenari əsasında davam etdirilməsində M.Qorbaçovun erməni əhatəsinin də kifayət qədər rolu var idi. Zəlzələdən sonra M.Qorbaçov Ermənistanda oldu, bir sıra görüşlər keçirdi və “Qarabağ komitəsi”nin fəaliyyəti ilə bağlı bəzi tənqidi fikirlər səsləndirdi. Lakin bu fikirlər yalnız söz olaraq qaldı. Düzdür, M.Qorbaçovun səfərindən dərhal sonra bu komitənin üzvlərini həbs edib Moskvaya apardılar, lakin cəmisi altı aydan sonra onları sərbəst buraxdılar və onlar geriyə qayıdaraq öz fəaliyyətlərini davam etdirdilər.

Ermənilər Azərbaycan türklərinin Ermənistandan deportasiya olunması ilə yanaşı Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən hər hansı ad altında çıxarılmasına çalışırdılar. Onlar tezliklə bu niyyətlərinə nail oldular. 1988-ci il iyunun 24-də Moskva özünün xüsusi təmsilçisini Dağlıq Qarabağa göndərdi, Arkadi Volski orada “Siyasi büronun nümayəndəsi” təyin edildi. 1989-cu il yanvarın 12-də M.Qorbaçovun qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tabeçiliyindən çıxarılaraq birbaşa Moskvaya tabe etdirildi və bu regionun birbaşa mərkəzdən idarə olunması üçün Xüsusi İdarə Komitəsi deyilən qurum yaradıldı, heç vaxt ermənipərəst mövqeyini gizlətməyən A.Volski isə həmin quruma rəhbər təyin olundu. Moskva bu addımı atmaqla sonrakı mərhələdə Dağlıq Qarabağın Ermənistana verilməsini sürətləndirmək məqsədi güdürdü. A.Volski Xankəndinə gələn gündən erməniləri, onların silahlı dəstələrini himayə edir və Azərbaycan türklərinin çıxarılıb qovulması üçün əlindən gələni edirdi. Moskva açıq-aşkar erməniləri dəstəkləməklə həm də Azərbaycan xalqının ciddi müqavimət göstərməyəcəyinə ümid edir, Azərbaycan tərəfini yalançı vədlər verməklə sakitləşdirməyə və arxayınlaşdırmağa çalışırdı. Lakin düşmənlər tezliklə yanıldıqlarını başa düşdülər.

Azərbaycanda erməni iddialarına qarşı hərəkat aşağılardan, xalqın özü tərəfindən başlandı. Bir sıra qeyri-formal qurumlar, ictimai-siyasi təşkliatlar meydana gəldi. Ayrı-ayrı ziyalı və vətənpərvər qruplar tərəfindən nümayişlər, yürüşlər və digər aksiyalar təşkil edildi. Bakıda ilk nümayiş 1988-ci il fevralın 19-da oldu, nümayiş iştirakçıları Elmlər Akademiyası binasının qarşısından Ali Sovetə qədər yürüş etdilər, “Qarabağ bizimdir!” şüarları səsləndirdilər. Bakıda və Dağlıq Qarabağa yaxın rayonlarda başlayan ilk çıxışlar, kütləvi aksiyalar yüksələn xətlə inkişaf edərək, həmin ilin noyabrında izdihamlı və fasiləsiz mitinqlərə çevrildi. 1988-ci il noyabrın 18-dən dekabrın 5-dək Bakının “Azadlıq” meydanında davam etmiş fasiləsiz mitinqdə yüz minlərlə insan iştirak edərək xalqın iradəsini ortaya qoydu. Mitinq dekabr ayının 4-dən 5-ə keçən gecə Sovet ordusu tərəfindən vəhşicəsinə dağıdıldı, yüzlərlə adam xəsarət aldı, minlərlə adam həbs edildi. Lakin Azərbaycan xalqının iradəsini sındırmaq artıq mümkün deyildi. Xalq Ermənistanın işğalçı və ilhaqçı siyasətinin qarşısının alınmasını tələb edir və özü də təşkil olunaraq mübarizə meydanına çıxırdı. 1989-cu il iyulun 16-da xalqın ən mütəşəkkil qurumu olaraq Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi, bir sıra tanınmış ziyalılar, gənc alimlər İdarə Heyətinə daxil oldular. AXC həm ictimai müqaviməti təşkil edir, həm də könüllülərdən ibarət dəstələr yaradaraq cəbhə bölgəsinə göndərirdi. Cəbhəboyu ərazilərdə özünümüdafiə dəstələri də əsasən AXC-nin yerli şöbələri tərəfindən yaradılırdı. AXC həmin dövrdə yaranan digər qeyri-formal təşkilatları da öz ətrafında cəmləşdirərək həmçinin geniş təbliğat və izahat işi aparır, Ermənistanın işğalçı və Moskvanın antiazərbaycan siyasətlərinin ifşa olunması üçün bütün vasitələrdən istifadə edirdi.

1990-cı il yanvarın əvvəllərində erməni tərəfi Dağlıq Qarabağın şimal hüdudlarına yaxın olan Goranboy rayonunun kəndlərini havadan gülləboran etdi. Bu məqsədlə onlar döyüş silahları ilə təmin edilmiş Mİ-8 mülki vertolyotlarından ilk dəfə istifadə etdilər. Ermənilərin bu hücumları vəziyyəti gərginləşdirdi. AXC tərəfindən yaradılmış Milli Müdafiə Şurası dinc əhalini müdafiə etmək üçün könüllü dəstələrin bir hissəsini Gəncə-Xanlar sahəsində cəmləşdirdi. Yanvarın 11-də Goranboy rayonu ərazisində bir neçə silahlı qarşıdurma baş verdi. Bu hadisələrdən sonra Moskva Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında fövqəladə vəziyyət rejimi elan etdi. Eyni zamanda Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan hissəsində də silahlı toqquşmalar baş verdi. Yanvarın 18-də Naxçıvan Muxtar Respublikasının Kərki kəndi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildi. Qarabağ və Naxçıvanda gedən döyüşlərlə paralel olaraq Azərbaycanda siyasi böhran kəskinləşirdi. Bakıda hakimiyyət, demək olar ki, iflic vəziyyətində idi. Bəzi cənub rayonlarında hakimiyyət AXC-nin yerli şöbələrinin nəzarəti altına keçmişdi. 1989-cu il dekabrın 29-da Cəlilabadda, 1990-cı il yanvarın 11-də Lənkəranda Sovet hakimiyyəti devrildi. 1989-cu ilin sonu–1990-cu ilin əvvəlində İranla 137 km-lik sərhəd zolağı açıldı, mühəndis-texniki qurğular sıradan çıxarıldı. Bakıda və digər iri şəhərlərdə kütləvi vətəndaş itaətsizliyi aksiyaları keçirilir, əsas dövlət orqanları və hərbi hissələrin fəaliyyəti dayandırılırdı. Azərbaycanda Sovet imperiyasına qarşı nifrət yüksək həddə çatmışdı. İşğalçı Ermənistanı dəstəkləyən Moskva hakimiyyətinə son qoyulması tələb edilirdi.

Moskva Azərbaycanda hakimiyyətini itirəcəyindən ehtiyat edərək güc tətbiq etmək, xalqa divan tutmaq qərarına gəldi. 1990-cı il yanvarın 16-19-da Moskva rəhbərliyi Bakı ətrafında 50 min nəfərdən artıq hərbi qüvvə cəmləşdirdi. Bu qüvvələr Zaqafqaziya, Moskva, Leninqrad hərbi dairələri, hərbi-dəniz donanması, Daxili İşlər Nazirliyi daxili qoşunları və digər hərbi birləşmələrin hesabına formalaşdırılmışdı. Yanvarın 19-dan 20-ə keçən gecə qoşunlar Bakı üzərinə yeridildi. Sovet qoşunlarının müdaxiləsinə etiraz edən dinc əhali bütün növ silahlardan amansız atəşə tutuldu. Hələ də tam dəqiqləşdirilməmiş məlumatlara görə, bu qanlı hücum nəticəsində 131 nəfər dinc əhali öldürüldü, 800-dən artıq adam yaralandı. Bakıdakı qanlı hadisələrlə eyni vaxtda Moskva 2 motoatıcı diviziyanı İranla sərhədə, 2 xüsusi təyinatlı diviziyanı isə Dağlıq Qarabağa yeritdi. Bakı, Qarabağ, Naxçıvan, qərb və cənub rayonlarında sərt fövqəladə vəziyyət rejimi tətbiq olundu. Bu qanlı hadisələr tarixə “Qara Yanvar” adı ilə düşdü. Ölməkdə olan Sovet imperiyası son cinayətlərini xüsusi qəddarlıqla törədirdi. Sovet qoşunlarının cəza tədbirləri nəticəsində Azərbaycanın işğalçı Ermənistana qarşı müqavimət imkanları xeyli məhdudlaşdırıldı. Azərbaycanın cəbhəboyu rayonlarında əhalidən ov tüfəngləri, hətta orta məktəblərdə təlim, hərbi hazırlıq silahları da yığıldı.

Ermənistan yaranmış vəziyyətdən tam yararlandı. 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti və Dağlıq Qarabağda yaradılmış qondarma “milli şura” birgə qətnamə qəbul etdilər. Qətnamədə göstərilirdi ki, onlar “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini elan edirlər və həmin andan başlayaraq Dağlıq Qarabağ əhalisi Ermənistan SSR vətəndaşlarının bütün hüquqlarına malik olurlar”. Ermənistan işğalçı və ilhaqçı niyyətlərini gizlətmir və geniş hazırlıq işlərini davam etdirirdi. Fövqəladə vəziyyət rejimi Ermənistana tətbiq olunmamışdı. Ona görə də erməni hərbi dəstələri bu vəziyyətdən istifadə edərək, DİN, Mühafizə, Yanğınsöndürmə, doluya qarşı artilleriya parkları, ali məktəblərin hərbi kafedraları və digər müəssisələrin hamısında olan silah və sursatı dərhal ələ keçirdilər. Onlar 1990-cı ilin yanvar-fevral ayları ərzində cəmi 6.179 atıcı silah, 19 ədəd zirehli texnika, 133 doluvuran və 17 raket qurğusu, 3 minomyot, 13 min mərmi və raket, 1.921 ton partlayıcı maddə, çoxlu sayda nəqliyyat və rabitə vasitələri zəbt etmişdilər. Erməni hərbi dəstələri yerli hakimiyyət orqanlarının birbaşa himayəsi ilə mart ayından etibarən Moskvaya tabe olan hərbi hissələrə də hücumlar edir, silah və sursatı götürürdülər. Onlar dəmir yolu stansiyalarının birində hətta 15 ədəd T-72 tankını ələ keçirmişdilər. Bu hərbi birləşmələr mart ayında Qazax, Tovuz, Gədəbəy, Naxçıvan və digər sərhədboyu bölgələrə dağıdıcı hücumlar etdilər. 1990-cı ilin ortalarında Ermənistanda 15 min nəfərin daxil olduğu silahlı qruplaşmalar fəaliyyət göstərirdi. Onlardan 10 min nəfərlik erməni milli ordusu (EMO) əsasən sərhəd bölgələrində və Dağlıq Qarabağda yerləşirdi. Həmçinin bəzi siyasi qurumların, o cümlədən Erməni Ümumilli Hərəkatının, Daşnaksütyunun hərbləşdirilmiş birləşmələri var idi. Muş, NART, Adana, Aydat, Tiqran Mes kimi nisbətən kiçik  qruplaşmalar 50-dən 700-dək döyüşçünü birləşdirirdi. Bu hərbi qüvvələr 30-a qədər zirehli texnikaya, 150-yə qədər doluvuran qurğu, onlarla minomyot, 20-dən artıq Mi-4 və Mi-8 vertolyotuna malik idilər. Silahlı qüvvələr əsasən müxalifətin nəzarəti altında idi, lakin hakimiyyət tərəfindən onların formalaşdırılmasına maneçilik törədilmirdi. 1990-cı ilin yayında müxalifət hakimiyyəti ələ keçirdikdən sonra həmin silahlı qruplaşmalara qanuni status verildi, yəni Ermənistanın rəsmi silahlı qüvvələri kimi fəaliyyətlərini davam etdirdilər.

L.Ter-Petrosyanın rəhbərlik etdiyi yeni hakimiyyət Azərbaycana qarşı işğalçı və ilhaqçı niyyətlərini artıq gizlətmirdi. 1990-cı ildə Erməni milli ordusu Azərbaycanla sərhədin şimal-qərb hissəsində hərbi əməliyyatları genişləndirdi. Həmin il martın 24-də və avqustun 20-də erməni silahlıları 2 dəfə Qazax rayonunun Bağanis Ayrım kəndinə girdilər və evlərin əksəriyyətini yandırdılar. Kənd sakini Dadaş Əsliyevin 5 nəfərlik ailə üzvləri öz evlərində dir-diri yandırıldılar. Bununla Qazax rayonunun ilk kəndi işğal olundu. Ermənilər eyni zamanda Qazax və Tovuz rayonlarının sərhədboyu digər yaşayış məntəqələrini güclü top atəşinə tutdular. Ermənilərin bu cür genişmiqyaslı əməliyyatı Moskvanın regionda olan hərbi qüvvələrinin rəhbərliyini də ciddi narahat etdi. Ona görə də dərhal bəzi əksəməliyyatlar həyata keçirildi və erməni silahli birləşmələri ağır itkilərə məruz qaldılar. Bu məğlubiyyətən sonra Erməni milli ordusunda yaranmış ruh düşgünlüyündən prezident L.Ter-Petrosyan istifadə etdi. Bu ordu bir çox məqamlarda müstəqillik nümayiş etdirir, hətta prezidentin hakimiyyəti üçün təhlükə təşkil edirdi. L.Ter-Petrosyan EMO-nun məğlubiyyətini bəhanə gətirərək, İrəvanda fövqəladə vəziyyət elan etdi, hərbi birləşmələri buraxdı, rəhbərlərini neytrallaşdırdı,sıravi heyəti isə özünün rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatının silahlı qüvvələrinin tərkibinə daxil etdi. Ermənistan formal olaraq Sovet imperiyasının tərkibində qalır, lakin artıq tam müstəqil siyasət yeridir və müstəqil silahlı qüvvələrini formalaşdırırdı.

Bu dövrdə erməni tərəfi Dağlıq Qarabağda geniş hərbi əməliyyatlar keçirmir, daha çox silahlı dəstələrin tərkibinin komplektləşdirilməsinə diqqət yetirirdi. Onlar Azərbaycanın Dağlıq Qarabağdan kənar ərazilərində, həmçinin Şimali Qafqazın yaxın regionlarında terror aktlarının törədilməsinə üstünlük verirdilər. 1990-1991-ci illərdə erməni terrorçuları Azərbaycanın daxili avtomobil yollarında, Rostov-Bakı dəmir yolunda, Krasnovodsk-Bakı bərə marşurutunda dəfələrlə qanlı terror aktları törətdilər. Bütün bu hadisələrdən sonra Azərbaycan rəhbərliyi yalniz 1990-cı ilin sonlarında müəyyən addımlar atmağa başladı. Həmin ilin payızında DİN nəzdində Xüsusi Təyinatlı Milis Dəstəsi (XTMD) yaradıldı. Bacarıqlı və cəsarətli komandir Rövşən Cavadovun rəhbərlik etdiyi bu dəstəyə ilk dövrdə 3 min nəfərə qədər döyüşçü daxil idi. XTMD dərhal döyüşlərə başlayaraq, 1990-cı il noyabrın 17-də Dağlıq Qarabağın bir sıra mühüm məntəqələrini, o cümlədən Xocalı aeroportunu erməni silahlılarından təmizlədi. Qarabağ müharibəsinin sonrakı illərində də XTMD və onun komandirinin xüsusi xidmətləri olmuşdur.

1991-ci ilin yanvarında ermənilər Dağlıq Qarabağda yenidən fəallaşdılar. Bu fəallıq Qarabağın şimal hissəsində daha çox müşahidə olunurdu. Şaumyan-Gülüstan-Aterk möhkəmləndirilmiş rayonunda düşmən 5 min nəfərə qədər canlı qüvvə cəmləşdirmişdi. Buradakı hərbi birləşmələrin canlı qüvvə və texnika ilə təminatı Ermənistan ərazilərindən hava ilə həyata keçirilirdi. Digər baza rayonu Qarabağın cənubunda Hadrutdan qərbə doğru ərazilərdə yaradılmışdı.

1991-ci ilin əvvəlində Ermənistan rəhbərliyi Moskva ilə razılaşdırılmamış bir neçə siyasi qərar qəbul etdi. 1991-ci il martın 17-də SSRİ-nin yeni ittifaq müqaviləsi əsasında saxlanılmasına dair referendumun keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan rəhbərliyi referendumun keçirilməsinə razılıq verdi, Ermənistan isə 5 digər müttəfiq respublika ilə birlikdə boykot yolunu tutdu. Ona görə də Kreml Ermənistan rəhbərliyini cəzalandırmaq və yenidən öz təsir dairəsinə qaytarmaq üçün bəzi yarımçıq addımlar atmaq qərarına gəldi. Sovet imperiyasının Müdafiə və Daxili İşlər nazirliklərinin, həmçinin Azərbaycan XTMD-nin 6 minlik qüvvəsi ermənilərin baza rayonlarına qarşı yeridildi. Bu qüvvələrin 3 min nəfəri Azərbaycan XTMD-nə məxsus idi və əsas ağırlıq da onların üzərinə düşürdü. Aprelin 30-dan mayın 15-nə qədər davam edən əməliyyat nəticəsində Çaykənd (Getaşen), Qarabulaq (Martunaşen), Hadrut istiqamətlərində ermənilərin bir sıra baza məntəqələri ləğv edildi, canlı qüvvələri, o cümlədən Ermənistan Daxili İşlər Nazirliyinin 11 əməkdaşı məhv edildi. Lakin Moskva əməliyyatı çox tez dayandırdı və baza rayonlarının ləğv edilməsi başa çatdırılmadı. İyul ayında Azərbaycan XTM Dəstəsi müstəqil şəkildə Goranboy rayonunun içərilərinə doğru irəlilədi. Ağır döyüşlərdən sonra Manaşid, Buzluq, Erkəc baza məntəqələri düşmənlərdən azad edildi. 1991-ci ilin yaz-yay əməliyyatından sonra ermənilər ciddi şəkildə geri çəkildilər. İyulun 19-da vilayət soveti “qarşıdurmadan dialoq və danışıqlar siyasətinə keçmək” haqda qərar qəbul etdi. Ermənilər bu vaxt qoşunların Dağlıq Qarabağdan çıxarılması müqabilində Azərbaycanın tərkibindən çıxmağa dair qərarlarını ləğv edəcəklərini bildirdilər. Partiya funksioneri Valeri Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti bu təkliflə Xankəndindən Bakıya gəldi. İyulun 20-də Bakıda V.Qriqoryanın qrupu ilə görüş keçirildi. Onların gətirdikləri müraciətdə göstərilirdi ki, SSRİ və Azərbaycan SSR konstitusiyaları əsasında danışıqlar aparmağa hazırdırlar. Bu, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması demək idi. Nümayəndə heyəti Xankəndinə qayıtdıqdan az sonra, avqustun 10-da V.Qriqoryan öldürüldü. Bu hadisələrlə eyni vaxtda, iyulun 20-də L.Ter-Petrosyan Novo-Oqaryovada M.Qorbaçovla görüşmüş və yeni ittifaq müqaviləsi ilə bağlı güzəştə getməyə razılaşmışdı.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin