23.10. SÜRÜŞMƏLƏR
Ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin yamac boyu aşağıya sürüşərək yerini dəyişməsi
sürüşmə adlanır. Sürüşmələr abraziya, eroziya, aşınma, suffoziya, seysmik hadisələr, həmçinin yerin geoloji,
geomorfoloji şəraitini nəzərə almadan insan tərəfindən təsərrüfat məqsədilə görülən işlərin təsiri nəticəsində
yaranır. Sürüşmə əsasən susaxlayan (gilli) və sulu (qumlu-çınqıllı və s.) süxur laylarının üst-üstə yerləşdiyi
yamaclarda baş verir. Süxur layları yatımının yamacın meyli istiqamətinə uyğun gəlməsi və ya onların həmin
istiqamətdə çatlarla kəsilməsi sürüşmənin inkişafına təsir göstərir.
Çox miqdar və leysan yağıntıları, daşqın və sel hadisələri də sürüşmənin yaranmasına və fəallaşmasına
səbəb olur.
Sürüşmələr əkin sahələrinə, sənaye müəssisələrinə, yaşayış məntəqələrinə, yollara, meşə sahələrinə və s.
böyük zərər yetirir, insan ölümünə də səbəb olur.
K.Y.Kondratyevin (1995) məlumatına əsasən 1981-1989-cu illər ərzində yüz fəlakətli sürüşmələrin yalnız
biri zamanı mindən artıq insan tələfatı olmuşdur (Ekvador, 1987). Bu dövr ərzində (1987-ci ildə) Neapolda daha
çox insan (35 min adam) sürüşmədən ziyan çəkmişdir. Sürüşmədən ən böyük maddi zərər İsveçrəyə (1988)
dəymişdir. 1989 və 1998-ci ilin qışı və yazında Çeçenistan və İnquşetiyada sürüşmələrin fəallaşması nəticəsində
27 minə qədər adam evsiz-eşiksiz qalmışdır.
2006-cı il fevral ayının 16-17-də Filippində torpaq sürüşməsi olub, iki kənd torpaq altında qalmış, 500-ə
qədər adam həlak olmuşdur.
Şəkil 23.5. Azərbaycan Respublikası ərazisinin sürüşmə dərəcəsinə görə rayonlaşdırılması xəritə-sxemi
Dostları ilə paylaş: |