Neftdən ayrılan karbohidrogen qazlarının benzinsizləşdirilməsi. Neftdən ayrılan qazların benzinsizləşdirilməsi və maye qazların alınması iki ardıcıl əməliyyatla yerinə yetirilir. Bu proseslər zamanı qeyri-sabit qaz benzini alınıb sabitləşdirilir, maye qazlar və ya fərdi karbohidrogenlər emal edilir.
Hazırda qeyri-sabit benzinlər dörd üsul ilə sabitləşdirilir: kompressiya, absorbsiya, adsorbsiya və alçaq temperaturda kondensasiya və ya rektifikasiya.
Kompressiya üsulu. Bu üsul ilə qaz kompressorda sıxılaraq soyudulur. Bu zaman qazın tərkibindən ayrılan komponentlərin parsial təzyiqi həmin komponentlərin doymuş buxarlarının təzyiqinə bərabər olduqda onlar qaz halından maye halına keçir ki, buna da qeyri-sabit qaz benzini deyilir. Bir qayda olaraq, təzyiqi artırıb temperaturu aşağı saldıqda maye fazanın miqdarı artır. Bu zaman kondensləşən karbohidrogenlər daha yüngül karbohidrogenlərin mayeləşməsini asanlaşdırır. Qazların ayrılması üçün ən münasib təzyiq bir neçə amildən, məsələn, ilk qazın tərkibindən, məqsədli komponentlərin ayrılma dərəcəsindən, sıxılma və soyudulmaya lazım olan enerji xərclərindən və s. asılıdır. Neft qazlarının çoxu üçün ayrılma dərəcəsindən asılı olaraq münasib təzyiq 2-4 MPa götürülür. Bu təzyiq iki və ya üçpilləli kompressorlarla yaradılır.
Qaz sıxıldıqda qızdığı üçün onu soyudaraq ikinci pilləyə vermək lazım gəlir. Pillələrarası və kompressor silindrinin soyudulması onun iş rejiminə müsbət təsir göstərir. Qaz benzini almaq üçün üçpilləli kompressiya qurğusunun prinsipial iş sxemini nəzərdən keçirək (şəkil 2.4).
Şəkil 2.4. Kompressiya qurğusunun sxemi:
1 - toztutan; 2 - tor; 3, 4, 5 - kompressorun pillələri; 6 - soyuducular; 7 - separator
İlk qaz qarışığı toztutandan və qoruyucu topdan keçərək kompressorun birinci pilləsində sıxılır, sonra soyuducuda soyuyaraq qaz separatorunda mayeləşən hissə ayrılır. Bundan sonra qaz kompressorun ikinci pilləsində yenə də sıxılıb soyuducuya daxil olur. Burada soyudulmuş qaz separatorda yenə də mayeləşən qaz benzinindən ayrılaraq kompressorun üçüncü pilləsinə daxil olur. Üçüncü pillədə lazımi təzyiqə qədər sıxılan qaz soyudularaq (soyuducuda) separatora vurulur. Bu separatorun yuxarısından çıxan qazlar qaz emalı zavodlarına göndərilir. Beləliklə, qaz üç dəfə sıxılaraq soyudulub kondensatdan ayrılır. Separatorlarda alınan qeyri-sabit qaz benzini sabitləşdirici qurğulara göndərilir.
Qazları sıxmaq üçün porşenli və turbinli kompressorlar işlədilir. Daha yüksək təzyiq yaratmaq lazım gəldikdə porşenli kompressorlardan istifadə edilir. 4,5 MPa-ya təzyiq və yüksək məhsuldarlıq tələb ediləndə turbinli kompressorlar daha səmərəlidir. Qazlar bu üsul ilə ayrıldıqda separatorlarda qazdan kondensata, kondensatdan isə qaza qarışır. Bu üsulun əsas qüsurlu cəhəti budur.
Qaz benzinlərinin tərkibində 150 q/m3-dən çox ağır karbohidrogenlər olduqda kompressor üsulu tətbiq edilir. Ağır karbohidrogenlər göstərilən həddən az olduqda həmin üsul iqtisadi cəhətdən sərfəli deyildir. Qazlarda olan propan fraksiyasını bu üsulla tamamilə ayırmaq olur. Bu zaman kompressor üsulu aşağıda qeyd olunan digər üsullarla kombinə edilir.
Dostları ilə paylaş: |