ÇİRKAB SULARININ İSTİFADƏSİ – Məişət, leysan və sənaye
çirkab sularının tərkibində olan qiymətli komponentlərin (həll olan və
ya asılı) istifadəsi və ya təmizləndikdən sonra bu sularla tarlaların və
meşə əkinlərinin suvarılması.
ÇİRKAB SULARININ TƏMİZLƏNMƏSİ – Təbiətin və ətraf
mühitin çirklənmədən mühafizə edilməsi işində mühüm tədbirlərdən
biri, kanalizasiya sistemlərində çirkli suların su hövzələrinə
buraxılmazdan əvvəl təmizlənməsi. Mexaniki, fiziki-kimyəvi, kimyəvi,
biokimyəvi, bioloji və termik təmizlənmə üsullarından istifadə olunur.
Mexaniki üsula çökdürmə və süzmə prosesləri daxildir. Bu zaman suyun
içərisindəki bərk asılqan maddələr kənar edilir. Fiziki-kimyəvi üsulda
kütlə mübadiləsi proseslərindən – adsorbsiyadan və ekstraksiyadan
istifadə olunur. Kimyəvi üsulda çirkab, əsasən, kimyəvi reagentlər
vasitəsilə emal olunur. Bu zaman neytrallaşdırma, oksidləşmə,
reduksiya reaksiyaları nəticəsində zəhərli maddələr qeyri-toksik
məhsula çevrilir, yaxud da çöküntü halında ayrılır. Biokimyəvi üsulda
su aerotenklərə verilir. Yuxarıda göstərilən üsullarla təmizlənmiş suyun
tərkibindəki xəstəliktörədən bakteriyaları məhv etmək üçün suyu
xlorlayır və bundan sonra hövzələrə buraxırlar. Bioloji üsul – çirkab
sularının təmizlənməsində ən geniş yayılmış üsullardan biri olub, bu
zaman üzvi maddələrin mikroorqanizmlərlə – saprobiontlarla
minerallaşması gedir. Bu məqsədlə kiçik gölməçələrdən və digər su
hövzələrində biofiltrlər və ya aerotenklərdən istifadə edilir. Termik
üsul baha başa gəlsə də daha effektivdir. Bu üsulda sudan qeyri-toksik
qazvari yanma məhsulu və bərk çöküntü alınır. Çirkabın tərkibində üzvi
maddələr çox olarsa bu üsuldan istifadə etmək sərfəlidir.
Dostları ilə paylaş: |