Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Əlavə təfsirlərin çıxarılması



Yüklə 219,53 Kb.
səhifə12/65
tarix02.01.2022
ölçüsü219,53 Kb.
#2350
1   ...   8   9   10   11   12   13   14   15   ...   65
1. 1. 3. Əlavə təfsirlərin çıxarılması

Mübahisəli hədislərin bir qismi bəzi ayələrin içində qeyd olunan əlavə təfsirlərlə bağlıdır. Əhməd ibn Məhəmməd deyir: “Əbülhəsən (İmam Kazim) mənə bir müshəf (kitab və ya Quran) verib dedi ki, buna baxma. Mənsə açıb bunları oxudum: Kitab əhlindən kafir olanlar və müşriklər... (Bəyyinə/1) Mən orada Qüreyşdən 70 nəfərin adını gördüm”. (Kuleyni, 2/631) Göründüyü kimi, bu hədisdə Quranın təhrifinə işarə belə yoxdur. Harada deyilir ki, bu adlar Quranın tərkib hissəsi imiş?! Biz bilirik ki, İmam Əlinin topladığı Quranda qısa təfsirlər də olmuşdur. Bəlkə həmin kitab İmam Əlinin Quranı və bu adlar da təfsir olub. Yəni hədisin düz-səhvliyindən asılı olmayaraq, burada 70 adın Quranın tərkib hissəsi olduğu söylənmir.

Yeri gəlmişkən, deyək ki, bu növ təfsirlərə işarə vuran hədislər çoxdur. Oxşar rəvayətlər qeyri-şiə mənbələrində də var. Məsələn, çoxlu səhabə və katiblərin dediyinə görə, Xanım Aişənin müshəfində Bəqərə surəsinin 238-ci ayəsinə “və əsr namazı” əlavə olunmuşdu, onun üçün Quran köçürənlərə tapşırırmış ki, bu hissəni də ayəyə yerləşdirin, çünki Peyğəmbərdən belə eşitmişəm. (İbn Əbu Davud A. Əl-Məsahif, 208-211) Böyük ehtimalla Peyğəmbər sözügedən hissəni təfsir məqsədilə söyləyib və Aişə ya onun ayənin tərkib hissəsi olduğunu zənn edib, ya da elə təfsir kimi Qurana salınmasını söyləyib. Xatırladaq ki, Peyğəmbərin digər xanımları Həfsə və Ümm Sələmənin də bu ayəni eyni əlavə ilə yazdırmaları nəql olunmuşdur. (Yenə orada, 211-218)

Yaxud İbn Məsud deyir ki, biz Peyğəmbərin dövründə Maidə surəsinin 67-ci ayəsini belə öyrədirdik: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et - ki, Əli möminlərin mövlasıdır. - Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”. (Süyuti C. “Əd-Durr əl-mənsur”, 3/117) Göründüyü kimi, “ki, Əli möminlərin mövlasıdır” hissəsi ayədən deyil, onun təfsiridir. Bir ayənin tilavəti və ya təlimi əsnasında da hər hansı açıqlama verməyin heç bir eybi yoxdur. Üstəlik, erkən İslam çağında Quran öyrətmək, Quran dərsi keçmək onu yalnız üzündən oxumaq və ya oxutdurmaqdan deyil, həm də açıqlamalarını, təfsirini bəyan etməkdən ibarət idi.

Bundan əlavə, bəzi Əhli-sünnə təfsirlərinin yazdığına görə, Abdullah ibn Məsud Ali-İmran surəsinin 33-cü ayəsini “və alə Muhəmməd” əlavəsi ilə oxuyurmuş. (Əbu Həyyan Andalusi M. “Əl-Bəhr əl-muhit”, 3/111) İbn Abbasın və Qətadənin rəvayətinə əsasən, Übəy ibn Kəbin qiraətində Nisa surəsinin 24-cü ayəsində mütə nikahına dəlil olan “ila əcəlin musəmma” hissəsi vardır ki, bu gün əlimizdə olan Quranda mövcud deyil. (Təbəri M. Təfsir, 8/177-178, h: 9036-9041; İbn Əbu Davud, 164) Hətta ən güclü quranşünas səhabələrdən olan İbn Abbas 3 dəfə Allaha and içərək bu hissənin Qurandan olduğunu bildirmişdir. (Təbəri. Təfsir, 8/177-178, h: 9038-9041)

Mühəddis Nuri öz kitabında bu kimi rəvayətləri də Quranın təhrifinə dəlil kimi qeyd etmiş, sələfilər də bundan Şiə əleyhinə sui-istifadə etmişlər. Halbuki bu növ rəvayətlərdə mövcud olan və bugünkü Quranda yer almayan hissələrin Quran sözü deyil, Cəbrayıl tərəfindən çatdırılmış əlavə izah olmasını Əhli-sünnə alimləri də qəbul edirlər. Süyuti (1445-1505) İbn Abbasın Bəqərə surəsinin 198-ci ayəsinə “həcc mövsümlərində” ifadəsini artırmasını (Buxari M. Əs-Səhih, 2/181-182, 3/53, 3/62, 6/27) da məhz əlavə təfsir kimi izah etmişdir. (Süyuti C. “Əl-İtqan fi ülum əl-Quran”, 1/265) Qurtubi deyir ki, səhabə və tabeilərin bəzi ayələri müəyyən əlavələrlə oxumaları açıqlama və təfsirlə bağlıdır, həmin əlavələrin Quranın tərkib hissəsi olması demək deyil. (Qurtubi M. Təfsir, 1/86) Əsasən izah məqsədilə səhabələr tərəfindən əlavə təfsir və ya duaların qiraətə daxil edilməsini digər Əhli-sünnə alimləri də qəbul edirlər. (İbn əl-Cəzri M. “Ən-Nəşr fi əl-qiraat əl-əşr”, 1/32; Zərkəşi M. “Əl-Burhan fi ülum əl-Quran”, 2/127-128) Və burada ortaya belə bir sual çıxır: səhabələr barədə bu qədər müsbət və nikbin yanaşmaların olduğu halda, nə üçün növbə Əhli-beyt imamlarına – Peyğəmbər övladlarına çatanda oxşar təfsirləri Quranın tərkib hissəsi kimi qəbul edib böhtan və iftiralar yağdırır, Şiə məzhəbini təhrif düşüncəsində ittiham edirlər?! Bəzi sələfilərin belə ikili yanaşmasına, bu gün də utanmadan “Şiə kitablarında Quranın təhrifinə dair 2000 hədis var” söyləməsinə nə ad vermək olar?!

Şiə və Sünni rəvayətlərində mövcud olan bu növ əlavələr ya Cəbrayıl tərəfindən Quran deyil, qüdsi hədis kimi və təfsir məqsədilə nazil olub, ya da səhabələr izah kimi Peyğəmbərdən belə eşitmişlər. Bəzi hədislərdə deyilmiş “belə nazil olub” ifadəsi birinci versiyanı gücləndirir.

Yeri gəlmişkən, deyək ki, tənzil və nazilolmada məqsəd ayənin zahiridir: sözlərindən başa düşülən leksik mənası və ona uyğun təfsiri. Təvil isə zahiri və sözləri ilə çox da uyğunluğu olmayan batini mənasıdır. Hədisdə göstərilir ki, hər bir ayənin zahiri və batini vardır. (Zərkəşi, 2/154) Zahiri sözlərlə və nazilolma səbəbi ilə birbaşa əlaqəsi olmayan batini məna təvillə əldə olunur, təfsir isə Quranın zahiri və tənzili ilə bağlıdır. İmam Baqir buyurub: “(Quranın) zahiri tənzili, batini isə təvilidir”. (Hürr Amili M. “Vəsail əş-Şiə”, 27/196) Bu baxımdan, bəzi hədislərdə işlənmiş “belə nazil olub”, yaxud “tənzili belədir” ifadəsi təvil qarşısında işlənib ayənin sözlərinə, nazilolma səbəbinə və ya sözlərindən başa düşülən təfsirinə aid edilə bilər. Bu növ hədislərdə Qurandan olmayan əlavələr üçün qeyd olunmuş bu ifadə məhz onun təfsirinə və ya nazilolma səbəbinə aiddir. Bunu əl-Kafinin şərhçiləri də təsdiqləyirlər. Misal üçün, Feyz Kaşani bir hədisdə İmam Sadiqin Əhzab surəsinin 71-ci ayəsini oxuyarkən “Əlinin və sonrakı imamların vilayəti haqda” hissəni artırıb “belə nazil olub” deməsi barədə yazır: “Yəni bu mənada nazil olub. Buna bənzər ifadələrdə məqsəd budur”. (Feyz Kaşani M. Əl-Vafi, 3/885) Yaxud Molla Saleh Mazandarani bir yerdə “belə nazil edilib” sözünü şərh edərkən yazır ki, bu, qeyd olunan əlavənin Quran olması demək deyil. Çünki vəhy zamanı Peyğəmbərə nazil olan sözlər Quran da ola bilər, əlavə izah və təfsir də. (Mazandarani M. “Şərh əl-Kafi”, 7/74) "Onu (Quranı sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrayılın dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!" (Qiyamət, 17-19) ayələrinə əsasən, bunu Bəyan və açıqlama vəhyi də adlandırmaq olar. Ayədən göründüyü kimi, Qurana aid olmayan bəzi əlavə izahlar da Cəbrayıl vasitəsilə Peyğəmbərə nazil olmuşdur və bu növ hədislərdə məhz həmin əlavələr nəzərdə tutulur. İddianın isbatı üçün “O, kefi istəyəni danışmır. O (onun sözləri), ancaq nazil olan bir vəhydir” (Nəcm/3-4) ayələrinə də istinad etmək olar.

Bəzi hədislərdə ayəyə edilən əlavə isə təfsir deyil, təvil xarakteri daşıyır. Nümunə üçün, İmam Sadiq Zümər surəsinin 8-ci ayəsini batini məna və təvil olaraq İmam Əli ilə əlaqələndirdikdən sonra deyir: “Ey Əmmar! Bu, ayənin təvilidir”. (Kuleyni, 8/204-205)


Yüklə 219,53 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin