QƏRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz



Yüklə 1,11 Mb.
səhifə7/14
tarix02.12.2016
ölçüsü1,11 Mb.
#674
1   2   3   4   5   6   7   8   9   10   ...   14
FÜYUZATÇI ƏHMƏD KAMAL

Abdulla Şaiqin “Azəri türklərinin milli haqlarının aynası” adlandırdığı “Füyuzat” doğrudan da çox qısa bir vaxtda mütərəqqi görüşlü ziyalıların mətbuat orqanına çevrildi. Bu mütərəqqi görüşlü ziyalıları başına toplayan Əli bəy Hüseynzadə türkçülük ideologiyasını siyasi cəryan kimi ön plana çıxararaq Türkiyədən də bir çox yazarları jurnalına dəvət etdi. Belə yazarlardan biri də Əhməd Kamal idi.

Əhməd Kamalın kimliyini “Füyuzat” oxucularına belə bəyan edirdi: “Əhməd Kamal bəy əsl İstanbullu olub darül-şəfiqə məktəbi-aliyyəsindən nəşət etdikdən sonra ibtida o məktəbdə ədəbiyyat müəllimi təyin olunmuş və bir tərəfdən də “Sabah” və “Sərvəti-fünun” qəzetlərində türk mətbuatına xidmətdə bulunmuşdur”.

Sonralar isə Osmanlı imperiyasına qarşı mübarizəyə qalğdığı üçün mühacir həyatı yaşamağa məcbur olmuşdur. Belə bir vaxtda Əli bəy Hüseynzadə onu Azərbaycana dəvət etmişdir. “Füyuzat”da da bu dəvəti özünə xas qələm həmrəyliyi və yüksək mədəniyyət nümayiş etdirərək məhz redaksiyanın ehtiyac duyduğuna görə türk müəllifin Bakıya dəvət olunduğunu xüsusi vurğulamışdı.

Lakin tədqiqatçı alim Vilayət Quliyevin fikrincə “...bir neçə ay əvvəl sadəcə gündəlik ruzisini təmin etmək və küçədə qalmamaq arzusu ilə mətbəədə müsəhhih (korrektor – V.Q.) olmağı da məqbul sayan və “məcburi bir dəvət” ilə (M.Kayahan Özgül) Bakıya gələn Əhməd Kamal qısa zaman ərzində özünü islam mətbuatının ən tanınmış mötəbər simalarından biri kimi qələmə verməyə başlamışdı”.

Bu haqda Əhməd Kamal məqalələrindən birində yazırdı: “Mən buraya izhari-kəmal və kəsbi-şöhrət üçün gəlmədim. Bəlkə iyirmi sənədən bəri mətbuati-islamda qazanmış olduğum şöhrətə etimad edərək məni buraya dəvət etdilər. Və Bakuyə müvasalatımı nəşr edən qəzetlər də bu surətlə yazdılar. Mətbuati-islamın ləmai-nisari-kəmalat olduğu heç bir üfqi-mərifət yoxdur ki, orada Əhməd Kamal ismi-naçizi məruf olmasın. Mətbuati-islam iyirmi sənə min türlü müşkülat içində və hər türlü əsbabi-səadətini fəda edərək kəndisinə xidmət etmiş bir mühərririni tanımayacaq dərəcədə qafil deyildir. Buraya vüsulumun əqəbində bütün Kafkasiyada müntəşir cəridələrin haqqı-acizanəmdə yazdıqları təqdirani-məsləkdaşanənin daha sətirləri qurumamış-dır...”

Tədqiqat əsərlərindən belə bəlli olur ki, Əhməd Kamal Azərbaycana 1907-ci il mayın ortalarında gəlmiş və “Füyuzat”la əməkdaşlığı da cəmi beş ay çəkmişdir. Elə həmin il avqustun 10-da səfərə çıxan Əhməd Kamal “Bakıdan bir kaç gün təbdili-hava üçün Pyatiqorsk denilən yerə gəldik”- yazsa da, Rusiya və Avropaya səyahəti bir aydan çox çəkmişdi. Səfəri zamanı Rostov, Varşava, Berlin, Paris, Sürix, Vyana, Sofiya, Kostansa, Odessa şəhərlərində olmuşdu. Sentyabrın 12-də Tiflis üzərindən geri dönmüşdü. Sonradan bu səfər haqqında “Füyuzat”ın 7 oktyabr 1907-ci il tarixli sayında “Aropada” (46 günlük bir səyahət) adlı məqaləsində ətraflı məlumat verir. Elmin, maarifin, mətbuatın inkişafından bəhs edən müəllif yazırdı ki: “Biz halə anlamıyoruz ki, bir millətin mətbuatı o millətin lisanı deməkdir. Mətbuatdan məhrum olan millətin lal bir adamdan fərqi yoxdur. Dilsiz bir adam amal və hüququnu ifadə və müdafiədən nasıl aciz isə mətbuatı olmayan bir millət də amal və hüququni təcavüzi-əğyardan öyləcə məsun bulunduramaz. Əvət!.. Mətbuat bir millətin lisanı, samiəsi, nəzəri, beyni deməkdir”.

Ə.Kamalın “Füyuzat”da ilk çıxışı 16 may 1907-ci il tarixli sayında çap olunan “Fəlsefeyi-pərişan” seri ilə başlayır. Onu da qeyd edək ki, Əhməd Kamal “Füyuzat”ın səhifələrində həm şair, həm də tənqidçi-publisist kimi çıxış etmişdi. Bəzi tədqiqatçıların fikrincə Ə.Kamalın “şeirləri Osmanlı təcəddüd ədəbiyyatının çox da diqqətəlayiq sayılmayacaq  nümunələri idi və jurnalın poetik simasını formalaşdıran Məhəmməd Hadi yaradıcılığı ilə müqayisədə zəif görünürdü”. Lakin, onun XX əsrin əvvəllərində milli poeziyaya gətirdiyi bir yeniliyi qeyd etmək mütləq lazımdır. Belə ki, “Füyuzat”ın 18-ci sayda çap olunan “Gözəlim, açma maziyi” şeiri ilə Əhməd Kamal Şekspir poeziyasının təsiri ilə “türk şeirində sonetin ilk nümunəsini yaratmışdı”.

Jurnalın həmin sayın da (25 may 1907) Ə.Hüseynzadə Ə.Kamalın gəlişini “Yeni qələm yoldaşımız” adlı məlumatda çox şadyanalıqla bildirib. Buradan bəlli olur ki, Ə.Kamal Azərbaycana gələrkən Misirdə çap etdiyi “Doğru söz” adlı qəzetin sahibi və mühərriri olmuş, lakin “...bəzi-əsbabi xüsusiyyəyə məbna “Doğru söz”ü 14-cü nömrəsində tövqif ilə Misiri tərkə məcbur olmuşdur”.

Yuxarıda qeyd etdik ki, Ə.Kamalın “Füyuzat”dakı fəaliyyəti cəmi beş ay çəkmişdi. Həmin müddət ərzində məcmuənin səhifələrində 5 şeiri və 13 məqalə və publisist yazısı nəşr olunmuşdu. Vilayət Quliyevin fikrincə onların “Azərbaycan ədəbi fikrinə hər hansı ciddi təsir göstərməsindən danışmaq inandırıcı görünmür”.

Ə.Kamalın jurnaldakı ilk publisistik yazısı “Simurqun qanadları altında” adlanır. (“Füyuzat” 25 may 1907). Bu məqaləni oxuduqca hiss olunur ki, müəllif onu Əli bəy Hüseynzadənin 1906-cı il iyulun 7-də “Həyat” qəzetində çap etdirdiyi “Kuhi-Qaf və Simurq” məqaləsinin təsiri altında qələmə alınmışdı. Bunu çıxarışda verilən “Ədibi-nəcib Əli Hüseyn bəyin “Həyat” və ondan iqtibasən “Türk” qəzetələrində müntəşir “Qaf və Simurq” məqaleyi-lətifieyi-ədəbiyyələrinə təlmihdir” qeydindən də görmək mümkündür. Həmçinin bu məqalə Ə.Kamalın müəyyən mənada Azərbaycandakı fəaliyyəti baxımından proqram xarakteri daşıyır, onun “Füyuzat” vasitəsilə ilə görmək istədiyi işlərin anonsunu verirdi. Məqalə Əli bəyə müraciətlə yazılmışdı. Onun Simurqun dilindən deyilmiş “Gəlin! Qanadlarımın altına gəlin ki, həsrətkeş olduğunuz sabahi-ürfan və hürriyyət mənim qanadlarımın altından doğacaqdır!” – sözlərini misal gətirən müəllif özünün Bakıya gəlişi və “Füyuzat” ailəsinə qoşulması ilə bu çağırışa səs verdiyini diqqətə çatdırırdı: “Əsrlərdən bəri üşaqinə Qafi-xəyal üzərində həsrətkeşanə, məhrumanə fəryadlar etdirən Simurq bəni qanadının altına çağırıyordu. Bu dəvətə qarşı tərəddüd edə bilirmi idim? Simurq bənim aşinayi-vicdanım deyilmidir? Simurq bənim ümməthayi-əvvəlinimdən olmazmı? Simurqun qanadları bənim aba və əcdadımın aşiyani-nəşəti sayılmazmı?”

Müəllif “Bolqarıstan” (12 iyun 1907) adlı məqaləsində Bolqarıstanda yaşayan müsəlmanların taleyindən bəhs edərək yazıdı: “Bolqariyadakı müsəlmanların yekdigərinə qarşı laqeyidlikləri yüzündən hər sənə bir qaç müsəlman köyü əmlaklarını yox bahasına satub Türkiyəyə hicrət etməgə məcbur oluyor... Biçarə köylülər sirf cahilanə bir etiqadın, cahilanə bir təəssübün, haqsız bir tənəffürün qurbanı oluyorlar”.

“Misirin vəziyyəti-idariyyə və siyaiyyəsi” (23 iyun 1907) sərlövhəli məqaləsində Misirin iqtisadi, siyasi vəziyyətindən geniş şəkildə bəhs edən müəllif sonda yazırdı ki: “Gələcək nüsxələrimizin birində oradakı müsəlmanların və baxüsus türklərin əhvali-daxiliyyələri haqqında ayrıca məlumat verəcəgiz”. Ə.Kamalın “Müxtəsər bir cavab” (2 iyul 1907) sərlövhəli məqaləsində əslən Şuşalı olan yazar Tahir Musayevin ədəbi dilə birtərəfli yanaşma tərzindən geniş şəkildə söhbət acırdı.

“İsbati-iştibah” (26 iyul 1907), “Avropalılarla anlaşalım?” (7 avqust 1907), “Qaranlıqlarda” (19 oktyabr 1907), “İsbati-iştibah” (1 noyabr 1907) böyük həcimli, müxtəlif məzmunlu məqalələri bu gün də oxunaqlı və maraqlıdır. Uzun illər kecməsinə baxmayaraq onun “Avropalılarla anlaşalım” məqaləsi indi də öz aktuallığını itirməyib və bu gün də hər birimizin yaşadığı hisslərin həqiqi təsvirini orada tapa bilirik. Xalqımızın həyatının qərblilər tərəfindən yalnız ekzotik bir görüntü kimi təsvir edilməsi? Buyurun. Əhməd Kamal türk cəmiyyətinin bilicisi sayılan, indi adına İstanbulda küçə, otel və qəhvəxana qoyulan fransız yazıçısı Pyer Lotinin (1850-1923) “Aziada” romanını incələyir və patriarxal İstanbul mühitində türk qızı ilə fransız zabitinin eşq macərası haqqında yazılanların reallıqdan çox uzaq olduğunu göstərir.

Tədqiqatçı alim V.Quliyev demiş: “Avropa ensiklopediyalarında, soraq kitabçalarında, digər mənbələrdə tariximizin təhrif edilməsi, görkəmli şəxsiyyətlərimizin yada salınmaması? Buyurun. Fransanın “Böyük Laross” ensiklopediyasının yeni nəşrini görən müəllif adəti üzrə dərhal orada Osmanlı məşhurlarını, adları əsrlər boyu Avropanı qorxu altında saxlayan türk sərkərdələrini axtarır. Bəzən heç nə tapmır, bəzən isə ala-yarımçıq, təhrif olunmuş materiallarla üzləşir. Eynən bizim günlərdə olduğu kimi...”.

“Canım! İstanbuldan Avropanın ən uzaq yerinə qırx səkkiz saatdır. Bu adamlar nə üçün bizi anlamaq istəmiyorlar? Nə üçün təfərrüati-siyasiyyələrə şu qədər vaqif olurlar da, xüsusati-ictimaiyyəmizi ehmal ediyorlar? Boyləcə, bizi aləmə məsxərə eliyorlar...” – düşüncəsini ortaya qoyan Əhməd Kamal həyəcanlı sualına özü cavab verirdi: “Biz bağıra-çığıra bu həriflərin aralarına, onların qaibeyi-ictimaiyyələri içinə hər nə surətlə olursa olsun, girməyə çalışmalıyız. Bizi aləmə istədikləri kimi tanıtmamaları üçün daima gözlərinin önündə olmalıyıq. Yoxsa şəxsiyyəti-ictimaimiz daim yanlış tanıdılacaqdır!” deyə Ə.Kamal yalnız bir publisist kimi, yox həm də bir vətəndaş kimi öz mövqeyini bildirirdi.

Müəllif “İsbati-iştibah” məqaləsi ilə “Füyuzat”ın son sayında Əli bəy kimi vida sözü ilə çıxış etməyi lüzum görmüşdü. Ə.Kamalın “İsbati-iştibah” adlanan məqaləsi baş redaktorun yazısı qədər ardıcıl, sistemli, hədəfə vuran olmasa da, müəllifin səmimiyyətindən, tapındığı ideyalar uğrunda sona qədər mübarizə əzmindən xəbər verirdi. “İştə sözümüz burada bitdi, “Füyuzat” da bu nömrədə bağlandı- deyə Əhməd Kamal yazırdı: “Amma bizim dilimiz bağlanmadı, bağlanmaz və bağlanmayacaqdır. Özü-sözü düzgün bir qəzetə intişar edincəyə qədər ixtiyari-sükuta məcbur olduğumuzu və “Füyuzat” məsləkində bir qəzetə, yəni mənafeyi-insaniyyə və milliyeyi-tərəqqi və hüriyyəti-kamilə və müsavati-şamilə dairəsində ərz və müdafieyi-əqdəm və əqdəsi-şərait ittixaz etmiş bir qəzetə intişar etdiyi təqdirdə hətta məccanən xidmətə hazır olduğumuzu ərz edəriz”.

“Füyuzat” bağlandıqdan sonra Əhməd Kamal 1908-ci ilin sonunda İstanbula dönmüşdü. Dostlarının yardımı ilə artıq Tələt Paşa kimi tanınan gələcək Triumvirat üzvü Tələt bəylə görüşmüş və yenidən onların təklifi ilə Əhməd Kamal Azərbaycana qayıdaraq Balaxanı məktəbindəki işini davam etdirməklə yanaşı Bakının mətbuat həyatında da fəal çalışmışdır. 1910-1911-ci illərdə “Günəş” qəzetinin baş redaktoru olmuş və eyni illərdə o, həm də “Füyuzat” ənənələrini davam etdirən həftəlik ədəbi-bədii və ictimai-siyasi illüstrasiyalı məcmuənin – “Yeni füyuzat”ın baş redaktoru idi.

Bildiyimiz kimi, 1905-ci il hadisələri çar hökumətini islahatlar aparmağa məcbur etmişdir. Və nəticədə hökumət 1905-ci ilin oktyabrının 17-də manifest imzalamağa məcbur olmuşdur. Bu manifestdən yararlanaraq ziyalılarımız ana dilli mətbuatın inkişafına nail olmuşdular. Beləliklə olakədə ana dilli mətbuatın inkişafı milli oyanışa səbəb olmuşdur ki, bu da çar hökumətini çox narahat etmişdir. Ona görə də ölkədə mətbuatın üzərinə yenidən amansız senzura qaydalarını tətbiq etməyə başlamışdılar. 1911-ci il martın 19-da Bakı polisi tərəfindən qəzet redaktorları arasında aparılan həbslər nəticəsində ölkənin bir çox tanınmış jurnalistləri, publisistləri həbs edildi ki, onların arasında Ə.Kamal da var idi.

“Bir gecə teatrdan dönmüş və hənuz yatmışdım, – deyə Əhməd Kamal aradan 40 il keçəndən sonra həyatını dəyişən həbsin tarixçəsini xatırlayaraq yazırdı: “...qap çalındı. Açdım. On polislə dairəm basılmışdı. Dərhal Bakıdan xeyli uzaq olan Bayıl həbsxanasına götürüldüm və içəri atıldım. Məndən əvvəl bütün qəzetəçi arkadaşlarımı da toplamışlar”.

Polis basqını nəticəsində “Yeni füyuzat”, “Şəhabi-saqub”, “Səda” və “Yeni həqiqət” kimi nəşrlərin fəaliyyəti dayandırılmış, onların naşir və redaktorlarından Əhməd Kamal, Əli Paşa Hüseynzadə (Səbur), Haşım bəy Vəzirov, Əlabbas Müznib, Məhəmməd Sadıq, Cəfər Bünyadzadə və b. həbsə alınmışdılar.

Mövcud faktların və tarixlərin müqayisəsindən aydın olur ki, Əhməd Kamal  iyunun sonlarında Bayıl həbsxanasından Tiflisə aparılmışdı. Təxminən iyulun ortalarına qədər burada saxlandıqdan sonra Batumidə Trabzon valisi, Atatürk hökumətinin gələcək xarici işlər naziri Bəkir Sami bəyə təhvil verilmişdi. Azadlığa qovuşmasında köhnə dostu, Məclisi-Məbusan üzvü İsmayıl Haqqı Paşanın rolu olmuşdu

Sovetlər dövründə digər füyuzatçlar kimi Ə.Kamalın da fəaliyyəti düzgün qiymətləndirilməmiş, hətta təhqirlərə məruz qalaraq “əyyaş”lıqda günahlandırmışlar. Bundan başqa onun M.Ə.Sabirlə qalma-qalı bir həyat yaşadıqlarını da söyləyənlər olmuşdu. Bu haqda doğru məlumatları ədəbiyyatşünas alim professor Alxan Bayramoğlunun “Sabir müasirlərinin gözü ilə” adlı məqaləsində vermişdi. Müəllif bildirir ki, əslində Ə.Kamalla M.Ə.Sabir yaxın dost və iş yoldaşı olmuşdular. Hər ikisi Balaxanıdakı “Sadət” məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşlar və “Həqiqət”, “Günəş”, “Yeni həqiqət” qəzetlərində birgə işləmişlər. M.Ə.Sabirin yaradıcılığına və şəxsiyyətinə hörmətlə yanaşan Ə.Kamal onun maddi problemlərinin də həll edilməsində qayğı göstərmişdi. (Ə.Kamal Balaxanıda “Sadət” məktəbində müdir işləyərkən M.Ə.Sabiri bu niyyətlə oraya işləməyə dəvət etmişdir). Azərbaycan da dövrü mətbuatda bir publisist və naşir kimi tanınan Ə.Kamal füyuzatçlıq ideologiyasını davam etdirən “Yeni Füyuzat” jurnalına rəhbərlik etmiş və bu zaman Sabir də burada çap olunmuşdur.

Füyuzatçı ədəbi məktəbin tədqiqatçısı olan professor Şamil Vəliyevin təbirincə desək: “Azərbaycan elmi-mədəni və ədəbi-bədii fikrinin inkişafında təkanverici xidmətləri olan Əhməd Kamal” amalları həm bir jurnalist, həm də bir pedaqoq kimi bu gün ki, gəncliyə aşılanmalıdır.

“Füyuzat” jurnalı, N-6 2014

SÖZƏ QİYMƏT VERƏNLƏR

YAXUD LAYİQLİ VARİSLƏR

Həqiqət və inkarolunmaz fakt budur ki, sözün qiymətini, gücünü dərk edən, anlayan onun nəyə qadir olduğunu bilən insan Sözə hər an məsuliyyətlə, söz əhlinə isə qayğı ilə yanaşacaq. Fərq etməz şair olsun, yazıçı olsun, jurnalist olsun və yaxud söz aləmindən uzaq bir insan olsun. Təki sözün qiymətini dərk etsin, duysun...

Böyük mütəfəkkir Lev Tolstoy demiş: “Söz böyük nemətdir... sözlə insanları birləşdirmək də olar, ayırmaq da...”. Məhz dünənimizi bu günümüzə birləşdirmək, böyük söz sahiblərinin amal və əməllərini gəncliyimizə catdırmaq üçün “Kaspi” qəzeti də üz tutdu dünənimizə. O, dünənimizə ki, sözləri ilə böyük bir xəzinə yaradan, xalqı azadlığa, xoşbəxtliyə, yeniliyə doğru aparan klassiklərimizin əməlləri, amalları var orda.

Doğrudur bu gün respublikamızda qəzet bolluğudur. Hər birinin də cəmiyyətdə öz yeri, öz səviyyəsi var. Yaxşı ya pis. Bu başqa bir mövzudur. Lakin danılmaz bir faktdır ki, milli mənəvi dəyərlərimizin qorunması və yaşanması üçün Azərbaycan mətbuatı, ədəbiyyatı, mədəniyyəti və ictimai fikir tarixinin inkişafında misilsiz xidmətləri olan, klassiklərimizə onların ədəbi-bədii, elmi-nəzəri irsinə, şəxsiyyətinə “Kaspi” qəzeti qədər geniş yer verən, səxavətlə qucaq acan qəzetimiz yoxdur. Bəlkə (elə bəlkəsiz) kimlərsə mənim bu fikirlərimlə razılaşmayacaq. Öz işləridir. Lakin həqiqəti inkar etmək çox cətindir. Bəzən belə bir fikirlə də rastlaşıram ki, “bu gün qəzetlər yalnız informasiya verməklə kifayyətlənməlidir”. Məncə çox yanlış fikirdir. Dünənini, keçmişini bilməyən, özünü tanımayan bir millət sabahını, tarixi inkişaf yolunu düzgün müəyyənləşdirə bilməz...

Fikrimi sübut etmək üçün qiqqətinizi “Kaspi” qəzetin son illərdə kecirdiyi müsabiqələrə, xüsusi buraxlışlara yönəltmək kifayətdir.

Rusdilli qəzet olmasına baxmayaraq XX əsrin əvvəllərində milliruhlu ziyalılarımızın əsas tribunasına çevrilmiş “Kaspi” qəzetinin yubleyinə, igidliyi və vətənpərvərliyi ilə bir daha milyonların qəlbini fəth edən Milli qəhramanımız Mübariz İbrahimovun ölməz xatirəsinə, vətənpərvər şerləri ilə Azərbaycan ədəbiyyatının tarixinə əbədi həkk olunan Məmməd Arazın anım gününə və s. bu kimi milli-mənəvi dəyərlərə bağlı yubleylər, müsabiqələr “Kaspi”çlərin həyat devizinə çevrilib. Və yaxud Azərbaycan da mətbuatın, mədəniyyətin, ədəbiyyatın inkişafında, azadlığın əldə edilməsində ölcüyəgəlməz dərəcədə silinməz yerləri olan klassiklərimizə həsr edilən xüsusi buraxılışları gözdən kecirmək kifayyətdir ki, bu həqiqətlə razılaşasan.

Kimlərə həsr edilib bu xüsusi buraxlışlar. Bütün türk dünyasını “Dildə, fikirdə, işdə birlik” deyə birliyə çağıran, yarım əsrə yaxın mücadilə aparan İsmayıl bəy Qaspiralıya, “...azəri türklərinin milli düşüncəsinə “millət” anlayışını gətirərək” onu daima ittihada və tərəqqiyə səsləyən, “qafqaz türklərinin atası” adlandırılan Əli bəy Hüseynzadəyə, istiqlalımızn və istiqbalımızın uğrunda canını fəda etməkdən cəkinməyən Məhəmməd Əmin Rəsulzadəyə, bütün ömrünü millətinin vəkili olaraq mücahid edən Əli Mərdan bəy Topçubaşova və başqalarına...

Onların mətbu irsinə, ədəbi-fəaliyyətinə, şəxsi həyatına, dünya görüşünə, işıqlı fikirlərinə həsr edilən bu xüsusi buraxlışların hər biri qardaş Türkiyəyə, onların orada yaşayan övladlarına, nəvə-nəticələrinə göndərildi. Bu fakt özü bir daha onların əzizlərinə sübut etdi ki, onların ataları, babaları xalqımızın qədir bilən övladları tərəfindən heç vaxt unudulmur amalları, əməlləri yaşayır və yaşayacaqdır.

Bir pedaqoq kimi bu xüsusi buraxılışların hər birini auditoriyaya aparıram. Tələbələrimlə müzakirə edirik, onların fikir və rəylərini öyrənirəm. Mətbuatımızın tarixinə həsr edilən bu xüsusi buraxlışlar üçün Jurnalistika fakültəsinin rəhbərliyi və çox saylı tələbələrim adından bir daha “Kaspi”çilərə minnətdarlığımızı bildirirəm.

Əlbəttə bu xeyirxah işlərin həyata kecirilməsində təbii qəzetin təsiscisi tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist, Milli televiziya və Radio Şurasının üzvü Sona xanım Vəliyevanın, qəzetin baş redaktoru “Əməkdar jurnalist” tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədlinin və bütövlükdə “kaspi” çilərin böyük zəhməti var.

Sona xanımın mətbuatımıza, klassiklərimizə olan bu qayğısı XX əsrin əvvəllərində mədəniyyətimizin, maarifimizin mətbuatımızn inkişafı üçün varidatını cəkinmədən sərf edən Hacı Zeynalabdin Tağıyevin ruhunun şad olması üçün ən böyük sayğıdır desək lap yerinə düşər. Çünki, bir zamanlar rusdilli “Kaspi”nin milli ruhlu bir qəzetə cevrilməsi üçün Hacının cəkdiyi zəhmətlərin bəhrəsi bu gün də onun qədir bilən xalqının sözə qiymət verən bir xanımı tərəfindən davam etdirilir.

Sona xanım, Sizin üçün ona görə “Zaman xəbərsiz” ötür ki, millətimizin tarixində və taleyində belə şərəfli yer tutan bu qiymətli insanların irsini yad etməklə, gənc nəsillərə catdırmaqla, zamanınızı bu xeyirxah işlərə sərf edirsiniz.

Cəmi üç-dörd ildir ki, “Kaspi” ilə sıx əməkdaşlıq edirəm. Azərbaycan mətbuatının tarixi, onun görkəmli şəxsiyyətləri haqqında çap olunan yazılarımın uğurlu taleyi üçün “kaspi”çilərə çox minnətdaram. Hərdən düşünürəm ki, bu az zaman ərzində məni onlara, xüsusən də Sona xanıma bağlayan nədir? Sona xanımın mətbuat tariximizə olan qayğısımı? Yoxsa Həsən bəyə və Mirzə Cəlil yaradıcılığına, şəxsiyyətinə olan sonsuz sevgimi, hörmətmi? Və yaxud Sona xanımın daha çox sevdiyim şeirlərindən birində dediyi kimi: “Mən şəhərli ola bilmədim” ehtirafımı.

Sona xanım Siz nə yaxşı şəhərli ola bilmədiniz. Bəlkə onda bu səmimiyyət, bu saflıq, bu sadəlik Sizdən çox-çox uzaq düşərdi və Sizi ətrafınızdakılar bu qədər sevməzdi. Bəlkə də ona görə ola bilmədiniz ki, bütün ruhunuz, mayanız dahi Mirzə Cəlil amalları ilə yoğruldu.

Siz də sözü duymayanlara, onu dərk etməyənlərə Həsən bəydən, Mirzədən, Əli bəydən, Əli Mərdan bəydən, Ağaoğludan dönə-dönə bəhs etməklə onları anlatmaq istəyindəsiniz. Çox gözəl. Çünki bu gün millətimizin Həsən bəy vətənpərvərliyinə, Mirzə Cəlil ağayanalığına, Əli bəy uzaqgörənliyinə, Ağaoğlu millətpərəstliyinə, Əli Mərdan bəy siyasətinə çox böyük ehtiyacı var.

“Kaspi”nin ilk qadın tədqiqatçısı Səmayə Mövlayevanın təbrincə desək: “bu böyük dahilərin ruhu uyuyan, dəsti-xətti duyulan “Kaspi”yə redaktorluq etmək də çox məsulliyyətli bir işdir. Elə böyük tarixi şəxsiyyətlərdən sonra belə bir qəzetə rəhbərlik etmək üçün gərək bütün varlığınla xalqına, dövlətinə, millətinə bağlı bir qələm əhli olasan”. Natiq müəllim hələ çox gənc olmasına baxmayaraq istedadlı və bacarıqlı bir redaktordur. Deməli Sona xanım bu secimdə də yanılmayıb. “Kaspi”nin taleyi etibarlı əllərdədir.

Əlbəttə “Kaspi”nin 1999-cu ildən ta bu günə kimi olan fəaliyyətində, uğurlarında Sona xanımla, Natiq müəllimlə yanaşı bütövlükdə hər bir “kaspi”çinin öz əməyi və rolu var. Ona görə də qəlbində millət, xalq sevgisi olan bu söz əhlinin hər birinə “layiqli varis” olmağı arzulayıram.

“Ədalət” qəzeti, may 2014



MÜASİRLƏRİNİNMƏDƏNİYYƏT MƏLƏYİ

ADLANDIRDIĞI PUBLİSİST

1878-ci ilin may ayında Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində dünyaya göz açan Həsən Səbri Ayvazov şərəfli bir ömür yaşayaraq xalqının azadlığı, xoşbəxtliyi uğrunda mübarizə aparmışdır...

Türk dünyasında yetişən neçə-neçə fikir və qələm adamları bəşər tarixinə böyük töhfələr vermişdir. Hesab edirik ki, öz ziyası və fikirləri ilə millətin mənəvi tərəqqisində böyük pay sahibi olan həmin şəxsiyyətləri yaxından tanımaq və xalqımıza tanıtmaq vacib olduğu kimi, bir o qədər də şərəfli işdir. Ona görə də, bu sayımızda sizi onlardan biri - "Füyuzat" ədəbi məktəbinin qurucularından və inkişaf etdirənlərindən olan publisist, siyasi xadim, istedadlı pedaqoq Həsən Səbri Ayvazov ilə tanış etmək qərarına gəldik. Bütün həyatını türk dünyasının birliyi və bərqərar olması üçün mübarizədə keçirən, hətta dəhşətli 37-nin qurbanı olarkən belə öz əqidəsindən dönməyən Həsən Səbri Ayvazov ilə... 1938-ci ilin aprelində "xalq düşməni" adı ilə güllələnən, məzarının yeri belə bilinməyən, ruhu isə bütün türk dünyasının səmalarında dolaşan bu igid türk oğlu ilə...

XX əsrin əvvəllərində Azərbaycan mühiti üçün ciddi əhəmiyyət kəsb edən ən əsas mövzular milli mətbuat, maarif, müstəqil dövlət, azad millət, qadın azadlığı ilə yanaşı, həm də türkçülüyün, böyük turançılığın təbliği idi. Xüsusən də türkçülüyün təbliği 1905-ci ilin əvvəllərindən 1920-ci ilin aprel işğalına kimi Azərbaycan mətbuatında ən önəmli mövzulardan biri olmuşdur. Bu mövzunu ilk dəfə "Həyat" qəzetinin gündəmə gətirməsinə baxmayaraq, sonralar "Füyuzat" və füyuzatçı idealarına sadiq qalan mətbuat daha geniş əks etdirirdi. Böyük və şərəfli olan bu missiyanın həyata keçirilməsi Azərbaycan mətbuatı tarixində ilk olaraq romantik ədəbi məktəbin bünövrəsini qoyan böyük mütəfəkkir, publisist, jurnalist Əli bəy Hüseynzadənin adı ilə bağlıdır. Bu ədəbi məktəbin yaranmasında və təşəkkülündə Ə.Hüseynzadəyə dəstək olanlar arasında Həsən Səbri Ayvazovun xüsusi yeri vardı. H.S.Ayvazov hələ "Füyuzat"dan əvvəl "Həyat" qəzetində bu mövzuda bir çox məqalələr, hekayələr dərc etdirərək dövrün ən fəal publisisti kimi tanınmışdı.

1878-ci ilin may ayında Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində dünyaya göz açan Həsən Səbri Ayvazov şərəfli bir ömür yaşayaraq xalqının azadlığı, xoşbəxtliyi uğrunda mübarizə aparmışdır. Krımın istiqlal mücadiləsi tarixinin ən parlaq nümayəndələrindən olan Həsən Səbri ilk təhsilini doğulduğu qəsəbədəki mədrəsədə almış və sonra elə həmin mədrəsədə bir müddət müəllimlik etmişdir. Lakin həm mədrəsə, həm də müəllim yoldaşlarından fərqli olaraq Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında qalması ilə barışa bilmir, bu faciədən qurtulmaq, azad olmaq üçün yollar arayırdı.

Bu qurtuluşun yalnız maariflənməkdən keçdiyini dərk edən gənc Həsən Səbri İstanbula, ordan da Qahirəyə üz tutur. Burada darülfündə təhsili alan gəncin dünyagörüşü, həyata dair düşüncələri daha da kamilləşir. Cəhalətin və rəzalətin qurbanı olan xalqını nəyin bahasına olursa olsun elmə və azadlığa sövq edir. Bu arzusunu müxtəlf yollarla həyata keçirmək istəyən H.Səbri əsasən mətbuat, maarif və teatr yolu ilə cəmiyyətə təsir göstərmək qərarına gələrək məsləkinə uyğun insanlarla yaxınlıq edir.

Hələ tələbə olarkən İstanbulda Əli bəy Hüseynzadə ilə dostluq edən Həsən Səbri elə onun xahişi ilə 1905-ci ildə Bakıya gəlir və "Həyat" qəzeti ilə əməkdaşlığa başlayır. Milli duyğularla zəngin olan məqalələrində xalqı istiqlala, azdlığa səsləyən gənc publisist dövrün bütün siyasi-ictimayi hadisələrinə münasibət bildirərək daha fəal mövqedən çıxış edirdi.

Bütün varlığı ilə millətinin maariflənməsinə çalışan Ə.Hüseynzadənin siyasi baxışları, ədəbi görüş və fikirləri H.S.Ayvazovun qəlbinə və qələminə o qədər hakim kəsilir ki, bu müqəddəs amalın gerçəkləşməsi onun düşüncəsində, məsləkində və amalında aparıcı ideyaya çevrilir. Bu ideyanın təbliği üçün geniş meydan açan Əli bəy Hüseynzadə "Füyuzat" ədəbi məktəbinin təməlini qoyur.

H.S.Ayvazov "Füyuzat"da Ə.Hüseynzadədən sonra ən fəal yazar olmuşdu. "Füyuzat"ın səhifələrini gözdən keçirərkən Ə.Kamal, T.Fikrət, Ə.Midhət, S.E.İbrahimov, Ə.Hamid, A.Səhhət, A.Şaiq, M.Ə.Rəsulzadə, A.Sur və digər füyuzatçılara nisbətən H.S.Ayvazovun imzası ilə daha çox rastlaşırıq. Onun dövrün ictimai-siyasi problemlərini əks etdirən bədii-publisistik məqalələri ilə yanaşı, məcmuədə hekayələri də dərc edilib. Müxtəlif mövzulara həsr edilən "Bəşər və səy", "Krımlılar", "Həyati-ailə", "Təlimi-ətfal", "Lisan qovğası", "Teatro" və "Qadınlar" və s. məqalələrində ciddi ictimai-siyasi problemlərə toxunaraq bu məsələlərə geniş münasibət bildirmişdi.

Onun "Füyuzat"da ilk yazısı ""Həyat"ın qürubundan "Füyuzat"ın tülumundan hasil olan təəssüratım" (13 noyabr 1906) adlı məqaləsidir. H.Səbri ""Həyat"ın sönməsilə zülmətda qalan gözlərim "Füyuzat"ın doğması ilə mənəvi bir nura qərq oldu. "Həyat"ın getməsi ilə mütəəssir olan qəlbim "Füyuzat"ın dünyaya gəlməsi ilə mütələziz oluyor..." deməklə jurnalın çapına öz sevincini bildirirdi.

"Həyati-əqvam nə ilə qaimdir?" (26 noyabr 1906) adlı məqalənin davamı kimi "Həyati-əqvam" bağlığı ilə (8 dekabr 1906) növbəti sayda çap olunub. "Zira bəşər bir gün səydən məhrum qalarsa, o gün məhv olar" (18 dekabr 1906) söyləyən publisist bütün bəşəriyyətin inkişafı üçün hər kəsin səy göstərməsini, bəşəriyyətə qayğı ilə yanaşmasını dönə -dönə qeyd edir. "Krımlılar nə üçün tənqid edilmiyor?" (29 dekabr 1906) məqaləsində çox haqlı olaraq mədəniyyətin yalnız müsəlmanlara, xristianlara və yaxud başqalarına məxsus olmadığını söyləyərək qeyd edir ki: "Mədəniyyət heç kimsənin, heç bir millətin malı deyildir. Mədəniyyəti yalnız bir qövm yaxud bir adam meydana gətirməmişdir. Mədəniyyət avropalıların da malı deyil. Bəlkə mədəniyyəti-hazirə ədyani sabiqə və hazirədən hər birinin, Hind, Misir, Yunan və İrani qədim mədəniyyətləri ilə Asiya və Ərəb mədəniyyətləri və ən sonda Avropa mədəniyyətinin, yəni hər qövm və millətin yetişdirmiş olduğu üqəla, üləma, füzəlanın himaməti-mütəvaliyə və məcmuələrinin məhsuli-ümumisisdir".

Hər zaman maarifi, elmi təbliğ edən H. Səbri deyirdi: "Hanki bir millətdə maarifi-ümumiyyə bulunursa, o millət sədəmati-dəhrin qəhrindən xof etməz. O millət zaval bilməz".

Ailə tərbiyəsini "Həyati-ictimaiyyənin əsası" adlandıran H.Səbrinin "Həyati-ailə və ailəçilərimiz" (20 fevral 1907) adlı məqaləsi bu gün də çox aktual və əhəmiyyətlidir. Publisistin məqaləsində ailənin qorunub saxlanmasında, övladların tərbiyəli və təhsilli olmasında ata və ananın böyük rol oynadığı əsas göstərilir: "Ailə təşkil edəcək ana və babalar bilməlidirlər ki, ikisinin əl-ələ, baş-başa gələrək dünyaya gətirəcəkləri növnihallar, məsum yavrucuqlar, ilərüdə heyəti-ictimaiyyəmizə birər əza və cəmiyyəti-milliyətimizin tərəqqi və idaməsinə birər xadim olacaqlar". Publisist "Təlimi-ətfal məsələsi" (24 mart 1907) məqaləsində şagirdlərin tərbiyə və təlim məsələlərinə toxunaraq qeyd edir ki: "Həyat"da qareini-kiramə bir az məlumat vermiş idim. Bu gün də "Təlimi-ətfal" sərlövhəsi altında çocuqların təlimi məsələsindən bəhs edəcəyəm". Bu məqaləni oxuduqca hiss olunur ki, Həsən Səbri bəy həm də gözəl pedaqoqdur. Çünki o, məqalədə bir pedaqoq kimi uşağın təlim-tərbiyəsinə hansı üsullarla yanaşma metodlarından da bəhs edir.

H.Səbri məqalələrində dil məsələsinə də münasibət bildirmişdir. Belə məqalələrdən biri də "Lisan qovğası"dır (29 aprel 1907) ki, burada müəllif dilin qorunması üçün yazırdı: "... bir millət, bir qövm lisani-millisinin mühafizə edəcək qədər bir ədəbiyyata, həyati-ictimaiyyəsini qoruyacaq qədər bir iqtidara, bir qüvvətə malik olamazsa, onlara avuc açacaqdır...". "Hər şeyin əsası lisandır. Lisansız heç bir şey olamaz" deyən publisist çox haqlı idi və dilimizin qorunması, yaşanması üçün qələm yoldaşlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirirdi. Özü də bu məsələyə məsuliyyətlə yanaşırdı. Bildiyimiz kimi, dərgi bütün türk dünyasına xitab etdiyi üçün füyuzatçıların dili sadə danışıq dilindən fərqlənirdi. Lakin H.S. Ayvazovun dil, üslub sadəliyi əksər məqalələrində özünü açıq-aydın əks etdirir. Burada sadə, aydın dillə yanaşı, bir publisist sənətkarlığı da özünü büruzə verir. "Əsarət qurbanları"ndan (16 may 1907) kiçik bir hissəyə diqqət yetirək: "Aylı bir gecə idi. Yazıxananın ittisalında hər tərəfə nəzarəti-kamiləsi olan kiçik balkonda oturuyordum. Göy üzü çocuq qəlbi kibi saf və bərraq idi". Göründüyü kimi, cümlələr çox sadə, aydındır. Məqalə sona kimi publisistik üslubda qələmə alınıb ki, bu da onu daha oxunaqlı edir.

Müəllif bir neçə sayda teatr mövzusunda da məqalələrlə çıxış etmişdir. Jurnalın 26 iyul 1907-ci il tarixli sayında publisistin böyük həcmli "İsbati-iştibah" məqaləsi ilə yanaşı, onun şəkli də verilib.

"Qadınlıq və qadınların əhəmiyyəti" (14 avqust 1907) sərlövhəli məqaləsində qadına yüksək qiymət verən və onu müqəddəs bilən publisist "Qadın nədir?" sualına belə cavab verir ki: "... şəfqət, riqqət və mərhəmətdən xəlq olunmuş bir vücudi-narındır ki, nazikanə nəzərləri, xalisənə sözləri, məcburanə ədaləri həp mələkanədir".

Böyük tarixə, zəngin mədəniyyətə malik olan türk dünyasının XX əsrin əvvəllərində ziddiyyətli və çətin günlər yaşaması füyuzatçıları narahat etməyə bilməzdi. Odur ki, onlar tez-tez bu mövzuya müraciət edərək çıxış yolları arayırdılar. Heç təsadüfi deyildi ki, H.S.Ayvazovun o zaman bu mövzuda yazdığı "Nədən bu hala qaldıq?" adlı pyesi ictimaiyyət tərəfindən çox maraqla qarşılanmışdı.

Müəllif bu üçpərdəli pyesini ilk dəfə "Füyuzat" jurnalında çap etdirir və 1907-ci ildə Bakıda kitabça şəklində buraxdırır. Silsilə şəklində çap olunan əsər oxucuları tərəfindən maraqla qarşılanır və tez bir zamanda səhnəyə qoyulur.

Həsən Səbri Ayvazovun bu əsərindən əvvəl Bakıda çap olunan ilk kitabı isə 1906-cı ildə işıq üzü görən "Üsuli-tədris və təlim-tərbiyə" adlı metodik vəsait idi. Müəllif bu əsərdə bir pedaqoq kimi dərs üsulları və pedaqogikası haqqında geniş məlumat vermiş, müəllimlərə 12 qayda ilə dərs verməyi məsləhət görmüşdü. Hətta kitabın sonunda "Məktəbin müəllimlərə aid nizamnaməsi", "Məktəbin şagirdlərə aid nizamnaməsi" adı ilə məktəb rejimi barədə təlimat verilmiş və kitabda təhsil müddəti 5 il olan məktəblər üçün proqram nümunəsi də əlavə edilmişdi.

Bildiyimiz kimi, XX əsrin əvvəllərində Rusiyada baş verən 1905-1907-ci il hadisələri çar hökumətini ölkədə islahatlar aparmağa, güzəştlərə getməyə məcbur etdi. Hökumət 1905-ci il oktyabrın 17-də söz, mətbuat, yığıncaq azadlığı ilə bağlı "Manifest" imzalamalı oldu. Bu fürsəti əldən verməyən vətənpərvər ziyalılar Bakıda, Krımda, Tiflisdə anadilli mətbuatın inkişafına nail oldular. Bu zaman II Dövlət Dumasına deputat seçilən istedadlı publisist, islahatçı görüşləri ilə seçilən Rəşid Mehdiyev ana dilində qəzetin nəşrinə icazə alır və H.S.Ayvazovun redaktoru olduğu "Vətən xadimi" qəzetinin ilk sayı 1906-cı il mayın 1-də Qarasubazarda işıq üzü görür. Çox təəssüf ki, "Vətən xadimi" qəzeti 1908-ci ildə hökumət tərəfindən bağlanır. H.S.Ayvazovun daha çox bağlı olduğu "Vətən xadimi" və "Füyuzat" mətbu orqanlarının bağlanması ona çox pis təsir edir. Bundan sonra H.S.Ayvazov bir müddət Moskvadakı Lazarev İnstitutunun şərqşünaslıq fakültəsində dərs deyir. Məhz buradakı fəaliyyəti onun ictimai-siyasi xadim kimi yetişməsinə və şöhrət tapmasına səbəb olur.

Türk dünyasının varlığı və yüksəlişi uğrunda mübarizə aparmasında Həsən Səbriyə Əli bəy Hüseynzadə ilə yanaşı, "türk birliyi ideyalarının qurucularından və fikir atalarından olan" İsmayıl bəy Qaspıralının da böyük köməyi dəymişdir. Özünü həmişə İsmayıl bəy Qaspıralının tələbəsi sayan Həsən Səbri onun həm də köməkçisi və məsləkdaşı idi. "Tərcüman" qəzetinin redaktorluğunu da İsmayıl bəy Qaspıralı məhz H.S.Ayvazova etibar etmişdi. Ölüm ayağında İ.Qaspıralının başı üzərində olan və onun son sözlərini türk dünyasına çatdıranlardan birı də məhz Həsən Səbri olmuşdur. İllər sonra İsmayıl bəyin fikirlərini qamçılayanlara qarşı Həsən Səbri deyirdi: "Onun fikirlərini baltalamaq, öldürmək artı mümkün deyildi. Çünki onlar millətin qanına, ruhuna, həyatına, qəlbinə hopmuşdur. Türk-tatar milləti bu gün bunlarla nəfəs alır, bunlarla qidalanır, bunlarla ruh və həyat bulur".

XX yüzilliyin əvvəllərində Rusiyanı sarsıdan bir çox hadisələr baş verdi ki, bunlardan biri də 1917-ci ilin fevral inqilabı oldu. Rusiyada baş verən bu hadisələr, təbii ki, Krımdan da yan keçmədi. İllərlə əsarət altında inildəyən xalq ayağa qalxıb öz müstəqil dövlətini qurmağa nail oldu. 1917-ci il martın 26-da Krım Xalq Cümhuriyyəti elan edildi və Noman Çələbi Cihanın rəhbərliyində Krım milli hökuməti quruldu. Baş verən bu siyasi hadisələrdə Həsən Səbri daha yaxından iştirak edirdi. O, Krımda çağırılan məşhur I Qurultayın əsas təşkilatçılarından biri idi.

Qurultayda Krım Xalq Cümhuriyyəti Anayasasını (konstitusiyasını) hazırlamaq üçün komissiya yaradıldı. Bu komissiyaya Noman Çələbi Cihan, Cəfər Seyamət, Cəfər Ablay, Həsən Səbri Ayvazov üzv seçilir. Onların hazırladığı anayasa geniş müzakirədən sonra dekabrın 13-də qəbul olunur. Ölkədə parlamentli respublika yaradıldığı elan edilir. Həsən Səbri Ayvazov yeni yaradılmış parlamentə sədr seçilir.

...Bu zaman Sovet Rusiyası yenə öz çirkin əməllərindən qalmır və Krım-tatar qurultayını, hökumətini tanımadığını bildirir. Vəziyyət gərginləşir. 1918-ci il yanvarın 26-da Qara dəniz matrosları gənc Krım hökumətini qan içində boğur. Vətənini çətin durumdan qurtarmaq üçün H.S.Ayvazov Krım dövlətinin təmsilçisi qismində İstanbula gedir. Türkçülüyün ideoloqlarından biri kimi tanınan Həsən Səbri burada böyük hörmətlə qarşılanır. O, Krımın müstəqilliyi ideyasına Osmanlı dövlətinin mənəvi-siyasi dəstək verməsinə nail olur. Azərbaycan hökumətinin başçısı Məmməd Əmin Rəsulzadə 1918-ci il avqustun 4-də Osmanlı paytaxtında Azərbaycan nümayəndə heyətinin başçısı, xarici işlər naziri M.H.Hacınıskiyə yazdığı məktubunda da qələm və əqidə dostu H.S.Ayvazovun İstanbula gəlməsi və diplomatik fəaliyyətə başlaması haqqında məlumat vermişdir.

Milli istiqlal ideyasını təbliğ etmək üçün mətbuatın ən kəsərli vasitə olduğunu bilən H.S.Ayvazov siyasi fəaliyyəti ilə yanaşı mətbu fəaliyyətini də davam etdirirdi. Bu səbəbdən 1917-ci ildə Krımda nəşrə başlayan "Millət" qəzetinin fəaliyyətini 1918-ci il fevralın 1-dən Bakıda davam etdirir. Həmin il qəzetin 186 sayı çıxsa da, sonralar bu mətbu orqanın işıq üzü görməsində uzun bir fasilə yaranır. Tədqiqatçıların fikrincə, 1919-cu il avqustun 15-də "Millət" qəzetinin cəmi bir sayı çıxır və təəssüf ki, bu da qəzetin son sayı olur.

İstər siyasi fəaliyyətində, istərsə də ədəbi-bədii yaradıcılığında daim türk xalqlarının azadlığı, birliyi uğrunda mübarizə aparan H.S.Ayvazov hər sahədə təbliğatını davam etdirirdi. Türk xalqlarının latın əlifbasına keçməsi üçün yorulmadan çalışan, 1927-ci ildə keçirilən I və 1929-cu ildə keçirilən II Ümumkrım dil konfranslarında məruzələrlə çıxış edən Həsən Səbri 1927-ci ildə "Latın əlifbasına dair", "Oktyabr inqilabı və tatar münəvvərləri", 1928-ci ildə "Qiraət kitabı", "Məyus şairlərimiz" və başqa əsərlərini çap etdirir, "Yeni dünya", "İrəli”, "Okul işleri" jurnallarında dilçiliyin müxtəlif sahələrindən bəhs edən məqalələr yazır, latın əlifbası ilə çap olunan "Kozaydın" jurnalına redaktorluq edir. V.Şeksprin "Otello" faciəsini Haşım bəy Vəzirovla birlikdə tərcümə edən müasirlərinin "Mədəniyyət mələyi" adlandırdığı H.S.Ayvazov rus, Avropa yazıçılarının əsərlərini ana dilinə çevirir, Azərbaycan teatrlarında tamaşaya qoyulan əsərlər haqqında rusdilli mətbuata məqalələr yazır.

1928-ci ildən sovet hökuməti H.S.Ayvazovun istər siyasi, istərsə də ədəbi yaradıcılığını ciddi nəzarət altın alır. 1932-ci ilin əvvəllərinə kimi onun bütün ictimai-siyasi fəaliyyəti, yazdığı əsərləri "təhlil edilərək" yuxarılara məlumat verilir. Elə həmin ildə onu Pedaqoji İnstitutdan çıxarırlar. Bir neçə il işsiz qalan H.S.Ayvazov hara müraciət etsə də, "millətçi" olduğu üçün iş tapılmır ki, tapılmır. Nəhayət, mənfur sovet rejimi 1937-ci il aprelin 4-də 59 yaşlı vətənpərvər ədibi həbs edir. Düz 1 il davam edən işgəncəli istintaqdan sonra türk dünyasının bu böyük mücahidi 1938-ci il aprelin 4-də güllələnir.

"XIX əsrin sonu XX əsrin əvvəllərində türk-tatar dünyasının yenilikçi bayraqdarı" İsmayıl bəy Qaspıralının yetirməsi, məsləkdaşı olan H.S.Ayvazov "xəmiri nahaqla yoğrulan" sovet hökumətinin yalan və iftiralarının qurbanı olsa da, onun müqəddəs amalları bu gün də yaşayır və yaşayacaqdır. Bu gün nəşrini uğurla davam etdirən "Füyuzat" jurnalı bunun bariz nümunəsidir.

“Füyuzat” jurnalı, N-3 2014



ƏFSANƏYƏ BƏNZƏR BİR EŞQ

ya generalı ömürlük eşq dünyasınınəsrinəçevirən xanım

Deyilənə görə dahi Üzüyir bəyin pianosu üstündə bitməmiş bir not var. Bu Üzeyr bəyin general Əliağa Şıxlinskinin ömür-gün yoldaşı Nigar xanıma yazdığı altı bəndlik “Mənim” şerinin iki bəndinə yazılmış romansıdır.

“Mənim ölüm tariximi sevimli Nigar

xanımın vəfatı günü ilə hesablayın”.

General Əliağa Şıxlinski.

Nə böyük, nə ülvü sevgi. Deyilənlərə və yazılanlara görə Nigar xanım Əliağa Şıxlınskinin ilk və son məhəbbəti olmuş. General sevimli ömür-gün yoldaşı Nigar xanımın ölümündən sonra düz on üç il tək-tənha yaşayıb. Əslində bu yaşamağ onun üçün ölümə bərabər bir “həyat” olub. “Sevgi könül dərmanı, insan ruhunun qidası”dır deyirlər. Nigar xanımın ölümü Əliağa Şıxlinskini bu ruhun qidasından məhrum etdi. Ona görə də sevimli Nigarı öldüyü gündən, andan həyat onun üçün bitdi...

Sonralar general xatirələrində yazırdı ki: “Biz 22 il birgə ömür sürdük. Bu 22 illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. O, dünyasını dəyişəndə mənim hər şeyim; həm sadətim, həm də səhhətim onunla getdi”.

Tədqiqatçı alim Heydər Hüseynov Əliağa Şıxlinskinin sonrakı taleyini belə təsvir edirdi: “... general hər gün otağındakı, divardan asılmış Nigar xanımın şəkli ilə saatlarla söhbət edər, xəyallara dalardı. Bununla xəyalan Nigarlı günlərinə “qovuşardı”. Həyatındakı bu boşluğu yalnız Nigar xanımın xəyalı ilə “doldururdu”.

... Kim idi bu Nigar xanım ki, “rus artilleriyasının Allahı” sayılan bu əfsanəvi igidin, generalın könül dünyasına hakim kəsilmiş, onu ömürlük öz eşq dünyasının “əsrinəçevirmişdi? Hətta övladlarının olmaması belə bu məhəbbətə mane ola bilməmiş, onların ömür yollarını ayırmamış...

Nigar Hüseyn Əfəndi qızı Qayıbova (Şıxlinskaya). İlk Azərbaycanlı şəfqət bacısı. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu qızıl medalla bitirən ilk ali təhsilli Azərbaycanlı xanımı. İlk hərbi rütbəli Azərbaycanlı qızı. Və ən əsası nəsillərə örnək ola biləcək sədaqəti və pak məhəbbətilə “məcazi eşqdən həqiqi eşqə körpü” salan “sadət səltənətinin baş tacı”!

Müfti Hüseyn Əfəndi əslən Qazaxlı olsa da Tiflisdə yaşamış və uzun illər Qafqaz Dini idarəsinin rəisi olmuşdu. Bir din xadimi olmağına baxmayaraq şeirə-sənətə, maarifə meyili bir insan olması qızı Nigarın təhsil almasında böyük rol oynamışdı. Nigarın anası Sadət xanım da dövrünün kübar xanımlarından idi. O, Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri secilmişdi. Övladlarının təlim-tərbiyəsi, təhsili ilə xüsusi olaraq özü məşğul olmuşdur. İlk təhsilini ata-anasından alan Nigar sonra ona xüsusi olaraq dərs verən müəllimlərindən rus, fransız, ərəb, fars dillərini mükəmməl öyrənmişdi.

Deyilənlərə görə Müfti Hüseyn Əfəndi çox qohumcanlı bir insan olub. O, tez-tez Qazağ da yaşayan əmisi qızı Şahyəmən gelə qonaq gedərmiş. Şahyəmənin oğlu Əliağa onun ürəyinə çox yatdığı üçün onu Tiflisə oxumağa yanına gətirir və Semyon Monastırsevinin şəxsi gimnaziyasın da oxumağa qoyur. Beləliklə, on iki yaşından Əliağa Müfti Hüseyn Əfəndinin nəzarəti altında böyüyür və onlarda qalır. Əliağanın xarici görnüşü kimi daxili zənginliyi də Hüseyn Əfəndinin çox xoşuna gəldiyi üçün qızı Nigarı ona ərə vermək fikrinə düşür. Gənclərin də bir-birinə isti münasibəti onun ürəyincə olur. Din xadimi olmasına baxmayaraq Hüseyn Əfəndi, Əliağa Peterburuqda Mixaylovski topçu məktəbində oxuyarkən Nigarla məktublaşmasına izin verir.

1886-cı ildə Əliağa topçu məktəbini pul və qızıl saat mükafatı alaraq qutardığı üçün onu podporçik rütbəsilə 39-cu topçu briqadasında xidmətə götürürlər. Müharibələrdəki uğurları Əliağanı on il doğma vətəninə həsrət qoyur. Nigar isə böyümüş, daha da gözəlləşmiş, artıq ailə qurmaq vaxtı idi.

... Müfti Hüseyn Əfəndinin dostu knyaz Məmməd bəy Palavandovun Qazağa hakim təyin edilməsi Hüseyn Əfəndini çox sevindirir. Bu münasibətlə dostunu ailəli Tiflisə qonaq dəvət edir. Qonaqlıq zamanı Məmməd bəyin oğlu Dərviş Nigarı görür və ona elçi düşür. Nigar bu sevgiyə biganə olsa da Hüseyn Əfəndi onu dostunun oğluna ərə verir.

Qəlbində hər an Əliağanın sevgisini yaşadan Nigarın ailə “sadəti” uzun çəkmir. Əri Dərvişin qəfil ölümü Nigarı görpə oğlu ilə yenidən ata evinə qayıtmasına səbəb olur. Günlərini Əliağanın göhnə məktublarını oxumaqla kecirən Nigar xanım bir gün yenidən ata evində Əliağa ilə rastlaşır...

Belə ki, 1908 –ci ildə polkovnik rütbəsi alan Ə.Şıxlinski döyüşlərin birində ayağından yaralanır. Bir necə ay müalicə alsa da yarası sağalmır. Daha mükəmməl malicə almaq üçün çar onun altı ay ordudan uzaqlaşmasını məsləhət bilir. Bu zaman Əliağa vətənə Qazağa üz tutur. Ata-anası ilə görüşdükdən sonra Tiflisə getmək istədiyini bildirdikdə valideyinləri olanlardan onu hale edərək dul qadınla evlənməsinin əlehinə çıxırlar. Lakin Əliağanın sözü bir olur. “Nigar mənim ilk və son məhəbbətimdir. Ya Nigar, ya heç kim” deyərək Tiflisə üz tutur.

Beləliklə, uzun illərin həsrətinə, iztirabına son qoyulur. 1909-cu ilin 27 oktyabrında onlar ailə qururlar. Bu zaman Əliağanın 44, Nigar xanımın isə 31 yaşı var idi. Böyük yaş fərqi olmasına baxmayaraq arada olan hörmət, etram, təmiz, təmənnasız sevgi bir xoşbəxt ailənin təməlinin qoyulmasına və yaşanmasına səbəb olur.

... Sevgisini yenidən itirmək qorxusu ilə yaşayan Nigar xanım Əliağanı döyüşlərdə də tək buraxmır. Bir şəfqət bacısı kimi hər an döyüşlərdə olur. 1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı “Qırmızı xac” adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri secilir. Gününü çoxunu yaralıların arasında kecirir, bəzən onların ailələrinə məktub da yazır, onlara təsəlli verir. Nigar xanımla birlikdə “Müsəlman alayı”nda vuruşan romantik şair Məhəmməd Hadi sonralar onun bu xeyirxahlığını ehtiramla vəsf etmişdir.

1914-cü ildə Nigar xanımın “Russki invalid”qəzetində qadınlara müraciəti dərc edilib (Bax: 1 avqust 1914,“Russki invalid” qəzeti). Bu müraciətdə o döyüşcü xanımlarını ağlamağa, sızlamağa yox ərlərinə dəstək olmağa, mübariz olmağa çağırırdı ki, ərləri cəbhədə daha ürəklə vuruşsunlar, ailələri üçün rahat olsunlar. (Bu gün bu müraciət hər bir Azərbaycan əsgərinin xanımına ünvanlanmalıdır).

Nigar xanım həm Cümhuriyyət dövründə, həm də sonrakı illərdə şəfqət baçısı işləməklə yanaşı dövrü mətbuatda müxtəlif məzmunlu məqalələrlə çıxış edib. Sovet dövründə “Yeni fikir”, “Şərq qadını” və s. qəzet və jurnallarla əməkdaşlıq edən xanım əsasən Azərbaycan ədəbiyyatı tarixindən, ana dilimizin saflığından bəhs edən məqalələr yazıb. Tədqiqatçı alim Ə.Mirəhmədovun fikrincə Nigar xanımın “jurnalistlik fəaliyyəti geniş tədqiq olunmalıdır və buna layiqdir”.

...Tanrı Əliağaya bir çox xoşbəxtliklər bəxş etsə də övlad xoşbəxtliyini ona nəsib etmir. Amma Əliağanın öz övladı olmasa da o Nigarın oğlu Xosrova öz övladı kimi çox qayğıkeş, mehriban münasibət bəsləyib. Onun xatirələrini oxuyarkən bəlli olur ki, Xosrov kicik yaşlarında onu atası bilirmiş.

1917-ci il hadisələri zamanı general uzaqgörənlik edərək Qafqaza qayıdır və tez bir zamanda Tiflisdə Azərbaycanlılardan ibarət Milli Azərbaycan Ordusunun təməlini qoyub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə onun yaranmasında yaxından iştirak edib. İstər Cümhuriyyət, istərsə də Sovet dövründə Ə.Şıxlinski hərbi elmi mövzuda məqalələr və kitablar çap etdirib.

Təbii ki, Əliağa Şıxlinski kimi hərbi biliyə və qeyri-adi şücaətə malik olan bir Azərbaycanlı oğlunun olması düşmənlərimiz üçün böyük bir qorxu idi. Ona görə də 1920-ci ilin 28 aprel işğalının səhərisi general rus-bolşevikləri tərəfindən həbs edilir. O, zaman Azərbaycan ÇK-sədri olan Semyon Pankratov müxtəlif illərdə generalı üç dəfə həbs etdir, uzun-uzadı sorğu-suala tutur. Hər dəfə də N.Nərimanov generalı çox çətinliklə azad etdirir.

Bu həbslər, nəzarətlər Nigar xanımı çox narahat edir, sevimli ömür-gün yoldaşı üçün yaman narahatlıq keçirirdi. Qəlbinə hakim kəsilmiş bu qorxu onun səhətinə də təsir edir. Hər anı sək-səkəli yaşayan, sevimli ömür-gün yoldaşının taleyindən narahat olan Nigar xanım 1931-ci ilin 12 avqustunda dünyasını dəyişir.

Fransız yazıçısı Balzak demiş: “Qadının həyatı sevgi duyğu, dözüm və fədakarlıqdan yoğrulub”. Nigar xanım da sevgisi və duyğuları ilə Əliağa Şıxliniskini xoşbəxt etdi, dözüm və fədakarlığı ilə onu qorudu

“ Kaspi” qəzeti, 2014

“...Aləmdə bir insanlığa xidmət qalacaq

yaxud Üzeyir bəy xeyirxahlığı

Unutmayaq ki, “Həyat, dünya anılanlarıyla, unudula bilməyənləriylə, yoxluğu təəssüf doğyranlarıyla sevimlidir”.

... 18 sentyabr 1885-ci il. Eyni ildə, eyni gündə Tanrı xalqımıza iki dahi şəxsiyyəti bəxş etdi. Bəstəkar Müslüm Maqomayevi və jurnalist, publisist, bəstəkar, musiqişünas alim və ən əsası təpədən-dırnağa xeyirxahlığdan yoğrulmuş Üzeyr Hacıbəylini. Eyni seminariyada oxuyub, sonrada müəllimlik edən Müslüm və Üzeyir bəy yaradıcılıq yollarında olduğu kimi həyat yollarında da çox yaxın oldular. Hər ikisi Terequlovların ən əziz gürəkəni idi...

***


Bu gün mən Üzeyir bəyin nə ecazkar musiqisindən, nə fitri istedadından, nə də yüksək sənətkarlıq xüsusiyyətlərinə malik olan publisistikasından bəhs etmək fikirindəyəm. Bu gün Sizlərə Üzeyir bəy xeyirxahlığından, insanlığından bəhs etmək fikrindəyəm. O, xeyirxahlıqdan ki, Üzeyir bəyin həyat devizi olmuş, bu gün isə çoxları tərəfindən lazımsız və köhnəlmiş bir şey kimi arxivlərə atılmış. Amma unutmayaq ki, qlobalaşmış dünyanın qabalaşmış insanlarının, köhnə dünyanın yeni, “mədənisakinlərinin bu gün Üzeyir bəy xeyirxahlığına, humanizminə nə qədər böyük ehtiyacı var ...

...Deyilənlərə və yazılanlara görə Üzeyir bəy fitri istedada, analitik təfəkkür tərzinə, mükəmməl biliyə malik olmaqla yanaşı, heyrətamiz qeyrətə, cəsarətə, milli tarixi köklərə bağlı millətpərəst, vətənpərvər, dostluğa sədaqətli, təmənnasız xeyirxahlığ edən bir insan olub. Ən böyük dövləti, varı milli qeyrətdə, milli təəssübkeşlikdə görüb. (Bunu təsdiq edəcək yüzlərlə arxiv sənədləri, məktublar, xatirələr var).

8 sentyabr 1915-ci ildə “Yeni iqbal” qəzetində “Cibişdan” üçün çalışma, millət üçün çalış!”-söyləyən Üzeyir bəy bütün ömrü boyu milləti üçün çalışdı. Ona görə də Üzeyir bəy dühası, dünyası, sevgisi, irsi ölmədi, daimyaşar gücünə, ölməzlik zirvəsinə ucaldı. Üzeyir bəy o xoşbəxt sənətkarlardandır ki, zaman keçdikcə onun böyüklüyü bir daha özünü sübut edir.

***


Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin orqanı olan “Azərbaycan”a bir müddət rəhbərlik edən Üzeyir bəy 28 aprel işğalından sonra demək olar ki, publisistika, jurnalistika aləmində susmağa məcbur oldu. Demək istədiklərini, amma deyə bilmədiklərini ecazgar musiqinin dili ilə dedi. “Böyük sənətkarın lazım gələndə susa bilməsi, özünü susmağa məcbur edə bilməsi, nadir keyfiyyətdir” deyənlər məncə yanılmırlar. Üzeyir bəy də başdan-ayağa milli ruhda köklənmiş “Koroğlu”sunu yaratmaq üçün susdu. Susmaqda var, susmağa vadar olmaq da. Üzeyir bəy də ahıl yaşlı anasının, ömürgün-yoldaşı Məleykənin, iki dul bacısının sonrakı taleyini düşünərək susmağa vadar idi. Müşfiqin, Cavidin, Cavadın, Seyid Hüseynin ömürgün yoldaşlarının acı taleyi için-için yandırırdı onu. “Xalq düşməninin” arvadları deyə diri-diri cəhənnəmi yaşatdılar onlara... Nələr cəkmədi başları, nələr görmədi gözləri... “Başbilən kişilər”imizin bu oyundan ləzət alaraq ərlərini həbs edən kimi onları evlərindən çıxarıb kücələrə atması, DTK-nin qapılarında süründürməsi, hər cürə təhqirlərə məruz qalmaları Üzeyir bəyi varından yox edirdi...

Qohum-əqrabanın, dost-tanışın, qonum-qonşunun ürək edib aça bilmədiyi “xalq düşmənləri”nin qapısını açdı, dərdinə şərik oldu Üzeyir bəy. Bəzən gizlin, bəzən də açıq-aydın bu “düşmən” ailələrinin himayədarına çevrildi. Nisgil, ehtiyac, qorxu, təhqirlər və təqiblər icində “yaşayan” “xalq düşmənləri”nin ailəsinə nəyinki əl tutmaq, hətta salam vermək o zaman diri-diri özünü oda atmaq idi. Üzeyir bəy hər gün bu odla oynayırdı. Hüseyn Cavidin, Müşfiqin, Seyid Hüseynin, Zərdabinin daha kimlərin, kimlərin ailəsinə Üzeyir bəy doğma əmi, dayı oldu, “dərd leysanlarına, ələm sellərinə tab, duruş gətirdi, əməlləri ilə...

***

1989-cu ilin oktyabır ayının 20-i idi. Hüseyn Cavidin qızı Turan Caviddən müsahibə götürürdüm. Söhbətimiz həm çox maraqlı, həm də nisgilli keçdi. Turan xanım Cavid əfəndi həbs edildikdən sonra ailənin neçə böyük məşəqaətlərə məruz qaldığından söhbət acarkən “o, illər qapımızı yalnız Üzeyir əmi və Şaiq əmi açardı. Hətta Üzeyir əmi çox böyük risqə gedərək məni işə də düzətmişdi. Bunu qardaşım Ərtoğrol məktub yazaraq ondan xahiş etmişdi” deyə mənə bir məktub göstərdi.



Hörmətli Üzeyr bəy!

Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımım acınacaqlı halıdır... Anam uşaq baxçalarında işləyə bilər. Bacım həm baxçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər. lakin ən lazım məsələ çətin hallarda nəzarət etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm rədd etməzsiniz.

Hörmətlə, Ərtoğrol. 25 fevral, 1942”.

Turan xanım dedi ki: “Məktubu götürüb gəldim Konservatoriyaya, Üzeyir əminin yanına. Məktubu oxudu, elə həmin an zəng etdi Radio verilişləri Komitəsinin sədri Hüseyn Şərifova. Səhəri gün mən Komitədə işə başladım.

Turan xanımın dediyinə görə hətta bir dəfə onu oxuduğu İnistitutdan “xalq düşməni”nin qızı olduğuna görə qovurlar. Bu dəfə də Üzeyir bəy işə qarışır və çox çətinliklə Turan xanımı İnistituta bərpa etdilir.

Bir dəfə Üzeyir bəy bərk xəstələnir. Müşkünaz xanım Turanla ona baş cəkməyə gəlir. Üzeyir bəy yuxuda olduğu üçün daha onu narahat etmirlər bir az oturub gedirlər. Üzeyir bəy oyanıb biləndə ki, onlar gəlmişdi xanımı Məlikəyə ilk sualı bu olur ki, Onları yaxşı yola saldınmı?.

“Üzeyircan, narahat olma. Həmişəki kimi, doğrusu, dad-aman edirdilər ki, heç nə götürmərik, dedim Üzeyir əmini incitmək istəmirsinizsə, götürməlisiniz. Turancıq Sənə yaman dua edirdi ki, Üzeyir əmi məni işə düzəltməsəydi yaman çətin olardı”.

***


1998-ci ilin əvvəlləri idi. Bir necə tələbə yoldaşımla Üzeyir bəyin ev muzeyinə getmişdik. Ramazan Xəlilov Üzeyir bəyin xeyirxah əməllərindən danışırdı. Deyirdi ki, “ya 1930-cu illərin axırı, ya da 40-cı illərin əvvəlləri idi. Dövlət Konservatoriyası hələ M.Qorki küçəsindəki köhnə binasında yerləşirdi. Axşamdan xeyli kecmişdi, Üzeyir bəylə piyada evə gedirdik. Çox bürkülü yay axşamı idi. Birdən Üzeyir bəy ayaq saxladı. Əlağa Vahid səkidə oturub əsəbi halda papiros çəkirdi. Üzeyir bəy Vahid, xeyir olsun, sən hara, bura hara?- deyə sordu.

-Burda yaşayıram, Üzeyir bəy. Bu evin zirzəmisində, podvalda bir otaq veriblər, ailəmlə daşınmışıq bura. Amma nə pəncərəsi var, nə hava çəkən bir yeri.

Bu söhbətdən Üzeyir bəy çox məyus oldu. Evə çatan kimi Bakı Şəhər İcraiyyə Komitəsi sədrinə bir məktub yazaraq, Azərbaycanın böyük şairi Əlağa Vahidin mənzilini yaxşılaşdırmaqdan ötrü öz mənzil növbəsinin Vahidə verməsini xahiş edir. Halbuki Üzeyir bəyin özünün normal mənzil şəraiti yox idi. Uzun illər o, adicə kommunal şəraiti olmayan kiçik mənzildə yaşayırdı. Bu kicik və şəraitsiz mənzildə Üzeyir bəy anasını, iki dul qalmış bacısını və onların övladlarını da öz himayəsində saxlayırdı. Qəribədir Üzeyr bəy məktub məsələsini Məlikə xanıma bildirdikdə, geniş, rahat mənzil arzusu ilə yaşayan Məlikə xanım bunun əlehinə olmur, əksinə həmişəki kimi yenə də Üzeyir bəyi dəstəkləyir.

Səhər Üzeyir bəy məktubla Şəhər İcraiyyə Komitəsi sədrinin qəbuluna gəlir və məsələni Vahidin xeyrinə həll edir. Çox yaxın vaxta Vahidə yeni mənzil verirlər. Vahid bütün bunlardan xəbərsiz idi”.

Doğrusunu deyim ki, hələ o zaman Ramazan müəllim bu hadisəni danışanda da məni təcüb bürüdü, bu gün bu sətirləri yazanda da. Doğrudanmı belə gözü-könlü tox, xeyirxah, hec bir təmənna ummadan, saysız-hesabsız xeyirxahlıqlar edən insanlarımız olub. Bəs onda bu gün niyə sadəcə bir imza, bir söz üçün günlərlə yox aylarla bəzi qapıların arxasında gözləməli oluruq. Niyə insanlığı, insafı unuduruq. Axı bir ucu ölümlü dünyadan elə Əlağa Vahid özü demiş:


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin