Yeni iqtisadi siyasət və onun nəticələri
Yeni iqtisadi siyasət — 1920-ci illərdə Sovet Rusiya və SSRİ-nin iqtisadi siyasəti.
Vətəndaş müharibəsi illərində yürüdülən və Rusiyanı iqtisadi tənəzzülə uğratmış "hərbi kommunizm" siyasətini dəyişdirən YİS 14 mart 1921-ci ildə RK(b)P-nin 10-cu Qurultayı tərəfindən qəbul edilmişdir. Yeni iqtisadi siyasət milli iqtisadiyyatın bərpası ilə, xüsusi sahibkarlığın tətbiqinə və bazar münasibətlərinin canlandırılmasına yönəlmişdi. YİS-in əsas məzmunu kənddəki əlavə profisitin vergi ilə əvəz olunması, (taxılın 70% -ə qədəri artıq profisitlə, təxminən 30% -i artıq vergi ilə tutulmuşdur), bazarın istifadəsi və müxtəlif mülkiyyət formaları, güzəştlər şəklində xarici kapitalın cəlb edilməsi və pul islahatlarının aparılması (1922–1924) idi. Nəticədə rubl tədavül olunan valyutaya çevrildi.
Öz hakimiyyətlərini tədricən bütün Azərbaycana yayan bolşeviklər hərbi-siyasi uğurlarını sosialist yönümlü islahatlarla möhkəmləndirməyə çalışırdılar. 1920-ci ildən etibarən sovet Rusiyasinda həyata keçirilən tədbirlərin, kommunizm ideologiyasının tələblərinə uyğun islahatların sovet Azərbaycanında da tətbiq olunmasına başlanılır.
Rusiyada Vətəndaş müharibəsi dövründə həyata keçirilən və bolşeviklərin qələbəsində əhəmiyyətli rol oynamış “hərbi kommunizm” iqtisadi siyasəti Azərbaycanda da tətbiq olunmağa başladı. “Hərbi kommunizm” siyasətinə aid tədbirlərdən bəziləri daha məhdud formada və qısa müddət ərzində həyata keçirilirdi. 1920-ci il avqustun 26-da Azərbaycan İnqilab Komitəsi taxıl ticarətinin dövlət inhisarına alınması haqqında dekret qəbul etdi. Sentyabrın sonlarında isə ərzaq sapalağı və ümumi əmək mükəlləfiyyətlərinin tətbiq edilməsi ilə Hərbi kommunizm siyasəti rəsmən tətbiq olunmağa başladı. Əhalinin istehsal etdiyi və öz tələbatından artıq olan ərzaq məhsulları “şəhərlərdə aclıq çəkən fəhlələrə çatdırılması” adı ilə zorla müsadirə edilir, əvəzində kəndlilərə qəpik-quruş ödənilirdi. Bu tədbirlər fəhlələrdən ibarət xüsusi dəstələr tərəfindən həyata keçirilirdi. Əslində isə əhalinin əziyyətlə becərdiyi məhsul Azərbaycanda olan Qırmızı Ordunun ehtiyaclarına sərf olunur, həmçinin ərzaqla bağlı çətinlik çəkən Rusiya qəzalarına göndərilirdi. Əsas sənaye mərkəzi olan Bakını və bir neçə şəhəri çıxmaq şərtilə Azərbaycan iqtisadi baxımdan aqrar ölkə idi. Əhalinin təqribən 3/4-dən çoxunu kəndlilər təşkil edirdi. “Hərbi kommunizm” siyasəti Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərdi. Əhalinin güzəranı pisləşdi. Kəndlilərin öz əməyinin nəticəsinə olan marağının itməsi isə daha təhlükəli idi. Bu bütün ölkəni ərzaq böhranı ilə üz-üzə qoya bilərdi. Tezliklə qəzaların bir çoxunda taxıl ehtiyatının tükənməsi nəzərə alınaraq, bir neçə qəzadan başqa, Azərbaycanın bütün ərazisində hər cür taxıl tədarükü dayandırıldı. Genişlənən kəndli çıxışları və qaçaq hərəkatı da Azərbaycanda bolşevik hökumətini sərt ərzaq siyasətindən əl çəkməyə məcbur etdi.
Dostları ilə paylaş: |