2.3.2. Dünya okeanının ekoloji zonaları
Okean və ona daxil olan dənizlərdə hər şeydən əvvəl iki ekoloji sahə ayırırlar: su qatı – pelagial və suyun
dibi (bental). Dərinlikdən asılı olaraq bental litoral zonaya, batial zonaya – dik yamac sahəsi və abissal zonaya
bölünür. Litoral zona okean dibinin çəkilməsi zamanı ən aşağı və qabarma zamanı ən yuxarı su səviyyələri
arasındakı sahilboyu ekoloji zonadır. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. Litoral sahə qabarma və çəkilmə
nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu,
daşlı və qayalı litorallara ayırırlar. Təbiidir ki, litoralın sakinləri nisbətən yüksək olmayan təzyiq, gündüz günəş
işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır.
Abissal sahə okean dibinin 2500 m-dən dərin olan sahəsidir (6000-7000 m-ə qədər). Bu sahə daim qaranlıq
olub, temperatur aşağı və sabit, yüksək təzyiq (yüzlərlə, bəzən min atmosferə yaxın) altında olur. Abissalın
bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük
gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.
Okean dibinin bütün canlıları bentos adlanır.
Dostları ilə paylaş: |