Qismət meqapolis hüznləRİ



Yüklə 2.11 Kb.
PDF просмотр
səhifə2/5
tarix25.04.2017
ölçüsü2.11 Kb.
1   2   3   4   5

 
 
 
 
 
 
 
 
 
 
15. Qəzəb 
 
Ay başıqapazlı, taleyi acı – 
Hər tini, dalanı əndişə ölkə, 
Kolbasası halal, pivəsi hacı 
Artisti, ulduzu fahişə ölkə
Bəsdi sən danışdın, növbə mənimdi... 
 
Bir gecə gəzişsən sən öz içində, 
Ev-ev, küçə-küçə olarsan dəli. 
Qadınlar görərsən kişi cildində, 
Kişilər görərsən qadın kölgəli... 
 
Şəhərin  gözləri qara deyilmiş, 
Gecələr bu şəhər ayrı göz taxar. 
Paytaxta gecələr dodağı şişmiş, 
Yerişi dəyişmiş kişilər çıxar. 

 
41
 
Təzə körpü kimi namusdan keçib, 
Dünəni olmayan sabahsızlar var. 
Ucuz kafelərdə araqdan içib, 
İnqilab axtaran allahsızlar var. 
 
Kəsib doğradılar səni min tikə,  
İtdi çörəyinin, suyunun dadı. 
Ümidlər varıydı, ay yazıq ölkə, 
Bəs niyə olmadı, niyə olmadı? 
 
Su kəsən divlərin nə yaman çoxdu,  
Hər yerdən boylanır evləri  dam-dam.  
Səndə adamların bir üzü yoxdu, 
Bilmir ki, hansına tüpürsün adam. 
 
Sevgisiz olduqca yabanlaşmısan, 
Bu sərhəd-taleyi kim çəkdi sənə? 
Yaman ruslaşmısan, iranlaşmısan 
Osmanlı şilləsi gərəkdi sənə! 
 
Uduzdun özünü kəndlə, şəhərlə 
Ev-ev, küçə-küçə ancaq azaldın. 
Dərsini bu dəfə yaxşı əzbərlə, 
Bəsdi xəritədən sinifdə qaldın. 
 
 

 
42
 
 
 
 
 
 
 
 
 
 
16. Vitrin 
Mişel Uelbekə 
 
Dünyanın bakirə çağları getdi... 
Daha oksigen də saxtadır, saxta. 
Dünya-dünya deyil, supermarketdi, 
Hamı satıcıdır, hər yan piştaxta... 
 
Burda şüarlar var, endirimlər var 
Sevinclər bahadı, qəmlər ucuzdu. 
Məsələn, necədir görün bu şüar: 
“Üç əclaf istəsən biri pulsuzdu”. 
 
Vitrinlər önündə donub qalarsan, 
Şüarlar çığırar: “Məni al!“ – deyə. 
Yüz metr Nəsimi dərisi alsan, 
Bir şüşə Lorkanın qanı hədiyyə. 

 
43
Burda sədaqətlər düzülüb rəfə, 
Yazılıb: toxunmaq qətiyyən olmaz! 
Xoruz banınacan gündə üç dəfə, 
Pyotr yüz Məsihi danar, yorulmaz... 
 
Vitrində tozlanır  namuslu olmaq, 
Vitrində tozlanır qeyrətli ürək. 
Neyləyək, namusa sponsor tapaq, 
Neyləyək, ürəyə klip çəkdirək?!   
 
Ay dünya, hər yanı piştaxta dünya, 
Ay yalançı dünya, ay saxta dünya, 
Ay qərəz dünyası, ay kin dünyası, 
Ay market dünyası, vitrin dünyası, 
Sən şair qətlinə möhür bassan da, 
Şerin kitabını bağlasan da sən. 
Milyon il şairi qandallasan da, 
Şeri zirzəmidə saxlasan da sən
Bir şair nəfəsi gedib-gəlirsə, 
Bir uşaq bircə bənd şeir bilirsə, 
Şairlər qazacaq sənin qəbrini. 
 
Bir gecə şairlər küçəyə çıxıb, 
Sənin mərsiyəni oxuyar, market. 
Bizə uzatdığın çekləri yığıb, 
Sənin kəfənini toxuyar, market. 
 

 
44
Bezib, qəzəblənib, hirslənib, doyub 
Mən səni Eyfeldən asdıracağam. 
Sənə kassalardan başdaşı qoyub, 
Səni vitrinlərdə basdıracağam. 
 
Nəyi almısansa qaytaracaqsan, 
Sinənin üstünə çıxacam sənin. 
Əlimin altında yalvaracaqsan, 
Alnına bir şeir sıxacam sənin. 
 
Dükanlar hamısı batacaq yasa, 
Bu market dünyası iflas olacaq. 
Elə çığıracaq ağrıdan kassa, 
Obama eşidib bəyaz olacaq. 
 
Yağacaq başına şeir-raketlər, 
Vitrinlər söz altda dağılacaqlar. 
Yetim qalacaqlar mini-marketlər, 
Gəbərib qurd-quşa yem olacaqlar. 
 
Ay pozğun dünyanın pozğun qarısı, 
Dollar dodağınla heç bir şey demə. 
Sənə bağlanıbdı cənnət qapısı, 
Yeri, cəhənnəm ol, düz cəhənnəmə. 
 
 
 

 
45
 
 
 
 
 
 
 
 
 
17. Mükafat 
 
    Vətən haqda şeir müsabiqəsi keçirilirdi. Birinci yerə 100 
manat verirdilər. Tələbəydim, pula ehtiyacım vardı. İlk dəfə 
vətən haqda şeri onda yazdım. Bu da şeir... 
 
Yaxşı danışıram maşından, qızdan 
Söz sənə gələndə susuram, vətən. 
Qoy yazım, qurtarsın şeir, bir azdan, 
Yenə sanacağam cəsuram, vətən. 
 
Sənə “can” deməyə taqətim yoxdur, 
Mənim bayramım yox,  adətim yoxdur, 
Şuşaya getməyə qeyrətim yoxdur, 
Bulvara getməyə hazıram, vətən. 
 
Mən səni yaşaya bilmirəm hələ, 
Pul olsa qaçıram tez, gülə-gülə... 
Bax sənə yazdığım bu şeri belə, 
Mükafat naminə yazıram, vətən. 

 
46
 
 
 
 
 
 
 
 
 
 
18. Bomj, Füzuli və ölü  siçanlar 
 
Həyat 
onun  gözlərində  
zibillikdən  tapdığı 
almanın dişlək  yeri  qədər  boş… 
O hər  gün  tapdığı  almalar  qədər  tox, 
diləndiyi qəpiklər  qədər  sərxoş. 
Saqqalı   
qızların  mini  ətəklərindən uzun, 
ümidsizliyindən  qısa... 
 
O  
yağmurda çimər, 
günəşdə  qızınar. 
Saçında  bitlərin  marşrut darısqallığı, 
metro  basabası  var. 

 
47
Onun  üçün  fərqi  yoxdu 
mənim, sənin, onun 
Obamanın, Klintonun 
gəlməsi,  getməsi, 
Azərbaycanın Fransaya  uduzması, 
Albaniyayla heç-heçə etməsi, 
fərqi  yoxdu  qəti. 
O bu şəhəri, bu məmləkəti 
zibil  yeşiklərilə  tanıyar. 
Ümid  
onun  üçün 
bir  zibil  yeşiyindən   
o  birinə  qədər  məsafə...  
Mikrodalğada fırlanan qrilləri  görəndə düşünər 
ki, 
toyuqlar da məndən üz çevirir.  
 
... çiçək dükanın önündə  dayanıb  
qızılgüllərə  baxan bomjun  
gözlərində Füzuli  şeir   yazır. 
Nəsə  düşünür  bomj... 
Əllərini  ciblərinə  salır. 
Cibindən   
oynamaqdan  yorulub ölən siçanlar  çıxır... 
 
 

 
48
 
 
 
 
 
 
 
 
 
 
19.  Veranın  yuxusu 
 
Səkinin  üstündə bir qarı yatır 
Saçları bulaşıb vaxtın qarına. 
Parkda 10 qəpiyə tum büküb satır, 
Nazimin şerinin misralarına... 
 
Veradan tum alır qoca kişilər, 
Tumlar bu dəfə də bir azca çiydi... 
Çiy tumdan çırtlayıb fikirləşirlər, 
“Ölmüş cavanlıqda çox gözəliydi...” 
 
Fikirli kişilər uzaqlaşarkən, 
Keçmişi düşünüb kövrəkləşirlər. 
Deyingən qocalar uşaqlaşarkən, 
Parkdakı adamlar seyrəkləşirlər... 
 

 
49
Elə ki müştəri azalır parkda, 
Torbada get-gedə tum da qurtarır – 
Qarı böyrü üstə uzanır parkda, 
Yorğun gözlərini yuxu aparır... 
 
Hər gün yuxusuna bir kişi girir
Uzunboy, mavigöz, bığlı bir adam... 
Hər dəfə qarıya bir vərəq verir, 
Baş əyib deyir ki, hoşca qal, balam. 
 
Vera o yazıya gülmür,  
nə də ki, – 
Oturub ürəkdən ağlaya bilmir. 
Çünki illərdi ki, o vərəqdəki 
Yazını  yadında saxlaya  bilmir. 
 
Dünən tum satanda,   
kitablarının 
içindən bir vərəq cırdı rus qızı. 
Gözü kəlləsinə çıxdı Veranın, 
“a... mənim yuxuda gördüyüm yazı” 
 
“ VERAYA 
 
Gəlsənə – dedi mənə, 
Qalsana – dedi mənə, 

 
50
Gülsənə – dedi mənə, 
Ölsənə – dedi mənə. 
 
Gəldim. 
Qaldım. 
Güldüm. 
Öldüm.” 
 
Adını şeirdə görəndə Vera, 
Güldü xısın-xısın bu işə bir yol. 
Bükdü 10 qəpiklik tum tökdü sonra
Verdi müştəriyə, dedi: “çox sağ ol, 
Cibin dolu olsun!”  
 
 

 
51
 
 
 
 
 
 
 
 
 
 
20. Mono adamın gündəliyi 
 
 “İyirmi bir  ildir  ki, güzgüyə  baxıram və həmişə eyni  
sifəti     görürəm. Darıxmaqdan  adamın  ulamağı  gəlir”. 
 (Məşhur  top-model Klaudia Şifer) 
 
 
I. Səhər 
 
Yeddidə  durmaq  hər  səhər   
sabunlu  əllərlə öpmək 
güzgüdəki  dünənki üzü...   
çaydanı  beynindən  
tüstü  çıxanacan əsəbiləşdirmək. 
stəkandakı  şirinçayla  öpüşmək, 
əsnəmək, 
ağzı havada bir qarış açıq qalmaq, 

 
52
Pavarottiyə oxşamaq  uzaqdan... 
 Təkrardı 
evin hər bucağında  əsnəmələr,  
güzgüdəki dünənki  üzlər, 
pasportlardakı  dünənki  adlar
beyni  tüstülənən  çayın  dünənki  dadı 
hamısı  təkrar. 
bircə  fincanlarımız  fərqli... 
 
8-ci  mərtəbədəki  mənzilimiz 
Nuhdan bəri  küsülüdü  suynan. 
Hər  səhər  
suya həsrət binamızın  önündəki   zibillikdən  
“yeni ulduz”  pişiklər, “azəristar” itlər 
kədərli  zəngulələr   vurur 
və aclığın bu heyvani səsindən 
adamı ağlamaq  tutur... 
  
Çoxdandı   bu  şəhərdə  bütün  səhərlər  
dünənin  uğursuz  və  kədərli kopyasıdı... 
– Qapını  bağlayın  mən  getdim... 
 
 
 
 
 
 

 
53
II. Metroda 
 
“Biz  metro  relslərinə  bənzəyirik. 
 Qovuşmağımız qeyri-mümkündür”. 
(bir  filmdən)                
       
Hərdən  düşünürəm 
kassir  qadın  metrodan  qocadı. 
bir də,  sanki,  bu  şəhərdə  
adamlar  öz ÜMİDlərindən  balacadı. 
Kassir  qadın, məsələn, 
ümidlərinin  yanında   
kisəsindəki  qəpiklər  boyda. 
Ümidlərisə  güman  ki, 
pulun  kağız  formasında. 
“Məşədi Əzizbəyov” stansiyasında 
vaqondasansa,  
neçə  illərdi olursansa o stansiyada 
vaqonun  içində 
bilməlisən ki, 
kimsə bir-birinə baxmaz, görməz 
bir-birini. 
Çünki  korluğumuz 
nə Homerlə qohum, 
nə Borxeslə dost... 
Çünki dünya 
adam korluğu çəkir! 

 
54
Vaqonlarda böyüyür  dilənçi  uşaqlar,  
vaqonlarda  qocalır  kitabsatan  kişilər. 
mənim kimi, 
sənin  kimi, 
onun  kimi, 
bizim  kimi... 
oksigensiz  tunellərdə  keçir  ömür. 
Ömür  dedikləri   ölümə qədərki  tunel, 
Ölüm – depoya  gedən  qatardan düşməmək  
kimi  bir  şey... 
– Qardaş, düşmürsənsə, icazə  ver, düşək... 
  
 
III. Dərsdə 
 
 “Mən  çox  kiçik  yaşlarımdan  məktəbə  getməli  
olduğum  üçün  təhsilimə  ara   verdim“. 
 (Bernard Şou) 
 
mühazirə dinləmək zamanı keçmiş adamlardan,  
həyata  hazırlaşmaq, həyata... 
xarici bir film kimi baxmaq 
24 at gücüylə qaçan qolundakı saata. 
birinci  dərs bitdimi 
tələbələr ayıldımı və 
yuxulu professor  getdimi 
bufetin  önündə  dərd, 

 
55
siqaret və xəcalət çəkmək. 
Dərdi qıza, 
siqareti  dərdə, 
xəcaləti isə cibindəki siçanlara, 
mədəndəki sükuta bağlamaq. 
Köhnə şeirlərdəki kimi 
üzdə gülüb, içdə ağlamaq...  
Təklik  yersiz  reklam  kimi zəhləni  tökəndə 
aşiq  olmaq, aşiq  olmağı  arzulamaq, 
aşiqlik  uydurmaq özündən... 
Tez-tez, sürətlə qızlar sevmək    
popkornlu, dönərli,  fantalı  qızlar. 
hər gün ədalı, hər gün dünənki  
hər gün  yeni  bir  çantalı  qızlar... 
sevmək və mütləq  ayrılmaq 
ayrılmağı  öyrənmək üçün  sevirmiş  kimi... 
 
adamlardan  daha  işıqlı  dəhlizləri 
qara əllərə bulaşan ağ təbaşirləri, 
alınlarında  “MADE  in  SSRİ“ yazılı  
müəllimləri, 
dost-tanışları, 
tanış  dostları, 
boğazdan  yuxarı  tostları, 
boğazdan aşağı avamlığı, 
gəncliyi, cavanlığı  
universitetlə  birgə  bitirmək.   

 
56
almadığın  təhsilin  haqqını  verib 
diplom almağı  düşünmək... 
Savadsız alilərin 
ali  savadlıları vurub keçdiyi  bu  şəhərdə 
bütün  günortalar  
ucuz  siqaret və  çay  qoxulu  kafelərdə  axşamı  
gözlər  yenə. 
– Hansı  kafeyə  gedirik? 
– Həmişəkinə.... 
                            
 
IV. Günorta  və  kafedə 
 
“... bir  insanın  ölümü – ölümdür, 
 iki  milyonun  ölümü  isə statistika“. 
(E.Remark, “Qara abidə“ əsərindən)     
 
 
Ofisiantların  toylarına   
dəvət  olunacaq  qədər olmuşuq  əksər  
kafelərdə. 
Sifariş  verməsək  də,  gətirə  bilərlər  lazım  
olanı. 
Çay içə-içə siqaretləri  basdırırıq  külqabında. 
Çəkilənlər öldürür  və  ölüdür  bir növ.... 
çəkilmiş siqaretlərə  bənzəyirik 
kafe-külqabılara  basdırılmışıq. 

 
57
Kim çəkir bizi? 
Kimin  sinəsinə  düşürük görəsən? 
Bilmirəm... 
 
Kafelərdə  bütün  cümlələr  belə  başlar: 
 “məhləyə quş gəlib“ 
 və  belə  bitər: 
 “bir manatım  var, atışaq” 
 və beləcə hər gün atəşkəs pozular... 
 Bəlkə,  quşlar  adamlardan daha  xoşbəxtdi? 
 
    Beləcə  bitir   günortalar 
    beləcə   bütün  “siqaretlər”  çıxıb “külqabıdan” 
 gedir  üzü  axşama – “Kurtlar  Vadisi”nə  tərəf 
axmaq-axmaq. 
– Qaqaş,  sağ  ol,  mən  getdim. 
– Tələsmə, gedərik də... 
– Yox, film başlayacaq. 
                                      
 
V. Axşam  evdə 
                                        
“Sahib olacağın  şey  budur, sahib olmayacağın  şey bu...” 
(“Kurtlar  vadisi” teleserialından) 
 
Axşamlar 
əksər evlərdə  

 
58
məğlub, yarımçıq  kişilər 
Polad  Alemdarı  əzbərləyir. 
Əhməd də, Məmməd də, Hüseyn də 
dükanı  olan da, olmayan da 
ağıllı  da, kütbeyin  də  əzbərləyir. 
Axşamlar 
əksər  evlərdə  “aşka  sürülür”  qadınlar 
anası keçəni keçənlərin, 
atası  seçəni seçənlərin,  
 “yarpağı  tökülür”  “dodaqdan qəlbə”cən... 
Axşamlar 
əksər  evlərdə 
qara, acı bir həqiqəti  işıqlandırır  ekran 
ƏRLƏR   BİBİOĞLUDUR 
ARVADLAR  DAYIQIZI... 
“Bədbəxtlik  nədir” sualının 
ən  gözəl  cavabıdır  bu: 
birdən  yatağındakının   
ən yaxın  qohum  olduğunu  anlamaq 
və anlamaq  ki, evsizlər ölkəsində  ömürlük  
evlisiniz... 
    
Axşamlar  əksər evlərdə 
birnəfərlik  olur ikinəfərlik çarpayılar. 
Çarpayılarda  belləri  ilə danışır 
evlilərin çoxu. 
qadın  sol, 

 
59
kişi  sağ böyrüynən danışır. 
Çarpayının ortasındakı  uçurum elə dərin ki, 
dünyagörmüş bir  qocanın gözləri daha dayaz... 
Axşamlar  belə  sağollaşıb  yatırlar   
bu “Mister”lə bu “Missis”:               
– Gülşənin  əri  təzə  maşın  alıb, mersedes... 
O, oğraşdı! 
 
 
VI. Nəticə 
                                                  
 “Sən  özün ol! Başqalarından  onsuz  da  var“. 
(Oskar  Uayld) 
   
 Olubmu  ki, 
 yuxudan  duranda  elə  bilmisiniz  ki, dünəndir. 
 eşitmisiniz   ananız  atanızı  mətbəxdə danlayır   
 nəyisə  süfrəyə  dağıtmaq  üstündə?  
görmüsünüz  ki, tualetin  qabağında  növbədir  
yenə? 
 Məndə  olub... 
 
 Olubmu  ki, 
 metroda  elə  bilmisiniz ki, düşəcəyiniz  stansiya  
yoxdur. 
 Eşitmisiniz  ki, kassir  qadın  nə  vaxtsa  xoş  bir  
söz  desin? 

 
60
Görmüsünüz  ki, eskalatorun  dibindəki  qadının  
üzündə  işıq  olsun? 
Məndə  olmayıb... 
 
Olubmu  ki, 
müəllimə  “qayıb”  yazmaq keçsin  içinizdən? 
Eşitmisiniz  ki,  müəllim  tələbəsinə  vurulsun? 
Görmüsünüz  ki, müəllimənin  geyimi dərsdən  
daha  maraqlıdır? 
Məndə  olub... 
 
 Olubmu  ki, 
düşünəsiz ki,  bütün ucuz  kafelərdə  sizi  
tanıyırlar? 
Eşitmisiniz  ki, hansısa  kafedə   menyular şeirlə  
yazılsın? 
Görmüsünüz  ki, ofisiant  hesabı  əyməsin? 
Məndə  olmayıb... 
 
Olubmu ki, 
ən  yalandan  yazdığınız  şeirlər  
ciddi saydıqlarınızdan  çox  sevilsin? 
Məndə  olub...  
 
P.S. Gündəliyin bundan sonrakı səhifələri  oxunmaz 
halda olduğu üçün oxuya bilmədik. 
 

 
61
 
 
 
 
 
 
 
 
 
 
21. Tənasüblük 
 
Qızlar 
atanın maaşı qədər  
dodaq boyası yaxar. 
Atalar  
belə bölər maaşlarını: 
250 manat = (qaz, su, işıq pulu)+(çörək, siqaret, 
yol pulu)+(bir kilo ət, bir toyuq, kontur)+ 
iki dodaq boyası...  
 
 

 
62
 
 
 
 
 
 
 
 
 
 
22. Böyük Ben üçün qol və divar 
 
Cumar üstümüzə hər gün 
saatların əqrəbləri zəhərli  iynələriylə. 
Ömür keçər beləcə  
zəhərlənmiş bədənin qanını təmizləməklə. 
Qaçmaq olmur 
divarlarımız və qollarımız əqrəb yuvası. 
 
Əqrəblər, iynələr  
və iri, xırda saatlar. 
Zəhərlənmiş həyatlar... 
 
Saat  əqrəbinin  çaldığı adamlar 
qum saatının qumunda 
itər, yoxa çıxar. 
  
Nə qədər ki, Big Ben var, 
əqrəblərin zəhəri bitməyəcək 
və adamlar öləcək 

 
63
saat zəhərlənməsindən. 
 
 Ax Big Ben, Big Ben, 
kaftar əqrəb, zəhərin anası 
saatların ulu nənəsi! 
Həyatımızın divarlarından yığışdır özünü, 
qollarımızın başından açıl. 
Sənin həyatımızı təftiş etməyin, 
Şerlok Holmsluğun, müstəntiqliyin 
nə bilim böyüklüyün, “big”liyin 
Kamelota and olsun ki, 
müvəqqətidi, ötəridi. 
Zəhərli quyruğunda nə Ekskalibur yeri var... 
 
Sənin bu Şekspir möhürlü, 
Oksford məzunu məğrurluğun, 
aristokrat duruşun,  
məni əsəbiləşdirir. 
Kaftar saat, qoca iblis 
çox səsləndirmisən 
günahsızların qanı tökülən saatları. 
günahın yuyulmaz 
Trafalqar boyda vanna, 
Temza qədər su olsa. 
 
Nə forslanırsan, 
bəlkə, elə  
bizim nağılların almasını cəzb eləyib 
Nyutonun başı? 
 

 
64
 
 
 
 
 
 
 
 
 
 
23. Pessimizm 
 
Adamlar nə qədər ümidlidi,  
nə qədər xəbərsiz... 
ümidlərinə yazığım gəlir. 
 
Viktorina dünya, yarışma-dünya 
sualların  ömür uzunluğunda 
hamımız məğlub. 
 
cana gəldik ölümlərdən... 
deyin,  hansıdı AZADLIQ?  
 
a) Heç biri 
b) Heç biri 
c) Heç biri 
d) Heç biri 
            

 
65
                                                                   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II bölüm 
 
HÜZNTÜ 
 
 

 
66
 

 
67
 
 
 
 
 
 
 
 
 
 
1. Tuneldə 
 
(A) metroda dişlərim. 
 
Adam nə qədər  özüylə danışırsa içində 
o qədər darıxır, sıxılır. 
dünən də, bu gün də, sabah da 
olmuşlar, olanlar, olacaqlar 
kiçilir, bölünür,  bir sükuta yığılır... 
 
İdi tunel işıqlarını pəncərəboyu ötüb keçən 
vaqon 
duracaq növbəti stansiyada, 
kimlərsə girəcək içəri 
təklik bir neçə adamlıq çoxalacaq... 
Bir azdan düşəcəm 
pəhləvan tək  bağlayıb dişlərimə 

 
68
arxamca çəkəcəm 
vaqonlar dolusu təkliyi  yazı masama... 
 
bayaq metroda  

mən düşdüyüm stansiyada mindi. 
Ya da əksinə 
mən 
onun mindiyi stansiyada düşdüm...  
Hansı düzdü, dəqiqdi? 
Bilmirəm... 
O mindi,  
mən düşdüm, 
mən düşdüm, 
o mindi deyə 
gözüm tunel qaranlığında itən qatarda 
və dişlərim qanayır...  
  
(B) Təəssüf 
  
Sol əli üçnəfərlik oturacağın tutacağında 
qucağında qara Şanel çanta, 
sağ əlində  yarım içilmiş fanta 
qafiyələndi gözlərimiz... 
böyüdü içimdə 
istifadə olunmamış bir ümid. 
Gözləri işıqforun “keçin!” yaşılı, 

 
69
dodaqları “dayanın!“ qırmızısı. 
ən pisi oydu ki, şeriydi 
yazmaq istəyirdim onu. 
Sonra  
qatar nəfəsini dərdi hardasa. 
Birdən O gəldi 
gözləri  gözlərimdən eynəksiz... 
Salamlaşdılar.  
Ağzını dilinin bitdiyi yerəcən açıb güldü 
yer boşaldı, oturdu. 
Ümid həqiqəti görüb 
ayağa durdu, 
qafiyədən çıxdı gözlərimiz. 
Bitdi arzunun istifadə müddəti, 
arabir gözləri şeir olmaq istədi 
olmadı... 
o gün şeirsiz qaldım. 
O gün çıxan kimi metrodan 
bir təəssüf  tüstülətdim evəcən... 
 

 
70
 
 
 
 
 
 
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə