5. Fəlsəfə və onun elmlər sistemində yeri. Fəlsəfənin elmlər sistemində yerini ifadə etmək üçün ona “elmlər elmi” də deyilir. Bu elm hadisə və proseslərəin mahiyyətini dərk etməyə, reallığa adekvat qərarlar qəbul etməyə imkan verir.
Fəlsəfənin obyekti varlıqdır, təbiətdir, cəmiyyətdir, insandır. Bu anlayışları digər elmlər, o cümlədən, kimya, fizika, biologiya, psixologiya, sosiologiya, kulturologiya və s. kimi elm sahələri də öyrənir. Fəlsəfənin bunlardan fərqli cəhəti odur ki, o təbiətdəki hadisələri, cəmiyyətin inkişaf qanunauyğunluqlarını tədqiq edir.
Fəlsəfi düşüncə insanı ali məqsədlər və dəyərlərə doğru can atmasına səbəb olur. Fəlsəfə insanlığın özünüdərk şüurudur və cəmiyyətin sosial və mədəni mühiti ilə şərtlənir.
Mövzu 2
Antik dövr fəlsəfəsi
Antik dövr fəlsəfəsi dedikdə qədim Yunanıstan və Romada b.e.ə. VII əsrdən bizim eranın VI əsrinə qədər yaranan fəlsəfə nəzərdə tutulur. Milet məktəbi ilk yunan fəlsəfi məktəbi olmuşdur. Fales (b.e.ə. 624-547) Milet məktəbinin banisi və yunanların ilk filosofu hesab olunur. Ticarətlə məşğul olarkən dövrün inkişaf etmiş sivilizasiya mərkəzlərinə, o cümlədən Misir, Babilistan və Finikiyaya səfərlər etmiş, müxtəlif sahələrə aid elmi biliklərə yiyələnmişdir.
Fales təlimini ilk baxışda bir az qəribə və bir az da sadəlövh görünən belə bir mühakiməyə gətirmək olar: hər şey sudur (və yaxud, hər şey sudan yaranıb). Lakin Falesin fəlsəfi təlimindən miras qaldığı heç bir şübhə doğurmayan bu mühakiməyə filosof və fəlsəfə tarixçiləri ciddi diqqət yetirmişlər. Belə mühakiməyə gəlmək Falesdən köhnə mifoloji dünyagörüşü ilə dövrün yaşanan sosial inqilabının tələblərinə cavab verəcək yeni elmi təfəkkürün sintezini tələb edirdi.
Falesin ikinci əsas fəlsəfi müddəası belə səslənir: “dünya canlıdır və Allahlarla doludur”. Burada həyat və hərəkətin mənbəyi qismində can haqqında qədim təsəvvürlər əksini tapır. Daş (maqnit) cəzb etdiyi dəmir parçasını hərəkətə gətirir və yaxud özü ona doğru hərəkət edir, deməli daş özü-özünü hərəkətə gətirirsə cana malik olmalıdır. Çünki, can –canlılara məxsus olan hərəkətliyin mənbəyidir. Müddəanın ikinci hissəsi ilə bağlı bunları söyləmək olar: o dövrdə geniş yayılmış təsəvvürlərə görə can hər şeyə qarışıb; ola bilər ki, buradan çıxış edən Fales hesab edib ki, hər şey Allahlarla doludur. Oxşar fikirlərə əsaslanaraq Falesin təlimini bəzən hilozoizm kimi xarakterizə edirlər.
Falesin astronomiya və həndəsə sahəsində də kəşfləri olmuşdur. İli 365 günə bölmüş, kölgənin uzunluğuna görə piramidaların hündürlüyünü ölçmüş, bir sıra həndəsi teoremləri (məs. bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların bərabərliyi) isbat etmiş, Yerin disk şəklində olub su üzərində sükunətdə qaldığını iddia etmişdir.
Fəlsəfə tarixində Falesin əsas xidməti, elmdən dünyagörüşü nəticələri çıxararaq mifoloji dünyagörüşü zamanın ruhuna cavab verən fəlsəfəyə çevirməsidir.
Milet məktəbinin ikinci böyük filosofu Anaksimandr(b.e.ə. 610-546) Falesin dostu və şagirdi olmuşdur. Həyatı haqqında çox az məlumat qalıb. “Təbiət haqqında”, “Yerin təsviri”, “Tərpənməz ulduzlar haqqında”, “Sfera” adlı əsərlər yazmış, lakin onlar dövrümüzə gəlib çatmamışdır. İlk dəfə olaraq fəlsəfi əsəri nəsrlə yazmışdır.
Anaksimandr mürəkkəb naturfəlsəfi sistem yaratmışdır. Bu sistemdə Falesin toxunduğu bir çox problemlər konkret təcəssümünü tapmış, fəlsəfi dünyagörüşü və mücərrəd təfəkkürün inkişafında irəliyə doğru böyük addım atılmışdır. Dünyanı bütöv və vəhdətdə nəzərdən keçirən Anaksimandr bütün mövcudluğun əsası və ilkbaşlanğıcı olaraq konkret fiziki substansiyanı deyil, qeyri –müəyyən və ilk baxışda mücərrəd “hüdudsuzu”–“apeyron”u (άπειρον) götürmüşdür.
Antik dövrdə su, od, hava və torpaq kimi ünsürlərin bir–birinə çevrilməsi haqqında təsəvvürlərə əsaslanmaqla Anaksimandr fərz edə bilirdi ki, çevrilmə prosesində dörd ünsürün hamısı üçün ortaq və onlara eyni dərəcədə xas olan nəsə ümumi var. Çevrilmələri də məhz bu ünsür mümkün edir. İlk maddənin apeyron olaraq (yəni, hüdudsuz) qəbul edlməsi ilk növbədə onun keyfiyyət qeyri –müəyyənliyini, onda hansısa xassə və strukturun olmamasını göstərir. Lakin, apeyron eyni zamanda kəmiyyətcə hüdudsuzdur, sonsuzdur.
Anaksimandr külək, yağış, ildırım və göy gurultusu kimi meteoroloji hadisələrin səbəblərini aşkarlamağa çalışmış, Lakedemonda baş vermiş zəlzələni öncədən söyləmişdir.
Milet üçlüyünün sonuncusu Anaksimen (be.ə.585 -528) Anaksimandrın şagirdi və dostu olub. Həyatı haqqında məlumat yox dərəcəsindədir. Anaksimen də sələflərinin ardınca ilk başlanğıc probleminin həllinə çalışmışdır. Lakin o, nə suyu, nə də ki, apeyronu qəbul etməmiş, ilk başlanğıc olaraq havanı götürmüşdür. Havaya ilk başlanğıc “statusu” verilməsi, Anaksimenin həyatın mənbəyi olan nəfəsin müşahidəsi nəticəsində də törəyə bilərdi. Belə ki, onun canla hava arasında analogiya aparması da məlumdur. Bu Anaksimenin dövrümüzə gəlib çatmış və ona məxsusluğu şübhə doğurmayan yeganə fraqmentində də əksini tapır: “Hava olan canımızın bizi saxladığına bənzər olaraq, nəfəs və hava da bütün dünyanı əhatə edir”.
Anaksimenin təlimi yunan elmi–nəzəri təfəkkürünün sonrakı inkişafında əhəmiyyətli rol oynamış, onun ideyaları Pifaqor, Anaksaqor, Apolloniyalı Diogen və atomistlərə birbaşa təsir göstərmişdir. Anaksimenin fəlsəfə tarixində əsas xidməti odur ki, O, yaranma prosesinin keyfiyyət aspektini izah edərək, prosesi kəmiyyət dəyişmələrinə müncər etmişdir. Onun konsepsiyasından belə məlum olur ki, kainatın müxtəlif hissələri heç də fərqli şeylərdən əmələ gəlməmiş və bir –birindən yalnız özündə ilk başlanğıcdan, yəni, havadan az, və ya çox miqdarda saxlaması ilə fərqlənir