Kafedra : Ekologiya və ətraf mühit
Kurs: 1
Qrup: 232EKO
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: İsmailova Tamam
Tələbə: Aidə Qədimova
Mövzu: 20 Yanvar - Ümumxalq Hüzn Günü
Bakı-2022 Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı. Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı.
Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİnin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbiçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulub gedir, bəziləri isə qan yaddaşına həmişəlik yazılır. 1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Düz 30 il əvvəl doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir. 1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Separatçı-terrorçu ermənilər getdikcə azğınlaşırdılar. Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla himayədarlıq edirdi. Azərbaycan xalqı artıq dərk edirdi ki, SSRİ dövləti ona heç bir köməklik göstərməyəcək. Nicat yolu yalnız müstəqillik əldə etməkdədir. İmperiya isə azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı. Azərbaycanda xalqdan uzaq rəhbərlər Moskvanın göstərişi ilə hərəkət etdiklərindən xalqın etimadını tamamilə itirmişdilər. Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi qaniçən Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün SSRİ ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. Odur ki, Bakı ətrafına ən müasir silahlar və texnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00:00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi.
15 yanvar 1990-cı ildə Mərkəzi Komitənin birinci katibi Ə.Vəzirov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvlərinin xəbəri olmadan Azərbaycana əlavə qoşun hissələri göndərilməsi haqqında saxta qərarı Moskvaya göndərmiş, elə həmin gün SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. Yanvarın 16-da Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.M.Primakov, Sov.İKP MK katibi A.N.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.X.Doqujiyev Bakıya gəlmişlər. Həmin gündən etibarən faktiki olaraq Ə.Vəzirov vəzifəsindən kənarlaşdırılmışdı. Respublikanı Moskvadan gələn emissarlar idarə edirdilər. Yanvarın 18-də Ə.Vəzirov gizlicə Moskvaya qaçmışdı. Yanvarın 17-də Azərbaycan KP MK-nın binasının qarşısında izdihamlı mitinq başlanmış və ümumi tətil elan olunmuşdu. Tələb edilmişdi ki, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağa və Ermənistan tərəfdən hücuma məruz qalan sərhəd bölgələrinə göndərilsin. SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 20-də saat 00-dan etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul etmişdir. Müəyyən edilmişdir ki, bu fərmanı imzalamaqla, SSRİ-nin rəhbəri M.Qorbaçov beynəlxalq hüquq normalarını, İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71- ci maddələrini kobud şəkildə pozmuşdur. Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan qışlasının giriş-çıxış yolları kəsilmişdi. Xalq Cəbhəsinin liberal qanadının təmsilçiləri əhaliyə dağılmağı, radikal qanadının təmsilçiləri isə müqavimət göstərməyi məsləhət görürdü. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiridilər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
“Bakı əməliyyatı”na SSRİ Müdafiə Naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, başqa yerlərdən gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda insanları avtomat silahdan güclü atəşə tuturdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız insanların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbiçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Onlar xəstəxanaları dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.
Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 130-dan çox insan amansızcasına öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 4 nəfər itkin düşmüşdür. Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəymişdir. Lakin bütün bunlara baxmayaraq imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Bu böyük faciə Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı. 20 Yanvar faciəsinə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmişdir.
Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir. Bu qanlı hadisəyə siyasi-hüquqi qiymət də məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra verilmişdir. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanda deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir.
Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda həmçinin, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasihüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edilirdi. Beləliklə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994- cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Həmçinin, Ulu öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmiş, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirilmişdir. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən layihələndirilmiş və tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Maddi dəstəklə yanaşı, mənəvi dəstəyin də əhəmiyyətini yüksək dəyərləndirən cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı 20 Yanvar dairəsində “20 Yanvar şəhidlərinin əziz xatirəsinə -abidə-kompleksi” inşa edilmişdir. 2009-cu ilin oktyabrında tikintisinə başlanan abidə-kompleksin açılışı 2010-cu il Yanvarın 20-də olmuşdur. Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanmış insanların ad və soyadları, eləcə də ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”- sözləri qızıl hərflərlə həkk olunub. Bundan başqa 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.
İstifadə olunmuş ədəbiyyat siyahısı 20 Yanvar - Qan Yaddaşımız: metodik tövsiyələr / tərt. ed. A.Məmmədova; elmi red. K.Tahirov; red. L.Əhmədova.- Bakı, 2020.- 40 s.
Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı: Elm, 2007-2008.- 608 s.
Məhərrəmov, V. Qanlı gecə-qanlı tarix: 20 Yanvar faciəsi haqqında / Vahid Məhərrəmov; ön sözün müəl. İ.Qasımzadə.- Bakı: Hərbi Nəşriyyat, 2011.- 96 s.