Səfəvilər dövləti
Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.
Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.
XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu
hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultaəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaşı İsmayılı Səfəvi Ordeninin başçısı təyin etmişdir.
Şeyx İsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir.
Ağqoyunlu dövlətinin digər qolunun başçısı Sultan Murad Səfəvilər dövləti üçün təhlükəli olaraq qalırdı. 1503-cü ildə Sultan Muradı məğlub edən Şah İsmayıl Şiraz şəhərini tutdu. Bundan sonra Şah İsmayıl Qumu, Kaşanı, İsfahanı, Yəzdi və Kirmanı ələ keçirdi. 1508-1510-cu ildə isə (Xorasan istisna olmaqla) bütün İranı tutdu. Daha sonra Bağdad şəhəri daxil olmaqla Ərəb İraqını da dövlətin tərkibinə qatdı. Səfəvi dövləti şərqdə Özbək dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. 1510-cu ilin sonunda Herat, Mərv, Bəlx və Xorasan şəhərləri də Səfəvilərin əlinə keçdi. Beləliklə, Fərat çayından Amudərya çayınadək Şah İsmayılın hakimiyyəti bərqərar oldu və Səfəvi dövləti imperiyaya çevrildi.
Şah İsmayıla qarşı vuruşmağa cəsarət etməyən Osmanlı sultanı II Bəzayid 1504-cü ildə Səfəvilər dövlətini tanıdı.
Dostları ilə paylaş: |