Adsorbsiya üsulu. Bu üsul, tərkibində 50 q/m3 ağır karbohidrogenlər olan kasıb qaz qarışığından qaz benzinlərinin ayrılması üçün tətbiq edilir. Bu üsul səthində məsamələri olan və bərk adsorbent adlanan maddələrin adsorbsiyaetmə qabiliyyətinə əsaslanır.
Adsorbsiya olunan karbohidrogenlərin miqdarı, adsorbent və adsorbsiya olunan maddələrin xassəsindən, qazların tərkibindən, prosesin təzyiq və temperaturundan asılıdır. Məsələn, silikagellər ilk növbədə aromatik və doymamış, sonra naften, axırda isə parafin karbohidrogenlərini adsorbsiya edir. Hər hansı bir sinif karbohidrogenlərin molekul kütləsi artdıqca adsorbsiya olunan maddələrin miqdarı da çoxalır.
Temperaturun yüksək və təzyiqin alçaq olması adsorbsiya prosesinə mənfi təsir göstərir. Ona görə də adsorbsiya prosesi mühitin temperaturunda, 0,2-0,5 MPa təzyiq altında aparılır.
Adsorbentin regenerasiyası isə yüksək temperatur və atmosfer təzyiqində aparılır. Desorbsiyaedici agent kimi ya qazlardan, ya da su buxarından istifadə edilir.
Müasir adsorbsiya qurğularının texnoloji sxemi son illərə qədər işlədilən qurğuların texnoloji sxemindən fərqlənir. Bu, adsorberin formaca dəyişməsi və ölçülərinin kiçik götürülməsi, adsorbsiya tsiklinin 2-4 saatdan 24-45 dəqiqəyə qədər azaldılması, adsorbentin su buxarı ilə deyil, qızmış qazlarla regenerasiya edilməsi və daha müasir dənəvər adsorbentlərdən istifadə edilməsidir. Bu fərqlərin nəticəsində adsorbent 1-2 il işlədikdən sonra tamamilə dəyişilir, istismar xərcləri azalır. Beləliklə də, qaz benzininin maya dəyəri aşağı düşür, su buxarının qızmış qazlarla əvəz edilməsi yanacaq sərfini 8 dəfə azaldır.
Adsorbsiya prosesi fasiləsiz və ya dövrü aparılır. Texnoloji sxemi sadə olan dövrü prosesdən daha geniş istifadə edilir.
Dövrü adsorbsiya proseslərində qaz benzini almaq üçün proses dörd mərhələdə aparılır:
1) aktivləşdirilmiş kömür üzərində karbohidrogenlərin adsorbsiyası;
2) su buxarının köməyilə adsorbsiya olunmuş karbohidrogenlərin desorbsiyası;
3) adsorbentin qızmış qazlarla qurudulması;
4) adsorbentin soyuq qazlarla soyudulması.
Dörd adsorberli adsorbsiya qurğusunun prinsipial texnoloji sxemini nəzərdən keçirək (şəkil 2.6).
İlk qaz qarışığı (1) adsorberinə verilir. Qazdakı ağır karbohidrogenlər adsorbent üzərində adsorbsiya olunur. Adsorberin yuxarısından xaric olan quru qazlar qızıdırıcıda (5) 110-130°C-yə qədər qızdıqdan sonra (3) adsorberindəki adsorbenti qurudur. Qurudulmaya qədər burada desorbsiya prosesi gedir. (3) adsorberinin yuxarısından xaric olan soyuq qazlar soyuducuda (6) daha da soyudularaq (2) adsorberinə verilir. Soyudulma prosesi başlanana qədər (2) adsorberində qurudulma prosesi gedir. (4) adsorberində isə desorbsiya prosesi gedir. Bunun üçün işlədilən su buxarının temperaturu 200-250°C, təzyiqi isə 0,5-0,6 MPa olur. Bu qayda ilə adsorberlərdə ardıcıl olaraq adsorbsiya, desorbsiya, qurudulma və soyudulma əməliyyatları aparılır.
Şəkil 2.6. Adsorbsiya qurğusunun texnoloji sxemi: 1, 2, 3 və 4 - adsorberlər; 5 - qızdırıcı; 6 və 7 - soyuducular; 8 və 10 - separatorlar; 9 - kondensator-soyuducu
Desorbsiya prosesi nəticəsində alınan ağır karbohidrogenlər və su buxarı kondensator-soyuducunu (9) keçərək kondensləşib soyuduqdan sonra separatora (10) daxil olur. Separatorda sudan təmizlənmiş qeyri-sabit qaz benzini tutuma göndərilir. Separatorun yuxarısından çıxan qazlar isə yenidən sıxılaraq maye halına salınır. Bu üsul ilə ilk qaz qarışığında olan propanın 50%-dən çoxu, butanın 70-89%, pentan isə 100%-i çıxarılır. Adsorbsiya prosesi apardıqda bir neçə adsorberdən istifadə edilir və məhsuldarlıq az olduğu üçün bu üsul sənayedə az tətbiq olunur.
Ümumiyyətlə, ilk qaz qarışığında ağır karbohidrogenlərin miqdarı az olduqda bu üsuldan istifadə edilir. Üsulun əsas müsbət tərəfi prosesin alçaq təzyiqdə aparılmasıdır. Qısatsiklli adsorbsiya prosesi ilə qaz qarışığından ağır karbohidrogenlərin çıxarılması da sənayedə geniş tətbiq olunur.
Dostları ilə paylaş: |