2.2. Kredit kooperativlərində korporativ idarəetmənin müasir vəziyyəti
Bazar münasibətlərinin inkişafının indiki mərhələsində əmtəə istehsalçılarının
maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, onların fəaliyyət səmərəliliyinin
artırılmasına əlverişli şərait yaradan kredit kooperativlərinin mahiyyəti və
funksionallığını əks etdirən tədqiqatlar xüsusi maraq doğurur. İnkişaf etməkdə olan
33
bu kooperativ təsisat forması çevikliyi və bazar tələbliyi ilə daha üstün mövqedə
dayanır. Kredit kooperativi maliyyə təsisatının bir tipi olmaqla, banklar və başqa
kredit təşkilatlarından fərqli əhatə arealına malikdir. İstehlak kooperativlərinə aid
edilən, bir neçə fiziki və ya hüquqi şəxsin birgə funksiyaları yerinə yetirməsi üçün
özü-özünü idarə edən qeyri-kommersiya birliyi kimi kredit kooperasiyası öz
iştirakçılarının pul vəsaitlərini qarşılıqlı kredit vermə üçün akkumulyasiya edir. Bir
qayda olaraq, kredit kooperasiyası daha çox mənfəət əldə etməyə deyil, öz
üzvlərinin və ya iştirakçılarının işinin səmərəsini artırmağı nəzərdə tutur. Kredit
kooperasiyasının başlıca məqsədi onun öz mənfəətini deyil, kooperativ üzvlərinin,
yəni əmtəə istehsalçılarının, həmin kooperativi yaratmış payçıların mənfəətini
maksimum həddə çatdırmaqdan ibarətdir.
Kredit kooperativlərinin xırda əmtəə istehsalçıları üçün cəlbediciliyi əsasən
onun idarə edilməsinin demokratik formasından, birgə məsuliyyətdən və kapital
qoyuluşunun qarşılıqlı sərfəli şərtlərindən irəli gəlir. Qeyd edək ki, kredit
kooperativi bankları əvəz etmir və maliyyə bazarında mövcud olan boşluqları
doldurur. Kredit kooperativləri mülkiyyətçilər tərəfindən özlərini müvafiq zəruri
xidmətlərlə təmin etmək üçün könüllülük əsasında yaradılır. Maliyyə sahəsində
qeyri-kommersiya qaydasında fəaliyyət göstərən kredit kooperativləri səhmdar
cəmiyyətindən fərqli olaraq öz gəlirini maksimum həddə çatdırmağa çalışmır.
Adətən həmin gəlir aşağı faiz dərəcəsi səbəbindən məhdudlaşır.
Kredit kooperativləri öz üzvlərinə pul resurslarının cəmləşdirilməsi hesabına
xeyli kömək edir, qarşılıqlı zəmanət əsasında fəaliyyət göstərir. Kredit üzvlüyü
kooperativ üzvlərinə borc verir, üzvlərdən əmanətlər qəbul edərək saxlayır. Qeyd
olunmalıdır ki, bəzi keçid iqtisadiyyatlı ölkələrdə kredit birliklərinin öz
üzvlərindən əmanət qəbul etməsinin hüquqi bazası formalaşma mərhələsindədir.
Onlar müvəqqəti sərbəst pul vəsaitlərini banklarda depozit kimi yerləşdirir,
kooperativ üzvlərinə maliyyə-təsərrüfat məsələlərinə, xarici iqtisadi və başqa
fəaliyyət növlərinə dair məsləhətlər verir. Bu məqsədlə kooperativin üzvləri üçün
seminarlar keçirir, onların öyrədilməsi üçün başqa formalardan istifadə edir.
34
Kredit kooperativlərində üzvlüyün səciyyəvi cəhəti ondan ibarətdir ki, onun
üzvləri kooperativə qoyduqları sərmayədən mənfəət əldə etməyə deyil, öz
fəaliyyəti hesabına əlavə xalis gəlir əldə etməyə imkan verən xidmətlərdən istifadə
etməyə çalışırlar. Kredit kooperativinin tədiyə qabiliyyətli olmasını təmin edən
mühüm amil vəsait ehtiyatı yaratmaqla onun maliyyə sabitliyini saxlamaqdır.
Tədqiqatlar göstərir ki, kredit kooperativində ehtiyatların toplanmasının ən
səmərəli vasitəsi payçıların məqsədli üzvlük haqları və sahibkarlıq fəaliyyətindən
əldə edilən xalis mənfəətdir. Kooperasiya mahiyyətinə görə vəsaitlərin daha
səmərəli istifadəsini nəzərdə tutur. Belə ki, kredit kooperativləri öz payçılarının
məsrəflərinə qənaət etməklə əlavə gəlir əldə etmək imkanı yaradır.
Kredit kooperasiyası qurumlarının (birliklər, ittifaqlar və s.) vəzifələrindən biri
ticarət vasitəçilərinin, eləcə də kooperativ mənfəətini mənimsəyən xüsusi
sahibkarların diktəsini məhdudlaşdırmaqdır.
Bazar şəraitində kredit kooperativləri öz mövcudluğu naminə riskə gedərək
sahibkarlıq strukturu kimi fəaliyyət göstərməli və mənfəət əldə etməyə
çalışmalıdır. Başqa sözlə, kənd təsərrüfatında kredit kooperativləri kommersiya
funksiyasını yerinə yetirmək məcburiyyəti qarşısında qalırlar. Onların əldə etdiyi
mənfəət hüquqi şəxs kimi kooperativə deyil, onun payçı üzvləri olan kənd
təsərrüfatı istehsalçılarına məxsusdur. Kredit kooperativləri sosial ədalət ideyası
daşıyıcılarıdır. Burada əldə edilən gəlir kapitalın həcminə görə deyil, əməyə görə
bölünür. Kənd kredit kooperativləri öz fəaliyyətini kooperasiya prinsipləri əsasında
öz nizamnaməsində müvafiq qaydada qurur.
Kooperasiya formalarının ümumi cəhəti ondan ibarətdir ki, onlar payçıların
sərmayə qoyduğu kapitala görə daha çox mənfəət əldə etməyə çalışmaqla payçı
üzvlərin fəaliyyətini maddi cəhətdən mümkün qədər çox maraqlandırmalıdır.
Kooperativlərin sosial təbiəti, öz fəaliyyətində rəhbər tutduğu kooperativ prinsiplər
onları kommersiya strukturlarından əhəmiyyətli dərəcədə fərqləndirir. Odur ki,
kredit kooperativləri adətən xalis kommersiya strukturu hesab edilmir.
35
Kredit kooperativləri kreditvermə funksiyalarından əlavə öz üzvləri üçün hüquq
və mühasibat məsələlərinə dair məsləhətlər verir, onları öyrədir. Kredit
kooperativlərinin üstünlükləri, ilk növbədə onların yaradılması və fəaliyyəti üçün
müəyyən edilmiş əsas prinsiplərlə bağlıdır:
üzvlüyün könüllü olması;
üzvlərin qarşılıqlı yardımı və onların iqtisadi səmərəsinin təmin edilməsi;
kooperativin mənfəətinin və zərərlərinin üzvlər arasında onların əməkdə
şəxsi iştirakı və ya kooperativin təsərrüfat fəaliyyətində iştirakı nəzərə
alınmaqla bölüşdürülməsi;
kooperativin üzvləri olmayan şəxslərin fəaliyyətin idarə edilməsində
iştirakının məhdudlaşdırılması;
üzvlərin əlavə pay haqlarına və assosiasiya edilmiş üzvlərin pay haqlarına
görə dividendlərin məhdudlaşdırılması;
kooperativin fəaliyyətinin idarə edilməsində kooperatorların bərabər
iştirakı;
kooperativin fəaliyyəti barədə informasiyanın kooperativin bütün üzvləri
üçün əlyetərli olması.
Kooperativlər müvafiq prinsipləri qəbul edən və onların fəaliyyətinin həyata
keçirilməsi üçün əsas qaydaları müəyyən edən qanunlar əsasında yaradılır və
fəaliyyət göstərir. Bu fəaliyyət təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin
fəaliyyətindən əhəmiyyətli dərəcədə fərqlənir. Ona görə də son illərdə bütün əmtəə
istehsalçıları kooperasiyaya daha çox diqqət yetirir, onu iqtisadi və sosial
effektivliyin artırılması üçün bir imkan hesab edirlər .
Kredit kooperasiyasının inkişafının təhlili göstərir ki, onlar bazar münasibətləri
şəraitində yalnız o halda inamla fəaliyyət göstərə bilər ki, onlar maliyyə bazarının
tamhüquqlu iştirakçılarına çevrilsinlər. Başqa sözlə, həmin kooperativlər həm
kommersiya, həm də qeyri-kommersiya fəaliyyət növləri ilə məşğul olsunlar.
Onların fəaliyyətinin səmərəliliyi kommersiya banklarına xas olan bəzi
funksiyaları yerinə yetirməsindən, o cümlədən müxtəlif növ kreditlər verilməsi,
əmanət əməliyyatları və başqa fəaliyyətlə məşğul olmasından asılıdır. Kredit
36
kooperativləri müasir texnika və texnologiyalara malik olmalı, müştərilərin
tələbatına uyğunlaşmalıdır. Mövcud reallıqlar göstərir ki, ümumilikdə kooperativ
sahibkarlıq fəaliyyətindən imtina etməməlidir. Bununla belə, əldə edilən
mənfəətdən kooperativin üzvlərinin, onun payçılarının mənafeyi üçün istifadə
edilməlidir.
Kooperasiyanın iqtisadi və sosial səmərəsinin artırılması problemlərinin
həllində ən üstün istiqamətlər bu sahədə iqtisadi münasibətlərin dövlət tərəfindən
tənzimlənməsi, kooperativ müəssisələrin səmərəli fəaliyyətinə şərait yaradan
normativ-hüquqi
bazanın
təmin
edilməsi,
qiymətlərin
səviyyəsinin
sabitləşdirilməsi, qiymətlərə və vergilərə nəzarət edilməsi, aqrar-sənaye
kompleksinin maliyyə-kredit baxımından dəstəklənməsi məsələləridir. Kredit
kooperasiyasının təşəkkülü mərhələsində dövlət onu bazarın kortəbii təsirindən
qoruma istiqamətində təsirli tədbirlər görməli və həmin tədbirlər kompleks
xarakterli olmalıdır. Kredit kooperativlərinin maliyyə sabitliyini təmin etmək üçün
kifayət qədər xüsusi kapital toplanmasına və əhalinin pul vəsaitlərini cəlb etmək
mexanizminin tənzimlənməsinə şərait yaradılmalıdır. Kooperativ müəssisələrinin
maliyyə vəziyyətinin yaxşılaşdırılması iqtisadiyyatın sabitləşməsindən, borclar
probleminin həllindən, eləcə də kooperativlərə büdcə dəstəyinin və onların bazar
gəlirlərinin artmasını təmin edən bir sıra tədbirlər görülməsindən asılıdır.
Kooperativlərin dövlətdən kommersiya və özəl müəssisələrlə müqayisədə daha
sanballı dəstək almağa ehtiyacı vardır. Dövlət dəstəyi vergitutma və kreditvermə
məsələlərində güzəştlər tətbiq edilməsində, informasiya təminatında ifadə edilə
bilər. Son nəticədə bu dəstək kənd təsərrüfatı əmtəə istehsalçılarının mövqeyini
möhkəmlətməyə şərait yaradacaqdır.
Kredit kooperativlərinin rolu və əhəmiyyəti ilə bağlı məsələləri təhlil edərkən
bu istiqamətdə əvvələr mövcud olmuş təcrübəyə və nəzəri mülahizələrə də baxış
keçirmək vacibdir. Bu baxış həm də kredit kooperativlərinin genişləndirilməsi və
inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir. Belə ki, kredit təyinatlı
kooperativ institutu tarixən mövcud olmuşdur. XIX əsrin ortalarında Almaniyada
37
öz prinsiplərinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən kooperativ kredit
strukturlarının iki tipi fəaliyyət göstərirdi. Birinci qrupa aid olan kredit
kooperativləri kənd kredit kooperativlərinin banisi V.F.Rayffazen tərəfindən təşkil
edilmişdi. İkinci qrupa aid edilən kooperativlərin banisi onun müasiri və həmvətəni
Q.Şultse-Deliç idi. Kredit kooperasiyasının bu müəlliflərinin kooperativ kredit
qurumlarının təşkil edilməsi üçün tətbiq etdikləri prinsiplər müvafiq mənbələrdən
göründüyü kimi, bir-birinə zidd idi. Onların əsas prinsipial fərqləri kredit
kooperativlərinin kommersiya və qeyri-kommersiya xarakterli olması məsələsi ilə
bağlıdır. Belə ki, Rayffazenin prinsipləri pay kapitalının inkar edilməsinə,
kooperativlərin işinin lokallaşdırılmasına, bütün seçkili vəzifəli şəxslərin əməyinin
təmənnasız olmasına, kooperativ üzvünün eyni vaxtda bir neçə kooperativdə iştirak
etməsinə qadağan qoyulmasına əsaslanırdı. Q.Şultse-Deliç pay kapitalının
xeyriyyəçilik fəaliyyətindən əldə edilən vəsaitlərlə əvəz edilməsi barədə fərqli
prinsiplər təklif edirdi. Maraqlıdır ki, Q.Şultse-Deliç pay kapitalına əsaslanmayan
ortaqlığın qanunvericilik yolu ilə ləğv edilməsinə nail olmuşdu.
Transformasiya prosesləri davam edən ölkələrin əksəriyyəti dilemma qarşısında
qalmışdır: ya paylar iri olmalı və kredit kəndli üçün əlçatmaz olmalı, ya da paylar
xırda olmalı və kooperativ dövlətdən, hüquqi və fiziki şəxslərdən ( xeyriyyəçilik və
Dostları ilə paylaş: |