19.2.1. Azərbaycanda otlaqlardan istifadənin ekoloji problemləri
Respublikanın təbii yem bitkiləri yayılan əraziləri mövsümi istifadə edilən yay-qış otlaqlarından,
biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı örüşlərdən ibarətdir. Bu kateqoriyadan olan torpaqlar öz
hüquqi rejiminə görə bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və qış otlaqları dövlət mülkiyyətində
saxlanılmaqla fiziki və hüquqi şəxslərə qısa və uzunmüddətli istifadəyə verilir. Biçənək və kəndətrafı örüşlər isə
ümumi istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır.
Təbii yem sahələri 3396,4 min hektar olub, respublika ərazisinin 39,3%-ni təşkil edir. Bundan 113,4 min
hektarı biçənəklər, 1460 min hektarı qış otlaqları, 589,5 hektarı yay otlaqları, 1233,4 min hektarı isə kəndətrafı
örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə 19.4 saylı cədvəldə verilmişdir.
Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min hektar olub, bu təbii yem sahəsi
bitki formasiyalarının təbii strukturuna ziyan yetirmədən və özünün bərpa olunma imkanını saxlamaqla optimal
ölçülərdə 2 milyon baş heyvanı yem ilə təmin etmək imkanındadır. Otlaqlarımızın bir qismi erməni
işğalçılarının müvəqqəti olaraq nəzarəti altında olması və respublikamızda 8 milyona yaxın iri və kiçik buynuzlu
heyvanın mövcudluğu yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur. Təbii yem sahələrində
hədsiz otarma ilə əlaqədar yükün artması, ekoloji baxımdan kənar müdaxilələrə daha həssas olan Azərbaycanın
alp və subalp çəmən və çəmən-bozqırlarında daha ağır vəziyyət yaratmışdır.
Torpağın eroziyası və bitki örtüyünün deqradasiyası bəzi regionlarda son onillikdə daha da sürətlənmiş və
otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır.
Alp və subalp çəmənlərindən ibarət olan yay otlaqları respublikada heyvandarlığın inkişaf etməsində yem
bazası olmaqla yanaşı, həm də böyük sutənzimedici və torpaqqoruyucu funksiya daşıyır. Azərbaycanın yay
otlaqları, əsasən dəniz səviyyəsindən 1600-3000 m (3200) yüksəklikdə olan dağlıq ərazilərdə yerləşmişdir. Yay-
laqlar öz coğrafi mövqeyinə görə meşənin yuxarı sərhədi ilə birləşir. Lakin meşənin yuxarı sərhədinin aşağı
salınması ilə əlaqədar geniş ərazilərdə meşənin yerində yaranan törəmə subalp çəmən və bozqırları da bura dax-
ildir.
Dostları ilə paylaş: |