Sanitar – mühafizə zonasının ölçüsü 3000 m tələb edən sənaye müəssisələri şəhərdən və digər yaşayış
məntəqələrindən kənarda yerləşdirilməlidir.
Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış və yanğın qorxusu olan müəssisələr sənaye
rayonunun yaşayış zonasından uzaqda və digər müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir.
Sənaye rayonlarını rekonstruksiya etmək üçün aşağıdakılar nəzərə alınmalıdır: planlaşdırmanı qaydaya
salmaq üçün və tikinti aparılan rayonda saxlanılan müəssisələr və yeni tikiləcək istehsalat obyektlərinin
yerləşdirilməsi üçün ərazi ehtiyatlarının aşkar edilməsi; ərazi ehtiyatı olmayan kiçik və köhnəlmiş müəssisələr
və obyektlərin, həmçinin yaşayış ərazisinə, qonşu müəssisələrə və ətraf mühitə mənfi təsir göstərən müəssisə və
obyektlərin ləğv edilməsi; rayonda nəqliyyat əlaqələrini qaydaya salmaq, az fəaliyyətdə olan əsas magistrala
çıxan dəmir yollarının ləğv edilməsi; sənaye müəssisələrinin ətraf ərazisini abadlaşdırmaq və yaşıllaşdırmaq,
ictimai və şəxsi nəqliyyat üçün dayanacaqlar təşkil etmək.
Mühəndis kommunikasiyalarını iqtisadi baxımdan qənaətcil, faydalı həll etmək, yük, təmir, energetik,
nəqliyyat və digər təsərrüfat müəssisələrini ümumi qrup halında təşkil etmək məqsədilə hazırda sənaye
müəssisələrini kompleksləşdirmək meyli müşahidə olunur. Texnoloji prosesləri, xammal bazalarını, məhsul və
ya tullantıların qarşılıqlı utilizasiyasının birləşdirilməsi əsasında müəssisələrin birləşdirilməsi daha
məqsədəuyğun olardı. Sənaye müəssisələrinin ümumi ərazidə kompleks yerləşdirilməsi xüsusilə kimya
sənayesində inkişaf etmişdir.
Müəssisələrin qruplaşdırılmasında texnoloji əlamətlərlə yanaşı, bəzi səhiyyə göstəriciləri də nəzərə
alınmalıdır. Məsələn, bəzi kimyəvi müəssisələrin ərzaq (qida) məhsullarına təsiri nəzərə alınmalıdır. Aqressiv
qaz və toz ayıran müəssisələr, fəhlələr və onların istehsal etdiyi məhsulları zərərli təsirlərdən mühafizə etmək
üçün digər müəssisələrdən aralı olmalıdır.
Atmosferə zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-ayrı müəssisələr elə yerləşdirilməlidir ki,
hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin.
Səth sularını çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə birlikdə çayın axın
istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.
Atmosferə ayrılan tullantıların yayılması (səpələnməsi) prosesini yaxşılaşdırmaq üçün müəssisələrin daha
yüksək sahədə yerləşdirilməsi məqsədə uyğundur.
Sənaye tərəfindən çirklənmiş meydançalara malik olan müəssisələr, çirkləndiricilərin leysan yağışları ilə
yaşayış ərazilərinə axmasının qarşısını almaq üçün yaşayış yerləri müəssisələrə nisbətən hündür sahələrdə
salınmalıdır.
Dostları ilə paylaş: |