Son söz, yaxud qara pİar təsadüfdürmü?
Uzun illərdir şiələrin Quranın təhrifinə etiqad bəsləmələrinə dair tirajı milyonlarla ölçülən kitab, məqalə və broşür çap olunur, Sələfi alimləri alovlu çıxışlar edir, hamını Şiəlik əleyhinə mübarizəyə çağırırlar. Aydın görünür ki, bu kitablarda məqsəd şiələrə yol göstərib “təhrif” fikrindən daşındırmaq yox, onlara qarşı rəy formalaşdırmaq, nifrət yaratmaqdır. Nə üçün? Bəlkə ona görə ki, şiələrin bu etiqadda olmadığını onların özləri çox yaxşı bilirlər. Bəlkə ona görə ki, bu qara piarda əsas məqsəd şiələrə qarşı terror əməliyyatlarına dini əsas formalaşdırmaqdır. Çünki sələfilərə görə, Quranın təhrif olunduğuna inanan hər kəsin boynu vurulmalıdır.
Tarix təkrar olunur. Haqqı batildən ayırd edə bilməyən avam kütlə bir zaman Quranı nizələrdə görüb Əliyə xəncər çəkdi. Bu gün də eyni düşüncə sahibləri Quranı bayraq edənlərin yalançı fəryadlarına aldanıb Əli ardıcıllarını qətlə yetirir. O zaman olduğu kimi, bu gün də Allahın müqəddəs kitabı kimlərinsə dünyəvi məqsədlərinə alət edilir.
Özünü təkfirçi, radikal saymayan sələfilər! İslam inanclarını – şiə və sünnilərin təvəssül, şəfaət, ziyarət, təbərrük kimi etiqadlarını küfr, şirk adlandırmaq təkfirçilik deyilsə, bəs nədir? Nə vaxta qədər müsəlmanlar, ölkəmizdə də əsasən Əhli-beyt firqəsi əleyhinə çirkin kampaniya aparacaq, yalan və iftiralarla onu gözdən salmağa çalışacaqsınız? Hər dəfə yalanlarınıza cavab verildikdən sonra mövzunu dəyişir və növbəti iftiralara keçirsiniz? Sizdə heçmi Allah qorxusu yoxdur?! Sizi bu çirkin işlərə vadar edən nədir: Əhli-beytə nifrət, yoxsa Əməvilərə, nasibilərə məhəbbət?
Bu gün Allahın evi və Peyğəmbərin məzarı siz sələfilərə əmanətdir, hər il dünyanın dörd tərəfindən miyonlarla ziyarətçi qəbul edirsiniz. Bu böyük imkandan, üstəgəl Allahın bəxş etdiyi tükənməz maddi sərvətlərdən necə istifadə edirsiniz?! Bəyənmədiyiniz şiələr – Əhli-beyt ardıcılları həcc mövsümlərində çətinliklə olsa da, müsəlmanların problemlərini qabardır, müsəlman qətliamlarına diqqət çəkir, heç biri şiə olmayan Fələstin məzlumlarına qarşı cinayətlərə etirazını bildirir. Əlinizdə bu qədər imkanlar ola-ola siz bu sahədə nə edirsiniz?! Peyğəmbər ziyarətçilərinə “küfr”, “şirk” bağırmaqdan, sizin kimi düşünməyənləri təkfir edən kitab və broşürlər paylamaqdan başqa nə?!
Siz şiə və sünni müsəlmanlardan çox fərqli etiqadlara malik ola, özünüz kimi düşünməyənləri təkfir edə, müsəlmanların birliyini istəyənlərə düşmən münasibət bəsləyə bilərsiniz. Nə edirsinizsə edin, nə olursunuzsa olun, Allahı başınız üstə görün, insaf və mürüvvətdən kənara çıxmayın. Quranın azaldığını düşünənləri kafir sayırsınızsa, ayrıseçkilik etməyin, lap əvvəldən başlayaraq hamısının hökmünü verin. Bunu da etmirsinizsə, ən azı böhtan atmayın, hər kəsi öz etiqad və əməlləri ilə tanıyın, bir neçə nəfərin fikrini bütöv bir məzhəbə aid etməyin.
Şiə olaraq qardaşlığa həmişə hazırıq. Bunun isə sizdən deyil, Mədinədən, Riyazdan asılı olduğunu yaxşı bilirik. Və təəssüf ki, Mədinə təkfirə son qoyacaq qardaşlıq fətvalarında, Riyaz da uyğun siyasətlərdə hələ ki maraqlı görünmür.
Sonda bir daha sizi yalanlardan çəkinməyə çağırırıq. Çünki yalan və iftiralar nəinki başucalığı gətirmir, hətta zəifliyə dəlil sayılır.
“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” (Nəhl/105)
“Hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə/8)
Dostları ilə paylaş: |