İnsan haqqında fəlsəfi düşüncələrdə fərd, fərdiyyət və şəxsiyyət anlayışlarından geniş istifadə edilir. Bu anlayışların hər biri insan təbiəti və mahiyyətinin ən müxtəlif cəhətlərinə işıq salır.
Fərd insan nəslinin istənilən nümayəndəsidir. Qeyd etmək zəruridir ki, əksər Avropa dillərində, o cümlədən rus dilində bu anlayış “individ” adlanıb dilimizə “bölünməz” kimi tərcümə edilir. Yəni, əgər cəmiyyət bütöv sosial varlıq kimi götürüldükdə, fərd sosial varlığın atomları, ən kiçik zərrəciyidir. Fərd haqqında danışdıqda insanın ən ümumi səciyyəsi nəzərdə tutulur və onun xüsusiyyətləri nəzərə alınmır. Kütlənin belə, şəxssizləşdirilmiş nümayəndəsi kimi götürülən insan sosioloji sorğularda, iqtisadi nəzəriyyələrdə, insan orqanizminin bioloji xüsusiyyətləri haqqında düşüncələrdə iştirak edir.
İbtidai cəmiyyətlərdə insan istisnasız olaraq fərd kimi qavranılmışdır. İbtidai cəmiyyətdəki fərd-insanın digəri ilə istənilən bənzərsizliyi, qeyri-ənənəvi davranışı şübhə doğururdu: hamı konkret tarixi zamanda müqəddəs sayılan və min illər ərzində uğurlu yaşayışı təmin edən ənənələr çərçivəsində hərəkət etməli idi. Eyni zamanda hər bir yenilik, orijinallıq nəslin həyatını təhlükə altında qoya bilərdi. Qeyd edək ki, oxşar hala müasir dövrdə də rastlaşmaq mümkündür. Hamı üçün vahid qaydalar müəyyənləşdirən totalitar rejimlərdə, uğur ideologiyası və reklamın formalaşdırdığı şəxssiz (simasız da demək olar) istehsalçı və istehlakçıların kütləvi cəmiyyətində də istənilən müstəqillik boğulur.
İnsanının xüsusi, təkrarolunmaz xassələrini işarələmək üçün “fərdiyyət” anlayışından istifadə edilir. Fərdiyyət–bir insanı digərindən fərqləndirən təkrarolunmaz xüsusiyyətlərin məcmusudur. Hansısa xüsusi keyfiyyəti sayəsində ümumi kütlədən fərqlənən, seçilən insanı da fərdiyyət adlandırmaq olar.
İnsanlar artıq bioloji səviyyədə bir-birilərindən fərqlənirlər. Məsələn, barmaq izləri eyni olan iki insan tapmaq mümkün deyil. Hər bir insan onun fiziki və hətta psixoloji quruluşunun müəyyən xüsusiyyətlərini şərtləndirən genlərin xüsusi birləşməsinə malikdir. Psixi planda insanları bir-birindən onların temperamenti fərqləndirir. Artıq antik dövrdə insanları temperamentə görə dörd qrupa ayırmışlar: xolerik, melanxolok, fleqmatik, sanqvinik. Xoleriklər güclü və parlaq hisslərə malik olurlar. Onlar coşqun, həyəcanlı, daha çox əsəbi insan kimi səciyyələnirlər. Melanxoliklər isə əksinə, nadir hallarda həyəcanlanırlar, özünüdüşünməyə meyllidirlər. Fleqmatiklər sakit, astagəl, apatikdirlər. Sanqviniklər təmkinli, həyatsevərdirlər.
İnsanın sosial keyfiyyətləri (baxışlar, qabiliyyətlər, tələbatlar, maraqlar, əxlaqi görüşlər və s.) aspektində götürülmüş fərdi səciyyələndirmək üçün şəxsiyyət anlayışından istifadə edilir. Şəxsiyyət –insanın şüur və fəaliyyətinin fərdi xüsusiyyətlərində ifadə olunmuş intellektual, sosial-mədəni və əxlaqi-iradəvi keyfiyyətlərinin dinamik, nisbi dayanıqlı bütöv sistemidir. Şəxsiyyətin təbii əsaslarını onun bioloji xüsusiyyətləri təşkil etməsinə baxmayaraq, onun inkişafının həlledici amillərini (mahiyyət əsaslarını) təbii keyfiyyətləri yox, sosial əhəmiyyətli keyfiyyətləri müəyyənləşdirir. Şəxsiyyət üçün öz davranış motivlərinin dərki, özünügerçəkləşdirmə, fərdi qabiliyyətlərin aşkarlanmasına istiqamətlənmiş şüur və iradənin daim işlək olması səciyyəvidir.
Şəxsiyyətin sosial keyfiyyətləri onun fəaliyyəti, davranışı, digər insanlara münasibətində aşkarlanır. Daxildən gələn davranışlar, həmçinin anket, test və introspeksiya (özünümüşahidə) vasitəsilə insanın daxili aləmi, onun mənəvi və əxlaqi keyfiyyətləri haqqında bəlli dərəcədə mühakimə yürütmək olar. Bu nəinki şəxsiyyətin sosial keyfiyyətlərinin obyektiv dərkinə imkan yaradır, həmçinin onlara formalaşdırıcı təsir göstərir.
Mövzu 14.
Cəmiyyət sosial sistem kimi
Fəlsəfənin cəmiyyətin ən ümumi qanunlarını öyrənən sahəsi sosial fəlsəfədir. Sosial fəlsəfədə cəmiyyətin üç əsas nəzəri modeli geniş yayılmışdır:
naturalizm, idealizm, materializm.
Naturalist mövqeyə görə, cəmiyyətin mahiyyəti təbii-bioloji amillər əsasında aydınlaşdırılmalıdır.
İdealist yanaşmaya görə, cəmiyyət həyatında ideal olan, mənəvi amillər əsas determinantdır.
Materializmə görə isə cəmiyyətin mahiyyətinin dərki maddi amillər əsasında daha düzgün olar.
Təbiətdən fərqli olaraq cəmiyyətin məkan və zaman xüsusiyyətlərindən asılılığı vardır. Cəmiyyət sosial sistemdir. Onun ən başlıca xarakteristikalarından biri insanların kortəbii deyil, məqsədyönlü birliyini ifadə etməsidir. Cəmiyyət insanların birgə fəaliyyət formalarının məcmusudur və tarixin müəyyən pilləsində təşəkkül tapır. Fəlsəfənin bir elm kimi inkişafının müxtəlif mərhələlərində cəmiyyət anlayışına müxtəlif yanaşmalar olmuşdur. Antik filosoflardan başlayaraq cəmiyyətin mahiyyətinə dair konsepsiyalar irəli sürülmüşdür.
Aristotel insanı siyasi heyvan adlandırırdı. Yalnız cəmiyyətdə birgə yaşayış məcburiyyətinə görə onların müasir tərzdə davranış nümayiş etdirdiklərini qeyd edirdi. Aristotel cəmiyyətdə qul vəziyyətində olanların olmasını təbii sayır, bunsuz iqtisadi həyatın baş tutmayacağını deyirdi.
Cəmiyyətin ictimai müqavilə, razılaşma əsasında yaranması ideyası XVII-XIX əsrlərdə genişlənməyə başladı. Daha sonralar Karl Marks və digər mütəfəkkirlər cəmiyyətin formalaşmasını iqtisadi əsaslar üzərində formalaşdığını qeyd edirdilər. Bu o deməkdir ki, cəmiyyətin mövcudluğu ilk növbədə istehsal üsulunun xarakteri, iqtisadi münasibətlərin xarakteri ilə müəyyən olunur.
Məsələn, T.R.Maltusun məşhur nəzəriyyəsinə görə, dünya əhalisi həndəsi silisilə üzrə, maddi nemətlər isə ədədi silsilə üzrə çoxalır. Bu da cəmiyyətdə istər maddi istərsə digər resurslar baxımından çatışmazlığa səbəb olur. Maraqlıdır ki, maltusçular və bəzi digər nəzəriyyələrin müəlliflərin hesab edirdilər ki, fəlakətlər, müharibələr və aclıq kimi insanları tələf edən hadisələrin olması həyati əhəmiyyət kəsb edir.
Cəmiyyət bütövlükdə ictimai münasibətlərin müxtəlif tərəflərindən ibarət olan mütəşəkkil sistem kimi daim dəyişilən bir fenomendir.
Cəmiyyət mürəkkəb sistem olub, altsistemlərə bölünür. Cəmiyyətin altsistemləri həm də cəmiyyət həyatının əsas sferaları da adlanır. Sosial-fəlsəfi ədəbiyyatlarda cəmiyyətin əsas dörd sferası fərqləndirilir:
iqtisadi;
sosial;
siyasi;
mənəvi.
İqtisadi sfera –cəmiyyət həyatının əsas müəyyənləşdirici, baza sferası hesab edilir. Bu da öz növbəsində mürəkkəb quruluşa malik olub, aşağıdakı sahələrdən təşkil olunur:
istehsal;
bölgü;
mübadilə;
maddi nemətlərin istehlakı (iqtisadi sferanın məzmunu).
İqtisadi sfera aşağıdakı formalarda mövcud olur:
iqtisadi məkan–burada təsərrüfat həyatı gerçəkləşir;
iqtisadiyyatın idarəedilməsi institutları;
maddi nemətlərin istehsal üsulu.
Maddi nemətlərin istehsal üsulu iki tərkib hissəsinə malikdir:
məhsuldar qüvvələr;
istehsal münasibətləri.
İnsanlar öz bilikləri, bacarıq, əmək vərdişləri və istehsal vasitələri ilə birlikdə məhsuldar qüvvələri əmələ gətirirlər.
İctimai inkişaf qanunları obyektiv xarakter daşıyır və unutmaq olmaz ki, təbiət qanunlarından fərqli olaraq ictimai inkişaf qanunları daimi deyil. Tarixi dövrdən asılı olaraq ictimai inkişaf qanunlarını belə qruplaşdırmaq olar: İnsan cəmiyyəti inkişafına dair ümumi sosioloji qanunlar və cəmiyyətin inkişafının müəyyən mərhələsində olan qanunlar.
Bütün dövrlər üçün cəmiyyətin özəyi kimi ailə götürülür. Bu da ondan irəli gəlir ki, insanın sosiallaşması ailədən başlayır və cəmiyyətdə tamamlanır. Burada bir növ təsir-əks təsir prinsipi işləyir. Ailələrin qorunması və təşviq olunması bu baxımdan istənilən cəmiyyət üçün prioritet məsələdir.
İstənilən cəmiyyətin sosial sturukturunda sosial qruplar, təbəqələr, millətlər, xalqlar və digər insan birlikləri yer alır. Bu struktur vahidləri cəmiyyət həyatının əsas subyektləri kimi müxtəlif funksiyalar həyata keçirirlər. Onların hər biri ayrılıqda fəaliyyət göstərə bilmir və mütləq digərləri ilə əlaqəyə daxil olur. Məsələn, tələbə qrupları millətin tərkib hissəsidirlər və cəmiyyətdəki digər münasibətlərdə, səhiyyə, mədəniyyət sahələrində də fəaliyyət göstərir və inteqrasiya olunurlar. Burada cəmiyyətin əsas aparıcı subyektləri ilə passiv qruplar arasında fərqi də qeyd etmək lazım gəlir. Məsələn, fəal mühəndis, müəllim, həkim kateqoriyasından olan insanlar evdar qadınlar, təqaüdçülər və işsiz insanlar ilə müqayisədə cəmiyyətdə daha çox funksiya yerinə yetirirlər. Cəmiyyəti xarakterizə edən bir sıra xüsusiyyətlər vardır: özfəaliyyət, öz-özünü təşkiletmə; özüinkişaf və öz-özünə yetərliliyi.
Cəmiyyət haqda danışarkən qısa olaraq tarixən mövcud olmuş cəmiyyət tiplərini nəzərdən keçirmək lazım gəlir. İlk cəmiyyət tipi ovçuluqla, yığıcılıqla məşğul olan cəmiyyət tipi idi. Bu cəmiyyət tipinin geniş yayıldığı areal Cənubi Qərbi Afrika və Mərkəzi Avstraliya idi. Bu tip cəmiyyətdə siyasi sistem yox idi, cəmiyyətdə ağsaqqalların rəyi əsas götürülürdü.
Bağçılıq cəmiyyəti Yaxın Şərqdə yaranmış, Avropa qitəsində də mövcud olmuşdur. Bu cəmiyyətlərdə məhsul artıqlığı yaranmır. Kənd təsərrüfatı primitiv qaydada idi.
Aqrar cəmiyyətlər Qədim Misirdə təşəkkül tapmışdır və bağçılıq cəmiyyət tipindən fərqli olaraq kənd təsərrüfatının məhsuldarlığı daha yüksək olmuşdur.
Aqrar cəmiyyətdə dövlət və ordu meydana gəldi, pul dövriyyəsi formalaşdı.
Sənaye cəmiyyətlərinin formalaşması İngiltərədə sənayeləşmənin nəticəsi olaraq meydana çıxdı. Birinci sənaye inqilabı, yeni enerji mənbələrinin tapılması nəticəsində sənaye cəmiyyətində günəş, elektrik, istilik, nüvə və digər enerji növlərindən istifadə olunur. Bu cəmiyyətlərdə artıq insanların yaşayış standartları yüksəlir və demokratik idarəçilik formaları təşəkkül tapır.
Hazırda 4-cü sənaye inqilabı dövründə postsənaye (postindustrial) cəmiyyətinin yaranması təbiidir. Postsənaye, yəni sənayedən sonrakı cəmiyyət dedikdə bilik və informasiyaya əsaslanan cəmiyyət tipi başa düşülür. Burada nano texnologiyalar, süni intellekt kimi anlayışlar prioritet olur.
Bütövlükdə, cəmiyyət tiplərinin transformasiyası sosial müstəvidə yeni həyat tərzinin yaranmasını zəruri edirdi.
Beləliklə, cəmiyyət həyatı əsasən iki tərəfdən maddi və mənəvi sferalardan təşkil olunur.
Cəmiyyətlərin strukturlaşmasında vacib məqam insanların mobilliyidir. Yəni, insanların bir sosial qrupdan başqasına keçidi. Bu yüksələn və enən xətlə ola bilər. Başqa sözlə, hər bir şəxs öz statusunu itirə və ya onu yüksəldə bilər. Mobilliyin şəxslər üçün necəliyindən asılı olmayaraq cəmiyyət konteksində bu vacib səciyyə daşıyır. Çünki sosial qruplar səviyyəsində baş verən dəyişikliklər cəmiyyətin siyasi-iqtisadi və mədəni sferasında özünü biruzə verir. Məsələn, son illərdə respublikamızda peşələrin dinamikasına nəzər salaq. Daşınmaz əmlak, informasiya texnologiyaları və sair sahələr populyarlıq qazanıb. Bu sahələrə olan tələbatın artması yeni peşə və mənəvi dəyərlərə malik təbəqələrin yaranmasını zəruri etdi ki, nəticədə cəmiyyət həyatının bütün sahələrində bu öz əksini tapdı. Eyni zamanda bu sahələrin inkişafı gənclərin öz gələcəyini planlaşdırmaq, perspektiv hədəfləri müəyyənləşdirmək baxımından da vacib əhəmiyyət kəsb edir.
Eyni zamanda cəmiyyətin yüksək inkişaf səviyyəsi onun cəlbediciliyini artırır. Məsələn, Skandinaviya cəmiyyətlərində yaşayış səviyyəsinin yüksək olması bu cəmiyyətlərə olan marağı artırır. Nəticədə miqrant axını belə cəmiyyətlərin simasını dəyişdirir. Əksinə, həyat səviyyəsinin aşağı olduğu cəmiyyətlərdə insanların digər ölkələrə köç etməsi demoqrafik və digər problemlərin yaranmasına gətirib çıxarır.
Cəmiyyətin siyasiləşməsi insan hüquqlarının ön plana çıxmasını, cəmiyyət həyatında bərabər iştirak kimi məsələləri gündəmə gətirir. Bu da o deməkdir ki, müasir cəmiyyətlər siyasi kataklizmlər ilə zəngin, siyasi transformasiyalara açıq və dinamikdir. Bu da onu şərtləndirir ki, hazırki mərhələdə daha çox insanlar cəmiyyət həyatında iştirak edir və proseslərə qoşulurlar. Bir sıra yanaşmalara görə, cəmiyyətin siyasiləşməsi onun deqredasiyasına gətirib çıxarır. Belə ki, artan narazılıqlar kütləvi çıxışlara, çevrilişlərə səbəb olur ki, bu da öz növbəsində iqtisadi durğunluğa və digər iqtisadi problemlərə yol açır.
Digər tərəfdən siyasi iştirakçılığı təşviq edən nəzəriyyələrə görə, siyasi həyatda iştirak zəruridir. Yəni, hər bir şəxs onu əhatə edən məsələlər ilə bağlı qərar qəbulunda iştirak etməlidir.
Hazırda müasir cəmiyyətlərdə formalaşan siyasi institutlar insanların siyasi fəallığını artırmaqla onların proseslərdə iştirakını stimullaşdırırlar. Nəticədə müxtəlif siyasi partiyalar və bloklar yaranır ki, bunlar seçkilər vasitəsilə hakimiyyətə təsir imkanları əldə etmək istəyirlər. Yəni, siyasi münasibətlər digərlərini- iqtisadi, mədəni və sair sıxışdırmış və dominant faktora çevrilmişdir.
Bütün müsbət və mənfi tərəflərinə baxmayaraq siyasi həyat əksər cəmiyyətlər üçün determinant faktora çevrilmişdir.
Mövzu 15.
Mədəniyyət və sivilizasiya
Müasir dövrün qlobal problemləri