Bakı hadisələri haqqında həqiqət
BURA QƏDƏR
İnsafınız olsun; əgər bütün bunlar belə olsaydı, əgər bütün bunlar həqiqət olsaydı, o zaman bircə şey qalırdı ki, bütün müsəlmanlar haqqında deyəsən: “Bu ki başkəsənlər və əclaflar dəstəsidir. Onlara nə Dağ-Mədən İnstitutu, nə din, nə sərvə təsir edir. Onların yeri hüquqi və zehni tərəqqiyə doğru qüdrətli addımlarla irəliləməyə can atan mədəni ölkənin hüdudları daxilində deyil, Saxara səhrasında olmalıdır”. İmperiyada müsəlman əhalinin sakin olduğu bütün güşələrdən hüquq barədə, müsəlmanlara rus təbəəliyi verməsi barədə xahişnamələr axıb gəldiyi bir vaxtda qəzet təbliğatçıları üzərlərinə necə böyük günah götürdüklərini, taleyin hökmü ilə və labüd bir surətdə onlarla birgə yaşamağa məhkum edilmiş insanlara necə dözülməz zərbə vurduqlarını başa düşürlərmi?
Bu təbliğatın ruslara müsəlmanlar barəsində olduqca acınacaqlı təsir bağışladığına və bağışlayacağına heç bir şübhə ola bilməz. Çünki rusların nə “Kaspi” səhifələrində yalançılıqda ifşa olunmuş həmin Doluxanovun gecikmiş peşmanlıqla etdiyi bu etrafdan xəbəri var ki, guya “Rus” qəzetinə “cəmiyyət işləri haqqında məlumatlarının olmadığı, müsəlman ruhanilərinin qırğın zamanı oynadıqları nəcib və insani rolun əbədiləşdirməyə layiq olduğunu” bilmədiyi bir vaxtda yazmışdır, nə Rammın (Protey) Bakıya gəlişinin ilk günlərindən bütün bu qəzet təbliğatını təşkil edən yalan və saxtakarlıq burulğanına düşdüyündən, nə də Qafqazda pulla şahidliyin geniş yayıldığından və 25 manata Orlovskaya kimi şahidlərin dilinə istənilən sözləri, istənilən məhkəmə ifadələrini verməyin mümkünlüyündən xəbərləri olmayacaq.
Qanlı Bakı hadisələrinin şahidi həm hadisələrdən əvvəlki, həm də sonrakı vəziyyətlə yaxşı tanış olan bir şəxs kimi biz tam qətiyyətlə təsdiq edə bilərik ki, müsəlmanların Bakı qırğınındakı rolu ilə bağlı bütün bu qəzet hay-küyü yalnız ağ yalan üzərində qurulmuşdur.
Biz bunu istər hadisələrin özünün, istərsə də onları müşayiət etmiş şəraitin sistemli təsviri yolu ilə müəyyənləşdirməyə çalışacağıq. Lakin qabaqca mətləbdən bir qədər kənara çıxmaq və qırğına qədərki hadisələrin ümumi mənzərəsini bir süjet formasında vermək istəyirik. Məqsəd oxucunun cürbəcür münaqişə törətməyə və ədavət salmağa asanlıqla zəmin hazırlayan psixoloji səbəbləri görməsinə imkan yaratmaqdır.
Heç kəsə sirr deyil ki, lap son zamanlara qədər Qafqaz hakim dairələri hər işdə erməniləri müdafiə edir və ruhlandırırdı. Ermənilər isə ağıllı və əlli-ayaqlı bir millət kimi özlərinin bu müstəsna vəziyyətlərindən bacarıqla yararlanırdılar. Onlar məktəblər açır, qəzetlər təsis edir, maarif və xeyriyyə cəmiyyətləri qurur, kitabxana və qiraətxanalar təsis edir və bütün bunların sayəsində həm zehni, həm də iqtisadi cəhətdən sürətlə qabağa gedirlər. Nəticədə sayca nisbətən az olsalar da onlar diyarda üstün rol oynamağa başladılar. Müsəlmanlar isə böyük əksətiyyət təşkil etmələrinə baxmayaraq, hakim dairələrin inamsızlıq və şübhələri nəticəsində ətalət, cəhalət, zehni və iqtisadi yoxsulluq içərisində yaşamaqda davam edirdilər. Öz-özlüyündə də aydındır ki, müsəlmanların sayları ilə düz gəlməyən belə bir uyğunsuz vəziyyətləri əhalinin bu iki hissəsi arasında labüd ixtilaflar törədirdi. Halbuki diyarın Rusiyaya birləşdirilməsinin elə ilk günlərindən də çox asanlıqla görmək olardı ki, müsəlmanlar say və qabiliyyətləri nəticəsində bu birləşmədə üstün rol oynamalıdırlar.
Qafqaz müsəlmanları ağıllı, gözüaçıq və əməksevərdilər. Onlarda qüdrətli, qənaətcil və işləməyi bacaran üçüncü silk vardır Məlum mədəni inkişaf da onlara iqtisadi sərbəstlik hüququ verir. Lakin heyhat! Müsəlmanların mədəniyyət yoluna qədəm qoyduqları ilk günlərdən başlayaraq ermənilər qonşularını lazımi rəğbətlə qarşılamadılar. Özlərinin xiristian dininə mənsubluqları və diyarda yüksək vəzifələr tutmaları sayəsində onlar əslində qanun təfsirçilərinə çevrildilər və qanunçuluqdakı etiqadla bağlı qeyri-dəqiq və kifayət qədər aydınlaşdırılmamış bütün sərfəli olmayan məqamları müsəlmanların əleyhinə yönəltdilər. Misal üçün, heç olmazsa, Zaqafqaziyada şəhər özünüidarəsi məsələsini götürün.
Zaqafqaziyada şəhər özünüidarəsi tətbiqinin ilk günlərindən onlar tələb etməyə başladılar ki, müsəlmanlar yəhudilərlə eyniləşdirilsin və şəhər özünüidarə orqanlarında onların nümayəndələrinin sayı qeyri-xristianlar üçün qanunda nəzərdə tutulmuş minimuma qədər məhdudlaşdırılsın. Və onlar bu məsələdə məqsədlərinə çatdılar. Uzun zaman müsəlmanların əhalinin əksəriyyətini təşkil etdikləri şəhərlərdə onların Dumadakı təmsilçiliyi bu minimumu ötmürdü. Müsəlmanlar yerli əhali olaraq qanunun onları nəzərdə tutmadığını, qanunvericiliyin Qafqaz əhalisinin bir hissəsini başqasının tabeliyinə vermək üçün heç bir əsas yaratmadığını sübut etməkdən ötrü nə qədər zəhmət çəkməli, mübarizə aparmalı oldular. Nəhayət, müsəlmanlara böyük iltifat göstərdilər, onlara şəhər özünüidarəsində geniş təmsil olunmağa icazə verdilər. Lakin yenə də şərt qoydular ki, müsəlman təmsilçilərinin sayı Duma üzvlərinin ümumi sayının yarısından artıq olmamalıdır. Və indi hətta Bakı kimi bir şəhərdə, elə bir şəhərdə ki, əhalinin 75 faizi müsəlmanlardan ibarətdir və ermənilər burada gəlmə ünsürlərdir, demək olar ki, bütün binalar, ticarət, sənaye müsəlmanların əlindədir, belə bir şəhərdə müsəlmanlar yenə də ancaq Duma üzvlərinin yarısını təşkil edirdilər. Bir müddət əvvəl müsəlman qlasnılardan birisi Dumanın iclası zamanı şəhər özünüidarə orqanlarında müsəlmanlarla ermənilərin sayını bərabərləşdirmək üçün yuxarı instansiyalara rəsmi müraciət etmək zərurəti haqqında məsələ qaldıranda və ağlamsınaraq ermənilərdən müsəlmanlara yardım əli uzatmağı, onları öz səviyyələrinə qaldırmağı xahiş edəndə, erməni qlasnılar bir nəfər kimi belə bərabərləşdirmə əleyhinə çıxış etdilər. Erməni qlasnılardan biri isə xahiş etdi protokola yazılsın ki, məsələ yalnız müsəlmanların əksəriyyət təşkil etmələri sayəsində keçdi. İctimai xarakterli bütün digər müəssisələrdə birja kontorlarında, ictimai məclislərdə və s. də belədir. Aydındır ki, bütün bunlar şəhər əhalisinin iki hissəsi arasında dostcasına münasibətlərin qurulmasını çətinləşdirir və qara qüvvələrin hər cür qarışıqlıq salmaları üçün təbii zəmin hazırlayırdı.
Lakin bu barədə danışarkən mən qətiyyən o fikirdə deyiləm ki, müsəlmanlarla ermənilər arasında hansısa dini, yaxud milli düşmənçilik olmuşdur. Əksinə, onlar əsrlər boyu sülh və dostluq şəraitində yaşamışlar və hətta indi də mədəniyyətin oxşarlıqları qorunan hər yerdə-ümumi zəhmətlə bağlı olduqları kəndlərdə və obalarda onlar səmimi qonşular kimi yaşayırlar, aralarında heç bir ədavət və ayrı-seçkilik yoxdur. Bu toqquşma və narazılıqlar araqarışdıranların hər zaman yaxşı cücərən ədavət toxumu səpmələri üçün çox münbit bir zəminə çevrilmişdir. Məsələnin bu tərəfini aydınlaşdırandan sonra hadisələrin özünün təsvirinə keçirik.
***
Qırğından bir neçə həftə əvvəl şəhərdə həyacan və təşviş doğuran şayiələr dolaşmağa başladı. Ermənilər arasında müsəlmanların onları qırmağa, müsəlmanlar arasında isə ermənilərin onları darma-dağın etməyə hazırlaşdıqları haqqında söz-söhbət gəzirdi. Bu şayiələri kim, hansı məqsədlə yayırdı indiyə qədər məlum deyil. Cəmiyyətin ziyalı təbəqəsi əvvəlcə şayiələrə heç bir əhəmiyyət vermirdi, sadəcə gülür və elə düşünürdülər ki, bu yalnız ictimai diqqəti fevralın 19-na təyin olunmuş fəhlə nümayişlərindən yayındırmaq məqsədi ilə işə salınmış vasitədir. Lakin cəmiyyətin aşağı təbəqələri bərk narahatlıq keçirir və əsəbləşirdi. Şayiələr isə günü-gündən daha da geniş yayılaraq artıq həqiqi təşviş doğururdu. Bununla bir sırada şəhərdə ermənilərlə müsəlmanlar arasında o vaxta qədər görünməmiş sui-qəsdlər çoxalmağa başlamışdı. Camaat arasında gəzən şayiələrdə bunu iki erməninin zənginlərdən Balabəy Lazarevlə, Çaxmaqsazovun iblisanə əməlləri ilə əlaqələndirirdilər. Danışırdılar ki, müsəlmanlar onların arvadlarına, qadın qohumlarına və uşaqlarına sataşdıqları üçün bu ağalar özlərini təhqir edilmiş sayıb Şuşadan, Şamaxıdan və hətta az qala Türkiyədən başkəsənlər çağırmışlar ki, müsəlmanlardan intiqam alsınlar. Və doğrudan da ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü. Müsəlmanlar həmin ermənini təqib etməyə başladılar. O isə daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikirindədir. Bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, onun ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətli törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparıldığı zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü. Əsgərlər onun sinəsinə bir neçə süngü yarası vuraraq qətlə yetirmişdilər.
Müsəlmanlar arasında şayiə yayıldı ki, Lalayev bu əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu qəsdən, erməninin heyfini almaq üçün öldürmüşdülər.
Camaat büsbütün ağlasığmaz şeylər danışırdı. Guya ermənilər Türkiyədəki erməni quldur dəstələrinin məşhur başçısı Androniki çağırmışlar, anbarları bomba və silahla doldurmuşlar, guya onların tanınmış adamlarının şərəfini təhqir etmiş müsəlmanlar üzərinə hücuma hazırlanırlar.
O zaman şəhərə heç vaxt görünməmiş və qatarların hərəkətini tam bir həftə müddətində dayandıran güclü qar yağmışdı. Qar əriməyə başlayanda yenə camaat arasında şayiə yayıldı ki, guya qar altından qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş 6 cəsəd çıxarılmışdı. Hamını həyacan bürüdü. Bu həyacan cəmiyyətin ziyalı təbəqəsinə də sirayət etdi.
Hadisələri öyrənmək və bu şayiələrin qarşısını almaq üçün kiçik bir erməni-müsəlman komitəsi yaradıldı. Komitəyə müsəlman və erməni ziyalılarının nümayəndələri daxil idilər. Qərara alındı yayılan şayiələrin büsbütün boş və əsassız olduğunu xalqa başa salmaq ermənilərin və müsəlmanların nüfuzlu adamlarından xahiş olunsun. Habelə əhalini sakitləşdirmək, həyacan keçirməyin əbəs olduğunu izah etmək məqsədi ilə erməni və türk dillərində səyyar vərəqələr buraxılması ilə bağlı razılıq əldə olundu. Lakin, təəssüf ki, daha gec idi.
Psixoloji gərginlik artıq son həddə çatmışdı və dəhşətli müsibətin başlanması üçün kiçik bir bəhanə lazım idi. Məhz məxsusi olaraq seçilmiş adamlar ermənilərə və müsəlmanlara müraciətin doğurduğu intibaları müzakirə etmək üçün bir araya gəldikləri vaxt ermənilər müsəlman Ağa Rəzi Babayevi öldürdülər. Ağa Rəzi Babayev Bakının varlı və böyük qohum-əqrabalı adamlarından idi. Fevralın 6-da o, milyoner dayısı ilə birlikdə erməni kilsəsinin qabağından keçirmiş.
Adətən bazar günləri erməni kilsəsinin təkcə hasarının içərisində deyil, bayırında da çoxlu erməni toplaşır. Babayevlər erməni camaatının qabağından keçərkən atəş səsi eşidilir. İzdiham dərhal Babayevin üstünə atılıb onu sui-qəsd niyyətində təqsirləndirir. O özünü itirməyib tapançasını çıxarır, izdihama göstərərək atəş açmadığını, patronlarının hamısının yerində olduğunu deyir. Amma buna baxmayaraq, izdiham divan tutmaq üçün onu dövrəyə alır. Bu zaman qorodovoylar gəlir və Babayevin tapançasını alaraq özünü də polis şöbəsinə aparmaq üçün faytona oturdurlar. İzdiham faytonu gülləyə tutur. Qorodovoylar kimi Babayevin dayısı da qaçır. İki güllə yarası (sifətindən və qarın nahiyəsindən) almış Ağa Razinin cansız cəsədi faytona sərilir. Lakin qəzəblənmiş izdiham bununla da kifayətlənmir. Babayevin cəsədini çəkib faytondan yerə salır və küçə ilə sürüməyə başlayırlar. Sonra isə bıçaqla sinəsini bir neçə yerdən yaralayaraq ölünü bihörmət edirlər. Vəhşiləşmiş izdiham habelə təsadüfən buradan keçən iki büsbütün günahsız müsəlmanı da vurub yaralayırlar.
Qəziyyə xəbəri dərhal Babayevin qohum-əqrəbasına çatır. Təkrar edirəm: onun çoxsaylı qohum-əqrəbası vardı. Müsəlmanların və ermənilərin hələ də soyumamış qanlı intiqam hissləri yenidən baş qaldırır. Babayevin qohumları ermənilərin üzərinə hücum çəkdilər və onlardan qarşılarına çıxanları vurub öldürməyə başladılar. Axşam saat 10-na qədər hər iki tərəfdən 15-ə yaxın adam öldürüldü. Amma saat 10-dan sonra ara sakitləşdi. Ertəsi gün əhali, istər ermənilər, istərsə də müsəlmanlar öz adi, gündəlik işləri ilə məşğul idilər.
Bax elə bu məqamda hələ də əsəbləri tarıma çəkilmiş adamların əhvali-ruhiyyəsini bilən və baş vermiş hadisə ilə tanış olan inzibati dairələr özlərinin bütün bacarıq və məharətlərini işə salmalı idilər. Onlar çevik və qətiyyətli tədbirlərlə yenidən qan tökülməsinin qarşısını ala bilərdilər.
Ertəsi gün səhər saat 10 radələrində cahil erməni və müsəlman dəstələri toqquşdular və qırğın başladı. Artıq bu əsil qırğın idi: dəhşətli, amansız, soyğunçuluq və qətllərlə, yanğınlar törətmək və başqa qorxunc hadisələrlə müşayiət olunan və həm də xalqın həddini aşmış vəhşi ehtirası ilə alovlanan bir qırğın idi. Bu vəziyyət çərşənbə gününə qədər davam etdi.
Bu dörd günün qanlı hadisələri haqqında çox yazılmışdır. Bu günlərin dəhşətlərini təsvir etməyə çox ustalıq, çox bəlağət sərf olunmuşdur. Burada onları bir daha təkrar etməyin yeri deyil. Lakin biz bir məqama diqqət yetirmək istərdik: təəssüf ki, bu məsələdən danəşarkən erməniləri günahsız quzu, müsəlmanları isə onların qanını içməkdən həzz alan vəhşi yırtıcı şəklində qələmə verməyə çalışırlar. Bunun da səbəbi aydındır-ermənilərin hər yerdə adamları var! Əslində isə əgər hər hansı təhrikçilik vardırsa, bu həm ermənilər, həm də müsəlmanlar üçün eyni olmuşdur.
Burada oxucuların diqqətini müsəlman ziyalıların istər qırğın zamanındakı, istərsə də ondan sonrakı nəcib davranışına cəlb etmək istərdim. Qırğın zamanı nəinki ziyalı, hətta ən sadə müsəlman ailələrindən də eləsi yox idi ki, şəxsi təhlükəsizliklərini risk altında qoyaraq erməniləri gizlətməsin, onları müdafiə etməsin. Halbuki erməni ziyalıları tərəfindən bir təsadüfdə də olsun belə addım atılmamışdır.
Bu hələ hamısı deyil. Qırğını başlayan ermənilər olsa da, görəcəyimiz kimi, ona son qoyan müsəlmanlar olmuşdur. Faciənin davam etdiyi bütün dörd gün ərzində müsəlmanlar yerli qubernatoru əhatə edərək ona məktublar verdilər ki, nə isə bir qərara gəlsin, hər iki tərəfdən ruhaniləri yığıb küçələrə çıxsın. Dördüncü gün qırğının hələ də davam etdiyini və getdikcə daha dəhşətli əndazə aldığını görərkən ümumun rahatlığı naminə öz həyatlarını təhlükə qarşısında qoyan kimlər oldu? Yenə müsəlmanlar- İsmayılbəy Səfərəliyev, Kərbəlayı İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Hacı Baba Aşurov, Kərbəlayı Abdulla Zərbəliyev, Həsənağa Həsənov və başqaları! Onlar telefonla zəngləşdilər və həyatlarını təhlükədə qoyaraq silahlı adamların müşayiəti ilə qubernatorun yanına getdilər. Elə qubernatorun yanındaca həm müsəlman ruhanilərini, həm də ermənilərin nüfuzlu adamlarını və ruhanilərini çağırmaq üçün dəstə göndərdilər. Hamı toplaşandan sonra çoxları danışmağa tərəddüd etdiyi zaman bir şəxs irəli çıxıb dedi: “Cənablar, nə üçün yubanırsınız? İtirdiyimiz hər dəqiqə onlarla bədbəxtin həyatına bais ola bilər. Mən əlimdə Quran qabaqda gedəcəyəm. Qoy birinci güllə mənə dəysin”. Bu sözləri deyən müsəlmanların qazısı Mir Məhəmmədkərim Cəfərov idi. Bu müsəlman qazisi qalanlara nümunə olub, onları ruhlandırıb bütün əhalini kütləvi şəkildə küçələrə çıxmağa məcbur etməklə, əsil bir sülhpərvərlik örnəyi göstərməmişdirmi?
Bəs qırğından sonra? Müsəlmanların ziyalıları və adlı-sanlı adamları heç bir başqa məqsəd güdmədən camaatı sidqlə sakitləşdirdikləri, ona bu qardaş qırğınının bütün çirkinliklərini anlatdıqları halda, qəzetlərdə təbliğat təşkil edən ermənilər ortaya çıxdılar və bütün dünyaya hadisələrlə bağlı heyrətamiz dərəcədə şişirdilmiş araqızışdırıcı teleqramlar yaymağa başladılar. Onlar öldürülmüş 10-15 min nəfərdən danışır, müsəlmanları qaniçən vəhşilər kimi təsvir edirdilər. Bütün Rusiya və Avropa ayağa qaldırılmışdı. Hər tərəfdə müsəlmanlara ümumi bir nifrət yaratmaq üçün arasıkəsilməz səylər göstərilirdi. Bu adamların faktları necə şişirtdikləri haqqında təsəvvür əldə etmək üçün təkcə onu demək kifayyətdir ki, hakimiyyət dairələri deyil, məhz erməni insansevər cəmiyyətinin özü tərəfindən bütün məlumatlar toplandıqdan və diqqətlə araşdırıldıqdan sonra Bakı hadisələrində zərər çəkənlərin cəmisi 700 nəfər olduğu, onlardan 300 nəfərin öldürüldüyü və 400 nəfərin yaralandığı, öldürülənlərdən 130-a qədərinin müsəlman, 170 nəfərinin erməni olduğu aşkara çıxdı.
Bəli, rüsvayçılığa, özü də dəhşətli və heç cür bağışlanmayacaq bir rüsvayçılığa yol verilmişdir. Və müsəlmanlar özlüyündə baş verən hadisələrin rüsvayçılıq, biyabırçılıq olduğunu dərk edib peşman olmuşlar, öz şeyxülislam, müfti və qaziləri ilə birlikdə göz yaşı tökmüşlər, kilsə və məscidlərdə ermənilərə qardaşcasına əl uzadıb sidqlə üzr istəmişlər.
Öz günahlarını yumağı arzulayaraq onu əsla kiçiltməmələri, başqasının üstünə yıxmamaları, ermənilərlə səmimi surətdə barışmaq istəmələri söz yox ki, müsəlmanların müsbət cəhətidir. Amma bununla bərabər müsəlmanlar qətiyyən özgənin günahını öz üzərlərinə götürmək niyyətində deyillər. Erməni cənablar nahaq və əbəs yerə öz biabırçılıq paylarını da müsəlmanların üstünə atmağa cəhd edirlər. Ermənilər və onların züy tutanları nahaq və əbəs yerə məsuliyyəti və biyabırçılığı təkcə müsəlmanların ayağına yazmağa can atırlar. Müsəlmanlar nə eləyiblərsə, ermənilərlə birlikdə və onlara cavab olaraq eləyiblər. Ona görə də bir tərəfdən qardaşlıq və birlik komitələri yaratmaq, heyifsilənmək və dostluq andı içmək, o biri tərəfdən isə redaksiyalara özünü satan arvadların, aşnası hesabına dolanan kişilərin, Zaqafqaziya məhkəməbazlarının sərsəm sözləri ilə dolu və Allah bilir, hansı yollarla əldə edilmiş sənədlər vermək ləyaqətsizlik və nanəciblikdir. Və bütün bunlar həmin adamların əleyhinə edilir ki, onlarla öpüşüb qardaşlıq və birlik andı verirlər!
“Kaspi” qəzeti, 2014
ELİM VƏ İRFAN SAHİBİ
“Ümmətdən millətə doğru” -deyərək bütün həyatını xalqının xoş rifahına həsr edən və sonda canını faciəli surətdə qurban verən Firidun bəy Köçərli zamanından, məkanından asılı olmayaraq “elm və irfan sahibi” kimi daim bu xalqın qəlbində yaşayacaqdır. Ədəbiyyatşünas alim, ilk milli ədəbiyyat tarixinin müəllifi, istedadlı publisist, ədəbi-tənqidçi, tələbkar pedaqoq, maarif fədaisi, millətsevər, vətənpərvər vətəndaş, xeyirxah insan olan Firidun bəy həyatı boyu hec nə yazmasaydı-yaratmasaydı belə təkcə Qori seminariyasının “Müsəlman şöbəsini” Azərbaycana göcürməklə yaddaşlara həkk edilmiş olardı.
“Nə daraşmısınız Qafqaz müsəlmanlarının canına. Bəsdir Azərbaycan şöbəsini addım-addım güdməyiniz!” -deyə 1902-ci ildə Qori Müəllimlər Seminariyasına təyin edilmiş direktora cəsarətlə öz etrazını bildirən Firidun bəy nəyin bahasına olursa-olsun şöbəni Azərbaycana köçürməy üçün mübarizəyə başladı. Hər gün azaərbaycanlı seminaristlərə cəza tətbiq edən Seminariya rəhbərliyinin Firidun bəyə də münasibəti isti deyildi. Hələ 1905-ci ildə Seminariyanın Azərbaycan şöbəsinin təlimatçısı F.A.Smirnovun başqa vəzifəyə keçməsi ilə əlaqədar, həmin yeri tutmaq üçün ərizə verən Firidun bəy bir necə ilə arzusuna cata bilməsə də inadkarcasına mübarizə apardı. Nəhayət 1910-cu ildə rəhbərlik müvəqqəti də olsa onu Azərbaycan şöbəsinin təlimatçısı təyin etdi.
Seminariya rəhbərliyi acıq-aydın ruslaşma siyasətini həyata kecirdiyi üçün digər millətlərin dilinə, adət-ənənəsinə qarşı çox kobud rəftar edirdi. Xüsusən də müsəlman seminaristlərə qarşı bu kobudluq hər an özünü büruzə verirdi. Seminarist Üzeyir bəy dəhlizdə azərbaycanca danışdığı üçün rəhbərlik tərəfindən cəzalandırılmış, bir necə azərbaycanlı seminarist isə haqsız olaraq seminariyadan qovulmuşdur. Bütün bunlar bir daha Firidun bəyi “müsəlman şöbəsi”nin Azərbaycana köcürülməsi üçün inadkarlığa məcbur etmişdir.
Onu da qeyd edək ki, Firidun bəydən əvvəl də bu xeyirxah işi görmək üçün mübarizə aparanlar olmuşdu. 1881-ci ildən Seminariyada müəllim vəzifəsinə təyin edilən Səfərəli bəy Vəlibəyov hələ 1884-cü ildə bu barədə öz rəyini yazıb, seminariyanın pedaqoji şurasının müzakirəsinə vermişdi. Təəssüflər ki, seminariya rəhbərliyi bu məsələyə otuz il biganə qalmış və hər dəfə də rədd cavabı vermişdir. Çünki bu xoş məramın həyata kecməsinə nə rus çarlığı, nə də gürçü knyazlığı rəvac verirdi. Xoşbəxtlikdən uzun illər aparılan gərgin mübarizə Azərbaycan ziyalılarını öz yolundan döndərə bilməmişdir.
Nəhayət, Firidun bəy çox böyük cətinliklə, 1918-ci ildə Qori Seminariyasının “Müsəlman şöbəsi”ni Qazax şəhərinə köçürməyə nail olur. Tədqiqatçılar yazırlar ki, seminariyada yay məzuniyyəti vaxtı fürsəti fota verməyən Firidun bəy Azərbaycan şöbəsinə aid olan bütün sənədləri və dəftərxana ləvazımatlarını gizli yolla seminariyadan çıxararaq Ağdama “qaçırır”.
Sonra isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin köməyi ilə Qori Müəllimlər Seminariyası “Müsəlman şöbəsi”nin Qazax da fəaliyyətə başlamasına nail olmuşdur. Seminariyaya direktor təyin edilən Firidun bəy burada Azərbaycanın gələcəyi olan yüzlərlə ziyalının yetişməsinə şərait yaratdığı üçün qürür duyurmuş. Xalqının övladlarını savadlı, mədəni görmək onun ən ümdə arzusu olmuş və bu arzusu yolunda bütün həyatını fəda etmişdir. Bu yolda həm qələmi, həm sözü, həm də əməli ilə mübarizə aparan Firidun bəy ilk olaraq arzularını mətbuatda bəyan etməli olur.
Publisist Firidun bəy
Ədəbiyyatşünas alim Əziz Mirəhmədovun yazdığına görə 1886-ci ildə ilk dəfə olaraq “Tərcüman”da çap olunan Firidun bəy Köçərli gənc bir müəllim kimi müsəlman gəncliyinin maarifdən, Şərq və Qərb mətbuatından bixəbər olduğunu ürək ağrısı ilə qeyd edirdi. Gəncliyi elmə, maarifə, mədəniyyətə bir sözlə dini elmlərlə yanaşı dünyavi elmlərə səsləyən gənc müəllifin bu məqaləsi İrəvan üləmasının qəzəbinə səbəb olur. Lakin bu Firidun bəyi hec də öz yolundan döndərə bilmir.
“Bütün türklərin tərcümanı” olan “Tərcüman”dakı ilk çıxışı onun üçün çox düşərli olur. Belə ki, 1880-cı illərin axırları artıq F.Köçərli imzası ilə həm rus, həm azərbaycan dillərində nəşr olunan bir necə mətbu orqanlarında rastlaşırıq. Gənc olmasına baxmayaraq “Kavkaz”, “Novoye obozreniye”, “Kaspi”, “Kavkazski vestnik”, “Znaniye”, “Zakavkazye”, “Tiflisski listok”, “Otqoloski”, “Ziya”, “Ziyayi -Qafqaziyyə”, “Kəşkül” qəzetlərində artıq o, bir jurnalist, publisist kimi müxtəlif mövzulara mürüciət edirdi. Lakin bu mövzular arasında əsas yeri bir pedaqoq olduğu üçün maarif, əlifba, ədəbiyyat məsələləri tuturdu. Məqalələrinin böyük əksəriyyətində Firidun bəy xalqının tərəqqisi üçün maarifin, mədəniyyətin tərəqqi etməsini çox zəruri şərt sayır və mətbuatı bu problemlərin həll edilməsində köməyə çağırırdı.
20-ci yüzilliyin əvvəllərində Firidun bəy bütün bu arsu və istəklərini uzun illər həsrətlə gözlədiyi ana dilli mətbuatda da şövqlə davam etdirib. “İrşad”, “İqbal”, “Tərəqqi”, “Səda”, “Molla Nəsrəddin”, “Dəbistan”, “Məktəb”, “Rəhbər” və s.qəzet və jurnallarda artıq dövrünün tanınmış və istedadlı ədəbi tənqidçisi kimi məsələni daha kəsgin bir şəkildə qoyur və həlli yollarını göstərirdi.
O dövrün görkəmli tədqiqatçısı Fərhad Ağazadə onu “dəyərli bir qələm sahibi” adlandıraraq “...Firidun bəy qələminə yalnız türklər deyil, ruslar, gürcülər də böyük hörmətlə” yanaşdığını fəxrlə qeyd edirdi.
Müəllif ən məşhur “Taybuynuz öküz”, “Həyata dəvət”, “Əcəlsiz ölənlərimiz” adlı publisistik məqalələrində xalqı tərəqqiyə çağıraraq ətalətə, avamlığa qarşı çıxırdı. Məqalələrində fikirlərinin simvolik şəkildə ifadə edən Firidun bəy sadə, zəhmətkeş, bir parca çörəyini min bir əzabla qazanan insanların halına ürəkdən acıyıyaraq onları bu əzab-əziyyətdən qurtarmaq üçün elmə, maarifə dəvət edirdi.
Bunun üçün bütün qələm əhlini milli mətbuatı daha geniş inkişaf etdirməyə çağırırdı. Mətbuatın da bu yolda mühüm rol oynadığını hələ bir necə il əvvəl “Şərqi -Rus”da “Hörmətli “Şərqi-Rus” ruznaməsinə bir necə sözlər” adlı məqaləsində belə bəyan edirdi: “...ərbabi-qələm gərək qəzetənin mündəricatını xeyli və zəmanənin təqazasına müvafiq məlumat ilə doldursun, ta ki, qəzetəni oxuyanlar ondan istifadə edib, arzu və təmənnaları puç və ümidlər zay olmasın, gərək qəzetə milləti ayıldan və onun ruhani və cismani qüvələrini hərəkətə gətirsin”.
Mətbuatşünas alim Firidun bəy
Dövrünün bir çox ziyalıları kimi ana dilli mətbuatın inkişafı üçün var qüvvəsi ilə çalışan Firidun bəy yalnız qəzet və jurnallarda məqalələr yazmaqla kifayətləmirdi. O, həm də Azərbaycan mətbuatını diqqətlə izləyir, tədqiq edirdi. Uzun illər müxtəlif mətbu orqanlarında ana dilli mətbuatımız haqqında ədəbi-tənqidi, biblioqrafik məqalələr, icmallar yazan müəllif “Azərbaycan dilində çıxan dövri mətbuata dair qısa icmal” adlı məşhur məqaləsin də “Əkinçi”dən tutmuş 1920-ci ilə qədər olan Azərbaycan dövri mətbuatı haqqında bir tənqidçi kimi öz fikirlərini də bildirib.
İlk anadilli mətbuatımızın bünövrəsini qoyan Həsən bəyin tarixi xidmətlərini, xalqı üçün etdiyi fədakarlığı yüksək qiymətləndirən mətbuatşünas alim “birinci müsəlman qəzetəsi” adlandırdığı “Əkinçi”nin bütün saylarının toplanıb yenidən çap olunması təklifini irəli sürürdü.
Müəllif məqaləsində “Ziyayi-Qafqaziyya” və “Kəşkül”ü, “səliqəsiz və müəyyən istiqaməti olmayan nəşr” adlandırsa da onların da Azərbaycan mətbuatının inkişafında mühüm rol oynadıqlarını söyləyir.
1903-cü ildə fəaliyyətə başlayan “Şərqi-Rus” qəzeti haqqında isə müəllif fərəhlə yazırdı: “Bu qəzetənin meydana gəlməsi nəinki yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını sevindirirdi”.
Ədəbi-tənqidci “Həyat” qəzetini “...ona qədər nəşr edilmiş Azərbaycan qəzetələrinin “ən mötəbəri” adlandırıdı. “Yaxşı əməkdaşlar heyəti və Ağayev kimi təcrübəli publisistin rəhbərliyi altında nəşr olunan “İrşad” ən canlı, məzmunlu və gözəl mətbuat orqanıdır” söyləyən Firidun bəy bu qəzetin fəaliyyətinə hər kəsdən diqqət və qayğı ilə yanaşmağı tələb edirdi. “Bu qəzet ictimai həyatın inkişafını açıq gözlə izləyir” -deyərək bütün müsəlman ziyalılarını israrla “İrşad”a yardım etməyə səsləyirdi.
Mirzə Cəlillə hələ seminariya yoldaşı olan Firidun bəy onu “savadlı və mədəni azərbaycanlı” adlandıraraq çap etdiyi “Molla Nəsrəddin” jurnalına yüksək qiymət verirdi: “Ümumiyyətlə, “Molla Nəsrəddin” çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir”. Heç də təsadüfü deyil ki, elə bu jurnal haqqında da ilk icmal məqaləni də Firidun bəy yazıb.
Firidun bəy digər mətbu orqanlarına nisbətən “Molla Nəsrəddin”ə və mollanəsrəddinçilərə ayrı-ayrılıqda bir necə məqalə və icmallar həsr edib. Jurnalın üç aylıq fəaliyyətini şərh edən tənqidçi daima “Molla Nəsrəddin”in dostları sırasında olmuşdu. Bu bəlkə də ondan irəli gəlirdi ki, mollanəsrəddinçilərin müraciət etdiyi mövzular əsasən Firidun bəyin qəlbinə, ruhuna daha yaxın idi və onu daha çox düşündürürdü. Məsələn, ana dilimizin saflığı, qorunması və yaşanması uğrunda mübarizə aparan jurnal az qala hər sayında bu mövzuya müraciət edib.
Rus, fars və ərəb dillərini mükəmməl bilən Firidun bəy jurnalda çap etdirdiyi “Ana dili” adlı publisistik məqaləsində yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziuləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. Müəllif bu məsələdə əsasən də milli yazarlarımızı öz ana dilini mükəmməl bilməyə, onu yaşatmağa çağırırdı. Əks halda isə bir millət olaraq məhv olmaq təhlükəsini bəyan edirdi: “...bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan, fot olar və ondan bir nişan qalmaz”.
Azərbaycan satirik şer məktəbinin banisi olan M.Ə.Sabir haqqında da ilk ciddi və samballı məqaləni də Firidun bəy yazıb. “Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Sabirin təbində bir o qədər zəriflik və lətafət var ki, güldürə-güldürə ağladır, ağlada-ağlada güldürür”.
1913-14-cü illərdə çar hökumətinin və bəzi “din xadimləri”mizin növbəti hücumuna məruz qalan mollanəsrəddinçiləri məhkəmədə müdafiə edən də Firidun bəy olmuşdur.
Hər zaman jurnalın işləri, problemləri ilə maraqlanan, F.Köçərli 1910-cu il 25 dekabrda Batumdan “Molla Nəsrəddin”in redaksiyasına Məmmədəli Sidqiyə məktubla müraciət edir. O, məktubda yazırdı: “...bu halda, bəradərim Mirzə Cəlil haradadır və “Molla Nəsərəddin”in işi necə gedir. Təzə ildən jurnal çıxacaqdırmı? Əgər çıxacaqsa, nə üçün jurnalda elan olunmur. Mirzə Cəlil jurnalın işlərinə mübaşir olacaqdırmı? Yoxsa siz öhdənizə götürəcəksiniz? Hər halda lazımdır jurnalı işlətmək. Çünki onun nəfi çoxdur. Bizim müsəlmanların tərəqqisinə və ədəbiyyatına, “Molla Nəsrəddin” kimi heç bir cəridə xidmət etmir. Çox təvəqqi edirəm ki, Cəlilin adresini mənə məlum edəsən”.
Mirzə Cəlil yaradıcılığını çox diqqətlə izləyən ədəbi-tənqidçi onun yazıçılıq istedadına heyranlığını da gizlətmirdi. O, Mirzənin 1906-cı ildə çap olunmuş “Usta Zeynal” hekayəsi haqqında ana dilli dövrü mətbuatla yanaşı “Znanie” qəzetində (23 noyabr 1906) də ayrıca məqalə nəşr etdirmişdi.
Firidun bəy Köçərli “Tərəqqi” qəzetində çap olunan “Məişətimizə dair” adlı məqaləsində mollanəsrəddinçilərin qadın azadlığı mövzusunda kı, çıxışlarını alqışlayaraq jurnal da “Lağlağı” imzası ilə verilən yazılar haqqında xüsusi fikir bildirirdi.
1915-ci ilin iyununda Şuşada istirahət edən Həmidə xanım xatirələrində yazırdı ki: “1915-ci ilin yayında biz Şuşaya gəldik. Firidun bəy də həmin il Şuşada istirahət edirdi. Firidun bəy bir gün ədəbi gecə təşkil etdi. Mirzə Cəlili də kənddən dəvət etdilər. O, gəldi. Gecə maraqlı keçdi. Mirzə Cəlil çox razı qaldı”.
Bütün varlığı ilə Azərbaycan mətbuatının, ədəbiyyatının, mədəniyyətinin tərəqqisinə can atan Firidun bəy həm də
Ədəbiyyatşünas alim idi
Azərbaycan ədəbiyyatı tarixinə və folklora aid ən samballı əsərlərin müəllifi olan Firidun bəy Köçərli saysız-hesabsız məqalələri, əsərləri ilə bir ədəbiyyatşünas alim kimi Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, onun inkişafına təkan vermişdi. “Azərbaycan ədəbiyyatı tarixi materialları” (üçcildlik), “Azərbaycan xalqının ədəbiyyatı”, “Balalara hədiyyə”, “Təlimati-Sokrat”, “Mirzə Fətəli Axundzadə” və s.əsərləri bu gün də öz maraq dairəsini itirməmişdir. Müəllif bu əsərlərində Azərbaycan klassik ədəbiyyatının inkişafından və onun yaranmasında rolu olan klassiklərimizdən ətraflı bəhs edir. 1914-cü ildə qələm yoldaşı Abdulla Şaiqə yazırdı ki: “... bu yolda məqsədim pul qazanmaq deyil, xalqımıza, ədəbiyyat və mədəniyyətimizə kömək etməkdir”.
“Milli intibahımızın banisi” olan Mirzə Fətəli Axundzadəni “Milli ədəbiyyatımızın atası” adlandıran Firidun bəy ondakı istedada heyran olaraq yazırdı: “Mirzə Fətəlinin təbində öylə bir zəriflik, yaratmaqlıq qüdrəti, yoxdan vücuda gətirməklik qüvvəsi var imiş ki, bunun misli az mühərrirlərdə müşahidə olunur. Bu bir Allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz”. Daha sonra isə Firidun bəy ona “tütk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni” deyərək komediyalarını “reflektora” bənzədırdi: “Mirzə Fətəli Axundzadənin komediyaları Zaqafqaziya müsəlmanlarının 40-50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir”.
“Demək olar ki, Azərbaycan türkləri arasında birinci tənqidçi mərhum Firidun bəy idi”-söyləyən Fərhad Ağazadənin tədqiqatına əsaslanaraq deyə bilərik ki, F.Köçərli Azərbaycan ədəbiyyatı tarixində nəzəriyyəçi və tənqidçi kimi də özünəməxsus bir yer tutur və ədəbiyyat tarixçisi kimi tanınan ən görkəmli simalatrdan bridir. Tədqiqatçıların fikrincə Firidun bəyin təşəbbüsünə kimi demək olar ki, Azərbaycan ədəbiyyatı tədqiq edilməmişdir. İlk dəfə bu xeyirxah təşəbbüs Firudin bəydən gəlmişdir. O, ədəbiyyat tatariximizə dair zəngin material toplamış və onu əks etdirən mükəmməl bir əsər ortaya qoymaqla Azərbaycan ədəbiyyatı tarixini tədqiq etmişdir.
Ədəbiyyatşünas alim əsas diqqətini M.Vaqif, Q.Zakir, M.F.Axundzadə və S.Şirvani yaradıcılığı üzərində mərkəzləşdirmişdir. Müəllifin 1903-cü ildə “Azərbaycan türklərinin ədəbiyyatı” adlı rus dilində çap olunan bu əsəri təəssüflər ki, Azərbaycan dilində onun öz salığında işıq üzü görə bilməmişdi. Yalnız 1925-26-cı illərdə Fərhad Ağazadənin təbrincə desək “Şuralı Azərbaycan”ın dövlət nəşriyyatı tərəfindən əsərin iki cildi “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı ilə çap olundu.
Əsərində Azərbaycanın 129 ədəbi şəxsiyyəti haqqında məlumat verən müəllif dahi Füzulidən, Nizamidən başlayaraq Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin həyat və yaradıcılığına müraciət etmişdir. Bu xeyirxah işi Şıxəli Qurbanov belə qiymətləndirirdi:“F.Köçərli Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində böyük iş görmüşdür. Onun bu sahədə yaratdığı əsər ədəbiyyat tarixinin yaradılması yolunda atılan əhəmiyyətli addım idi”.
Odur ki, cəkinmədən deyə bilərik ki, Firidun bəyin bu işi Azərbaycan filologiyasında irəliyə atılan ən doğru addım idi və “Azərbaycan ədəbiuyyat-şünaslığında iri və mötəbər mənbələrdən biridir”.
Tədqiqatlardan belə bəlli olur ki, Firidun bəy 300-dən artıq dərsliyə düzəliş etmiş, metodik dəyişikliklər əlavələr edərək onları zənginləşdirmişdi.
“Anadangəlmə pedaqoq” olan Firidun bəy
Qori Müəllimlər Seminariyasında təhsilini başa vuran F.Köçərli müəllim kimi ilk olaraq İrəvanda fəaliyyətə başlayır. 1985-ci ildən qutardığı Qori Müəllimlər Seminariyasında dərs deyən Firidun bəy tezliklə tələbələrinin sevimlisinə çevirir və 23 il ömrünü bu Seminariyaya baxlayır.
Tələbələrinin, xüsusən də həmsoydaşlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olan Firidun bəy dərsdən sonra da saatlarla vaxtını onlara həsr edib və onları xalqına, millətinə layiq bir vətəndaş, vətənpərvər yetişməsi üçün əlindən gələni əsirgəməyib.
1913-cü ildə Xəlil adlı tələbələrindən biri yazırdı: “Siz mənə nəinki ustad idiniz, Siz mənə artıq ata idiniz. O qədər ki, məhəbbət mən Sizdən görmüşəm, bu vaxta qədər bir kimsədən görməmişdim və görmərəm də”.
O, hər dəfə tələbələrinə təlimin məqsəd və vəzifələrini, tərbiyə və təhsil üsullarını, nümunəvi ədəb-ərkan qaydalarını, dünyavi elimlərin üstünlüklərini dönə-dönə anlatmağa calışırdı. Onları milli adət və ənənələrə biganə qalmamağa səsləməklə yanaşı yeni dünyagörüşünün formalaşmasına da şərait yaradırdı. Dünya mədəniyyəti, ədəbiyyatı ilə tanış etməklə onları yeniliyə, maarifə istiqamətlən-dirirdi. Bu üsulla Firidun bəy onları təkcə bir pedaqoq kimi yox, həm də yeni fikirli bir maarif xadimi, yüksək əxlaqi dəyərləri və biliyi olan bir vətəndaş kimi hazırlayırdı. Rus və dünya klassiklərinin, pedaqoqlarının əsərlərindən tərcümələr edərək onların bilik və dünyagörüşünü daha da zənginləşdirmişdir.
Tədqiqatçıların söylədiyinə görə Firidun bəy tələbələri seminariyanı qutardıqdan sonra da onlarla əlaqə saxlayırmış. Yenicə müəllimlik fəaliyyətinə başlayan tələbələrinin qarşılaşdığı cətinliklərlə maraqlanır, köməyini, məsləhətlərini əsirgəmirdi. Bax elə ona görə Firidun bəyi xalq arasında “anadangəlmə pedaqoq” adlandırıblar. Bu “anadangəlmə pedaqoq”un öz övladı olmasa da yüzlərlə tələbələrini mənəvi övladı kimi yetişdirib.
27 iyun 1914-cü ildə Batumdan Əli adlı tələbəsi Firidun bəyə göndərdiyi məktubu “Möhtərəm ata” sözləri ilə başlayıb “Oğlun Əli” imzası ilə bitirib. Bu məktub bir daha onun tələbələrinə olan atalığ qayğısının ən bariz nümünəsidir.
Yazıçı Seyfulla Şamilov isə əziz müəllimini belə xatırlayırdı: “Firidun bəy bir müəllim, məktəb nəzarətçisi olmaq etibarilə çinovniklik etməyi sevməzdi. Hər birimizin ehtiyaclarını dinləyib, dərdlərinə şərik olmağa vaxt tapardı. Ona görə onu ən yaxınımız bilərdik və bütün dərdlərimizi ona söylərdik, ondan məsləhət alardıq”.
Mehdixan Vəkilov isə yazırdı ki: “Çox həssas və qayğıkeş müəllim olan F. Köçərli gecələr vaxt-bivaxt şagirdlərin ümumi yataq otağına gələr, üstü açıq olanların yorğanlarını sahmanlamaqdan saqınmazdı”.
Firidun bəyin yaradıcılığı və şəxsi həyatı ilə yaxından tanış olarkən bəlli olur ki, o, təkcə tələbələri üçün qiymətli, sevimli olmayıb. O, həm də qələm yoldaşları, müəllim heyəti üçün qiymətli bir şəxs idi.
F.Köçərli irsinin ilk tədqiqatçısı olan Fərhad Ağazadə yazırdı ki: “Bir zaman Haşım bəy Vəzirov “Səda” qəzetində “Köhnə müsəlman-tazə müsəlman” məsələsini ortalığa atandan sonra Firidun bəy ondan məhəbbətini kəsib, məktub daha yazmadı. Bunun müqabilində Haşım bəy məktubunda Firidun bəyə belə yazır: “Özün bilirsən ki, mən dünyada heç kəsə boyun əyən deyiləm, amma sənə əyirəm. Sənə mən həmişə inanmışam və sənin sözlərin həmişə mənə təsir eləyib. Mən səni necə istəyirəm və necə istəyəcəyəm, istəyir yüz qat da bundan artıq qanısoyuqluq edəsən...”.
Azadlıq aşiqi
Bildiyimiz kimi, 20-ci yüzilliyin əvvəllərində hər bir ziyalılımızın o cümlədən Firidun bəyin də ən ümdə arzusu azad cəmiyyət, demokratik dövlət qurmaq idi. Bu arzunun çin olması üçün bir çox ziyalılar kimi F.Köçərli də 1917-ci ildə siyasi proseslərə qoşulur və “Müsavat” partiyasına daxil olur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzv seçilir və “İstiqlal bəyannaməsini” imzalayır. 1919-cu ildə “Müsavat”ın Mərkəzi Komitəsi səyyar bürosunun təşəbbüsü ilə Qazaxda partiya şöbəsi təşkil edilir və Firidun bəy şöbənin sədri seçilir.
1920-ci ilin aprel işğalından sonra Qazax kommunistləri F.Köçərlini və “Müsavat”ın digər üzvülərini “xalqa xəyanətdə”, “milli nifaq salmaqda” ittiham edərək onun həbs edilməsinə şərait yaradırlar. Qazax İnqilab Komitəsi Gəncə Fövqəladə Komitəsinin tədqiqatına əsasən ədib həbs olunur və 20-ci diviziyanın 7-ci xüsusi bölməsi, şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqında qərar çıxarılır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və Fövqəlada komissar Həmid Sultanov (sapı özümüzdən olan baltalar) tərəfindən təsdiq edilərək tezliklə höküm yerinə yetirilir.
Hökümdən bir necə gün əvvəl Firidun bəy ömür-gün yoldaşı Badisəba xanıma məktub yazaraq “Təvəqqe edirəm ki, çox darıxmayasan. İnsanın başına hər cürə qəza gələr. Müəllimlərə və şagirdlərə salam. Səbr elə”- söyləməklə ona təmkinli davranmağı tövsiyyə edirdi.
Sədaqətli ömür-gün yoldaşı
Firidun bəylə Badisəba xanım ailə quranda aralarında təkcə böyük yaş fərqi olmamışdı. Firidun bəy Şuşada adlı sanlı bəy ailəsində böyümüş, Seminariya təhsili almış, müasir düşüncəli bir gənc idi. Badisəba isə təhsil görməmiş, Qazaxın Salahlı kəndində kasıb bir ailədə böyümüşdür. Aralarında yetərincə yaş (19 yaş Firidun bəy böyük olub) və dünyagörüşü fərqləri olmasına baxmayaraq onlar mehriban bir ailəyə sahib olmuşlar. Firidun bəy Badisəbaya mehriban ömür-gün yoldaşı olmaqla yanaşı, onun sevimli müəlimi də olub. Onu maarifləndirməklə dünyaya gözün açıb, həyata baxışların dəyişib. Tanrı onlara övlad verməsə də ömürlərinin sonuna kimi sədaqətli, sevimli, mehriban ömür-gün yoldaşı olublar.
Odur ki, həyatda ən yaxın yoldaşı, sirdaşı olan Firidun bəyin yoxluğu ilə barışa bilməyən Badisəba xanım yoldaşının bu faciəli ölümündən sonra onun arzularını davam etdirməklə özünə təsəlli tapmış oldu. 1921-ci ildən 1958-ci ilə qədər ölkədə maarifin, elmin təbliği uğrunda yorulmadan bir pedaqoq kimi calışır.
1930-cu illər də Maarif Komissarlığının əmri ilə ölkəmizin bir çox yerlərində “yetimlər evi” fəaliyyətə başlayır. Belə “ev”lərdən biri də Şəki şəhərində təşkil olunur. Bu o zaman idi ki, ata-analarını “xalq düşməni” adı ilə gedər-gəlməzin qurbanı edən hökumət onları “dövlət qayğısı” ilə təmin edərək, “öz qayğısı”sını əsirgəmədən və bu “düşmən” balalarını böyüdərək onlardan sovet vətəndaşı yetişdirirdi.
Şəki şəhərindəki, 2-saylı uşaq evinə də uzun illər Badisəba xanım rəhbərlik etmişdir. Beş yaşında atasını itirən Badisəba yetimliyin nə olduğunu bildiyi üçün bu uşaqlara rəhbərlik yox analıq, atalıq qayğısı göstərərək əzizi Firidun bəyin ruhunu şad etmişdir.
“Kaspi” qəzeti, 2014
MƏTBUAT-DÖVRÜN SİYASİ HADİSƏLƏRİNƏ MÜNASİBƏTDƏ
Tarixin və onunla təsdiq olunan nəzəri fikrin təcrübəsi sübut edir ki, nə qədər ki, cəmiyyətdə dövlət mövcuddur, onda müəyyən ideologiyaya da təlabat qalacaq. Tarixdə bütün ideologiyalar hansısa zümrəyə, siyasi partiyaya, hakim sinifə məxsus olub. Məsələn, özünü dünyada ən humanist, demokratik ideologiya hesab edən marksizim “inqilabçı proletariyat”ın ideologiyası idi. Bu ideologiya ölkəmizdə 70-ildən çox bir zaman marksizim-leninzim ideologiyası adı altında təbliğ edilid. Onun təbliğində bolşeviklərin hakimiyyəti zəbt etdiyi zaman əsas rolu mətbuat və ədəbiyyat oynayırdı.
Azərbaycanda 1920-ci il aprel işğalından sonra mətbuat və ədəbiyyat bir mənalı olaraq hakim partiyanın təbliğatcısına cevrildi. Hakim partiyanın ideologiyasını təbliğ etməyən, ona qarşı cıxan yazarlarımız 1930-cu ildən başlayaraq çox güclü repressiyaya məruz qaldılar.
“Repressiya hökmran olduğu bütün dövrlərdə və bütün cəmiyyətlərdə mümkün ola bilən antiinsani, antibəşəri bir prosesdir. İmperiyalı dövlət kiçik dövlətləri, imperiya ideologiyası ilə tabeçiliyində olan millətləri, onların düşünən zəkalarını, böyük şəxsiyyətlərini repressiyaya məruz qoya bilir. Dövlətin tabeliyindəki ölkəyə, xalqa belə münasibəti repressiya adlanır. Repressiya isə yad təfəkkürünün, əcnəbi əxlaqın və onu ehtiva edən totalitar ideologiyanın millətin genefonduna qarşı yönəldilmiş siyasi qəsdir”.
1937-ci ildə də belə oldu. Ölkədə hakim partiya öz siyasətini marksizm-leninizim ideologiyasının təbliği adı altında zor gücünə həyata keçirirdi. Bu yolla milləti şüurlu surətdə öz adət-ənənəsindən, dünənindən, tarixindən qopararaq onu manqurtlaşdırırdılar.
Əksər tədqiqatçıların fikrincə “ideologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin tarixdəki mövqeyini izah və təsdiq etmək üçün yaradılır. Ideologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir. O xalqın kimliyini əks etdirən təfəkkür, adət və inaclar sistemidir”.
Lakin, sovet hökuməti isə tamamilə bunun əksinə bir ideologiyanı təbliğ edirdi. Əksinə xalqı öz kök-soyundan, dilindən, dinindən uzaqlaşdıraraq, ölkə ərazisində ruslaşma siyasətini aparırdı. Bu isə millətpərəst, vətənpərvər ziyalılarımızın etrazına səbəb olurdu. Onlar milli ideologiyanın yaradılmasını tələb edirdilər.
Bütövlükdə millətin mənafeyini, istək və arzularını ifadə edən ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi hadisə olaraq formalaşmasında ilk növbədə milli mətbuatın rolu böyük və danılmazdır.
Məlumdur ki, mətbuat yarandığı dövrün, xalqın, onun həyat və məişət şəraitini öz səhifələrində əks etdirməklə yanaşı xalq mənəviyyatının inikası olmalı, əsrin, ictimai həyatının nəbzini tutmalı, günün zəruri və aktual məsələlərini işıqlandırmalıdır. Sovetlərin dövründə xüsusən də 1920-ci illərin ortalarından, 1980-ci illərin ortalarına kimi SSRİ ərazisində mətbuat yalnız və yalnız hakim partiyanın təbliğat vasitəsinə cevrilərək onun diqtə etdiklərini yazırdı.
1930-40-cı illərdə isə mətbuat, ədəbiyyat sırf olaraq “xalq düşməni” obrazı yaratmağa daha çox önəm veribdi. Bu illər ərzində “Müttəfiq, ya düşmən”, “Bizimlə deyilsənsə, bizə düşmənsən!” şüarları bütün ölkədə, xüsusən də türk-müsəlman respublikalarında təhlükəyə çevrildi. Yazıçlar, şairlər, tənqidçilər bir-birini xüsusi amansızlıqla ifşa edir, tənqid planlı şəkildə aparılırdı. Mərkəz isə buna qanuni don geydirirdi. Belə ki, 1925-ci il 18 iyun da “Partiyanın ədəbiyyat sahəsindəki siyasəti haqqında” Qətnamə qəbul edən mərkəz bu qətnaməni rəhbər tutaraq bütün ölkə ərazisində bolşevizmin təbliği üçün amansızcasına mübarizəyə başladı. Və bu mübarizə ədəbi-nəzəri müstəvidən çox siyasi zamində gedirdi.
Arxiv materialları və bu dövrlə baxlı olan tədqiqat əsərləri ilə tanış olarkən bir daha bəlli olur ki, bu illər ərzində mətbuatımız, ədəbiyyatımız ümumən ədəbi prosesimiz çox gərgin şəraitdə fəaliyyət göstərib. Çünki ölkə ərazisində ədəbi qanunlar deyil siyasi qanunlar mətbuatı və ədəbiyyatı idarə edib. Deməli 1937-ci il hadisələrindən və bu hadisələrin mətbuata təsirindən və yaxud mətbuatın hadisələrə təsirindən danışarkən istər-istəməz ölkədə əvvəlki illərdə baş verən bütün siyasi, ictimai, mədəni hadisələri nəzərdən kecirmək lazımdır.
Dövrü sənədlər sübut edir ki, əslində 37-ci il hadisələrinin başlanması üçün bunlar mərkəz tərəfindən planlı şəkildə hazırlanmışdı. Tədqiqatçı alim Aslan Kənan demiş: “Münasibətlərin düyünləri hələ 1931-ci ildə vurulmağa başlamışdı. Moskvada SSRİ Yazıçılar İttifaqının rəhbərliyinə ədəbiyyata bir siyasi-ideoloji pərsəng kimi baxan Averbax gəldi və belə şüar irəli sürdü ki: “Bizimlə deyilsən, bizə düşmənsən!”. Bu bütün ölkədə, xüsusən də türk-müsəlman respublikalarında təhlükəyə çevrildi”.
1937-ci ildə istər mərkəzdə, istər ölkəmizdə qurultaylar, plenumlar keçirməklə guya bu prosesi qanuniləşdirmək istəyiblər. Kecirilən bu qurultay və plenumların tarixinə fikir versək (xüsusən də 1937-ci ildə) Mərkəzin Azərbaycan ziyalısını məhv etmək üçün tələskənliyi açıq-aydın görünür. Məsələn, 1937-ci ilin fevralın 22-dən 24-nə kimi Moskvada Ümumrusiya Yazıçılar İttifaqının IV plenumu kecirilir. Cəmi 23 gün sonra Bakıda Azərbaycan Sovet Yazıçılar İttifaqının III plenumu kecirilir. İki ay 11 gündən sonra isə Azərbaycan bolşeviklərinin 13-ü qurultayı çağrılır. Bununla da ölkədə bolşevizmin 17 illik qələbəsini qeyd etmək üçün Azərbaycan xalqı faciələr yaşamalı olur.
Bu gün tariximizə qanlı faciələrlə həkk edilən 37-ci il hadisələrindən yarım əsirdən çox bir vaxt kecir. O zaman bu hadisələrin cəryan etməsində məbuatın rolunu öyrənmək aktual olduğu kimi həm də mühüm elmi əhəmiyyət kəsb edir.
Azərbaycan mətbuatında repressiya illəri ilə bağlı ciddi tədqiqat əsərləri olsa da bu çox azdır. Ayrı-ayrı alimlərin elmi araşdırmalarında müəyyən mülahizələrə, fikirlərə rast gəlmək mümkündür. Bu əsərlərin bəzilərində o dövrün ədəbi-tarixi və siyasi-ideoloji prosesləri geniş şəkildə təhlil edilir, bəzilərində mətbuat tədqiqat obyekti deyil, yalnız bəzi məqamlarda onun həmin dövrdə oynadığı rola müəyyən münasibət bildirilir.
Bu danılmaz bir faktdır ki, 37-ci ildə qonşu xalqlara nisbətən Azərbaycanda milli və ictimai zülm daha amansız olub. Qonşu xalqların bəzilərində yüz ziyalı repressiyanın qurbanı olubsa, bizdə minlərlə ziyalı və onların ailələri bu faciənin qurbanına cevrilib. Unutmayaq ki, o illərdə milli təfəkkür bir mənalı olaraq yasaq edilmişdi. Lakin millətin qabaqcıl, vətənpərvər, millətsevər ziyalıları bu ideologiyanın təbliği ilə razılaşmayaraq öz etrazlarını mətbuat və ədəbiyyat vasitəsilə bildirirdilər. Məsələn, H.Cavid, Ə.Cavad, M.Müşfiq, S.Mümtaz, S.Hüseyn, Ümugülsüm xanım, T.Şahbazi və yüzlərlə Azərbaycanlı yazar öz etraz səsini qaldırdı. Təəssüflər ki, uzun müddət xalqımız onların bu fədakarlığından xəbərsiz yaşadı.
1937-ci illər mətbuatından, ədəbiyyatından onun fəaliyyətindən bəhs etmək üçün mütləq 1920-ci il aprel işğalından 37-ci ilə qədər olan dövr ərzində baş verən bütün siyasi-ictimai, ədəbi-mədəni proseslərə nəzər salmaq vacibdir.
20-ci yüzilliyin əvvəllərində Azərbaycan ədəbiyyatında, mətbuatında, ədəbi və mədəni mühitində müxtəlif siyasi, ədəbi, mədəni hadisələr baş vermişdi. Belə siyasi hadisələrdən biri də 1920-ci ilin aprel işğalı idi ki, bundan sonra ölkəmizdə fəaliyyətdə olan mətbuat orqanları, ümumiyyətlə ədəbi prosess bir mənalı olaraq hakim partiyanın ideologiyasını dəstəkləməyə sövq edildi.
Unutmayaq ki, hər dövr, nəsil öz məqsədləri, ictimai meyilləri üçün keçmiş irsdə bir dəlil, bir dayanacaq axtarır. Buna görə də 20-ci illərdən başlayaraq xüsusən də 1937-ci ildə hakim partiya öz məqsədlərini həyata kecirmək üçün ölkəmizdə ədəbi tənqidin və fəlsəfi fikrin istiqamətini hakim partiyanın ideologiyasının təbliğinə yönəltdi.
Azərbaycan ədəbi-mədəni mühiti milli mənafe, azadlıq, müstəqillik, istiqlal döşüncəsindən tamamlilə uzaqlaşdırıldı. Demokratik respublika dövründə və əvvəllər nəşr olunan qəzet və jurnallar öz nəşrini dayandırmağa məcbur oldu. Belə olduqda dövrün, zamanın tələblərinə uyğun mətbu orqanları fəaliyyətə başladı. Mövcud qəzet və jurnallar “Bütün ölkələrin proletarları, birləşin!” devizi və bolşevik senzurası ilə çıxırdı. Bu orqanların çoxu Kommunist Partiyasının orqanı olur, marksizm-leninzm ideyalarını yayırdı. Bolşevik mətbuatı səhifələrində dərc olunan məqalələrdə tamamilə proletariat diktaturası tərənnüm və təbliğ olunurdu. Azərbaycanlı kommunistlər xalq adından danışaraq Müsavat hökumətini pisləyir, Şura Azərbaycanını, sovetlər ölkəsinin qayda-qanunlarının təqdir edirdilər.
Əslində sovet hakimiyyəti elə ilk gündən mətbuatın, ədəbiyyatın qarşısına müəyyən vəzifələr qoymuşdu; xalq həyatındakı “müsbət dəyişiklikləri” təsvir etmək, keçmişi hər vasitə ilə tənqid atəşinə tutmaq, yeni bolşevik insanının müsbət obrazını yaratmaq. Belə olduqda ədəbi prosesdə sinfi mübarizə getdikcə genişlənir və hakim partiyanın diqqətini daha çox özünə cəlb edirdi.
Lakin ölkəmizdə həyata kecirilən bu bolşevik yürüşü ədəbi həyatda 20-ci illərin əvvəllərindən sonlarına kimi heç də maneəsiz irəliləmirdi. Çünki “Yaşıl qələm” lərin üzvləri epizodik də olsa, milli istiqlalın bolşevizim irticası ilə əvəzlənməsini heç cür həzm edə bilmir və öz əsərlərində o dövrün həsrətini yaşadırdılar. Təbii ki, bu hakim partiyanın yürütdüyü siyasətə zidd idi. Ona görə də bolşeviklər amansız tədbirlərə əl atmalı oldular.
Deməli sovet dövründə hakim partiyanın ideya-siyasi xəttini qəbul edənlərlə yanaşı onu dəstəkləməyənlər də var idi. Xüsusən də təbliğat sahəsində bu prosesə qarşı çıxanlar arasında yazıçılar, şairlər, jurnalistlər əsasən fərqləndilər. Belə olduqda isə yazarlarımızın yaradıcılığı, şəxsiyyəti siyasi ideologiyanın qurbanına şevrildi.
Tədqiqatçı alim A.Kənan yazır ki: “İmperiyalı dövlət kiçik dövlətləri, imperiya ideologiyası isə tabeçiliyində olan millətləri, onların düşünən zəkalarını, böyük şəxsiyyətlərini repressiyaya məruz qoya bilir”. Əslində bu hər bir xalqa qarşı yönəldilmiş siyasi qəstdir ki, bu haqqda da müəllif fikirlərinin belə tamamlayır: “Repressiya yad təfəkkürünün, əcnəbi əxlaqın və onu ehtiva edən totalitar ideologiyanın millətin genefonduna qarşı yönəldilmiş siyasi qəsdir”.
Azərbaycan xalqı da 1937-ci ildə belə bir siyasi qəstə məruz qaldı. Bu siyasi qəst uzun illər xalqın təfəkkür tərzində çox qorxulu bir şəkildə “yaşadı”.
Ətrafda baş verən siyasi hadisələr, ictimai etraz, zülm və haqsızlıq əleyhinə aparılan mübarizələr və s. baş alıb gedirdi. Bütün bunları dəf etmək üçün Azərbaycan ziyalıları ilk növbədə azlıqda qalan xalqları əsarətdə saxlayan “mövcud siyasi quruluşu devirmək deyil, onu bir qədər mülayimləşdirmək tələbi ilə çıxış edirdilər”. Əvvəl bu siyasəti yürüdən ziyalılar sonra çox haqlı olaraq bir mənalı şəkildə xalqın tam azadlığı uğrunda mübarizəsinə qalxdılar.
Sovet dövründə bu ideologiyanın daşıyıcıları olan yazarlarımız panislamizm, pantürkizim adı ilə 1937-ci ilin qurbanı oldu. Əslində təkcə sovetlər dövründə deyil, elə indinin özündə də Qərbdə ona mürtəce damğası vurmağa adət ediblər. Hələ o zaman azadlıq aşiqi M.Ə.Rəsulzadə “Panturanizm haqqında” adlı məqaləsində bunu çox gözəl acıqlayırdı: “Şərqdə milli hərəkatın müxtəlif formalarından biri olan panturkizm Qərbin nasionalizimindən bir qədər fərqlənirdi. Qərbdə ona mürtəce damğası vurmağa adət ediblər və çox vaxt onu şovinizm də adlandırırlar. Nəzərə almaq lazımdır ki, şovinizm aqressiv bir hərəkatdır. Avropa şovinizmi müəyyən bir siyasi-aqressiv ideologiyadır. Şərqin şovinizmi isə müdafiə xarakteri daşıyan siyasi eyni zamanda ictimai mütərəqqi hadisədir”.
Onu da qeyd edək ki, 37-ci illərin qurbanları arasında romantiklər üstünlük təşkil edib. Azərbaycan ədəbi mühitinə bir çox yeniliklər gətirən romantiklərin düşüncə və mühakimələrindəki sərbəstlik də ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında, mətbuatında böyük marağa səbəb oldu. Çox təəssüflər ki, “tarixin və taleyin acı “məzhəkələri” üzündən sovet totalitar rejimi dövründə bu iki jurnalın yaratdığı ədəbi məktəblər və onun üzvləri, mollanəsrəddinçilərlə füyuzatçılar bir-birinə qarşı qoyulmuş, yanlış olaraq barışmaz siyasi qüvvələr kimi qiymətləndirilmiş”.
Əslində isə bu iki ədəbi məktəblər arasındakı “genetik doğmalıq, metodoloji fərq, üslub ayrılıqları” obyektiv şəkildə öyrənilərsə hər ikisinin ədəbiyatımızın, mətbuatımızın və bütövlükdə ədəbi mühitimizdəki tarixi kökləri və bağlılığı üzə çıxar. 20-ci yüzilliyin əvvəllərində ədəbiyyatımızın və mətbuatımızın zənginləş-məsində, ölkəmizdə publisist və jurnalist ordusunun yetişməsində, jurnalistika janrlarının zənginləşməsində hər iki ədəbi məktəbin nümayəndələrinin rolu olub.
Beləliklə, Azərbaycan da romantizim və realizim ədəbi məktəbinə mənsub jurnalist, publisist bir sözlə istedadlı qələm sahibləri yetişirdi və onların sayəsində mətbuatda “maarifçilikdən inqilabçılığa, istiqlalçılığa keçid” aydın hiss olunurdu. “Ümmətdən millətə keçidi”in sürətlə davam etdiyi bir zamanda millətin formalaşmasında mühüm rol oynayan mətbuat əsasən bu iki məktəbin nümayəndələrinin sayəsində inkişaf edirdi. Ona görə ki, Azərbaycan romantizminin görkəmli nümayəndələri realizim ilə yanaşı inkişaf etmiş, hətta bir sıra məsələlərdə onlarla birləşmişlər.
Azərbaycan nəzəri-estetik fikrində romantik sənət, 37-nin qurbanı olan Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn və başqa romantiklərin irsi müxtəlif səviyyədə və maraq dairəsi hüdudlarında tədqiqata cəlb edilib. “Romantik sənət haqqında nəzəri təlim bütün tərəfləri ilə elmi fikrin ümumi naliyyəti kimi formalaşıb, onun nəzəri metodoloji səviyyə mərhələlərini özündə əks etdirib. Odur ki, Azərbaycan romantizminin çağdaş nəzəri, tarixi problemləri bu təlimin fonunda araşdırılmalıdır”.
Bu baxımdan onların ədəbi-bədii irsi Azərbaycan romantizminin təhlilində və qiymətləndirilməsində nəzəri-metodoloji baxımdan bir neçə tarixi mərhələ mövcuddur. Amma bu mərhələlər “ədəbiyyatşünaslığın ümumi inkişaf səviyyəsi ilə yanaşı romantik sənətə münasibətdəki fərdiliklə də səciyyələnir”.
Azərbaycan Xalq Cümhuriyyətinin liderləri və ideoloqlarının fikrincə “Azərbaycanda istiqlal fikri, istiqlal mübarizəsi ilk dəfə milli ədəbiyyatımızda baş qaldırmışdır”. Amma məsələyə bir az diqqətlə yanaşsaq görərik ki, milli ədəbiyyatımızdan əvvəl bu proses məhz ilk olaraq milli ruhlu mətbuatımızda təbliğ edilməyə başladı. Xalqını azad və müstəqil görmək istəyən hər iki məktəbin nümayəndələri həm romantiklər, həm də realistlər milli özünüdərk və özünəqayıdış ideologiyasını ilk olaraq “Həyat”, “Molla Nəsrəddin”, “Füyuzat” kimi milli ruhlu mətbu orqanlarında təbliğ etmişlər.
Demokratik prinsiplər üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti müstəqil və azad sözün zəruriliyini anlayaraq mətbuatın həmin dövrdə daha sərbəst fəaliyyətini təmin etmək və normal inkişafına təkan vermək üçün bu sahədə bir sıra qanun və sərəncamlar qəbul edərək ilk dəfə Azərbaycan oxucusuna azad sözün, azad mətbuatın nəfəsini duydurdu.
Bu gün müstəqilliyimizin yenidən bərpa edildiyi bir zamanda bu ideologiyanın təbliği istiqlalımızın və yeni ortaq türk mədəniyyətinin təşəkkülü üçün çox vacib, aktual və əhəmiyyətlidir. Çünki bu “ideologiya zaman keçdikcə məzmunu dəyişsə də, mahiyyəti, yəni türk birliyi amalı eynilə qalmışdır”.
Deməli bu gün 37-ci ilərin qurbanlarının yaradıcılığına obyektiv baxış onların milli və dünyavi problemlərin araşdırılmasında böyük əhəmiyyətə malik əsərlərin müəllifləri olmasını üzə çıxarır. “Dünəni və bu günü” vəhdət şəklində təqdim edən ədiblər bu yolla oxucusuna dünənini, tarixini xatırladır və ondan nəticə çıxararaq gələcəyini qurmağa sövq edir.
20-ci illərdə Azərbaycan mətbuatında, ədəbiyyatında fəal, qızğın bir proses-sosialist realizminin təşəkkül prosesi başlandığı zaman yazarlarımız sanki ikiləşmiş, ikiyə bölünmüş bir yaradıcılıq həyatı yaşayıdlar. Bu sənətkarlığın şiddətli böhranı idi.
1937-ci illər ölkəmizdə çox mürəkkəb və çətin bir dövr olub. Hər an baş verən ictimai, xüsusən də siyasi hadisələr ölkədə ziddiyyətli, çətin, anlaşılmazlıqlara gətirib çıxarmışdı. Təbii belə bir şəraitdə yaşamaq, yazıb-yaratmaq çox çətin idi.
Belə mürəkkəb bir zamanda yazıb-yaradan repressiya qurbanlarını Rəfiq Zəka daha çox estetizmə yol verməkdə günahlandırırdı. “Romantiklərə görə yazıçı xəyalı nə qədər sərbəst hərəkət etsə... bədii əsər bir o qədər dəyərli olar”.
Zaman sübut etdi ki, hər kəs, xüsusən də söz, qələm əhli azad olmalıdır. Əgər o fikirlərini, düşüncələrini azad, sərbəst halda ifadə edə bilmirsə bu fikirlərin ömrü uzun ola bilməz. Neçə ki, sovet dövründə yazılanlar bu gün öz aktuallığını və əhəmiyyətini itirdi.
Maraqlıdır, yanlış fikirdə olduqlarını bilə-bilə yenə də əksər ədəbiyyat-şünaslarımız elmi-tədqiqat əsərlərində və məqalələrin də 37-cu illər hadisələrinə haqq qazandırırdılar.
Beləliklə, bolşevik diktaturasının yaratdığı xof, qorxu, təhdid və təzyiq mətbuatımızın fəaliyyətində bu və ya digər dərəcədə təsir göstərirdi. Unutmayaq ki, ədəbiyyatşünaslığın mühüm bir hissəsi olan mətinşünaslıq artıq müstəqil elm sahəsi kimi fəaliyyət göstərməkdədir. Bildiyimiz kimi, bu elmin tədqiqat obyekti əsasən klassik yazılı abidələrdir. Bu baxımdan 1979-cu ildə çap olunan “Azərbaycan mətinşünaslığı məsələləri” adlı məqalələr toplusu çox maraqlı və aktualdır. Odur ki, məqaləni bir çox tədqiqatçılar yüksək qiymətləndirmişlər.
20-ci yüzilliyin əvvəllərində ədəbiyyatımızın, mətbuatımızın, maarifimizin, mədəniyyətimizin inkişafında repressiya qurbanlarının ədəbi-bədii yaradıcılığı çox mühüm rol oynamış və hər zaman öz aktuallığını qoruyub saxlaya biləcək bir örnəyə çevrilibdir.
Uzun bir zaman ərzində repressiya qurbanları haqqında aparılan ədəbi-tənqidi mübahisələr, yaradıcılığları haqqında yazılan elmi əsərlər, monoqrafiyalar, məqalələr bu sahədə dəyərli bir mənbə olsa da onlarda mübahisəli məsələlərdə var. Bütün bunları ayrıd və həll etmək müasir ədəbi tənqidimizin və ədəbiyyatşünaslıq elmimizin çox vacib vəzifəsidir. Ədəbiyyatşünaslığımızın bir sıra problematik məsələlərinə dair yazılan elmi, tənqidi məqalələrə və elmi əsərlərə 1980-cı illərin sonu, 90-cı illərin əvvəlləri yeni baxışdan yanaşılması zəruriyyəti meydana çıxdı. Bu zaman repressiya qurbanları haqqında tamamilə yeni mülahizələr yarandı, xüsusən də xalqımız öz dövlət müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra bir çox klassiklərimiz kimi onların da irsinə maraq artmış, qədir-qiymətini bilən, qiymətləndirən gənc tədqiqatcılar yaranmaqdadır.
Xüsusən də gənclər arasında onların irsini araşdırmağa, onlar haqqında müxtəlif illərdə söylənilən qeyri-obyektiv fikirlərə aydınlıq gətirərək həqiqətləri üzə çıxarmağa maraq get-gedə artmaqdadır. Bu ədiblərin irsi belə zəngin olduğu üçündür ki, onların yaradıcılığını bu gün də ədəbiyyatşünaslığımız dərindən öyrənməkdədir. Unutmayaq ki, mənəvi irsə yiyələnmədən, klassiklərdən öyrənib onların nəcib ənənələrini davam və inkişaf etdirmədən onların dahiliyini öyrənmək qeyri mümkündür. Təbii “...onların irsi hər nəsil tərəfindən yenidən araşdırılmalı və öz qiymətini yeni rakursdan almalıdır”- deyənlər də haqlıdır.
Yetişəcək yeni-yeni mətbuatşünaslar və ədəbiyyatşünaslar heç şübhəsiz repressiya illərinin qurbanlarının irsini, şəxsiyyətini daha geniş səviyyədə, beynəlxalq arenada təbliğ etməklə həm də, qədim tarixə malik olan ədəbiyyatımızı, mədəniyyətimizi, xalqımızı dünya birliyinə tanıtmış olacaqlar. Onu da qeyd edək ki, böyük sənətkarların əsərləri yaşadıqları dövrü və insanların mübarizəsini, mənəvi-psixoloji həyatını, fəlsəfi görüşlərini öyrənmək üçün misilsiz mənbədir. Elə bu ədiblərin özləri haqqında yazılan memuarların, xatirələrin həm xüsusi elmi-tarixi, həm də tərbiyəvi əhəmiyyəti var.
Unutmayaq ki, bu gün “humanitar düşüncənin yeni nəzəri-metodoloji axtarışlarının” bərqərar olması daha çox bu qiymətli irsə yenidən qayıtmaq üçün gərəklidir. Əslində bu illər ərzində onların yaradıcılığı və şəxsiyyətləri haqında yazılan hər bir elmi əsərin, məqalənin müsbət məziyyətlərindən biri əsərdə müasir səslənən bir sıra motivlərin aydınlaşdırılması, bu günün tələbləri nöqteyi-nəzərindən oxuculara çatdırılmasıdır.
Həqiqətən də son dövrlərdə yazılan mənbələrdə onların yaradıcılığının qüvvətli cəhətləri, əsas ideyaları haqqında orijinal mülahizələr, ictimai-fəlsəfi fikirlər, konkret və dolğun məlumatlar diqqəti cəlb edir.
“Kaspi” qəzeti, 22-24 noyabr 2014
STALİNİZMİ CANINDAN ARTIQ SEVƏN
Dostları ilə paylaş: |