konsorsiumlar sistemindən ibarətdir.
4.1.2. Biosenozun ərazi (məkan) strukturu
Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində – fitosenozda bitkinin
yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur.
Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq (mərtəbəlik)
quruluşunu alır: assimlyasiya edən bitkinin yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək
mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür.
Məsələn, Lənkəran ovalığında və dağətəyi hissədə dəmirağac üçyaruslu (üçmərtəbəli) mürəkkəb qarışıq meşəlik
yaradır. Üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir, ona vələs, azatağac və Qafqaz xurniyi (xurması)
də qarışır. Bu yarusun hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni isə
samşit, bigəvər və başqa kollar tutur (3-7 metr).
Meşədə həmişə yaruslararası (yarusdan kənar) bitkilər də mövcuddur, bunlara ağacların gövdə və
budaqlarında mamır və şibyələr, ali sporlu və çiçəkli epifitlər və lianlar aiddir.
Yarusluq bitkilərə işıq axınından tam istifadə etməyə şərait yaradır – yüksək gövdəli bitkilərin çətirləri
altında kölgəyədavamlı və kölgəsevər bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər.
Yarusluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə olunsa da, o qədər aydın görünmür.
Burada həm də meşəyə nisbətən az yarus ayrılır, meşədə də bəzən yalnız iki aydın görünən yarus olur. Məsələn,
yüksək doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, bəzən isə çətiryarpaq və ya cil ot örtüyü olan
ikiyaruslu ağaclıq yaranır. Yaruslar bitkinin assimlyasiya edən və mühitə böyük təsir göstərən əsas kütləsi üzrə
ayrılır. Bitki örtüyünün yarusları müxtəlif uzunluqda ola bilər, məsələn, ağac yarusunun hündürlüyü 30-50
metrə qədər, kol yarusu 2-6 m, mamır yarusu isə cəmi bir neçə santimetr təşkil edir.
|