2. Dünyagörüşünün mahiyyəti və tarixi tipləri. Dünyagörüşü dünya və orada insanın yeri haqqında təsəvvürlərin, anlayışların, baxışların sistemidir. Onun obyekti dünya, predmeti isə təbiət və insandır.
Bütövlükdə dünyagörüşünün strukturu ontoloji, qnoseoloji, aksioloji, sosial-siyasi amillərə istinad edir.
Dünyaduyumu insanın hiss və həyacanla bağlı emosional-psixoloji, dünyaanlamı isə dünyagörüşünün idrakı-intellektual aspektidir. Dünyaduyumu insanların fəaliyyəti prosesində kortəbii surətdə, dünyaanlamı isə şüurlu tərzdə formalaşır.
Dünyagörüşü dünyaduyumunun və dünyaanlamının qarşılıqlı əlaqəsindən ibarətdir. Dünyagörüşünün inkişafında əqidə aparıcı rol oynayır. Əqidə ilə formalaşan siyasi, hüquqi, əxlaqi, fəlsəfi yanaşmalar, cəmiyyətə inteqrasiya insanın həyati fəaliyyətinin nüvəsini təşkil edir.
Dünyagörüşü iki səviyyədə mövcud olur: 1) psixoloji-emosional və yaxud, hissi səviyyə. Bu səviyyə həm də dünyaduyumu adlanır və ətraf gerçəkliyin hisslər vasitəsilə kortəbii qavranılması kimi başa düşülür; 2) rasional səviyyə. Bu səviyyə isə dünyaanlamı adlanıb ətraf gerçəkliyin hadisə və proseslərinin zəka ilə, məntiqi əsaslandırma vasitəsilə dərk olunmasını ehtiva edir. Bütövlükdə, dünyagörüşü hər iki səviyyənin vəhdəti və qarşılıqlı təsiri nəticəsində formalaşır.
Dünyagörüşünün tarixi tipləri bunlardır: mifologiya, din, fəlsəfə.
Dünyagörüşünün ilkin forması mifdir ki, miflərdə adət-ənənələr, əxlaqi-mənəvi baxışlar, insanların reallığa estetik münasibətləri əks olunur. Başqa sözlə, mif qədim dövrlərdə insanların dünyagörüşünün tarixi formalarından biri olmuşdur.
Dünyagörüşünün qədim formalarından biri dindir. İdeoloji dünyagörüşü kimi təşəkkül tapmış, insanları səfərbər edən, gerçəkliyi və özlərini dərk etməsinin tarixi forması kimi formalaşmışdır.
Din sadə məişət qaydalarından başlayaraq dövlət idarəçiliyinə qədər bir çox sahələrin müəyyənləşməsinə iddia etmişdir.
Fəlsəfi dünyagörüşü mifdən və dindən fərqli olaraq, inam və hiss əsasında deyil, ağıl və biliyə istinad edərək təbiətin, cəmiyyətin, bütövlükdə aləmin rasional mənzərəsini yaratmağa başladı.