Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
323
26. O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə
çətin bir gün olacaqdır.
27. O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib
deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım;
28. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
29. And olsun ki, Qur’an mənə gəldikdən sonra məni ondan (Qur’ana iman
gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra)
yalqız buraxar (zəlil, rüsvay edər).
30. Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur’anı tərk etmişdi!" -
deyəcək.
31. (Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən
əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir
rəhbər, bir mədədkar olması kifayət edər!
32. Kafirlər: "Qur’an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!" - dedilər. (Ya
Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil
etdik. (Qur’anın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və
mə’nalarının anlaşılmasını asanlaşdırır).
33. (Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə
(onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını
gətirməyək.
34. Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən
pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.
35. Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir
(köməkçi) etdik.
36. Və (onlara) dedik: "Ayələrimizi yalan hesab etmiş bir tayfanın (Fir’on əhlinin)
yanına gedin!" Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv etdik.
37. Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və
onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab
hazırlamışıq.
|