partlatdı, övladlarını yetim qoydu, illərlə doğmalarının üzünə həsrət qaldı, özünü sibirin cöllərinə saldı, əzab-əziyyətdən gözlərinin nurunu itirdi? Bunamı yüksək qiymət deyirsiniz, bunumu mükafat adlandırırsınız??? Yazırsınız ki; “...təbiət bu gözəl insana qəsd etdi. Onun gözlərinə tor gəldi...”. Təbiətmi qəsd etmişdi ona bu haqsızlıqları, yoxsa həbsxanalarda, sürgündə döyülməkdən, işgəncələrə məruz qalmaqdan gözlərinin nurunu itirmişdi Məryəm xanım. Təkcə gözlərinin nurunumu itirmişdi? Yox sağlamlığını, ümidini, xoş günləırini, ailəsini, arzularını... Xeyirxah bir insan, gözəl qadın, mehriban ana, fəal ictimaiyətci üçün bunlar az idimi? Axı Məryəm xanım o hökumətə canla-başla xidmət etmişdi. Bir pedaqoq, jurnalist, ictimai xadim kimi.
Məryəm Bayraməlibəyovanı mətbuata da meylləndirən atası Teymur bəy olmuşdu. Teymur bəy o zaman “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozteniye” qəzetlərində mütamadi çap olunan publisistlərdən idi. Hətta Teymur bəy 1910-cu ildə Parisdə rus dilində çap olunan “Musulmanin” jurnalı ilə də əməkdaşlıq etmişdir. O, maarifin, yeniliyin təbliği yolunda mətbuatın rolunu dərk edərək qızını da bu yola istiqamətləndirmişdi. Məryəm xanımın imzasıilə 1920-ci ildən sonrakı dövrü mətbuatda rastlaşdım. Xüsusən də “Yeni məktəb”, “Maarif işçisi”, “Şərq qadını” jurnallarında. Bu yazıların əksəriyyəti Azərbaycanda qadın azadlığı uğrunda mübarizəyə, maarifin, elmin təbliğinə həsr edilmiş publisistik məqalələrdir. Hətta “Maarif işçisi” jurnalının ilk sayında çap olunan “Türk qadını yeni qurtuluş yolunda” adlı publisistik məqaləsi o zaman yazarlar tərəfindən çox yüksək qiymətləndirilib.
Məryəm xanımın məqalələrinin əksəriyyəti həm də pedaqoji üsullara, məsləhətlərə, tövsiyələrə həsr edilib. Çünki o, bir necə illər Azərbaycan Dövlət Tibb İnstitutunda, Bakı Darülmüəllimində müəllim işləmişdir. “Üsuli-müştərək və məktəblərimiz” adlı elmi-metodik əsərində irəli sürülən fikirlər bu gündə aktualdır.
Məryəm Bayraməlibəyova tərcümə işləri ilə də məşğul olmuşdur. 1930-cu illərdə poeziyamızın görkəmli nümayəndələrindən olan M.P.Vaqifin, M.V. Vidadinin, S.Hüseynin, Ə.Cavadın əsərlərini rus dilinə tərcümə etmişdir. Yeri gəlmişgən bir faktı da qeyd edək ki, Məryəm rus dilini ilk dəfə anası Şirin xanımdan öyrənmişdir. Teymur bəyin ömür-gün yoldaşı Şirin xanım görkəmli Talışxanovlar nəslindən idi və Lənkaranda rus dilində təhsil görmüş ilk xanım ziyalılardan olmuşdur.
... Məryəm xanımla söhbətimdən bir necə gün sonra “Azərbaycan müəllimi” qəzetində (4 dekabr 1987) Məryəm Bayraməlibəyova haqqında nekroloq oxudum. Əslində Məryəm xanım mənən-ruhən çoxdan ölmüşdür. Xoşbəxt ailəsini, sevimli ömür-gün yoldaşını, can salığını, xoş arzularını itirdiyi gündən “ölü canlı”ya cevrilmişdir.
26 il sonra yenidən bu mövzuya müraciət etməyimin bir səbəbi var. Məryəm xanımın o zaman mənə danışmaq istədiklərini, amma danışa bilmədiklərini illər sonra arxivlərdə oxudum və həqiqəti oxucuma catdırmaq istədim. Əziz oxucum! Məryəm xanım kimi yüzlərlə Azərbaycan xanımları bu faciələrin qurbanı olub. Həbsxanalarda, sürgünlərdə təhqir edilib, alcaldılıb, ələ salınıb... Bu gün bu tarixdən ibrət götür, dostunu, düşmənini tanı Azərbaycan gənci !
“İşıq” jurnalı, N-4 2013
AMALDA DA, ƏMƏLDƏ DƏ GÖZƏL BİR TÜRK XANIMI
Qarşımda bir kitab var. Tənzilə Rüstəmxanlının “Nə mutlu Türküm deyənə!” kitabı. İlk olaraq onu deyim ki, uzun illərdi Tənzilə xanımı millətçi, türkçü, dövlət maraqlarını hər şeydən, hətta şəxsi maraqlarından da üstün tutan bir xanım kimi tanıyiram. Ona görə də kitabı həvəslə açdım, vərəqlədim və oxumağa başladım. Oxuyarkən yazıçı-publisist Rafael Hüseynovun “Vaxtdan uca” əsərində söylədiyi bir fikrini xatırladım: “Maraqlı kitab hökmən oxucusunu düşüncələrə qərq edir, onun sevimli müsahibinə çevrilir”.----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Təpədən-dırnağa, bütün varlığı ilə türkçülük-turançlıq ideologiyasının sadiq və yorulmaz təbliğatşısı, təmsilçisi olan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Nə mutlu türküm deyənə” adlı kitabı ilk cümləsindən son cümləsinə kimi nəyinki məni düşündürdü, sevimli müsahibimə çevrildi, hətta bir qürur hissi kecirməyimə səbəb oldu. Bütün qəlbi, qələmi ilə bağlı olduğu Türkçülük idealı millətinə, məmləkətinə duyduğu sonsuz sevginin təzahürüdür ki, onu Türk Dünyası Araşdırmaları Vəqfinin Başkanı Turan Yazqan “Tənzilə Sultan” adlandırmışdır. Çoxlarının türk sözünü dilinə gətirməyə qorxduğu bir vaxtda belə (indi bu “türkçü xanımların sayı hesabı çoxalıb) Tənzilə xanım ulu Xatunlarımız kimi bu çətin və çərəfli yolun yolcusuna çevrilərək Böyük Türk Dünyası qarşısında türkçülüyün təbliğinə başladı.
...1988-1990-cı illər. Ölkəmizdə ictimai-siyasi vəziyyətin çox gərgin, ziddiyyətli bir vaxtı Tənzilə xanım “Vətəndaş olmaq... Vətənin daşına-torpağına qurban olmaq, daşlaşmış sinələrə Vətən sevgisi toxumlarını əkmək, sinələrdə boy atan sevgi fidanlarını göz yaşlarıyla sulamaq, onları qəlbinin hərarətilə yetişdirmək qeyrəti” ilə bu cətin yolun yolcusuna cevrildi. Xalq şairi Bəxtiyar Vahabzadə demiş: “Onun hər bir zaman türk milli haqqını önə çəkməsi və bu haqqın müdafiəçisi olması” əsərlərində, bəyanatlarində, çıxışlarında əməllərində və amallarında öz parlaq əksini tapdı.
Ağlı kəsəndən, bu qoca Dünyanın əzəmətli və vüqarlı Türk dünyasına bir mənalı münasibətini görəndən, duyandan türk milli varlığının keşiyində dayanmağı, onun uğrunda mübarizə aparmağı bir Azəri-türkü kimi qarşısına qoydu və illər sonra bu “sırada adı ön cərgədə çəkə biləcəyimiz” bir Türk Xatunu kimi tanındı, sevildi - Tənzilə xanım! “Dünya hər zaman türkün haqqına qarşı çıxıb” söyləyən Tənzilə xanım uzun illərdi bu haqqın uğrunda sözü, əməli ilə vuruşur...
Zamanla, Tarixlə qoşa yol gələn, tarix içində tarix yaradan Türk! Böyüklüyü, fatehliyi, əzəməti, paklığı və ədalətilə “40 əsrlik yol keçib gələn Türkə Tarix özü ad qoydu: “Tarixlərə hakim olan Millət!”.
XVIII əsrin fransız filosofu Şarl Lui Monteskye yazırdı ki: “Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə Türklərlə yarışa bilməz... Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlagəlməz qələbələrinin şöhrətini yaysınlar, nə qədər ölməz əməlləri əbədilik dəfn olunub. Türklər tarixlərini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar”.
Dünyanın tən yarısının “son yüzilliyədək Türk hakimiyyəti altında olması” bir daha bu millətin böyüklüyündən, əzəmətindən xəbər vermirmi?! Bu gün yenidən öz əzəməti ilə Türkün düşmənlərini lərzəyə salan Türkiyə bütün dünya türklərinin paytaxtıdır- fikrinı kitabının hər sözündə, cümləsində vurğulayan Tənzilə xanım kimi bütün varlığı ilə türkçülüyün təbliğatçısı olan professor Nizaməddin Şəmsizadə yazır ki: “Türkiyə təkcə bir ölkənin adı deyil, arxasında Türk Cümhuriyyətləri, küllən Türk milləti dayanan möhtəşəm bir Türk qibləgahıdır”.
Elə ona görə də uzun illər belə böyük bir tarixə, şöhrətə malik olan bir Millətə öz keçmişinə, dünəninə sahib çıxmaq, onu bəyan etmək yasaq edilərək öz içindən parcalandı, bölündü... Şair demiş:
O hansı Millətdir-taleyi sirdir?!
Yüz adla bölündü... Yenə də birdir!
Bu birliyin əsasını ulu əcdadlarımızdan üzü bəri, yaxın kecmişimizdə Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Hadi, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə kimi yüzlərlə yazarlarımız qoydu. 20-ci yüzilliyin birinci onilliyində romantik ədəbi məktəbin yaradıcısı olan türkçü-turançı Əli bəy Hüseynzadə tərəfindən ortaya atılan “Bizə fədai lazımdır. Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, avropa qiyafəli fədai” tələbi yüzilliyin ikinci onilliyində müsavatçlar tərəfindən “türkləşmək, islamlaşmaq və avropalaşmaq (müasirləşmək) formasında təkmilləşdirilərək Azərbaycan Xalq Cümhuriyyətinə doğru yüksəldi.
Ə.Hüseynzadənin rəhbərliyi altında siyasi milli ideoloji hərəkata çevrilərək geniş vüsət almış bu ideologiya böyük türk xalqlarını şərəfli bir millət kimi yaşatmaq, azadlığını, müstəqilliyini qazanmaq tələblərindən yaranmışdı. Odur ki, bu ideologiya az bir zamanda xalqın mədəni və siyasi hüquqlarını müdafiə edən milli ideologiyaya çevrildi. Siyasi türkçülük adlanan bu ideologiya özünün ictimai-siyasi mahiyyəti ilə müstəmləkəçiliyin qərarlaşdırdığı dövrün azadlıq məfkurəsi oldu.
Unutmayaq ki, sələflərimiz bu məfkurəni davam etdirəcək zəngin bir irs qoyub getmişlər. Xələflərin borcu isə həmin mənəvi irsi mühafizə edərək, gələcək nəsillərə ötürmək, ondan ağılla, səbrlə, təmkinlə bəhrələnməkdir ki, Tənzilə xanım bu müqəddəs misyanı həm sözü, həm əməli ilə layiqincə yerinə yetirməklə bir daha sübut etdir ki, o klassiklərimizin amalına sadiq, əməlinə layiq varisdir.
Tənzilə xanımın ata-baba yurdu bu gün yağı düşmən tapdağında inildəyir. Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində dünyaya göz acan Tənzilə xanımın həm ata, həm ana tərəfi eldə-obada sayılıb-secilən, alicənab, əliaçıq, abrlı-həyalı bir nəsil olub. Qaraçantada “Savadlılar tayfası” kimi tanınan bu nəsil rayonun ilk ziyalıları, əməkdar müəllimləri, məhz gənddə ilk ali təhsil alan qadınları ilə məşhur idi. Belə bir nəsildən olan Tənzilə xanım bütün varlığı ilə kökünə-soyuna, kecmişinə bağlı əsil türk xanımı kimi böyüyüb, boya-başa çatıb, təhsil alıb. Çoxlarından fərqli olaraq milli kimliyi, haradan gəlib-haraya getməsi, marağı ilə tarixini, geçmişini öyrənib və millətinə qarşı edilən haqsızlıqlar uğrunda mübarizəyə qalxıb. Min bir əzabla Qaraçantadan başlanan bu yolu bu gün böyük Türk dünyasında davam etdirir. Səsi-sorağı dünyanın daha uzaq yerlərindən gələn xanım Almaniya, ABŞ, Hollandiya, İsveçrə, İtaliya, Yuqaslaviya, Çexoslovakiya, Türkiyə, İran, Şimali Qafqaz, Orta Asiya, Gürcüstan və digər ölkələrdə keçirilmiş bir çox beynəlxalq və regional konfransların təşkilatçısı və iştirakçısı olmuş.
“Mən türk olduğuma görə qürur duyuram” söyləyən xanım uzun illərdi bu müqəddəs misiyanın gənclərə aşlanması üçün bütün varlığı ilə çalışır. Elə ona görə də onu bu yolda “nadir şəxsiyyətlərdən biri” adlandıranlar məncə heç də yanılmırlar. Bütün həyatını türk milli kimliyinin dərk edilməsi üçün mücadilə edən bu fədakar xanım çox vaxt bu savaşda haqqsız ittihamlara da tuş gəlib, təziqlərə də məruz qalıb. Amma millətinə olan sevgisi, sayğısı ona bu yolda güc verib. Kiçik yaşlarından türk xalqına edilən haqsızlıqlar onun da balaca qəlbinə sağalmaz yaralar vurub. Babasının varı-dövləti əlindən alınaraq sürgün edilib, dayıları didərgin düşüb, nənəsi Şahnisə xanım qəlbində Qars həsrəti qübar edərək dünyasın dəyişib, sağ qalan doğmaları eldən-obadan didərgin düşərək ordan-bura, burdan-ora köc edib, yurdunu-yuvasını itirib. İtki dərdi. Yurd-yuva itgisi dərdi illərdi Tənzilə xanımı icindən göynədir, yandırır. Yurd itgisi dərk edənə böyük dərddir. Bəli dərk edənə... Məhz dərk edənə! Qəlbində daşıdığı bu ağrı-acını ovundura bilməyən Tənzilə xanım uzun illərdi mücadiləyə qalxaraq millətinin azadlığı, birliyi uğrunda mübarizə edir.
İstər ölkə daxilində, istər xaricində yalnız bir ideya, bir amal uğrunda çalışan Tənzilə xanım “dərin kökümüz, əmanət yükümüz, qeyrət gücümüz olan –MİLLİ RUH”umuzun varlığını sağlam təməllər üzərində qurmaqla Böyük Türk Dünyasının birliyinə çağrış edir, yol göstərir... Konfranslarda, yığıncaqlarda, elmi seminarlarda, məqalə və çıxışlarında Türk gəncini bu ideya, bu məslək ətrafında sarsılmaz birliyə çağırışı bir daha sübut edir ki, Tənzilə xanım bütün varlığı ilə Türkçüdür-Turançıdır!
Qarşımdakı kitabda onun bu amal uğrunda apardığı gərgin mübarizə əks edilib. Çox cətin və şərəfli mübarizənin arxasında yuxusuz, gərgin gecələri, zəhməti duran bu incə qəlbli, zərif duyğulu xanımın qəlbində necə böyük bir “Türk sevdasının” olduğuna heyran oldum.
“Məqsədə çatmaq üçün öz canını fəda etmək böyük insanlara xas olan keyfiyyətdir”. Məhz “Nə mutlu türküm diyene” kitabını oxuduqca bir daha bəlli oldu ki, Tənzilə xanım da öz müqəddəs amalına “Turan dünyasının birliginə” çatmaq və qovuşmaq, bu yolda hər bir çətinliyi dəf etmək üçün canını belə fəda etməkdən cəkinmir.
Böyük Turan dünyasına bağlı olan və bütün Qafqaz türklərini çox sevən, onun tərəqqisinə sevinən, kədərinə üzülən türk ideoloqu İ.Qaspiralının “sözdə, fikirdə, işdə birlig” amalını dönə-dönə təbliğ edən bu kitabı oxumağa tələs Türk gəncliyi! Çünki bu əsər səni Böyük və Əzəmətli Türk Dünyası Birliyinə qovuşdurmaq üçün birliyə səsləyən bir çağrışdır. Hər sözündə, hər cümləsində əzəmətli türkçülük sevdasi olan bu dəyərli əsəri oxumağa və düşünməyə dəyər Türk gənci!
Sonda üzümü sənə tuturam ey böyük və əzəmətli tarixə, mədəniyyətə, mənəviyyata sahib olan, tarix boyu dünyaya meydan oxuyan Türk dünyası-Türk gəncliyi! Qalx ayaqa, BİR OL, qoru ərənlərindən sənə miras qalan Türkçülüyü. Qüdrətli, əzəmətli, bütöv, böyük Türk dünyasını yaratmaq və yaşatmaq üçün BİR OL- Türk gəncilyi! Tənzilə xanım demiş: “...böyük Türk sevdasının fəaliyyəti hər zaman gələcək nəsillərə nümunədir. Çünki onun vətən sevgisində təmənnası yoxdur. Amalı bəlli, məqsədi ortada...”
“Kaspi” qəzeti, fevral 2014
XOŞ GƏLDİN, “GƏNCLİK
“Gənclik”, xoş gəldin bu söz aləminə! Müdriklərimizin, söz səltənətinin sahiblərinin hər an ehtiram və ehtiyatla yanaşdığı söz dərgahına. Sözü öz ucalığında dəyərləndirən, qiymətləndirən, söz dərgahının hüzurunda həmişə başı uca olasan! Bu təzadlı dünyamızda, çarpışmalarla, ziddiyyət dolu olan həyatımızda öz yerin, öz sözün olsun “Gənclik”! Sözü dünyanın bütün var-dövlətindən üstün tutan söz dühalarının ruhu sənə yar olsun bu çətin və şərəfli yolda! Sözünün gətirdiyi rəğbətdən, məhəbbətdən pay düşsün söz yoldaşlarına, məsləkdaşlarına.
Əbəs yerə deməyiblər: “Söz həmişə sahibinin kimliyini bəyan edir”. Sözünün qüdrətilə oxucunun qəlbini ram et, ona özünü sevdir, qoy yolunu sevgilə, həsrətlə gözləsin “Gənclik”! Sözünə sahib, amalına xəyanət etmə, sözünün siqləti, dəyəri olsun, ki, böyük sözün sehrinə sığınaraq onun qüdrətilə ucalığa üz tut ki, adına, amalına, səni ərsəyə gətirənlərə xəyanət etməyəsən! Sənə “ağsaqqallıq” edənin (redaktorunun) adına, amalına, mənəviyyatına layiq ol ki, varidatın, oxucu sevgisi, sayğısı olsun! Sözün dəyərinin daha az qiymətləndirildiyi bir vaxtda sözünün məlhəmi əvəzsiz, yarası dərin olsun!
“Bu dünya bir pəncərədir, hər gələn baxar gedər”-deyiblər. Sənin də bu pəncərədə bir izin qalsın, sözün olsun “Gənclik”! Qəhrəmanların sözlə sənət mülkü ucaldanlar, təmiz amalı və əməlilə mənəviyyatdan yoğrulanlar olsun. Qəlbinin dediyi, qələminin yazdığı sözlərlə bu söz bolluğunda basılmaz bir qala hör. Qələminlə sözü göyərt ki, səndən sonra səni yaşadacaq bir söz sahibi ol “Gənclik”!
Azad millətini, demokratik dövlətini sevməyə, qorumağa, canını fəda etməyə hazır olan Məhəmməd Əminlər, Mübarizlər yetir! Hürriyyətin, ədalətin keşiyində duran Vətən, bayraq sevgisisilə yoğrulan, milli ruhlu Gənclik yetir!
Sabahahımıza, yurdumuza-yuvamıza, dəyərlərimizə varis olan Azərbaycan-türk gənci, sabah sənindir. Bu vətəninə sahib çıxmaq üçün VƏTƏN DAŞI ol! “Şəhidlərin qanı hopmuş vətən torpaqlarından yadların ayağını kəsmək, atdığı hər addımı bu şüurla atmaq, yazdığı hər kəlməni bu niyyətlə yazmaq, bütün fikrini-düşüncəni bu niyyət üzərində kökləmək üçün” VƏTƏNDAŞ OL EY GƏNCLİK!
Demə bu gün Babək kimi igidim yox. Bəs vətəni, torpağı, müstəqilliyi uğrunda minlərlə ölməzlik zirvəsinə qalxan şəhid oğulların-Mübarizlərin, igidliyi ilə milyonlara örnək olan Ramillərin kimin oğludur?
Demə bu gün məhəbbətinə sədaqətli Leylim, Məcnunum yox. Bəs dastanlar qəhrəmanı olan Fərizə və İlham kimindir?
Sevgində də, mübarizəndə də sadiq ol, həmrəy ol, Azərbaycan-türk gənci! Həmrəy ol ki, Milli yüksəlişə doğru addımlayasan. Axı Həmrəylik haqqın gücü, qələbəsi deməkdir. Sabahımızın sahibi olan Gənclik-unutma ki, “Həmrəylik tarixin qorxunc fırtınasının qabağını kəsən möhkəm sədd, alınmaz qala” olmaqla yanaşı, Həmrəylik “nifaqa, fitnəyə tutarlı cavab, sərt şillədir”. Bu Həmrəyliyi sən yaşat “GƏNCLİK”
“Kaspi” qəzeti, fevral 2014
AZƏRBAYCANLI GƏLİN
20-ci yüzilliyin əvvəllərində yaşayıb-yaradan görkəmli publisist-jurnalist Hacı İbrahim Qaslımov Rusiya müsəlmanlarının mənəvi-milli-ideoloji lideri, maarifçi publisist, naşir İsmayıl bəy Qaspiralının ölmü münasibətilə “İqbal”ın 15 sentyabr 1914-cü il tarixli sayında “Sizə həkim”-deyə xitab edirəm, ey dahi!” adlı məqaləsində yazırdı: “Bizim bir çox həkim, təbiblərimiz var, onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər. Sən də həkim idin və lakin ümumi millətin ruhunu müalicə edirdin”.
Millətin ruhunu müalicə edən Türk xalqının böyük oğlu, türkçü-millətçi salığında “Millət atası” adını qazanan İsmayıl bəy Qaspiralının xoşbəxtliyi onda idi ki, o övladlarını da xalqı yolunda, onun mübarizəsi, maarifi, azadlığı uğrunda mücadiləyə hazırlamışdır. Xüsusən də qızı Şəfiqə xanımı. Kim idi Şəfiqə xanım Qaspiralı?
Rusiya müsəlmanlarının ilk qadın jurnalı “Aləmi-nisvan”ın (“Qadın dünyası”) çapına nail olan ilk müsəlman redaktor qadın, “Tərcüman”da bütün türk dünyasının qadınlarının azadlığı uğrunda mübarizəyə qalxaraq ilk olaraq çalışan jurnalist, Krımda ilk “Qadın komitəsi” yaradan təşkilatçı və ən başlıcası Azərbaycanın Xalq Cümhuriyyətinin ilk baş naziri Nəsib bəy Yusifbəylinin ömür-gün yoldaşı -Azərbaycanlı gəlini.
Doğrusunu deyim ki, təkcə Şəfiqi xanım yox ümumiyyətlə 20-ci yüzilliyin əvvəllərində xalqının maariflənməsi, azadlığı, xoşbəxtliyi uğrunda mübarizə aparan, xeyriyyə cəmiyyətləri yaradan hətta öz varidatını bu yolda qurban verməkdən belə cəkinməyən (Məsələn Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Qarabağdakı mülkündə məktəb acaraq pulsuz kasıb uşaqlarına təhsil verib, “Molla Nəsrəddin”i maliyələşdirib və s.) qadınlarımız haqqında hər dəfə yazanda qürur hissi ilə yanaşı bir təəccüb hissi də kecirirəm... Xüsusən də Şəfiqə xanım haqqında. Ölkənin Baş nazirinin xanımı olasan, amma ...
Nəsib bəyin və Şəfiqə xanımın istər nişanlı, istər ailəli olduqları və ayrıldıqları zaman bir-birinə ünvanlanan məktublarını gözdən kecirdikdə (onlar ayrılsa da Nəsib bəy ailəni hec vaxt tək buraxmayıb və ailənin bütün maddi cətinliklərini özü həll edib) bu qadının nə qədər yüksək mövqedə duran bir ziyalı xanım olduğunun şahidi olursan. Hətta Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Xalq Maarif nazirliyi yanında uşaq bağcaları üçün tərbiyəçilər hazırlayan kursda işləyərkən Şəfiqə xanımın övladları ilə çox sadə bir şəraitdə yaşaması (bunu onlar haqqında yazılan tədqiqat əsərlərinə, xatirələrə, məktublara, arxiv materiallarına əsaslanaraq söyləmək mümkündür) az qala təcüb doğurmurmu? Axı o baş nazirin xanımı idi...
İstər sovet dövründə, istərsə də bu gün gördüklərimiz və oxuduqlarımız bizi əmin edir ki, nəyin ki, baş nazirin xanımı hətta adicə bir icra başcısının, polis rəyisinin, komitə sədirinin xanımı saysız-hesabsız dəb-dəbəli imarətlər də, bahalı daş-qaşlar da, libaslar da itib-batmaqla özünü də “itirir”. Dünəni, kimliyi tam yadından çıxır. (Doğrudur sovet dövründə bunu bir az o qədər də acıb-ağartmasalar da amma həqiqət bundan ibarət idi).
Bəs onda Şəfiqə xanım niyə belə, çox sadə bir ömür yaşayırdı? Əslində bu sadəlikdə böyük bir zadəkanlıq, gözütoğluq yox idimi? Axı Şəfiqə xanım bütün varlığı ilə xalqına bağlı, daxilən zəngin bir xanım idi. Çoxlu varı-dövləti ilə yox, zəngin nüfuza malik, kökü-soyu olan, bir nəsilin yetirməsi, məşhur Qaspiralılar nəslindən olan Şəfiqə xanımın ata babası Mustafa bəy, nənəsi Fatimə Sultan nümuzlu bir nəsilin nümayəndələri olub. Ciddi təlim-tərbiyə, əxlaqi-mənəvi mühit, yüksək təhsil görmüş bu ailə övladlarını da belə böyütmüşdür. Onlar üçün milli əxlaqi-mənəvi dəyərlər, milli təəssübkeşlik, vətənpərvərlik hissi hər şeydən uca və müqəddəs tutulurdu. Atası İsmayıl bəy Avropa təhsili görmüş, Şərq mədəniyyətini mənimsəmiz, anası Zöhrə xanım Akçuran zadəkan bir nəslin qızı olmuşdur. Bax Şəfiqə xanım belə bir mühitdə böyümüşdür.
İlk təhsilini atası İsmayıl bəydən alan Şəfiqə sonra təhsilini Krımda “üsuli-cədid” məktəbində davam etdirmişdir. Atası İsmayıl bəy Şəfiqənin rus dilini yaxşı mənimsəməsi üçün ona şəxsi müəllim tutmuşdur. Avropa və Şərq ədəbiyyatını, mədəniyyətini öyrənən Şəfiqənin dünyagörüşündə, həyata baxışında bir yenilik hiss edən atası onu mətbuata, ədəbiyyata istiqamətləndirir. Şəfiqə xanım ilk olaraq “Tərcüman” qəzetinin redaksiyasında işə başlayır.
1903-cü ildə ilk olaraq “Tərcüman”da çap olunan Şəfiqə xanım cəmi üç il sonra bütün türk qadınlarının hüquqları uğrunda mübarizəyə qalxaraq 1906-cı ildə Rusiya müsəlmanlarının ilk qadın jurnalı olan “Aləmi-nisvan”ın nəşrinə nail oldu və jurnal “Tərcüman”ın mətbəəsində 1910-cu ilə qədər nəşr eildi. On beş gündən bir işıq üzü görən səkkiz səhifəlik jurnal nəyinki Krımda hətta bütün türk dünyası ziyalıları tərəfindən böyük çoşğu ilə qarşılandı.
Bu haqda dövrün tanınmış jurnalisti Şəfiqə xanım Əfəndizadə Bakıda çap olunan “İqbal” qəzetində yazırdı: “Aləmi-nisvan” məcmuəsi bir çox zamanlar davam etməsə də bununla belə, yenə xeyli faidələr bəxş etdi. Onun sayəsində hər tərəfdə qız məktəbləri açılmağa müvəffəq oldu”.
Digər tədqiqatçıların yazdığına görə bu jurnal “Rusiya müsəlmanlarının-türklərin təffəkür tərzində bir dəyişiklik yaratdı, cəmiyyəti bürümüş qaranlığa, cəhalətə işıq salan bir nur oldu”.
Bu nuru türk dünyası qadınlarına bəxş edən Şəfiqə xanım Nəsib bəylə necə oldu ki, ailə qurdu? Gəncə də dünyaya gələn Nəsib bəy ilk təhsilini mədrəsədə aldıqdan sonra Gəncə klassik gimnaziyasını bitirir və 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olur.
Yaxşı oxumaqla yanaşı ətrafda baş verən bütün siyasi-ictimai hadisələrə müdaxilə edir və tez bir zaman da Nəsib bəy burada azərbaycanlı tələbələrin "Həmyerlilər" təşkilatına rəhbərlik edir. Universitet tələbələrinin siyasi çıxışları çar hökumətini qəzəbləndirir və hökumət müvəqqəti olaraq universiteti bağlayır. Təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirən Nəsib bəy baş verən iğtişaşlardan sonra Bağçasaraya gələrək İsmayıl Qaspıralı ilə tanış olur. “Türkçülük tarixində yeni mərhələ açan” İsmayıl bəyin fikirləri, ideyaları Nəsib bəyi daha çox cəlb etdiyi üçün o bir müddət burada qalır və “Tərcüman”la əməkdaşlıq edir. Bu zaman Nəsib bəylə Şəfiqə xanım arasında saf bir sevgi münasibətləri yaranır...
Bir müddət sonra İsmayıl bəyin xeyir-duası ilə 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Nəsib bəy Şəfiqə xanımı həmin ilin sentyabrında Gəncəyə gətirir. Nəsib bəyin valideyinləri bu evlikildən çox məmnun olduqları üçün onları böyük şadyanalıqla qarşılayırlar və bu evlilikdən onların Zöhrə və Niyazi adlı iki övladları olur.
1906 və 1912-ci illər ərzində onlar həm Gəncədə, həm də Bağçasarayda yaşayırlar. Nəsib bəy “Tərcüman”da çalışmağla yanaşı həmin dövrdə Gəncə bələdiyyə idarəsi məclisinə üzvü seçilir və bu yeni vəzifə ona ictimai və milli işlərdə daha çox çalışmaq fürsəti verir.
Bu zaman Nəsib bəyin şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur. Belə ki, Nəsib bəyin əvvəllər Gəncədə bir qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır, övladlarını da götürüb Krıma ata yurduna qayıdaraq, yenidən “Tərcüman”da çalışmağa başlayır.
Şəfiqə xanımın küsüb getməsinə və inadkarlıq etməsinə baxmayaraq Nəsib bəy nə İsmayıl bəy Qaspiralı ilə, nə də “Tərcüman” qəzeti ilə münasibətlərini kəsmir. Əksinə tez-tez Bağçasaraya İsmayıl bəy gelə gəlir, “Tərcüman”da maraqlı məqalələrlə çıxış edir, Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyur, özü də əsas rollarda çıxış edir.
1908-ci ildə Şəfiqə xanım Nəsib bəylə birlikdə “Tərcüman”ın 25 illiyini keçirirlər. Deməli Nəsib bəy nəyinki öz ailəsini, hətta İsmayıl bəyin ailəsini bir an belə öz himayəsindən kənara qoynur. Son illər İsmayıl bəyin səhətində yaranan problemlər iş, ailə qayğıları Nəsib bəyi ailəyə daha çox diqqət ayırmağa vadar edir. Hətta İsmayıl bəy vəsiyyət edərkən onun başı üstündə olan Nəsib bəy onun dəfn mərasimində də ona bir doğması kimi son borcunu verir. Həmin dəfndən günümüzə qədər gəlib çatmış bir fotoda məzarın yanında diziüstə çökmüş iki kişi çəkilib. Onlardan biri İ.Qaspıralının oğlu Rüfət bəy, digəri isə Nəsib bəydir...
İsmayıl bəyin ölümündən sonra onun ailəsinə diqqəti bir az da artıran Nəsib bəyin 1916-cı ildə Şəfiqə xanıma ünvanldığı məktub buna bir daha sübutdur. O, “Tərcüman”ın taleyindən narahat olaraq yazırdı: “Əzizim Şefi. Məktubunu aldım. Yazdıqların məni çox üzdü. Sizlərə tövsiyəm budur; əl-ələ verib çalışın. Böyük kimi Rüfəti qəbul etməlisiniz. Hər hansı məsələ ilə bağlı qərar vermək lazımdırsa, birlikdə edin. Mənə inanın, yad adamlar sizi hər an oyuna çəkə bilərlər. Qazanc imkanı bitəndə üzü üstə qoyub qaçarlar… Sizlərə tövsiyəm: rəftarınızı dostca qurun, işi birlikdə davam etdirin. Bütün razılaşmalarda bərabər iştirak edin, qəzeti və mətbəəni əldən verməyin. Krımtay ilə barışın, hər şeyi qamarlamaması üçün tədbirli olun. Onu həmişə bəlli məsafədə saxlamağa çalışın. Təəssüf ki, indiki halda Krıma gəlməyimə imkan yoxdur”. Bu məktubda Nəsib bəyin bu ailənin problemlərinə necə qayğı ilə yanaşması bir daha özünü büruzə verir və buna heyran qalmaya bilmirsən.
Doğrudur Qaspıralının ölümündən sonra həm ailə, həm də ictimai-siyasi işlərdə Şəfiqə xanımın ciyinlərinə daha çox ağırlıqlar düşür. Amma Şəfiqə xanım çətin də olsa bunların öhdəsindən gəlməli olur, hətta ictimai-siyasi işlərdə daha fəallaşır. 1917-ci ilin aprelində Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçililən Şəfiqə xanım elə həmin ildə Krımda “Qadın komitələri” təşkilatını yaradır. 1917-ci ilin may ayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edir.
Əlbəttə Krım müsəlmanlarının xüsusən də Şəfiqə xanımın bu fəallığı çar hökumətini çox ciddi narahat etməyə bilməzdi. Odur ki, çar rejimi sərt tədbirlər görərək 1918-ci ilin fevralının 23-də “Tərcüman” qəzetini bağlayır, mətbəəni isə müsadirə edir.
Krımda baş verən bu hadisələrdən narahat olan Nəsib bəy Şəfiqə xanıma məktub yazaraq təkidlə uşaqlarla birlikdə Azərbaycana gəlməsini xahiş edir. 1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır. Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım Cümhuriyyətə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Eyni zamanda dövrü mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edir.
…Azərbaycan Xalq Cümhuriyyətinin işğalı, Nəsib bəyin Kürdəmir qəzasında müəmmalı şəkildə qətlə yetirilməsi Şəfiqə xanımı övladları ilə birlikdə çətin bir vəziyyətə salır.
Yeni rejim Şəfiqə xanım üçün düşmən olsa da, ona Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Sözsüz bu “qayğı” uzun sürməyəcəydi. Odur ki, Şəfiqə xanım Azərbaycanı nə qədər tez tərk edə bilsəydi o qədər fəlakətdən özünü və övladlarını qoruya bilərdi. Amma necə? Axı o Cümhuriyyətin Baş nazirinin xanımı idi.
Tədqiqatçıların yazdığına görə Şəfiqə xanım və övladları bolşevik hökumətinin caynağından İsmayıl bəyin yaxın dostu o zaman TBBM-in Bakıdakı təmsilçisi Memduh Şövketin və Nəriman Nərimanovun səyi nəticəsində xilas ola bilirlər. Onları gizli olaraq türk hərbiçiləri ilə birlikdə əvvəl Batuma, sonar Trabzona, oradan isə çox çətiniklə İstanbula kecirə bilirlər. Burada da bir müddət Şəfiqə xanım övladları ilə səfalət içində yaşayır. Çətinliklə uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə həyata göz yumur. Deyilənlərə görə Şəfiqə xanım ömrünün sonuna kimi Nəsib bəyin sevgisinə sadiq qalır.
“İşıq” jurnalı, N-1 2014
GƏLİN XƏLƏFLƏRİMİZİN RUHUNA LAYİQ OLAQ
Demokratik cəmiyyət, azad vətəndaş, azad mətbuat uğrunda ideoloqlarımız əsrlər boyu qanlı-qadalı mübarizələr aparıblar, uzun müddət qan töküb, itkilər verib, ağır mübarizələrdən keçiblər. Amma bu itkilər, bu qan-qada onları öz əqidələrindən döndərə bilməyib. Əksinə daha mətin olaraq milli ruhlu azad mətbuatımızı yaradıblar...
Bildiyimiz kimi, 20-ci yüzilliyin başlanğıcında Bakıda Azərbaycan-türk dilində qəzet buraxmaq müşkül işə çevrilmişdi. Bu sahədə çar hökumətinin ziyalılar qarşısında çəkdiyi sədlər həddini ötürdü. Dövlət nəşrləri isə Qafqaz Mətbuat İşləri Komitəsinin xüsusi nəzarəti altında idi. Çar Rusiyası əcnəbi ölkələr, xüsusilə Osmanlı dövləti ilə əlaqələri olan azərbaycanlılara etimadsızlıqla yanaşırdı. Çar hökumətinin müstəmləkəçi böyük dövlətçilik siyasəti milli zülmün get-gedə daha da gücləndirilməsinə, xalqların- hüquqlarının məhdudlaşdırılmasına səbəb olurdu.
Lakin bütün məhdudiyyətlərə və əngəllərə baxmayaraq, 1905-1907-ci illərdə ölkəmizdə mətbuat işi xeyli canlanmağa başladı. Görkəmli tədqiqatçı alim Dilarə Seyidzadə hətta 1905-ci ili haqlı olaraq milli siyasi mətbuatın təşəkkülü ili hesab edərək yazır: «Mətbuat milli mənlik şüurunun formalaşması, ümummilli vəzifələrin təbliği, əhalinin siyasi səviyyəsinin yüksəldilməsi üçün əzmlə mübarizə aparırdı».
Beləliklə, dövrün ictimai-siyasi, mədəni hadisələri nəticəsində ölkəmizdə müxtəlif istiqamətli mətbu orqanları yarandı ki, bu da mətbuatın köməyi ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrini siyasi və ideoloji cəhətdən fəallaşdırdı.
Bu sahədə mətbuatın gücünü M.Ə.Rəsulzadə belə qiymətləndirirdi: «Mətbuatın təsisi ilə Qafqazda siyasi, ictimai və milli bir fikir təşəkkül ediyordu». İctimai-siyasi və inqilabi hadisələrin müxtəlif qütblərində dayanan, hər bir sinfin məfkurəsinə uyğun olan və ona xidmət edən mətbuat orqanları fəaliyyətə başladı. Bu mətbu orqanlar arasında milli-demokratik mətbuat diqqəti daha çox çəkirdi. Çünki açıq fikirli ziyalıları, qüdrətli sənətkarları öz ətrafında birləşdirən bu mətbu orqanlar xalqın milli mənlik şüurunun, siyasi yetkinliyinin artmasına, ümummilli proqramların hazırlanmasına səbəb oldu. Rusiyanın tərkibində, siyasi hüquqsuzluq şəraitində olduğu dövrdə ilk dəfə Azərbaycana öz ümid və arzularını çar hökumətinə çatdırmaq imkanı verildi.
Bu zaman Azərbaycanın ictimai, siyasi, tarixi, mədəni həyatında yeni dövr kimi xarakterizə olunan XX əsrin əvvəlləri bütün fəaliyyət sahələrində olduğu kimi, mətbuatda da əsaslı dəyişmələrə səbəb oldu.
Bir çox ziyalımız kimi, Əli bəy Hüseynzadəni də türkdilli mətbuatın sıxışdırılması və senzura məhdudiyyətləri çox narahat edirdi. O, yazılarında müsəlmanlar üçün qoyulan hüquq məhdudiyyətlərini sadalayaraq hüquqsuzluq vəziyyətindən çıxmağın yollarını izah edirdi.
Amma on da qeyd edək ki, imperiyanın mərkəzində baş verən hadisələr də istər-istəməz xalqların azadlığına yol açırdı. Belə ki, xalqlara ən adi hüquq və azadlıqlar əldə etmək ümidi verən 1905-ci il hadisələri çar rus hökumətini qismən də olsa, siyasi mövqeyindən geri çəkilməyə məcbur etdi. Hökumət istəməsə də 17 oktyabr manifestini qəbul etmək məcburiyyətində qaldı. Çar II Nikolayın məşhur manifestinin rusca mətni oktyabrın 22-də «Bakinskie qubernskie vedomosti» (1894-1916) qəzetinin 42-ci nömrəsində dərc edildi. Bütün Rusiyanı bürüyən inqilabın ən qaynar nöqtələrindən olan Bakıda da bu manifest əvvəlcə, əsasən, razılıq hissi ilə qarşılandı. Söz, mətbuat, vicdan, yığıncaq və s. azadlıqlar, şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı xalqın Dövlət Dumasında və ölkənin idarə olunmasındakı iştirakına dair vədlər ümidvericilik hissi yaradırdı. Çarın manifestinin ana dilinə tərcümə edilən mətni «Xətti-humayın» sərlövhəsi ilə oktyabrın 25-də «Həyat» qəzetində dərc edildi. Qəzetin baş redaktorlarından olan Əli bəy Hüseynzadə bu münasibətlə «Hürriyyət» sərlövhəli iri həcmli bir məqalə verdi. Azadlıq yolunun çox məşəqqətli, daşlı-kəsəkli, qanlı-qadalı olduğunu məharətlə təsvir edən müəllif yazırdı: «Azadlıq yolunda neçə-neçə zəkalar, dühalar, dühayi-müəzzəmlər, Dostoyevskilər, Çernyayevskilər məhbəslərdə, qürbətlərdə, sürgünlərdə, Sibiriya çöllərində hər növ iztirabatı, hər növ əzab və cəfanı qəbul etdilər. İnsanlara bilafərq lisan, şivə, bilafərq din və məzhəb, bilafərq qövm və millət, əfkar və amalın həvayi-nəsimində sərbəst nəfəs almağa müsaidə edən sənsən, sən! Yaşa, hürriyyət, yaşa».
Qəzet bütün yazarları yaranan şəraitdən maksimum faydalanmağa çağırır, «bu hərəkata qarşı laqeyd durmayalım! Cərəyani-ümumiyyə qatılmamız, iştirak etməmiz lazımdır» -deyə onları daha fəal olmağa səsləyirdi. Bu zaman xalqın uzaqgörən ziyalı təbəqəsi var gücü ilə mübarizəyə başladı.
Ölkədə anadilli mətbuat, yeni üsulu məktəblər, xeyriyyə cəmiyyətləri fəaliyyətə başladı. “Əkinçi”dən sonra ölkədə 25 il anadilli mətbuata həsrət qalan Azərbaycanlı yazarlar «Həyat»ın gəlişini böyük şadyanalıqla qarşıladılar. Və elə ilk saydan öz məqsədlərini bəyan etdilər. Odur ki, qəzet ilk işıq üzü görən gündən ciddi senzuraya məruz qaldı. Qafqaz canişininin göstərişinə əsasən, senzura komitəsi dərhal «Həyat»a ciddi nəzarəti komitənin Şərq dilləri üzrə senzorları, erməni millətçiləri Karaxanova və Kişmişevə həvalə etdi. Onlar ilk gündən «Həyat»a qarşı səlib yürüşü elan edib hər cür təhrif və böhtanlara əl atırdılar. Qəzetin uzaqgörən redaktorları isə öz üzərlərinə düşən bu şərəfli vəzifəni layiqincə xalqa xidmət yolunda heç nədən çəkinmədən həyata keçirirdilər. Belə ki, onlar qəzetdə təkcə dövrün ictimai-siyasi hadisələri barədə yalnız məlumat verməklə kifayətlənmirdilər. Baş verən hadisələrin səbəblərini müsəlman xalqlarının milli və dini ehtiyacları nöqteyi-nəzərindən də mənalandırmağa çalışırdılar. Bütün bunlar isə o zaman milli mübarizə aparan müsəlmanlara və türk xalqlarına çox şey deyir və onların milli şüurunu istiqamətləndirirdi.
Məhz bu rus çar hökumətinin və onların muzdlu nökərlərinin xoşuna gəlmirdi. Ona görə də «Həyat»ın redaktorlarını dəfələrlə cərimə və məsuliyyətə cəlb etməklə incidirdilər. Lakin «Həyat» çox qısa bir müddətdə öz milli zəfərini çaldı, xalqına azadlıq yolunu göstərdi. Qəzet birinci nömrəsində həyata keçirəcəyi əsas prinsiplərlə oxucularını tanış edərək yazırdı: «Biz müsəlmanlarıq və buna görə də bütün din qardaşlarımızın tərəqqisini arzu edirik və dünyanın hansı guşəsində olursa-olsun onların inkişafını ürəkdən salamlayırıq. Biz türkük və buna görə də hər yerdə bütün türklərə inkişaf, tərəqqi və xoşbəxtlik arzu edirik».
Xalqın azadlıq hərəkatında islamçılıq və türkçülük yolunu tutan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu müsəlmanları «maarifi-ümumiyyə», «hüquqi-mədəniyyə» uğrunda mübarizəyə çağırırdılar. Azərbaycanda türkçülük ideyalarını formalaşdıran ilk qəzet «Həyat» belə bir şəraitdə meydana gəlirdi. «Həyat» Azərbaycanın ictimai-siyasi və bədii şüur tarixində türkçülüyün ictimai-siyasi sənədi və abidəsi kimi tanındı. Prof. Ş.Hüseynov Azərbaycan mətbuatı və jurnalistikası tarixində bütöv bir dövr və məktəb yaratmış «Həyat» qəzetini 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırır.
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.Hacıbəyli kimi qələm və məslək sahibi olan ən nadir şəxsiyyətləri yetişdirən «Həyat»ın ən müqəddəs amalı millətə, onun azadlığına xidmət idi və bu xidməti heç nədən, heç kimdən çəkinmədən, çox qısa zamanda layiqincə yerinə yetirdi.
Yeri gəlmişkən bir faktı da qeyd etmək yerinə düşərdi ki, «Həyat»ın başladığı bu mübarizəni sonra «İrşad», «Füyuzat», “Molla Nəsrəddin”, «Tərəqqi», «Açıq söz», «Səda», «İstiqlal», “Azərbaycan” layiqincə davam etdirdi ki, C.Məmməd-quluzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ş.Rüstəmbəyli, C. və Ü.Hacıbəyli və başqalarının ictimai, siyasi fəaliyyəti, ədəbi-bədii yaradıcılığı buna bir daha sübutdur. Senzura “Həyat”ı susdursa da “İrşad” fəaliyyətə başladı. O, da Azərbaycanın istiqlalı naminə əzmlə mübarizə aparır, məqalə və publisistik yazılarında müstəqil dövlətçilik, hürriyyət ideyalarını tərənnüm və təbliğ edirdi. Bu yolla irşadçılar Azərbaycanda demokratik cümhuriyyət quruculuğu ideyasını ortaya atdılar. Onlar dünya xalqlarının və milli tarixin təcrübəsindən çıxış edərək, Azərbaycanı demokratik cəmiyyətə və azad dövlətə qovuşduracaq yolu göstərdilər. Bu yol ümumxalq yolu olduğundan sonralar istər mollanəsrəddinçi satirik, istərsə də füyuzatçı romantik nəşrlər onu daha geniş miqyasda davam etdirərək birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını yaratmaqda müstəsna rol oynadılar. Milli oyanışın formalaşmasına təkan verən irşadçıların fəaliyyəti çar hökumətini çox narahat edirdi. Buna görə hökumət 1908-ci il iyunun 25-də «İrşad» qəzetini bağladı.
Bu haqsızlıqla razılaşa bilməyən Ə.Ağaoğlu cəmi 8 gündən sonra «Tərəqqi» adlı qəzetin nəşrinə başladı. M.Ə.Rəsulzadə «Tərəqqi»ni Azərbaycanda “ilk Avropa tipli qəzet” adlandırırdı.
Hökumət senzuranı nə qədər amansız tətbiq etsə də artıq gec idi. “Həyat”, “İrşad” öz işini görmüşdü. Xalqın düşünən başları mətbuatın gücünü dərk edərək, necə olur, olsun onun inkişafına can atırdılar.
Belə mürəkkəb və çətin şəraitdə mətbuat aləminə yenicə gələn Haşım bəy Vəzirov da Bakı Bələdiyyə İdarəsinə rəsmi şəkildə müraciət edərək «Tazə həyat» adlı qəzetin çapına icazə istəyir. Senzuranın, xüsusən türk mətbuatı və nəşriyyatı üzərində ciddi nəzarətin mövcud olduğu bir zamanda H.Vəzirov çox çətinliklə icazə ala bilir. Nəhayət, 1907-ci il aprel ayının 1-də «Tazə həyat»ın birinci sayı çapdan çıxır. 1908-ci ilin sentyabr ayınadək nəşr edilən qəzet ciddi senzuraya məruz qalırdı. Ümumiyyətlə, H.Vəzirov fikirlərini daha çox üsyankarcasına bildirdiyi üçün onun çap etdiyi mətbu orqanları senzuranın xüsusi nəzarətində olub. Odur ki, «İttifaq» (1908-1909), «Səda» (1909-1911), «Sədayi-Vətən» (1911), «Sədayi-həqq» (1912), «Sədayi-Qafqaz» (1915-1916) adlı qəzetlər və “Məzəli” (1914) satirik jurnalı senzuranın hər an diqqət mərkəzində olub. Hökumət bu mətbu orqanlarını susdurmağa çalışsa da onlar yeni adla lakin eyni məzmun, qayə ilə öz işini davam etdirib.
Xalqın tarixinə, taleyinə bütün varlığı ilə bağlı olan ziyalılarımız «zamanın nehrə kimi çalxalanıb bulandığı» bu dövrdə xalqı azadlığa, müstəqilliyə çıxarmaq üçün mübarizəyə can atırdılar. Bu mübarizədə, həmişəki kimi, yenə də mətbuat böyük əhəmiyyət kəsb etdirdi. «Mətbuat mühüm milli qüvvələrdən biridir. Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır. Mətbuat xalqın milli nümayəndələrini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq qala bilməz»di və qalmadı da.
XX əsrin əvvəllərində Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatındakı hərəkəti, oyanışı cəmiyyətin özündə baş verən proseslərin inikası adlandırmaq olar. Bütün sahələrdə həyat sanki qaynayır, tərəqqi və tənəzzülün mübarizəsi daha qabarıq forma alır, bəzən də toqquşmalarla müşayiət olunurdu. Elə bu zaman mətbuatın inkişafı ilə Azərbaycan cəmiyyəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Doğrudur, ictimai-siyasi, ədəbi-mədəni mühit birdən-birə dəyişmədi, lakin mətbuatın yaranması həyatın bütün sahələrinin inkişafına bir təkan oldu. Mətbuat, illər ötdükcə, dövrün ictimai-siyasi hadisələrini özündə əks etdirən mühüm ədəbi-bədii idrak vasitəsinə, ideoloji mübarizə və təbliğat vasitəsinə çevrildi. Kapitalist istehsal münasibətləri inkişaf etdikcə, siniflər, təbəqələr həm keyfiyyət baxımından, həm də say etibarı ilə formalaşdıqca cəmiyyətdə yeni qüvvələr balansı yaranır və bu da siyasi mübarizə meydanı üçün zəmin hazırlayırdı. Fəhlələrin kortəbii çıxışları, yaxud təşkilatlanmış tətil hərəkatları tədriclə ideoloji-nəzəri fikirlərin zühur etməsinə səbəb olurdu. Əlbəttə ki, mətbuat bütün bu ideyaların cilalanması, pərvazlanması, yayılması üçün ən uğurlu vasitə rolunu oynadı.
Və bu mətbuatımız yeni tarixi şəraitdə, sinfi çarpışmaların qızışdığı zamanda, inqilablar dövründə yarandı, buna görə də təkcə Azərbaycanda yox, bütün Şərq mətbuatında yeni bir hadisədir. Bu hadisəni şərtləndirən ən başlıca cəhət onun yüksək ideyalılığı, aktuallığı və müasirliyidir. Çünki bu mətbuat dövrün ən xırda məişət məsələlərindən tutmuş çar hökumətinin qəddar siyasətinə qədər hər şeylə maraqlanır və qələmə alırdı.
Odur ki, XX əsr Azərbaycan tarixində mətbuat tamamilə yeni bir hadisədir. XX əsrin əvvəllərində Azərbaycan siyasi fikrində özünü göstərən bütün hadisələr imperiya siyasətinə qarşı narazılıq, milli özünüdərk, milli azadlıq uğrunda yeni mübarizə istiqaməti kimi məsələlər mətbuatımızın ən önəmli mövzu dairəsinə çevrildi. Ona görə də 1980-ci illərin sonlarından başlayan milli azadlıq hərəkatı zamanı Azərbaycan ziyalıları ilk növbədə klassiklərimizə müraciət etdilər, xalqın nicat yolunu buradan gələn dərslərdə axtardılar.
“Kaspi” qəzeti, 10 iyul 2014
NAKAM ROMANTİK- ABDULLA SUR
...Bilmirəm talehinmi, tarixinmi hökmüdür, ya romantik arzularına qovuşa bilməməylərinin nəticəsidir ki, romantiklərimiz eyni faciəli bir tale yaşadılar. Kimi dəhşətli 37-nin qurbanı oldu, kimi elindən-obasından didərgin düşərək ömrünü yad ellərdə başa vurdu. Nə yetərincə yazıb-yarada, nə də bu dünyanın gözəlliklərindən həzz ala bilməyən cəmi 22 bahar yaşayan Səid Səlmasi, nə isti bir oçağı, bir xoş söz deyəni, xoş nəvaziş göstərəni olmayan Məhəmməd Hadi, nə də amansız xəstəliyin qurbanı olan, 30 yaşın da dünyadan göçən Abdulla Sur öz şərəfli amallarını sonacan başa çatdıra bilmədilər...
**
“İqbal” qəzetində maraqlı məzmununa və üslubuna görə diqqətimi çəkən “Nakamlıq” adlı məqaləni oxuduqca hiss etdim ki, müəllif onu ürək ağrısı, dərin təəssüf hissi ilə qələmə alıb. H.Cavid ən yaxın qələm yoldaşı, dostu, gənc pedaqoq Abdulla Surun vəfatı münasibəti ilə yazdığı bu məqalədə M.Ə.Sabirin və vətənpərvər Ruhullanında ölümündən bəhs edərək kədərini belə bildirirdi: “Əvət, şu bir sənə zərfində Qafqas, ulu Qafqas, sevgili evladlarından üç qiymətli vücud qayb etdi.
Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi...Qafqas öylə nadir vücudə bir də pək çətinliklə malik ola bilər.
İkincisi vətənpərvər üləmamızdan hacı molla Ruhulla həzrətləri idi ki, ziyayi-təhəmmülgüdazı islam ruhi ilə bəslənmiş, hər bir vətəndaşını məhzum və dilxum etdi.
Üçüncüsü isə şu iki mərhumun hiç birilə qabili-qiyas olmaz. Çünki onlar kamilən olmasa belə yenə az-çoq yaşayıb və istədikləri qadar millət və vətənlərinə ifayi-xidmət edə bilmişlərdi. Bu isə (A.Sur), hənuz yeni-yeni qol-qanat açıb, təşəb-büsatda bulunub vətən yavruları için, onların tərəqqiyyatı için çalışıb-çabalamaqda ikən, ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət vermədi”.
Yeri gəlmişgən bir faktı da qeyd edim ki, Hüseyn Cavid Abdulla Surla (Tofiq) ilk dəfə İstanbulda tanış olub. H.Cavid İstanbulda Darülfündə oxuyan zaman Abdulla Sur da İstanbulda Darülfünun ədəbiyyat və psixoloji fakültəsində təhsil alırmış və bu tanışlıq vətənə döndükdən sonra dostluğa çevrilərək davam etdirilib.
Əsası 1453-cü ildə Sultan Məhəmməd Fateh tərəfindən qoyulmuş bu qədim elm ocağında Abdulla Sur görkəmli türk alimləri, pedaqoqları ilə yanaşı tanınmış siyasi xadimlərlə də görüşmüş, onlardan dəyərli məsləhətlər almış və idealist fəlsəfənin sirlərinə yiyələnmişdi. Bunlar A.Surun sonrakı ədəbi yaradıcılığının, fəlsəfi görüşlərinin, xüsusən türkçülük, millətçilik ideyalarının formalaşmasında və təbliğində çox mühüm rol oynamışdı. Odur ki, bu yüksək təhsil onu bir sıra fəlsəfi təlimlərdən xəbərdar edərək öz ideyalarını sözlə, ədəbi-bədii yolla, sənət vasitəsilə çatdırmaq istəyinə qovuşdurmuşdur.
***
Kim idi Abdulla Sur ki, Hüseyn Cavid kimi böyük bir filosofu, mütəfəkkiri bu qədər təsirləndirmişdi. Hər şeydən əvvəl H.Cavidin amal, məslək yoldaşı-romantik ədəbi məktəbin nümayəndəsi. İkinci dövrünün istedadlı jurnalisti, kəsərli sözə sahib ədəbi tənqidcisi, xeyirxah və savadlı pedaqoqu.
... Abdulla Ağaməhəmməd oğlu Məhəmmədzadə (Abdulla Tofiq Sur) 1882-ci ildə Gəncədə dünyaya göz acıb. Əksər yaşıdları kimi əvvəl dini təhsil alan Abdulla sonra təhsilini Gəncə Xeyriyyə məktəbində davam etdirib. Burada fars, ərəb dillərini mükəmməl öyrənib. Lakin daha gözəl təhsilə malik olmaq üçün 1906-cı ildə üz tutub Türkiyəyə.
***
Çox erkən yaşından, hələ Türkiyəyə getməzdən əvvəl 1903-cü ildən yazıb-yaratmağa başlayan Abdulla Sur demək olar bu qısa ömrünü bütövlüklə ədəbi mühitə, bir sözlə maarifə, elmə həsr edib. Odur ki, geniş və çoxcəhətli bilik sahibi olub. Tədqiqatçı alim Əziz Mirəhmədovun yazdığına görə “Bədii ədəbiyyatdan əlavə, tarix və dil, fəlsəfə və iqtisadiyyat, maarif və mətbuat məsələləri ilə dərindən maraqlanırdı. “Elmi-iqtisadi” adlı qeyri-mətbu əsərindən məlum olur ki, Spenser, David Rikardo, Sismondi kimi klassik iqtisadçların nəzəriyyələrini yaxşı öyrənibmiş”.
Elə ona görə də onu yaxından tanıyan, biliyinə və vətənpərvərliyinə heyran olan Məhəmmədağa Şahtaxtinski belə gəncləri olan millətin gec-tez istiqlalına qovuşacağına əminliyini bildirərək “Şərqi-Rus” qəzetində “Madam ki, türk anaları belə oğullar doğurlar, belə millətin istiqbalından əmin olmamaq mənasız və əsassız bir bədbinlik və yəsdən başqa bir şey olmaz”- söyləməklə nə qədər haqlı imiş. Çünki, istiqlalımızın qələbəsində böyük əməyi olan H.Cavid, Ə.Cavad kimi onlarla istedadlı söz sahiblərini yetişdirməklə Abdulla Sur istiqlalın qələbəsinə yol açdı.
İlk jurnalistlik fəaliyyətinə 1903-cü ildə “Şərqi-rus” qəzetində başlayan Abdulla Sur düz on il Azərbaycan mətbuatında jurnalistlik, publisistik və ədəbi tənqidçilik fəaliyyətini davam etdirid. “A.Sur”, “Bir adam”, “Abdulla Məhəm-mədzadə”, “Qafqasiyalı”, “Gəncəli” imzaları ilə mətbu aləmində tez bir zamanda məşhurlaşan müəllif ilk yazılarını “Şərqi-Rus”da çap etdirərək xalqını bu düşdüyü cəhalətdən qurtulmaq üçün elmə, maarifə səsləyirdi. Milli intibaha çağrış ruhunda olan bu yazılar sonradan “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət” kimi mətbu orqanlarının səhifələrində davam etdirildi. Bununla yanaşı artıq Abdulla Sur dövrün digər aktual problemlərinə, qadınların təhsil almasına, ailə-məişət məsələlərinə və s. mövzulara məqalələrində yer ayırırdı.
***
İsmayıl bəy Qaspiralının “Tərcüman” qəzetində və onun qızı Şəfiqə xanım Qaspiralının “Aləmi-nisvan” jurnalında çap olunan Abdulla Surun adı bu zaman hələ çox gənc olmasına baxmayaraq dövrünün görkəmli ziyalıları ilə birlikdə çəkilir və onun yaradıcılığına diqqət göstərilirdi.
A.Sur Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində həm də bir ədəbi-tənqidçi kimi də öz izini qoymuşdu. Əsasən romantik ədəbi məktəbin nümayəndəsi olan A.Sur “Füyuzat”çı orqanlarda aktual mövzulu elmi-tənqidi yazılarında klassik irsin bədii incəliklərinə, ideya-fəlsəfi tutumuna xüsusi yer ayırırdı. Elə bu məqsədlə dahi M.Füzuli poeziyasının sənətkarlıq məsələlərinə, ictimai-siyasi dünya görüşünə, lirik qəhraman haqqında düşüncələrinə, dil və üslub əlvanlığına böyük həssaslıqla yanaşmışdır.
“Kimsədən məhəbbət və rəğbət görmədiyi halda” öz istəyi uğrunda mübarizə apararaq calışan Füzulinin ədəbi dil uğrundakı mübarizəsini A.Sur öz qələm yoldaşlarına örnək göstərərək, klassiklərə münasibətini, onlara qayğı ilə yanaşaraq öyrənməyi, bəhrələnməyi tövsiyə edirdi. Unitmayaq ki, A.Surun klassiklərə münasibətində diqqəti çəkən və onu müasirlərindən fərqləndirən əsas xüsusiyyət ədəbi-tarixi keçmişə, mədəni tərəqqinin mürəkkəb mərhələlərinə sistemli analitik baxışıdır.
“Füzulinin janr palitrasına da baş vurur, onun poetik çalarlarını aydınlaşdırır, şairin bədii nəsrinə dair mülahizələrini tarixi-tipoloji qaydada açıqlayırdı”-söyləyən mətbuatşünas alim filologiya elmləri doktoru, prof. Ş.Vəliyev bu haqda “Füyuzat” ədəbi məktəbi” adlı əsərində geniş və aydın şəkildə bəhs etdiyi üçün bir daha təkrara yol vermədən onu qeyd etmək istərdik ki, A.Sur Füzulinin lirikasına çox böyük əhəmiyyət verərək “sənətkaranə təsvirdən başqa bir şey yapmadığını” söyləyərək ona qayğı ilə yanaşmışdır.
Ədibin “Füzuliyə bir nəzər”, “Nəfiyə bir nəzər” və “Türk ədəbiyyatına bir nəzər” adlı əsərləri bu gün də öz aktuallığı və maraq dairəsinə görə diqqəti cəlb edir.
Amma onu da qeyd edək ki, A.Surun ədəbiyyata, klassiklərə müraciəti “Füyuzat”dan əvvəl “Həyat”da olub. “Həyat”da gürcü ədəbiyyatının görkəmli nümayəndələrindən Ş.Rustavelli, N.Barataşvili, Q.Eristavi, D.Conqadze haqqında çap etdirdiyi məqalələr onun bilik dairəsinin genişliyini və mütaliyə dairəsinin zənginliyini sübut edirdi. A.Sur “Füyuzat” jurnalında cəmi dörd dəfə çıxış edib. İlk yazısı jurnalın 25 may 1907-ci il tarixil 18-ci sayında “Bir türk şairəsi” sərlövhəli yazısıdır. “Sinan paşaya bir nəzər” (28-cu sayında) və “Füzyliyə bir nəzər” (30 və 31-ci saylarında) sərlövhəli iri həcimli məqalələri də maraqlı və oxunaqlıdır.
***
Sovet dövründə digər romantiklər kimi A.Sur yaradıcılığı da haqsız tənqidə məruz qalmışdır. Tədqiqatçılar onu əsasən dini baxışlarına görə, “liberalizim mövqeyində dayanan”, “yaradıcılığında dindar ideoloqların təbliğinə yer verən”, “yanlış bir mövqeydə duran”, “islam mədəniyyətinin yolçusu olan” bir qələm əhli kimi tənqid atəşinə tuturdular. Lakin zaman sübut etdi ki, A.Sur demiş: “həqiqi mədəniyyət-islamiyyət deməkdir”, “əsil mədəniyyət nə isə, islamiyyət də odur”.
16 yaşından, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olan A.Surun təkcə yaradıcılığı deyil elə şəxsi həyatı da təmiz və yüksək bir mədəniyyət nümunəsi idi.
“Füyuzat” jurnalı, N-4 2014
Dostları ilə paylaş: |