Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
481
18. Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona
(o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa
özünü məhvə düçar edərsən! Peyğəmbər mə’sum olduğu üçün Muhəmməd
əleyhissəlama göndərilən bu əmrlər əslində onun ümmətinə aiddir).
19. Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər.
Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!
20. Bu (Qur’an) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm
üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!
21. Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər
görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman
edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Dünyada naz-ne’mət içində yaşayan
kafirlər: "Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş
edəcəkdir!" - deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir.
Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı
yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş mö’minlərə məxsusdur).
22. Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində
əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
(Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində
cəzalandırılacaqdır).
23. (Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ
yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və
qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim
onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr
edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır.
Çünki alimlə cahilin məs’uliyyəti eyni ola bilməz!)
24. (Qiyaməti inkar edənlər) belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat
yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız,
nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir;
yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq
zənnə qapılırlar! (Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki
bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır).
|