YOXSA, DİLƏNCİ ÖMRÜ
Bu danılmaz bir faktdır ki, Hacı Zeynalabdin Tağıyev nəyinki Azərbaycanda, Rusiyada, hətta bütün Avropada bir milyonçu kimi yalnız milyonları sayəsində tanınmamışdır. Başqa milyonçulardan fərqli olaraq H.Z.Tağıyev insani keyfiyyətləri, şəxsi ləyaqəti, insanpərvərliyi, maarifpərvərliyi, xüsusən də vətənpərvərliyi (yeganə milyonçudur ki, 1920-ci il aprel işğalında vətəni bir saat belə tək edib heç yerə qacmadı), xalqa əl tutması ilə tanınmış və sevilmişdir. Savadsız olmasına baxmayaraq varlandıqca onun daxili və mənəvi keyfiyyətləri daha da zənginləşib. Bu haqda “Baky” qəzeti 18 mart 1912-ci il tarixli sayında yazırdı: “Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxridir. Onun adı həmişə etram və məhəbbətlə çəkilir. Müsəlmanlar arasında Tağıyevdən də xeyli varlı olanlar vardır. Lakin onlar deyil, məhz Tağıyev Qafqaz müsəlmanlarının mərkəz dayağı olmuşdur”.
Amma bu dayağı sevməyənlər, ona hər an qarayaxanlar da var idi. 20-ci yüzilliyin əvvəllərində Bakıda çap olunan bütün rusdilli qəzetlər müsəlmanlara, xüsusən də H.Z.Tağıyevə qarşı həmişə birmənalı münasibətdə olub. Məsələn, “Russiya utro” qəzeti 10 mart 1912-ci ildə “Şimdinin milyoneri, kecmişin hambalı” sərlövhəli məqalədə H.Z.Tağıyevin keçmiş günlərini xatırladaraq sanki onu istehza hədəfinə çevirməklə bütün müsəlmanları ələ salır, təhqir edirdi. Məqalə haqlı olaraq milyonlarla müsəlman ziyalılarının qəzəbinə, etrazına səbəb olur və görkəmli qələm sahiblərimizin əksəriyyəti buna etraz olaraq dövrü mətbuatda öz ertazlarını bildirirlər. Bu məqalələrin arasında dövrün tanınmış publisisti, jurnalisti S.E.İbrahimovun fikirləri kəskinliyi ilə daha çox diqqəti cəlb edir (Bax: “İqbal” qəzeti 13, 28 mart 1912). Müəllif yazırdı: “...Neyçün iyirmi milyon müsəlmanlara bir milyonçu çox görünüyör? Məlum ya... Bunlar burada yalnız bir sıra hammal, bir sürü səfil və sərsəri görmək istiyor. Şimdi Tağıyev kimi milyonerlərə qarşı bir paxıllıq var bunlarda”.
Burada bir faktı qeyd edək ki, dövrün rusdilli mətbu orqanlarında Tağıyevin şəxsiyyətini təhqir edən belə məqalələr çoxdur. Amma bu qəzetlər Tağıyevin keçmişini xatırladaraq onu ələ salmaqda çox böyük səhvə yol verirdilər. Çünki Tağıyev digər milyonçulardan fərqli olaraq bu milyonlara öz halal zəhməti sayəsində sahib olmuşdur. 10 yaşından bənna yanında palçıq daşıyan Zeynalabdin, 15 yaşında artıq bənnalıq edərək illər sonra öz halal zəhmətinin hesabına milyonçu Tağıyev olub.
Əxlaq və mənəviyyat baxımından da digər milyonçulardan çox-çox yüksəkdə dayanan Tağıyevin ikinci dəfə evlənməsi niyə ona qarşı mənfi fikirlər yaratmışdı? Axı Hacı ömür-gün yoldaşı Zeynəb xanım dünyasını dəyişəndən bir necə il sonra evlənmişdi. Bəlkə özündən 57 yaş kicik bir qızla evlənməsi buna səbəb olmuşdur?
Arxiv sənədlərindən və onun haqqında yazılan tədqiqat əsərlərindən bəlli olur ki, H.Z.Tağıyev iki dəfə ailə qurub və taleyində də yalnız bu iki xanım olub. Birinci arvadı Hacının öz əmisi qızı Zeynəb olub. Zeynəb təhsil görməsə də çox mədəni, ailəsinə, övladlarına qarşı mehriban, qayğıkeş, ailəcanlı bir xanım olub. Zenəb xanımdan Hacının iki oğlu, İsmayıl, Sadıq və bir qızı Xanım olub. Tədqiqatçıların yazdığına görə Hacı Zeynəb xanımla cəmi on il ömür sürüb. Zeynəb xəstələnib dünyasını dəyişib. Aradan bir necə il kecəndən sonra Hacı Dərbəndli Sona xanımla evlənib. Kim idi Sona xanım?
***
...Balakişi Ərəblinski əslən Zaqatalanın Tala kəndinin Ərəblər məhəlləsindən idi. Rusiyada təhsil alan Balakişi 50 il çar ordusunda xidmət edib, general-leytenant rütbəsinə kimi ucalıb. Rus ordusunun bütün yürüş və döyüşlərində igidliyi və cəsarəti ilə ad çıxaran general 1898-ci ildə istefaya çıxaraq Dərbənd də məsgunlaşmış və imperator tərəfindən ona hədiyyə edilən torpaqlarda ömrünün axırına kimi yaşamışdı.
Taleh elə gətirmişdi ki, generalın hər iki qızı Hacının ailəsinə gəlin köçmüşdü. Böyük qızı Hurcahan Hacının böyük oğlu İsmayılla (bəzi mənbələrdə Sadıqla evləndiyi qeyd edilir. Amma Hacını böyük oğlu İsmayıl olub) son beşiyi Sona isə Hacının özü ilə ailə qurub. Nurcahan bu ailədə xoşbəxtliyini tapmamışdır. Belə ki, Hacı önun kicik bacısı Sona ilə evlənərkən İsmayıl bu izdivaca narazı olduğu üçün Nurcahanı boşamış və başqa şəhərə köcmüşdür.
H.Z.Tağıyevlə Sona xanımın toyu 1896-cı il 28 iyun da Dərbənd də olub. Bu zaman Tağıyevin 73, Sona xanımın isə 16 yaşı var idi. Bu izdivacdan onların üç qızı, Leyla, Sara, Sürəyya və iki oğlu, Məhəmməd və İlyas olmuşdur. Sona xanım rus dilində təhsil almış yeniliyi, maarifi, mədəniyyəti çox sevən gənc və çox gözəl bir xanım olub. Tağıyevlə ailə qurduqdan sonra Bakıda bir çox xeyriyyə işləri onun adı ilə bağlıdır. Qız məktəbinin, qadın xeyriyyə cəmiyyətinin açılması, Hənifə xanımın qız məktəbinə müdirə təyin edilməsi bir başa onun istəyi nəticəsində olan işlərdəndir.
Lakin, Hacının gözəl, cavan, ağıllı, xeyirxah xanımına biganə qalmayanlarda olub. 1906-cı ildə Dərbənddə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri tamaşaya qoyulur. Tamaşa qutardıqdan sonra səhnəyə bir yeni-yetmə xanım qalxır və əlindəki gül dəstəsini Hüseyn Ərəbliniskiyə təqdim edərək: “Bu güllər solsa da, ləcəkləri məndən sizə yadigar qalsın” –deyir.
Bu haqda Cəfər Cəfərovun “Azərbaycan Dram Teatrı Tarixi” adlı kitabından oxuyuruq: “... Gül verən qız biz yola düşən günü də gəlib bizi ötürdü. Vaqonda Hüseyn dedi ki: “O, qadın heç mənim yadımdan çıxmayır. Onun soyadı Ərəblinskayadır, bu gündən mənimdə təxəllüsüm “Ərəblinski” oldu”.
İllər sonra Sona xanımın yaxın qohumu Həmzəlov xatirələrində yazırdı ki: “Sonanı həm də məşhur aktyor Hüseyn Ərəblinski dəlicəsinə sevirdi. Elə Ərəblinski soyadını da Sonaya olan sevgisinə görə götürmüş və ömrünün sonuna kimi bu soyadı daşıyıb”.
Təbii ki, bu söz-söhbət Hacının da qulağına catır. Və 1919-cu ildə Hüseyn Ərəblinski öldürülür. Bu ölümdə şübhəlilərdən biri də H.Z.Tağıyev olur.
H.Z.Tağıyevin pulu ilə ali təhsil alıb Bakıya qayıdan gənclərdən biri də Lütfəli bəy Behbudov olub. Hətta təhsilini başa vurub gələndən sonra Hacı onu öz yanında işlə də təmin edib. Uzun illər Hacının mühəndisi kimi çalışıb. Görkəmli yazıçımız Qılman İlkinin yazdığına görə bir gün Hacı Lütfəli bəyin Sona xanıma olan münasibətindən şübhələnir və Lütfəli bəyi yaxşı cəzalandırır. Aradan bir müddət kecəndən sonra Tağıyevin düşmənləri (onların arasında erməni varlıları da var idi) Lütfəli bəyi qızışdırılar ki, Hacını məhkəməyə versin. Uzun sürən məhkəmə Tağıyevə iki il yarım həbs çəzası versə də sonda imperator Hacının günahını bağışlayır və Hacı həbs edilmir.
***
1920-ci ildə bolşeviklər silah gücünə Azərbaycanı işğal edirlər. Əksər milyonçular həbs və sürgündən qurtulmaq üçün gizli yollarla Vətəni tərk edərək üz tuturlar xarici ölkələrə. H.Z.Tağıyev isə heç yerə getmir. “Mən bu millət üçün nə pislik etmişəm ki, qacım. Mən öz vətənimi buraxa bilmərəm”-deyərək ömrünün sonuna kimi qalır Bakıda. Deyilənlərə görə H.Z.Tağıyev nə qədər təkid etsə də Sona xanım onu tərk edib heç yerə getmir. 1924-cü ildə sentyabrın 1-də H.Z.Tağıyev dünyasını dəyişir. Sona xanımın bundan sonra ən cətin günləri başlayır. Heç yerdə işə götürülməyən Sona xanım qızı Sara ilə tamamilə köməksiz və kimsəsiz qaldığı üçün dilənməyə başlayır. 1932-ci ilin (bəzi tədqiqatlarda 1938-ci il göstərilir) soyuqlu bir qış günündə, kücədə Sona xanımın əlində bir parca çörək meydi tapılır.
Bir general qızı, milyonçu xanımı dilənçi taleyi də yaşayır. Görünür bu dünyada kimliyindən asılı olmayaraq heç kim TANRI qismətindən qurtula bilmir!
“Kaspi” qəzeti, dekabr 2014
ETİRAF ETMƏK DƏ BİR MƏDƏNİYYƏTDİR
Bunu tədqiqatçı alimlərimizdən yalnız Əziz müəllim etdi
“Biz klassiklərimizi tənqid edirdik, bilə-bilə ki, onlar bunun üçün əsas vermirlər. Mən mənsub olduğum nəslin və şəxsən özümün böyük klassiklər qarşısında günahlarını yumaq istəyirəm. Biz qabaqcadan bilə-bilə ki, damğalara layiq deyillər, yenə onları tənqid eləmişik. Əgər indi biri bizim məqalələrimizi götürüb oxusa... utanıb başımızı aşağı salarıq”.
Bu sözlər görkəmli ədəbiyyatşünas, mətbuatşünas, arxuvşünas, mətinşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədova məxsusdur. Əziz müəllim yeganə tədqiqatçı alim idi ki, Sovet dövründə yazdıqlarını inkar etmədi, gizlətmədi. Əksinə bu səhvlərini düzəltmək üçün Tanrıdan möhlət istədi, Tanrı da Əziz müəllimə bu möhləti verdi. 1980-cı illərin sonlarından ta dünyasını dəyişən günə kimi (2002) gecəli-gündüzlü “günahlarını” yumaq üçün işlədi. “Mənə elə gəlir ki, mən əsl elmlə yalnız son illər məşğul olmuşam”-söyləyən alim bir daha etrafını bəyan etdi. Etraf etmək, bağışlamaq çox az-az insanlara nəsib olur. Ançaq kamil və aqil insanlar bunu edə bilir.
***
Çoxsaylı əsərlərin, məqalələrin müəllifi olan Ə.Mirəhmədovun elə əsərləri var ki, bir elmi-tədqiqat institutunun, yaxud müəlliflər kollektivinin görə biləcəyi əzəmətli bir işə bərabərdir. Əziz müəllim isə bu işləri təkbaşına görmüşdü. Lakin, bunun üçün nə qürurlanır, nə də kimisə məzəmət edirdi. Ömrünün 40 ilini sərf etdiyi “Azərbaycan jurnalistləri və naşirləri” (Ensiklopediyası) buna ən gözəl nümunədir. Tədqiqatçı alim bu əsərinin makina nüsxəsinin 1980-cı illərin ortalarında nəşriyyatda “itməsi”ndən pərişan olsa da yenidən işə başlayır. İkinci dəfə isə daha mükəmməl bir ensiklopediya ortaya qoyur.
“Abdulla Şaiq”, “Sabir”, “Məhəmməd Hadi”, “Yazıçlar, talelər, əsərlər”, “Azərbaycan Molla Nəsrəddini”, “XIX və XX əsrlər Azərbaycan ədəbiyyatı tarixindən tədqiqlər” əsərləri və yüzlərlə elmi-publisistiq məqalələri alimin bu gün mətbuatşünaslığımıza verdiyi ən dəyərli töhfələrdəndir. Bu əsərlər Sovet dövrünün amansız ideoloji amirlik təsiri altında yazılsa da mətbuat və ədəbiyyat tariximizdə neçə-neçə təqdiqatçılar nəslini məlumatlandıracaq, istiqamətləndirəcək, yeni tədqiqatların yaranmasına səbəb olacaq.
Əziz müəllimlə ilk dəfə 1990-cı ilin qarlı-boranlı qış günündə Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda görüşdüm. Çox mehriban və səmimi olan Əziz müəllimlə söhbətimizi onun iş otağın da davam etdirdik. Yazı masasının üstündə Əhməd bəy Ağaoğlu ilə bağlı bir neçə material göstərib dedi: “Qızım, çox təəssüflər ki, bu kişilərin qədrinin bilməmişik, onlara damğa vurmuşuq. Hazırda Əhməd bəyin həyatı, yaradıcılığı haqqında kitab hazırlayıram. Sağ olsunlar dostlarım. Mənə Əhməd bəy haqqında Ankaradan, İstanbuldan çox materiallar göndəriblər. Əhməd bəyin Türkiyədə yaşayan qızı Sürəyya xanımla məktublaşıram. Bu işdə o da mənə çox yardımcı olur. Səhhətim xarablaşmasa, işi mütləq sona çatdıraçağam. Əgər bunu edə bilsəm yəqin ki, Əhməd bəyin ruhu məni baxışlar. Bir zaman hakim partiyanın ideologiyasının təsiri ilə “burjua jurnalisti” adlandırdığım Əhməd bəy çox böyük şəxsiyyət olub. Qızım, onu aşkarca bəxti gətirməmişdi. Əhməd bəyin sadəcə adını çəkmək də qadağan və “xətalı” olduğundan onun portretini istər-istəməz əyri güzgüdə göstərməyi rəva bilirdilər. Təəssüf ki, mərifət və istedadca, ondan çox aşağı pillədə duranlar belə onun haqqında olmazın ittihamlar söyləyirdilər. Ömrünün cavan, ahıl və qoca çağlarında, nə vaxt, harada olursa-olsun, onun ürəyi Azərbaycanla, doğma “Şuşa qalası” ilə həmahəng döyünürdü. Əhməd bəy hec nə yazıb yaratmasaydı belə, təkcə “Difai”ni yaratmaqla bu xalqa oğulluq borcunu vermiş oldu. Özü də necə verdi. Bəs biz ona necə qiymət verdik? Uzun illər adına, şəxsiyyətinə yaraşmayan qarayaxmalar, böhtanlar, yalanlar ayaq acdı ədəbiyyatımızda, mətbuatımızda. Ən böyük dəhşətlisi bu idi ki, təkcə Əhməd bəyi deyil bütün klassiklərimizi yeni nəslə əyri güzgüdə təqdim edirdik. Vulqar, sosioloji qiymətlərə əl atıb onların yaradıcı rolunu, şəxsiyyətini müxtəlif yollarla aşağı endirirdik. Qızım, bilirsənmi, Kamerton itiriləndə, orkestrdə yad səslər əmələ gəlir. “Mədəniyyətimizin qaymağlarını” məhv etdilər. Ədəbiyyat, mədəniyyət, mətbuat, ədəbi mühit başsız qaldı. Bütün tariximizi, ədəbiyyatımızı başqa çür yazdıq. Əli bəy, Əhməd bəy, Məmmədəmin, Mirzəbala kimi oğulları xalqın böyük düşməni kimi qələmə verdik. Demək olar, hamımız mən və qələm yoldaşlarım istisnasız belə edirdik. Bu gün heç kəs yaxasını bu işdən kənara cekə bilməz. Bolşevik mətbuatını və yazarlarını yüksəldərək, milli mətbuatımızı “burjua” adı ilə olmazı böhtanlarla alçaltdıq. Eşitdiyimə görə bu gün bəziləri əsərlərini kitabxanalardan yığışdırır, gizlədir. Amma düşünmür ki, onlar artıq xalqın yaddaşındadır. Ona görə də etraf etmək, səhvlərimizi düzəltmək lazımdır. Allaha şükür indi Baş Mətbuat İdarəsi başımızın üstündə yoxdur.
-Əziz müəllim, bəlkə hər şeyi də yuxarıların üstünə atmayaq. Kimisə məzəmət etmək çox asan deyilmi? Bəlkə hərdən bir Baş Mətbuat idqrəsinin gözündən yayınmağa cəhd eləmək olardı.
- Cəhd edənlərimiz oldu, qızım! Onların da taleyi akademik Heydər Hüseynovun taleyi kimi oldu. Heydər Hüseynov mənim müəllimim olub. Çox cəsarətli, mərd, millətsevər insan idi. 1944-cü ildə Həsən bəy Zərdabiyə münasibət yaxşı deyildi. Görün ha kimə, Həsən bəyə. Bütün ömrünü bu xalqın xöşbəxtliyi uğrunda hədər etdi. Onu həqarətlə “islahatçı, liberal” adlandırırdılar. Bu Heydər müəllimi çox narahat edirdi. Odur ki, Həsən bəyin yubileyini təşkil etdi. Mətbuatda onun haqqında məqalələr çap elətdi. Dərhal elə bizim öz alimlərimizdən bəziləri MK-ya məktublar yazdı, Heydər müəllimə olmazı iftiralar atdılar. Elə MK-yə də bu lazım idi. Komissiya düzəltdi. Belə istedadlı, vətənpərvər alimi bihörmət etmək üçün gurultulu kampaniya başladı, nə başladı. Bu kampaniyada hazırda sağ olan bəzi akademiklərimiz bir canfəşanlıqla iştirak etdilər ki, gəl görəsən...
-Əziz müəllim, bu gün o akademiklərin adlarını niyə biz gənclikdən gizlədirsiniz? Müsahibələrinizdə, xatirələrinizdə bunları açıqlayın. Qoyun bu gün onların övladları, nəvə, nəticələri bilsin ki, onların ata, babaları kim olub. Milləti, xalqı yolunda hansı “xidmətləri” edib.
- ...
Əziz müəllimlə bu görüşümüzdən nə az, nə çox düz 25 il kecir. Amma bu 25 il ərzində hec kəs nə Əziz müəllim kimi etraf etməyi bacardı, nə də... Əziz müəllim bu etrafdan sonra “Əhməd bəy Ağaoğlu” kimi sanballı bir monoqrafiyanı hazırladı. Doğrudur əsərin işıq üzü görməsi müəllifə qismət olmadı. Tədqiqatçı alimin yaxınlarından eşitdiyimə görə Əziz müəllimin nəşriyyata təqdim etdiyi “Əhməd bəy Ağaoğlu” monoqrafiyası günlərin birində “qeybə” çıxır. “Qeybə” çıxan bu əsəri müəllifin qızı filologiya üzrə fəlsəfə doktoru Dilarə Mirəhmədova (Əlizadə) çox böyük cətinliklərlə yenidən hazırlayaraq 2013-cü ildə çap etdirərək elmi ictimaiyyətə töhfə edib.
Məqaləni tamamlarkən təqvimə baxdım. Yanvarın 11-i Əziz müəllimin doğum günüdür. Müstəqilliyimizin ikinci ili 1920-ci ilin 11 yanvarında Bakıda dünyaya göz acan Əziz müəllim uzun illər Sovet dövrünün amansız “qayda-qanun”ları ilə yaşasa da, Tanrı ona 11 il müstəqilliyimizin sevincini dadaraq yazıb-yaratmağı “günahlarını yumağı” qismət etdi. Allah Sizə rəhmət eləsin Əziz müəllim. Siz bu etrafınızla milyonların qəlbində ucaldınız!
“Kaspi” qəzeti, 28 yanvar 2015
SOVET ADAMLARINDAN QORXAN SARA XANIM
yaxud ata evinin soyuq pillələrində üç-beş dəqiqə oturmaq üçün göz yaşları tökən milyonçu qızı
“Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var ki, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təhciz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər”. Bu sözləri milyonlarını Azərbaycan maarifinə sərf etməkdən usanmayan mesanat H.Z.Tağıyev 4 may 1896-cı ildə M.Şahtaxtlıya unvanladığı məktubda söyləmişdir. O, Tağıyev ki, təkcə Bakıda acdığı ilk müsəlman qız məktəbinin fəaliyyəti üçün 325 min manat xərcləmişdir. Belə min-milyon manatlarını can-başla xalqı yolunda sərf edən H.Z.Tağıyevin qızı Sara xanım isə Sovetlər Azərbaycanında acından öldü.
Hörmətli oxucum! Bir neçə nömrə bundan əvvəl Sizə mədəniyyətimizin, maarifimizin, mətbuatımızın inkişafında ölçüyəgəlməz dərəcədə əməyi olan H.Z.Tağıyevin ömür gün yoldaşı (ikinci) Sona xanım Tağıyeva haqqında məlumat vermişdik. İndi isə onların qızı Sara xanım haqqında oxuduqlarımı, gördüklərimi və eşitdiklərimi Sizinlə bölüşmək istərdim.
Sara xanım haqqında yazarkən yadıma tələbəlik illərim düşdü. 1985-ci ilin soyuqlu-çisginli payız günləri idi. BDU-nun Jurnalistika fakültəsinin II kursunda oxuyurdum. O, zaman Şəqrşünaslıq və Jurnalistika fakültələri M.Füzuli adına Əlyazmaları İnstitutunun arxasındakı binada yerləşirdi. Şərqşqnaslığın binasında ikinci mərtəbədə bir kitabxana da var idi. Adətən dərsdən sonra bu kitabxanada növbəti seminarlara hazırlaşmaq üçün saatlarla burada olurdum. Kitabxanaçı qadın Kiçikxanım çox mehriban, söhbətcil bir qadın idi. Bir necə dəfə onun yanında qoca, sacları üz-gözünə dağılmış, nimdaş paltarda bir qadın gördüm. Amma qadının savadlı və məntiqli danışığı istər-istəməz diqqətimi cəlb etdi. Onun kimliyi ilə maraqlananda məni dəhşət bürüdü. Bu qadın H.Z.Tağıyevin qızı Sara xanım idi. O, Tağıyevin ki, Bakı milyonçuları içərisində yeganə şəxsiyyət olub ki, milyonlarını cəkinmədən xalqının maariflənməsi, xoş günü üçün sərf edib. Yalnız Azərbaycanın deyil Rusiyanın çoxmilyonlu müsəlman əhalisindən də köməyliyini əsirgəməyib. Başqalarını deyə bilmərəm, amma mən belə bir kişinin qızını bu vəziyyətdə görəndə xəcalət hissi cəkdim. Çünki onu kücədə dilənci bilmişdim. Bu dəfə isə onu kitabxanada gördükdə icimdən onunla danışmaq, təmasda olmaq arzusu kecdi. Və bir gün kitabxanaçı Kiçikxanımın köməkliyi ilə Sara xanımla üç-beş dəqiqə söhbət etdim. Hiss etdim ki, söhbətimiz onun ürəyincə deyil, o insanlardan qacırdı, qorxurdu. Yalnız çox yaxından tanıdığı insanlarla təmasda olmağı xoşlayırdı.
İllər kecdi. Buna görə hec onu qınamadım da. Çünki, insanlara inanmamağa, onlardan qacmağa onun haqqı var idi. Nələr görməmişdi bu Sovet adamlarından. Evindən-eşiyindən, işindən-gücündən elədikləri az deyilmiş hələ 1970-ci ildə ona bir “ruhi xəstə” adını da qoşmuşdular. 1970-ci ildə Səhiyyə Nazirliyi bu adı rəsmiləşdirməyi qərara alır və “baş bilən” psixiatrlardan bir necəsinin imzası ilə Sara xanıma “ruhi xəstə” diyaqnozu qoyulur. Bundan sonra xüsusi bir dəstə onu Maştağadakı ruhi xəstəxanaya aparır. (Bu dəhşətli amansızlıqlardan, böhtanlardan sonra Sara xanım doğrudan da ruhi xəstə olmamışdısa deməli çox iradəli və səbirli qadın imiş). Burada dahi Mircə Cəlilin “Dəlilər” əsəri yadıma düşdü. Allah sənə qəni-qəni rəhmət eləsin Mirzə. Çox-çox təəssüf ki, “Dəli”lərlə “ağıllı”ların yeri dəyişik düşdüyü cəmiyyətdə “ağıllılar” dəliləri müalicə etmək üçün həkim çağırırdı...
***
Universiteti qutardım. “Ədalət” qəzetində müxbir işləyirdim. Yenidən Sara xanımımın axtarışına çıxdım və çox cətinliklə onu tapdım. Şahbazi küçəsi 102. Sara xanım ömrünün son illərini bu ünvanda yerləşən binanın birinci mərtəbəsindəki bir otaqlı “ev”də kecirdi. Bu evdə bir necə dəfə tədqiqatçı alim, yazıçı Teyyub Qurbanı, Xalq Təhsil Muzeyinin əməkdaşı Aliyə Abbasovanı, Azərbaycan EA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Şövkət Fazilovanı görmüşdüm. Hətta Şövkət xanım Sara xanımı bir necə ay öz evində aparıb sağlamış, qulluğunda durmuşdu. İnstitutun drektoru tədqiqatçı alim Əziz Mirəhmədov mütəmadi olaraq Sara xanıma maddi köməklik edirmiş. Sara xanımla evində də ilk söhbətimiz çox qısa oldu. Amma növəti gəlişlərimdə onun sevgisini qazana bildiyim üçün söhbətimiz baş tuturdu. Artıq Sara xanım çox qocalmışdı, taqətdən düşmüşdü, cətin eşidirdi, gözləri görmürdü.
Sara xanımla sonuncü görüşümüz 1991-ci il oktyabrın əvvəllərində oldu. (Dekabrın 24-də Sara xanım 92 yaşında bu amansız dünyadan köc etdi. Uzun illər haqsızlıqların girdabında çabalayan, məngənəsində sığılan qadın canını qutararaq haqsız dünyadan, haqq dünyasına qovuşdu). Yenə də əvvəlki söhbətlərimizdə olduğu kimi, Sara xanımın həssaslığına, dəqiqliyinə, zəkasına heyran qalırdım. Geniş mütaliyə dairəsi olan Sara xanım istənilən mövzuda həmsöhbəti ilə mübahisəyə girişməyi baçarırdı. Fəlsəfəni gözəl bilirdi. Bir neçə dildə təmiz danışan Sara xanım dünya filosofları haqqında çox maraqla danışırdı. Hətta 1964-cü ildə “Mənim fəlsəfi biliklər sistemim” adlı əsərini yazıb tamamlamışdı. Birdəki Sara xanım ərköyün, gütbeyin, yüngül həyat tərzi kecirən milyonçu qızlarından olmamışdı. İlk təhsilini atasının qız məktəbində alan Sara sonra ali təhsil əldə etmək üçün Sankt-Peterburuqa gedir və Peterburuq Zadəgan Qızlar Seminariyasına daxil olur. Universiteti əla qiymətlərlə oxuyan Sara burada rus dili ilə yanaşı bir necə xarici dili mükəmməl öyrənir.
1920-ci ilin qara aprel günləri Saranın xoşbəxt taleyini birdəfəlik olaraq darmadağın edir. Vətəni tərk etməyən ata-anası onu nə qədər vadar etsə də Sara onları tək qoyub hec yerə üz tutmur. 1924-cü il də H.Z.Tağıyev rəhmətə gedir. Ailəsinə qarşı təqiblər başlayır. Bolşevik S.M.Kirovun qətlində suçlandırılan Saranı Peterburuq həbsxanasına atırlar. Əri Zeynal bəyi isə güllələyirlər. Həbsdən azad olduqdan sonra Leninqrada tələbə yoldaşlarının köməkliyi ilə mərkəzdən çox uzaq kitabxanalardan birinə işə düzəlir. Lakin, biləndə ki, kimin qızıdır onu işdən qovurlar. Bu dəfə Sara Sankt-Petrburuq (Leninqrad) zavodlarından birin də tokar köməkcisi kimi fəhləliyə başlayır. Bir necə il sonra Sara xanım Leninqradda bir tatarla ailə qurur. İki övladları dünyaya gəlir. 1942-ci ildə əri dünyasını dəyişir. Yenidən Saranı zavoddan cıxarırlar. Övladlarını da götürüb üz tutur vətəninə. Lakin Bakıda tale yenə də Saranın üzünə gülmür. Əvvəl Sarayeva familiyası ilə işə düzəlsə də sonra kimliyini bildikdə onu işdən çıxarırlar. Evsiz, işsiz qalan Sara xanım məcbur olub övladlarını uşaq evinə təhvil verir.
Tədqiqatçı alim Qulam Məmmədlinin və yazıçı Qılman İlkninin söylədiyinə görə o zaman məsul vəzifədə işləyən yazıçı Süleyman Rəhimov çox böyük risqə gedərək Sara xanımın Maarif Nazirliyinə təlimatçı düzəlməsinə kömək edir. 1956-cı ilə kimi burada işləyən Sara xanımı rus dilini yaxşı bildiyi üçün məcbur qalaraq Rus Dili və Ədəbiyyatı İnstituna işə götürürlər. Burada işləyən Sara xanım Azərbaycanda maarifin, təhsilin inkişafında H.Z.Tağıyevin rolu haqqında dissertasiya yazmaq fikrini rəhbərliyə bildirdikdə İnstitut rəhbərliyi onu işdən azad edir və hökumət Sara xanımı çox güclü nəzarətə götürür. Çox təəssüflər ki, 1956-cı ilin sonlarında hec bir təqsiri olmadan işdən azad edilən Sara xanım ömrünün sonuna kimi (1991) heç yerdə işə götürülmür. Nə az, nə çox düz otuz beş il işsiz qalan Sara xanım “ruhi xəstə” adı ilə qapılardan qovulur. Qəribədir Sara xanım Sovet hökumətindən nə iş istəyirdi, nə ev. Yalnız bir istəyi var idi; atasına qarşı olan bu haqsızlığa son qoymaq. Nənəmin sözü olmasın “gedədən-güdədən düzələn hökumət” Hacı kimi kişinin qədrini bilməyə qadiridimi?
Bir gün Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Onu muzeyə buraxmırlar. Çox təkid etsə də rəhbərlik onun muzeyə girməsinə mane olur. Səbəb isə Sara xanımın “ruhi xəstə” olduğu bildirilir. 1990-cı illərdə onunla söhbət edərkən bu hadisəni çox böyük təəssüflə xatırladı: “Azərbaycan Tarix Muzeyi mənim atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada kecib. Getmişdim ki, bir necə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa o xoş günlərimi, atal-analı anlarımı “yaşayım”. Buna da Püstə xanım içazə vermədi. (Akademik Püstə xanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmin muzeyin direktoru olub).Onun babası Məşədini mənim atam xaricdə oxudub sonra da Bakıda işlə təmin edib. Nə deyim? Çox gidi dünyadır... Sara xanım sözlərinin arxasını gətirə bilmədi. Qəhər onu boğdu... Çuğura düşmüş gözlərindən iki damla yaş arıq və solğun yanaqları aşağı süzüldü...
Görəsən Sara xanım beş-on dəqiqə o muzeyin soyuq daş pillələrində oturub xoş günlərini xatırlasaydı, nə olardı ki, muzeydə möcüzəmi baş verərdi??? Doğrudan da insan olmaq, onu duymaq, qiymətləndirmək çox cətindir! Amma onu da qeyd edim ki, Sara xanım dünyasını dəyişəndən sonra onu son mənzilə bu muzeydən, ata evindən –qəbr evinə yola salaraq, Mərdəkan da H.Z.Tağıyevin məzarə yanında dəfn edirlər. O, dəfində mən də iştirak edirdim. Birdən yadıma Sara xanımın söylədikləri düşdü. Görəsən Püstə xanım bilirmi ki, Sara xanımı son mənzilə buradan-ata evindən yola saldılar. Axı o, bir zaman bu evin daş pillələri üzərində oturmaq üçün saatlarla göz yaşı tökmüş, yalvar-yaxar etmişdi...
“Kaspi” qəzeti, dekabr 2014
QÜRUR DUYA BİLƏCƏK TARİXİMİZ
Dostları ilə paylaş: |