4. 2. 3. Feyz Kaşani (1599-1680)
Bəzi sələfilər tərəfindən sözləri təhrif olunan, iftiraya məruz qalan daha bir Şiə alimi Molla Möhsün Feyz Kaşanidir. Onlar ya qərəzli olduqlarından, ya da bir çox alimlərin elmi yazı üslubunu bilmədiklərindən bu alimə böhtan atır, sözlərini kontekstdən çıxararaq təhrif düşüncəsində günahlandırırlar. (Bax: Əs-Seyf, 14-15) Əslində isə bu üslubda hər bir iddia və arqumentə qarşı müxtəlif iradlar tutulur, sonra onlara cavab verilir, daha sonra həmin cavablara irad bildirilir və sair. Odur ki, hər hansı iradı və ya cavabı görən kimi müəllifin mövqeyi kimi qəbul etmək olmaz. Bu üslubda həm tələsməmək, mövzunu ən sonuna qədər izləmək, həm də müəllifin istifadə etdiyi sözlərə, bütün dəlilə, yoxsa onun bir hissəsinə irad bildirməsinə dəqiq fikir vermək lazımdır.
Təəssüf ki, həm Sələfi, həm də Şiə alimləri Feyzin sözləri üzərində “qayçı əməliyyatı” apararaq yalnız müəyyən hissələrini qeyd etmişlər. Bizsə kiçik ixtisarla, lakin ardıcıllığı və mühüm məqamları qorumaq şərtilə onun fikrini tam şəkildə təqdim edirik:
Müəllif Quranın “təhrifinə“, daha doğrusu, qiraət fərqlərinə, bəzi təfsirlərin çıxarılmasına və düzülüş fərqlərinə dair hədislərə işarə vuraraq yazır: “Bütün bu hədİslərə görə, qarşımızdakı Quran onun hamısı deyil; dəyişdirilmiş, bəzi hissələri çıxarılmış və tərtibatı pozulmuşdur”.
Bunun ardınca Əli ibn İbrahim Quminin təfsirindən uyğun sitatlar gətirir və deyir: “Bunların hamısının nöqsanı var. O da budur ki, belə olduqda Quranın heç bir sözünə inam qalmaz, hər bir ayədə dəyişilmə və təhrif ehtimalı olar, Quran əsla höccət (əsas, meyar) ola bilməz, həm özü, həm də ona tabe olmaq, sarılmaq əmri faydasız, əbəs olar. Halbuki Allah-Taala buyurub: “O, şübhəsiz ki, yenilməz (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Fussilət/41-42) Həmçinin buyurub: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) Belə olduqda o necə təhrif edilə, dəyişdirilə bilər?! Həmçinin Peyğəmbərdən və imamlardan nəql olunan müstəfiz hədislərə görə, rəvayətləri Allahın kitabı ilə ölçmək, uyğun olduqda doğru bilmək, zidd olduqda isə yalanlamaq lazımdır. Amma əlimizdəki Quran təhrif olunmuşdursa, bunun xeyri nədir?! Bundan əlavə, təhrif hədisləri Allahın kitabına zidd olduğu və onu təkzib etdiyi üçün ya mütləq rədd edilməli, ya da münasib şəkildə açıqlanmalıdır”.
Sonra müəllif öz cavabını mikroskop altında incələməyə başlayır və iki versiya irəli sürür: “Bu irada cavab kimi zehnə belə bir fikir gəlir ki, deyilsin: ƏGƏR BU HƏDİSLƏR DOĞRU OLSA, onda məqsədə çox da xələl gətirməyən dəyişikliyin baş verdiyini, məsələn, “Əli”, “ali-Məhəmməd” sözlərinin və münafiqlərin adlarının çıxarıldığını söyləmək olar”. İkinci versiyada isə özünün Quranın təhrif olunmadığına dair yuxarıdakı dəlillərini bir daha təsdiqləyir və sözügedən rəvayətlərə - səhih olsalar belə - çözüm tapır: “Həmçinin belə demək mümkündür ki, Qurandan çıxarılanlar onun tərkib hissəsi deyil, əlavə təfsir və izahlar olmuşdur. Quranın dəyişdirilməsi də mənəvi baxımdandır: yəni təfsir və təvilini təhrif etmişlər. İmamların “belə nazil olub” sözü də ayənin məqsədi barədədir, uyğun əlavələrlə nazil olub həmin əlavələrin sonradan çıxarılması demək deyil. İmam Baqirin Səd əl-Xeyrə yazdığı məktub, həmçinin Əhli-sünnənin İmam Əlinin müshəfi haqda yazdıqları da bu versiyanı sübut edir”. Feyz Kaşani bu fikirlərin özünün son rəyi olduğunu bildirmək üçün dərhal yazır: “Bu, mənim iradlara bildiyim cavabdır, əsl həqiqəti isə Allah bilir”. (Feyz Kaşani. “Təfsir əs-safi”, 1/49-52)
Bütün bu yazılanlardan sonra kimsə Feyzi Quran təhrifi düşüncəsində ittiham edə bilərmi?! Göründüyü kimi, o, bunun imkansız olduğuna şübhə etmir, sadəcə, bəlli hədislərin düzgün olduğu təqdirdə məsələni həll etməyə, heç bir iradla nəticələnməyəcək qüsursuz cavab axtarmağa çalışır. O, yuxarıdakı qeydlərindən sonra Şiə alimlərinin mövzuya dair fikir və dəlillərini araşdırmağa başlayır, bu zaman da hansı dəlilə iradı olsa, dərhal bildirir. Lakin onların arasında ən azı, Quranın təhrif olunmayacağını qətiyyətlə bildirən ayələr, bunun baş vermədiyini göstərən hədislər və təhrifi imkansız edən möcüzəvi imicdən ibarət dəlillərə nəinki irad bildirmir, hətta özü onlara istinad edib, müxalif fikirləri cavablayır.
Bütün bunlardan sonra bir insanın günahına girmək, ona şər atmaq və bunun ardınca küfrünə fərman verib lənətləmək müsəlmanlıqdandırmı?! Elə isə Məhəmməd Malullahın qeydlərinə nəzər salın (Malullah, 84-85) və Feyzin fikirləri üzərində apardığı kobud “qayçı” əməliyyatına, hətta “belə olduqda”, “bu, mənim iradlara bildiyim cavabdır” hissələrini də hansı şəkildə kontekstdən çıxarıb, hansı yerlərə caladığına özünüz ad verin.
Feyz Kaşani həmçinin “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsinin təfsirində açıq şəkildə bildirir: “Təhrif, dəyişiklik, artma və azalmadan (qoruyub saxlayacağıq)”. (Feyz Kaşani M. “Əl-Əsfa fi təfsir əl-Quran”, 1/626)
Dostları ilə paylaş: |