1. Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik. Bu cür çətinlik, adətən,pedaqoji situasiyanın obyektiv çətinliyi nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin uyğun vasitələrinin olmaması ilə şərtlənir.
2. Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik. Bu cür çətinliklər müəllim şəxsiyyətinin fərdi xüsusiyyəti, motivləşməsi,
özünüqiymətləndirməsi, əhvalları ilə şərtlənir. Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir göstərir.
3. Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinliklər. Daxili səbəblərlə şərtlənən çətinliklər müəllimin pedaqoji situqsiyasını qavramaq və təsəvvür etməsini təhrif edir, nəticədə müəllimdə yalançı problem yaranır, o, öz qarşısına uyğun olmayan məqsəd qoyur və şəraitə uyğun olmayan məsələni həll edir.
Psixoloji çətinliyin tipindən asılı olaraq aşağıdakı təsir formaları:
1) Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə öyrədici formadan təlim və ya özünütəlimdən istifadə olnuması;
2) Daxili səsəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə psixoterapevtik formadan istifadə etmək, gərginliyin götürülməsi üçün lazımı şəraitin yaradılması;
3) Daxili səbəblərdən törənmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinlik baş verdikdə psixotexniki formadan istifadə etmək, əməyin səmərəliliyini yüksəltmək məqsədilə müəllimlərin mövqelərini dəqiqləşdirmək üçün yaranmış problemlə əlaqədar məktəb müəllimlərinin birgə işi.
Pedaqoji ünsiyyət zamanı müəllimin pedaqoji mərifəti onun şəxsiyyətinin ən dəyərli və pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyəti hesab olunur. Pedaqoji mərifət müəllimin özünə qarşı gənclərin rəhbəri,tərbiyəçi kimi sosial gözləmələri adekvat qavrama əsasında qurulan davranışdır.
Pedaqoji mərifət müəllimin davranışında həlledici yer tutur. Pedaqoji mərifətin mühüm cəhətlərindən müəllimin şagirdlərə, uşaq kollektivinə düşünülmüş və diqqətli münasibəti çıxarılan qərarlarda ehtiyyatlılıq,şagirdlərin mənliyinə toxunmamamq və s. qeyd etmək olar.Pedaqoji mərifət öz-özünə biruxə vermir. O, müəllimin gündəlik fəaliyyətində, işində özünü göstərir. Şagirdin fəaliyyətini pedaqoji cəhətdən düzgün qiymətləndirmək, həmin fəaliyyət prosesinə əsaslı təsir göstərir.Bunun üçün isə o, şagirdlərin bilik, bacarıq və vərdişlərinin həqiqi səviyyəsini, onların davranış tərzini, işə münasibətinin xüsusiyyətlərini
dəqiq müəyyənləşdirməlidir.Pedaqoji mərifətə malik olan müəllim serətlə dəyişən pedaqoji şəraitə uyğunlaşmağı, mövcud şəraiti qiymətləndirməyi, düzgün qərar qəbul etməyi bacarır. Pedaqoji mərifətə yiyələnən müəllim şagirdlə harada, necə
danışmağın tərzini də bilir, bunu düzgün seçməyi bacarır. Müəllimin pedaqoji mərifəti onun ümumi əxlaqi keyfiyyətlərindən şagirdlə ünsiyyət zamanı pedaqoji etika qanunlarının nəzərə alınmasından çox asılıdır.
Pedaqoji ünsiyyətin pozulması və pedaqoji mərifətin gözlənilməməsi nəticəsində müəllimlə şagirdlər arasında qarşılıqlı təsir prosesində məna maneələri yarana bilir. Bu cür maneələr şəxsiyyətlərarası münaqişələrin mənbələrindən birini təşkil edir. Təcrübə göstərir ki, müəllimə qarşı məna maneəsi yaranan şagirdlər həmin müəllimin heç bir tələbinə əməl etmək istəmir. Adətən uşaqların daha çox küsəyən və tez özündən çıxan dövrü olan yeniyetməlik dövründə məna maneəsi daha tez yaranır, daha parlaq təzahür edir və çətinliklə aradan qaldırlır.
Ona görə də müəllin öz şəxsiyyətini elə təşkil etməlidir ki, məna maneəsinin yaranması ilə nəticələnməsin.
Pedaqoji ünsiyyət təlim-tərbiyə prosesinin təsirli vasitələrindən biri olub şagird şəxsiyyətinin formalaşmasında mühüm yer tutur. Müəllim-şagird cütlüyündə ünsiyyətin istənilən növü situasiyadan asılı olmayaraq tərbiyəvi xarakter daşıyır. Müəllim-şagird ünsiyyəti o zaman daha yüksək nəticələrə səbəb olur ki, bu ünsiyyətin əsasında hörmət, humanist münasibət dayanmış olsun. Psixoloq, professor Ə.Əlizadə yazır: “Şagirdlər müəllimin erudisiyasını yüksək qiymətləndirirlər. Bilikli müəllim sayırlar. Ancaq onlar səmimi, xeyirxah, qəlbini uşaqlara verən və onlarla söhbət etməyi bacaran, hətta sinifdənkənar vaxtlarda da onlarla həvəslə məşğul olan müəllimi sevirlər”. Müəllim-şagird ünsiyyəti müəllimin bu və ya digər bir sıra bacarıq və keyfiyyətlərə nə dərəcədə malik olmasından çox asılıdır. Müəllimin özünün pedaqoji fəaliyyətində müxtəlif xarakterli, müxtəlif temperamentli şagirdlərlə qarşılaşdığından onların hər birinə fərdi yanaşma bacarığına yiyələnməlidir. Şagirdlərinin heç birinin kənarda qalmaması üçün onların hər biri ilə “dil tapmağı” bacarmalıdır. Şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini öyrənməli, onlarla ünsiyyətə girə bilmək üçün “açar” tapmalıdır. Bu isə olduqca çətin və mürəkkəb iş olub, müəllimdən səbr, təmkin, yaradıcı axtarış və diaqnostik bilik tələb edir. Müəllim pedaqoji ünsiyyətin qayda-qanunlarını bilməli, kommunikativ bacarıqlara və kommunikativ mədəniyyətə malik olmalıdır. Müəllim təkcə müxtəlif temperamentli şagirdlərlə işləmir, həmçinin bir-birinə bənzəməyən valideynlərlə də qarşılıqlı münasibətdə olur. Buna görə də müəllim validyenlərlə pedaqoji ünsiyyətə girə bilmə bacarıqlarına da malik olmalıdır. Pedaqoji ünsiyyətin yüksək keyfiyyətlərinə yiyələnən müəllim məktəblilərlə xoş, mehriban ünsiyyət yaratmağı, ünsiyyətə girməyi, onların təlim-tərbiyə fəaliyyətinə rəhbərlik etməyi bacarır və onun yüksək səviyyədə təşkil edilməsinə nail olur. Pedaqoji ünsiyyət sosial-psixoloji proses kimi aşağıdakı bir sıra funksiyalarla xarakterizə edilir: şəxsiyyəti dərk etmək, informasiya mübadiləsi, fəaliyyətin təşkili, rolların dəyişdirilməsi, başqalarının dərdinə şərik olmaq, özünütəsdiq. Müəllimin öz ünsiyyətini bu sistem üzrə qura bilməsi müəllim-şagird ünsiyyətinin formalaşmasında mühüm təsir gücünə malik ünsiyyət mədəniyyətinin yaranmasına səbəb olur. Müəllimin əvvəlcədən şagirdlərlə qarşılıqlı ünsiyyət yarada bilməsinin proqnozlaşdırılması bir tərəfdən onun öz ünsiyyətini necə qura bilməsi, digər tərəfdən isə ünsiyyət mədəniyyətində olan çatışmazlıqların ləğv edilməsi üzərində düşünməsinə səbəb olur. Özünü səmimi ünsiyyətə hazır hesab edən müəllim şagirdlərlə ilk görüşündən onlarla mehriban, qayğıkeş, nəvazişli rəftar etməklə qarşılıqlı səmimi ünsiyyətə nail olur. Bir növ “kommunikativ hücuma” keçmiş olur, bu da müəllim-şagird münasibətlərinin ilk vaxtlardan səmimiyyət və nəzakət üzərində qurulmasına səbəb olur. Müəllim-şagird ünsiyyətinin formalaşmasında nəzərə alınması vacib olan məsələlərdən biri də şəxsiyyətlərarası anlamadır. Anlama onlamadan bu ünsiyyətin yüksək nəticəsindən danışmaq olmaz. Anlama persepsiya, empatiya, identifikasiya ilə sıx bağlı şəkildə baş verir. Persepsiya-üz ifadəsindən, nitqdən, fəaliyyətdən adamın daxilini duymaq, empatiya-duymaq, kədəri yaşama bacarığı, uşağın dərdinə şərik ola bilmək qabiliyyəti, identifikasiya- başqasının daxili aləmini tam mənada öz daxili dünyasına gətirmə bacarığı deməkdir. Pedaqoji ünsiyyət-sosial, psixoloji və qarşılıqlı təsir prosesidir. Bu münasibətlərin səmimiliyi, dərinliyi, emosional tərzi, valideyn-övlad münasibətləri səviyyəsində təşkili təlim-tərbiyə işinin müvəfəqiyyətlə nəticələnməsində mühüm əhəmiyyətə malikdir.
İstifadə olunan ədəbiyyat: 1. Əlizadə H.Ə., Mahmudova R.M. Sosial pedaqogika. Dərslik, Bakı, 2013 2. İlyasov M. Müəllimin pedaqoji ustalığı. Bakı, 2013 3. Quliyev S., İsmixanov M. Müəllimlik ixtisasına giriş. Bakı, 2015 4. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı, 2010
Dostları ilə paylaş: |