18.4.2. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri
Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə
geniş tədqiqat işləri K.Ə.Ələkbərov (1961), X.M.Mustafayev (1975) və bir çox başqaları tərəfindən
aparılmışdır. K.Ə.Ələkbərov torpaq eroziyası üzrə aparılmış tədqiqatların nəticələrini cəmləşdirərək Azərbaycan
Respublikasının torpaq eroziyası xəritəsini tərtib etmişdir.
Azərbaycanda eroziya prosesinin əmələ gəlməsinə və inkiaşfına təbii-tarixi amillərdən – relyef, iqlim,
ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də
ciddi təsir göstərir.
Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan suyun
miqdarı düşən yağıntıların miqdarı və formasından asılıdır. Respublikanın dağlıq hissəsində müşahidə edilən
leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun da nəticəsində sel
hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında
müşahidə edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın cənub yamacında bir gündə 50-60
mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir dəfə müşahidə
edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel hadisələrinin baş verməsinə
səbəb olur.
Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin
36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6%-i şiddətli
dərəcədə yuyulmuş torpaqlardır.
Dostları ilə paylaş: |