Empedokl və Anaksaqorun fəlsəfəsi. Empedokl (b.e.ə V əsr) demişdir ki, hərəkətverici qüvvə məhəbbət və düşmənçilikdir. Əvvəlcə məhəbbət hissi adamları birləşdirir və hər şey harmoniyada olur. Lakin sonra düşmənçilik ortaya çıxır ki, bu da insanlar arasında nifrət və qarşıdurmanı gücləndirir. Empedokl ətraf aləmin dərk olunmasında hissi idrakın əsas rol oynadığını qeyd edirdi. Onun fikrincə 4 ünsür – torpaq, od, su, hava hər bir şeyin əsasıdır.
Anaksaqor Afina (bütövlükdə Yunanıstan deyil, yalnız onun indiki paytaxtı) fəlsəfi məktəbinin banisidir. Çoxmahiyyətlilik (plüralizm) haqqında təlim Anaksaqora (b.e.ə. 500-428) məxsusdur. O hesab edirdi ki, dünyadakı bütün şeylərin hərəkətverici qüvvəsi ağıldır. (O ağıl dedikdə kosmik ağılı nəzərdə tuturdu). Bu kosmik ağıl şeyləri hərəkətə gətirməklə eyni cinsliləri birləşdirir, əksinə müxtəlif cinslləri isə biri birindən ayırır. Biri birinə uyğun olanlardan yeniləri törəyir və beləliklə həyat davam edir.
Anaksaqorun təlimi Levkipp və Demokritin atomizm nəzəriyyəsinin meydana gəlməsi üçün əsas olmuşdur. Qədim yunan atomizminin banisi Levkip və Demokrit idi.
Demokritə görə, atomlar xırda və hərəkətdə olan oddan təşkil olunub. Demokrit dünya haqqında iki versiya irəli sürmüşdür ki, birincisi, atomlar xaotik şəkildə istənilən istiqamətlərdə hərəkət edirlər. İkincisi, atomlar yuxarıdan aşağıya düşür, özlərindən yüngülləri də aşağı yuvarladırlar. Nəticədə bir növ qasırgalar, toqquşmalar yaranır.
Efesli Heraklit (b.e.ə. 544–483) dialektikanın banisi hesab olunur.
«Təbiət haqqında» əsərində o hər şey oddan əmələ gəlir, daimi olaraq dəyişir, suya, havaya, torpağa dönüb sonra yenidən oda çevrilir kimi fikirlər irəli sürmüşdür. Heraklit bütün mövcudatın dəyişkən xarakter daşıması haqqında fikirləri ilə tanınır. O, dünyanı axar çaya bənzədirdi. Məşhur kəlamı «Axan suya iki dəfə girmək olmaz» idi.
Pifaqor (b.e.ə. 580–512) tərəfindən yaradlan məktəbdə elm, əsasən də riyaziyyata üstünlük verilirdi. Özünü ilk filosof adlandıran Pifaqorun məşhur kəlamı «Hər şey harmoniya və rəqəmlərdən ibarətdir» olmuşdur. Pifaqorçular harmoniyanı «cürbəcür qarışıqların birləşməsi və müxtəlif rəylərin razılığı» kimi izah edirdilər.
Pifaqor fəlsəfədə riyaziyyat və rəqəmlər haqqında mistik və yarımelmi simvollar müəllifi olaraq tanınır. Eyni zamanda pifaqorçuların səma cisimləri haqqında düşüncələri də fəlsəfi baxımdan diqqətə layiqdir.
Sokrat (b.e.ə.470–399) ilk dəfə olaraq fəlsəfəni və kosmik təsəvvürləri konkretləşdirdi, insanları öz həyatı barədə düçüncələrə dalmağa dəvət etdi. Başqa sözlə, Sokrat insanı önə çıxarır, onu hər cür fəlsəfənin əsas predmeti hesab edirdi. Sokrat antik fəlsəfənin ikinci dövrünün banisi olmaqla heç bir əsər yazmasa da, onun fikirləri tələbələri və ardıcıllarının, xüsusilə Platonun və Aristotelin əsərlərindən öyrənilmişdir.
Sokrat küçə və digər ictimai yerlərdə çıxışları ilə fərqlənmiş, Afina vətəndaşı kimi Spartaya qarşı döyüşlərdə olmuşdur. Sokrat məsələləri mübahisə və yaxud söhbət formasında şərh edirdi. Bunun üçün o dialektik metoddan istifadə edirdi. Onun fikrincə, idrakın əsas məqsədi özünü dərk etməkdir. Sokrat dinsizlik və əxlaqsızlıqda təqsirləndirilib ölümə məhkum edilmiş, zəhər qəbul edərək özünü öldürmüşdü. Məşhur kəlamları «öz–özünü dərk et» və «mən bir şeyi bilirəm ki, heç nə bilmirəm»dir.
Sokrat insanda dörd keyfiyyəti əsas sayırdı ki, bunlar müdriklik, xeyirxahlıq, cəsurluq və ədalətlilikdir. Sokrat induktiv metodu ilk dəfə elmə gətirərək ayrı– ayrı hadisələrdən ümumi nəticə çıxarmaqla deduktiv metod vasitəsilə mühakiməni əsaslandırmağı vacib sayırdı. Qədim yunan fəlsəfəsinin sokrata qədərki və sokratdan sonrakı dövrə bölünməsi Sokratın bir folosof kimi böyüklüyünü xarakterizə edir. Təsadüfi deyil ki, onun ardıcılları kirena, kinik və meqara adlanan müxtəlif məktəblər yaratmışlar.
Platon (b.e.ə. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab olunur və Afinada Akademiya adlanan məktəbi yaradıb. Platonun fəlsəfi təlimi əxlaq və digər sahələri əhatə edirdi. Platon öz fəlsəfəsini üç hissəyə: dialektika, fizika və etikaya bölmüşdü. Dialektika varlıq, fizika təbiət, etika isə əxlaq haqqında təlim idi. Onun etikası bizim fəaliyyətimizin ali məqsədi kimi xeyir anlayışının izahına istinad edirdi. Platon dövlət quruculuğunun əsaslarını da öz etik təliminin prinsiplərinə uyğunlaşdırırdı. «Dövlət» əsərində qeyd edirdi ki, dövlətdə vətəndaşlar üç təbəqəyə bölünməli idi ki, ilk təbəqə hakimlər, ikinci təbəqə hərbçilər, üçüncü təbəqə cəmiyyətin maddi təminatına qayğı göstərənlərdir. Platona görə bir neçə dövlət quruluşu aristokratiya, timokratiya, oliqarxiya, tiranlıq , demokratiya, monarxiya mövcuddur. Filosof aristokratiyaya üstünlük verirdi. Platon hər şeyin əsasını maddədə deyil,ideyada görürdü. Onun fikrincə, bizim yaşadığımız dünya real deyil, çünki dəyişkəndir. Şeylərin əsl mahiyyəti onların səbəblərində və ya ideyalardadır. Platona görə ideyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək olar. Onun fəlsəfəsində varlıq ideya, yoxluq isə materiya qəbul edildiyinə görə, onu idealist filosof adlandırırlar.
Filosof reinkarnasiyaya inanırdı və düşünürdü ki, insan gələcək həyatda fərqli bədənlərdə yeni həyat əldə edəcək.