HÖKÜMƏ XANIM
1985-ci il də artıq “Pravda”, “Komsomolskaya pravda”, “Literaturnaya qazeta” kimi hökumətin aparıcı mətbu orqanları olan bu qəzetlərdə yenidənqurma, aşkarlıq və demokratiyaya xas prinsiplər özünü büruzə verməkdə idi. İllərlə kommunizmi təbliğ edən, hakim partiyaya məddahlıq etməkdə aparıcı rol oynayan bu mətbuat orqanları artıq 1980-cı illərin əvvəllərindən səhv bir ideologiyanın təbliğatcısı olduqlarını anlayaraq xalqa düz informasiya vermək üçün mübarizəyə qalxmışdılar.
1985-ci ilin sonu, 86-cı ilin əvvəlləri mərkəzdə SSRİ hökumətinin aşkarlıq, demokratiya adı altında dağılmağa doğru getdiyi bir zamanda, Bakıda Mərkəzi Komitənin qərarı ilə inqilabçı-bolşevik xanım Ayna Sultanovaya heykəl qoyuldu. Butün varlığı ilə bolşevik olmuş, milli müstəqilliyimiz uğrunda mübarizə aparanlara qənim kəsilmiş Ayna xanıma heykəl qoymaqla Mərkəzi Komitənin rəhbərliyi bir daha hakim partiyaya, böyük qardaşına öz sədaqətini sübut etdi.
Əslində o illərdə Ayna xanım tək deyildir. Belə xanımlarımızdan biri də Ayna xanımın ən yaxın silahdaşı Hökumə Sultanova idi. Hökumə xanım da Ayna xanım kimi marksizm-leninizm məktəbinin yetirmələrindən biri idi və ömrünün sonuna kimi hakim partiyanın ən sadiq “qul”larından olmuşdur. Amma nədənsə elə bu günün özündə də bəzi tədqiqatçılarımız bolşevik ideologiyasının təbliğatcıları olan bu xanımlar haqqında gəncliyə düz informasiya vermir. Əksinə onlardan örnək götürməyi tövsiyə edir.
Maraqlıdır, niyə biz unuduruq ki, gizlətməyə calışdıqlarımızı zaman bir gün faş edərək dahi Sabir demiş: “Yağı yağ, ayranı ayran edəcək”. Niyə biz gənciyin həqiqəti biməsindən qorxuruq? Onsuz da tarix çox amansız olur. Gec-tez həqiqəti bəyan edir!
Çoxdanın söhbətidir. “Azərbaycan” qəzetinin 2010-ci il 7 mart tarixli sayında Hökumə Sultanova haqqında geniş həcimdə bir məqalə oxudum. Məqalədə Hökumə xanımın 20-ci yüzilliyin əvvəlləri, xüsusən də 1930-37-ci illərdəki fəaliyyəti müəllif tərəfindən nədənsə büsbütün unudulub və müəllif bu günki, gəncliyi Hökumə xanımdan örnək götürməyə çağırır?!
Bəs əslində Hökumə Sultanova kim idi?
Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan Hökumə xanım 1909-cu ildə anadan olub. Atasını tez itirən Hökumə çox çətin bir şəraitdə böyüyüb. Belə bir vaxtda Hökumə xanımın təbirincə desək “minlərlə ailələrə “səadət” gətirən bolşevik hökuməti” ona da xoşbəxtli bəxş edib. Bu kimsəsiz qız 19 yaşında Azərbaycan Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinə katib secilib. 26 yaşında isə Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin təbliğat şöbəsinə müdir təyin edilib.
1936-cı ildə Marksizm-leninizim İnistitutunu bitirib. Bütün varlığı ilə hakim partiyanın ən sədaqətli əsgəri olan Hökumə xanım 1937-ci ildə Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin ən aparıcı şöbələrindən biri olan mədəniyyət və maarif şöbəsinə rəhbərlik edib. Odur ki, xanım hakim partiyanın ideologiyasını təbliğ edən bir siyasi xadim kimi daha fəal olub. Xüsusən də 1937-ci il də.
Qarşımda 1937-ci ildə çap olunan “Ədəbiyyat” və “Kommunist” qəzetlərinin bir necə sayları var. Gözdən kecirirəm. Diqqətimi 1937-ci ilin may ayında kecirilən Azərbaycan Sovet Yazıçılarının üçüncü plenumuna həsr edilən saylar daha çox cəlb edir. Plenumda Hökumə Sultanova da çıxış edib. Xanım şıxışını istiqlalımızın bayraqdarı olan, canını bu müqəddəs yolda fəda edən Əhməd Cavadı “murdar sifət müsavatçı” adlandıraraq sözünü belə davam etdirib: “Yoldaşlar, bu plenum yalnız siz yazıçıları maraqlandırmır, o yanız bu İttifaqın divarları arasında qalmır. Bütün Bakı işçiləri və Azərbaycan əməkçiləri bu plenumun nəticələrini, bu siyasi imtahanın nəticələrini böyük maraqla gözləyirlər. Biz xalq düşmənlərinə, müsavatçlara və hər növ sinfi düşmənlərə qarşı mübarizədə çox amansız olmalıyıq. Cavadların, Cavidlərin nöqsanı yalnız onların mühafizəkarlığında deyil, eyni zamanda Müşviq kibi gəncləri zəhərləməsindədir. Bizim dahi rəhbərlərimiz, müəllimlərimiz Lenin-Stalin partiyasında Cavad, Cavid, Müşviq, Şahbazi, Yusif Vəzir, Musaxanlı və bu kibi müsavatçılara yer yoxdur. Onlar ulu Stalin epoxasına layiq yüksək bədii əsərlər yazmalıdırlar. Yoxsa onların İttifaqda qalmalarına yol vermək olmaz. Onlar mütəmadi tənqid edilməli və bu yolla tərbiyələndirilməli. “Ədəbiyyat” qəzeti, “İnqilab və mədəniyyət” jurnalı bu məsələni daima diqqət mərkəzində saxlamalı və daha amansız olmalıdır.
Yoldaşlar, bizim yolumuz müdrik rəhbərimiz Stalin yoldaşın yoludur. Bu yolda hər birimiz onun sədaqətli əsgəriyik. Bu yolda bizimlə olmayanlar bizə düşməndilər! Bu düşmənləri Sovet ədalət məhkəməsi amansızcasına məhv etməlidir!
Yaşasın böyük və şən həyat yaradıcısı olan, bizim doğma, sevimli rəhbərimiz Stalin!”
Hökumə xanımın bu məzmunda çıxışları, məqalələrı o dövrün mətbuatında saysız-hesabsızdır. Mövzusu, məzmunu eyni olan bu materiallardan yalnız birindən, “Ədəbiyyat” qəzetinin 27 mart 1937-ci il tarixli sayında çap olunan çıxışından kicik bir parcanı sizə təqdim edərək xanımın hakim partiyaya olan hədsiz sevgisi ilə tanış etdim. Hökumə xanımın bir səifəlik çıxışında düz 125 dəfə Stalinin adı cəkilir. Bu bir daha sübut edir ki, Hökumə xanım bütün varlığı ilə canla-başla bolşevik hökumətinin təbliğatcısı, Stalin “siyasəti”nin vurğunu olmuşdur! Bunu mən yox o dövrün mətbuat orqanlarında çap olunan yüzlərlə materiallar və arxiv sənədləri söyləyir.
...1930-ci illərdə Bakı da “Hücum” adlı bir ədəbi-bədii jurnal çap edilib. Jurnalın redaktorlarından biri də Hökumə xanım olub. Yeri gəlmişkən bir faktı da qeyd edim ki, repressiya illərində bu jurnal qədər Azərbaycan ziyalısına qənim kəsilmiş bir mətbu orqanı olmayıb. “Hücum” həqiqətən milli ruhlu ziyalılarımıza qarşı çox amansız bir hücum mövqeyində durub. Xüsusən də Hökumə xanımın redaktorluq etdiyi sayları.
Bütün ömrünü milli müstəqiliyimiz uğrunda mübarizəyə həsr etmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşvik, Seyid Hüseyn, Salman Mümtaz, Ümmügülsüm kimi millətsevər ziyalılarımız müsavatçı adı ilə, hökumətin düşməni kimi qələmə verilərək nəyinki, tənqid edilib, hətta təhqir edilərək oxucuya təqdim edilib.
Hökumə xanım “Partiyamız uğrunda” adlı geniş həcimli məqaləsinin sonunda “Biz Stalinimizi, çanımızdan artıq sevirik, ona qarşı qalxan, cirkli əllərin kəsilmnəsini, onun həyatına terror hazırlayan zərərli ilanların başlarının əzilməsini tələb edirik” deyərək bu məsələdə daha amansız olmağı tələb edirdi.
Millyonlarla Azərbaycan ziyalısının canına qəsd edib, işığını sondürən, ocağını viran qoyan, kökünü kəsən “Moskvadakı Böyük Cəlladın ən sədaqətli nökəri olan Mir Cəfər Bağırovu, onların bolşevik hökumətini Hökümə xanım doğurdanmı sevirdi, ona sidq ürəkdənmi bağlı idi? Təbii! Axı sevməsəydi bu vəzifələri ona bəxş edərdilərmi? Əsla yox! Bəs onda milli hiss, milli təsübkeşlik? Axı Cavidlər, Cavadlar bir millət olaraq azadlığımız uğrunda hər şeylərini qurban verdilər!
O, illərdə həm savad, həm dünya görüşü baxımından Ayna və Hökumə xanımlardan çox-çox yüksək səviyyədə duran Hənifə xanım, Həmidə xanım milli təsübkeşliyinə görə heş zaman bolşevik hökumətinin vədlərinə uymadılar, baş əymədilər.
Yazıçı-jurnalist Mehriban Vəzirin yazdığına görə (onu da qeyd edim ki, buna oxşar bir söhbəti tədqiqatçı alim Qulam Məmmədli də mənə 1990-cı illərdə danışmışdı) 1930-cu illərin ortalarında yazıçı Mirzə İbrahimov bir gün Həmidə xanıma bildirir ki, “yoldaş Bağırov arzu edir ki, Siz öz xatirələrinizi yazasınız, yoldaş Bağırovun o illər Qarabağdakı bolşevik fəaliyyətindən və mühüm bolşevik simaları haqqında bildiklərinizi qələmə alasınız”.
Bu görüşdən iki-üç il kecir. Həmidə xanım xatirələrini yazıb Mirzə İbrahimova təqdim edir. Əsərə nəzər yetirən Mirzə İbrahimov gərgin və incik bir tərzdə deyir:
- Həmidə xanım, yoldaş Bağırov arzu edirdi ki, Siz bu əsərinizdə yoldaş Bağırovun o illərdəki bolşevik fəaliyyətindən, Qarabağdakı hadisədən geniş şəkildə yazasınız. Yoldaş Bağırovun vətən, xalq qarşısındakı xidmətləri unudulmasın gənclərə ötürülsün.
Həmidə xanım Mirzə müəllimə heyrətlə baxaraq deyir:
-
Mən görmədiklərimi yaza bilmərəm.
Bu etraz Həmidə xanıma çox baha başa gəlir. Ailənin yeganə qazanc gətirən üzvü oğlu Müzəffər işdən çıxarılır. Ailə nəzarətə götürülür. Təqiblər, təziqlər başlayır-nə başlayır.
Uzun illər bəy qızı olan, var-dövlət içində yaşıyan Həmidə xanımı görəsən ehtiyacları niyə sındırmadı? Axı hər şeyini mülklərini, torpaqlarını, dəyirmanlarını, kəhrizlərini, toxucu karxanalarını, hətta evini belə sovetlər əlindən almışdı. Bəs onda niyə Həmidə xanım ürəyinin səsinə qulaq asdı. Çünki, Həmidə xanım bütün varlığılə kübar cəmiyyətinə məxsus bir ziyalı xanım idi. Vicdanı, şərəfi illər sonra yazdığı yalanlar üçün xəcalət cəkməsinə yol vermədi. Hec nəyə gücü catmasa da susmaqla bu şərə qarşı cıxdı!
Maraqlıdır görəsən Qarabağda Mir Cəfər Bağırovla bağlı nə hadisə baş vermişdir ki, onu Həmidə xanım yazmağı özünə sığışdırmamış.
Mehriban Vəzirin yazdığına görə: “Birinci dünya müharibəsindən sonrakı vaxtlar idi. Qafqazın başqa yerlərindən, hətta İrandan da talançı, soyğunçu dəstələr Qarabağa axışır, yolları kəsir, gəlib-gedənə basqın edir, gecələr kəndləri soyurdular. Bəzən də bu quldur dəstələri çox vaxt öz aralarında nüfuz davası aparırdılar.
Belə günlərin birində Həmidə xanımın Kəhrizlidəki mülkünə hökumət adamlarından bir necə nəfər qonaq gəlir. Elə bu vaxt bir nəfər gəlib inadla xanım ağanı görmək istəyir.
Mircəfərin göndərdiyi saç-saqqal basmış, cır-cındır və çirk icində olan cüssəli adamı Həmidə xanım arxa otaqların birində qəbul etməli olur. Vaxtsız qonaq gözlərini yerə dikib deyir:
-
Xanım, Mircəfər dedi ki, sənə çatdırım: göydə Allah, yerdə sən bizi qutar...
Həmidə xanım Mircəfərin adını çox eşitmişdi. Bu tərəflərdə onun adı uşqadan-böyüyə hər kəsə bəlliydi. Mircəfər Qarabağda ad çıxarmış bir neçə quldur dəstəsindən birinə başçılıq edir, yol kəsir, karvan soyur, adam öldürürdü. Sözsüz ki, bu işlər Həmidə xanıma yaxşı bəlliydi, ancaq hər kim olur-olsun- üzünü görmədiyi, salam-əleyk kəsmədiyi, dara düşmqş bir insan ən ağır gününda Həmidə
xanıma əl açmışdı və hansı təhlükə olsa belə bu əli geri itələmək Həmidə xanımın təbiətinə yadd idi. Elə Mircəfər də bu xanımın alicənablığını, səxavət və mərdliyini yaxşı bildiyindən külli Qarabağda o qədər pullu-hallı bəy kişiləri bir yana qoyub bir qadına pənah aparmışdı.
Bəlli olur ki, Mircəfərin quldur dəstəsi uzun müddət nüfuz davasında olduğu başqa bir dəstəylə atışmada mühasirəyə düşüb, qaçan qaçıb, qırılan qırılıb, çox az adam qalıb, qalanların da çoxu yaralıdır və bir kahada gizlənirlər, açığa çıxa bilmirlər. Yeyəcəkləri, sursatları, hər şeyləri tükənib. Düşmənləri təqibdən əl çəkmir. Xanım kömək edərsə buradan salamat çıxıb gedə bilərlər, yoxsa hamısı elə o kahadaca qalıb gəbərəcək.
Həmidə xanım onları evinə qonaq ala bilməzdi, çünki həmin vaxt canişinlikdən rəsmi qonaqları var idi. Lakin bu adamları darda da qoya bilməzdi. Bir az götür-qoy etdikdən sonra nökərini həmin adama qoşub Abdal Gülablıdakı inandığı bir qohumunun-Camal bəy Mirzəyevin üstünə göndərir. Beləliklə, Mircəfər və başının qırılıb qalan yaralı, ac, bit basmış beş-altı adamı həmin gecə gizli yollarla Abdal Gülablıya aparılır və məhv olmaqdan xilas edilir. Həmidə xanımın xatirinə Mircəfər adamları ilə düz bir ay Camal bəygildə qalır, yaralarına dava-dərman edilir, əyin-başları sahmana salınır. Axırda da kisəsinə pul, heybəsinə çörək qoyulub yenə gizli yollarla Bakıya yola salınır. Bu da olur Mircəfərin Qarabağdakı “inqilabçılıq fəaliyyəti, “bolşevizim fədaisi”.
Aradan çox az bir vaxt ötdükdən sonra bu yolkəsən, qanicən quldur olur Azərbaycan hökumətinin başçısı. Əslində elə bolşevik hökuməti rəhbərlərinin hansının kecmişinə nəzər yetirsən hamısı yolkəsən, qanicən quldur olub. Bu qulduru vəsf etməyi isə təbii ki, Həmidə xanım ləyaqətinə sığışdıra biılməzdi və bilmədi də!
Amma təəssüflər ki, Hökumə, Ayna xanım kimi yüzlərlə vəsf edənlərimiz oldu. Arxivdə Hökumə xanımın şəxsi sənədləri ilə tanış olarkən bəlli oldu ki, çox sədaqətli olduğu hakim partiya onu sınağa cəkməyi də unutmayıb.
Sultanova Hökümə İsmayıl qızı Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə əksinqilabi-millətçilik təşkilatın iştirakçısı kimi təqsirli bilinərək SSRİ XDİK Xüsusi Müşavirəsinin göstərişi ilə 23 iyul 1938-ci il tarixdə həbs edilir. Azərbaycan SSR XDİK-nin 9 avqust 1939-cu il tarixli qərarına əsasən Sultanova Hökümə İsmayıl qızının işi yenidən baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə göndərilir, lakin iş sübuta yetmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün Sultanova Hökümə İsmayıl qızı Azərbaycan SSR XDİK tərəfindən 28 dekabr 1939-cu il tarixdə 315 №-li orderlə azad edilir.
Yenidən Hökumə xanımın xoş günləri başlayır. Bu dəfə o, daha amansız mübarizəyə kecir. Hökuməti də onun bu can-fəşanlığını qiymətləndirir. Dəfələrlə Ali Sovetə deputat secilən xanım ən yüksək fəxri adlara layiq görülməklə yanaşı, sorğu-sualsız ən yüksək vəzifələrə də təyin edilir. 1941-47-ci illərdə “Azərnəşr”in direktoru, 1954-60-cı illərdə isə (bu vəzifədə ilk azərbaycanlı qadın) Nazirlər Soveti sədrinin müavini təyin edilir.
Hökumə Sultanova həm də pedaqoq olub. Uzun illər sosializmin-kommunizmin auditoriyalarda təbliğatçısı kimi Azərbaycan Dövlət Pedaqoji Universetində, Azərbaycan Neft Akademiyasında, Dövlət İdarəcilik Akademiyasında kafedra müdri vəzifələrində çalışıb.
1960-ci ildən Respublika Qadınlar Şurasına rəhbərlik edən Hökumə xanım 1981-ci ildə dünyasını dəyişib.
Sonda əsl xanım-xatın olan Həmidə xanım haqqında deyilən bir cümləni xatırlatmaq istərdim. “...Şərlə döyüşməyə gücü çatmasa da heç olmasa susdu, ona dəstək vermədi. Bunu bacarmağın özü böyük bir igidlikdir!”
“Kaspi” qəzeti, 2014
NƏRİMAN NƏRİMANOV SEVGİSİ
Məhz onun sayəsində xeyli sayda Azərbaycan ziyalısı
faciələrdən qurtara bilib
Hörmətli oxucu! Mənim bu məqaləni yazmaqda məqsədim heç də Nəriman Nərimanovun “Şura hökuməti”nin qurulmasında olan fəaliyyətini danmaq deyil. Bu bir faktdır ki, Nəriman Nərimanov bir bolşevik kimi əvvəllər onlarla həm fikir olub. Lakin Nəriman Nərinmanovun bolşeviklik fəaliyyətini Məşədi Əzizbəyov, Əlheydər Qarayev, Dadaş Bünyatzadə, Həmid Sultanov, Ayna Sultanova və Hökumə Sultanovanın fəaliyyəti ilə eyniləşdirmək qətiyyən düzgün deyil. Çünki, adlarını sadaladığım bu bolşeviklər təpədən-dırnağa “böyük qardaş”larının ən sədaqətli qulu olaraq Azərbaycanda bolşevik hökumətinin bərqərar edilməsi üçün öz xalıqna qarşı çox amansız olublar. Yüzlərlə vətənpərvər, millətsevər oğullarımızın məhv edilməsində bir başa iştirak və yardım ediblər.
N.Nərimanov isə bu vətənpərvər oğulların hec olmasa bir necəsinin özünü və ya ailəsini bu faciədən qurtara bilib. Məsələn, Azərbaycan mədəniyyətinin, maarifinin, mətbuatının inkişafında misilsiz xidmətləri olan Hacı Zeynalabdin Tağıyevin həbs və sürgün edilməməsinə nail olub, bolşeviklərin xaincəsinə qətlə yetirdikləri baş nazir Nəsib bəy Yusifbəylinin ölümündən sonra başsız qalan ailəsini gizli yolla Türkiyəyə keçirib. XI Qızıl Ordunun siyasi idarəsinin xüsusi şöbə rəisi Semyon Pankratov “Üzeyr Hacıbəyov Müsavat dövründə çoxlu məqalələr yazaraq Rusiyadakı bolşevik hökumətini ələ salıb. O, yazır ki, Lenin hökuməti ilə keçmiş Nikolay hökuməti arasında heç bir fərq yoxdur. İkisi də bir bezin qırağıdır. Mən qəlbən rusun düşməniyəm. Türkçülüyə rəğbətim isə əbədidir. Yoldaş Nərimanov, o hətta Azərbaycanın sadiq bolşeviki Əliheydər Qarayev yoldaşı da lağa qoyur” -dedikdə Nərimanov əlini yazı masasına çırparaq “Bəsdir, bu millətin oğullarını bir-birinə düşmən etdiniz”-deyə Semyon Pankratovu otağından qovaraq Üzeyir bəyi də bu fəlakətdən xilas edir. Bu məzmunda faktların sayını artırmaq da olar. Çünki onları təsdiq edəcək arxivlərdə və o zaman çap olunan dövrü mətbuat da yüzlərlə belə faktlar var.
XI Qızıl Ordunun Azərbaycanı hər gün qarət edib Moskvaya daşıması və günahsız insanları gülələməsi Nərimanovu çox qəzəbləndirir. Odur ki, təcili olaraq İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını çağırır və iclasa XI Qızıl Ordunun siyasi idarəsinin xüsusi şöbə rəisi olan Semyon Pankratovu da dəvət edir. İclasda Nərimanov qəti şəkildə bildirir ki: “İnqilab Komitəsinin sanksiyası olmadan heç kim gülələnməsin”. İclasdan sonra isə Nərimanov çox əsəbi halda Semyon Pankratova deyir: “Semyon Andreyeviç, siz Bakıda oturub qiymətli oğulları həbs etməkdən və qarətlə məşğul olmaqdansa qəzalara gedin, camaatın dərd-sərinə əncam cəkin”.
N.Nərimanovun fövqalada çaxırdığı bu iclası və Semyon Pankratovu tənqid etməsi mərkəzi və yerli bolşevik “yoldaş”larının qəzəbinə səbəb olur. Xüsusən də Bakı Xalq Kommisarları Sovetinin sədri Stepan Şaymyanın, Bakı Komitəsinin katibi Sərkis Danilyanın və o zaman Azərbaycanda bolşeviklərin ən nüfuzlu nümayəndəsi olan Məşədi Əzizbəyovla, Əliheydər Qarayevin. Onlar Nərimanovun “əl-ayağa dolaşması” xəbərini mərkəzə çatdıraraq təcili tədbirlər görülməsini tələb edirlər. Məsələn, A.Mikoyan yazırdı ki: “Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin, o bizim təsirimiz altında olsun”.
***
... 1914-cü ilin martında Abdulla Şaiq Nərimanova yazırdı:
“Nişan qoymusan, eşitdim , xeyirli olsun!
Dan yıldızı kimi bəxtin durulsun ...”
Amma təəssüflər bəxti durulmadı, Nərimanovun. Əksinə, bu fəaliyyətinin nəticəsi olaraq tezliklə müəmmalı ölümü ilə Mərkəzin ilk qurbanı oldu... Bir millət kimi inkişafımız üçün bizə “... milli dil, milli ədəbiyyat, milli məktəb, milli mətbuat lazımdır”-deyə bəyan edən bir “bolşeviki” təbii ki, mərkəz sevməzdi. Ona görə də 1922-ci ildə onu vətəndən uzaqlaşdırmaq məqsədilə Moskvaya apardılar.Vəzifəsini “böyüdən” silahdaşları ömrünü kicilddilər...
“Biz millətlərin gönüllü ittifaqını istəyirik, -elə bir ittifaqını ki, bir millətin başqası üzərində heç bir zoragiliyinə yol verməsin, tam etimad, qardaşlıq birliyini aydın dərk etmək könüllü razılıq əsasında qurulmuş olsun”. Vladimir İliç Leninin bu sözlərinə Nərimanov bütün səmimiyyətilə inanaraq yazırdı: “Bizim idealımız bütün millətçiliyi yer üzündən götürmək və insanları qardaş etməkdir. Qafqazda elə bir həyat quraq ki, millət və milliyyət söhbəti orada olmasın”.
Qəlbən çox saf və təmiz bir şəxsiyyət olan Nərimanov inanırdı bu “qardaşlığa”, bu “sevgiyə”. Lakin sonradan müşahidələri və hadisələrin axarı ona sübut etdi ki, yanılıb. “Mən heç bir vaxt diplomat olmamışam”-söyləyən Nərimanov bolşevizmin başdan-ayağa hiyləgərlik diplomatiyası olduğuna artıq şübhə etmirdi. Odur ki, yanıldığını başa düşərək ömrünün sonunda: “Azərbaycan ziyalısı tarixin müdrik və sarsılmaz qanunlarına uyğun hərəkət etməlidir”-söyləməklə onları tarixi hadisələrdən sanki ibrət götürməyə səsləyirdi.
***
1920-ci ilin 28 aprel işğalından, 1990-cı ilin 20 yanvar faciəsinə kimi baş verən hadisələr bir daha “böyük qardaş”larımızın bizə qarşı olan “səmimiyyətini, sevgisini” bütün çılpaqlığı ilə faş etdi. Və heç zaman bu millətlərin könüllü ittifaqında bizə doğmalıq olacağına inam qoymadı ...
“Vətənin qədrini o kimsə bilər ki, vətən onun ruhani rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün... hər kim xüsusi özü üçün yox, ancaq vətən, məmləkət üçün işləyirsə, onun haqqı var seçsin və seçilsin”-deyən Nərimanovun haqqlı olduğunu zaman sübut etdi ki, uzun illər sonra əliheydərlərdən, məşədilərdən fərqli olaraq Nərimanov seçilir və sevilir.
Sovet dövrü tədqiqatlarından belə bəlli olur ki, Nərimanovun M.Ə.Rəsulzadə ilə çox pis münasibətləri olub. Halbu ki, Nərimanov 1915-17-ci illər də ən çox M.Ə.Rəsulzadənin “Açıq söz” qəzetində çap olunub. 1915-ci ildə “Bir gəndin sərgüzəşti”, 1917-ci ildə isə “Pir” hekayələrini məhz ilk dəfə bu qəzetdə çap etdirib. 1907-ci ilin ortalarında yaranan “Nicat” Xeyriyyə Cəmiyyətinə 1907-ci ilin noyabrından M.Ə.Rəsulzadə rəhbərlik edib. Cəmiyyətin nəzdində fəaliyyət göstərən ədəbiyyat şöbəsinə isə Nərimanov rəhbərlik edib. O, “Tənqid gecələri” ədəbi dərnəyini də burada yaratmış və bu işlərdə cəmiyyətin rəhbərliyinin ona qayğı ilə yanaşmasını məmunluqla xatirələrində qeyd edirdi.
Digər sovet tədqiqatlarında Nərimanovun H.Z.Tağıyevlə də münaqişəsi olduğu qeyd edilir. Sovet dövründə yazılan bu əsərlər təbii ki, o dövrün ideologiyasına xas olaraq qələmə alınmış.
Görkəmli yazıçlarımız Manaf Süleymanlının və Qılman İlkinin tədqiqatlarında bu hadisə doğru şərh edilib. 1906-cı ilin avqustun 15-də Bakıda Zaqafqaziya Müsəlman müəllimlərinin I qurultayı kecirilir. Həsən bəy Zərdabi və Nəriman Nərimanov qurultayın sədri seçilirlər. Qurultay nümayəndələrinin arzusu ilə bütün siyasi məsələlərə Nərimanovun sədirliyi ilə baxılmalı idi. Qurultayda həmcinin Azərbaycanda milli məktəblərin genişləndirilməsi, ana dilinin tam hüquqlu dil kimi təmin edilməsi, Qoridə olan Müəllilmlər Seminariyasının “müsəlman şöbəsi”nin Azərbaycanın şəhərlərindən birinə köçürülməsi məsələləri çox ciddi qoyulur və qərar qəbul edilir. Qərar Həsən bəy Zərdabi tərəfindən hazırlanır. Burada “qurultay xahiş edir” sözləri ilə razılaşmayan Nərimanov “qurultay tələb edir” yazılmasını bildirir. Qurultayda iştirak edən H.Z.Tağıyev isə hökumətdən tələb yox, xahiş etmək olar fikirinin qalmasını tövsiyə edir. Bu zaman H.Z.Tağıyevlə Nərimanov arasında anlaşılmazlıq yaranır. Bundan istifadə edən “soydaşlarımızın” bəziləri məsələni daha da qəlizləşdirmək üçün gah Hacıya, gah da Nərimanova fitva verirlər...
Bildiyimiz kimi, Nərimanov Hacının maddi dəstəyi ilə Rusyada ali təhsil alan ziyalılarımızdan biri idi. Amma nə yaxış ki, Nərimanov sonralar bu xeyirxahlığa özünə xas olan xeyirxahlıqla cavab verir. Belə ki, 1920-ci ilin aprel işğalından sonra H.Z.Tağıyevin bütün sərvəti, malı-mülkü əlindən alınaraq XI Qızıl Ordunun müşayyəti ilə Moskvaya və Ermənistana aparılır. (Bu haqda tədqiqatçı alim Qulam Məmmədli deyirdi ki, bu hadisəni gözləri ilə görən bir bolşevik əsgəri illər sonra bu haqda ona danışıb və arxivdə də Tağıyevin evindən müsadirə edilən çox qiymətli əşyaların Azərbaycandan çıxarılması ilə bağlı sənədlər var. Qəribədir. Bolşeviklər deyirdilər ki, guya varlıların var-dövləti əllərindən alınaraq kasıblara verilir. Bəs onda Hacının bu var-dövlətini nə üçün öz millətinin kasıblarına verməyibMoskvaya aparırdılar). Bu vaxt Nərimanov çox çətinliklə H.Z.Tağıyevin Mərdakəkandakı bağ evinin bir hissəsində Hacının ailəsi ilə məskunlaşmasına şərait yaradır.
Onu da qeyd etmək yerinə düşərdi ki, H.Z.Tağıyev başqa milyonçulardan fərqli olaraq vətəni tərk edib heç yerə qacmayıb. “Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır”-deyən Hacı nə qədər təkid eləsə də qızı Sara və ömürgün yoldaşı Sona xanım ömrünün sonuna kimi onu tək buraxmırlar.
1990-cı illərin əvvəlləri idi. Tədqiqatçı alim Qulam Məmmədli ilə bu barədə söhbət edərkən o dedi ki, bolşeviklər Nərimanovun nüfuzundan cəkinərək Hacının bağ evinə göçməsinə açıq-aydın mane ola bilməsələr də gizlin olaraq onu incidirlərmiş. Bütün varidatı əlindən alınan və evdən kənara çıxmasına içazə verilməyən Hacı burada maddi cətinlik cəkirmiş. Bunu eşidən Nərimanov iki-üç gündən bir gecə, bütün şəhər yatandan sonra, saat 3-4 radələrində faytola Hacının bağ evinə gələrək onlara gizli yolla ərzaq, geyim, pul gətirirmiş. Hətta Hacı 1924-cü ildə dünyasını dəyişərkən Nərimanov çox çətinliklə dövlətə ən yaxın olan iki mətbu orqanında (“Kommunist” və “Bakınski raboşi” qəzetlərində) nekrolok çap etdirməyə də nail olur.
***
...Tarixi mənbələrdən bəllidir ki, o zaman Odessada təhsil alan bir necə gənc yay məzuniyyəti zamanı Kırıma, “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının yanına yığışarlarmış. İsmayıl bəyin gənclərə isti münasibəti, qayğısı nəticəsində hətta onlar qəzetlə əməkdaşlıq edir və İsmayıl bəyin evində qalırlarmış. Belə yay məzuniyyətlərinin birində İsmayıl bəyin evində qonaq olan iki gənc (Nəriman Nərimanov və Nəsib bəy Yusifbəyli) onun qızı Şəfiqə xanıma eşq elan edirlər. Şəfiqə xanım qəlbinə Nəsibbəylini yaxın bilir və onunla ailə qurur.
İllərt kecir. Azərbaycan Xalq Cümhuriyyəti XI Qızıl Ordunun əsgərləri tərəfindən işgal edilir və Nəsib bəy Yusifbəyli yerli bolşeviklər tərəfindən amansızcasına öldürülür. Şəfiqə xanım yerli hökumətin nümayəndələri tərəfindən övladları ilə birlikdə yaşadığı mənzildən çıxarılaraq küçəyə atılır. Bunu eşidən Nərimanov ailənin gələcək taleyindən narahat olduğu üçün o zaman Bakıda işləyən türk diplomatının köməyi ilə Şəfiqə xanıma və övladlarına saxta pasport düzəldərək onları türk hərbiçiləri ilə birlikdə əvvəl Batuma, sonra Trabzona, oradan isə İstanbula yola salır.
1990-cı illərin son ayları idi. Ədəbiyyatşünas alim Əzizə Cəfərzadədən elə bu mövzu ilə bağlı müsahibə götürürdüm. Söhbət, zamanı Əzizə xanım Şəfiqə xanım Nəsibbəylinin Türkiyədəki həyatından bəhs edərkən dedi ki: “Mən Türkiyədə Şəfiqə xanımın nəvəsi Zöhrə Göygöllə görüşdüm. Nənəsi haqqında çox maraqlı söhbətlər edirdi. Söhbət zamanı Zöhrə xanım dedi ki, nənəm Nərimanovu hər zaman xoş sözlərlə yad edərdi. Deyirdi ki, əgər bizi buraya göndərməsəydi Allah bilir taleyimiz necə olardı. Sözsüz ki, bolşeviklər məni həbs edib, övladlarımı da yetimxanalara verərdilər. Hətta biz Türkiyyəyə gələndən bir necə il sonra da Nərimanov bizə gizli olaraq bağlama göndərərdi. Birdən-birə bu bağlamaların arası kəsildi. Sonralar bildim ki, Nərimanov Moskvada müəmmalı bir şəkildə öldürülüb”.
Hörmətli oxucu! Elə bircə bu fakt kifayətdir ki, Nərimanovun əxlaqı nə dərəcədə təmiz və uca olub. Yadıma rəhmətlik atamın sözləri düşür. Atam dönə-dönə deyərdi ki; “calışın heç zaman əxlaqınıza xələl gətirməyin. İnsan əxlaqını, abr-həyasını itirdisə qutardı. Kim olur-olsun ...”.
N.Nərimanovun “Əqidə” adlı bir məqaləsi var (“Bəsirət” qəzeti, 5 iyul 1914). “Əqidə -inanılan sey, etiqad, imkan deməkdir. Yəni insan bir şeyə inanır, ona ibadət edir, onu hər şeydən müqəddəs bilib ruhunu, ağlını, tam vücudunu onun yolunda sərf etməyə çalışır”-söyləyən müəllif bütün varlığı ilə bolşeviklərə inanmış və bu inamla da illərlə onun uğrunda mübarizə aparmışdı. Lakin sonradan bolşeviklərin məkirli siyasətini dərk edən Nərimanovun bu əqidəsi, inamı büsbütün məhv olur...
***
1917-ci ilin soyuq qış günlərinin birində Nərimanov Nargin adasına gedir. Bu gedişə S.Şaumyan başda olmaqla bir necə bolşevik ciddi müqavimət göstərsədə Nərimanov adaya gedir və buradakı tükürpədici mənzərəni gözyaşları ilə belə təsvir edirdi: “Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş “əfəndim, su!”, “əfəndim, yemək!”, “əfəndim paltar” -sözlərini eşitməyəydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış, atasız-anasız balalarla söyləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim!”.
Adadan qayıdan Nərimanov əsirlərin ağır vəziyyəti haqqında şəhər dumasında geniş məruzə edir və əsirlərə kömək məqsədilə komissiya təşkil edilməsini tələb edir. Təşkil edilən komissiya Nərimanovun rəhbərliyi ilə bir sıra təkliflər hazırlayaraq Tiflisə Qafqaz ordu komandanlığına göndərilir.
Nərimanovun bu hərəkəti də bolşevik yoldaşlarının qəzəbinə səbəb olur. Xüsusən də daşnakların. Çünki, bu cəhənnəm adasını Rus qoşunları ilə daşnak hərbi quldur dəstələri yaratmış və onların türk xalqına qarşı növbəti soyqırımları idi. Tədqiqatçı alimlərin yazdığına görə Nargin adasındakı ağır vəziyyət türklər Bakıya gələnəcən davam edib.
Görkəmli alim Fuad Qasımzadə yazırdı ki: “Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeyimləri olur. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola bilməz. Odur ki, tariximizi, keçmişimizi bilməliyik”.
O keçmişi bilmək üçün mütləq dünənə nəzər yetirməli, xalq, millət yolunda kim nə etdiyini öyrənməliyik.
“Kaspi” qəzeti, 10 fevral 2015
GENERAL QIZI, MİLYONÇU XANIMI
Dostları ilə paylaş: |